Məhkəmə qərarları › İş №1(124)-803/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-803/2024

31.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-803/2024 31.10.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxxxx 1985-ci il tarixdə Sabirabad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və barəsində həbs qətimkan tədbiri seçilmiş hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 06 oktyabr 2022-ci il tarixdə saat 12:00 radələrində Abşeron rayonu Digah qəsəbəsi Y.V.Çəmənzəminli küçəsi, 7 nömrəli fərdi yaşayış evində qeyrirəsmi ər-arvad münasibətində olmaqla birgə yaşadığı Zərərçəkmiş şəxs ilə aralarında sonuncunun “İnstaqram” sosial şəbəkəsində ayrı-ayrı şəxslərlə yazışaraq ona xəyanət etməsini ehtimal edərək qısqanclıq zəminində yaratdığı mübahisə zamanı evin mətbəxindən götürdüyü, istintaqla müəyyən edilməyən bıçaqla evin yataq otağında Zərərçəkmiş şəxs bel nahiyəsindən qəsdən 1 (bir) dəfə, sonra isə mübahisəni davam etdirərək evin həyətində qarın nahiyəsindən qəsdən 1 (bir) dəfə və geriyə çevrilərkən sol yan aşağı bel nahiyəsindən qəsdən l(bir) dəfə zərbə endirərək qarının ön divarının daxilə nüfuz edən, nazik bağırsağı yaralayan, daxilə qanaxma törədən bir ədəd deşilmiş-kəsilmiş yarası kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər, sol yan aşağı bel nahiyəsinin bir ədəd bel əzələləri arasında kor qurtaran deşilmiş-kəsilmiş yarası, arxa bel nahiyəsinin bir ədəd səthi kəsilmiş yarası kimi bədən xəsarətləri yetirməklə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifdəsində göstərdi ki, o, Zərərçəkmiş şəxsı 2021 mart ayında taksi fəaliyyətində olduğu zaman tanımışdır. Tanışlıqları sonradan münasibətə çevrilmişdir. Valideynlərin razılığı ilə qeyri-rəsmi olsa da birgə yaşamağa başlamışlar. 03 oktyabr 2022-ci il tarixində Qusara Zərərçəkmiş şəxs iş yoldaşının toy məclisinə getmişlər. Qusardan qayıdan zaman Zərərçəkmiş şəxs telefonuna götürüb baxanda onun “İnstagram” sosial şəbəkəsində olan hesabını görmüşdür. Onunla əvvəldən razılaşmışlar ki, “İnstagram” işlətməsinlər. Ondan soruşduqda isə xəbəri olmadığını demişdir.Lakin onun yazışmaları olmuşdur. Oxuya bilməsin deyə parolunu dəyişmişdir. Daha sonra barışmışlar. 04 oktyabr 2022-ci il tarixində Zərərçəkmiş şəxs işə getməyə icazə verməmişdir. 05 oktyabr 2022-ci il tarixində Mehiban Qarayevanı işə aparmış, əvvəlki mesajları oxuya bilsin deyə telefonu proqramistə aparmış, lakin yazıların çoxu silinmişdir. “Maqa” adlı bir nəfər şəxs Zərərçəkmiş şəxs yazmışvə Zərərçəkmiş şəxs evli olduğunu bildirmişdir. O, Zərərçəkmiş şəxs adından “Maqa” ilə danışaraq onun nömrəsini almışdır. 06 oktyabr 2022-ci il tarixində işdə olan zaman Zərərçəkmiş şəxs zəng edərək işə gedəcəyini bildirmiş və o, icazə verməmişdir. Evə qayıdan zaman evdə olduğunu görmüşdür. O, Zərərçəkmiş şəxs onu narahat etdikləri halda niyə bunu demədiyini söyləmiş, aralarında mübahisə olmuş və Mehriban ona əşyalarını yığıb getməsini demişdir. O, mətbəxə keçərək “Maqa” adlı şəxsə zəng eləmiş, “Maqa” adlı şəxslə görüşməyə getmək üçün bıçağı götürmüşdür. Darvazanın girişində Mehirban Qarayeva onun yolunu kəsmiş, o da bıçaqla Mehribanı vurmuşdur. Əməlindən peşmandı, zərərçəkmiş şəxslə barışmış, onunla ər-arvad kimi birgə münasibətləri davam edir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi tədqiq edir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, İbrahimov Murad ilə 2021-ci ilin mart ayında tanış olmuşlar. Birgə yaşayırlar, dini nikahları var. “İnstagram” sosial şəbəkəsində Maqa adlı şəxslə tanış olub yazışdığı üçün Muradla aralarında mübahisə düşmüş, çünki Murad onun telefonunda yazışma görmüşdür. Murad Maqa adlı şəxsə zəng edərək onunla görüşmək istədiyini bildirmiş, o isə qarşısını kəsmək istəyən zaman darvazanın girişində bıçaqla vurulmuşdur. Təqsirləndirilən şəxslə barışmışdır, ondan heç bir şikayət və tələbi yoxdur, hazırda istintaq təcridxanasına ona baş çəkməyə gedir, ər-avad kimi birgə münasibətləri davam edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, anası qapının qabağında durmuş və İbrahimov Muradı getməyə qoymamışdır. Onun bıçaqla vurulmasını görməmiş, sonradan isə bilmişdir ki, Murad anasını bıçaq ilə vurmuşdur. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid2 ifadəsində göstərmişdir ki, anası Zərərçəkmiş şəxs və 11 yaşlı qardaşı Şahid1 ilə birlikdə Abşeron rayonu Digah qəsəbəsində yaşayır. Abşeron rayonu Xırdalan şəhəri 3 nömrəli tam orta məktəbin X sinfində oxuyur, qardaşı isə həmin məktəbdə Vİ sinifdə təhsil alır. Valideynləri yola getmədiyi üçün 2015-ci ilin əvvəllərində rəsmi qaydada boşanmışlar. Həmin vaxtdan o və qardaşı anası Mehribanın himayəsindədir. Anası Bakı şəhərində yerləşən “Mega Hand” geyim mağazasında satıcı işləyərək onların ehtiyaclarını qarşılayır. Təxminən 2 il əvvəl nənəsinin qohumu Murad anası Mehribanla münasibət qurmuş və həmin vaxtdan onlarla birlikdə yaşamağa başlamış, o və qardaşı Murada “Əmi” deyə müraciət etmiş, aralarındakı münasibətlər həmişə normal olmuşdur. Əvvəllər anası ilə Murad əmi arasında münasibətlər qaydasında olsa da, son zamanlar mübahisələr baş verir, ancaq mübahisələrin yaranma səbəbini bilməmişdir. 06 oktyabr 2022-ci il tarixdə saat 11:00 radələrində məktəbdə tənəffüsdə olarkən qardaşım Fateh mobil telefonuna ismarış yazaraq tez evə gəlməsini bildirmiş, Fatehdən bunun səbəbini soruşduqda cavab yazmamışdır. Bundan sonra çantasını yığaraq müəllimdən icazə alıb tez yaşadığı ünvana gəlmişdir. Darvazadan içəri keçib evə daxil olanda qardaşı qaça-qaça üzərinə gəlib anasına kömək etməyi istəmiş, həmin vaxt anasının və Murad əminin yataq otağında olduqlarını bilmişdir. Otaqdan anasının səsini eşidərək narahat olub qapını içəri tərəfə doğru itələyib açmağa çalışmış, lakin Murad əmi qapını çölə doğru itələdiyindən gücü çatmayacağını dərk edərək “Polis çağıracam” ifadəsini işlətmişdir. Murad əmi onun sözlərindən sonra qapını buraxmış, o, anası ilə Murad əminin arasına keçib mübahisənin qarşısını almağa çalışmış və mətbəxin pəncərəsinin açıq olmasından istifadə edib pəncərəyə doğru getmişdir. Ancaq Murad əmi gedib pəncərəni bağlamış və geri qayıtmışdır. Təxminən 3-4 dəqiqə ərzində davam edən mübahisənin ardından Fatehə qonşuları köməyə çağırması üçün evdən çölə çıxmasını bildirmiş, Fateh darvazanı açaraq çölə çıxmış Murad Fatehin arxasınca getsə də, onun həyətdən çölə çıxdığını görüb geri anasına doğru qayıtmış, anası pillələkənlərindən enəndə Muradın anası ilə dalaşacağını düşündüyü üçün ona yaxınlaşıb mane olmaq istəmişdir. Murad əmini tutub anasından geri çəkməyə çalışanda Murad sağ əli ilə onu itələmiş və o, yıxılıb başının sağ arxa tərəfindən xəsarət almış və bir anlığa huşunu itirmişdir.Bir qədər sonra anasının qışqırıq səslərindən ayılıb ayağa qalxmış, başı fırlansa da, müvazinətini itirməyərək anasına doğru qaçmış, anasını darvazanın yanında görüb darvazaya doğru qaçanda anası “İska, məni vurdu” sözlərini demişdir. O anasına doğru gedib sol yan nahiyəsindən bıçaq xəsarəti aldığını görmüş, belə ki, anasının əynində olan “kapri” adlandırılan geyim zədələnmiş və anasının yarasından qan axmış, bundan sonra anası darvazadan çölə çıxıb təxminən 5-6 metr irəliləmiş və daha gedə bilməyib xəsarətin təsirindən yerə yıxılmışdır. Fateh anasının vəziyyətini görüb təcili yanma qaçmış, elə bu zaman Murad əminin sağ əlində tutduğu bıçaqla darvazadan çıxdığını və boz rəngli “Toyota Prius” markalı avtomobilə əyləşib idarə edərək çıxıb getdiyini görmüşdür. (Cild 1, iş vərəqləri 210-211) Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid3 ifadəsində göstərmişdir ki, Mehriban Qarayev onun qonşuluğunda azyaşlı uşaqları ilə birlikdə yaşayır. Mehriban ailəsindən ayrıldıqdan sonra başqa bir şəxslə yaşamışdır. xx.xx.2022-ci il tarixdə yaşadığı evdə olarkən saat 12 radələrində Mehribanan oğlu Fateh evinin qapısı döyüb onu çağırmış, ona Muradın anası Mehribanı döydüyünü bildirmiş, o, qapıyı çıxdıqda Mehribanın xəsarət almış vəziyyətdə yerə uzandığını görmüş, Mehribanın qarın nahiyəsindən qan axxdığım görmüş, bundan sonra oraya təcili yardım maşını çağırılmış, həmçinin polis əməkdaşları da hadisə yerinə gəlmiş və Mehribana yardım edilərək xəstəxanaya aparılmışdır. O, hadisənin hansı səbəbdən və necə baş verdiyini görməmiş, sonradan bu barədə maraqlanmamışdır.Fateh onu çağırdıqda orada yalzın Mehribanı, oğlunu və qızını görmüşdür. (Cild 1, iş vərəqləri 249-250) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “Götürmə aparılması haqqında” 10 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs hadisə zamanı üzərində olmuş 01 ədəd kapri adlandırılan qadın geyimini təqdim etmişdir. (Cild 1, iş vərəqləri 50-52) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 2778 saylı rəyi ilə müəyyən edilmişdir ki, 1983-cii il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər qarının ön divarının daxilə nüfuz edən nazik bağırsağı yaralayan daxilə qanaxma törədən bir ədəd deşilmiş-kəsilmiş yarası, qarının sol yan aşağı bel nahiyəsinin bir ədəd, bel əzələləri arasında kor qurtaran deşilmiş kəsilmiş yarası, arxa bel nahiyəsinin bir ədəd səthi kəsilmiş yarası- iti deşici kəsixi alətin təsirindən törənmişdir, müddəti xx.xx.2022-ci il tarixə uyğun gəlir. Dərəcəsinə görə qarının ön divarının daxilə nüfuz edən nazik bağırsağı yaralayan daxilə qanaxma törədən bir ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Dərəcəsinə görə qarının sol yan aşağı bel nahiyəsinin bir ədəd, bel əzələləri arasında kor qurtaran deşilmiş kəsilmiş yarası, arxa bel nahiyəsinin bir ədəd səthi kəsilmiş yarası isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. (Cild 1, iş vərəqləri 38-39) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən MTE və PA X5 Şəxsindən alınmış xx.xx.2023-cü il tarixli, 97-MTKŞ/2023 nömrəli rəylə müəyyən edilmişdir ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs qızma məxsus 01 ədəd kaprinin arxa səthində 1 ədəd deşilmiş- kəsilmiş zədə aşkar olundu. Bu zədə küpü, kafi itilikdə olan ülgücü və iti ucu olan yastı tipli deşici-kəsici alətin (ola bilsin bıçağın) təsirindən törənmişdir. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs qızma məxsus 01 ədəd kaprinin arxa səthində 1 ədəd deşilmiş-kəsilmiş zədə onun qarının sol yan aşağı bel nahiyəsinin bir ədəd, bel əzələləri arasında kor qurtaran deşilmiş-kəsilmiş yarası isə nisbi olaraq üst-üstə düşür. Zərərçəkmiş şəxs qarının ön divarının daxilə nüfuz edən nazik bağırsağı yaralayan daxilə qanaxma törədən bir ədəd deşilmiş-kəsilmiş yarası, arxa bel nahiyəsinin bir ədəd səthi kəsilmiş yarası kapri üzərində öz əksini tapmamışdır. (cild 1, iş vərəqləri 66-68) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən MTE və PA X5 Şəxsindən alınmış xx.xx.2023-cü il tarixli, 135/2023-MTBŞ nömrəli rəylə müəyyən edilmişdir ki, ekspertizapya təqdim edilmiş Zərərçəkmiş şəxs qızma məxsus qısa şalvar (kapri) üzərində qana bənzər hər hansı ləkə aşkar olunmadı. (Cild 1, iş vərəqləri 69- 71) Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinə görə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin tələblərini rəhbər tutaraq qeyd edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabı ilə Təqsirləndirilən şəxs məhkumluğunun olmadığı müyyən olunur. Cinayət işinin materiallarında olan zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizə ilə müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxs ilə barışıq əldə etməklə ona vurulmuş ziyanı tam ödəmişdir. Həmçinin elektron məhkəmə sistemindəki məlumatlardan görünür ki, təqsirləndirilən şəxsin azyaşlı uşağı vardır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin himayəsində azyaşlı uşağının olması, zərərçəkmiş şəxslə barışması və ona vurulmuş ziyanı tam ödəməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4, 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar hesab edilir. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən həmin Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə cinayət qanununun bu tələbi baxımdan hesab edir ki, təqsirləndirilən şəxsin əməlindən peşman olması, ona qarşı heç bir şikayət və tələbin olmaması, zərərçəkmiş şəxslə fakitiki ər-arvad münasibətlərində olmaqla birgə yaşamaları da onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə aşağıdakı əsaslara görə Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı şərti olaraq çəkməklə də islah olunmasını mümkün hesab edir. Belə ki, təqsirləndirilən şəxs öz əməlindən nəticə çıxarmaqla səmimi peşmandır. Təqsirləndirilən şəxsi cinayəti xuliqanlıq və ya sair alçaq niyyətlə törətməmiş, ər-arvad kimi birgə yaşadığı zərərçəkmiş şəxsin sosial şəbəkdə başqa kişi ilə yazışması səbəbindən aralarında mübahisə yaranmışdır. Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmişə xəsarət yetirilməsi ilə bağlı vurulmuş ziyan tam olaraq ödənilmiş, aralarında barışıq vardır. Hım zərərçəkmiş şəxs, həm də təqsirləndirilən şəxs faktiki olduqları birgə ər-arvad münasibətlərini davam etmək niyyətində olmalarını məhkəmədə bildirmişlər. Təqsirləndirilən şəxsin himayəsində azyaşlı uşaq vardır. Təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında barışıq baş verdiyi və cinayət nəticəsində hər hansı bir bərpa oluna bilməyən ağır nəticələr baş vermədiyi bir halda, cəzanı yüngülləşdirən halların məcmusunu nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti olaraq da çəkməsi ilə cəzanın məqsədinə nail olması və sosial ədalətin bərpa edilməsi mümkündür. Cinayət törətmiş şəxs barəsində şərti məhkum etmənin tətbiqi məsələsi həll olunarkən, cinayət qanununun yalnız bu instituta həsr olunmuş normaları deyil, cinayət cəzasının təyin edilməsi ilə bağlı qanunda nəzərdə tutulmuş bütün uyğun normaların tələbləri nəzərə alınmalıdır. O cümlədən, təqsirə görə məsuliyyət (maddə 7), ədalət (maddə 8), humanizm (maddə 9) prinsipləri gözlənilməli, cəzanın məqsədləri və cəzanın təyin edilməsinin ümumi əsasları haqqında Cinayət Məcəlləsinin müvafiq olaraq 41.2 və 58-ci maddələrinin göstərişlərinə riayət olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Təsvir edilən normaların mənasına görə, təqsirkar şəxsin təyin olunmuş cəzanı çəkmədən islah olunacağına dair inam onun barəsində şərti məhkum etmə institutunun tətbiqini şərtləndirən əsas kimi çıxış etməli, bu cür inam isə Cinayət Məcəlləsinin 58.3-cü maddəsində göstərilən bütün halların məcmusundan, o cümlədən cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, təqsirkarın şəxsiyyətinin, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən edilib nəzərə alınmasından irəli gəlməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qərara alınmışdır ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Bu məqsədlə Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyyə olunmuşdur ki, cəzanın növü və həddini müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli Qərarının 2ci bəndinə əsasən Cinayət Məcəlləsinin 59-cu maddəsinə görə cinayətin yetkinlik yaşına çatmayanlar tərəfindən törədilməsi cəzanı yüngülləşdirən hal hesab edildiyindən yetkinlik yaşına çatmayanlara cəza təyin edilərkən məhkəmə ilk növbədə təqsirkara azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza növü təyin edilməsinin mümkünlüyü məsələsini müzakirə etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” 08 dekabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, şərti məhkum etmə və cəzanın çəkilməsinin təxirə salınması cinayəthüquqi məsuliyyətin qanunvericilikdə müəyyən edilmiş hallarda və əsaslarla tətbiq edilən güzəştli formasıdır. Qanunverici humanizm prinsipindən çıxış edərək müəyyən kateqoriya şəxslərin cəzanı real olaraq çəkmədən, cəmiyyətdən təcrid edilmədən də islah olunmasını mümkün hesab etdiyi təqdirdə, bu cinayət-hüquqi vasitələrdən istifadə edilməsinin mümkünlüyünü təsbit etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi də qeyd edir ki, hüquq pozuntusunun azadlıqdan məhrumetmə ilə cəzalandırılması özü-özlüyündə həlledici səciyyə daşımır, belə ki, veriləcək cəzanın nisbətən yüngül olması hüquq pozuntusunun cinayət hüququ xarakterini aradan qaldıra bilməz. (Öztürk Almaniyaya qarşı, § 53; X2rşı, § 26). Qeyd olunan halları, qanunun ədalət və humanizm prinsiplərini nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxsin ictimai təhlükəli olmadığını və azadlıqdan məhrum etmə növündə cəzanı şərti olaraq çəkməklə islah oluna biləcəyini mümkün hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, şərti məhkum etmə təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.3-cü maddəsində göstərilən hədlər daxilində sınaq müddəti müəyyən olunmalıdır. Təqsirləndirilən şəxsin üzərinə sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanın məlumatı olmadan daimi yaşayış yerini dəyişməmək vəzifələri qoyulmalıdır. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə minib icraya yönəldiyi tarixdən hesablanmalıdır. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı axtarışda olan Təqsirləndirilən şəxs barəsində Abşeron rayon məhkəməsinin 17 avqust 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Təqsirləndirilən şəxs 17 yanvar 2024-cü il tarixdə Rusiya Federasiyasında tutulmuş və daha sonra Azərbaycan Respublikası ekstradisiya edilməklə tutulduğu vaxtdan o, fasiləsiz olaraq həbsdə saxlanılmışdır. tutulmuş, Abşeron rayon məhkəməsinin 15 iyun 2024-cü il tarixli və 11 iyul 2024cü il tarixli qərarları ilə onun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılmışdır. Daha sonra həmin məhkəmənin 14 avqust 2024-cü il tarixli qərarı ilə onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək ev dustaqlığı növündə qətimkan tədbiri ilə əvəz olunmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Abşeron rayon Məhkəməsinin 14 avqust 2024-cü il tarixli qərarı apellyasiya protestinə əsasən ləğv edilərək Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Daha sonra Abşeron rayon Məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılmışdır. Məhkəmə icraatı zamanı onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Təqsirləndirilən şəxs ümumilikdə 09 ay 14 gün həbsdə və ev dustaqlığında olmuşdur. (Cild 1, iş vərəqləri 94-102, 149-160, 189, 115-121, 178-182, 222-230, 251-257, 304-308 ) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinin tələbinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Abşeron RPİ-də saxlanılan qısa şalvar sahibinə qaytarılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, mülki iddianın həlli və məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən qeyd edir ki, iş üzrə məhkəmə xərci yoxdur. İş üzrə mülki iddia yoxdur. Bundan başqa, təqsirləndirilən şəxsin məhkəmədə müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etdilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.1996-cı il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 01 (bir) il sınaq müddəti ilə şərti hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal azad edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddətinin əvvəli məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanın məlumatı olmadan daimi yaşayış yerini dəyişməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət Sabirabad rayon İcra və Probasiya Şöbəsi tərəfindən həyata keçirilsin. İş üzrə maddi sübut olub Abşeron RPİ-də saxlanılan qısa şalvar zərərçəkmiş şəxsə qaytarılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar