Məhkəmə qərarları › İş №1(124)-80/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-80/2023

28.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-80/2023 28.08.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Xaçmaz rayonu, Çarxı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Xaçmaz rayonu Çarxı kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib özündə saxladığı narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarını yetişdirmək məqsədilə yaşadığı Xaçmaz rayonu Çarxı kəndindəki "xxxx" ASC X2 400 metr şimal-qərb istiqamətində yerləşən yaşadığı evin həyətyanı sahəsinə torpağa basdıraraq əkmiş və əkdiyi həmin toxumlardan yetişən 38 (otuz səkkiz) ədəd çətənə bitkisinə 18 avqust 2021ci il tarixə kimi olan müddət ərzində aqrotexniki qaydada qulluq göstərməklə onları küllü miqdarda kultivasiya etmiş, bu fakt Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 18 avqust 2021-ci il tarixdə Xaçmaz rayonu Çarxı kəndindəki "xxxx" ASC X2 400 metr şimal-qərb istiqamətində yerləşən yaşadığı evin həyətyanı sahəsinə saat 19:20-20:10 müddətində baxış keçirilən zaman, həmin yerdən 38 (otuz səkkiz) ədəd yaş vəziyyətdə, ümümi çəkisi 3720 (üç min yeddi yüz iyirmi) qram əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə bitkiləri aşkar edilərək götürülmüş, bununla da o, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri küllü miqdarda kultivasiya (əkmə və yetişdirmə) etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, Xaçmaz rayonu, Çarxı kəndində yaşayır, taksi fəaliyyəti ilə məşğul olurdu. Bir gün Bakı şəhərinə getmiş, Bakıda yolun kənarında siqaret qutusu, həmin qutunun içərisində isə çətənə toxumları var idi. Həmin toxumları gətirib yaşadığı evin həyətyanı sahəsində əkmək qərarına gəlmişdir. Həmin çətənə toxumlarını öz istifadəsi üçün əkmişdir. Polislər tərəfindən əkdiyi 38 ədəd çətənə kollarını özü əkib becərmişdir. Əvvəllər narkotik vasitənin marixuana növündən istifadə etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, Xaçmaz rayonu, Çarxı kəndində yaşayır. Əvvəllər oğlu Təqsirləndirilən şəxs Ziyarətqulu oğlu ilə birgə yaşayırdılar. Daha sonra oğlu onun bacısı qızı Fəridə ilə ailə həyatı qurduqdan sonra üçü birlikdə yaşamağa başlamışlar. 2021-ci ilin may ayının 9-da o, Bakı şəhərinə gəlmişdir. Səhhəti ilə əlaqədar Bakıda təxminən 3 ay qalmış və həmin ilin avqust ayında yaşadığı evə geri qayıtmışdır. Evə qayıtdıqdan 2 gün sonra polis əməkdaşları evə gəlmişlər. Həmin vaxt evdə o, Şahid6 və uşaqlar var idi. Polis əməkdaşları dedikdən sonra oğlunun tərkibində narkotik vasitələr olan bitkiləri əkdiyini öyrənmişdir. Həmin vaxta qədər bu barədə məlumatsız olmuşdur. O, Bakıya getdikdə həmin bitkilər həyətyanı torpaq sahəsində yox idi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, o, Xaçmaz rayonu, Çarxı kəndində yaşayır. Təqsirləndirilən şəxs yaşadıqları evin həyətyanı torpaq sahəsində narkotik tərkibli bitkilər əkdiyini görməmişdir. Polis əməkdaşları gəlib baxış keçirdikdən və həyətyanı torpaq sahəsindən bitkiləri aşkar etdikdən sonra Xəyyamın tərkibində narkotik vasitələr olan bitkiləri əkdiyini öyrənmişdir. Həmin vaxta qədər bu barədə məlumatsız olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Xaçmaz RPŞ-in NMQ-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, 18 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonu, Çarxı kəndində yerləşən evinin həyətyanı torpaq sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmışdır və qeyd edilən ünvana getmişlər. Təqsirləndirilən şəxs anası Şahid7 razılığı ilə həyətyanı torpaq sahəsinə videoçəkiliş vasitəsilə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs həmin vaxt evdə yox idi. Baxış zamanı həyətyanı torpaq sahəsinə müxtəlif kənd təsərrüfatı təyinatlı bitkilərin əkildiyi müşahidə edilmişdir. Lakin, həmin bitkilərin arasında narkotik tərkibli çətənə bitkilərinin də əkilməsi müşahidə edilmişdir. Baxışda iştirak edən mütəxəssis həmin narkotik tərkibli çətənə bitkilərinə aqrotexniki qaydada qulluq göstərildiyini bildirmişdir. Mütəxəssisin iştirakı ilə çətənə bitkiləri diblərindən çıxarılaraq sayılmış, qablaşdırılaraq götürülmüşdür. Həmin vaxt 38 ədəd çətənə bitkisinin olduğu müəyyənləşdirilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Xaçmaz RPŞ-in CAB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 18 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonu, Çarxı kəndində yerləşən evinin həyətyanı torpaq sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmışdır və qeyd edilən ünvana getmişik. Təqsirləndirilən şəxs anası Şahid7 razılığı ilə həyətyanı torpaq sahəsinə videoçəkiliş vasitəsilə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs həmin vaxt evdə yox idi. Baxış zamanı həyətyanı torpaq sahəsinə müxtəlif kənd təsərrüfatı təyinatlı bitkilərin əkildiyi müşahidə edilmişdir. Lakin, həmin bitkilərin arasında narkotik tərkibli çətənə bitkilərinin də əkilməsi müşahidə edilmişdir. Baxışda iştirak edən mütəxəssis həmin narkotik tərkibli çətənə bitkilərinə aqrotexniki qaydada qulluq göstərildiyini bildirmişdir. Mütəxəssisin iştirakı ilə çətənə bitkiləri diblərindən çıxarılaraq sayılmış, qablaşdırılaraq götürülmüşdür. Həmin vaxt 38 ədəd çətənə bitkisinin olduğu müəyyənləşdirilmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid5ov oğlu ifadəsində göstərmişdir ki, 2003-cü ildən Xaçmaz rayon İcra Hakimiyyəti Xaçmaz mənzil istismar idarəsinin aqronom-nəzarətçisi işləyir. 18 avqust 2021-ci İl tarixdə, saat 18 radələrində Xaçmaz RPŞ-nin əməkdaşlarının dəvəti ilə keçiriləcək baxışda aqronom- mütəxəssis kimi iştirak etmək üçün polis şöbəsinə getmişdir. Polis əməkdaşları ilə 18 avqust 2021-ci il tarixdə, saat 19 radələrində Xaçmaz rayonu, Çarxı kəndində yaşayan, sonradan tanıyaraq şəxsiyyəti barədə öyrəndiyi Təqsirləndirilən şəxs yaşadığı həmin kənddə yerləşən evə getmişlər. Həmin yerdə polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs evdə olmadığından anası Şahid7 oğlu Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkilərini əkib, yetişdirməsi barədə polisə məlumat daxil olduğu və bu məlumatın yoxlanılmasından ötrü həmin yerə videoçəkiliş vasitəsi ilə baxış keçirilməli olduğu bildirilmişdir. Şahid7 baxış keçirilməsinə etiraz etməmişdir. Həmin torpaq sahəsinə keçirilən baxış zamanı oradan 38 ədəd yaş vəziyyətdə çətənə bitkisi aşkar edilmiş və torpaqdan çıxarılmışdır. O aşkar edilən bitkilərin çətənə bitkisi olmalarını müşahidə edərək bu barədə bildirmişdir. Həmin aşkar edilən bitkilər müvafiq qaydada qablaşdırlaraq və mühürlənərək götürülmüşdür. Gütürülən predmetlərin qablaşdırılmaları iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Bundan sonra baxış keçirilməsi barədə protokol tərtib edilmişdir. Şahid7, o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Şahid7 şifahi olaraq həmin çətənə bitkilərini Təqsirləndirilən şəxs əkməsini, onlara qulluq etməsini digər bitkilərlə birlikdə suvarmasını bildirmişdir. O Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında heç bir münasibət, düşmənçilik və ya ədavət olmamışdır. Həmin bitkilərə aqrotexniki qaydada qulluq olunmuş, dibləri yumşaldılmış, mütəmadi olaraq sulanmışdır. (Cild 1, iş vərəqləri 91-97) Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş məhkəmədə ifadələri elan olunaraq tədqiq olunan Xaçmaz RPŞ-in NMQ-nin əməliyyat müvəkkili Şahid3 Xanbala oğlu və Xaçmaz RPŞ-in CAB-nin əməliyyat müvəkkili Şahid4 ifadələrində digər şahidlər Şahid2 və Şahid1 ifadələri ilə oxşar məzmunlu ifadələr verərək onlar ifadələrində göstərdikləri xüsusatları bir daha təsdiq etmişdir. (cild 1, iş vərəqləri 104-109) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “Hadisə yerinə baxış keçirilməsi haqqında” 18 avqust 2021-ci il tarixli protokoldan görünür ki, həyətyanı sahədən 38 ədəd yaş vəziyyətdə narkotik tərkibli çətənə bitkisinə oxşar bitki kolu aşkar edilərək götürülmüşdür. (cild 1, iş vərəqləri 19-21) Həmin istintaq hərəkəti videoçəkilişlə aparılmış və videogörüntülərin əks olunduğu bir ədəd disk istintaq materiallarına əlavə edilmişdir. Həmin video diskə məhkəmədə proses iştirakçıları ilə birlikdə baxılarkən müəyyən edildi ki, “Hadisə yerinə baxış keçirilməsi haqqında” 18 avqust 2021-ci il tarixli protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər videoçəkilişdə öz əksini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-bioloji ekspertizasının 19 avqust 2021-ci il tarixli 7/809 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş 38 (otuz səkkiz) ədəd yaş vəziyyətdə ümumi təmiz çəkisi 3 kq 720 qram olan bitkilər əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisidir. Aqronomun rəyinə əsasən həmin bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. (Cild 1, iş vərəqləri 23-31) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-narkoloji ekspertizası təyin edilərək keçirilmiş, ekspertizanın 17 fevral 2022-ci il tarixli 762 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs kannaboidlərin qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkolojİ dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəq 119) Cinayət işinin materiallarında olan “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 25 mart 2022-ci il tarixli protokoldan görünür ki, 38 ədəd çətənə (kannabis) bitkisinin ekspertiza tədqiqatından sonra qalan 3719,24 qram qalığı iş üzrə maddi sübut kimi tanınaraq Xaçmaz RPŞ-nin saxlanc yerinə təhvil verilmişdir. sübut əhəmiyyəti kəsb edən bir ədəd disk cinayət işinin materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqləri 133- 139) Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin daxil olmuş tələbnamədən və məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2013-cü il tarixli Xaçmaz rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə 3.000 manat cərimə cəzasına məhkum edilmiş, Azəebaycan Respublikası xx.xx.2017-ci il tarixli 816 VQD saylı Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanuna əsasən Xaçmaz rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzadan azad edilmiş və qeydiyyatdan çıxarılmışdır. Bundan başqa xx.xx.2013-cü il tarixli Xətai rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 152-ci maddəsi ilə 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2014-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs sonuncu cinayət əməlini törədərkən məhkumluğu olmamışdır. (Cild 1, iş vərəqləri 104-112) Yuxarıda göstərilən sübutların məcmusuna və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsassən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilirlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli Qərarının 19-cu bəndində hüquqi mövqe ifadə olunaraq izah edilmişdir ki, əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanılması dedikdə - bu növ bitkilərin əkildiyi, yetişdirildiyi, mühafizə olunmayan əkin sahələrindən həmin bitkiləri (onların hissələrini) yığma başa düşülür. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən İİİ siyahıda, yəni “qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər” siyahısına əsasən çətənə növlü bitkilər Azərbaycan Respublikasında bitən, lakin kultivasiyası qadağan olunmuş tərkibində narkotik maddələr olan bitkilərdir və həmin bitkilərin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 3-15 ədəd (6- 30 hissə), külli miqdar daxil olmaqla yuxarı həddi 16 ədəd (31 hissə) müəyyən edilmişdir. Bundan əlavə, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı uşağının olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 07 dekabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Xaçmaz rayon məhkəməsinin 08 dekabr 2021-ci il tarixli qərarı ilə barəsində 3 ay 27 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbs müddətinin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Daha sonra həmin məhkəmənin qərar ilə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 69-72) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, cəzanın çəkilməsi müddətinin başlanğıcı 07 dekabr 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Xaçmaz RPŞ-də saxlanılan 38 (otuz səkkiz) ədəd çətənə (kannabis) bitkisinin ekspertiza tədqiqatından sonra qalan 3719.24 qram qalığı məhv edilməli, 01 (bir) ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 72 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etmiş və bu müdafiəçi tərəfindən məhkəmə istintaqı başa çatdırılanadək onun hüquqları müdafiə olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 07 dekabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 72 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə maddi sübut olub Xaçmaz RPŞ-də saxlanılan 38 (otuz səkkiz) ədəd çətənə (kannabis) bitkisinin ekspertiza tədqiqatından sonra qalan 3719.24 qram qalığı məhv edilsin, 01 (bir) ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar