Məhkəmə qərarları › İş №1(124)-782/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(124)-782/2023

27.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(124)-782/2023 27.12.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi–Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 2 Saylı Vəkil Bürosu vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksininn 6 saylı məhkəmə zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin icraatına Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. Məhkəmə cinayət prosesi tərəflərinin iştirakı ilə hazırlıq iclasında həll edilməli olan məsələləri müzakirə edərkən müəyyən edilmişdir ki, cinayət işi üzrə məhkəmə aidiyyəti Bakı Ağır Cinayətlər Məhkəməsinə aiddir. Belə ki, cinayət işi üzrə verilmiş ittihama görə, Təqsirləndirilən şəxs internet vasitəsi ilə tanış olduğu, şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək sonuncunun qanunsuz olaraq əldə edib ona göndərdiyi küllli miqdarda narkotik vasitələri və psixotrop maddələri 100 manat qazanc müqabilində satışını həyata keçirmək barədə ümumi razılığa gəlmiş, xx.xx.2023-cü il tarixdə qrupun üzvü, şəxsiyyəti istintaqa bəlli olmayan həmin İran İslam Respublikası vətəndaşının Bakı şəhəri, Suraxanı rayonu “Hövsan yolu" adlanan əraziyə qoyduğu, 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik və psixotrop maddələrin siyahısına (Siyahı 1) daxil edilmiş 2 ədəd qara rəngli selofan bükümdə, ümumi çəkisi -1461,209 qram, ayrı-ayrılıqda çəkiləri 25,409 qram və 1435,8 qram külü miqdarda olan narkotik vasitə heroini və 2 ədəd qara rəngli selofan bükümdə, ümumi çəkisi - 68,04 qram, ayrı-ayrılıqda çəkiləri 21,191 qram və 46,849 qram olan külli miqdarda psixotrop maddə metamfetamini götürərək qanunsuz əldə edib bir ədəd qara rəngli selofan bükümdən ibarət 25,409 qram narkotik vasitə heroini və bir ədəd qara rəngli selofan bükümdən ibarət 21,191 qram psixotrop maddə metamfetamini əynində olan boz rəngli cins şalvarının sağ yan cibində, bir ədəd qara rəngli selofan bükümdən ibarət 1435,8 qram narkotik vasitə heroini və bir ədəd qara rəngli selofan bükümdən ibarət 46,849 qram psixotrop maddə metamfetamini isə idarə etdiyi “Nissan note” markalı **-EV- *** dövlət qeydiyyat nişanlı avtomobilində Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsinə daşıyaraq saxlamış, xx.xx.2023-cü il tarixdə saat 04 radələrində Abşeron rayon polis idarəsinin Qobu polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsində saxlanılıb, Qobu polis bölməsinə gətirilərək orada həmin gün saat 05:25-dən 05:50-ə kimi üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan boz rəngli şalvarın sağ yan cinbindən bir ədəd qara rəngli selofan bükümdə 25,409 qram çəkidə narkotik vasitə heroin və bir ədəd qara rəngli selofan bükümdə 21,191 qram psixotrop maddə metamfetamin, saat 05:51-dən 06:12-ə kimi istifadəsində olan “Nissan note" markalı **-EV-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman isə salonunda bir ədəd göy rəngli selofan torbanın içərisində olan, bir ədəd qara rəngli selofan bükümdə 1435,8 qram çəkidə narkotik vasitə heroin; bir ədəd qara rəngli selofan bükümdə 46,849 qram çəkidə psixotrop maddə metamfetamin və bir ədəd üzərində narkotik vasitə-heroin və psixotrop maddəmetamfetamin izləri olan gümüşü-metal rəngli elektron tərəzi polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüşdür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hər bir ağır cinayətlər məhkəməsinə yalnız onun yurisdiksiyasında baş vermiş cinayətlərlə bağlı işlər aiddir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 75.1-ci maddəsinə əsasən cinayət işinin məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 299.3 və 299.3.1-ci maddələrinin tələblərinə görə məhkəmə hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş cinayət işinin ona aid olubolmaması məsələsinə baxır. “Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinin tələbləri baxımından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.2.1, 74.5 və 74.8-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli Plenum Qərarına əsasən: Konstitusiya Məhkəməsi Plenumunun artıq formalaşdırdığı hüquqi mövqeyə görə, uzanan cinayət - konkret cinayətdir və bu səbəbdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) bir maddəsi ilə tövsif olunur. Uzanan cinayət əməlin törədilməsi ilə bitmir. Bu cinayət əməlləri yalnız başlayır və uzanaraq müəyyən müddət ərzində fasiləsiz törədilir. Cinayət-Prosessual Məcəlləsinin 74.2-ci maddəsi bu məsələyə münasibətdə qanunvericinin yanaşmasını əks etdirməklə, uzanan cinayətin başa çatdığı yeri onun törədildiyi yer hesab edir və bu əməllərin törədildiyi yeri onun törədilmə vaxtı (başa çatması anı) ilə əlaqələndirir. Qeyd olunmalıdır ki, hüquqi cəhətdən cinayətin başa çatmaş hesab edilməsi üçün təqsirli şəxsin əməlində Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş konkret cinayətin tərkib əlamətlərinin olması kifayətdir. Lakin uzanan cinayət faktiki cəhətdən Cinayət Məcəlləsi ilə qorunan obyektə yönəlmiş qəsdin ya təqsirli şəxsin iradəsi ilə, ya da iradəsindən kənar müdaxilə nəticəsində son qoyulduğu anda bitir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 18 sentyabr tarixli Qərarında uzanan cinayətin əlamətlərini və bütün elementlərini vurğulayaraq qeyd etmişdir ki, uzanan cinayət əməli (hərəkət və ya hərəkətsizlik) törədildiyi andan başlayır və onu törədən şəxsin özünün cinayətin qarşısını almağa yönəlmiş hərəkəti və ya cinayətin törədilməsinə əngəl yaradan hadisələrin (məsələn, hakimiyyət orqanlarının müdaxiləsi) baş verməsi nəticəsində başa çatır. Göstərilənlərlə əsasən, Təqsirləndirilən şəxs verilmiş ittihamdan görünür ki, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə verilən ittiham üzrə cinayət hadisəsinin baş verdiyi yer, yəni polis əməkdaşları tərəfindən təqsirləndirilən şəxsin avtomobili ilə birlikdə saxlanıldığı yer Bakı şəhəri Binəqədi rayonudur. Bakı şəhəri ərazi yurisdiksiyasına görə Bakı Ağır Cinayətlər Məhkəməsinə aiddir. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cinayət işi məhkəmə aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1 və 300.1.4-cü maddəsinə əsasən müvafiq olaraq cinayət işinin məhkəmə aidiyyəti üzrə göndərilməsi hazırlıq iclasının keçirilməsi nəticəsində qəbul edilən qərarlardan biridir. Bundan əlavə məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi vəsatət verərək təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin daha yüngül qətimkan tədbiri ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslərin barəsində mövcud olan həbsin seçilməsi və hal-hazırda qüvvədə qalmasına əsas olmuş maddi və prosessual hüquqi əsasların aradan qalxmaması, habelə prosessual hüquqi əsas kimi göstərilmiş halların baş verməyəcəyinə dair müdafiə tərəfinin müvafiq qarantiyaların təqdim edilməməsi səbəbinə görə, hazırki mərhələdə həbsdən azad olunacağı halda yenidən cinayət törədəcəyinə və məhkəmədən gizlənəcəyinə dair ehtimalları istisna etməyə imkan verməməsinə görə, təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hazırkı mərhələdə dəyişdirilmədən saxlanılmalı, habelə sadalanan prosessual hüquqi əsaslar kimi qəbul edilmiş halların qətimkan tədbirinin ləğv ediləcəyi halda baş verməyəcəyinə dair də zəruri qarantiyalar təqdim olunmadığına görə bu barədə müdafiəçinin verdiyi vəsatət rədd edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 69.3, 74.1, 74.5, 75.1, 299.3, 299.3.1, 300.1 və 300.1.4-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALİR: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi məhkəmə aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri məhkəmənin hazırlıq iclası üzrə yekun qərar qəbul edilənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin daha yüngül qətimkan tədbiri ilə əvəz olunmasına dair müdafiəçinin vəsatəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar