Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-816/2024 06.12.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: X8 (sədrlik edən), X3 və X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi Zeynallı Elgiz Çingiz oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – X6, müdafiəçi – “Alfa” Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs X1 iştirakları ilə, xx.xx.1975-ci ildə Sumqayıt şəhərində doğulmuş, Rusiya Federasiyasının vətəndaşı, evli, işləməyən, ünvan 1 ünvanda müvəqqəti yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: X5 qəsdən insan həyatı üçün təhlükəli olan xəsarətlər yetirməklə zərərçəkmişin sağlamlığına ağır xəsarət yetirmişdir. Belə ki, o, 20 sentyabr 2023-cü il tarixdə saat 23 radələrində Şabran rayonu, Düzbilici kəndində ata evinin qonşuluğunda Zərərçəkmiş şəxs evinin həyətində yeyibiçmək masasında nalayiq ifadələr işlənmə səbəbindən aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs masanın üstündən götürdüyü zavod üsulu ilə hazırlanmış məişət təyinatlı bıçaqla qəsdən onun qarın boşluğuna keçib böyük piyliyin zədələnməsi ilə nəticələnmiş həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran deşilmiş-kəsilmiş yara yetirdikdən sonra aralarında yaranmış şəxsi münasibətlər zəminində Zərərçəkmiş şəxs üz və baş nahiyyəsinə yumruqları ilə Zərərçəkmiş şəxs yerə yıxıldıqdan sonra yumruq və təpikləri ilə onun baş beyin toxumasının ağır dərəcəli əzilməsi, soltərəfli kəskin subdural hematoma (baş beynin sərt qişası altına qan yığıntısı), sol təpə-gicgah nahiyəsinin yumşaq toxumalarının əziyi, sağ ağız bucağının cırılmış yarası, boynun və döş qəfəsinin səthi zədələnməsi kimi xəsarətlər yetirməklə əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə əlaqədar zərərçəkmişin həyatı üçün təhlükəli olması əlamətinə əsasən qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, Sumqayıt şəhərində doğulmuş və böyümüşdür. 1999-cu il tarixdə Azərbaycan Respublikasından işlə bağlı Rusiya Federasiyasına getmiş, 2022-ci il tarixdə rəsmi olaraq Rusiya Federasiyası vətəndaşlığını qəbul etmişdir. Ailəlidir, 2 övladı vardır. 28 iyul 2023-cü il tarixdə babasının, nənəsinin məzarını ziyarət etmək üçün Rusiya Federasiyasından Azərbaycan Respublikasına gəlmişdir. İşlərinin çox olması səbəbindən o, Rusiya Federasiyasına tez bir zamanda qayıda bilməmiş və 22 sentyabr 2023-cü il tarixdə, saat 10:35-də geri dönmək üçün elektron aviabiletini almışdır. 20 sentyabr 2023cü il tarixdə kəndinə, yəni Şabran rayonu, Düz bilici kəndinədiki evinə gəlmişdir. Həmin vaxt həmkəndlisi və onunla qonşuluqda yaşayan Zərərçəkmiş şəxsla evin qarşısında görüşüb bir biriləri ilə hal-əhval tutmuş, Sadiq onu yaşadığı evin həyətinə dəvət etmişdir. O, evin həyətinə daxil olan zaman Sadiqin yaşadığı evin həyətində tanımadığı bir nəfər şəxs də olmuşdur. Sadiq ona onlarla yeyib içmək təklif etsə də o, babasının məzarını ziyarət edəcəyini bildirib yemək yeyib içki içməkdən imtina etmişdir. Evdəkilərlə babasının məzarını ziyarət etdikdən sonra yenidən kəndə qayıtmışdır. Saat təxminən 23 radələrində o, yaşadığı evin qarşısına çıxmış və telefonda şəbəkə olmadığından kənd içərisində gəzişməyə başlamışdır. Bu zaman gəzə-gəzə Sadiqin evinin qarşısına yaxınlaşmış və Sadiqi səsləmiş və Sadiq onu evinin həyətinə dəvət etmişdir. Evin həyətinə daxil olduqdan sonra Sadiq və həmin tanımadığı adamla birlikdə masa arxasına əyləşmişdir. Sadiq ona yenə də içki içməsini təklif etdikdən sonra o, bir daha ona içki içmək istəmədiyini bildirmişdir. O, içki içməyə etiraz etdikdən sonra Sadiq ona nalayiq ifadə işlətmişdir. Ayağa qalxaraq Sadiqə nalayiq ifadələr işlətməsi ilə bağlı irad tutduqda Sadiq əlləri ilə onun gödəkçəsindən yapışmışdır. O, ayağa qalxaraq nə qədər onun əlindən çıxmağa çalışsa da, bu mümkün olmamışdır. Həmin vaxt Sadiqlə evin dəhliz hissəsindən çıxaraq artıq evin həyətində dayanmışlar. O, Sadiqin ona nalayiq ifadələr işlətməsinə baxmayaraq yenə də özünü toparlayıb Sadiqə evə getməli olduğunu, belə hərəkətlər etməməsini bildirmişdir. Evin həyətində Sadiq stolun üzərində olan baltanı götürərək yenə onun üzərinə hücum çəkməyə başlamışdır. Həmin vaxt Sadiqin əlindəki baltanı onlarla bir masada əyləşən adını bilmədiyi şəxs alaraq yerə atmış və Sadiqə belə hərəkət etməməsini bildirmişdir. Baltanı Sadiqin əlindən alqıdan sonra Sadiq stolun üzərindəki bıçağı götürərək onun sağ qarın nahiyəsinə vurmuş və bu zaman qarın nahiyəsindən qan açıldığını, hətta iç orqanlarının, qarın yağının çölə çıxdığını görmüşdür. Həmin vaxt ağrının həddindən artıq güclü olması səbəbindən özünü itirərək Zərərçəkmiş şəxs özündən uzaqlaşdırmaq üçün onun sifət nahiyəsinə bir yumruq zərbəsi endirmiş, yumruq zərbəsi nəticəsində Sadiq yerə yıxılmışdır. Onlarla bir yerdə olan şəxs evdən mələfə gətirərək onun qarın nahiyəsini bağlamışdır. Bundan sonra o, nələr olduğunu xatırlamır. Sadəcə gözlərini açdıqdan sonra xəstəxanada olduğunu görmüşdür. O, hal-hazırda zərərçəkmiş şəxslə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Ona görə də barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs Kamil oğlu ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, lakin onun atası Fəzail Nurullayev ilə Şabran rayonunda qonşu olmuşlar. Münasibəti də daima yaxşı olmuşdur. 20 sentyabr 2023-cü il tarixdə Ədalət ilə arasında baş vermiş mübahisə və sonradan baş vermiş dava-dalaş ilə bağlı demək olar ki, heç nə xatırlamır. Həmin hadisə ilə bağlı bildiklərini isə tanışı Şaməhməddən öyrənmişdir. Şanəhmədin deməsinə görə isə o, Ədalət ilə evin həyətində mübahisə edən zaman o da evin içərisində olmuşdur. Bundan sonra Ədalətin səsinə çölə çıxmış və onun qarnından bıçaqla vurulduğunu görüb ona köməklik etdikdən sonra Ədalət də onun üzərinə gələrək döymüşdür. Lakin bir daha bildirir ki, bu dediklərinin hamsını o, Şaməhməddən öyrənmişdir. Özü hadisə ilə bağlı heç nə xatırlamır. Bu hadisədən sonra bir neçə dəfə cərahiyyə əməliyyatı keçirib, yaddaşını itirib. O, hal-hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona dəyən maddi ziyan ödənilmişdir və heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərmişdir ki, 20 sentyabr 2023-cü il tarixdə tanışı Sadiq ona zəng edərək Şabran rayonuna gəldiyini, onunla birgə Şabran rayonu, Nohurlar kəndində yeyib-içməyə gedəcəyini bildirmiş, bir neşə saat sonra Sadiq Şabran rayonuna gəlmiş və onlar Şabran rayon mərkəzi bazarından bazarlıq edib Sadiqin Şabran rayonu, Düzbilici kəndində yerləşən evinə getmişlər. Evin həyətində manqal qalayıb Sadiqlə yeyib içməyə başladıqdan bir az sonra Sadiqin bacanağı Mikayıl adlı şəxs də onların yanına gəlmişdir. Mikayıl bir qədər onlarla süfrə arxasında oturduqdan sonra işlərinin olduğunu deyərək onlardan ayrılmışdır. Onlar isə Sadiqlə yeyib içməyə davam etmişlər. Axşam saat təxminən 23 radələrində Sadiqin evinə tanımadığı sonradan adının Ədalət olduğunu bildiyi şəxs gəlmişdir. Həmin vaxt onlar Sadiqlə ikisi evdə oturub televizora baxırmışlar. Ədalət evə daxil olduqdan sonra Sadiq ilə söhbət etməyə başlamışdır. Bir qədər sonra onlar hanısa bir məsələni müzakirə etməyə başlamışlar. O da onlara istirahət etdiyini, onu narahat etməmək üçün çölə çıxmaqlarını bildirmişdir. Bundan sonra onlar evin həyətinə çıxmışlar. Bir neçə dəqiqə sonra isə Ədalətin qışqırıq səsini eşidib evin həyətinə çıxmış, çölə çıxan zaman Ədalətin qarın nahiyəsindən qan gəldiyini görüb dərhal evə daxil olub döşəyin üzünü götürərək Ədalətin yanına gələrək həmin üzlük ilə onun qarnını bağlamışdır. Ədalət bundan sonra Sadiqin üzərinə gedib onun sifət nahiyəsindən yumruqla vurmağa başlamışdır. Sadiq onun zərbəsindən yerə yıxılmışdır. Ədalət Sadiqin yerə yıxılmasından sonra onun sifət və baş nahiyəsinə təpiklə də vurmuşdur. O, onları ayırmağa çalışsa da onları ayıra bilməmişdir. Ədalət Sadiqi bir qədər döydükdən sonra ondan əl çəkmiş və ona kim soruşsa özünə xəsarət yetirdiyini deməsini bildirmişdir. Bundan sonra o, Sadiqi oradan götürüb evə gətirmişdir. Yerdə uzadıb üzərini örtmüşdür. Daha sonra Sadiqin qohumu Mikayıl adlı şəxsə zəng edib təcili tibbi yardım çağırmasını bildirmiş, bir qədər sonra Təcili tibbi yardım gəlmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan “hadisə yerinə baxış keçirilməsi haqqında” 20 sentyabr 2023-cü il tarixli protokoldan və protokola əlavə edilmiş foto cədvəldən görünür ki, hadisə Şabran rayonu, Düzbilici kəndində yerləşən Sadıq Şərifova məxsus fərdi yaşayış evinin həyətində baş vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan Zərərçəkmiş şəxs Kamil oğlu ona təqdim edilmiş bıçağı tanıyaraq Adalat Nurullaevi həmin bıçaqla vurduğunu göstərərək bir daha təsdiq etmiş, bu barədə xx.xx.2023-cü il tarixli protokol da tərtib edilərək iş materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 232 nömrəli rəyindən də görünür ki, X1 bədəni üzərində qarnın sağ yarsının ön divarının qarın boşluğuna keçib böyük piyliyin zədələnməsi ilə nəticələnmiş deşilmiş-kəsilmiş yarası aşkar olunmuşdur. Həmin xəsarət deşici-kəsici əşyanın təsirindən törənmişdir. Törənmə müddəti 20 sentyabr 2023-cü il tarixə uyğun gəlir və həyat üçün təhlükəli olması əlamətinə əsasən sağlamlığa ağır zərər vurmaya aid edilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 267 nömrəli rəyindən də görünür ki, X6 bədəni üzərində qapalı kəllə-beyin travması, baş beyin toxumasının ağır dərəcəli əzilməsi, soltərəfli kəskin subdural hematoma (baş beynin sərt qişası altına qan yığıntısı), sol təpə-gicgah nahiyəsinin yumşaq toxumalarının əziyi, sağ ağız bucağının cırılmış yarası, boynun və döş qəfəsinin səthi zədələnməsi aşkar edilmişdir. Həmin xəsarətlər bərk əşyanın (əşyaların) təsirindən törənmişdir, törəmə müddəti 20 sentyabr 2023-cü il tarixə uyğun gəlir və hamısı birlikdə həyat üçün təhlükəli olması əlamətinə əsasən sağlamlığa ağır zərər vurmaya aid edilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 103 nömrəli rəyindən də görünür ki, X6 bədəni üzərində qapalı kəllə-beyin travması, baş beyin toxumasının ağır dərəcəli əzilməsi, soltərəfli kəskin subdural hematoma (baş beynin sərt qişası altına qan yığıntısı), sol təpə-gicgah nahiyəsinin yumşaq toxumalarının əziyi, sağ ağız bucağının cırılmış yarası, boynun və döş qəfəsinin səthi zədələnməsi aşkar edilmişdir. Həmin xəsarətlərdən qapalı kəllə-beyin travması, baş beyin toxumasının ağır dərəcəli əzilməsi, soltərəfli kəskin subdural hematoma (baş beynin sərt qişası altına qan yığıntısı), sol təpə-gicgah nahiyəsinin yumşaq toxumalarının əziyi həyat üçün təhlükəli olması əlamətinə əsasən sağlamlığa ağır zərərvurmaya, ağız bucağının cırılmış yarası, boynun və döş qəfəsinin səthi travmaları sağlamlığa zərər vurmadığından dərəcələri təyin edilməyən bədən xəsarətlərinə aid edilir. Həmin xəsarətlərin yumruq və təpik zərbələri ilə yetirilməsinə uyğun gəlir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 3307 saylı rəyindən də görünür ki, X5 hər hansısa bir psixi xəstəlikdən əziyyət çəkmir. X2 həmçinin qərarda göstərilən əməl zamanı hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. X1 hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək istidarındadır. X1 məcburi müalicəyə ehtiyacı yoxdur. X2 özündən uydurmağa, təlqinə qapılmağa patoloji meyillilik əlamətləri aşkar olunmadı, lakin fərdi psixoloji xüsusiyyətlərinə görə, özünü psixoloji müdafiə etmək məqsədilə situasiyanı öz xeyrinə yönəldib danışa bilər. X1 əqli-intellektual imkanları normaya uyğundur. Onda yaddaş pozuntusu aşkar olunmadı. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 151 saylı rəyindən də görünür ki, Zərərçəkmiş şəxs üzvi (baş beyin travması nəticəsində) amnestik sindorm qeyd olunur. X6 ictimai təhlükəli əməli törətdiyi zaman psixi vəziyyətini hal-hazırda qiymətləndirmək mümkün deyildir. Tibbi sənədlərə əsasən belə qənaətə gəlmək olar ki, Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə huşun itməsi ilə müşayiə olunan ağır kəllə-beyin travması almışdır. Zərərçəkmiş şəxs aldığı travma nəticəsində hadisə dövründən bir neçə gün əvvəlki, sonrakı və bilavasitə hadisə dövrünü əhatə edən yaddaş pozuntusu (amnestik sindrom) yaranmışdır. X10 Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. X7 özündən uydurmağa, başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri aşkar olunmur. X6 əqli imkanlarında gerilik əlamətləri aşkar edilmir. Psixiatrik müayinə zamanı ondan müəyyən edilən amnestik sindrom Zərərçəkmiş şəxs koqnitiv funksiyalarında müəyyən dəyişikliklər (ixtiyari yadda saxlamasının, emosional və assosiativ yaddaşın aktiv olmadığı, diqqətinin paylanmasının (eyni vaxtda iki müxtəlif və daha artıq işi yerinə yetirmək bacarığı) və keçirilməsinin (şüurlu surətdə bir obyektdən başqa obyektə vəya bir fəaliyyətdən başqa fəaliyyətə yönəlmə bacarığı) normadan aşağı olmaqla, abstrakt anlayışların dərk edə bilməməsi, təfəkkür prosesslərinin ləngiməsi, ümumiləşdirmə və analizetmə qabiliyyəti aşağı olması) əmələ gətirməsi ilə əlaqədar onun əqli fəaliyyətinin enməsi, intellektual-amnestik ressurslarının aktiv olmaması nəticəsinə gəlinir. X6 idrak prosseslərinin tədqiqi zamanı ixtiyari yadda saxlamasının tədqiqi zamanı yadda saxlama prosessinin aktiv olmadığı, yadda saxlaıdğı əşya və predmetlərin yaddaşında möhkəmlənmədiyi, yaddaşının həcminin normadan aşağı olduğu müəyyən edildi. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan əlavə məhkəmə-psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 1810 saylı rəyindən də görünür ki, X5 həmin cinayət əməlini törətdiyi anda qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində olmamışdır. İş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdə ********* nömrəli cinayət işinin materiallarından Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə ********* nömrəli cinayət işinin ayrılması barədə qərar qəbul edilərək istintaqı aparılır. Cinayət işinin materiallarında olan DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim edilmiş tələbnamədən görünür ki, X5 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Yuxarıda göstərilən sübutların məcmusuna və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X1 törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə kollegiyası araşdırılmış sübutların cəminə obyektiv qiymət verərək hesab edir ki, X1 cinayət əməli məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin özünün, zərərçəkmiş şəxsin ifadələri ilə yanaşı, şahidin ifadəsi, o cümlədən ekspertiza rəyləri, protokollar və biri digərinə uyğun gələn digər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs X1 əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxs X1 Zərərçəkmiş şəxs Kamil oğlu ilə barışıq əldə etməsini CM-nin 59.1.12-ci maddəsinə əsasən, zərərçəkmiş şəxsə dəyən maddi ziyanı tam ödəməsini CM-nin 59.1.13-cü maddəsinə əsasən, cinayəti zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törətməsini isə CM-nin 59.1.8-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. X1 əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Odur ki, məhkəmə kollegiyası X1 əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halların mövcudluğunu, habelə cəzanı ağırlaşdıran halların olmamasını, törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini əsas götürərək hesab edir ki, X5 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməli, lakin ona təyin olunan azadlıqdan məhrumetmə növündə cəza şərti olaraq tətbiq edilməlidir Belə ki, Cinayət Məcəlləsinin 9-cu (Humanizm prinsipi) maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyriinsani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıbqalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Bundan əlavə bütün hallarda təqsirləndirilən şəxsə təyin edilən cəza heç bir mənada təqsirləndirilən şəxsin nə özünə, nə də onun ailəsinə, yaxınlarına sitəm vermək məqsədi daşımamalı, yalnız onun islah olunmasına xidmət etməlidir. «Məhkəmələr tərəfindən cinаyət cəzаlаrının təyin edilməsi təcrübəsi hаqqındа» Аzərbаycаn Respublikаsı Аli Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tаrixli 04 nömrəli qərаrının 2-ci bəndində isə göstərilir ki, cəzаlаrın tətbiqi məsələsi müzаkirə edilərkən cəzаnın növü və miqdаrının seçilməsinin mühüm əhəmiyyəti vаrdır. Cəzа birinci növbədə təqsirləndirilən şəxsin islаh olunmаsınа xidmət etməlidir. Qeyd olunan maddi hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət etməlidir. Sosial ədalətin bərpası zərərçəkmiş şəxsə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə, cəmiyyətə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci madəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən isə məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Beləliklə, məhkəmə kollegiyası X1 törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cinayətin zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında baş verməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin ailəsinin və onun həyat şəraitinə təsirini, həmçinin Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamında qeyd edilən tövsiyyələrini nəzərə alır və təqsirləndirilən şəxs X1 azadlıqdan məhrumetmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə ona təyin olunan cəzanın sınaq müddəti ilə şərti hesab edilməsini qanuni və əsaslı, həmçinin cinayət qanunvericiliyinin ədalət və humanizm prinsiplərinə uyğun və cəzanın məqsədlərinə müvafiq hesab edir. Cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan və qərarda görünür ki, X5 22 aprel 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 23 aprel 2024-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Odur ki, X1 barəsində CM-nin 70.1-ci maddəsi tətbiq edilməsi nəticəsinə gəlindiyindən, onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə tərkibi təqsirləndirilən şəxs X1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsini tətbiq etməklə yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən onun üzərinə müəyyən vəzifələrin qoyulmasını məqsədəuyğun hesab edir. Belə ki, sınaq müddəti ərzində təqsirləndirilən şəxs X1 davranışı üzərində nəzarət Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməli, onun üzərinə davranışlarına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən hazırda daimi yaşadığı yeri dəyişməmək vəzifəsi qoyulmalı, sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Həmin Məcəllənin 52.2.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasında doğulmuş şəxslərə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəza növü tətbiq edilmir. Qanunvericiliyin qeyd olunan normasını rəhbər tutaraq məhkəmə hesab edir ki, X5 hal-hazırda Rusiya Federasiyasının vətəndaşı olsa da, Azərbaycan Respublikasında doğulduğundan ona əlavə cəza kimi Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəza növü tətbiq edilə bilməz. İş üzrə xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. İş üzrə mülki iddia verilməmişdir və məhkəmə xərci yoxdur. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Şabran Rayon Polis Şöbəsində saxlanılan 01 (bir) ədəd bıçağın taleyinin həlli məsələsinin hazırkı cinayət işindən ayrılmış ********* saylı cinayət işinə baxılarkən həll ediləcəyi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. X5 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası 01 (bir) il sınaq müddəti ilə şərti hesab edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən X1 üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən hazırda daimi yaşadığı yeri dəyişməmək vəzifəsi qoyulsun. X1 davranışına nəzarət Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. X5 barəsində seçilmiş polisin nəzarəti vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olub Şabran Rayon Polis Şöbəsində saxlanılan 01 (bir) ədəd bıçağın taleyinin həlli məsələsinin hazırkı cinayət işindən ayrılmış ********* saylı cinayət işinə baxılarkən həll ediləcəyi nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-816/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-816/2024
06.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver