Məhkəmə qərarları › İş №1(124)-83/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(124)-83/2024

24.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(124)-83/2024 24.06.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X5, İctimai təhlükəli əməli anlaqsız vəziyyətdə törətməsi istinad edilən şəxsin hüquqi varisi: Qanuni nümayəndə, xx.xx.1984-cü il tarixdə Füzuli rayonu, İşıxlı kəndində doğulmuş, evli, orta təhsilli, Bakı şəhəri Yasamal rayonu Ə.Əhmədov küçəsində qeydiyyatda olmaqla Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşamış barəsində həbs qətimkan tədbiri seçilməklə və xüsusi tibb müəssisəsinə yerləşdirilmə təhlükəsizlik tədbiri tətbiq edilməklə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasında müalicə məqsədi ilə saxlanılmış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş əməli anlaqsız vəziyyətdə törətməsi ilə bağlı onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmayaraq rəsmi nikah münasibətində olduğu arvadı 1988-ci il təvəllüdlü Zərərçəkmiş şəxs başqa kişilərlə telefonla intim mövzuda yazışmalar və danışıqlar aparması, habelə onlarla intim münasibətdə olması qənaətinə gəlib bu barədə onunla 29 may 2022-ci il tarixdə saat 05 radələrində mübahisə etdikləri zaman Zərərçəkmiş şəxs ona aqressiv cavab verməyindən əsəbləşərək onu qısqanclıq zəminində öldürmək qərarına gəlib, bu niyyətlə birgə nikahdan olan uşaqları yatdıqdan sonra yaşadıqları evin mətbəx otağından tiyəsinin uzunluğu 160 mm, dəstəyinin uzunluğu 115 mm olan soyuq silah hesab edilməyən məişət təyinatlı mətbəx bıçağını götürərək arvadı ilə birgə olduqları yataq otağına qayıdıb yataq otağında uzanmış vəziyyətdə olan arvadına yaxınlaşaraq müstəsna dərəcədə qəddarlıq nümayiş etdirib, ona xüsusi ağrı yetirib, əlində olan bıçaqla sonuncunun həyat fəaliyyəti üçün vacib olan orqanların yerləşdiyi nahiyələrindən, yəni döş qəfəsi, qarın, hər iki bazu, hər iki said nahiyələrindən, eləcə də sağ əlindən xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs döş və qarın boşluğuna nüfuz edərək hər iki ağciyəri, yoğun bağırsağı yaralayan və kəskin daxili və xarici qanitirməyə səbəb olmuş deşilmiş-kəsilmiş yaralardan ölümünə səbəb olan döş qəfəsinin və qarın boşluğunun plevra və periton boşluqlarına nüfuz edərək hər iki ağciyəri və yoğun bağırsağı dəlib-keçən, iki tərəfli hemotoraksa və kəskin daxili və xarici qanitirməyə səbəb olmuş ümumilikdə 5 (beş) ədəd kəsilmiş-deşilmiş yaraları kimi həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik, habelə döş qəfəsinin arxa və ön səthinin, həmçinin qarın nahiyəsinin boşluğa nüfuz etməyən, həmçinin hər iki bazu, hər iki said nahiyələrinin, eləcə də sağ əlin ümumilikdə 26 ədəd həm ümumilikdə, həmdə ayrı-ayrılıqda sağlamlığa yüngül zərərvurmanın əlamətlərinə malik xəsarətlər yetirməklə anlaqsız vəziyyətdə Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni onu qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxsin hüqüqi varisi qismində dindirilmiş X4 göstərdi ki, Qaçay ilə qızı Rimmanın münasibəti əvvəllər yaxşı olmuş, lakin məlum oğurluq hadisəsindən sonra Qaçayın ailəsi Qaçaya çox təsir etmiş, buna görə də o, qızının Qaçaydan boşanmasını istəmiş, lakin Qaçay yalvararaq ailəsini dağıtmamasını xahiş etmişdir. O, hadisə barədə səhər saat 06 radələrində öyrənmiş, qızının Qaçay tərəfindən öldürüldüyünü bilmişdir. X6 dövlət ittihamçısının verdiyi suallara cavab olaraq Qaçayın usta işlədiyini bildirmiş, oğurluq hadisəsi barədə isə Qaçayın bacısının 2018-ci ilin fevral ayının axırı, mart ayının əvvəllərində onun qızının evindən qızıllarını oğurladığını demişdir. Qızı Rimmanın dediyinə görə Qaçay həmişə onunla yaxşı davranmış, bir dəfə də olsun üstünə qışqırmamışdır. Həmçinin qızının mobil telefondan istifadə etdiyini, ibtidai istintaq zamanı müstəntiqin qızının telefonuna baxdığını, orda qızının əxlaqı ilə bağlı hər hansı bir halın aşkar edilmədiyini, həmçinin qızı ilə evli olduğu müddətdə Qaçayın nəyəsə ciddi şəkildə əsəbləşməyinin şahidi olmadığını göstərmişdir. Məhkəmə istintaqı zamanı əməli anlaqsız vəziyyətdə törədilməsi istinad edilən şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, səhər saatlarında oğlu ona zəng edərək “Durma, gəl, öldürdüm, gəl uşaqlara sahib çıx, polisə xəbər vermişəm” demiş, o da Qaçayın evinə gedib uşaqları götürüb Seymurgilə qoymuş, sonra yenidən qayıdıb evin içərisinə girib baxmışdır. O, Qaçaydan bu əməli niyə törətdiyini soruşduqda oğlu ona “Ata, mən namus üstündə bunu etmişəm” demişdir. Oğlu orta təhsilli, hərbi xidmətə yararlı olmaqla Qax rayonunda hərbi xidmətdə olmuşdur. Oğlunun psixi problemləri olmamış, xəstəxanada qeydiyyatda olmamışdır. Oğlu ona dəfələrlə ailə daxili problemlərinin olduğunu söyləmiş, buna səbəb isə Rimmanın bacısı Rita olmuşdur. Həmçinin onlar boşanma üçün məhkəməyə müraciət etmişlər. Oğlunun hadisəni bıçaqla törətmiş, hadisədən sonra Qaçay özü 102-ə zəng edərək məlumat vermişdir. Qanuni nümayəndə məhkəmə tərkibinin suallarına cavab olaraq gəlini Rimmanın ailəsinin oğlu Qaçayı incitdiyini, hadisə baş verməmişdən qabaq Qaçayın sayıqlamalarının başladığını, oğlunu hadisədən qabaq sonuncu dəfə yeni il ərəfəsində gördüyünü, oğlu ona evə getmək istəmədiyini, onlarla yaşaya bilmədiyini demişdir. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, hadisə günü Qaçaygilin evinin ətrafına polislər yığışdıqdan sonra baş verənlərdən xəbəri olmuşdur. Həmçinin Qaçayın xaraktercə qapalı insan olduğunu, onunla çox söhbət etmədiyini, onu sonuncu dəfə hadisənin baş verdiyi ayda Füzuli rayonundakı toyda gördüyünü, Qaçayın arvadı ilə münasibətlərin necə olduğunu bilmədiyini, hadisədən əvvəl onlar arasında hər hansı bir mübahisənin olduğunu eşitmədiyini bildirmişdir. Oğurluq hadisəsi ilə bağlı isə göstərmişdir ki, guya onun arvadı Qaçaygildən qızıl oğurlamış, o da “başı ağrımasın” deyə 750 manata qızılı alıb vermişdir. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş X11 ifadəsində göstərmişdir ki, o axırıncı dəfə bacısı ilə 27 may 2022-ci il tarixində telefonla görüntülü olaraq danışmışdır. Oğurluq hadisəsindən sonra bacısı ona Qaçayın ona inanmadığını, bacısı başına nə isə gələcəyini hiss etmiş kimi özündə olan oğurluq əməli ilə bağlı videoları hadisədən bir gün əvvəl ona və başqa yaxınlarına göndərdiyini, hadisədən aylar əvvəl isə evdə “yaşıl kart” olduğunu, başına nəsə gəlsə həmin kartı götürmələrini söyləmişdir. Hadisənin səhəri günü baş verənləri öyrənmiş, bacısı oğlu Əzizağa ona hadisə barədə məlumat vermişdir. Bacısı Rimma ilə Qaçay arasında münasibətlər əvvəl yaxşı olmuş, lakin oğurluq hadisəsindən sonra münasibətləri pisləşmişdir.Video görüntüdə Qaçayın bacısının evdən oğurluq etdiyi görünmüşdür. Qaçayın heç bir psixi problemi olmamış, hətta o 2017-2018 ci ildə evini Qaçaya təmir etdirmiş, Qaçay çox qısqanc olduğu üçün bacısını hər yerə özü ilə aparmışdır. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Qanuni nümayəndə ifadəsində bildirmişdir ki, 29 may 2022-ci il tarixdə səhər saatlarında o bacısı ilə birlikdə eyni otaqda yatmış, bir anda səsləri eşidib oyanmışdır. Bu zaman atası onlara digər otağa keçməyə icazə verməmişdir. Atası yataq otağının qapısını örtüb çıxmışdır. Onlara öz otaqlarından çıxmağa icazə verməmişdir. Atasının üstündə qan, əlində isə bıçaq olduğunu görüb əvvələr də anası ilə aralarında soyuqluq olduğunu bildiyi üçün ona “Ata, eləmə’’ demişdir. Qapını açarkən şkafın yanında anasını görmüş, lakin atası onu içəri buraxmamışdır. Anasını görən zaman o, hərəkətsiz olmuşdur. Atasının anasına onun gözünün qabağında xəsarət yetirdiyini söyləməmiş, atasından nə baş verdiyini soruşduqda anasını vurduğunu söyləmişdir. Əvvələr anası və atası arasında mübahisələr olmuş, lakin atası bu zama kimi onlara səsini belə qaldırmamışdır. Son zamanlar atası çox fikirli olmuş, boş-boş divara baxmışdır. Hadisədən sonra atası özü polisə zəng etmişdir. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid2 ifadəsində hadisə zamanı yatdığını, eşitdiyi səslərə görə təxminən 04-06 radələrində yuxudan oyandığını, qışqırıq səslərini eşitdiyini, lakin qorxduğu üçün yerindən durmadığını bildirmişdir. Daha sonra nənəsi və babası gəlib onları aparmışdır. Hadisə zamanı atasının əlində heç nə görməmiş, atası ona ‘’böyüyəndə məni başa düşəcəksiz’’ demiş, lakin onun söylədikləri tam olaraq yadında qalmamışdır. Hadisə zamanı qardaşının da yatdığını, atasının yaxşı biri olduğunu, heç vaxt ailə üzvlərini incitmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş X7 ifadəsində bildirmişdir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs təyin olunmuş təkrar komisyon stasionar məhkəməpsixiatrik ekspertizasında iştirak etmiş, bundan qabaq da Qaçay bir dəfə ambulator məhkəmə-psixiatrik ekspertizasından keçmiş, orada rəy verilməmiş və stasionar ekspertizaya göndərilmişdir. Onun iştirak etdiyi rəydən qabaq iki dəfə stasionar ekspertiza keçirilmiş, anlaqsız vəziyyətdə olduğu qeyd olunmuşdur. Ekspertiza 24 iyun 2023-cü il tarixdə keçirilmişdir. Onunla birlikdə Eyyub Əliyev və Musa Musayev iştirak etmişdir. Onlar Təqsirləndirilən şəxs “üzvi sayıqlama” pozuntusu diaqnozu təyin etmişlər. Belə ki, hadisəni törədən zaman Təqsirləndirilən şəxs həmin pozuntunun təsiri altında olmuş, öz hərəkətinin xarakterini, ictimai təhlükəliliyini dərk etmək və idarə etmək iqtidarında olmamışdır. Rəy verilərkən iş materiallarına, həmçinin yoxlanılan şəxsin müayinəsinə istinad edilmişdir. Müayinədə kliniki söhbətlər aparılmışdır. Qaçayın nəslində, o cümlədən qohumlarında belə bir xəstəliyin olub-olmamasının məsələyə heç bir aidiyyatı yoxdur. Onlar konkret olaraq şəxsi yoxlayırlar. İkincisi, psixi xəstəliklərin böyük əksəriyyəti sonradan yaranandır. Psixiatriya sahəsində anadangəlmə yaranan xəstəliklər ancaq əqli gerilikdir. Qaçayda da bu xəstəlik sonradan yaranıb, uşaqlıqdan xəstəlik olması vacib deyildir. Bu xəstəlik sayıqlama pozuntusudur və sayıqlama pozuntusunun tərkibində müxtəlif mövzulu sayıqlamalar ola bilər. Təqsirləndirilən şəxs qısqanclıq sayıqlaması vardır. “Üzvi sayıqlama” sayıqlama əsası olmayan, məntiqsiz dəlillərə əsaslanan qısqanmadır. Adi qısqanmadan fəqli olaraq bu qısqanma tamamilə məntiqsizdir, heç bir şeyə əsaslanmır. Vaxtına gəldikdə isə təbii ki, xəstəlik hadisə günü yaranmayıb, hadisədən müəyyən müddət əvvəl yaranıb. Lakin xəstəliyin dəqiq başlanma tarixini müəyyən etmək mümkün deyildir. Qaçay 2008-ci il tarixdə ailə həyatı qursa da, qısqanclığını daha sonradan məntiqsiz dəlillərlə sübut etməyə çalışır. Bəllidir ki, xəstəlik hadisədən qabaq yaranıb. Hətta ifadədə qeyd edilir ki, hadisədən qabaq qısqanclıq zəminində mübahisələri olmuş, arvad ondan boşanmaq istəmişdir. Cinayət hadisəsinə kimi artıq o fikirlər olmuşdur. Qaçay ifadəsində də göstərmişdir və onlara da bildirmişdir ki, aidiyyatı olmayan iki nəfər şəxsə arvadını qısqanır. Heç bir dəlil, əsas gətirmir. “Whatsapp”-ı izləyir, baxır ki, o iki nəfər şəxs nə vaxt “Whatsapp”-da olublar və görür ki, arvadı da ona uyğun vaxtda “Whatsapp”-da olub. Düşünür ki, bunlar bir-birilə əlaqəlidir, bir-birilərilə yazışırlar. Hətta yadındadır ki, müayinə zamanı ona arvadının xəyanətiylə bağlı əsaslı, normal dəlil gətirməsini bildirmişdirlər. O da deyirdi ki, camaat məhəllədə ona namusu ləkələnmiş kimi baxırdılar, üzlərini çevirib onunla danışmaq istəməmişdirlər. Bunlara əsaslanıb deyirdi ki, arvadı ona xəyanət edir. Son olaraq da onu deyir ki, gecə saat dörddə yuxudan oyanmış və görmüşdür ki, arvadı yanında yoxdur. Görmüşdür ki, hamam otağından çıxır və ona dəstəmaz aldığını qeyd etmiş, ancaq ona inanmamış, çünki həmin vaxt o xəyanət etmişdir. Yəni bu dərəcədə məntiqsiz fikirləşir. Düşünür ki, gecə vaxtı arvadı yatağından qalxıb gedir xəyanət edir, daha sonra yenidən yatağa qayıdır. Qaçay bu cür məntiqsiz fikirlərlə öz ideyalarını təsdiq edirdi. Hal-hazırda Qaçay əvvəllər dediyi fikirlərə tənqidi yanaşmır. Təqsirləndirilən şəxs hazırda düşünür ki, düz edib, etdiyi hərəkətlə namusunu təmizləyib. Bu fikirlər Qaçayda var, ancaq bunun ətrafında digər fikirlər də ola bilər və inkişaf edə bilər. Hətta ola bilsin uşaqların ondan olmaması kimi fikirlər də düşünə bilər. Ona görə də Qaçayda xəstəliyinə qarşı tənqid formalaşmayıbsa, deməli sağalmayıb. Baxayaraq ki, obyekt ölüb, ancaq xəstəlik davam edir. Qaçayın bıçağı götürmək, uşaqları hadisə yerindən uzaqlaşdırması kimi funksiyaları pozulmayıb. O dərk edir ki, bu, onun uşaqlarıdır, uşaqlar hadisəni görməməlidir. Cinayət törədəndən sonra başa düşür ki, cinayət törədib və buna görə məsuliyyətə cəlb olunacaq. Sadəcə olaraq onun sayıqlama fikri arvadına qarşı yönəlib. Düşünür ki, arvadı ona xəyanət edir və bu xəyanətə görə hamı ona pis baxır, şərəfsiz kimi baxır, arvadını öldürməklə namusunu təmizləyəcək. Buradadır bunun sayıqlaması. Qaçayın bütün funksiyaları sayıqlamanın təsiri altında deyildir. Üzvi sayıqlama xəstəliyi müalicə oluna biləndir. Ancaq sağaldıqdan sonra şəxsin yenidən bu xəstəliyə tutulmaq ehtimalı vardır. Qeyd etdiyim kimi, sağalmaq ehtimalı da kifayət qədərdir. Qaçay təxminən 21 gün müşahidə altında olub, ancaq dəqiq vaxt demək üçün sənədlərə baxmaq lazımdır. Sayıqlamanın müəyyən mövzusu olur. Qaçayda sayıqlamanın mövzusu qısqanclıqdır, qalan mövzularda Təqsirləndirilən şəxs normal düşünə bilən insandır. Qısqanclıq mövzusunda məntiqsiz fikirlər irəli sürür, bu məntiqsiz fikirlərin altında cinayət törədir. Psixi xəstəliklər də digər xəstəliklər kimi nə vaxtsa başlaya bilər. Vacib deyil ki, xəstə bununla bağlı əvvəl haradasa qeydiyyatda olsun. İkincisi, Qaçay uzun müddət evli olub, ailə daxili münasibətləri yaxşı olub, bəs nə oldu ki, son dövrdə münasibət pozulmağa başladı. Hətta oradada var ki, Rima boşanma ilə bağlı məhkəməyə ərizə ilə müraciət edib, sonradan ərizəsini geri götürüb. Görünür ki, bu sayıqlamalar nəticəsində münasibətlər pozulmağa başlayıb. Nə üçün qohumlar, ətrafdakılar Qaçayın xəstəliyini hiss etmirlər. Ona görə ki, başqa hərəkətlərində qeyri-adi mövzulu davranış sərgiləmir, qeyri-adi hərəkətlər özünü qısqanclıqla bağlı hissədə göstərir. Buradakı qısqanclığı da məişətdəki adi qısqanclıqdan fərqləndirmək çətindir. Bunu ayırd etmək üçün də mütəxəssis olmaq lazımdır. Ətrafdakılar xəstəliyi görməsə də, Qaçayın arvadıyla münasibətinin pisləşdiyini görüblər. Qaçay birinin adı Fizuli olmaqla iki nəfər şəxsin adını çəkir ki, arvadının bu adamlarla cinsi əlaqədə olduğunu bildirir. Hazırda Qaçay həmin şəxslər üçün də təhlükə mənbəyidir. Təqsirləndirilən şəxs qısqandığı şəxslərə qarşı təhlükə yarada bilər. Hansı ki qısqanma əsassızdır, Qaçay azadlıqda olarsa, qısqandığı şəxslərə qarşı nəsə edə bilər. Arvadını qısqanıb öldürüb. Sabah deyəcək ki, bu iki şəxs onun arvadını yoldan çıxarıb, gedib onları öldürəcək. Heç Qaçayın qısqandığı şəxslərin dairəsi tam müəyyən olunmayıb. Qaçay müalicə olunmalıdır ki, bu kimi fikirlər beynindən çıxsın. Qaçayda arvadına qarşı sayıqlamalardır. Ola bilər arvadını öldürsün, ya da kimdən şübhələnirsə, onu öldürməyə yönələ bilər, mümkündür də. Təqsirləndirilən şəxs özünə neçə dəfə xəsarət yetirdiyini bilmir, ancaq istintaq təcridxanasında Qaçayın özünə xəsarət yetirməsi faktı olub. Halhazırda Qaçay xəstədir, çünki etmiş olduğu hərəkət və düşüncələrinə tənqidi münasibəti yoxdur. Əmindir ki, arvadı ona Mehdi və Fizuli ilə xəyanət edib. Qısqanclıq sayıqlamasını aşkara çıxarmaq çox çətindir. Kənardan bunu sezmək çox çətindir. Məişət qısqanclığına çox oxşayır. Məişət qısqanclığında ola bilsin insan xasiyyətcə qısqanc olsun, ya da hansısa situasiya onun qısqanmasına səbəb olsun. Ancaq önəmli olan odur ki, insan hansı dəlillərlə bu qısqanclığı, “xəyanət”-i əsaslandırır. Qaçay əsaslandırır ki, mən məhəlləyə çıxanda mənə başqa gözlə baxırlar, məni görəndə üzlərini digər istiqamətə çevirirlər, deməli, arvadım mənə xəyanət edir. Şahidlər X8 və X9 məhkəmə istintaqı zamanı vermiş olduqları ifadələrindən görünür ki, onlar, şahid X2 məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi ilə oxşar məzmunlu ifadə verərək göstərdiyi xüsusatları təqdiq etmişdirlər. İş materiallarına əlavə edilmiş kompleks stasionar məhkəmə psixiatrik və psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 129 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda «sayıqlama pozuntusu» (psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F22.0) müəyyən edilir. Bunu cinayət işi materiallarındakı toplanmış ifadələr, istintaq təcridxanasındakı davranışı (adına açılan şəxsi işdə özünə və digərlərinə xəsarət yetirməyə, intihar və digər qeyri-adi hərəkətlər etməyə meylli olduğunun qeyd olunması) və hal-hazırkı psixiatrik müayinənin nəticələri, yoxlanılan şəxsin stasionar şöbədə müayinədə olduğu müddət ərzində ünsiyyətə meylli olmaması, daxili həyəcanlarını bölüşməməsi, gün ərzində vaxtının əksər qismini fikirli halda keçirməsi, əhvali-ruhiyyəsinin bir qədər aşağı olması, ekspert komissiyasının yığıncağında aparılan müayinə gedişində mimikasında narazılıq, gərginlik ifadəsi müşahidə edilməsi, söz təması yaratmağın bir qədər çətinliklə mümkün olması, verilən suallara neqativ yanaşması, aparılan sorğu-sual gedişatında kəskin produktiv psixopatoloji simptomatika qismində qısqanclıq məzmunlu sayıqlama fikirləri aşkar edilməsi, emosiyalarında ümumən dəyişkənlik müşahidə edilməsi, əhvali-mahiyyəti fonunun bir qədər aşağı olması, hərəkətiradi funksiyalarının enməsi, ona ittiham olunan cinayət əməli barəsində soruşularkən gərginliyi artmış halda cəfəng fikirlər söyləməsi, dediklərinə böyük inamla və əminliklə yanaşması, əks-arqumentləri heç cür qəbul etməməsi, məntiqi korreksiyanın mümkün olmaması, həyat yoldaşının simasını dəyişməsindən, ona xəyanətindən əmin olduğunu, bunları yalnız hiss etdiyini bildirməsi, bu səbəbdən qeyri-adekvat davranış göstərməsi, aparılan müayinənin gedişinə və onun ola biləcək nəticələrinə maraq göstərməməsi, özü və ətrafdakılar üçün sosial təhlükə kəsb etməsi, törətmiş olduğu cinayət əməlinə və yaranmış vəziyyətə tənqidi münasibət bəsləməməsi və s.) sübut edir. Təqsirləndirilən şəxs aşkarlanan psixi patologiya tezliklə qüvvəyə minəcək klassifikatorda - psixi, davranış və yaxud neyro inkişaf pozuntularının beynəlxalq təsnifatının 11-ci baxışında «Sayıqlama pozuntusu» rubrikasında 6A24.0 kodu altında «Sayıqlama pozuntusu, hal-hazırda simptomatik» olaraq qeyd edilir. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməlini törətməmişdən əvvəl və törədərkən sayıqlama pozuntusundan əziyyət çəkmişdir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən keçirdiyi sayıqlama pozuntusu nəticəsində öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən əziyyət çəkdiyi sayıqlama pozuntusu halhazırda da davam edir. Buna görə Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında deyildir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.4-cü maddəsinə əsasən ixtisaslaşdırılmış psixiatriya stasionarında intensiv müşahidə altında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törədərkən keçirdiyi sayıqlama pozuntusu nəticəsində öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onlan idarə etmək iqtidarında olmamışdır. Buna görə Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlinə görə anlaqsız hesab edilməlidir. Odur ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyəti (affekt) keçirməmişdir. İş materiallarına əlavə edilmiş kompleks stasionar məhkəmə psixiatrik və psixoloji ekspertizasının təkrar xx.xx.2022-ci il tarixli 4507 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda «üzvi sayıqlama pozuntusu» (psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F06.2) müəyyən edilir. Bunu cinayət işi materiallarındakı toplanmış ifadələr, istintaq təcridxanasındakı davranışı (adına açılan şəxsi işdə özünə və digərlərinə xəsarət yetirməyə, intihar və digər qeyri-adi hərəkətlər etməyə meylli olduğunun qeydə alınması) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (yoxlanılan şəxsin stasionar şöbədə müayinədə olduğu müddət ərzində özünü zahirən sakit aparmağa və şöbədaxili rejimə tabe olmağa çalışmasına baxmayaraq narahat olması, ümumi və şəxsi gigiyena qaydalanna yetərincə riayət etməməsi, xarici görkəminə diqqət yetirməməsi, davranışının mövcud şəraitə uyğun gəlməməsi, özünə qapılması, ünsiyyətə meylli olmaması, daxili həyəcanlarını bölüşməməsi, əhvali- ruhiyyəsinin dəyişkən və çox vaxt aşağı olması, gün ərzində vaxtının əksər qismini fikirli halda keçirməsi, baş ağrısından, yuxusuzluqdan, yuxarı və əksərən aşağı ətraflarında ağrını xatırladan xoşagəlməz hissin əzab verməsindən, başının keyləşməsindən, yaddaşının arada «getməsindən», qulaqlarına xışıltıya bənzəyən «səslər» gəlməsindən, gözlərin önündə ara-sıra görüntülər olmasından şikayətlənməsi, 11 dekabr 2022-ci il tarixində narahatlığının artması, ona yaxınlaşan növbətçi personala cəfəng məzmunlu qəribə fikirlər söyləməsi, bundan sonra əsəbiləşərək aqressivliyinin artması və başını dəfələrlə divara vurması, bunun nəticəsində başının alın nahiyəsindən xəsarət alması, ekspert komissiyasının yığıncağında aparılan müayinə gedişində zahirən səliqəsiz, narahat və gərgin görünməsi, simasında narazılıq ifadəsinin müşahidə olunması, produktiv verbal kontakt qurmaqda çətinlik yaranması, söhbətə könülsüz qoşulması, alçaq səslə danışması, suallara yubanmaqla və əsasən müxtəsər cavab verməsi, verilən sualların bir qisminə qərəzli yanaşması, aparılan sorğu-sual gedişatında kəskin produktiv psixopatoloji simptomatika qismində qısqanclıq məzmunlu sayıqlama fikirləri söyləməsi, fikirlərinin reallığı əks etdirməməsi, əhvali-ruhiyyəsində dəyişkənlik müşahidə edilməsi, hərəkəti-iradi funksiyalarının aşağı olması, ittiham olunduğu cinayət əməli və hadisələrin mahiyyəti barəsində soruşularkən əsassız fikirlərə istinad etməsi, dediklərinə çox inanması, əks arqumentləri heç cür qəbul etməməsi, hətta onlardan qıcıqlanması, həyat yoldaşının aldatması ilə bağlı sübutlar gətirməsini istədikdə öz təfəkkürünə uyğun cəfəng fikirlərini davam etdirməsi, aparılan müayinənin gedişinə və onun ola biləcək nəticələrinə maraq göstərməməsi, özünü psixi xəstə hesab etməməsi, özü və ətrafdakılar üçün sosial təhlükə kəsb etməsi, törətmiş olduğu cinayət əməlinə və yaranmış vəziyyətə tənqidi münasibət bəsləməməsi və s.) sübut edir. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməlini törətməzdən əvvəl və törədərkən üzvi sayıqlama pozuntusundan əziyyət çəkmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən əziyyət çəkdiyi üzvi sayıqlama pozuntusu hal-hazırda da davam edir. Buna görə Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında deyildir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs düçar psixi patologiya hal-hazırda davam etdiyinə görə onun stasionar şəraitdə müalicəyə ehtiyacının yarandığı müəyyənləşir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.4-cü maddəsinə əsasən ixtisaslaşdırılmış psixiatriya stasionarında intensiv müşahidə altında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində (affekt) olmamışdır. 14 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə iş başlanmış, sonuncunun psixi vəziyyətinə görə iş üzrə icraatda iştirak edə bilmədiyi üçün bu barədə müvafiq protokol tərtib edilərək, prosessual fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi məsələsinin həll edilməsi üçün Abşeron rayon məhkəməsinə göndərilmişdir. Abşeron rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli 4(012)-779/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs prosessual fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Abşeron rayon məhkəməsinin 15 dekabr 2022-ci il tarixli 4(12)-778/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin əvəzinə təhlükəsizlik tədbiri qismində xüsusi tibb müəssisəsinə, yəni Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” Publik Hüquqi şəxsində yerləşdirilməsi haqqında qərar qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Qanuni nümayəndə Təqsirləndirilən şəxs atasıdır. Təqsirləndirilən şəxs atası Qanuni nümayəndə ərizə ilə rayon prokurorluğuna müraciət edərək Təqsirləndirilən şəxs qanuni nümayəndəsi qismində tanınmasını xahiş etdiyindən o, anlaqsız vəziyyətdə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi istinad edilən şəxs Təqsirləndirilən şəxs qanuni nümayəndəsi qismində tanınmışdır. İş materiallarına əlavə edilmiş “təkrar komisyon stasionar məhkəmə psixiatrik ekspertizasının” 24 iyun 2023-cü il tarixli 90 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə onda qeyd olunan psixi pozuntu nəticəsində öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda da üzvi sayıqlama pozuntusu aşkar olunur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs“Üzvi sayıqlama pozuntusu” formasında psixi pozuntunun dəqiq nə vaxt yarandığı müəyyən etmək mümkün deyil. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törədərkən keçirdiyi “Üzvi sayıqlama pozuntusu” nəticəsində öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Buna görə Təqsirləndirilən şəxs təsirləndirildiyi cinayət əməlinə görə anlaqsız hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Onda qeyd olunan psixi pozuntu nəticəsində özü və ətrafdakılar üçüm təhlükə kəsb etdiyindən müalicə almadığı təqdirdə yenidən cinayət törədə bilməsi ehtimalı vardır. Təqsirləndirilən şəxs keçirdiyi psixi patologiya hal-hazırda davam etdiyindən onun stasionar şəraitdə məcburi müalicəyə ehtiyacı vardır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.4-cü maddəsinə əsasən ixtisaslaşdırılmış psixiatriya stasionarında intensiv müşahidə altında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirinin tətbiq edilməsi məsləhət görülür. Təqsirləndirilən şəxs “Üzvi sayıqlama pozuntusu” formasında psixi patologiya müəyyən olunduğundan onda simulyasiya inkar edilir. Onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.4-cü maddəsinə əsasən ixtisaslaşdırılmış psixiatriya stasionarında intensiv müşahidə altında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirinin tətbiq edilməsi məsləhət görülürməsi onun özü və ətrafdakılar üçün təhlükəli olması və psixi xəstəliyin intensiv müşahidə tələb etməsi ilə izah olunur. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini anlaqsız vəziyyətdə törətdiyi və onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşdüyündən o, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 477-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21.1-ci maddəsinə əsasən ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya onu idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilmir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 477.3-cü maddəsinə əsasən şəxs tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin anlaqsız vəziyyətdə törədilməsini sübuta yetirilmiş hesab etdikdə, məhkəmə onun cinayət məsuliyyətindən azad edilməsi barədə qərar çıxarır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə müəssisəsindən daxil olmuş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə 3 Saylı İT-dan təcili etapla “Bədəninin müxtəlif nahiyyələrinin İİ və İİİ dərəcəli yanığı” diqanozu ilə müəssisənin intensiv terapiya şöbəsinə daxil olmuşdur. Aparılan müalicə tədbirləri nəticəsində Təqsirləndirilən şəxs səhhətində müsbət dinamika müşahidə edilməmiş, daha da ağırlaşmış, 16 aprel 2024-cü il tarixdə təxminən 09:25 radələrində müəssisənin intensiv terapiya şöbəsində “Bədən səthinin İİİ-İV dərəcəli termik yanığı, kəskin böyrək çatışmazlığı hipoalbuminemiya” diaqnozu ilə ölmüşdür. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə ölmüş, ölüm aktı xx.xx.2024-cü il tarixdə 1 Saylı Sumqayıt Regional Asan Xidmət Mərkəzində qeydiyyat şöbəsində qeydiyyata alınmışdır. Qanunvericiliyin tələblərinə uyğun olaraq Qanuni nümayəndə əməli anlaqsız vəziyyətdə törədilməsi istinad edilən şəxsin hüquqi varisi qismində tanınaraq prosesə buraxılmışdır. Məhkəmə gedişatında əməli anlaqsız vəziyyətdə törədilməsi istinad edilən şəxsin hüquqi varisi Qanuni nümayəndə ərizə ilə müraciət edərək, oğlu Təqsirləndirilən şəxs ölməsi ilə əlaqədar cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında dövlət ittihamçısı eyni əsaslarla şəxsin cinayət məsuliyyətindən azad edilməsini və cinayət təqibinə xitam verilməsini təklif etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, təqsirləndirilən şəxsin tərəflərin işin sonrakı hərəkəti barədə təkliflərini nəzərə alaraq, hesab edir ki, cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3-1-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçisinin razılığı ilə yol verilir. Bu Məcəllənin 106-1.1-ci maddəsinə əsasən ölmüş təqsirləndirilən (şübhəli) şəxsin hüquq və vəzifələrini cinayət işi üzrə icraat zamanı həyata keçirmək istəyini bildirən yaxın qohumlarından biri təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisi hesab olunur. Həmin Məcəllənin 39.1.5-ci maddəsinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Göründüyü kimi, əməli anlaqsız vəziyyətdə törətməsi istinad edilən şəxs ölmüş, onun hüquqi varisi qimində tanınaraq prosesə buraxılmış atası Qanuni nümayəndə isə icraata xitam verilməsinə razılıq vermişdir. Belə olan halda Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair icraata xitam verilməlidir. Bununla yanaşı iş üzrə tanınmış maddi sübutlar barədə də qərar qəbul edilməlidir. Məhkəmə hesab edir ki, icraata xitam verildiyinə görə iş üzrə maddi sübut olub Abşeron rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan, zərər çəkmiş şəxs X1 məxsus şalvar, köynək, tuman zərər çəkmiş şəxsin hüquqi varisinə qaytarılmalı, qəbul edilmədikdə məhv edilməli, Təqsirləndirilən şəxs məxsus köynək və tuman əməli anlaqsız vəziyyətdə törədilməsi istinad edilən şəxsin hüquqi varisinə qaytarılmalı, qəbul edilmədikdə məhv edilməli, mələfə, üzərində qan ləkələri olan 2 ədəd çubuqlu tampon, bir ədəd bıçaq məhv edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5, 41.2, 43, 321.2.1 və 384.1-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALİR: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsində nəzərdə tutulmuş ictimai təhlükəli əməli anlaqsız vəziyyətdə törətdiyinə görə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldüyündən CPM-nin 39.1.5 və 43.3-1-ci maddəsinə əsasən barəsindəki iş üzrə icraata xitam verilsin. İcraat materialları üzrə maddi sübutlar - zərər çəkmiş şəxs X1 məxsus şalvar, köynək, tuman zərər çəkmiş şəxsin hüquqi varisinə qaytarılsın, qəbul edilmədikdə məhv edilsin, Təqsirləndirilən şəxs məxsus köynək və tuman onun hüquqi varisinə qaytarılsın, qəbul edilmədikdə məhv edilsin, mələfə, üzərində qan ləkələri olan 2 ədəd çubuqlu tampon, bir ədəd bıçaq məhv edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar