Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-794/2024 06.12.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: X3 (sədrlik edən), X1 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi Zeynallı Elgiz Çingiz oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2001-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Stansiya Sumqayıt qəsəbəsində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmə məqsədi ilə silah qismində istifadə etdiyi bıçağı tətbiq etməklə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edib zərərçəkmiş şəxsin əmlakını ələ keçirib quldurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 17 radələrində **-AC-*** dövlət qeydiyyat nişanlı “İsuzu” markalı avtomobillə onunla birlikdə Quba rayonundan Bakı şəhərinə hərəkət edən “X8” MMC-nin Marketinq şöbəsində ekspeditor köməkçisi kimi çalışan qonşusu Zərərçəkmiş şəxs1 ilə Siyəzən rayonunun Zarat kəndi ərazisində “Pirin altı” adlanan ərazidə tualetə getmək üçün avtomobildən düşdükdən sonra heç kimin olmadığı yerdə silah qismində istifadə etdiyi 01 ədəd bıçaqla Zərərçəkmiş şəxs1 hücuma məruz qoyub onun həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla basqın edib həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq edəcəyi ilə hədələyərək və sonuncunun bədəni üzərində 3-4-5-ci barmaqların hərəsinin bir ədəd səthi kəsilmiş yaraları kimi sağlamlığa zərər vurmayan dərəcəsi təyin edilməyən xəsarət yetirməklə Zərərçəkmiş şəxs1 üzərində olan “X8” MMC-yə məxsus 4.608 (dörd min altı yüz səkkiz) manat miqdarında pulu ələ keçirməklə quldurluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 181.2.5-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o rəsmi olaraq heç bir yerdə işləməmişdir. Zərərçəkmiş şəxs1la qonşu olmaqla Zülalın “X8 MMC”-də ekspeditor köməkçisi kimi çalışaraq Respublikanın müxtəlif rayonlarına məhsulları aparıb boşaltdığını və həmin məhsulların pullarını alıb MMC-nin rəhbərliyinə çatdırdığını bilmişdir. xx.xx.2024cü il tarixdə, gecə saat 02-03 radələrində evdən çıxarkən yaşadığı ərazi təhlükəli olduğu üçün hər ehtimala evdən mətbəx bıçağı götürüb belinə keçirmiş, səhər saat 05 radələrində Sumqayıt şəhəri, Stansiya qəsəbəsində yaşadığı evin yaxınlığında dayanacaqda tanımadığı bir şəxslə söhbət edərkən Zərərçəkmiş şəxs1 dayanacaqda duran “İsuzu” markalı yükdaşıyan nəqliyyat vasitəsinə tərəf getməsini görmüş, Zülalla salamlaşıb hara getdiyini soruşmuşdur. Zülal Qubaya mal apardığını demiş, o da bekarçılıq olduğundan Zülala onu da aparmasını, ona kömək edəcəyini demişdir. Zülal əvvəl razılaşmamış, o israr etdiyindən Zülal razılaşmışdır. Bundan sonra o, Zülal və sürücü birlikdə Xaçmaz, Qusar və Quba rayonlarına getmiş və Zülala məhsulları dükanlara təhvil verməyə köməklik etmiş, bütün məhsulları ünvanlara çatdırdıqdan sonra yenidən geri qayıtmaq üçün yola çıxmışlar. Siyəzən rayonun Zarat kəndi ərazisində “Pirin altı” adlanan ərazidən keçən zaman o, ayaqyoluna düşmək üçün nəqliyyat vasitəsini saxlamağı adının sonradan Emin olduğunu bildiyi sürücü şəxsdən xahiş etmiş, Emin avtomobili saat 16:30 radələrində Siyəzən rayonun Zarat kəndi ərazisində “Pirin altı” adlanan yerin yaxınlığında saxlamış, o Zülalla birlikdə maşından düşərək ayaq yoluna tərəf getmiş, sürücü isə avtomobilin yanında siqaret çəkərək onları gözləmişdir. O ayaqyoluna gedən zaman oranın ödənişli olduğunu bilmiş, üzərlərində pul olmadığından bir qədər kənara getmiş, həmin vaxt Zülala əsəbləşmiş, orada bıçağı çıxararaq Zülalın qarnına dirəyib onun üzərindəki pulları istəmişdir. Zülal əvvəlcə elə başa düşmüşdür ki, o zarafat edir. Lakin o əlində bıçaqla pulları ciddi şəkildə tələb etdiyindən Zülal pulları ona vermişdir. Həmin vaxt Zülal bıçağı tutduğundan barmaqlarına xəsarət yetirmişdir. O pulları götürüb taksi ilə həmin yerdən Ceyranbatana gəlmiş, oradan başqa taksi ilə Bakıya getmiş, Bakı şəhərində pulu sayaraq 4.600 manat civarında olduğunu müəyyən etmiş, həmin pulları Bakı şəhərində obyektlərdə, dəniz kənarı məkanlarda özü üçün xərcləmişdir. xx.xx.2024-cü il tarixdə, saat təxminən 18 radələrində Bakı şəhərində İçəri şəhər metrosunda olan zaman polis əməkdaşları tərəfindən saxlanılmışdır. Əməlindən peşmandır, ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə tədqiq edib qiymətləndirməklə sübut növü kimi qəbul edir. Belə ki, məhkəmə baxışında zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, o, “X8 MMC”-nin direktorudur. Şahid MMC-də sürücü, Zərərçəkmiş şəxs1 isə ekspeditor köməkçisi kimi çalışmışlar. Hazırda Şahid işdən çıxıb. Zülal təxminən 7-8 ildir ki MMC-də işləyir. 19 iyul 2024-cü il tarixdə, günorta saat 17 radələrində Zərərçəkmiş şəxs1 ona zəng edərək Şahidlə birlikdə MMC-nin məhsullarını paylayaraq pulları yığıb Bakı şəhərinə qayıdan zaman bir nəfər şəxsin Siyəzən rayonunun Zarat kəndi ərazisində “Pirin altı” adlanan yerin yaxınlığında bıçaqla Zülalı hədələyərək şirkətə məxsus 4.608 manat pulu almasını bildirmişdir. O bu barədə polisə məlumat verib-vermədiyini Zülaldan soruşmuş, Zülal məlumat vermədiyini demiş, bundan sonra Zülala dərhal polisə məlumat verməsini tapşırmış, yolda olan zaman Zərərçəkmiş şəxs1la bir daha danışanda pulu alıb qaçan şəxsin Zülalın tanışı Səmral adlı şəxs olduğunu öyrənmişdir. Hadisə nəticəsində MMC-nin 4.608 manat pulu talanmışdır. Sonradan cinayəti törədən şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Cinayət hadisəsi nəticəsində MMC-yə dəyən ziyan ödənməmişdir, buna görə də Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, o hazırda da “X8 MMC”də ekspeditor köməkçisi işləyir. Hadisə baş verəndə də həmin işdə işləmişdir. O həftənin 2 gününü şirkətə məxsus müxtəlif nəqliyyat vasitələri və sürücülərlə Respublikanın müxtəlif rayonlarına məhsulları aparıb boşaltmış, həmin məhsulların pullarını alıb MMC-nin rəhbərliyinə çatdırırdı. xx.xx.2024-cü il tarixdə, səhər saat 05 radələrində “İsuzu” markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı yükdaşıyan nəqliyyat vasitəsinin sürücüsü Şahid onunla əlaqə saxlayaraq yolda olduğunu və evlərinin yanındakı dayanacağa çıxmağı ona demiş, o, evlərinin yanındaki dayanacağa gələn zaman orada qonşusu Səmralı və tanımadığı bir şəxsin onunla söhbət etdiyini görmüşdür. Səmralla salamlaşdıqdan sonra avtomobilə əyləşmək istəyən zaman Səmral ondan hara getməsini soruşmuş, o, isə Qubaya mal apardıqlarını söyləmişdir. Səmral “bekarçılıqdı, mənidə apar” demiş, o, əvvəlcə yox desə də, Səmralın çox israr etdiyini görüb onlarla gəlməsinə razılıq vermişdir. Onlar birlikdə Xaçmaz, Qusar və Quba rayonlarına getmişlər və MMC-nin məhsullarını dükanlara təhvil vermiş, Səmral da ona məhsulları daşımaqda köməklik etmiş, bütün məhsulları ünvanlara çatdırdıqdan sonra yenidən geri qayıtmaq üçün yola çıxmışlar. Siyəzən rayonun Zarat kəndi ərazisində “Pirin altı” adlanan ərazidən keçən zaman Səmral ayaqyoluna düşmək üçün nəqliyyat vasitəsini saxlamağı sürücü Emindən xahiş etmişdir. Şahid avtomobili saat 16:30 radələrində Siyəzən rayonun Zarat kəndi ərazisində “Pirin altı” adlanan yerin yaxınlığında saxlamış, o, Səmralla birlikdə maşından düşərək ayaq yoluna tərəf getmişlər. Emin isə avtomobilin yanında siqaret çəkərək onları gözləmişdir. Ayaqyoluna gedən zaman o, ayaqyolunun ödənişli olduğunu və üzərlərində pul olmadığını xatırlamış, bundan sonra Səmral orada olan tikililərdən birinin arxasına keçib təbii ehtiyacını ödəyərək qayıtmışdır. Daha sonra Səmral yenidən ayaqyoluna getmək istəmişdir. O zarafatla Səmralı söymüşdür. Onlar birlikdə adam az olan yerə tərəf gedəndə Səmral ani olaraq onun sinəsindən tutmuş və belindən bıçaq çıxararaq onun qarnına dirəmiş və nə üçün söyüşlə danışdığını ona demiş, o, isə zarafat etdiyini, burda əsəbləşiləsi bir şeyin olmadığını bildirmişdir. Bundan sonra bıçağı əli ilə kənara çəkmək üçün tutmuş, həmin anda Səmral bıçağı geriyə çəkmiş və onun sağ əlinin barmaqları çox da dərin olmayaraq kəsilmişdir. Səmral bundan sonra ondan üzərində olan pulu istəmiş, o, əvvəl vermək istəməmiş, şirkətin pulu olduğunu demişdir. Bundan sonra Səmral əl çəkməyərək heç olmasa pulu şəkil çəkdirmək üçün verməyi tələb etmişdir. Səmral şəkil çəkdikdən sonra pulu ona qaytaracağını demişdir. Səmralın əlindəki bıçaq mətbəx bıçağı idi. Həmin zaman onun üzərində şirkətə məxsus 5.896 manat pul olmuşdur. Həmin pulları bölərək müxtəlif ciblərinə qoymuş, həmin pulun sol arxa cibində olan 4.608 manatını çıxardaraq Səmrala vermiş, digər cibində olan pulu isə ondan gizlətmişdir. Səmralın onun üzərində olan pulun miqdarını təxmini də olsa bildiyi üçün o, çox olan cibindəki pulu vermiş, bunun səbəbi isə Səmralın ona əlavə xəsarət yetirməsindən qorxması olmuşdur. Səmral pulu aldıqdan sonra bıçağı ona tərəf tutmuş və arxası ilə gəlməməsini bildirmiş, o Səmraldan belə etməməsini xahiş etsə də, Səmral israrla arxası ilə gəlməməyini bildirib onun yanından qaçaraq uzaqlaşmışdır. O dərhal əlini yuyub qaçaraq nəqliyyat vasitəsinə tərəf gəlib sürücü Şahid olanları danışmışdır. Emin də ona hadisə barədə rəhbərliyə və polisə məlumat verməsini məsləhət görmüş, bundan sonra o, rəhbərinə və DİN-in 102 xidmətinə hadisə barədə məlumat vermişdir. Ona və şirkətə vurulan ziyan ödənməmişdir, buna görə də Təqsirləndirilən şəxs şikayətçidir. Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş onun məhkəmədə dindirilmiş Zərərçəkmiş şəxs1 dediklərini özünə aid hissədə təsdiq edərək sonuncu ilə eyni məzmunlu ifadə verdiyi müəyyən edilmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmişlərin və şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “ifadənin yerində yoxlanılması” protokolundan görünür ki, Təqsirləndirilən şəxs baş vermiş cinayət hadisəsini necə və hansı qaydada törətdiyini əyani olaraq hadisə yerində göstərmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş verilmiş əməliyyat tapşırığına cavab olaraq Siyəzən rayon polis şöbəsinin raportunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 arasında baş vermiş hadisə Siyəzən rayonu, Zarat kəndi ərazisində “Pirin altı” adlanan yerdə baş vermiş, həmin hadisə zamanı ictimai qaydanın pozulması hallarına yol verilməmişdir. Keçirilmiş əməliyyat tədbirləri ilə müəyyən olunmuşdur ki, sonuncular arasında əvvəllər hər hansı bir mübahisənin olması ilə bağlı hər hansı bir məlumat əldə etmək mümkün olmamışdır. Həmçinin hadisə zamanı ətrafda heç kəs olmamışdır. Bundan başqa Təqsirləndirilən şəxs ifadəsində və ifadəsinin yerində yoxlanılması zamanı hadisəni törədən zaman istifadə etdiyini söylədiyi mətbəx bıçağının yerinin müəyyən edilməsi mümkün olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-tibbi ekspertizasının 22 iyul 2024-cü il tarixli, 125 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində sağ əlin 3-4-5-ci barmaqlarının hərəsinin bir ədəd səthi kəsilmiş yaraları aşkar olunmuşdur. Həmin xəsarətlər kəsici kənara malik əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti 2-3 günə qədər olub 19 iyul 2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqlarına görə dərəcəsi təyin edilmir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının 24 avqust 2024-cü il tarixli, 2465 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psiopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəliyin əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs oğlu ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CMnin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Sumqayıt şəhər Narkoloji dispanserindən xx.xx.2024-cü il tarixdə daxil olmuş 4333 nömrəli məktubdan görünür ki, ünvan 4 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs 2024-cü ilin iyul ayından “Eyni zamanda bir neçə narkotik maddənin birgə qəbulu nəticəsində asıllıq sindromu” diaqnozu ilə qeydiyyata alınmışdır Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X5 xx.xx.2024-cü il tarixdə daxil olmuş 11037 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan xəstəxanada müalicə olunmamışdır. Cinayət işinin materiallarında olan DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən təqdim edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarının konkret müddəalarını rəhbər tutmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etrafedici ifadəsi, zərərçəkmiş şəxlərin və şahidin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 181.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir, onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CMnin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran və yüngülləşdirən halların olmamasını, habelə törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza CM-nin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 30 iyul 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Siyəzən Rayon Məhkəməsinin 01 avqust 2024-cü il tarixli qərarı ilə əvvəli 30 iyul 2024-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay 27 (iyirmi yeddi) gün müddətinə həbs qətimkan tədbiri seçilmiş və məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsini əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 30 iyul 2024cü il tarixdən hesablanmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. İş üzrə mülki iddia verilməmişdir və məhkəmə xərci yoxdur. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan 01 (bir) ədəd diskin iş materiallarında saxlanılması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 30 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan 01 ədəd diskin iş materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-794/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-794/2024
06.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver