Məhkəmə qərarları › İş №1(124)-80/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-80/2024

16.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-80/2024 16.05.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu, Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi2 və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxxxx 1974-cü ildə Göyçay rayonu, Potu kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, ailəli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Göyçay rayon məhkəməsinin 13 iyun 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 240.1-ci maddələri ilə təqsirli bilinərək 04 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Göyçay rayonu, Potu kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, həmçinin vaxtda və şəraitdə, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan metadon tərkibli dərman preparatını əldə edib, üzərində saxlamaqla Göyçay rayonu ərazisində daşımış, 11 avqust 2022-ci il tarixdə saat 17 radələrində Göyçay rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Göyçay rayonu Potu kəndində yerləşən Poçt məntəqəsinin yaxınlığında saxlanılaraq rayon polis şöbəsinə gətirilməklə, həmin gün saat 18:00 radələrində rayon polis şöbəsinin inzibati binasında üzərinə baxış keçirilən zaman əynindəki boz rəngli şalvarın sağ yan cibindən 04 (dörd) ədəd üzərində «Methadone 40» markalanma görtərisici olan və «F/M40» yazısı həkk olunmuş dairəvi formalı həblər və üzərində «..40» yazısı həkk olunmuş Vı həb hissəsi olmaqla ümumi təmiz çəkisi 0,18 (sıfır tam yüzdə on səkkiz) qram qəhvəyi rəngli dairəvi formalı narkotik vasitə hesab olunan metadon tərkibli təsiredici dərman preparatı olan həblər aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan mənbədən, həmçinin vaxtda və şəraitdə, satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini və şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamini əldə edib, üzərində saxlayaraq Şamaxı şəhəri ərazisində daşımış, 07 sentyabr 2022-ci il tarixdə saat 05 radələrində Şamaxı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı–Şamaxı-Yevlax avtomobil yolunun Şamaxı şəhəri ərazisindən keçən 122-ci kilometirliyində yerləşən “Şamaxı” restoranının həyətində saxlanılaraq rayon polis şöbəsinə gətirilməklə, həmin gün saat 05:56 dəqiqədən etibarən rayon polis şöbəsinin inzibati binasında üzərində şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli gödəkçənin sol yan cibindən ağ və qara rəngli 02 (iki) ədəd sellofan bükümdə külli miqdarda, hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 9,140 (doqquz tam mində yüz qırx) qram və 45,210 (qırx beş tam mində iki yüz on) qram olmaqla ümumi təmiz çəkisi 54,350 (əlli dörd tam mində üç yüz əlli) qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və bir ədəd siqaretin gümüşü rəngli kağızma bükülmüş bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,220 (sıfır tam mində iki yüz iyirmi) qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, polis əməkdaşları tərəfindən əvvəlcə 11 avqust 2022-ci il tarixdə Göyçay rayonu, Potu kəndində saxlanılmışdır. Polis əməkdaşları onu saxladıqları zaman üzərində heç bir qanunsuz vasitə olmamışdır. Lakin yaşadığı evdə dərman preparatları var idi və onları götürüb üzərində aşkar olunmuş kimi rəsmiləşdirmişlər. 07 sentyabr 2022-ci il tarixdə Şamaxı şəhərində saxlanıldıqda isə polis əməkdaşları taksi sürücüsünü də ona görə tutacaqları ilə hədələdikləri üçün onlarla razılaşmışdır. Əslində onun üzərində elan olunmuş ittihamda qeyd olunan miqdarda narkotik vasitə və psixotrop maddə olmamışdır. Şamaxı şəhəri ərazisində saxlanıldıqdan sonra onun üzərinə həmin gün videoçəkiliş vasitəsilə baxış keçirilməmişdir. Elan olunmuş ittihamda qeyd edilən dərman vasitələri yaşadığı evdə olmuşdur. Şamaxı şəhəri ərazisində saxlanılmağı ilə bağlı epizod üzrə özünü qismən təqsirli bilir. Şamaxı şəhəri ərazisində saxlanılarkən üzərində təxminən 1 qram miqdarında heroin növündə narkotik vasitə olmuşdur. Ümumilikdə, təxminən 2 qram miqdarında heroin növündə narkotik vasitə almışdır. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən 5 ildir ki, narkotik vasitələrdən istifadə edir. O, narkotik vasitə istifadə etdiyinə görə əvvəllər bir neçə dəfə məhkum olunmuş, xx.xx.2022-ci il tarixdə saat 17 radələrində yaşadığı Göyçay rayon Potu kəndində “Poçt” məntəqəsinin yaxınlığında olarkən Göyçay rayon polis şöbəsinin əməkdaşları ona yaxınlaşmışlar və narkotik vasitələrin qanunsuz saxlanılmasında şübhəli olduğunu bildirərək onun üzərinə baxış keçirilməsi üçün onu Göyçay rayon polis şöbəsinə dəvət etmiş, o da razılaşaraq polis əməkdaşları ilə birlikdə rayon polis şöbəsinə gəlmiş, Göyçay rayon polis şöbəsində ona hüquq və vəzifələri izah olunaraq müdafiəçi X6 ilə təmin olunub şübhəli şəxs qismində tutulmuş, həmçinin, ona bu barədə bildiriş və tutulmağı barədə qərarın surəti təqdim olunmuş, daha sonra Göyçay rayon polis şöbəsinin Növbətçi Hissəsində vəkilin və polis əməkdaşlarının iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı videoçəkilişdən istifadə olunmuş, şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən üzərində qanunla qadağan olunmuş hər hansı əşya, predmet narkotik vasitə olub olmadığı soruşularaq, ona əgər vardırsa təqdim etməyi bildirilmiş, bundan sonra o da əynində olan boz rəngli şalvarın sağ yan cibindən saxladığı 02 ədəd gümüşü rəngli kağız bükümlər və 01 ədəd konvalyutda üzərində “Methadone 40” sözü yazılan 4 ədəd və həbin 14 hissəsi olan metadon həbləri cibindən çıxararaq masanın üzərinə qoymuş, gümüşü rəngli həmin bükümlər açıldıqda içərisində yaşıl rəngə oxşar kütlə olması aşkar olunmuş, həmin bükümlərdə olan yaşımtıl rəngli kütlə və 4 ədəd bütöv halda olanmetadon həbləri və həbin yarısı olan hissəsi birlikdə elektron tərəzidə çəkilmiş, içərisində yaşımtıl rənli kütlə olan gümüşü rəngli kağız bükümlər kağız bükümlə birlikdə çəkiləri 0,37 qram və 0,26 qram, 04 ədəd metadon həbləri birlikdə çəkisi 2,34 qram və metadon həbinin yarı hissəsi də 0,34 qram olmuş, daha sonra həmin bükümlər və həblər vəkilin və polis əməkdaşlarının iştirakı ilə bir ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, zərfin ağzı kleylənmiş və möhürlənmiş, möhürləndikdən sonra zərfin üzərini o və müdafiəçisi Rasim Vəliyev imzalamışdır. Daha sonra müvafiq ekspertiza təyin edilməsi üçün həmin zərf polis əməkdaşları tərəfindən götürülmüş, onun üzərindən aşkar edilmiş 2 ədəd gümüşü rəngli bükümlərin içərisində olan yaşımtıl rəngli kütlə narkotik vasitə marixuana, üzərinə methodone 40 sözləri yazılmış 4 ədəd bütöv və 14 hissə həblər də narkotik vasitə metadon həbləri olmuş, o, həmin narkotik vasitələri təxminən 1 ay əvvəl “Facebook” sosial şəbəkəsində tanış olduğu adını bilmədiyi İran vətəndaşından almış, belə ki, həmin İran vətəndaşı ilə İnstagramda danışaraq razılaşdıqdan sonra İran vətəndaşının ona göndərdiyi hesab nömrəsinə ümumilikdə 160 manat pul yüklədikdən sonra həmin narkotik vasitəni Bakı şəhəri Binəqədi rayonu ərazisində Şamaxinka adlanan yerdə elektrik dirəyinin yanına qoyaraq yerini ona demiş, o da həmin narkotik vasitələrini oradan götürmüş, o, həmin şəxsi “Facebook” sosial şəbəkəsində tanımış, onunla heç bir tanışlığı olmamış, o, narkotik vasitə aludəçisidir, indiyə qədər heç kimə narkotik vasitə verməmiş və satmamış, şəxsi axtarış zamanı onun üzərindən aşkar edilmiş narkotik vasitə marixuana aşkar olunduğu kağız bükümlərlə və narkotik vasitə metadon həbləri konvolyutla birlikdə, elektron tərəzisində çəkilmiş, lakin hər iki ekspertiza tədqiqatında isə narkotik vasitə marixuana və narkotik vasitə metadon həblərinin təmiz çəkisi göstərilmiş, həmçinin onun çəkisi daha dəqiq ölçü cihazları vasitəsilə müəyyən edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, o, təxminən 1996-cı ildən bu yana narkotik vasitələr və psixotrop maddələrin bir neçə növündən istifadə edirmiş, özü də narkotik vasitə və psixotrop maddə aludəçisiymim, belə ki, o, 06 sentyabr 2022-ci il tarixdə təxminən 18- 19 radələrində Göyçay rayonunda olan zaman, üzərindəki az miqdarda narkotik vasitə olan heroin qəbul etmiş, gələcəkdə də istifadə etmək üçün heroini istifadə etdiyi flakonu və pambıqları üzərində saxlamış, istifadə etdiyi narkotik vasitənin təsirindən özünü yaxşı hiss etdiyi üçün gəzmək məqsədilə Bakı şəhərinə getmək qərarına gəlmiş və taksi kimi fəaliyyət göstərən Şahid4la əlaqə saxlamış ki, onu Bakı şəhərinə aparsın, İlkin ona bildirmiş ki, Bakı şəhərindədir, daha sonra o, Göyçay rayonundan Bakı şəhərinə gedən tanımadığı yol taksilərdən birinə əyləşmiş və saat 22 radələrində Bakı şəhərinə çatmış, çatandan sonra avtomobildən düşərək Bakı şəhərində tanımadığı ünvanda dönər yemiş, daha sonra hava normal olduğundan bir neçə saat Bakı şəhəri ərazisində gecə vaxtına kimi piyada gəzmiş, 06 sentyabr 2022-ci il tarixdən 07 sentyabr 2022-ci il tarixə keçən gecə təxminən saat 02 radələri olardı ki, o, Göyçay rayonuna geri qayıtmaq qərarına gəlmiş və gəzərək avtovağzal istiqamətində hərəkət etməyə başlamış və avtovağzala yaxın yerdə açıq ərazidə körpünün yaxınlığında yerdə bir ədəd sellofana bükülmüş büküm görmüş, həmin vaxtı marağını çəkdiyi üçün bükümü götürərək açıb içərisinə baxdıqdan sonra bükümün içərisində ümumilikdə üç ədəd olan bir ədəd üzəri göy rəngli zalentlə dolanmış qara rəngli sellofana bükülmüş, bir ədəd ağ rəngli sellofana bükülmüş və bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş büküm olmasını görmüş və fikirləşmiş ki, ya siqaret, ya da ki, nəşə olar, istifadə edər. Bu məqsədlə o, həmin bükümləri açdıqda qara rəngli sellofan ilə ağ rəngli sellofana baxdıqda həmin bükümlərdə tünd qəhvəyi rəngli, kakos kimi tanıdığı spesifik iyə malik narkotik vasitə olan heroin, bir ədəd siqaretin gümüşü rəngli kağızma bükülmüş bükümdə isə kristal formada şəffaf şəkildə psixotrop maddə olan metafetamin olduğunu görmüş və o, mütəmadi olaraq narkotik və psxiotrop maddələri istifadə etdiyi üçün heroin və metafetamin olan bükümləri bağlayıb, əynindəki qəhvəyi xətlər olan qara rəngli gödəkçənin sol yan cibinə qoyaraq Göyçaya gedən avtomobillərin yanına yaxınlaşmış, o, orada taksilər axtararkən təsadüfən Göyçay rayonuna gedən taksi kimi fəaliyyət göstərən əvvəldən tanıdığı Şahid4 yaxınlaşmış və oun Göyçay rayonuna aparmasını Şahid4 xahiş etmiş, həmin vaxt Şahid4 avtomobilində ondan başqa müştəri olmadığı üçün İlkin ona başqa müştəridə gözləməyi bildirmiş, lakin üzərində narkotik və psxiotrop maddələr olduğu üçün o, İlkinə bildirmiş ki, sür gedək sənə yol haqqı 50 manat verəcəm və bundan sonra İlkin idarə etdiyi “Mersedes E200” markalı 99-ED- 923 dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmiş, İlkin avtomobili idarə edərək onu Göyçay rayonuna doğru aparmağa başlamış, Şamaxı rayonuna daxil olduqdan sonra bir qədər yemək yeyib çay içmək üçün Şahid4 Şamaxı şəhərində yerləşən “Şamaxı” restoranının qarşısında avtomobili saxlamış, o, restorana daxil olaraq yemək yedikdən sonra saat 05 radələrində tualetə getmək üçün restorandan çıxıb, piyada tualetə doğru gedərkən mülki geyimdə olan iki nəfər şəxs ona yaxınlaşmış, həmin şəxslər polis əməkdaşları olduqlarını bildirərək üzərində narkotik vasitə saxlamaqla şübhəli olduğunu ona bildirmişlər, lakin o, etiraz edərək üzərində heç bir narkotik vasitənin olmamasını polis əməkdaşlarına bildirmiş, həmin şəxslər onu Şamaxı rayon polis şöbəsinə dəvət etdikdə, o, həmin şəxslərlə birlikdə Şamaxı rayon polis şöbəsinə gəlmiş, Şamaxı rayon polis şöbəsinin inzibati binasında mobil telefonla videogörüntüyə çəkilməklə onun üzərində baxış keçirmişlər, üzərinə baxış keçirərkən əynindəki qəhvəyi rəngli xətlər olan qara rəngli gödəkçənin sol yan cibindən əvvəlcədən üzərində gəzdirdiyi ümumilikdə sayı üç ədəd olan bir ədəd üzəri göy rəngli zalentlə dolanmış qara rəngli sellofana bükülmüş, bir ədəd ağ rəngli sellofana bükülmüş, bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş büküm, Göyçay rayonunda olarkən şiprislə çəkib damarına vurmaq üçün bir ədəd içərisində qəhvəyi rəngli islanmış iki ədəd pambıq dənəsi olan üzərində kirilcə “Valerian Ekstrakst” sözləri yazılmış dərman flakon aşkar olunmuş, həmin flakonun içərisindəki islanmış qəhvəyi rəngində olan iki ədəd pambıq dənəsində narkotik vasitə olan heroin varmış, o, həmin heroin qurumasın deyə islaq vəziyyətdə olarkən pambıqa batıraraq flakonun içərisinə qoymuş, flakonun içərisindəki heroindən artıq istifadə etmiş, lakin atmaq yadından çıxmış, polis əməkdaşları həmin üzəri göy rəngli zalentlə dolanmış bir ədəd qara rəngli sellofana bükülmüş bükümlə, digər bir ədəd ağ rəngli sellofana bükülmüş bükümü açdıqda içərisindən tünd qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə olan heroin, digər bir ədəd siqaretin gümüşü rəngli kağızma bükülmüş bükümü açdıqda isə həmin bükümün içərisindən kristal formada şəffaf şəkildə psixotrop maddə olan metafetamin aşkar edilmiş, onun, vəkilin və polis əməkdaşlarının iştirakı ilə onun üzərindən aşkar edərək götürdükləri içərisində narkotik vasitə olan heroin və psixotrop maddə olan metafetamin olan bükümləri polis əməkdaşları qablaşdırılaraq götürmüşlər. (Cild 2, iş vərəqləri 69-74) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi tədqiq edir. Məhkəmədə şahid qismində dindirilmiş Göyçay Rayon Polis Şöbəsinin Cinayət axtarışı bölməsinin narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili Şahid5 ifadəsində göstərdi ki, “Şamaxı” restoranında təxminən saat 04:00 radələrində digər polis əməkdaşı Ruslan Mehdiyev ilə birlikdə çay içirdilər. Təqsirləndirilən şəxs həmin vaxt orada görmüş və şübhələnmişlər. Daha sonra, ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs Şamaxı rayon Polis şöbəsinə dəvət etmiş və orada videoçəkiliş vasitəsilə üzərinə baxış keçirmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs üzərindən heroin növündə narkotik vasitə və metamfetamin növündə psixotrop maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs saxladıqları zaman o tək olmamış, yanında taksi sürücüsü olmuşdur. Həmin şəxsi də polis şöbəsinə gətirmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Göyçay Rayon Polis Şöbəsinin Cinayət axtarışı bölməsinin Narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. 11 avqust 2022-ci il tarixdə əməliyyat qrupunun digər üzvü Şahid2 ilə birlikdə Göyçay rayonu, Potu kəndinə getmişlər. Qeyd olunan ünvanda Təqsirləndirilən şəxs görmüş, ona yaxınlaşıb xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs onun barəsində əməliyyat məlumatı daxil olduğunu bildirərək, onu Göyçay Rayon Polis Şöbəsinə dəvət etmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsindən ötrü dövlət hesabına müdafiəçi təyin edilmişdir. Müdafiəçinin iştirakı və videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Təqsirləndirilən şəxs ilk öncə üzərində qanunla dövriyyəsi qadağan edilən əşya və predmetlər varsa, həmin əşyaları təqdim etmək təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində olan həbləri və marixuana növündə narkotik vasitəni təqdim etmişdir. Qanunsuz vasitələr Təqsirləndirilən şəxs yaşadığı evdə deyil, onun üzərində aşkar olunmuşdur. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş məhkəmədə ifadələri elan olunaraq tədqiq olunan Göyçay RPŞ-in əməkdaşları Şahid2 və Şahid3 ifadələrində digər Şahid1 ilə oxşar məzmunlu ifadələr verərək onun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. (Cild 1, iş vərəqləri 227-229, 230-232) Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan X2 göstərmişdir ki, o, Şamaxı rayon polis şöbəsinin NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 07 sentyabr 2022-ci il tarixdə Göyçay rayonu Potu kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitənin saxlaması və Şahid4 idarə etdiyi “Mersedes E200” markalı **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhərindən Göyçay rayonuna gedəcəyi ilə bağlı əməliyyat məlumatı daxil olmuş, bu səbəbdən də, o, 07 sentyabr 2022-ci il tarixdə saat 05 radələrində RPŞ-nin NMQ- nun əməliyyat müvəkkili polis kapitanı Şahid5 ilə birlikdə Şamaxı şəhər ərazisində yerləşən “Şamaxı” restoranının ərazisində Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edərək üzərlərində narkotik vasitə saxlamaqla şübhəli olduğu üçün Şamaxı RPŞ-nə dəvət etmişlər, həmin vaxtı Təqsirləndirilən şəxs öz avtomobili ilə Bakı şəhərindən Göyçay rayonuna aparan taksi sürücüsü Şahid4 da özləri ilə birlikdə Şamaxı RPŞ-nə gətirmişlər, RPŞ-nin inzibati binasında mobil telefonla videogörüntüyə çəkilməklə ilk öncə Təqsirləndirilən şəxs, daha sonra isə Şahid4 üzərlərinə baxış keçirilmiş, baxış keçirilən zaman Təqsirləndirilən şəxs əynindəki qəhvəyi rəngli xətlər olan qara rəngli gödəkçənin sol yan cibindən əvvəlcədən üzərində gəzdirdiyi bir ədəd üzəri göy rəngli zalentlə dolanmış qara rəngli sellofana bükülmüş, bir ədəd ağ rəngli sellofana bükülmüş, bir ədəd siqaretin gümüşü rəngli kağızma bükülmüş büküm, bir ədəd içərisində qəhvəyi rəngli islanmış iki ədəd pambıq dənəsi olan üzərində kirilcə “Valerian Ekstrakst” sözləri yazılmış dərman flakon aşkar edilmiş, daha sonra aşkar edilmiş bükümlər açılaraq içərisinə baxıldıqda ümumilikdə üç ədəd olmaqla, bir ədəd qara rəngli sellofana bükülmüş, bir ədəd ağ rəngli sellofana bükülmüş bükümdə narkotik vasitə olan heroin və bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümdə ağ rəngli kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin aşkar edilmiş, daha sonra, Təqsirləndirilən şəxs üzərində baxış davam etdirilsə də, sonuncunun üzərindən başqa qanunsuz əşya aşkar edilməmiş, daha sonra, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülən, içərisində narkotik vasitə heroin və psixotrop maddə olan metafetamin baxışda iştirak edənlərin iştirakı ilə zərfə qablaşdırılaraq üzəri Azərbaycan Respublikasının DİN-nin 73 saylı möhürü ilə möhürlənmiş, bununla əlaqədar protokol tərtib edilmiş, həmin zərfi və protokolu Təqsirləndirilən şəxs, vəkil və baxışda iştirak edən polis əməkdaşları imzalamışlar. O, RPŞ-nin NMQ- nun əməliyyat müvəkkili polis kapitanı Şahid5 ilə birlikdə Təqsirləndirilən şəxs Şamaxı şəhər ərazisində yerləşən “Şamaxı” restoranının ərazisində saxlayaraq Şamaxı RPŞ-nə gətirmiş, orada üzərində baxış keçiriləndə üzərindən həmin narkotik vasitə olan heroin və psixotrop maddə olan metafetamin aşkar edilərkən, Təqsirləndirilən şəxs özü bildirmiş ki, həmin narkotik vasitə olan heroin və psixotrop maddə olan metafetamin bükümünü Bakı şəhəri ərazisində avtovağzalın yaxınlığında yerdən tapmış, özü dəfələrlə həmin maddələrdən istifadə etdiyi üçün tapdığı maddələri tanıyaraq özünün şəxsi istifadəsi üçün üzərində saxlamış, həmçinin, onların tərəfindən bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilsə də, Təqsirləndirilən şəxs aşkar edilmiş həmin narkotik vasitə olan heroin və psixotrop maddə olan metafetamini sonuncunun satış məqsədilə özündə saxlaması, onun narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması və ya kimlərləsə narkotik vasitələrin, psixotrop maddələrin satışı barədə əlaqələrinin olması ilə bağlı heç bir əməliyyat məlumatı əldə edilməmişdir. (Cild 1, iş vərəqləri 124-126). Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid4 göstərmişdir ki, təxminən 1999-cu ildən taksi fəaliyyəti ilə məşğul olur, Bakı-Göyçay istiqamətində sərnişin aparır və gətirir. Təqsirləndirilən şəxs Göyçay rayonu sakini kimi tanımış, lakin onunla arasında münasibət, ədavət olmamışdır. xx.xx.2022-ci il taixdə təxminən saat 18 radələrində Təqsirləndirilən şəxs ona zəng edərək harada olmasını Bakı şəhərinə getmək istədiyini bildirçiş, həmin vaxt o, Pərvizə Bakı şəhərində olduğunu bildirmişdir. Həmin vaxtdan bir neçə saat sonra yenidən Təqsirləndirilən şəxs ona zəng edərək Bakı şəhərində olmasını bir neçə saat sonra onu Göyçay rayonuna aparmağı bildirmiş, xx.xx.2022-ci il tarixdə təxminən saat 03 radələrində o, Göyçay rayonuna sərnişin aparmaq üçün Göyçay rayonuna gedən taksilərin dayandığı Bakı şəhəri Avtovağzalında idarə etdiyi tünd göy rəngli “Mersedes E200” markalı **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobildə oturmuş, həmin vaxt Təqsirləndirilən şəxs ona yaxınlaşaraq, Göyçay rayonuna getmək istədiyini deyib, neçəyə aparacağını soruşmuş, o, Pərvizə sərnişinin birini 15 manata apardığını, lakin sərnişin olmadığını, sərnişin olduqdan sonra apara biləcəyini demiş, Pərviz cavabında 50 manat təklif etmiş, o, Pərvizin təklifini qəbul edərərk Pərvizi Göyçay rayonu istiqamətinə aparmağa başlamış, həmin tarixdə təxminən saat 05 radələrində o, Şamaxı şəhəri ərazisində “Şamaxı” restoranın qarşısında saxlayaraq, yemək üçün Pərviz ilə birlikdə restorana daxil olmuş, bir neçə dəqiqə keçdikdən sonra o, üz-əlini yumaq üçün restorandan çıxaraq, ayaqyoluna getmiş, daha sonra geriyə qayıdarkən mülki geyimdə olan iki nəfər şəxsin Pərvizə yaxınlaşaraq, nəsə danışdıqlarını, daha sonra Pərvizi avtomobilə mindirdiklərini görmüş, daha sonra həmin iki nəfər şəxs ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirmişlər, Təqsirləndirilən şəxs ilə ona üzərilərində narkotik vasitə saxlamaqda şübhəli olduqlarını demişlər, lakin o, etiraz edərək üzərində heç bir narkotik vasitənin olmamasını polis əməkdaşlarına bildirmiş, həmin şəxslər onunla Pərvizi Şamaxı rayon polis şöbəsinə gətirmişlər Şamaxı rayon polis şöbəsinin inzibati binasında mobil telefonla videogörüntüyə çəkilməklə onun üzərinə baxış keçirmişlər, üzərinə baxış keçirilməzdən əvvvəl ondan qanunsuz narkotik vasitə gəzdirib gəzdirmədiyi soruşulmuş, o, polis əməkdaşına üzərində heç bir narkotik vasitə olmadığını demiş, lakin polis əməkdaşları vəkil X3 iştirakı ilə onun üzərinə baxış keçirmişlər, baxış zamanı onun üzərində hər hansı narkotik vasitə aşkar olunmamış, daha sonra idarə etdiyin avtomobilə baxış keçirilmiş, həmin baxış zamanı da, onun avtomobilindən heç bir narkotik vasitə aşkar edilməmiş, bununla bağlı protokol tərtib edilmiş və onun sonradan Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsindən məlumatı olmuşdur. (Cild 1, iş vərəqləri 117-118). Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “baxış və götürmə haqqında” 07 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynindəki qəhvəyi rəngli xətlər olan qara rəngli gödəkcənin sol yan cibindən içərisində tünd qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə heroinı oxşar kütlə olan 01 ədəd üzəri göy rəngli yapışqan lentlə dolanmış qara rəngli sellofana bükülmüş, 01 ədəd ağ rəngli sellofana bükülmüş bükümlər, içərisində kristal formada şəffaf şəkildə psixotrop maddə metamfetaminə bənzər kütlə olan 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş büküm, 01 ədəd içərisində qəhvəyi rəngli islanmış 02 ədəd pambıq dənəsi olan üzərində kirilcə “Valerian Ekstrakt” sözləri yazılmış dərman flakonu aşkar olunmuşdur. (Cild 1, iş vərəqləri 27-28) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “baxış və götürülmə keçirilməsi barədə” 11 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı əynindəki şalvarın sağ yan cibindən 02 ədəd gümüşü rəngli, içərisində yaşıl rəngli kütlə olan büküm, üzərində “Methadone 40” yazılan 04 ədəd və həbin yarısı olan metadon həbləri aşkar olunaraq götürülmüşdür. (Cild 1, iş vərəqləri 165-167) “Baxış və götürmə haqqında” 07 sentyabr 2022-ci il tarixli və “baxış və götürülmə keçirilməsi barədə” 11 avqust 2022-ci il tarixli protokollarda əks olunan əməliyyat-istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı iki ədəd disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən həmin videogörüntülərin əks olunduğu disklərə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin şəxsi axtarışı zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən məhkəmə-kimyəvi ekspertizasının 12 avqust 2022-ci il tarixli, 6/4291 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş ağ kağız üzərində Təqsirləndirilən şəxs üzərindən yazısı və imzalar olan zərfdəki, üzərində “Methadone 40” markalanma göstəricisi olan konvalyutdakı 4 ədəd üzərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həb hissəsi metadon tərkibli dərman preparatıdır. 04 ədəd həb və 1/2 həb hissəsi olan narkotik metadon təsiredici maddəsinin ümumi miqdarı 0,18 qram təşkil edir (konvalyutun üzərindəki göstəricisinə əsasən bir həbdə 0,04 qram metadon olmaqla). Metadon tərkibli həblər tərkibindəki təsiredici maddəsinin miqdarına və xarici əlamətlərinə görə eynidirlər. (Cild 1, iş vərəqləri 174-179). Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən məhkəmə-kimyəvi ekspertizasının 07 sentyabr 2022- ci il tarixli, 6/4861 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “....üzərində Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş” yazılan zərfdə 2 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 9,140 qram və 45,210 qram olmaqla, ümumi çəkisi 54, 350 qram olan qəhvəyi rəngli tozşəkillİ maddələr öz aralarında xarici görnüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1 ədəd bükümdə təmiz çəkisi 0,220 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir, içərisində iki ədəd qəhvəyi rəngli pambıq kəsikləri olan şüşə qabın daxilində və pambıq kəsiklərində narkotik vasitə olan heroin izləri vardır. Heroin iz şəklində olduğundan onun çəkisini müəyyən etmək və təqdim olunmuş maddələrlə müqayisəli tədqiqat aparmaq mümkün deyildir. (Cild 1, iş vərəqləri 64-69). Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 5974 №-li rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqləri 131-132). Cinayət işi materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 19 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış metadon həbləri və 0,334 qram narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınaraq Göyçay RPŞ-in maddi sübutları saxlanc anbarına, ekspertiza tədqiqatından sonra qalıq qalmış 54,25 qram narkotik vasitə heroin, 0,170 qram psixotrop maddə metamfetamin isə maddi sübut kimi tanınaraq Şamaxı RPŞ-in maddi sübutları saxlanc anbarına təhvil verilmişdir. (Cild 2, iş vərəqləri 40-60) Məhkəmə, təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən təzyiqə məruz qalması və onda ittihamda göstərilən həcmdə narkotik vasitə və psixotrop maddənin olmaması ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab etməklə belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi işin obyektiv hallarına uyğun olduğundan, həmin ifadə daha səmimi ifadə və mötəbər sübut kimi qəbul olunmalıdır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə müvafiq olaraq az ağır və ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən və müvafiq məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs 2011 və 2014-cü il tarixlərdə 2 dəfə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək azadlıqan məhrum etmə cəzalarına məhkum edilmiş, həmin məhkumluqları ödənilmişdir. Daha sonra o, Göyçay rayon məhkəməsinin 04 mart 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 28 gün maddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Apellyasiya Məhkəməsinin 20 may 2020-ci il tarixli qərarı ilə hökm dəyişdirilməklə 01 il 06 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmişdir. Göyçay rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cəzası 05 ay 19 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, 22 iyul 2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Məhkəmə qeyd edir ki, həmin hökmə münasibətdə təqsirləndirilən şəxsin məhkumluğu ödənilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluqları ödənilmiş sayılır. Bundan başqa, Təqsirləndirilən şəxs Göyçay rayon məhkəməsinin 13 iyun 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 240.1-ci maddələri ilə təqsirli bilinərək 04 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Göyçay rayon məhkəməsinin 13 iyun 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 04 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmalı və Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1 və 61.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin əvvəlki məhkumluqlarının ödənildiyini vurğulamaqla yanaşı qeyd edir ki, ödənilmiş məhkumluqlar təqsirləndirilən şəxsə münasibətdə hər hansı bir hüquqi nəticə doğurmasa da, onun şəxsiyyətini xarakterizə edən hallar kimi məhkəmə tərəfindən nəzərdən keçirilməyə bilməz. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər 3 dəfə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərə görə məhkum edilmiş, lakin əvvəlki məhkumluqlardan, ona təyin edilmiş cəzalardan nəticə çıxarmamış və islah yoluna düşməyərək yenidən eyni xarakterli cinayətlər törətmişdir. Bu amillər isə təqsirləndirilən şəxsin şəxsiyyətinin cinayətə meyilli olmasının bilvasitə təzahürüdür. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən yuxarıda təsvir olunan hallar ona cəza təyi edilərkən nəzərə alınmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 11 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 13 avqust 2022-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Daha sonra o, 07 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 08 sentyabr 2022-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Göyçay rayon məhkəməsinin 13 iyun 2023-cü il tarixli hökmündən isə görünür ki, təqsirləndirilən şəxsin cəzasının çəkilməsi müddətinin əvvəli onun tutulduğu 28 yanvar 2023-cü il tarixdən hesablanmışdır. (Cild 1, iş vərəqləri 104-106, 211-212) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin 07 sentyabr 2022-ci il tarixdən 08 sentyabr 2022-ci il tarixədək və 11 avqust 2022-ci il tarixdən 13 avqust 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 04 (dörd) gün müddət onun cəza müddətinə hesablanıb çıxılmalı, təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı isə 28 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Odur ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Göyçay rayon polis şöbəsinin maddi sübutların saxlanılması anbarında salxanılan 03 ədəd həb və ¼ həb hissəsi olan narkotik vasitə metadon preparatı, 0,334 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, həmçinin Şamaxı RPŞ-də saxlanılan 54,25 qram çəkidə narkotik vasitə heroin, 0,170 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilməli, 03 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 274 (iki yaz yetmiş dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəmədə müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etdilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 234.1-1-cü maddəsi ilə 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu Təqsirləndirilən şəxs 07 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Göyçay rayon məhkəməsinin 13 iyun 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanılsın və Təqsirləndirilən şəxs 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 07 sentyabr 2022-ci il tarixdən 08 sentyabr 2022-ci il tarixədək və 11 avqust 2022-ci il tarixdən 13 avqust 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 04 (dörd) gün ona təyin edilən azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla cəzadan çıxılsın və o, qəti olaraq 07 (yeddi) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 28 yanvar 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunsun və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Göyçay rayon polis şöbəsinin maddi sübutların saxlanılması anbarında salxanılan 03 ədəd həb və ¼ həb hissəsi olan narkotik vasitə metadon preparatı, 0,334 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, həmçinin Şamaxı RPŞ-də saxlanılan 54,25 qram çəkidə narkotik vasitə heroin, 0,170 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilsin, 03 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 274 (iki yüz yetmiş dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar