Məhkəmə qərarları › İş №1(124)-84/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-84/2023

22.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-84/2023 22.06.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu, Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin iştirakları ilə, 18 avqust 1980-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq külli miqdarda 01 (bir) ədəd qara sellofan bükümdə təmiz çəkisi 188,866 qram narkotik vasitə heroini satış məqsədi İlə əldə edib daşıyaraq üzərində saxlamış, 05 yanvar 2022-ci il tarixdə saat 21:00-da Sumqayıt şəhəri, H.Z.Tağtyev qəsəbəsi, Səməd Vurğun küçəsində yerləşən “Socar EP” zavodunun qarşısında Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən saxlanılıb Sumqayıt ŞPİ-nə gətirildikdən sonra, polis idarəsində üzərinə şəxsi axtarış aparılarkən, onun əynində olan göy rəngli gödəkcəsinin sağ yan cibindən 01 (bir) ədəd qara rəngli sellofan bükümdə saxladığı kustar üsulla hazırlanmış təmiz çəkisi 188,866 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verməsi təklif olunan Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadə verməkdən imtina etmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Özünü qismən təqsirli bilməsini isə onunla izah etmişdir ki, ittihamda göstərilən narkotik vasitə onda olmuş, lakin o, həmin narkotik vasitəni satış məqsədi ilə deyil, şəxsi istifadəsi üçün əldə etmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi və məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsindən görünür ki, o, elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Cəza çəkmə müəssəsində olan zaman məhbuslar arasında söhbət edərkən o, da narkotik vasitələrdən istifadə etdiyini bildirmişdir. Məhbuslardan biri ona bildirmiş ki, Bakı şəhərində, İran islam Respublikasının vətəndaşı olan bir tanışı var, ondan narkotik vasitə ala bilərsən. O, da həmin şəxsin mobil telefon nömrəsini götürmüşdür. Təxminən 1 aydır ki, cəza çəkmə müəssəsindən çıxmış və cəza çəkmə müəssəsindən çıxdığı gündən demək olar ki, hərdən bir narkotik vasitələrdən istifadə edir. Cəza çəkmə müəssəsindən çıxdıqdan sonra maddi imkanı zəif olduğundan özünə mobil telefon ala bilməmişdir. Bu səbəbdən anasına məxsus mobil telefondan hərdən bir istifadə etmişdir. xx.xx.2022-ci il tarixdə o, İran İslam Respublikasının vətəndaşı ilə whatsapp sosial şəbəkə vasitələ əlaqə saxlamış və ondan narkotik vasitə istəmişdir. Həmin şəxsdə ona Bakı şəhəri, Biləcəri qəsəbəsi ərazisində 6-cı dalan adlanan ərazidə dediyi yerdə 1 ədəd sellofanda narkotik vasitə qoyacağını bildirmişdir. Onların razılaşmaqlarına əsasən o, narkotik vasitəni götürdükdən sonra ona 1000-1200 manat pul verəcəkmiş. Qeyd olunan tarixdə o, həmin ünvana gedib İran islam Respublikasının vətəndaşının dediyi yerdən 1 ədəd qara sellofan büküm olduğunu görmüş və götürmüşdür. Baxmış ki, həmin sellofanın içində narkotik vasitə heroindir və onu əynində olan gödəkcəsinin sağ cibinə qoymuşdur. Həmin bükümü götürdükdən sonra Maxim.az taksi şirkətindən taksi sifariş vermiş ki, Sumqayıt şəhərinə geri qayıtsın. Taksi sifariş verdikdən sonra dostu Pərvizlə əlaqə saxlamış ki, cəza çəkmə müəssəsindən çıxandan sonra səninlə görüşməmişəm, bu səbəbdən səninlə görüşmək istiyirəm. Pərvizdə bildirmiş ki, işdən çıxıb Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Səməd Vurğun küçəsində olacaqdır. O, da bu səbəbdən sifariş etdiyi taksi ilə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Səməd Vurğun küçəsinə gəlmişdir. O, yenicə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, S.Vurğun küçəsində yerləşən "Socar EP" zavodunun qarşısına çatıb taksidən düşüb Pərvizi gözləyən zaman bir neçə mülki geyimli şəxs ona yaxınlaşıb özlərini polis əməkdaşları olduqlarını bildirib və özlərini təqdim etdikdən sonra ona üzərində narkotik vasitə daşımağından şübhələndiklərinə görə onlarla Sumqayıt ŞPİ-nə aparılacağını bildirmişlər. O, da etiraz etməmiş və onlarla birlikdə polis idarəsinə getmişdir. Orada xidməti otaqda onu ora gətirən polis işçiləri və ona dövlət hesabına təyin edilmiş müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirməzdən əvvəl ona hüquq və vəzifələri izah olunmuş, sonra ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet vardırsa təqdim etməyi təklif olunmuş, o, da əynində gödəkcəsinin sağ yan cibində saxlamış olduğum 1 ədəd qara rəngli sellofan bükümü təqdim etmişdir. Həmin büküm açıldıqda içərisində qəhvəyi rəngli, spesifik iyə malik toz halında narkotik vasitə olan “heroin”ə bənzər maddənin olduğu məlum olmuşdur. Şəxsi axtarış zamanı üzərindən 1 ədəd qara rəngli sellofan bükümdə olan narkotik vasitə heroindən başqa heç bir cinayət xarakterli əşya və ya predmet aşkar olunmamışdır. Həmin kütlə ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq zərf paketin üzəri onun və digər iştirakçıların tərəfindən imzalanmışdır. Polis idarəsində ona qarşı hər hansı fiziki və ya psixi təsir göstərilməmişdir. Üzərindən aşkar edilərək götürülmüş kütlələr ona məxsusdur. Öz istifadəsi üçün üzərində saxlamışdır. (Cild 1, iş vərəqləri 59-62) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi tədqiq edir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin Cinayət-Axtarış Şöbəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs daxil olmuş əməliyyat məlumatı əsasında 05 yanvar 2022-ci il tarixdə saxlamışlar. Məlumat Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə daşımasından ibarət olmuşdur. Saxlanıldıqda üzərində təxminən 200 qr miqdarında narkotik vasitə aşkar olunmuşdur. Sual edildikdə narkotik vasitəni iranlı şəxsdən aldığını bildirmişdi. Saxlanıldığı zaman və daha sonra Təqsirləndirilən şəxs hər hansı təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs saxlanıldığı əməliyyat qrupunda ondan əlavə Şahid3, Şahid4, Şahid2 da olmuşlar. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin Cinayət-Axtarış Şöbəsinin kiçik inspektoru Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs daxil olmuş əməliyyat məlumatı əsasında 05 yanvar 2022-ci il tarixdə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində saxlamışlar. Saxlanıldıqda üzərindən 200 qram narkotik vasitə aşkar olunmuş və bu barədə soruşduqda iranlı şəxsdən aldığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin Cinayət-Axtarışı Şöbəsinin kiçik inspektoru Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs daxil olmuş əməliyyat məlumatı əsasında 05 yanvar 2022-ci il tarixdə axşam saatlarında saxlamışlar. Saxlanıldıqda üzərində təxminən 200 qr miqdarında narkotik vasitə aşkar olunmuşdur. Əməliyyat qrupuna rəhbərliyi Şahid1 həyata keçirmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid5 ifadəsində göstərdi ki, ünvan 2 ünvanda ailəsi ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır. Onunla qonşuluqda yaşayır. Həmişə münasibətləri normal olmuş, indiyə kimi hər hansı bir düşmənçilikləri olmamışdır. Təqsirləndirilən şəxs cəza çəkmə müəssəsindən yenicə çıxmışdır. Təqsirləndirilən şəxs həbsdən çıxandan sonra o, onunla görüşməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə aludəçisi olduğunu bilmişdir. Çünki Təqsirləndirilən şəxs əvvəllər də, narkotik vasitələrdən istifadə etdiyinə görə məhkum olunmuşdur. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs ona zəng edərək cəza çəkmə müəssəindən çıxdıqdan sonra onunla görüşmədiyini bildirərək, görüşmək istədiyini bildirmişdir. O, da ona işdən çıxdıqdan sonra axşam tərəfi görüşə biləcəyini bildirmişdir. Qeyd olunan tarixdə yəni, xx.xx.2022-ci il tarixdə saat təxminən 20:30 radələrində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, S.Vurğun küçəsində yerləşən “Socar EP” zavodunun yaxınlığında Təqsirləndirilən şəxs ilə təxminən 2 dəqiqə salamlaşıb sonra o, getmişdir. Sonradan bilmiş ki, onunla görüşdükdən sonra polis əməkdaşları Təqsirləndirilən şəxs üzərində narkotik vasitə daşıdığına görə saxlayıb polis idarəsinə aparmışlar. O, heç vaxtı narkotik vasitələrdən istifadə etməmiş, həmçinin Təqsirləndirilən şəxs ilə görüşən zaman sonuncunun üzərində narkotik vasitə olmasından heç bir məlumatı olmamışdır. (Cild 1, iş vərəqləri 87-90) Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Sumqayıt ŞPİ-nin CAŞ-nin kiçik inspektoru Şahid2 ifadəsindən görünür ki, o, şahidlər Şahid3 və Şahid4la oxşar məzmunlu ifadə verərək onların ifadələrində göstərdikləri xüsusatları bir daha təsdiq etmişdir. (Cild 1, iş vərəqləri 134-137) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “Şəxsi axtarış keçirilməsi barədə” 05 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, əvvəlcə Təqsirləndirilən şəxs təklif olunur ki, üzərində qanunla qadağan olunan hər hansı əşya varsa təqdim etsin. O, isə əynində olan göy rəngli gödəkcənin sağ yan cibində saxlamış olduğu 01 ədəd qara rəngli sellofan bükümü təqdim etmiş, həmin qara rəngli sellofan bükümün içərisində isə qəhvəyi rəngli spesifik iyə malik toz halında narkotik vasitə heroinə bənzər maddə olduğu müəyyən edilmişdir. (Cild 1, iş vərəqləri 24-25) “Şəxsi axtarış keçirilməsi barədə” 05 yanvar 2022-ci il tarixli protokolda əks olunan əməliyyat-istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı bir ədəd disk cinayət işi materiallarına əlavə edilmişdir. Həmin videogörüntülərin əks olunduğu diskə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin şəxsi axtarışı zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 06 yanvar 2022-ci il tarixli, 6/32 nömrəli rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 124” dairəvi möhür əksi “Saxlanılan şəxs l.imza 1.Təqsirləndirilən şəxs..” yazı və imzalar olan zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 188,866 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. (Cild 1, iş vərəqləri 34- 39) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının 08 yanvar 2022-ci il tarixli, 80 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqləri 149-150) Cinayət işinin materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 15 mart 2022-ci il tarixli qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq qalmış 188,816 qram çəkidə narkotik vasitə heroin maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. 01 ədəd disk maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqləri) Cinayət işinin materiallarında olan “Cinayət işi materiallarından digər cinayət işinin ayrılması barədə” 15 mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş külli miqdarda narkotik vasitənin mənbəyinin müəyyən edilməsi məqsədilə hazırki cinayət işindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmışdır. (Cild 1, iş vərəq 163) “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İ siyahısının 5-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə heroinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əldə edərək, saxladığı və daşıdığı ümumilikdə 188,866 qram, yəni narkotik vasitə heroinin şəxsi istehlak miqdarından təxminən 1259 dəfə, külli miqdardan isə 94 dəfə artıq olması onun məqsədinin satışla bağlı olduğunun bilavasitə təzahürüdür. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu və 61-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən, hökmün surətindən, həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 1 saylı cəzaçəkmə müəssisəsindən daxil olmuş amnistiya aktının tətbiq edilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Sumqayıt şəhər Məhkəməsinin 18 mart 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 02 dekabr 2021ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 2.4 bəndinə əsasən azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Həmin qərarın 7-ci bəndində qeyd olunmuşdur ki, “bu qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülsün”. (Cild 1, iş vərəqləri 91-92, 107-119) Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən hazırki iş üzrə Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs hesab olunur. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 05 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt şəhər məhkəməsinin 07 yanvar 2022-ci il tarixli qərarı ilə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 17, 68-69) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 05 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1-ci maddəsinin tələblərinə əsasən X3 barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə olunası əmlak müəyyən edilməmişdir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 188,816 qram narkotik vasitə heroin məhv edilməli, 01 (bir) ədəd disk cinayət işi materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 88,70 (səksən səkkiz manat 70 qəpik) məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Bundan başqa, təqsirləndirilən şəxsin məhkəmədə müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etdilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 05 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin, o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-də saxlanılan 188,816 qram narkotik vasitə heroin məhv edilsin, 01 ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 88 manat 70 qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar