Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-84/2024 24.01.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Rzayeva Aynur Tapdıq qızı və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1984-cu ildə Dəvəçi rayonunda andan olan, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, işləməyən, hazırda məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə külli miqdarda, yəni 04 ədəd bükümdə ümumi təmiz çəkisi 2,386 qram qəhvəyi rəngli toz şəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd bükümdə 0,294 qram çəkidə ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə olan metafetamin və 05 ədəd bükümdə ümumi təmiz çəkisi 1,156 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində daşımaqla saxlamış, 16 sentyabr 2022-ci il tarixdə saat 17 radələrində özünü şübhəli apardığına görə Quba RPŞ-nin əməkdaşları tərəfindən Quba şəhəri, Vaqif küçəsində saxlanılaraq üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkcəsinin sol yan cibində olan “Keno” markalı siqaretin içərisindən 04 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,874 qram, 0,762 qram, 0,380 qram və 0,370 qram olmaqla ümumi təmiz çəkisi 2,386 qram olan qəhvəyi rəngli toz şəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd bükümdə 0,294 qram çəkidə ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə olan metafetamin, karton stəkanın içərisindən 05 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 0,200 qram, 0,220 qram, 0,240 qram, 0,236 qram və 0,260 qram olmaqla ümumi təmiz çəkisi 1,156 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, uzun müddətdir ki, narkotik vasitələrdən istifadə edir. İttihamda qeyd olunan narkotik vasitələr onun üzərində aşkar edilmişdir. O, həmin narkotik vasitələri şəxsi istifadəsi üçün ayrı-ayrı şəxslərdən almışdır. Onun vasitələri satmaq məqsədi olmamışdır. Hadisə günü Quba rayonuna işi ilə əlaqədar getmiş, orada qalmalı olmuşdur. İttihamda qeyd edilən narkotik vasitələr də həmin vaxt üstündə olmuş, saat 3-4 radələrində polis əməkdaşları tərəfindən saxlanılmışdır. Saxlanılarkən üzərində 5 büküm marixuana, bir büküm metamfetamin, 3 büküm kakos, yəni heroin olmuşdur. Həmin narkotik vasitələri Şabran rayonunda tanımadığı şəxslərdən almışdır. Üzərində aşkar olunan hər üç növ narkotik vasitələrdən istifadə etmişdir. Üzərinə şəxsi axtarış Quba rayonunda saxlanıldığı küçədə keçirilmişdir. Aşkar olunan hər üç növ narkotik vasitənin ona məxsus olduğunu qəbul etmiş, lakin narkotik vasitələrin satışı ilə özünü təqsirli bilməmişdir. Öz şəxsi istifadəsi üçün qeyd olunan narkotik vasitələri bükümlər halında ayrı-ayrı şəxslərdən almışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmədə elan olunaraq araşdırılmış ifadəsində ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək göstərmişdir ki, o, 13 sentyabr 2022-ci il tarixdə yaşadığı Şabran şəhərində avtovağzal adlanan ərazinin arxasında yerləşən çayın kənarından sellofanın içərisində narkotik vasitələr tapmışdır. Özü də narkotik vasitələrdən istifadə etdiyindən həmin narkotikləri götürmüşdür. O, günə 01 qram narkotik vasitə qəbul edir. 16 sentyabr 2022-ci il tarixdə avtomobilinə ehtiyyat hissələr almaq üçün Quba şəhərinə gəlmişdir. Quba şəhərində bir neçə gün qalacağından tapdığı narkotik vasitələrin hamsını üzərinə götürmüşdür. Quba şəhərində olan zaman qaynatası ilə qonşuluqda yaşayan Şahid4 idarə etdiyi Nissan markalı avtomobildə gedən zaman Əli avtomobildən enib marketə daxil olmuşdur. Əli marketdən çıxdıqdan sonra polis əməkdaşları avtomobilə yaxınlaşmışdır. Polis əməkdaşları ona yaxınlaşdıqdan sonra o, üzərində narkotik vasitələr olduğunu etiraf etmişdir. Bundan sonra digər polis əməkdaşları gəlmiş və dəvət olunmuş vəkilin iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış aparılacağı elan edilmişdir. Üzərində olan narkotik vasitələri təqdim etməyi bildirildikdə o, əynində olan qara rəngli gödəkcəsinin sol yan cibindən bir ədəd Keno markalı siqareti və plastik stəkanı çıxarıb Əlinin avtomobilinin mühərrik örtüyünün üzərinə qoymuşdur. Daha sonra siqaret qutusunun içərisindən heroin və patı, karton stəkanın içərisindən isə marixuanalar aşkar edilmişdir. Üzərindən aşkar edilərək götürülmüş narkotik vasitələr elektron tərəzidə ölçüldükdən sonra ayrı-ayrılıqda qablaşdırılmış və o da zərflərin üzərinə imza etmişdir. Bunlardan başqa üzərindən dövriyyəsi qadağan edilmiş əşya və ya predmetlər aşkar edilməmişdir. Daha sonra isə onu Quba rayon polis şöbəsinə dəvət etmişlər. O, narkotik vasitələrin satışı ilə məşğul deyildir, narkotik vasitələrdən şəxsi istifadəsi üçün istifadə edir.(cild 1, iş vərəqə 64-66) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində Quba RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 16 sentyabr 2022-ci il tarixdə saat 16 radələrində RPŞ-nin PPXB-nin əməkdaşlarının bir nəfər şəxsin özünü şübhəli aparıb narkotik vasitənin təsiri altında olması barədə məlumat verməsindən sonra əməliyyat qrupu ilə birlikdə Quba şəhəri Vaqif küçəsində Şabran şəhər sakini Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsində şübhəli olduğu bildirmişlər. Bu zaman Təqsirləndirilən şəxsla birlikdə Quba şəhər sakini Şahid4 da dayanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr olduğunu etiraf etmişdir. Daha sonra Təqsirləndirilən şəxs, üzərində olan gödəkcəsinin cibindən bir ədəd siqareti və plastik stəkanı çıxarıb avtomobilin mühərrik örtüyünün üzərinə qoymuşdur. Siqaret qutusunun içərisindən heroinə və metamfetaminə oxşar kütlələr, karton stəkanın içərisindən isə marixuanaya oxşar kütlələr aşkar edilmişdir. Bunlardan başqa Təqsirləndirilən şəxs üzərindən dövriyyəsi qadağan edilmiş əşya və ya predmetlər aşkar edilməmişdir. Bundan sonra Şahid4 idarə etdiyi Nissan markalı avtomobilə baxış keçirilmiş, lakin avtomobildən dövriyyəsi qadağan edilmiş əşya və predmentlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələri satması barədə məlumat olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələri şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Quba RPŞ-nin PPXB-nin polis nəfərləri Şahid2, Şahid3 məhkəmədə ifadəsi alınmış polis əməkdaşı Şahid1 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları özlərinə aid hissədə təsdiq etmişlər. Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Quba şəhərindən tanıyır, onunla münasibətləri normaldır, aralarında ədavət və ya düşmənçilik yoxdur. Şirxanın qaynatası onunla qonşuluqda yaşayır. 16 sentyabr 2022-ci il tarixdə saat 14 radələrində işdən çıxıb nahar etmək üçün evə gəlmişdir. Yeməyini yedikdən sonra saat 16 radələrində evdən çıxıb işə getmişdir. Bu zaman yolda Təqsirləndirilən şəxs onu görüb avtomobilini saxlatdırmış və onu Vaqif küçəsinin yuxan tərəfində düşürtməyini xahiş etmişdir. O da Şirxanı tanıdığından onunla razılaşmış və Şirxan avtomobilinə əyləşmişdir. Vaqif küçəsi ilə yuxarı istiqamətdə hərəkət edərkən siqaret almaq üçün marketin qarşısında saxlamışdır. Marketdən qayıdıb avtomobilinə əyləşmək istəyən zaman polis əməkdaşları avtomobilə yaxınlaşıb Şirxanla söhbət etməyə başlamışlar. Daha sonra isə onlar olan yerə digər polis əməkdaşları da gəlmişlər. Bu zaman Şirxana narkotik vasitələrin istifadəsində şübhəli olması və dəvət olunmuş vəkilin iştirakı ilə video çəkilişlə üzərində şəxsi axtarış aparılacağı bildirilmişdir. Daha sonra şəxsi axtarış zamanı Şirxan, əynində olan qara rəngli gödəkcəsinin cibindən narkotik vasitələri çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Aşkar olunmuş narkotik vasitələr elektron tərəzidə ölçüldükdən sonra qablaşdırılaraq götürülmüşdür. Bundan sonra onun icazəsi ilə idarə etdiyi Nissan Murano markalı **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobilə də baxış keçirilmiş, lakin avtomobilindən dövriyyəsi qadağan edilmiş əşya və predmentlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsi barədə məlumatı olmamışdır. (Cild 1, iş vərəqə 51-52) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “şəxsi axtarışın keçirilməsi barədə” 16 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcəsinin sol yan cibindən bir ədəd Keno markalı siqaret qutusunu və 01 ədəd karton stəkanı çıxarıb Əlinin avtomobilinin mühərrik örtüyünün üzərinə qoymuşdur. Daha sonra siqaret qutusunun içərisindən heroin və metamfetamin, karton stəkanın içərisindən isə marixuanalar aşkar edilmişdir. (cild 1, vərəqə 22) “Şəxsi axtarışın keçirilməsi barədə” protokolda qeyd olunan xüsusatların həqiqiliyi həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə bioloji ekspertizasının 17 sentyabr 2022-ci il tarixli 7/1046 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində "Vət.Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş....” yazı və imzalar olan zərfdə 5 ədəd gümüşü folqa kəsikləri bükümündə hər birinin ayrıayrılıqda təmiz çəkiləri 0,200 qr, 0,220 qr, 0,240 qr və 0,260 qram olmaqla, ümumi çəkisi 1,156 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə -qurudulmuş marixuanadır.Təqdim edilmiş marixuanalar eyni tərkiblidir. (cild 1, iş vərəqə 35-38) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə kimyəvi ekspertizasının 17 sentyabr 2022-ci il tarixli 6/5279 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 67” dairəvi möhür əksi və “...Təqsirləndirilən şəxs -imza, iki-imza; təhqiqatçı: S.Həsənov- imza...” yazı əlavəsi qeyd edilmiş iki ədəd kağız zərfdəki bir ədəd bükümdəki təmiz çəkisi - 0,294 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; 04 ədəd bükümlərdə təmiz çəkiləri - 0,874 qram, 0,762 qram, 0,380 qram, 0,370 qram, ümumi təmiz çəkisi - 2,386 qram qəhvəyi rəngli toz şəkilli maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respubliaksının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in sitahısına (Siyahı İ) metamfetamin- “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr'ln İ siyahısına daxildirlər.(cild 1, iş vərəqə 39-43) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 01 dekabr 2022-ci il tarixli 7276 saylı rəyi ilə müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 1, iş vərəqə 108-109) Cinayət işinin materiallarından görünür ki, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,906 qram narkotik vasitə qurudulmuş marixuana, 2,306 qram heroin və 0,244 qram psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Quba RPŞ-nin maddi sübutlar saxlama otağına təhvil verilmişdir. (cild 1, iş vərəqə 124- 132) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş DİN-nin BƏSİİ-dən Təqsirləndirilən şəxs barəsində verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 01 sentyabr 2015-ci il tarixdə Biləsuvar Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM- nin 206.2 və 234.1-ci maddələri təqsirli bilinərək qəti olaraq 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. (cild 1, iş vərəqə 85) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Şabran rayon İHBnın Şabran şəhər İƏD üzrə nümayəndəliyinin 31 oktyabr 2022-ci il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri ilə birgə ünvan 1 ünvanda yaşayır. O, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (cild 1, iş vərəqə 100- 102) Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2013-cü il təvəllüdlü X2 adlı 01 azyaşlı uşağı vardır. ( cild 1, iş vərəqə 100) Məhkəmə, Təqsirləndirilən şəxs üzərində aşkar olunan narkotik vasitələri əldə etməkdə satış məqsədinin olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bundan başqa təqsirləndirilən şəxsin əldə edərək üzərində saxladığı narkotik vasitələrin və psixotrop maddənin müxtəlifliyi, külli miqdarda olması, bükümlərə ayrılması Təqsirləndirilən şəxs məqsədinin məhz narkotik vasitələrin satışı ilə bağlı olduğunun bilavasitə təzahürüdür. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin və “metamfetamin” psixotrop maddənin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs əvvəllər də narkotiklə bağlı cinayət törədib həmin maddələrin sanksiyasının aşağı həddində ona cəza təyin olunmasına baxmayaraq o islah olunmamış, yenidən narkotiklə bağlı cinayət törətmişdir. Ona görə də, təqsirləndirilən şəxsə hazırkı iş üzrə sanksiya çərçivəsində daha ağır cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 01 azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 16 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Quba rayon məhkəməsinin 18 sentyabr 2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 16 sentyabr 2022-ci il tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. ( cild 1, iş vərəqə 5, 57-58, 72-73) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 16 sentyabr 2022-ci il il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi subut olub Quba RPŞ-nin maddi sübutlar saxlama otağına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,906 qram olan narkotik vasitə qurudulmuş marixuana, 2,306 qram heroin və 0,244 qram psixotrop maddə metamfetamin məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 180 (yüz səksən) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və o, 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 16 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi subut olub Quba RPŞ-nin maddi sübutlar saxlama otağına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,906 qram olan narkotik vasitə qurudulmuş marixuana, 2,306 qram heroin və 0,244 qram psixotrop maddə metamfetamin məhv edilsin Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 180 (yüz səksən) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-84/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-84/2024
24.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver