Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-81/2025 09.01.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi –“Şimal” Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin iştirakları ilə, 01 avqust 1994-cü il tarixdə Bərdə rayonu, Kolayır kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Bərdə rayon məhkəməsinin 13 aprel 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 10 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və 24 dekabr 2022ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, fərdi əməklə məşğul olan, Bərdə rayonu, Kolayır kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri hazırda seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1 və 228.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silahı, onun komplekt hissələrini, döyüş sursatını və satış məqsədi olmadan külli miqdarda narkotik vasitələri əldə edib daşımaqla saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq odlu silah avtomatı, onun komplekt hissəsi darağı və döyüş sursatı 06 ədəd patronu, həmçinin satış məqsədi olmadan, qanunsuz olaraq, külli miqdarda, yəni 600 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib daşımaqla üzərində saxlamış, Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, 18 fevral 2024cü il tarixdə, saat 03 radələrində Quba şəhərində yerləşən, X5 Mərkəzinin arxasında saxlanılaraq orada üzərində şəxsi axtarış aparılan zaman əlində olan 01 ədəd parça materiallı torbada 01 ədəd nömrəsi silinmiş 5,45 mm kalibrli, zavod üsulu ilə keçmiş SSRİdə istehsal olunmuş, yivli odlu silah hesab edilən, texniki cəhətdən saz və atəşə yararlı, Kalaşikov konustruksiyalı, AKS-74 modelli avtomat, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, texniki cəhətdən sazdır və istifadə üçün yararlı, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi olan daraq, 06 ədəd zavod üsulu ilə keçmiş SSRİ-də istehsal olunmuş, döyüş sursatları hesab edilən və atəşə yararlı, 5,45x39 mm kalibrli olmaqla həmin kalibrli Kalaşikov konustruksiyalı silahların ştat patronları, həmçinin 01 ədəd qara polietilen bağlamada olan 01 ədəd ağ rəngli polietilendə ümumi təmiz çəkisi 600,0 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, ümumiyyətlə, narkotik vasitə istifadəçisi deyildir. Əvvəllər də narkotik vasitə istifadəçisi olmamışdır. O, fəhlə işləyirdi. Əvvəllər ailəsi ilə birlikdə Bərdə rayonunda yaşamış, özü bir il yarım müddətdir ki, Bakı şəhərində yaşayır. Bakı şəhəri, Suraxanı rayonu ərazisində yaşayarkən Seymur adlı şəxsi bibisinin yaşadığı mənzilə gələrkən orada görürdü. Seymur adlı şəxsin bibisi bildirmişdi ki, Quba rayonunda işlə bağlı fəhlə lazımdır. O da razılaşmışdır. Bu təklif ona 17 fevral 2024-cü il tarixdə təxminən saat 23:00 radələrində edilmişdi. 18 fevral 2024-cü il tarixində gecə saat 03:00-da biz 3 nəfər şəxslə birlikdə qırmızı rəngli “Chevrolet” markalı nəqliyyat vasitəsi ilə Quba rayonuna yola düşmüşlər. Seymur adlı şəxsdən əlavə üçüncü şəxs nəqliyyat vasitəsini idarə edən tanımadığı şəxs idi. Seymur adlı şəxs ona Quba şəhərində yük doldurmağı təklif etmiş, o da onunla razılaşmışdır. Həmin zaman Seymur adlı şəxs ona içində iş geyiminin olduğu torbanı götürməyi bildirmiş və özünün isə yük maşınını götürüb gələcəyini bildirmişdir. O, torbanı götürdükdən sonra ondan şübhələnmişdir. Açıb baxmaq istəyəndə bu zaman o, tanımadığı şəxslər tərəfindən saxlanılmışdır. Torbanın içərisindən silah, patron və narkotik vasitə aşkar olunmuşdur. Seymur adlı şəxs ona 60 kisə qum və 30 kisə sement yükləməyi və müqabilində 150 manat verəcəyini bildirmiş, o da razılaşmışdır. Torbanın içərisində silah və narkotik vasitə olduğunu bilməmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində o, Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-1 ci maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bərdə rayonu, Kolayır kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Biləcəri qəsəbəsində kirayədə yaşayır. Tikintilərdə fəhlə kimi işləyərək fərdi əməklə məşğul olur. 17 fevral 2024cü il tarixdə saat 22 radələrində Bakı şəhəri “malakan” bağında olan zaman tanımadığı şəxs ona yaxınlaşaraq alışqan isdəyib, o da həmin şəxsdən siqaret alıb. Söhbət əsnasında həmin şəxs ona Quba rayonunda narkotik vasitə və silah olduğunu, onun dediyi yerdən narkotik vasitəni və silahı götürüb deyəcəyi yerə aparacağı halda ona 1000 (bir min) manat pul verəcəyini bildirib. Onun da pula ehtiyacı olduğundan həmin narkotik vasitəni və silahı götürdükdən sonra Bakı şəhərinə, onun dediyi yerə aparıb qoyacağı ilə razılaşıb. O, razılaşdığından 18 fevral 2023-cü il tarixdə saat 03 radələrində Quba rayonuna həmin şəxslə birlikdə gəlib və həmin şəxsin ona bildirdiyi yerə çatıb. Həmin yer o, çatdığında qaranlıq olub, ətrafda heç kim olmayıb, o, həmin yerə baxanda 01 ədəd parçaya bükülü əşya görüb. Bükülünü götürüb və yola çıxıb. Təxminən 150-200 metr yola tərəf gəldikdən sonra 2 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb polis əməkdaşları olduqlarını deyərək özlərini təqdim ediblər. Polis əməkdaşları onun narkotik vasitələrin istifadəsində, dövriyyəsində və odlu silah saxlamağında şübhəli bilindiyini ona izah ediblər. Əlində olan bükülmüş kütlənin nə olduğunu soruşdular və o, silah və narkotik olduğunu deyib. Daha sonra həmin yerə digər polis əməkdaşları yaxınlaşıb. Bundan sonra dəvət olunmuş vəkilin iştirakı ilə üzərində şəxsi axtarış aparılacağı elan edilib. O, etiraz etməyib. Polis əməkdaşı ona üzərində olan qanunsuz əşyaları çıxarıb təqdim etməyi bildirib. Videokamera vasitəsi ilə üzərinə şəxsi axtarış keçirilən zaman o, əlində olan 01 (bir) ədəd parçaya bükülmüş bükümü təqdim edib. Həmin bükülü açıldığı zaman içədisindən 01 ədəd avtomat, 01 ədəd avtomat darağı, həmin darağın içərisində 06 ədəd patron və 01 ədəd qara sellofanda olan narkotik vasitə aşkar edilib. 01 ədəd avtomat, 01 ədəd avtomat darağı və 06 ədəd patron qablaşdırılaraq ekspertizaya təqdim olunmasından ötrü götürülüb. O və vəkili avtomatın, darağın və patronun olduğu qablaşdırılmanın üzərini imzalayıb. Bu barədə müvafiq sənədləşdirmə olunub, tərtib edilmiş protokol tərəfindən imzalanıb. Bundan sonra üzərindən aşkar edilmiş narkotik vasitə olan marixuana sellofan ilə birlikdə elektron tərəzidə ölçülüb qablaşdırılaraq ekspertizaya təqdim olunmasından ötrü götürülüb. O və vəkili narkotik vasitə qurudulmuş marixuana olduğu qablaşdırılmanın üzərini imzalayıb. Bu barədə müvafiq sənədləşdirmə olunub, tərtib edilmiş protokol tərəfindən imzalanıb. Üzərindən başqa qanunla gəzdirilməsi və ya daşınması qadağan olunmuş əşya, narkotik vasitə və ya psixotrop maddə aşkar edilməyib. Bütün bu hərəktlər videokamera ilə qeydə alınıb. Şəxsi axtarış başa çatdıqdan sonra polis əməkdaşları bu barədə protokol tərtib edib, həmin protokol bütün iştirakçılara ucadan oxunub, heç bir etiraz daxil olmadığı üçün bütün iştirakçılar, həmçinin də o və vəkili tərəfindən imzalandığını bildirmişdir. (Cild 1, iş vərəqləri 164-166) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi tədqiq edir. Məhkəmədə şahid qismində dindirilmiş Quba Rayon Polis X4 Bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs barəsində qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmasına, üzərində silah gəzdirməsinə dair əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında əməliyyat qrupu yaradılmış və əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmişdir. 18 oktyabr 2024-cü il tarixdə, təxminən saat 03:00 radələrində əməliyyat qrupu ilə birlikdə Quba Rayon Diaqnostika Mərkəzinin arxasında həmin şəxsi aşkar etmiş və özlərini ona təqdim etmişlər. Müdafiəçinin iştirakı və videoçəkiliş vasitəsilə onun üzərinə baxış keçirilmişdir. Həmin zaman onun əlindəki torbadan silah və narkotik vasitə aşkar edilmişdir. Təqsirləndirilən şəxs qarşı hər hansı təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs saxlanılması zamanı ətrafda hər hansı avtomobil və kimsə olmamış, o tək olmuşdur. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid2 ifadəsindən görünür ki, o, digər Şahid1la oxşar məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. (Cild 1, iş vərəqləri 116-119) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “Şəxsi axtarışın keçirilməsi barədə” 18 fevral 2024-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış aparılan zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılarkən əlində olan 01 (bir) ədəd parçaya bükülmüş bükümü təqdim etmişdir. Həmin bükülü açıldığı zaman içərisindən 01 ədəd avtomat, 01 ədəd avtomat darağı, həmin darağın içərisində 06 ədəd patron və 01 ədəd qara sellofanda olan narkotik vasitə aşkar edilmişdir. “Şəxsi axtarışın keçirilməsi barədə” 18 fevral 2024-cü il tarixli protokolda əks olunan əməliyyat-istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı 01 ədəd “DVD” formatlı disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən həmin videogörüntülərin əks olunduğu diskə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin şəxsi axtarışı zamanı protokollarda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. (Cild 1, iş vərəq 30) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə fizikikimyəvi ekspertizasının 18 fevral 2024-cü il tarixli 3-16-16/2-7/273 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində " Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ..." sözləri yazılmış üzəri skoçla bağlanmış qara rəngli polietilen bağlamada bir ədəd ağ rəngli polietilen torbada təmiz çəkisi 600,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə marixuanadır. (Cild 1, iş vərəqləri 40-43) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəməbalistik ekspertizasının 19 fevral 2024-cü il tarixli 24/370 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş 01 ədəd nömrəsi silinmiş silah 5,45 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövründə istehsal olunmuş, Kalaşnikov konstruksiyalı, AKS-74 modelli avtomatdır, yivli odlu silahdır, texniki cəhətdən şaxdır və atəş üçün yararlıdır. Silahın hissə və mexanizmləri üzərində sonradan təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 5,45x39 mm kalibrli partonlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov onstruksiyalı avtomatların komplekt hissəsidir-darağdır, döyüş sursatı hesab edilmir, texniki cəhətdən şaxdır və istifadə üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 06 ədəd patron zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat partonlarıdır, döyüş sursatıdırlar və atəş üçün yararlıdırlar. (Cild 1, iş vərəqləri 53-59) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş narkoloji ekspertizasının keçirilməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin Ambulator X1 Komissiyasının 19 aprel 2024-cü il tarixli 2507 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (Cild 1, iş vərəqləri 136-137) Cinayət işinin materiallarında olan “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə” 23 may 2024-cü il tarixli qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq qalan 599,95 qram qurudulmuş marixuana, AKS-74, daraq və 06 ədəd patron maddi sübut kimi tanınaraq Quba RPŞ-nin maddi sübutları saxlanc anbarına təhvil verilmişdir. 01 ədəd disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir.(Cild 1, iş vərəqləri 144- 152) Məhkəmə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsində göstərdiyi halları, yəni torbanın içərisində silah və narkotik vasitə olduğunu bilmədiyi və s. ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab etməklə belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi işin obyektiv hallarına uyğun olduğundan, həmin ifadə daha səmimi ifadə və mötəbər sübut kimi qəbul olunmalıdır. Bununla belə məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərdiyi xüsususatlara, yəni 1000 manat müqabilində narkotik vasitənin və odlu silahın bir ünvandan götürüb digər ünvana qoyulması ilə əlaqədar razılığa gəlməsi ilə bağlı hallara münasibət bildirməklə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü il tarixli, 8 №-li Qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə müvafiq olaraq az ağır və ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-1-ci maddələrinin sanksiyaları həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından və müvafiq məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs 02 oktyabr 2017-ci il tarixli hökm ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay islah işləri cəzasına məhkum olunmuş və məhkumluğu ödənilmişdir. Daha sonra o, Bərdə rayon məhkəməsinin 13 aprel 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 10 ay azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 24 dekabr 2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. (Cild 1, iş vərəqləri 102, 106-114) Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədiyindən o, hazırkı iş üzrə məhkum olunmuş şəxs hesab olunmalıdır. Məhkəmə qeyd edir ki, qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş təqsirləndirilən şəxs yenidən qəsdən cinayət törətdiyinə görə onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən cinayətlərin residivi olduğundan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən bu hal onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin məhkum olunmaqla əməlində cinayətlərin residivinin olmasını, eləcə də əvvəlki məhkumluğunun ödənildiyini vurğulamaqla yanaşı qeyd edir ki, ödənilmiş məhkumluqlar təqsirləndirilən şəxsə münasibətdə hər hansı bir hüquqi nəticə doğurmasa da, onun şəxsiyyətini xarakterizə edən hallar kimi məhkəmə tərəfindən nəzərdən keçirilməyə bilməz. Belə ki, təqsirləndirilən şəxs əvvəllər 2 dəfə məhkum edilmiş, lakin əvvəlki məhkumluqlardan, ona təyin edilmiş cəzalardan nəticə çıxarmamış və islah yoluna düşməyərək yenidən daha ağır cinayətlər törətmişdir. Bu amillər isə təqsirləndirilən şəxsin şəxsiyyətinin cinayətə meyilli olmasının bilvasitə təzahürüdür. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən yuxarıda təsvir olunan hallar ona cəza təyi edilərkən nəzərə alınmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza həmin Məcəllənin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 18 fevral 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Quba rayon məhkəməsinin 19 fevral 2024-cü il tarixli qərarı ilə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Daha sonra, həmin məhkəmənin qərarı ilə həbsdə saxlanılma müddəti uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 83-86, 187-188) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 18 fevral 2024-cü il tarixdən hesablanmalıdır. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunmur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edirək qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, cinayət işi üzrə maddi sübut olub Quba RPŞ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 599,95 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, 01 ədəd 5,45 mm kalibrli nömrəsi silinmiş “AKS-74” modelli avtomat silahı, 01 ədəd daraq və 03 ədəd 5,45 mm kalibrli patron Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. 01 ədəd “DVD” formatlı disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 72 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Bundan başqa, təqsirləndirilən şəxsin məhkəmədə müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etdilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1 və 228.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu Təqsirləndirilən şəxs qəti olaraq 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 18 fevral 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olub Quba RPŞ-də saxlanılan tədqiqatından sonra qalıq çəkisi 599,95 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, 01 ədəd 5,45 mm kalibrli nömrəsi silinmiş “AKS-74” modelli avtomat silahı, 01 ədəd daraq və 03 ədəd 5,45 mm kalibrli patron Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. Təqsirləndirilən şəxs 72 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-81/2025
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-81/2025
09.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver