Məhkəmə qərarları › İş №1(124)-821/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-821/2024

25.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-821/2024 25.12.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin iştirakları ilə, xx.xx.1971-ci ildə Quba şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, Quba şəhəri, Fətəlixan küçəsi, ev 40da qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 126.1 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 24 iyun 2024-cü il tarixdə, saat 20 radələrində Quba şəhəri, Arif Hüseynzadə küçəsində yaşadığı evin qarşısında uzun müddətdir ki, ədavəti olan qonşusu Zərərçəkmiş şəxs nalayiq ifadələrlə onu təhqir etməsi səbəbindən qəzəblənərək qisas almaq məqsədilə yaşadığı evə daxil olub mətbəxdə olan zavod üsulu ilə hazırlanmış, deşici-kəsici xassəyə malik, soyuq silah hesab edilən, qatlanmayan ov bıçağını götürərək yenidən küçəyə çıxıb Fətəlixan küçəsi istiqamətində gedərək Arif Hüseynzadə küçəsi ilə Fətəlixan küçəsinin kəsişməsində Zərərçəkmiş şəxs həmin bıçaqla qarın boşluğundan qəsdən bir dəfə vuraraq sonuncuya qarnında öndə epiqastral-qarınüstü sahədə solda bir yerdə qarın boşluğuna nüfuz edərək qara ciyərin kiçik payının və kiçik piyliyin zədələnməsi ilə deşilmiş-kəsilmiş yara xəsarəti yetirməklə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan olunmuş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, anası rəhmətə getmiş, yasları olmuş, anasının birinci cüməsi olmuş, fikirini dağıtmaq üçün içki içmişdir. Rəvanla onlar üzbəüz qonşu olmuşlar, Rəvan ona niyə içdiyini soruşmuş, o da ”sənə nə var, niyə içirəm?” demişdir. Bundan sonra davaları düşmüş, hadisə baş vermişdir. Verilən suallara cavab olaraq bildirdi ki, tək təxminən 150 qram içmişdir, zərərçəkmiş şəxs ona yaxınlaşanda içki süfrəsində olmuşdur. Rəvan ona yaxınlaşıb demişdir ki, “anan rəhmətə gedib, içki içmək olmaz”. O da fikirdən içmişdir. Onların əvvəllər heç bir davaları olmamış, amma hərdən məhlə uşağları aralarında söz-sözbət olurmuş, belə söz-söhbətlərdən biri də 3 il əvvəl də baş vermişdir. O, Rəvana 1 dənə bıçaq vurmuşdur. İlk öncə Rəvan daşla onu vurmuş, o yox, qardaşı Rəvana kömək etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq araşdırılmış ifadəsində ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs uzun illərdir ki, tanıyır, qonşusudur. Aralarında əvvəllər də mübahisə baş vermiş, təxminən 3 il əvvəl Rəvan və atası Rafiq onu nalayiq ifadələrlə təhqir etdiyinə görə o da Rafiqi yumruqla vurmuşdur. Lakin sonradan o, Rəvan və atası ilə barışmışdır. 13 iyun 2024-cü il tarixdə anası Cəmilə vəfat etmişdir. Rəvan da qonşusu kimi anasının dəfnində, həmçinin yas mərasimlərində iştirak etmişdir. 24 iyun 2024-cü il tarixdə, saat 19 radələrində tanışları Emin və Şahin ilə birlikdə yaşadığı evin yaxınlığında küçədə, yolun kənarında oturub araq içmişlər. Onun evi əyləşdiyi yerə yaxın olduğundan araqla içməyə biraz pendir və alça da götürmüşdür. Təxminən saat 20 radələrində qonşusu Rəvan yaşadığı evdən çıxıb əyləşdiyi yerə yaxınlaşaraq ona “ilişməyə” başlamışdır. O, Rəvanın da sərxoş olduğunu anlamışdır. Rəvan ona “sən əvvəllər mənim atamı vurmusan, atama əl-qol atmısan” demiş və onu ucadan nalayiq ifadələrlə təhqir etməyə başlamışdır. O, Rəvana “ayıbdı, söyüş söymə, mənim qapımda yas var, heç anamın 40-ı çıxmayıb” demişdir. Rəvan isə onun dediklərinə məhəl qomayaraq vəfat etmiş anasının və atasının qəbrinə söyməyə başlamışdır. Artıq o, Rəvanın təhqirlərinə dözə bilməmiş, yaşadığı evə gedib, mətbəxdə olan bıçağı götürüb qarın nahiyəsindən şalvarının belinə keçirmiş və yenidən məhəlləyə çıxmışdır. Rəvan yenə də onu nalayiq ifadələrlə təhqir etmişdir. O da Rəvanın üzərinə getmiş, lakin bıçağı çıxarmamışdır. Həmin vaxt Rəvan da mübahisə etdiyi yerdə yolun kənarında olan daş parçasını götürüb ona hücum etmiş və onu əlində olan daş parçası ilə sinəsindən və sol qol nahiyəsindən vurmuşdur. Bu zaman o, şalvarının bel nahiyəsinə keçirdiyi dəstəyi açıq qəhvəyi rəngli, tiyəsində ayı şəklində və müxtəlif naxışlar həkk olunmuş bıçağı anidən çıxarıb Rəvanın qarın boşluğundan bir dəfə vuraraq zərbə endirmişdir. Yaxınlıqda olan qonşusu Abduləli yaxınlaşaraq onu sakitləşdirmişdir. Rəvan da qarnını tutub yaşadığı evə tərəf qaçmışdır. Hadisədən bir müddət sonra qardaşı Həbib də oraya gəlmiş və ona polis şöbəsinə gedib təslim olmasını bildirmişdir. Bundan sonra o, Rəvanı vurduğu bıçaqla birlikdə polis şöbəsinə gəlmiş və təslim olaraq bıçağı da təhvil vermişdir. Zərərçəkmiş şəxs zərbə endirən zaman Rəvanı öldürmək niyyəti olmamışdır. Sadəcə olaraq əsəblərini soyutmaq üçün, həmçinin Rəvanın söydüyü söyüşlərə görə cəzalandırmaq üçün və onu daş parçası iə vurduğuna görə bıçaqla Rəvanı vurmuşdur. Zərərçəkmiş şəxs əvvəlcədən öldürmək kimi bir məqsədi olmamışdır. O, Zərərçəkmiş şəxs ona qarşı işlətdiyi ifadələrdən əsəbiləşdiyinə görə həmin bıçağı yaşadığı evdən götürüb geri qayıtmış, onun məqsədi Rəvanı bıçaqla vurmaq olsa da, öldürmək niyyəti olmamışdır. Hadisə zamanı yanında qonşusu Abduləli olmuşdur. X11 vurmasını konkret olaraq gördüyünü isə dəqiq bilməmişdir. Emin və Şahin isə artıq mübahisə başlayanda çıxıb getmişlər. Rəvanı bıçaqla vurduğu anda orada olmamışlar. Hadisə 24 iyun 2024-cü il tarixdə saat 20 radələrində, Quba şəhəri, Arif Hüseynzadə küçəsində, yaşadığı evin yaxınlığında küçədə, avtomobil yolunun kənarında baş vermişdir. Onun növbəti bıçaq zərbələrini də rahat şəkildə Zərərçəkmiş şəxs yetirə bilmə imkanı olmuş, lakin onun belə bir niyyəti olmamış, o sadəcə Rəvana bir dəfə bıçaq zərbəsi endirmiş və bıçaqla vurmaqda məqsədi Rəvanın üzərinə gəlib onu daş parçası ilə vurması, həmçinin onu nalayiq ifadələrlə təhqir etməsi olmuşdur. Zərərçəkmiş şəxs xəsarət yetirdiyi bıçağı uzun illər öncə Rusiya Federasiyasında olarkən adını xatırlamadığı mağazadan almışdır. (i.v. 145-147) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, hadisə günü o, pivə içmiş, evdən düşüb görmüşdür ki, hüzn yeri var, Qalibə demişdir ki, “ananın 40-ı çıxmayıb, niyə içki içirsən?”. O da onunla dalaşmağa başlamışdır, evə getmiş, bilmişdir ki, onu vurmaq üçün nəsə gətirəcək, gələndə, ilk öncə o, Qalibə daş atmış, Qalib də onu bıçaqla vurmuşdur. Verilən suallara cavab olaraq bildirdi ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti yoxdur, hər bir xərcini qarşılamışlar, kömək etmişlər. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmədə elan olunaraq araşdırılmış Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs uzun illərdir ki, tanımış, yaşadığı evlə üzbəüz qonşuluqda yaşamışdır. Qaliblə əvvəllər dəfələrlə aralarında mübahisələr baş vermişdir. Hətta 3 il əvvəl Qalib sərxoş halda o və atası Rafiqlə mübahisə edib onları nalayiq ifadələrlə təhqir etmiş və atası Rafiqi də yumruqla vurmuşdur. Lakin sonradan onlar barışmışlar. 13 iyun 2024-cü il tarixdə Qalibin anası Cəmilə vəfat etmişdir. O da qonşu kimi Qalibin anasının dəfnində, həmçinin yas mərasimlərində iştirak etmişdir. 24 iyun 2024-cü il tarixdə, saat 20 radələrində yaşadığı evdən çölə çıxan zaman üzbəüz evin qarşısında Qalib və digər qonşusu Abduləli giriş qapısından sol tərəfdə qoyulmuş oturacağın üstündə əyləşmişlər. O da onlara tərəf yaxınlaşıb Abduləli ilə salamlaşmış və qarşısında çömbəlib oturmuşdur. Abduləli ona qonşusu Yadigarı gözlədiyini bildirmişdir. Həmin vaxt Qalibin qapısının önündə boş araq şüşəsi olduğunu görmüş və Qalibə “qapıda yas var, işıq yanır, hələ ananın 40-ı çıxmayıb, uşağa de, ya bu araq şüşəsini zibil qabına atsın, ya da özün qapıdan içəri qoy ki, gələn-gedən adamlar görməsin” demişdir. Qalib də ona “mənim anamın yası sənə xoş gəlmir ki” demişdir. Dediyi söz Qalibə xoş təsir bağışlamadığından onunla mübahisə etməyə başlamışdır. O da əsəbləşdiyindən nalayiq ifadələrlə Qalibi təhqir etmişdir. Həmin vaxt Qalib yaşadığı evə getmişdir. O, Qalibin evə getməsindən artıq başa düşmüşdür ki, onu vurmaq üçün nəsə götürəcək. Bu zaman o da Arif Hüseynzadə küçəsi ilə Fətəlixan küçəsinin kəsişməsinə doğru hərəkət etmiş və yoldan daş parçası götürmüşdür. Qalib evdən çıxdıqdan sonra onun üzərinə tərəf gəlmişdir. O, əlində olan daş parçasını Qalibin üzərinə doğru atmışdır, daş Qalibin sinə nahiyəsindən dəymişdir. Bundan sonra Qalib bir anda əlində olan bıçaqla onu qarın boşluğundan vurmuşdur. Həmin zərbə ona ilk olaraq dəydikdə elə başa düşmüşdür ki, Qalib onu bıçağın arxa tərəfi ilə vurmuşdur. Lakin əlini qarın boşluğuna qoyub sonra geri çəkdikdə qan axdığını görmüş və yaşadığı evə getmişdir. Bacısı Elnarə onunla bir evin həyətində qalmışdır. Elnarəni çağırıb təcili tibbi yardıma zəng etməsini xahiş etmişdir. Bir qədər sonra təcili tibbi yardım avtomobili gəlmiş və onu xəstəxanaya aparmışlar. Mübahisəyə səbəb Qalibin rəhmətə getmiş anasının qırxı çıxmadan yaşadığı evin önündə spirtli içki qəbul edib boş araq şüşəsini də evin qarşısında qoymasına görə öz iradını bildirməyi olmuşdur. Hadisə zamanı Qalib onu əlində olan bıçaqla bir dəfə qarın boşluğundan vuraraq xəsarət yetirmişdir. Həmçinin o da Qalibə tərəf daş atmış, daş Qalibin sinə nahiyəsinə dəymişdir. Hadisə 24 iyun 2024-cü il tarixdə, saat 20 radələrində Quba şəhəri, A.Hüseynzadə küçəsində yaşadığı evin qarşısında baş vermiş və orada başa çatmış, təxminən 5-6 dəqiqə müddətində davam etmişdir. Qalib onu bıçaqla vurub xəsarət yetirən zaman yanında qonşusu Abduləli olmuşdur.(i.v. 96-99) Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs uzun illərdir ki, tanımış, hər ikisi onun qonşusudur. Rəvan və Qalibin arasında bir neçə dəfə mübahisə baş vermiş, təxminən 3 il əvvəl Qalib, Rəvan və atası Rafiq ilə mübahisə etmiş, aralarında dava-dalaş olmuşdur. Rəvan və Qalib hər dəfə mübahisə edib dalaşmış, sonradan yenə barışmışlar. 13 iyun 2024-cü il tarixdə Qalibin anası Cəmilə vəfat etmişdir. 24 iyun 2024-cü il tarixdə saat 20 radələrində Qalibin yaşadığı evin qarşısında olan taxta oturacaqda əyləşmiş, Qalib də onun yanında olmuş və söhbət etmişlər. Bu vaxt Rəvan yaşadığı evdən çıxıb əyləşdiyi yerə yaxınlaşaraq salamlaşıb qarşısında çöməlib əyləşmişdir. Rəvan Qalibin yaşadığı evin giriş qapısının yanında araq şüşəsi olduğunu görüb Qalibə irad bildirərək “ayıb deyil, Cəmilə xalanın hələ 40-ı çıxmayıb, araq şüşəsini qapının ağzından götür” demişdir. Rəvanın dediyi söz Qalibə xoş təsir bağışlamadığından aralarında söz mübahisəsi baş vermişdir. Rəvan nalayiq ifadələrlə Qalibi təhqir etməyə başlamışdır. Həmin vaxt Qalib yaşadığı evə getmiş və yenidən məhəlləyə çıxmışdır. Bu zaman Rəvan da Arif Hüseynzadə küçəsi ilə Fətəlixan küçəsinin kəsişməsinə doğru hərəkət etmiş və yoldan daş parçası götürmüşdür. Rəvan Qalibin evə getməsindən artıq başa düşmüşdür ki, onu vurmaq üçün nəsə götürəcək. Rəvan da buna görə yerdən daş parçası götürmüşdür. Qalib evdən çıxdıqdan sonra Rəvana tərəf getmişdir. Rəvan əlində olan daş parçasını Qalibin üzərinə doğru atmış, daş Qalibin sinə nahiyəsindən dəymişdir. Bu zaman Qalib də bıçaqla Rəvanın qarın boşluğundan bir dəfə vuraraq zərbə endirmişdir. Hadisə baş verən anda o aralıda olmuş, həm də Qalibin Rəvanı bıçaqla vuracağını düşünməmişdir. Tez-tez dalaşıb sonra barışdıqlarından o, araya girmək istəməmişdir. X16 vurmasını görüb oraya yaxınlaşmış və Qalibi sakitləşdirmişdir. Rəvan da qarnını tutub yaşadığı evə tərəf qaçmışdır. Hadisədən bir müddət sonra Qalibin qardaşı Həbib də oraya gəlmişdir. Həmçinin Rəvanı da təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparmışlar. Hadisə zamanı orada başqa heç kim olmamış, o da oraya təsadüfən gəlmiş, mübahisə qısa zaman ərzində baş verib bitdiyindən başqa heç kim yaxınlaşmamış, məhəllə sakinləri toplaşmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma qardaşıdır. Zərərçəkmiş şəxs da uzun illərdir ki, tanıyır, qonşusudur. Rəvan və Qalibin arasında bir neçə dəfə mübahisə baş vermiş, təxminən 3 il əvvəl Qalib, Rəvan və atası Rafiq ilə mübahisə etmiş, aralarında dava-dalaş olmuşdur. Rəvan və Qalib hər dəfə mübahisə edib dalaşmış, sonradan yenə barışmışlar. 13 iyun 2024-cü il tarixdə anası Cəmilə vəfat etmişdir. Rəvan da qonşu kimi yas mərasimlərində iştirak etmişdir. 24 iyun 2024-cü il tarixdə, saat 20 radələrində Quba şəhəri, Fətəlixan küçəsində yerləşən çay evində olduğu zaman Qalibin yaşadıqları evin qarşısında Rəvanla mübahisə edib dalaşdığını və Rəvanı bıçaqladığını eşitmişdir. Dərhal çay evindən çıxıb mübahisənin baş verdiyi yerə özünü çatdırmışdır. Məhəlləyə çatanda Qalibin yaşadığı evin tinində dayandığını görmüşdür. Daha sonra Rəvanın yaşadığı evə getmişdir. Qapıdan içəri daxil olduqda yerdə qan izləri olduğunu görmüşdür. Daha sonra sol tərəfdə olan otağa keçdikdə Rəvanın qarnını tutub uzandığını görmüşdür. Rəvana yaxınlaşıb qucaqlayıb qardaşının səhv etdiyini demişdir. Daha sonra uca səslə Rəvanın ailə üzvlərinə səslənib təcili tibbi yardıma zəng etmələrini bildirmişdir. Daha sonra yenidən məhəlləyə çıxıb qardaşı Qalibə polisə gedib təslim olmasını bildirmişdir. Hadisə 24 iyun 2024-cü il tarixdə saat 20 radələrində, Quba şəhəri, Arif Hüseynzadə küçəsində, yaşadığı evin yaxınlığında küçədə, avtomobil yolunun kənarında baş vermişdir. X14 yaşadığı evin önündə spirtli içki qəbul edib boş araq şüşəsini də evin qarşısında qoymasına görə öz iradını bildirməsi ilə başlamış, daha sonra Rəvan Qalibi daşla vurmuş və Qalib də Rəvana bıçaqla vuraraq xəsarət yetirmişdir. Mübahisə qısa zaman ərzində baş verib bitdiyindən başqa heç kim yaxınlaşmamış, məhəllə sakinəri toplaşmamışdır. Məhkəmə, iş üzrə məhkəmədə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş 24 iyun 2024-cü il tarixli götürmə aparılması haqqında protokoldan görünür ki, 24 iyun 2024-cü il tarixdə Zərərçəkmiş şəxs məxsus bir ədəd qara rəngli, üzərində “DHARMA” yazısı olan qısaqol yay köynəyi götürülmüşdür. (İ cild, i.v. 8-9) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən 24 iyun 2024-cü il tarixli “ baxış aparılması” haqqında protokoldan görünür ki, hadisə Quba şəhəri, Arif Hüseynzadə küçəsində mübahisə tərəflərinin yaşadığı evin yaxınlığında asfalt yolda baş vermişdir. Hadisəni törədən Təqsirləndirilən şəxs yaşadığı ev ikimərtəbəli fərdi yaşayış evidir, həmin ev Arif Hüseynzadə küçəsindən Fətəlixan küçəsinə gedən istiqamətə nəzərən stolun sol kənarında yerləşir. Xəsarət alan Zərərçəkmiş şəxs yaşadığı ev Təqsirləndirilən şəxs yaşadığı evlə üzbəüz yerləşir. Hadisədən öncə Təqsirləndirilən şəxs yaşadığı evin giriş qapısının kənarında yerləşən taxta oturacaqda əyləşmiş, bu zaman Zərərçəkmiş şəxs yaşadığı evdən çıxan zaman Qalib Mənmədovu görərək yaxınlaşıb əvvəlcə söhbət etmiş, daha sonra aralarında mübahisə baş vermişdir. Təqsirləndirilən şəxs yaşadığı evə daxil olaraq mətbəxdə olan bıçağı götürüb yenidən mübahisə yerinə qayıtmış, mübahisənin davamında Zərərçəkmiş şəxs üzü Fətəlixan küçəsi istiqamətində hərəkət etmişlər. Fətəlixan küçəsi ilə Arif Hüseynzadə küçəsinin kəsişməsində Təqsirləndirilən şəxs əlində olan bıçaqla Zərərçəkmiş şəxs xəsarət yetirmiş, həmin vaxt Zərərçəkmiş şəxs da yerdə olan daş parçası ilə Təqsirləndirilən şəxs xəsarət yetirmiş və yaşadığı evə qaçmışdır. Hadisənin baş verdiyi yeri əyani formada göstərən Zərərçəkmiş şəxs anası X10 yaşadığı evin yerində olan qan izlərini, həmçinin Zərərçəkmiş şəxs əyləşdiyi yeri əyani şəkildə göistərdi və həmin yerdən onu səslədiyini bildirdi. (cild 01 iş vərəq; 12-16) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən 24 iyun 2024-cü il tarixli “ baxış keçirilməsi” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bışağa baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, həmin bıçağın ümumi uzunluğu 25 santimetrdir, qatlanmayan tiplidir, dəstək və tiyədən ibarətdir, dəstəyi açıq qəhvəyi rəngli taxta materialdandır. Bıçağın tiyəsi gümüşü rəngli metaldandır, bir tərəfi itilənmiş, digər tərəfi isə itilənməmişdir. Tiyənin səthində, hər iki tərəfində naxışlı bəzəklər və ayı təsviri həkk olunmuş, həmçinin bir tərəfində rus əlifbası ilə “Medved” sözü yazılmışdır. Bundan başqa təqdim edilmiş bıçağın tiyəsinin üzərində qan ləkələrinin də olması müəyyən edilmişdir. (cild 1, iş vərəq 20-21) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən 25 iyun 2024-cü il tarixli “ baxış aparılması” haqqında protokoldan görünür ki, hadisə Quba şəhəri, Arif Hüseynzadə küçəsində mübahisə tərəflərinin yaşadığı evin yaxınlığında asfalt yolda baş vermişdir. Hadisəni törədən Təqsirləndirilən şəxs yaşadığı ev ikimərtəbəli fərdi yaşayış evidir, həmin ev Arif Hüseynzadə küçəsindən Fətəlixan küçəsinə gedən istiqamətə nəzərən stolun sol kənarında yerləşir. Xəsarət alan Zərərçəkmiş şəxs yaşadığı ev Təqsirləndirilən şəxs yaşadığı evlə üzbəüz yerləşir. Hadisədən öncə Təqsirləndirilən şəxs yaşadığı evin giriş qapısının kənarında yerləşən taxta oturacaqda əyləşmiş, bu zaman Zərərçəkmiş şəxs yaşadığı evdən çıxan zaman Qalib Mənmədovu görərək yaxınlaşıb əvvəlcə söhbət etmiş, daha sonra aralarında mübahisə baş vermişdir. Təqsirləndirilən şəxs yaşadığı evə daxil olaraq mətbəxdə olan bıçağı götürüb yenidən mübahisə yerinə qayıtmış, mübahisənin davamında Zərərçəkmiş şəxs üzü Fətəlixan küçəsi istiqamətində hərəkət etmişlər. Fətəlixan küçəsi ilə Arif Hüseynzadə küçəsinin kəsişməsində Təqsirləndirilən şəxs əlində olan bıçaqla Zərərçəkmiş şəxs xəsarət yetirmiş, həmin vaxt Zərərçəkmiş şəxs da yerdə olan daş parçası ilə Təqsirləndirilən şəxs xəsarət yetirmiş və yaşadığı evə qaçmışdır. Hadisənin baş verdiyi yeri əyani formada göstərən Zərərçəkmiş şəxs anası X10 yaşadığı evin yerində olan qan izlərini, həmçinin Zərərçəkmiş şəxs əyləşdiyi yeri əyani şəkildə göistərdi və həmin yerdən onu səslədiyini bildirdi. (cild 01 iş vərəq; 22-27) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən 24 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq Quba RPŞ-yə gələrək təqsirini boynuna almışdır. (cild 1, iş vərəq 17) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə tibbi ekspertizasının 25 iyun 2024-cü il tarixli, 493 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - qarnında öndə epiqastralqarınüstü sahədə solda bir yerdə qarın boşluğuna nüfuz edərək qara ciyərin kiçik payının və kiçik piyliyin zədələnməsi ilə deşilmiş-kəsilmiş yara deşici-kəsici əşyanın təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni 24 iyun 2024-cü il tarixdə uyğun gəlir, bu xəsarət qərarda göstərilən vəziyyətdə və şəraitdə bıçaqla yetirilə bilər, dərəcəsinə görə həyat üçün təhlükə törətdiyindən sağlamlığa ağır zərər vurmaya aidddir. (i.v.33-35) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə tibbi ekspertizasının 29 iyun 2024-cü il tarixli, 513 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşkar olunan xəsarətlər - sol bazunun yuxarı 1/3-nin bayır səthində qançır, sol saidin yuxarı 1/3-nin bayır səthində səthi əzilmiş yara küt əşyanın (əşyaların) təsirindən törəməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni 24 iyun 2024-cü il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyyətdə yetirilə bilər və sağlamlığa zərər vurmadıqlarından dərəcəsi təyin olunmayan xəsarətlər növünə aiddir. (i.v. 85-86) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş kompleks məhkəmə-trasoloji, ballistik və bioloji ekspertizasının 01 oktyabr 2024-cü il tarixli, 474/MTKŞ-2024 nömrəli rəyindən görünür ki, təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus qısaqol koftanın ön səthində bir ədəd deşilmiş-kəsilmiş zədə var. Bu zədə ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən törənmişdir, o cümlədən ekspertizaya təqdim olunmuş bıçağın tiyəsinin təsirindən, yaxud oxşar konstruktiv xüsusiyyətə malik digər alətin tiyəsinin təsirindən törənməsinin mümkünlüyü inkar olunmur. Zərərçəkmiş şəxs məxsus qısaqol koftanın ön səthində olan deşilmiş- kəsilmiş zədə ilə onun bədən səthində olan xəsarət yerləşməsinə görə üst-üstə düşürlər. Təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış, ümumi təyinatlı qatlanmayan ov bıçağıdır və deşici-kəsici xassəyə malik soyuq silah hesab edilir. Bıçağın üzərində sonradan hər hansı bir əlavə və dəyişiklik edilməmişdir. (i.v. 113-118) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş kompleks məhkəmə-trasoloji, ballistik və bioloji ekspertizasının 10 oktyabr 2024-cü il tarixli, 661/2024-MTBŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə, axtarış vərəqəsinin kserosurətinə əsasən, qan qrupu: O alfa beta(1). Ekspertizaya təqdim edilmiş qısaqol kofta, bıçaq üzərində olan ləkələrdə O alfa beta(1) qruplu insan qanı aşkar olundu. Bu qan ləkələri O alfa beta(1) qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs məxsus ola bilər.(i.v. 123-127) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş komisyon kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının 16 sentyabr 2024-cü il tarixli, 2691 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs halhazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs idrak prosessləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilməklə, ünsiyyətçillik, söz götürməmək, özünəməxsus mövqeyə və prinsipə malik olmaq və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Onda özündən uydurmağa, başqa şəxslərin təsiri altında hərəkət etməyə və ya danışmağa meyilli olma halları müəyyən edilmədi. O, danışdıqlarını düzgün qavramaq qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müşahidə olunmur. Təqsirləndirilən şəxs hadisə zamanı psixi-emosional halında hirslilik yaranmışdır. (i.v. 108- 111) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.( cild 1, iş vərəqə 96) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş Quba RİHB-nin Quba şəhər İƏD üzrə nümayəndəliyinin 03 iyul 2024-cü il tarixli, 1150 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Quba şəhəri, Fətəlixan küçəsi ev 40da qeydiyyatdadır, arvadı - X3, oğlu - X4 və oğlu - X1 ibarət ailə tərkibi vardır. Quba RİHBnin Quba şəhər İƏD üzrə nümayəndəliyinin xasiyyətnaməsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur.(i.v. 80-81) Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bıçaq və Zərərçəkmiş şəxs məxsus istintaq zamanı götürülmüş bir ədəd qara rəngli, üzərində “DHARMA” yazısı olan qısaqol yay köynək iş üzrə maddi sübut kimi tanınaraq Quba RPŞ-nin maddi sübutlar otağına təhvil verilmişdir. (i.v. 129-135) Cinayət işi üzrə Zərərçəkmiş şəxs 11 fevral 2024-cü il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan ödənildiyi üçün Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. (i.v. 76) Cinayət işinin materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2011-ci il təvəllüdlü X4, xx.xx.2014-cü il təvəllüdlü X2 adında azyaşlı uşaqları vardır. (i.v. 79) Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinə görə cəza təyin edilməlidir. Məhkəmədə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini məhkəmə istintaqı zamanı səmimi olaraq etiraf etmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1.4, 59.1.10 və 59.1.12-ci maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman himayəsində iki azyaşlı uşağının olması, könüllü gəlib təqsirini boynuna alması və zərərçəkmiş şəxslə barışıq əldə etməsi onun cəzasını yüngülləşdirən hallardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 25 iyun 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş,(cild 1, iş vərəqə 36, 46) 27 iyun 2024-cü il tarixdə Quba rayon məhkəməsinin qərarı ilə barəsində 04 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. (cild 1, iş vərəqə 56-57, 73-75) Quba rayon məhkəməsinin 04 iyul 2024cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir.(i.v. 82-84) Sumqayıt Ağır Cinayətlər məhkəməsinin qərarı ilə barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə Təqsirləndirilən şəxs 25 iyun 2024-cü il tarixdən 25 dekabr 2024-cü il tarixədək 06 (alt) ay müddətində həbsdə və ev dustaqlığında olmasını nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bununla bağlı Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, hüquq pozuntusunun azadlıqdan məhrumetmə ilə cəzalandırılması özü-özlüyündə həlledici səciyyə daşımır, belə ki, veriləcək cəzanın nisbətən yüngül olması hüquq pozuntusunun cinayət hüquqi xarakterini aradan qaldıra bilməz. (Öztürk Almaniyaya qarşı, § 53; X5rşı, § 26). Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarının 1-ci bəndində göstərilir ki, “Məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər.” «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulsa da, qanunun yuxarıda şərh edilən tələbləri baxımından məhkəmə hesab edir ki, törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə almaqla yanaşı, Təqsirləndirilən şəxs əməlindən peşman olması, cinayəti zərərçəkmiş şəxsin qanunsuz və əxlaqsız hərəkətlərinin, yəni zərərçəkmiş şəxsin onu insanların yanında təhqir etdikdən sonra törətməsi, həmçinin zərərçəkmiş şəxslə barışması, himayəsində iki azyaşlı uşağının olması, könüllü gəlib təqsirini boynuna alması kimi yüngülləşdirici halların məcmusu nəzərə alınmaqla təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını real surətdə çəkməsi cəzanın məqsədlərini təmin edə bilməz. Belə ki, təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın real surətdə çəkilməsi CM-nin cinayət məsuliyyətinin ədalət və humanizm prinsiplərini nəzərdə tutan 8 və 9-cu maddələrinin tələblərinə ziddir və cəzanın bu cür çəkilməsi təqsirləndirilən şəxsin və ailəsini ciddi məhrumiyyətlərə düçar edər, təqsirləndirilən şəxsi cəmiyyətdən təcrid etmədən də islah etmək mümkündür, buna görə də məhkəmə onun barəsində CMnin 70-ci maddəsinin tətbiqini mümkün hesab edir. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq olunması barədə qərar çıxara bilər. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun islah olunmasına kömək edən vəzifələr qoya bilər. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs üzərinə müəyyən vəzifələr qoyulması məsələsini də müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxsin davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə minib icraya yönəldiyi tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut kimi tanınaraq Quba RPŞ-nin maddi sübutlar otağına təhvil verilmiş Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bıçaq və Zərərçəkmiş şəxs məxsus istintaq zamanı götürülmüş bir ədəd qara rəngli, üzərində “DHARMA” yazısı olan qısaqol yay köynək məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Cinayət işi üzrə məhkəmə xərci yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.1996-cı il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 126.1-ci maddəsi üzrə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə üzrə 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla, Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzası şərti hesab edilsin və onun üzərində 01 (bir) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi Quba şəhər icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs tətbiq olunan sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş " ev dustaqlığı” qətimkan tədbiri ləğv edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq Quba RPŞnin maddi sübutlar otağına təhvil verilmiş Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bıçaq və Zərərçəkmiş şəxs məxsus istintaq zamanı götürülmüş bir ədəd qara rəngli, üzərində “DHARMA” yazısı olan qısaqol yay köynəyi məhv edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar