Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-79/2022 06.10.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Rəşad Şəmşir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu (məruzəçi) və Əliyev Hafiz Samir oğlundan ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhər 11 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs Ahmet oğlunun tərcüməçilər - X2, X5 və X6 iştirakları ilə, xx xxxxxxx 1989-cu il tarixdə Qazax rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində azyaşlı uşaqları olan, ali təhsilli, işləməyən, məhkum olunmamış, Ağstafa rayonunun Köçəsgər kəndində qeydiyyatda olan və tutulanadək faktiki yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə əsassız olaraq ittiham verilmişdir ondan ötrü ki, guya o, özgənin əmlakını ələ keçirmə məqsədi ilə Türkiyə Respublikası vətəndaşı olan, tanışı Zərərçəkmiş şəxs Ahmet oğlunun, Sumqayıt şəhəri ərazisində mobil telefon mağazası açıb işlətmək istədiyini bilərək, şəxsi əlaqələrindən istifadə edib, onu, müxtəlif markalı mobil telefonlarla təmin edəcəyi və bunun üçün 55000 (əlli beş min) manat pul tələb olunduğu barədə yalan məlumat verib aldadaraq, onun, öz adına olan "xxxx" ASCnin 4182 4957 8831 6440 hesab nömrəli kart vasitəsi ilə göndərdiyi 07 avqust 2019-cu il tarixdə 1300 (bir min üç yüz) manat, 16 avqust 2019-cu il tarixdə 157 (yüz əlli yeddi) manat, 30 avqust 2019-cu il tarixdə 70 (yetmiş) manat, «Million» ödəniş aparatı vasitəsi ilə göndərdiyi 18 avqust 2019-cu il tarixdə 100 (yüz) manat, 27 avqust 2019-cu il tarixdə 100 (yüz) manat, 31 avqust 2019-cu il tarixdə 1000 (bir min) manat və 148 (yüz qırx səkkiz) manat, "xxxx" ASC-nin ödəniş terminalı vavsitəsi ilə göndərdiyi 11 sentyabr 2019-cu il tarixdə 2970 (iki min doqquz yüz yetmiş) manat, "xxxx" ASC-nin 4169 7413 5831 7731 hesab nömrəsinə Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində, yaşadığı evin yaxınlığında yerləşən «Million» ödəniş aparatı vasitəsi ilə göndərdiyi 28 sentyabr 2019-cu il tarixdə 900 (doqquz yüz) manat, 04 oktyabr 2019-cu il tarixdə 1700 (bir min yeddi yüz) manat, ümumilikdə 8445 (səkkiz min dörd yüz qırx beş) manat pulunu, bundan sonra, 2019-cu ilin oktyabr ayının ortalarında, sonuncunun yaşadığı, Sumqayıt şəhəri, 17-ci məhəllə, ev 11/38, 3 nömrəli mənzilində 40000 (qırx min) manat pulunu, daha sonra, "xxxx" ASC-nin 4169 7413 5831 7731 hesab nömrəsinə Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində, yaşadığı evin yaxınlığında yerləşən «Million» ödəniş aparatı vasitəsi ilə göndərdiyi 26 noyabr 2019-cu il tarixdə 2000 (iki min) manat, 30 noyabr 2019cu il tarixdə 500 (beş yüz) manat, Sumqayıt şəhəri, Nizami küçəsi, Nizami parkının yaxınlığında yerləşən «Million» ödəniş aparatı vasitəsi ilə 04 dekabr 2019-cu il tarixdə göndərdiyi 1000 (bir min) manat, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində yerləşən «Million» ödəniş aparatı vasitəsi ilə 01 dekabr 2019-cu il tarixdə göndərdiyi 200 (iki yüz) manat, Sumqayıt şəhəri, Şahid8 prospekti, 26-cı məhəllə ərazisində yerləşən «Million» ödəniş aparatı vasitəsi ilə xalası X4 "xxxx" ASC-nin 4169 7414 0372 3032 hesab nömrəsinə 05 yanvar 2020-ci il tarixdə göndərdiyi 1100 (bir min yüz) manat və qaynı X7 "xxxx" ASC-nin maaş kartının vasitəsi ilə "xxxx" ASC-nin 4169 7413 5831 7731 hesab nömrəsinə 03 dekabr 2019-cu il tarixdə göndərdiyi 1950 (bir min doqquz yüz əlli) manat, ümumilikdə 6750 (altı min yeddi yüz əlli) manat pulunu aldatma və etibardan sui-istifadə etməklə vahid qəsdlə ələ keçirərək, zərərçəkmiş Zərərçəkmiş şəxs Ahmet oğluna ümumilikdə 55195 (əlli beş min yüz doxsan beş) min manat – külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, o, Zərərçəkmiş şəxsla 2017- 2018-ci illərdə “Saloğlu” mebel şirkətində işləyən zaman tanış olmuşdur. Belə ki, o, Saloğlu mebel şirkətində sex rəisi vəzifəsində çalışmış və 2019-cu ilə qədər həmin şirkətdə işləmişdir. Zərərçəkmiş şəxs da həmin şirkətdə proqram yazmaqla məşğul olmuşdur. Müəyyən müddət sonra Zərərçəkmiş şəxs işdən çıxmış, lakin aralarında olan münasibət davam etmişdir. Həmçinin Zərərçəkmiş şəxs Bakıda qeydiyyat problemi olduğu üçün onu bibisinin evində qeydiyyata salmışdır. Buna görə münasibətləri daha da yaxınlaşmışdır. 2019-cu ilin iyul ayında Bülent ona zəng edərək “Azərtexnolayn” şirkətində tutduğu vəzifədən çıxacağını, göbələk sexi və ya truba sexi açacağını bilməklə birgə iş qurmağı təklif etmişdir. Lakin onunla iş qurmağa razılaşmamış, çünki həmin vaxt Ağstafa rayonunda 3 yerdə “Nilay telecom” adlı telefon mağazası olmuşdur. Sonra Zərərçəkmiş şəxsla birgə iş görməklə bağlı belə razılaşmışlar ki, o, Bülentə az-az telefon göndərəcək, Bülent isə Sumqayıt şəhərində internet vasitəsi ilə satdıqdan sonra əldə edilən gəliri yarı böləcəkdir. Bülent həmin telefonları özünün “İnstagram” sosial şəbəkəsində olan hesabı vasitəsi ilə sataraq əldə edilən gəlirin yarısını ona göndərmişdir. Həmin səhifədə Bülentin və ailəsinin şəkilləri olmaqla satılan telefonlar şəkilləri və qiymətləri olmuşdur. Həmçinin müdafiəçisinin məhkəməyə təqdim etdiyi həmin “İnstagram” sosial şəbəkəsinin şəkillərindən Bülentin müştərilərlə yazışması, müştərilərə telefonların qiymətini deməsi, telefonları onun adına satdığını vardır. Bülentin ona kart vasitəsi ilə göndərdiyi pul məbləğləri isə misal üçün 3.000 manatlıq telefon satdıqda 150 manat məbləğində gəlirin 75 manatını ona göndərmişdir. Digər 70 və onun kimi kiçik məbləğlər pullarda telefon satışından əldə edilən gəlirin yarısı, yəni onun payına düşən pullar olmuşdur. Daha sonra, 2019-cu ilin sentyabr ayının sonunda onun Ağstafa da telefon alverinin yaxşı getməsini bilən Bülent ona zəng edərək Emil adlı dostu olduğunu və Emilin 20.000 manat pulu 18 ay müddətinə ayda 1.500 manat pul ödəmək şərtilə vermək istədiyini demişdir. Lakin Bülentin bu təklifi əlverişli olmadığından onunla razılaşmamışdır. Bundan sonra, 2019-cu ilin oktyabrın ayının 9-da bacısına cehizlik mebel almaq üçün Bakıya gəlmiş və bu zaman Bülent ona zəng edib Neftçilərdə “Qafqaz” restoranında Emilin onunla danışaq istədiyini demiş, onlarla görüşmüş, lakin yenə də təklifləri ilə razılaşmamışdır. Bundan 2-3 gün keçmiş “Riyad” mebel mərkəzində bacısına mebel axtararkən Bülent ona zəng edib Sumayıta dəvət etmişdir. Sumqayıtda Bülentlə danışıb ondan 20.000 manat pulu 2021-ci ilin aprel ayına qədər qaytarmaq şərti ilə sayaraq götürmüşdür. Həmin 20.000 manat pulun Bülentin öz pulu olmasını hiss etmiş, lakin Bülent pulun guya Emilin olmasını demişdir ki, o, pulu vaxtında qaytarsın. Çünki Bülent əvvəlki söhbətlərində də faizə pul verdiyini demişdir. Pulu götürdükdən sonra hər ay Bülentə əsas borc və onun faizini ödəmişdir. Belə ki, misal üçün təqdim etdiyi əlyazma sənədlərində qeyd etdiyi Bülentə verdiyi 1500 manat pulun 1100 manatı əsas pul borc olmuş, 400 manatı isə faiz borcu olmuşdur. Ən sonda dekabrın 15-də 1500 manat pul göndərmişdir. 2019-cu ilin dekabrın ayının 31-də Bülətin qonaqları gəlmiş və onlarla Bakı şəhərində Gənclikdə kafe açacaqları barədə razılaşmışdılar. Bundan 1-2 gün sonra Bülent ona Emil pulunu geri istəyir deməklə pulun qaytarılmasını tələb etmişdir. 2020-ci ilin yanvarın 10-a qədər Bülentə 10 min manat pul qaytarmışdır. 2020-ci ilin yanvar ayının 19-da Bülentlə Emil onun Ağstafa rayonunda olan mağazasına gələrək bir neçə mobil telefon götürmüşlər. Ümumilikdə götürdükləri malların dəyəri 1560 manat olmuşdur. Həmçinin Emil ona təcili pul lazım olduğunu demişdir. Emillə Bülent ona 20.000 min manat pul verib 27 min manat pulu 18 aya yox, 3-cü ayda ondan almaq istəmişlər. Emil bu məsələdə sadəcə bir fiqur olmuş, onun pula heç bir aidiyyəti olmamışdır. Sonra 2019-cu ilin fevral ayında Bülentlə görüşmüş və Bülent ona demişdir ki, Emilin pulu verilməsə Emil ondan 20.000 manat əvəzinə 40.000 manat alacaqdır. Bunun üstündə Bülentlə mübahisə etmiş və ona “get məni polisə ver” deməklə pulunun olmadığını bildirmişdir. Daha sonra, verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs göstərmişdir ki, Bülentdən 20.000 manat pulu telefon mağazasına əlavə mal gətirmək və Bülent istəyəndə ona daha çox telefon göndərmək üçün almışdır. Bundan sonra, dükanına 10.000 manatlıq mal gətizdirmiş, 10.000 manatı əlində saxlayaraq 3 ay sonra Bülentin özünə qaytarmışdır. Telefonlar onun mağazasına qeydiyyatlı və qeydiyyatsız olmaqla gətilmiş və o, həmin telefonları topdan ucuz almışdır. Bu qaydada hissə-hissə Bülent ona 1.500-2.000 manat pul göndərib telefon sifariş etmiş, o, həmin məbləğdə topdan satış qiyməti ilə ucuz telefon alıb Bülentə göndərmiş, Bülent isə telefonları xırda-xırda sataraq əldə edilən gəlirin yarısını ona göndərmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs göstərmişdir ki, Bülentlə aralarında olan ticarətin Şəffaflığı üçün onun arvadı Elminanın adına bank kartı açılmış və Elminanın adına pullar göndərmişdir. Belə ki, Elminanın kartına ödədiyim 3.668 manat pul, götürdüyü borcumun ödənişi olmuşdur. Şahid3 3.500 manat ödədiyi pul isə Elminanın kartına göndərəndə faiz çox çıxdığı üçün Emilin kartına göndərmişdir. Həmin pul da faizə götürdüyüm pulun ödənişi olmuşdur. Emillə Elminaya ödədiyi pullarla birlikdə 20 min manat puldan onun Bülentə 8.090 manat borcum qalmışdır. Bülentin “Whatsapp” proqramı ilə təqdim etdiyi yazışma isə saxta yazışma olmuşdur. Belə ki, Bülent proqram yazmış və həmin proqram vasitəsilə istədiyi şəxsin adından digər şəxsə mesaj və səs göndərmək mümkün olmuşdur. Bu onun adından Bülent tərəfindən yazılan yazılardı ki, Bülent bunları ona qarşı istifadə etməyə çalışmışdır. Götürdüyü 20.000 manat puldan tutulana qədər Bülentə 10.800 manat pul və 1.560 manatlıq telefon vermişdir. Pulun qalanını ödəyə bilməməsini səbəbi isə pandemiya düşməsi və karantin rejimi ilə bağlı alverinin dayanması olmuşdur. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də tədqiq edilməsini və onların mötəbərliyi ilə bağlı qiymətləndirilməsini zəruri hesab edir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Ahmet oğlu ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 2014-cü ilin aprel ayından tanımış, onunla yaxın ailəvi münasibətləri olmuşdur. 2019-cu ilin iyul – avqust ayında Sumqayıt şəhərində hansısa bir mağaza götürüb, həmin mağazada mobil telefonların alış-satışı ilə məşğul olmağı qərara almışdır. Bununla bağlı Təqsirləndirilən şəxslə məsləhətləşmiş və Pərvin ona Gürcüstan Respublikasından ucuz qiymətə mobil telefonlar gətizdirə biləcəyini demişdir. Pərvinin ona göndərdiyi siyahıdan ona lazım olan mobil telefonları seçmiş və sonra onların ümumi qiymətinin 55.000 min manat təşkil etdiyini demişdir. Mobil telefonların 2019-cu ilin dekabr ayının ortalarında lazım olduğunu deyərək, onları əldə etmək üçün, lazım olan 55 000 manat pulu hissə-hissə Pərvinə göndərəcəyi ilə bağlı razılaşmışdır. Pərvinin bank hesabı olmadığı üçün, pulları onun arvadı X3 "xxxx" ASC-də olan hesab nömrəsinə göndərmişdir. Sonradan Pərvinin özünün "xxxx" ASC-də olan hesab nömrəsinə bir neçə dəfə müxtəlif pul məbləğləri göndərmişdir. 07 avqust 2019-cu il tarixdən başlayaraq, 04 oktyabr 2019-cu il tarixə kimi olan müddət ərzində «Million» ödəniş aparatı, "xxxx" ASC-nin ödəniş terminalı və öz adına olan maaş kartı vasitəsi ilə Pərvinin və onun arvadı Günelin hesab nömrələrinə hissə-hissə ümumilikdə 8.445 manat pul göndərmişdir. Daha sonra, 2019-cu ilin sentyabr – oktyabr aylarında Pərvin ona zəng edərək, bacısı Aygünün toy məclisinin keçirilməsi üçün Bakı şəhərinə gəldiklərini demiş və yaşadığı Sumqayıt şəhərində olan evinə onları dəvət etmişdir. Pərvin iş qurmağa lazım olan mobil telefonlar almaq üçün 40.000 manat pulu götürməli olduğunu ona demişdir. Həmin vaxt özündə 20.000 manat pul olduğu üçün, məcbur olub köhnə iş yoldaşı Şahid3 20.000 manat borc pul istəmişdir. Növbəti gün saat 11:00 radələrində, Təqsirləndirilən şəxs bacısı Aygün Əliyeva ilə birlikdə onun Sumqayıt şəhərində yaşadığı evə gələrək, arvadım Elminanın yanında 40.000 manat pulu ondan götürmüşdür. Daha sonra, Pərvini “Qafqaz” kafesində Emil ilə tanış etdim. Bir müddət sonra ona pul lazım olduğu üçün Pərvindən borc pul istədim, o, da pul göndərmişdir. 12–15 dekabr 2020-ci il tarixlərdə, Pərvinin mobil telefonuna zəng edərək, ondan, sifariş etdiyi mobil telefonları göndərməsini istəmiş, Pərvin mobil telefonları sifariş etdiyini və 2–3 günə gələcəyini demişdir. 05 yanvar 2020-ci il tarixdə Pərvinə əlavə 1.100 manat da pul göndərmişdir. Bununla da, Pərvinə mobil telefonları gətizdirməsi üçün ümumilikdə 55.195 manat pul vermişdir. Daha sonra, bir neçə dəfə Pərvinə zəng etmiş, lakin o, müxtəlif bəhanələr gətirərək mobil telefonların qısa müddətdə gətiriləcəyini bildirmiş, lakin vədinə əməl etməmişdir. Sonra, Ağstafaya gedərək Pərvinlə görüşmüş, o, isə problemləri olduğu üçün, mobil telefonları gətizdirə bilmədiyini demişdir. Pərvindən pulunu istədikdə isə o, pulların bank hesablnda olduğunu demişdir. Pərvinə pullarımı ondan almayana qədər Ağstafa rayonundan getməyəcəyini söyləyərək, «Nəsiboğlu» otelində yerləşmişdir. Bir neçə gün həmin oteldə qaldıqdan sonra, həftənin birinci günü Pərvinin işlətdiyi mağazaya gedərək, onunla görüşüb, pulu bank hesabından çıxararaq, onun pulunu verməsini tələb etmişdir. Pərvinlə birlikdə "xxxx" ASC-nin Ağstafa rayon filialına getmiş və Pərvinin maaş kartının və şəxsiyyət vəsiqəsinin şəkillərini göstərməklə bank hesabını yoxlatmış, bu zaman hesabda pulun olmadığını, hətta Günelin banka 2.970 manat borcu olduğunu bilmişdir. Sonra da Pərvin müxtəlif bəhanələrlə ona pul verməkdən yayınmışdır. Daha sonra verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs göstərdi ki, Təqsirləndirilən şəxs ümumilkdə bank vasitəsilə köçürərək 15.190 manat, nağd olaraq isə 40.000 manat pul vermişdir. Pərvinin isə ona 10.000 manat pul qaytarmışdır. Bundan əlavə, zərərçəkmiş şəxs “Bülentşaşmaz75” “İnstagram” hesabının həqiqətən ona məxsus olduğunu və ondan başqa heç kəsin istifadə etmədiyini, hesabda olan telefon şəkillərini paylaşmaq üçün Pərvində istəmiş və buna görə də orada Pərvinin dükanı olan “Nilay telekom” yazıları olmuşdur. Lakin həmin şəbəkə vasitəsi telefon satışını həyata keçirməmişdir. Pərvinə 40.000 manatı 35-40 ədəd telefon almaq üçün vermiş, lakin konkret olaraq hansı telefonları sifariş etdiyinə dair onda sənəd olmamışdır. Həmin müddətdə heç bir yerdə işləməmişdir. Pərvinin onun arvadı Elminaya göndərdiyi 3.668 manat pul isə onun öz pulu olmuşdur. İşləmədiyi üçün pul lazım olduğundan Pərvindən pul istəmiş və o, Elminanın kartına göndərmişdir. Pərvin xx.xx.2019-cu ildən xx.xx.2019-cu il tarixə qədər 3.668 manat pul göndərmiş, xx.xx.2019cu ildən xx.xx.2020-ci il tarixdək isə o, Pərvinə 6.750 manat pul göndərmişdir. Həmçinin telefon biznesi ilə məşğul olmaq istədiyini və bununla bağlı Təqsirləndirilən şəxs külli miqdar pul verdiyini iddia edən Zərərçəkmiş şəxs əldə edəcəyi telefonları hansı dükanda, hansı şərtlərlə və hansı qaydada satacağını izah edə bilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 əri Zərərçəkmiş şəxs onun yanında Təqsirləndirilən şəxs telefon sifariş etmək üçün 40.000 manat pul verdiyini deməklə onunla oxşar məzmunlu ifadə vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 2019-cu ilin sentyabr ayında Bülent mobil telefon alqı-satqısı ilə məşğul olmaq istədiyini bildirərək ondan 20.000 manat borc pul istəmişdir. O, da razılaşaraq Bülentə 20.000 manat pul vermişdir. Bülentin deməsinə görə pulu o, tanışı Təqsirləndirilən şəxs vermişdir. Bülent 2019-cu ilin dekabr ayında telefonların sifarişi üçün lazım olan pulu ödəsə də telefonların gətirilmədiyini ona demişdir. Bülentə pulu ona verdiyini və ondan da alacağını demişdir. Daha sonra, Bülentin pulunun və malının qaytarılmadığını görüb onunla birlikdə Ağstafaya gedib Pərvinlə görüşmüşdür. Pərvin pulu 2020-ci ilin fevral ayının 9-a qədər ödəyəcəyini söz vermişdir. Lakin Bülent pulu geri qaytarmadığı üçün 20.000 manatı ondan almışdır. Bildiyinə görə Bülent Pərvinə 50.000 manatdan çox pul vermişdir. Daha sonra, Şahid3 verilən suallara cavab olaraq Pərvinə 2019-cu ilin sentyabr ayında bacısının toyu ərəfəsində 3.500 manat pul borca verdiyini və Pərvinin həmin pulu ona kart vasitəsi ilə qaytardığını demişdir. Həmçinin Şahid3 Bülentə 20.000 manat pul verməyini onunla sonra telefon biznesində şərik olmaq istəməsi ilə izah etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun əri Pərvinə 20.000 manat pulu 18 faizlə 1 il 6 ay müddətinə hər ay 1500 manat ödəmək şərtilə faizlə verib. Lakin 3 ay sonra fikrindən daşınmış Pərvindən pulunu geri tələb etmişdir. Pərvin telefon mağazası işlətmiş və aldığı puldan 10.000 manatına mağazaya mal gətirtmişdir. Əllərində qalan pulla Zərərçəkmiş şəxs 11.800 manat pul qaytarmışlar. Pulu geri qaytarmaqlarına dair çekləri də olmuşdur. 3 ay ərzində pulu qaytarandan sonra 8.000 manat pul borcları qalmışdır. Lakin pandemiya başladığından pulu qaytara bilməmişlər, buna görə Zərərçəkmiş şəxsla aralarında narazılıq yaranmışdır. Daha sonra, Şahid1 verilən suallara cavab olaraq göstərdi ki, Pərvin bacısı Aygünlə birlikdə Zərərçəkmiş şəxs pulu almışdır. Pərvinlə telefon mağazası işlətdikləri üçün Bülent də telefon alqı-satqısı işi ilə məşğul olmaq istəmişdir. Buna görə, aldığı 3-4 ədəd telefonlara görə onun bank kartına Bülent pullar köçürmüşdür. Həmin telefonları Bülentə Ağstafadan maşınla göndərmişlər. Telefonlar satıldıqdan sonra əldə edilən gəlir yarı-yarı bölünmüşdür. Ümumilikdə Bülent onun bank kartına telefon alqı-satqısı ilə bağlı 3-4 min manat pul göndərmişdir. Həmçinin o, ifadəsində göstərdi ki, Pərvindən qalan pulunu almaq üçün Bülent Ağstafaya gəlmişdir. Bülentə 8.000 manat borclarının qalmasına baxmayaraq Bülent onlardan əlavə 15.000 manat pul təkləb etmişdir. Bülent verdiyi 20.000 manata görə 35.000 manat pul istəmiş, hazırda isə həmin pul 55.000 manat olmuşdur. Bülent özünün “İnstagram” səhifəsindən telefonları reklam edib satışı ilə məşğul olmuş və əldə edilən gəlirin onlara çatan hissəsini onun adına olan karta 100 manat, 148 manat və digər məbləğlər olmaqla göndərmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 2019-cu ilin oktyabr ayının sonlarında qardaşı Pərvinlə ona cehiz almaq məqsədilə Bakıya gəlmiş və birlikdə mağazaları gəzmişlər. Sonra Zərərçəkmiş şəxs Sumqayıtdakı mebel mağazalarına da baxmaq üçün onları dəvət etmişdir. Mağazaları gəzdikdən sonra Zərərçəkmiş şəxs onları evinə dəvət etmişdir. Evdə arvadı Elmina və qızı da olmuşdur. Həmin vaxt Zərərçəkmiş şəxs 20.000 manat pul sayaraq qardaşı Pərvinə vermişdir. Bülentdən həmin vaxt 40.000 manat pul götürməmişlər. Qardaşı Pərvin telefon mağazası işlətdiyi üçün Bülent həmin pulu ona faizlə vermişdir. Pərvin isə pulu 2021-ci ilə qədər pulu qaytarmalı olmuşdur. Sonradan bildiyinə görə Pərvin Bülentə 11.000 manata yaxın pul qaytarmışdır. Bülentlə Pərvinin tanışlığı 2015-ci ildə işlədikləri “Saloğlu” mebel salonundan başlamışdır. Hətta Bülent gəzmək məqsədilə Ağstafaya qonaq da gəlmişdir. Məhkəmədə şahid qüismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, oğlu Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 20.000 manat pulu faizlə götürmüş və əsas hissəsini qaytarmışdı, lakin 8.100 manat borcu qalmışdır. Bülent Şaşamaz isə oğlunun ona 55.000 manat borcu olduğunu demişdir. Bir müddət sonra Bülentin qaynanası ona telefonla zəng edərək Pərvinin Bülentdən götürdüyü 20.000 manat pulun qaytarılmasını tələb etmiş, sonra Bülent telefonu götürüb “siz bankdan kredit götürəndə faiz ödəmirsinizmi?” demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Bakı şəhəri Neftçilər metrostansiyası ərazisində tanışı Səidlə birlikdə Pərvinlə görüşüb çay içərkən Zərərçəkmiş şəxs da həmin yerə gəlmişdir. Sonra Bülent onları yemək yeməyə dəvət etmişdir. Bülentlə Pərvinin 2015-ci ildən tanış olduqlarını bilmişdir. Birlikdə oturarkən Pərvinlə Bülent pul barədə mübahisə etməyə başlamışlar. Buna görə X10 3-4 ay vaxt verməsini xahiş etmişlər, Pərvin isə 2020-ci ilin aprel ayına qədər pulu qaytaracağını demişdir. Sonra iyun ayında Bülent Ağstafaya gəlmişdir. Həmin vaxt Pərvin pandemiya səbəbindən pulu danışıldığı vaxtda qaytara bilmədiyini demişdir. Bülentdən yenidən Pərvinə noyabr ayına qədər vaxt verilməsini xahiş etmişlər. Sonra Bülent polisə şikayət etmişdir. Daha sonra, Şahid6 ifadəsində göstərdi ki, Pərvinlə dost olduqları üçün Səidlə birlikdə Bülentdən Pərvinə görə xahiş etmişlər. Bülətnlə Pərvinin arasında restoranda olan mübahisə telefon alveri və 20.000 manatla bağlı olmuşdur. Lakin tam olaraq kimin kimə nə qədər borclu olduğunu o, bilməmişdir. Pərvin 4-5 min manat qaytardığını, qalan pulu da hissə-hissə qaytaracağını demişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124.1-ci maddəsinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.1.2-ci maddəsinə əsasən həmin sübutlarda hadisənin cinayət hadisəsi olub-olmaması, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmaması, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsi, onun təqsirli olubolmaması, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Məhkəmə, cinayət prosessual qanunvericiliyinin həmin müddəalarını rəhbər tutaraq qeyd edir ki, iş üzrə məhkəməyədək icraat zamanı toplanılmış və məhkəmədə araşdırılmış sübutlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirliliyini təsdiq etmir. Məhkəmə kollegiyası qeyd edir ki, ibtidai istintaq orqanının topladığı istintaq materiallarında və ittiham tərəfinin iş üzrə tərtib edilmiş ittiham aktında məhkəməyə təqdim etdiyi sübutlarda Təqsirləndirilən şəxs dələduzluq nəticəsində zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs pulunun talanmasını təsdiq edən heç bir qərəzsiz və obyektiv sübut müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsin təqsirliliyini təsdiq edən dəlillər kimi məhkəməyə təqdim olunmuş sübutlar isə birgə kommersiya münasibətlərindən dəlalət edən ziddiyyətətli ifadələr, eləcə də kreditor və borclu münasibətlərini təsdiq edən sənədlərdən ibarətdir. İstintaq orqanı toplanılmış sübutlara düzgün təhlil etmədən, onları birinin digərinə münasibətdə düzgün qiymətləndirmədən, işin hallarına yalnız zərərçəkmiş qismində tanıdığı şəxsin mövqeyindən yanaşaraq mülki mübahisədən irəli gələn bir münasibətlərə cinayət əməli kimi düzgün hüquqi qiymət vermədən Təqsirləndirilən şəxs irəli sürdüyü ittihamda faktiki olaraq olmayan sübutlara istinad edərək, yalnız fərziyyələr və onunla ziddiyyətli münasibətlərdə olan zərərçəkmiş şəxs qismində tanınmış şəxsin, onun arvadı və tanışının ifadələri əsasında Təqsirləndirilən şəxs ağır cinayət törətməyə görə təqsirləndirilən şəxs qismində cəlb etmişdir. Belə ki, iş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs “bulent.sasmaz75” adlı “İnstagram” sosial şəbəkəsində olan səhifəsindən çıxarışdan görünür ki, Zərərçəkmiş şəxs özü tərəfindən müxtəlif növdə mobil telefonların satışı həyata keçirilmişdir. Şəkillərin yüklənmə tarixi 2019-cu ilin iyul ayına da aiddir. Həmin şəkillərdə həmçinin Təqsirləndirilən şəxsa aid “Nilay telecom” firma adı da mövcuddur. (Cild 2, iş vərəqi 186-193) İş materiallarında olan bu dəlil Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları, yəni onunla Zərərçəkmiş şəxs telefon satışı ilə bağlı birgə kommersiya fəaliyyətinin olması təsdiq etməklə yanaşı hələ 2019-cu ilin iyul ayından Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs məxsus “Nilay telecom” telefon dükanının mallarının satışı ilə məşğul olmasını göstərir. Bundan başqa, verilmiş ittihama və iş materiallarına əsasən Zərərçəkmiş şəxs öz adına olan kart vasitəsi ilə 07 avqust 2019-cu il tarixdə 1300 (bir min üç yüz) manat, 16 avqust 2019-cu il tarixdə 157 manat, 30 avqust 2019-cu il tarixdə 70 manat, «Million» ödəniş aparatı vasitəsi ilə göndərdiyi 18 avqust 2019-cu il tarixdə 100 manat, 27 avqust 2019-cu il tarixdə 100 manat, 31 avqust 2019-cu il tarixdə 1000 manat və 148 manat məbləğində pulları Təqsirləndirilən şəxs onun arvadı Şahid1 (Paşayeva) kartı vasitəsi ilə göndərmiş və həmin pullar Təqsirləndirilən şəxs tərəfindən dələduzluq yolu ilə talanmışdır. Təqsirləndirilən şəxs isə ifadəsində bu pulların Zərərçəkmiş şəxs “İntagram” vasitəsi ilə onun göndərdiyi mobil telefonların satışından əldə edilmiş gəlirin ona aid olan hissəsinin olduğunu bildirmişdir. Bundan başqa, iş materiallarından olan ödəniş qəbzlərinin surətlərindən göründüyü kimi Təqsirləndirilən şəxs Ağsatafa rayonundan “MilliÖn” ödəmə sistemi vasitəsi ilə Bülent Şaşamazın arvadı Şahid5 bank hesabına xx.xx.2019-cu il tarixdə 717 və 1.000 manat olmaqla ümumilikdə 1.717 manat, xx.xx.2019-cu il tarixdə 250 və 1.000 manat olmaqla ümumilikdə 1.250 manat, xx.xx.2019-cu il tarixdə 50 manat, xx.xx.2019-cu il tarixdə 50 manat, xx.xx.2019-cu il tarixdə 500 manat, xx.xx.2019-cu il tarixdə 101 manat olmaqla cəmi 3.668 manat, daha sonra isə xx.xx.2019-cu il tarixdə 160 manat, xx.xx.2020-ci il tarixdə 500 manat və xx.xx.2020-ci il tarixdə 1.700 manat olmaqla ümumilikdə 6.028 manat məbləğində pul göndərmişdir. (Cild 1, iş vərəqi 123-133) İfadəsində pulunun olmaması və heç bir yerdə işləmədiyi səbəbindən Təqsirləndirilən şəxs pul istəməsi və sonuncu tərəfindən həmin pulun onun arvadı Şahid5 kart hesabına köçürülməsinin göstərməsinə baxmayaraq, iş materiallarından görünür ki, bundan sonra da Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs və onun qohumlarının hesablarına xx.xx.2019-cu il tarixdə 200 manat xx.xx.2019-cu il tarixdə 1.000 manat, xx.xx.2020-ci il tarixdə 1.100 manat və xx.xx.2019-cu il tarixdə 1.950 manat pul göndərmişdir. Bu isə bir daha Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi halları, yəni Bülent Şaşamazla onun arasında telefon satışı ilə bağlı biznes əlaqələrinin olması və birinin digərinə telefon alış-verişi ilə bağlı pulların göndərilməsini təsdiq edir. Həmçinin, iş materiallarından olan ödəniş qəbzlərinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs tanışı Şahid3 kart hesabına xx.xx.2020ci il tarixdə 1.000, 1.000, 1.000 və 500 manat olmaqla ümumilikdə 3.500 manat məbləğində pul göndərilmişdir. Bununla bağlı da Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs arvadı Şahid5 kartına pul köçürdükdə bank hesablaşmasına görə pul çox tutulduğundan o, 3.500 manat pulu Zərərçəkmiş şəxs sözünə əsasən onun tanışı Şahid3 kart hesabına köçürmüşdür. Şahid3 isə öz ifadəsində həmin məbləğdə pulu Təqsirləndirilən şəxsa bacısının toyuna görə borc verməsi və sonra Pərvinin 3.500 manat pulu ona qaytarması ilə izah etmişdir. Məhkəmə qeyd edir ki, yaxın tanışlıq münasibətlərində olmayan Şahid3 Təqsirləndirilən şəxsa heç bir təminatsız 3.500 manat pul borc verməsi inandırıcı olmamaqla yanaşı, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatların, yəni həmin pulun Zərərçəkmiş şəxs göndərdiyinin daha bir sübutudur. Bundan başqa, zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs çap edilmiş formada “whatsapp” yazışmalarını məhkəməyə təqdim edərək Təqsirləndirilən şəxs təqsirini təsdiq edən sübut kimi qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs isə bununla bağlı bildirmişdir ki, Zərərçəkmiş şəxs proqram vasitəsi ilə istənilən şəxsin nömrəsinə onun və digər şəxslərin adını yazmaqla özü yazışmalar aparmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.2.9-cu maddəsinə əsasən sübutlar məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs çap edilmiş formada məhkəməyə təqdim etdiyi “whatsapp” yazışmalarının mötəbərliyinə əsaslı şübhələr olduğundan, bu sənədlər təqsirləndirilən şəxsin təqsirliliyini təsdiq edən sübut kimi qəbul edilə bilməz. Beləliklə məhkəmə qeyd edir ki, istintaq orqanının gəldiyi nəticə, yəni zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs özünün “İnstagram” sosial şəbəkəsində Təqsirləndirilən şəxs hissə-hissə götürdüyü telefonların satışı ilə məşğul olmasına baxmayaraq, 2019-cu ilin avqust ayından 2020-ci ilin yanvar ayınadək 55.195 manat məbləğində pulu hissə-hissə məlum olmayan sayda və modeldə mobil telefonların gətirilməsi üçün verməsi, bu məbləğin yalnız 40.000 manatının böyük məbləğdə olması digər məbləğlərin isə 70, 100, 148, 157 və digər kiçik məbləğlərdə olması, eyni zamanda həmin müddət ərzində Təqsirləndirilən şəxs də Zərərçəkmiş şəxs arvadı Şahid5 və tanışı Şahid3 bank hesablarına köçürməklə müvafiq olaraq 6.028 və 3.500 manat pulu göndərməsi bir daha onu sübut edir Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs arasında kommersiya fəaliyyəti ilə bağlı əlaqələr olmuş və bu münasibətlər zəminində onların arasında pul alış-verişi olmuşdur. Məhkəmə Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs arasında, borc və yığılmış faizlərlə bağlı hər hansı bir kreditor və borclu münasibətlərin olmasını istisna etməməklə yanaşı, Təqsirləndirilən şəxs tərəfindən məhz aldatma və etibardan sui-istifadə etmək, yəni dələduzluq yolu ilə Zərərçəkmiş şəxs əmlakının talanmasını məhkəmə istintaqı zamanı sübuta yetirilmədiyini vurğulayır. Bundan başqa, məhkəmə qeyd edir ki, Zərərçəkmiş şəxs 2019-cu ilin oktyabr ayında yaşadığı Sumqayıt şəhərindəki evdə Təqsirləndirilən şəxs 20.000 manat deyil məhz 40.000 manat pul verməsi heç bir obyektiv və qərəzsiz sübutla öz təsdiqini tapmamışdır. Məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxsin ifadələrində olan bütün ziddiyyətlər və uyğunsuzluqlar, eləcə də onun iş üçün əhəmiyyət kəsb edən halları izah edə bilməməsi, Təqsirləndirilən şəxs təqsirliliyinin sübuta yetirilməsi ilə bağlı əsaslı şübhələrə səbəb olur ki, bu şübhələr təqsirsizlik prezumpsiyasına müvafiq olaraq təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, digər obyektiv və qərəzsiz sübutlar mövcud olmadığı halda bir şəxsin (zərərçəkmişin) verdiyi ifadələr digər şəxsin (təqsirləndirilənin) verdiyi ifadələrdən üstün tutula bilməz və yalnız zərərçəkmiş şəxsin ifadələri əsasında, digər mötəbər dəlillər olmadığı halda şəxs təqsirli bilinə və cəzalandırıla bilməz. Məhkəmə, cinayət işi üzrə toplanmış sübutları, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, eləcə də digər sənədləri tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143- 146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirliliyinin sübuta yetirilməməsi əsasları ilə ona bəraət verilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, CPM-nin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmçinin Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Məhkəmə yekun qərar – bəraət hökmü çıxararkən “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 nömrəli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Plenum Qərarının 1-ci bəndində göstərilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 27-ci bəndində göstərilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, “Mülki və siyasi hüquqlar haqqında” Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 16 dekabr 1966-cı il tarixdə qəbul edilmiş Beynəlxalq Paktın 11-ci maddəsinə və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 4 saylı Protokolunun 1-ci maddəsinə əsasən, heç kəs hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. Bu baxımdan əmlakın qaytarılmaması obyektiv hallarla, yəni müflisləşmə və ya uğursuz kommersiya fəaliyyəti nəticəsində, borclunun əmlakının oğurlanması və bu kimi sair hallarla əlaqədar olmuşdursa, kreditor və borclunun qarşılıqlı münasibətləri mülki qanunvericilik əsasında tənzimlənməlidir. Mülki münasibətlərdən irəli gələn (məsələn, qanuna müvafiq olaraq bağlanmış borc, kredit, icarə və sair müqavilələr üzrə) öhdəliklərin yerinə yetirilməməsi yalnız o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, şəxsin həmin müqavilələri bağlamazdan əvvəl özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyətində olması müəyyən edilmiş olsun. Qalan hallarda belə öhdəliklərin yerinə yetirilməməsi məsələsinə mülki mühakimə icraatı qaydasında baxıla bilər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1 və 42.1.4-cü maddələrinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Cinayət-Prosessual Məcəlləsinin 42.2 və 42.2.4-cü maddələrinə əsasən bəraət hökmü həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin Məcəllənin 350.2-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Bununla da məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirliliyinin sübuta yetirilməməsi əsasına görə ona bəraət verilməsini əsaslı və qanuni hesab edir. Məhkəmə, gəldiyi nəticələri həm prosessual normaların tələbləri baxımından, həm də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarının izah və tövsiyələri baxımından əsaslı hesab edir. Belə ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli araşdırılması hüququna malikdir. Konvensiyanın həmin maddəsi çərçivəsində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, əsaslandırılmış qərarlar tərəflərə eşidildiklərini nümayiş etdirmək, beləliklə də onların verilmiş qərarı qəbul etməyə daha meylli olmasına töhfə vermək məqsədi daşıyır. Bundan əlavə, onlar hakimləri qərarlarını obyektiv arqumentlərlə əsaslandırmağa, həmçinin müdafiə tərəfinin hüquqlarını qorumağa vadar edir. (X9rşı, § 29). Kondraşinanın Rusiya Federasiyasına qarşı işində də Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. X16 Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X14rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. “Avropa İnsan Hüquqları Məhkəməsinin gələcək fəaliyyətinə dair Brayton Bəyannaməsi”nin 7-ci bəndində qeyd edilmişdir ki, “Milli səviyyədə Konvensiyanın müddəalarının tam həyata keçirilməsi üzv dövlətlərdən qanun pozuntularının qarşısını almaq üçün effektiv tədbirlərin görülməsini tələb edir. Bütün qanunvericilik və siyasətin inkişafı, həmçinin dövlət qulluqçuları tərəfindən öz xidməti vəzifələrinin icrası elə səviyyədə olmalıdır ki, bu Konvensiyanın müddəalarının tam icrasına imkan versin. Üzv dövlətlər Konvensiyanın müddəalarının mümkün pozulması hallarının qarşısını almaq üçün hüquqi müdafiə vasitələrini təmin etməlidirlər. Milli məhkəmələr və tribunallar Konvensiyanı və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu nəzərə almalıdırlar. Bütün bu tələblər məcmu halda Konvensiyanın müddəalarının pozulması hallarının qarşısını ala bilər. Bu isə məhkəməyə əsaslı müraciətlərin sayının azalmasına gətirib çıxarmaqla iş yükünün də kəmiyyətinin aşağı düşməsinə səbəb olacaqdır”. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin barəsində bəraət hökmü çıxarılması ilə əlaqədar onun barəsində cəzasını yüngülləşdirən və ağırlaşdıran halların nəzərə alınması, məhkumluğu, cəza təyini, maddi ziyan, cəzaçəkmə müəssisəsinin növü, həbsdə saxlama müddətləri və həbsin əvvəli ilə bağlı məsələnin müzakirəsi istisna təşkil edəcəkdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Sumqayıt şəhər məhkəməsinin 15 noyabr 2020-ci il tarixli qərarı ilə, həbs etmənin əvvəli 13 noyabr 2020-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri semilmiş və o, həmin müddətdən fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Təqsirləndirilən şəxs baraət verilməsi ilə bağlı onun barəsində seçilmiş həbs növündə qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.5.2-ci maddəsinə əsasən dərhal ləğv edilməli və o, həmin Məcəllənin 357.0.1-ci maddəsinin tələbinə əsasən məhkəmənin hökmü elan edildikdən dərhal sonra həbsdən azad edilməlidir. İş üzrə maddi sübut və məhkəmə xərcləri yoxdur, qanunvericiliyə uyğun qaydada mülki iddia verilməmiş, xüsusi müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs qohumları tərəfindən onun hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə müqavilə bağlandığından, müdafiəçinin hüquqi yardımı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 353.3.4-cü maddəsinin tələblərinə əsasən məhkəmənin bəraət hökmündə bəraət almış şəxsə cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi məsələsi və mülki iddia üzrə qərarın motivləri göstərilməlidir. Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona ziyan vurulması ilə bağlı məhkəməyə müraciət etməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 356.5-ci maddəsinə əsasən bəraət alması ilə əlaqədar ona cinayət təqibi zamanı qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb olunması və barəsində həbs qətimkan tədbiri seçilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olması ona izah olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında » xx.xx.2015-ci il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.2, 346-347, 349, 350, 352-354, 356-358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə, onun təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal həbsdən azad olunsun. Bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət təqibi zamanı onun qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb olunması və barəsində həbs qətimkan tədbiri seçilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olması izah olunsun. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-79/2022
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-79/2022
06.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver