Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-84/2025 12.05.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu, Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Ədalət Vəkil Bürosunun vəkili Müdafiəçi2 və təqsirləndirilən şəxsin iştirakları ilə, xx.xx.1999-cu il tarixdə Beyləqan rayonu, Əhmədli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Beyləqan rayonu, Əhmədli ərazi dairəsi, Əhmədli kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən xüsusilə külli miqdarda 02 ədəd şəffaf polietilen bükümdə ayrıayrılıqda təmiz çəkiləri 360 qram və 480 qram olmaqla ümumi təmiz çəkisi 840 qram olan qəhvəyi rəngli, xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroin, külli miqdarda 01 ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 100 qram olan ağımtıl rəngli, kristalşəkilli, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib üzərində saxlayaraq daşımış, Sumqayıt ŞPİ-nin 1-ci PBnin əməkdaşları tərəfindən 28 fevral 2024-cü il tarixdə, saat 00:25 dəqiqədə keçirilən əməliyyat- axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri. Sahil küçəsi. Corat qəsəbəsində yerləşən qəbiristanlığın yaxınlığında saxlanılaraq həmin bölmənin inzibati binasına gətirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən həmin çəkilərdə və bükümlərdə olan narkotik vasitə heroin və psixotrop maddə metafetamin əlində saxladığı 01 ədəd sellofan paketə yerləşdirilmiş, üzəri yapışqan lentlə sarılmış 01 ədəd sellofan bağlamanın içindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, narkotik vasitələrin istifadəsilə çox məşğul olmamışdır. 1 ildən artıq idi ki, istifadə etmirdi. Şəxsi istifadəsi üçün 5 qram narkotik vasitə istəmiş və götürmək üçün Sumqayıt şəhərinə gəlmişdir. Narkotik vasitəni götürməyə dostları Şahid5 və Şahid4 ilə birlikdə getmişdir.Lakin onların narkotik vasitədən xəbəri olmamışdır.27 fevral 2024-cü il tarixdə gecə saat 23:00-00:00 radələrində qəbiristanlığın qabağına gələndə maşından düşmüş, həmin zaman 7-8 nəfər polis əməkdaşı gəlmiş, onu qapının ağzında saxlamışlar. Onu tutub saxladıqdan sonra maşına mindirib polis bölməsinə gətirmişlər. Narkotik vasitəni sifariş etdiyi şəxsi şəxsən tanımır, haralı olduğunu bilmirdi. Onu “instagram” sosial şəbəkəsi vasitəsilə tanımışdır. Telefon nömrəsi Azərbaycana aid deyildi. Özünün istifadəsində isə ********* nömrəli mobil telefon olmuşdur.Ödənişi isə narkotik vasitəni götürdükdən sonra edəcəkdi. Lakin narkotik vasitəni götürə bilməmişdir. Onu aldadıb aldatmadığını yoxlamaq üçün narkotik vasitəni sifariş etdiyi şəxsə “götürdüm” mesajını yazmışdır. O mesajı atarkən evdə olmuşur.1 kq narkotik vasitə ona aid olmamışdır. Ona göndərilən şəkildə 1 kq olsa da, o, həmin miqdarda narkotik vasitə istəməmişdir.Tutularkən ona təzyiq olunmuşdur. Polis əməkdaşları “işini yüngülləşdirəcəklərini” demişlər, bu səbəbdən necə deyilibsə o cür ifadə vermiş və üzərinə götürmüşdür. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində o, elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ilkin ifadələrində göstərmişdir ki, iş yeri tapmaqdan ötrü “İnstagram” sosial şəbəkəsində “Oktay 734’' adı ilə qeydiyyatdan keçib həmin sosial şəbəkədən istifadə etməyə başlamışdır. Müxtəlif iş profillərdəki elanlara baxmışdır. Həmin zaman isə “İnstagram”da xatırladığı qədəri ilə “patı.kola” adlı profil onun profilinin mesajlar bölməsinə sadəcə olaraq sual işarəsi göndərmişdir. Bunu dəqiqləşdirməkdən ötrü həmin profilə salam yazmış, cavab olaraq isə hal-hazırda xatırlamadığı mobil nömrə yazılaraq, onun nömrə ilə əlaqə saxlamasını istəmişdir. O, “Whatsapp” ani mesajlaşma mübadiləsi sistemində həmin nömrəni işlədən şəxslə mesajlaşmağa başlamışdır. Mesajlaşan zaman iş yerinin olmadığını bildirmişdir. Adını ona deməyən həmin şəxs dediyi ünvanda içərisində narkotik vasitələr olan 01 ədəd sellofan paketi aparmağı qarşılığında ona 100 manat pul verə biləcəyini demiş, o da razılaşmışdır. Belə ki. həmin şəxs 27 fevral 2024-cü il tarixdə, axşam saatlarında istifadəsində olan mobil nömrənin "Whatsapp” vasitəsi ilə əlaqə saxlayıb 01 ədəd sellofan paketin içində narkotik vasitələrin olduğunu, paketi götürdükdən sonra aparacağı yeri ona deyəcəyini bildirmişdir. İçində narkotik vasitələr olan sellofan paketin olduğu yeri və şəkilini ona göndərmişdir. Paketin olduğu yer Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən qəsəbə qəbiristanlığının yaxınlığı idi. O, həmin paketi götürəcəyini bildirmişdir. Buna müvafiq olaraq taksi xidməti olan boltdan taksi sifariş vermiş, həmin vaxt oraya tək getmək istəməyib yanında olan tanışları Şahid5 və Şahid4 onunla yol yoldaşı olmalarını istəmişdir. Həmin şəxslər də buna etiraz etməmişlər. O, şəxsi işləri ilə əlaqədar olaraq Sumqayıt şəhəri, Corat qəsəbəsinə getməli olduğunu deyib, başqa bir məlumat həmin şəxslərə bildirməmişdir. Taki gəldikdən sonra birlikdə həmin ünvana getmişlər. Taksi sürücüsünün şəxsiyyəti ona məlum olmamışdır. Avtomobildə olduqları zaman aralarında narkotik vasitələrin dövriyyəsi ilə bağlı söhbət etməmişlər. 28 fevral 2024-cü il tarixdə, saat 00:20 radələrində həmin ünvana, yəni narkotik vasitələri götürəcəyi Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən qəsəbə qəbiristanlığının qarşısına çatmışlar. O, tanışı ilə görüşüb paket götürəcəyini, onu avtomobildə gözləmələrini, tez bir zamanda geri qayıdacağını demişdir. Avtomobildən düşüb qəbiristanlığın qarşısında ona göndərilmiş 01 ədəd rəngli sellofan paketi götürmüşdür. İçinə baxdıqda isə içində üzəri yapşqan lentlə sarılmış iri həcmli torbanın olduğunu bilmişdir. İçində hansı narkotik vasitələrin olduğunu bilməyindən ötrü yapışqan lentləri açmalı olsa da bu uzum müddət tələb etdiyindən, həmçinin üzərində şübhə yaradacağını fikirləşdiyindən yapışqan lenti açmayıb 01 ədəd sellofan paketi götürüb oradan uzaqlaşaraq avtomobilə doğru piyada getməyə başlamışdır. Qəbiristanlığın qarşısında avtomobilə yaxınlaşdığı zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşı olduqlarını, onu narkotik vasitələrin qəbulunda, üzərində gəzdirilməsində və satışında şübhəli bilindiyi üçün saxladıqlarını bildirib üzərinə şəxsi axtarış keçirilməsi üçün onu Sumqayıt ŞPİ- nin 1 -ci PB-nə dovət etmişlər. O. heç bir etiraz etməmiş və birlikdə 1-ci PB-nə gəlmişlər. Polis əməkdaşları tərəfindən saxlanıldığı zaman əlində saxladığı içində narkotik vasitələr olan paketi kənara atmağa fürsət tapa bilməmişdir. Şübhəli məqamlara aydınlıq gətirilməsindən ötrü onunla birlikdə taksi sürücüsü, həmçinin tanışları olan Şahid4 və Şahid5 də polis bölməsinə dəvət olunmuşlar. Onlar polis bölməsinə gəldikdən sonra ondan üzərində qanunla qadağan edilmiş əşya və ya predmetin olub-olmadığı soruşularaq, varıdırsa təqdim etməsi bildirilmişdir. O da sol əlində olan göv-qırmızı rəngli sellofan paketi təqdim edib içində narkotik vasitələrin olduğunu, lakin hansı narkotik vasitələr olduğunu bilmədiyini demişdir. Həmçinin əynindəki şalvarın sağ yan cibindən üzərində ***-***-**-**, ***-***-**-** mobil nömrələr olan Samsung Galaxy A 51 markalı mobil telefonu çıxarıb təqdim etmiş, daha sonra isə onun üzərinə polis əməkdaşının özü şəxsi axtarış keçirən zaman üzərindən qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir. Təqdim etdiyi 01 ədəd sellofan paketin içinə baxıldıqda, içində üzəri yapışqan lentlə sarılaraq bərkidilmiş 01 ədəd sellofan torbanın olduğu müəyyən edilmişdir. Sellofan torbanın içindən isə 03 ədəd polietilen bükümlər aşkar edilmişdir. Həmin bükümlərdən 02 ədədində narkotik vasitə heroinə, 01 ədəd bükümün içindən isə psixotrop maddə metafetaminə bənzər kütlələr aşkar edilmişdir. 02 ədəd bükümdə heroinin ayrı-ayrılıqda çəkisi 378 qram və 489 qram olmaqla bükümləri ilə birlikdə ümumi çəkisi 868 qram, 01 ədəd bükümdə psixotrop maddə metafetaminin çəkisi isə 111 qram olaraq müəyyənləşdirildi. Həmin bükümlər yenidən paketə qoyularaq ekspertizaya təqdim olunmasından ötrü qablaşdırılmışdır. Bununla bərabər təqdim etdiyi 01 ədəd mobil telefon da araşdırma üzrə əhəmiyyət kəsb edəcəyi nəzərə alınaraq qablaşdırılaraq götürülmüşdür. Üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroin və psixotrop maddə metafetamin ona məxsusdur, tanımadığı şəxsdən deyəcəyi ünvana çatdırıb qazanc əldə etməsindən ötrü əldə etmişdir. O son zamanlar narkotik vasitələrdən istifadə etmək istəsə də, bu müddət ərzində nə narkotik vasitə, nə də psixotrop maddə istifadə etməmişdir. Əvvəllər satışı ilə də məşğul olmamışdır. Son olaraq üzərindən, yəni əldə edib sol əlində saxlayaraq daşıdığı 01 ədəd paketin içindəki narkotik vasitə heroin bükümlərini və psixotrop maddə metafetamin bükümünü ona deyiləcək ünvana çatdırmaqdan ötrü əldə etmişdir. Əldə etdikdən sonra həmin bükümləri kimə, hara çatdıracağı və ya kimə pul qarşılığında verib öz payına düşəcək 100 manatı götürəcəyi daha sonra deyiləcəkdi. Saxlanıldığı zaman yanında olan şəxslərin narkotik vasitə əldə etməkdən ötrü Sumqayıt şəhəri, Corat qəsəbəsinə gəlməsindən məlumatı olmamış, həmin şəxslərlə bu barədə danışmamışdır. Narkotik vasitə heroin və psixotrop maddə metafetamini əldə etdiyi şəxsi tanımır, ifadəsində göstərdiyi kimi sosial şəbəkədə rastlaşmış, profil adı da xatırladığı qədəri ilə "patı.kola“ olmuş, ona şəxsiyyəti barədə narkotik vasitələrin satışı ilə məşğul olmasından başqa heç nə deməmişdir. Ona polis əməkdaşları tərəfindən nə fiziki, nə də ki psixi zor tətbiq edilməmişdir. Həmçinin Təqsirləndirilən şəxs istintaq zamanı əlavə ifadəsində göstərmişdir ki, o, İran İslam Respublikası vətəndaşı ilə “İnstagram” sosial şəbəkəsində və “Whatsapp” ani mesajlaşma mübadiləsi sistemində narkotik vasitə əldə etməsi ilə bağlı əlaqə saxlasa da, bu yalnız öz istifadəsi üçün olmuş, yəni onunla İran vətəndaşı arasında göndərilən narkotik vasitəni pul qarşılığında götürüb başqa bir ünvana çatdırması ilə bağlı razılaşmamışdır. Belə ki, İran vətəndaşı aralarındakı danışığa uyğun olaraq ona öz istifadəsi üçün 5 qram narkotik vasitə heroin verməli idi, buna müvafiq olaraq narkotik vasitəni qoyduğu yerin foto şəklini ona “Whatsapp”la göndərdikdən sonra həmin narkotik vasitə kütləsini götürməsindən ötrü 28 fevral 2024-cü il tarixdə, saat 00:20 radələrində narkotik vasitənin qoyulduğu Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən qəsəbə qəbiristanlığının qarşısına taksi ilə gəlmişdir. Həmçinin tək getməmək üçün dostları Şahid4 və Şahid5 da onunla birlikdə olmuşdur. O, ora çatıb avtomobildən düşdükdən sonra polis əməkdaşları onu saxlamışlar. Narkotik vasitəni götürməyə imkan tapmamışdır. Buna görə də, İran vətəndaşının göndərmiş olduğu paketin içində hansı kütlələrin olduğunu bilməmişdir. Sumqayıt şəhərinə getmə səbəbi barədə dostlarına nə isə dediyini xatırlamır. (Cild 1, iş vərəqləri 63-65, 152-153) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə tədqiq edərək sübut növü kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiqləyərək ifadəsində göstərdi ki, 28 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələrin daşıması, üzərində gəzdirməsi ilə bağlıonlara daxil olan məlumat əsasında Sumqayıt şəhəri, Corat qəsəbəsi, Sahil küçəsində yerləşən Corat qəbirstanlığının qarşısında onlar tərəfindən saxlanılmışdır. Yaxınlaşıb özlərini təqdim etmişlər. Sonra polis bölməsinə gətirilmiş və xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı ona hüquq və vəzifələri izah olunmuşdur. Ona təqdim olunmuş müdafiəçinin iştirakı ilə videçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilmişdir. Əlindəki əşyaları təqdim etmişdir. Narkotik vasitə heroin və psixotrop maddə metamfetaminə oxşar kütlə aşkar edilmişdir. Daha sonra qablaşdırılaraq götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiqləyərək ifadəsində göstərdi ki, 28 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs onlara daxil olan məlumat əsasında Sumqayıt şəhəri, Corat qəsəbəsi, Sahil küçəsində yerləşən Corat qəbirstanlığının qarşısında saxlanılmışdır. Əməliyyat qrupunda ondan başqa Şahid1 və Şahid3 olmuşdur. Onlardan başqa əlavə heç bir polis əməkdaşı olmamışdır.Yaxınlaşıb özlərini təqdim etmiş, sonra polis bölməsinə gətirmişlər. Xidməti otaqların birində ona təqdim olunmuş müdafiəçinin iştirakı ilə videçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı ona hüquq və vəzifələri izah olundu. Əlində olan sellofana baxış keçirilən zaman narkotik vasitə heroin və psixotrop maddə metamfetaminə oxşar kütlə aşkar edilmişdir. Daha sonra qablaşdırılaraq götürülmüşdür. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 1 aydır tanıyır sonuncu ilə qonşu məhəllədə yaşamışdır. O, 27 fevral 2024-cü il tarixdə, axşam saatlarında yaşadığı ünvanın yaxınlığında olan zaman Təqsirləndirilən şəxs ona işi olduğu üçün Sumqayıt şəhəri, Corat qəsəbəsinə getdiyini, yol yoldaşı olmağını istədiyini deyən zaman o, O. Cümşüdlünün sözünü yerə salmamış, birlikdə Sumqayıt şəhərinə getməyinə razı olmuşdur. Həmin vaxt onun yanında olan tanışı Nizami də onlarla gəlmişdir. Təqsirləndirilən şəxs ondan bolt xidmətindən sifariş verməyi xahiş edən zaman o, özünə məxsus mobil telefonla taksi xidməti sifariş vermiş, birlikdə O. Cümşüdlünün dediyi ünvana, ünvan 2mışlar. O, sürücü və Nizami avtomobildə qalmış, Oktay isə çıxıb getmişdir. Bir neçə dəqiqə sonra Oktay əlində göy-qırmızı rəngli sellofan və yanında bir neçə şəxslərlə birlikdə bizim əyləşdiyimiz avtomobilə yaxmlaşmişlar. Həmin şəxslər özlərini təqdim edib polis əməkdaşı, yəni Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları olduqlarını, Oktayı narkotik vasitələrin qəbulunda, üzərində gəzdirilməsində və satmasında şübhəli bilindiyi üçün saxladıqlarını bildirmişlər və onları da PB-ııə dəvət etmişlər. Onlar heç etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə 1-ci PB-nə gəlmişlər. Onunla birlikdə taksi sürücüsü. Nizami də PB-nə gəlmişdir. Onlar PB-nə gəldikdən sonra Oktayın əlində olan sellofanda narkotik vasitə olduğunu, həmin narkotik vasitəni götürən zaman polis əməkdaşlarının onu saxladığını bilmişlər. Polis bölməsində olarkən ona qarşı hər hansı bir qanunsuz hərəkətlər olmamışdır. O, narkotik vasitədən, psixotrop maddədən istifadə etməmişdir. Oktaydan aşkar olunmuş narkotik vasitədən və psixotrop maddədən onun xəbəri olmamışdır. Bilsəydi Oktayla birlikdə sonuncunun dediyi ünvana gəlməzdi. (Cild 1, iş vərəqləri 117-119) Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 2 ilə yaxın, Əmrahı isə uşaq vaxtından tanımışdır. Həmin şəxslər onunla qonşu məhəllədə yaşamışlar. O, 27 fevral 2024-cü il tarixdə, axşam saatlarında yaşadığı ünvanda olan zaman Oktay ona zəng edib görüşməyi təklif etmişdir. O, Təqsirləndirilən şəxs ilə görüşən zaman tanışları Əmrah da orada olmuşdur. O. Cümşüdlü onlara işi olduğu üçün Sumqayıt şəhəri, Corat qəsəbəsinə getdiyini, yol yoldaşı olmalarını istədiyini deyən zaman o və Əmrah sözünü yerə salmamış, O. Cümşüdlü ilə birlikdə Sumqayıt şəhərinə getməyinə razı olmuşlar. Oktay Əmrahdan bolt xidmətindən sifariş verməyi xahiş edən zaman Əmrah özünə məxsus mobil telefonla taksi xidməti sifariş vermişdir. Onlar birlikdə Təqsirləndirilən şəxs dediyi ünvana, ünvan 3mışlar. O, sürücü və Əmrah avtomobildə qalmış, Oktay isə çıxıb getmişdir, bir neçə dəqiqə sonra Oktay əlində göy-qırmızı rəngli sellofan və yanında bir neçə şəxslərlə birlikdə onların əyləşdiyi avtomobilə yaxınlaşmışlar. Həmin şəxslər özlərini təqdim edib polis əməkdaşı, yəni Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları olduqlarını, Oktavı narkotik vasitələrin qəbulunda, üzərində gəzdirilməsində və satışında şübhəli bilindiyi üçün saxladıqlarını bildirmiş, onları da PB-nə dəvət etmişlər. Onlar heç bir etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə 1-ci PB-nə gəlmişlər. Onunla birlikdə taksi sürücüsü, Əmrah da PB-nə gəlmişlər. Onlar PB-nə gəldikdən sonra Oktayın əlində olan sellofanda narkotik vasitə olduğunu, həmin narkotik vasitəni götürən zaman polis əməkdaşlarının saxladığını bilmişlər. Polis bölməsində olarkən ona qarşı hər hansı bir qanunsuz hərəkətlər olmamışdır. O. narkotik vasitədən, psixotrop maddədən istifadə etməmişdir. Oktaydan aşkar olunmuş narkotik vasitədən və psixotrop maddədən onun xəbəri olmamışdır. Biləcəyi təqdirdə Təqsirləndirilən şəxs ilə birlikdə sonuncunun dediyi ünvana gəlməyəcəkdi. (Cild 1, iş vərəqləri 125-127) Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid6 ifadəsində göstərmişdir ki, “Hyundai İ30" markalı, **-KG-*** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürüb “Bolt” xidmətinə qoşularaq taksi kimi fəaliyyət göstərir. Belə ki, 27 fevral 2024-cü il tarixdə, saat 23:18 dəqiqədə bolt xidmətinin proqramında Maştağa qəsəbəsindən Sumqayıt şəhərində yerləşən Corat qəbiristanlığı istiqamətinə və həmin ünvandan geri istiqamətdə sifariş gəldiyini görmüşdür. O, sifarişi qəbul etmiş və Maştağa ərazisində, saat 23:24 dəqiqədə 3 nəfər şəxs idarə etdiyi avtomobilə əyləşmişdir. Sifarişə uyğun olaraq həmin şəxslərlə birlikdə Sumqayıt şəhəri. Corat qəsəbəsi. Sahil küçəsində yerləşən Corat qəbiristanlığın qarşısına təxminən 50-55 dəqiqə zaman aralığında gəlib çatmışlar. Avtomobilin ön sərnişin oturacağında əyləşən və adının daha sonra Oktay olduğunu bildiyi şəxs avtomobildən düşüb avtomobildə gözləmələrini, bir neçə dəqiqə ərzində geri qayıdacağını demişdir. O və avtomobilin arxa sərnişin oturacağında əyləşən iki nəfər şəxs avtomobildə Oktayı gözləməyə başlamışlar. Bir neçə dəqiqə sonra isə Oktay qəbiristanlıq tərəfdən avtomobilə doğru gəldiyini, əlində göy-qırmızı rəngli sellofan paket olduğunu, həmçinin Oktayın yanında bir neçə başqa şəxsin olduğunu görmüşdür. Oktayın yanında mülki geyimdə olan şəxslər avtomobilə yaxınlaşdıqda özlərini təqdim edib polis əməkdaşları olduqlarını, Oktayın narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu deyib, araşdırma ilə bağlı onu və avtomobildə Oktayı gözləyən digər iki nəfəri Sumqayıt ŞPİ-nin 1-ci PB-nə dəvət etmişlər. Onlar heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə polis bölməsinə gəlmişlər. Onun Oktayın əməli ilə heç bir əlaqəsinin olmadığı, yalnız taksi fəaliyyəti ilə məşğul olduğu və buna uyğun olaraq həmin ünvana getdiyi məlum olduqdan sonra, izahatı alınaraq polis bölməsini tərk etmişdir. Ümumiyyətlə o, nə Oktayı. nə də digər iki şəxsi tanımır. Sumqayıt şəhəri istiqamətində hərəkətdə olarkən onunla avtomobildə olan şəxslər arasında hər hansı bir mövzuda danışıq olmamışdır. Həmçinin Oktay ilə digər iki şəxs arasında da narkotik vasitələrin dövriyyəsi ilə bağlı söhbət olmamışdır. O, narkotik vasitələrin istifadəçisi deyil və Oktayın əməlindən heç bir məlumatı olmamışdır. (Cild 1, iş vərəqləri 131-133) Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan polis kiçik leytenantı Şahid3 digər şahidlər Şahid2 və Şahid1la oxşar məzmunlu ifadə verərək onların ifadələrində göstərdikləri xüsusatları bir daha təsdiq etmişdir. (Cild 1, iş vərəqləri 97-99) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan “Şəxsi axtarış keçirilməsi barədə” 28 fevral 2024-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs sol əlində saxladığı 01 ədəd mavi-qırmızı rəngli paketi və əynindəki şalvarın sağ yan cibindən 01 ədəd arxa örtüyü parlaq mavi rəngli “Samsung Galaxy A51” markalı mobil telefon çıxardaraq təqdim etmişdir. Təqdim olunan 01 ədəd paketə təhqiqatçı tərəfindən baxıldıqda, içində üzəri yapışqan lentlə sarılmış 01 ədəd bağlamanın olduğu, bağlamanın içində isə 03 ədəd polietilen bükümün olduğu, bükümlərdən 02 ədədinin içində narkotik vasitə heroinə, 01 ədədinin içində isə psixotrop maddə metamfetaminə bənzər kütlənin olduğu aşkar edilmişdir. Həmin kütlələr, həmçinin mobil telefon qablaşdırılaraq götürülmüşdür.(Cild 1, iş vərəqləri 27-28) “Şəxsi axtarış keçirilməsi barədə” 28 fevral 2024-cü il tarixli protokolda əks olunan əməliyyat-istintaq hərəkətləri videoçəkilişlə aparılmış və videogörüntülərin əks olunduğu disklər protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən həmin videogörüntülərin əks olunduğu diskə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin şəxsi axtarışı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. (Cild 1, iş vərəq 29) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş 01 ədəd “telefona baxış keçirilməsi” haqqında 10 aprel 2024-cü il tarixli protokoldan görünür ki, təqdim edilmiş 01 ədəd telefon parlaq mavi arxa örtüyü olan, ağıllı telefon kateqoriyalı, “Samsung” markalı. " Galaxy A51" modeldir. Mobil telefonun daxilində ***-***-**-** saylı və ***-***-**-** saylı mobil nömrələr vardır. Mobil telefon və ***-***-**-** saylı mobil nömrə işlək vəziyyətdədir. Mobil telefonun daxilində “whatsapp” ani mesajlaşma mübadiləsi sistemi, “instagram” sosial şəbəkəsi və digər proqramlar, həmçinin telefonun kontaklar, zənglər və mesajlar bölməsində müvafiq olaraq zənglər və mesaj mətinləri vardır. Həmin zənglər və mesaj mətinlərində cinayət işi üzrə əhəmiyyət kəsb edən hallar müəyyən edilməsə də, araşdırma üzrə əhəmiyyət kəsb edən hallar, yəni telefonun “Qalareya” qovluğuna baxılarkən mesajlaşma mətinlərinin əks olunduğu ekran görüntüləri və fotoşəkillər aşkar olunur. Belə ki, həmin mesajlaşma mətinlərinə baxış keçirilərkən mobil telefonun istifadəçisi ilə adı qeyd olunmayan İran İslam Respublikasına aid +98-905-994-6319 saylı mobil nömrə istifadəçisi arasında “whatsapp” ani mesajlaşma sistemində 27 fevral 2024cü il tarixdə, saat 20:13 dəqiqədən həmin tarixdə, 21:11 dəqiqəyədək mesajlaşılaraq əlaqə saxlanıldığı müəyyən edilir. Ekran görüntülərində əks olunanlar isə protokolda +98-905- 994-6319 saylı mobil nömrənin hərəkətləri 1, baxışı keçirilən mobil telefon istifadəçisinin hərəkətləri 2 olaraq qeyd edilməklə aşağıdakı məzmundadır: -1: fotoşəkil göndərir; -2: “Polis var”, “Getsnlər gozde”; -1: “Ne gaga” -2: “Polis”, “Fırlanır”, “Gozde", “Getsinler”, “Tapa bilmireme blee”; -1: “polis ne sikdrr gaga”, “Gaga”, “Gotor chx ged ay gaga polis ne sikdrr”. “?", “Gotordon gaga gadan alym” və buraxılmış səsli zəng; -2: “Yox senol”. “Goturum deyrem gozde”; -1: “Yaxwi gaga narahat olma gotor chx ged", “tapdın gaga gadan alym”, “?”, buraxılmış dörd səsli zəng, “Javab ver gaga”, buraxılmış zəng, “?”, “Ay gagam bir xebar ver mena”, buraxılmış səsli zəng; -2: “Goturdm”; -1: “Ne”; -2: “Goturdum mendedi”; -1: “Wokor gardvvm inwalah polo hachan atajan”, “He alah janvi sağ elsin gagam ged sag salamat chat eve men kart atym at chkinde mana at gadan alym”. Mobil telefonun qalereya bölməsində olan 05 ədəd fotoşəkildə isə qaranlıq havada oxlar çəkilərək istiqamətin verildiyi və mişardaşları ilə hörülmüş divarın yanında maviqırmızı rəngli bir paketin qoyulduğu görünmüşdür. (Cild 1, iş vərəqləri 100-112) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəməkimyəvi ekspertizasının 28 fevral 2024-cü il tarixli 6/1189 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “X1 aşkar edilmiş ... şübhəli şəxs: (imza) Ciimşıidlü Oktay’" yazısı və imzalar olan paketdəki 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 360 qram və 480 qram, ümumi təmiz çəkisi 840 qram qəhvəyi rəngli maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 01 ədəd bükümdə təmiz çəkisi 100 qram ağımtıl rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. (Cild 1, iş vərəqləri 42-46) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş 13 mart 2024-cü il tarixli, 1676 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs Psixostimulyatorlardan istifadə etmə halları olub. Lakin hal-hazırda X2 müayinə zamanı narkomaniya xətələyiııin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı X4 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqləri 136-137) İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” 14 iyun 2024-cü il tarixli qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq qalmış 839,8 qram narkotik vasitə heroin, 99,8 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutları saxlanc anbarına təhvil verilmişdir. 01 ədəd disk və 01 ədəd “Samsung Galaxy A51” markalı mobil telefon maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqləri 168-181) Məhkəmə, Təqsirləndirilən şəxs tutularkən üzərində ittihamda qeyd olunan miqdarda narkotik vasitə olmaması, polis əməkdaşları tərəfindən ona təzyiq olunması ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab etməklə belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əldə edərək, saxladığı və daşıdığı narkotik vasitə heroninin xüsusilə külli miqdarda olması, eləcə də onda külli miqdarda psixotrop maddə metamfetaminin aşkar edilməsi də onun məqsədinin satışla bağlı olduğunun bilavasitə təzahürüdür. Həmçinin, cinayət işinin materiallarına əlavə edilmiş “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 01 may 2024-cü il tarixli qərarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi və sair qanunsuz hərəkətlərə məruz qalması ilə bağlı iddiaları öz təsdiqini tapmamışdır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü il tarixli, 8 №-li Qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə xüsusilə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.(Cild 1, iş vərəqləri 134-135) Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 28 fevral 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt şəhər məhkəməsinin 29 fevral 2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Daha sonra həmin məhkəmənin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 72-74, 205-208) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 28 fevral 2024-cü il tarixdən hesablanmalıdır. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunmur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən qeyd edir ki, iş üzrə xüsusi müsadirə ediləsi əmlak yoxdur. Məhkəmə, həmçinin maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-də saxlanılan 839,8 qram narkotik vasitə heroin, 99,8 qram psixotrop maddə metafetamin məhv edilməlidir. 01 ədəd “Samsung Galaxy A51” markalı mobil telefon təqsirləndirilən şəxsin yaxın qohumlarından birinə qaytarılmalı, 01 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 114 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin qohumları tərəfindən onun hüquqlarının müdafiəsi üçün müdafiəçilər ilə müqavilə bağlandığından, müdafiəçinin hüquqi yardımı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 28 fevral 2024-cü il tarixdən hesablansın.Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-də saxlanılan 839,8 qram narkotik vasitə heroin, 99,8 qram psixotrop maddə metafetamin məhv edilsin. 01 ədəd “Samsung Galaxy A51” markalı mobil telefon təqsirləndirilən şəxsin yaxın qohumlarından birinə qaytarılsın, 01 ədəd DVD disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-84/2025
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-84/2025
12.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver