Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-85/2022 26.08.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Qurban oğlunun iştirakları ilə, xx xxxxxx 1975-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, satış məqsədi ilə qanunsuz olaraq, ümumlikdə 140,961 qram çəkidə qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olan külli miqdarda narkotik vasitə heroini əldə edib, bir qismini üzərində saxlayaraq daşımış, qalan hissəsini isə yaşadığı mənzildə saxlamış, 09 iyul 2021-ci il tarixdə, saat 17:45-də Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində Sumqayıt şəhər Pİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq, həmin polis bölməsinə gətirilmiş və bölmənin inzibati binasındakı xidməti otaqlardan birində üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarının sol yan cibindən 6 ədəd gümüşü rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,162 qram, 0,178 qram, 0,136 qram, 0,157 qram, 0,100 qram, 0,156 qram olan, ümumi təmiz çəkisi 0,889 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, şəxsi axtarış istintaq hərəkəti keçirilərkən, yaşadığı Sumqayıt şəhəri 9-cu mikrorayon, ev 3/4, mənzil 60 ünvanında da narkotik vasitələr saxladığını etiraf etdiyinə görə, həmin tarixdə, saat 19:08-də sözügedən mənzilə baxış keçirilən zaman qonaq otağındakı televizor altlığı mebelinin sağ yan hissəsindən üzərində heroin izləri olan 1 ədəd elektron tərəzi, 3 ədədi gümüşü, 3 ədədi isə qara rəngli kağıza bükülmüş, ümumi 6 ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,161 qram, 0,122 qram, 0,118 qram, 0,195 qram, 0,108 qram, 0,536 qram olan və həmin mebelin orta hissəsinə qoyulmuş metal materiallı qabın içərəsindən 2 ədəd şəffaf polietilen bükümlərdə təmiz çəkiləri 32,153 qram və 106,679 qram olan, ümumi təmiz çəkisi 140,072 qram olan külli miqdar təşkil edən, qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə verilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, polislər onu tutarkən üzərində narkotik vasitə olmamışdır. Narkotik vasitələr onun üzərinə polislər tərəfindən qoyulmuşdur. Narkotik vasitələrin istifadəçisi olmasına baxmayaraq ittihamda qeyd edilən narkotik vasitələr onda olmamışdır. Polislər onu tutmağa beş maşınla gəlmişlər. Evinin qapısının açarlarını itirdiyi üçün qapısı da açıq olmuş və polislər qalan narkotik vasitələri də onun evinə qoymuşlar. Sonra onunla birlikdə videoçəkilişlə evə baxış keçirərək həmin özləri qoyduqları narkotikləri götürmüşlər. Bundan əlavə o, göstərmişdir ki, tutularkən polislər tərəfindən ona zor tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zaman verdiyi və məhkəmədə elan olunaraq tədqiq olunduğu ifadəsində o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə verilmiş ittihamda özünü qismən təqsirli bilərək göstərmişdir ki, təxminən 11 ildən çoxdur ki, narkotik vasitələrdən istifadə edir. 09 iyul 2021-ci il tarixdə saat 17:45 radələrində Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində olan zaman bir nəfər polis və beş nəfər mülki geyimdə ona yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim edərək, onun narkotik vasitələri üzərində gəzdirilməsində şübhəli bilindiyi demişlər və üzərinə şəxsi axtarış keçirilməsi üçün Sumqayıt şəhəri Pİ-nin 3-cü PB-nə dəvət etmişlər. Polis bölməsinə gəldikdən sonra, xidməti otaqların birində müdafiəçinin iştirakı ilə və videoçəkilişlə onun üzərində axtarış aparılmışdır. Bu zaman o, əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 6 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümləri təhqiqata təqdim etmişdir. Bundan əlavə, şəxsi axtarış zamanı üzərindən bir ədəd istifadə olunmamış milliqramlıq tibbi şpris də aşkar olunmuşdur. Şəxsi axtarış zamanı üzərindən aşkar olunmuş həmin bükümlər polis əməkdaşı tərəfindən açıldıqda içərisindən qəhvəyi rəngli spesifik iyə malik olan maddələr aşkar olunmuşdur. Onda aşkar olunmuş maddələrin nə olduğu o, həmin maddələrin heroin olduğunu, aşkar olunmuş həmçinin, hazırda yaşadığı mənzildə saxladığı maddələri 09 iyul 2021-ci il tarixdə, günorta saatlarında Bakı şəhəri, “20 Yanvar” deyilən ərazidə olan zaman tanımadığı İran İslam Respublikası vətəndaşından 50 manata nisyə şəxsi istifadəsi üçün aldığını, bir qismini üzərində, qalanını isə evində saxladığını bildirmişdir. Həmin vaxt polis əməkdaşları ondan mənzilə baxış keçirilməsinə etirazının olub-olmadığını soruşan zaman o, etirazının olmadığını bildirmişdir. Üzərində aşkar olunmuş narkotik vasitələr tərəzi ilə çəkilmiş və sonra qablaşdırılmışdır. Bundan sonra, videoçəkilişlə onun yaşadığı mənzilə baxış keçirilmişdir. Onlar içəri daxil olan kimi ondan mənzildə harada narkotik vasitə saxladığını soruşmuşlar. O, özü qonaq otağına daxil olmuş və televizor rəfinin ortasında olan dəmir qabın içərisindən 2 ədəd şəffaf rəngli sellofanda olan bükümləri təqdim etmiş, həmin bükümlər barədə ona sual verilən zaman bir daha həmin bükümlərin narkotik vasitə olan heroin olduğunu və ona məxsus olduğunu bildirmiş, daha sonra baxış zamanı həmin televizor rəfinin yuxarı sağ gözlüyündən 6 (altı) ədəd gümüşü və qara rəngli siqaret kağızlarına bükülmüş bükümlər və 1 ədəd Çin istehsalı olan tərəzi aşkar olunmuşdur. Həmin vaxt yenə bükümlər barədə və tərəzi barədə ondan soruşulan zaman bir daha bildirmişdir ki, şəxsi axtarış zamanı üzərindən, həm də mənzilə baxış zamanı aşkar olunmuş heroin və tərəzi ona məxsusdur, həmin heroini 09 iyul 2021-ci il tarixdə, günorta saatlarında Bakı şəhəri, “20 yanvar” deyilən ərazidə olan zaman İran İslam Respublikası vətəndaşından aldığını bildirmişdir. Daha sonra isə mənzilin digər otaqlarına baxış keçirilmiş, lakin əhəmiyyət kəsb edən heç nə açkar olunmamışdır. Onun yaşadığı mənzilə baxış zamanı aşkar olunmuş maddələr tərəziyə qoyulub çəkilən zaman həmin maddələr 1ci büküm şəffaf rəngli sellofan ilə birlikdə 116 qram, 2-ci büküm şəffaf rəngli sellofan ilə birlikdə 34 qram olması müəyyən edilmiş, eyni zamanda gümüşü və qara rəngli siqaret kağızlarında olan maddələr də ayrı-ayrılıqda tərəzi də çəkilmişdir. Evində aşkar edilmiş narkotik vasitələr də ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. Daha sonra o, göstərmişdir ki, narkotik vasiələri özü üçün almış, həmin narkotik vasitələri satmaq niyyəti olmamışdır. (Cild 1, iş vərəqləri 71-74) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi tədqiq edir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində iştirak etməsi barədə əməliyyat məlumatı daxil olduqdan sonra 09 iyul 2021-ci il tarixdə əməliyyat qrupu yaradılmış və həmin gün saat 17:45-də Təqsirləndirilən şəxs Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində saxlanılmışdır. Ona özlərini təqdim edərək nə üçün saxlanıldığı bildirilmiş və Sumqayıt ŞPİ-nin 3-cü PB-nə dəvət edilmişdir. Bölmədə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, müdafiəçi dəvət edilmiş və videoçəkilişlə onun üzərində şəxsi axtarış aparılmışdır. Bu zaman o, əynində olan göy rəngli cins şalvarın arxa sağ yan cibindən bir ədəd sellofanda olan şprisi və həmin şalvarın qabaq sol cibindən 6 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümləri təqdim etmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs həmin bükümlərin nə olduğunu və haradan əldə etdiyini soruşduqda o, həmin maddənin “kakos” deyilən heroin olduğunu, Bakı şəhəri “20 yanvar” ərazisində tanımadığı İran vətəndaşından aldığını bildirmişdir. Həmin bükümlər elektron tərəzi vasitəsi ilə çəkildikdə onların ümumi çəkisinin 1,56 qram olduğu müəyyən edilmişdir. Daha sonra, Təqsirləndirilən şəxs sorğu-sual edildikdə o, evində də narkotik saxladığını demişdir. Bundan sonra, onun yaşadığı ünvan 2 ünvanına gedilmiş və videoçəkilişlə həmin evə baxış keçirilmişdir. Evə girdikdə Təqsirləndirilən şəxs narkotik vasitəni saxladığı yer soruşulmuş və o, otaqda olan şkafın orta gözündə olan yumru dəmir qabın açaraq orada olan sellofana bükülmüş 2 ədəd bükümü çıxardıb təqdim etmişdir. Təhqiqatçı həmin bükümlərin nə olduğunu soruşduqda Təqsirləndirilən şəxs həmin bükümlərin narkotik vasitələr olduğunu bildirmişdir. Evə onlar tərəfindən ümumi baxış keçirilmişdir. Baxış zamanı televizor şkafının yanından əlavə olaraq 6 büküm və 1 ədəd elektron tərəzi aşkar edilmişdir. Baxış zamanı aşkar olunmuş narkotik vasitə heroinə bənzər maddələr tərəziyə qoyularaq çəkilən zaman 1-ci bükümün şəffaf rəngli sellofanla birlikdə 116,58 qram, 2-ci bükümün şəffaf rəngli sellofan ilə birlikdə 34,39 qram, eyni zamanda 6 bükümün ümumi məsinin 2,05 qram olması müəyyən olunmuşdur. Təhqiqatçı Təqsirləndirilən şəxs nə üçün bükümlədiyini soruşduqda sonuncu şəxsi istifadəsi üçün istifadə edən zaman dozasına görə bükümlədiyini və tərəzi ilə də çəkdiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları Şahid2 və Şahid3 da Şahid1lə oxşar məzmunlu ifadələr verərək onun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmədə ifadələri elan olunaraq tədqiq olunan, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4, X2 və Şahid6 da ifadələrindən görünür ki, Təqsirləndirilən şəxs 09 iyul 2021-ci il tarixdə saat 17:45-də Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində saxlanılmaqla Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gətirilmiş,şəxsi axtarış zamanı onun üzərində 6 bükümdə ümumi çəkisi 1,56 qram olan narkotik vasitə heroinə bənzər maddə aşkar olunmuş, daha sonra onun dəvəti ilə yaşadığı ünvan 2 ünvanına gedilmiş və videoçəkilişlə həmin evə baxış keçiriərkən 1-ci bükümdə 116,58 qram olan, ikinci bükümdı 34,39 qram olan, eyni zamanda 6 bükümdə ümumi çəkisi 2,05 qram olan narkotik vasitə heroinə bənzər maddələr aşkar olunmuşdur. (Cild 1, iş vərəqləri 128-131, 137-140, 141-144) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “Şəxsi axtarış keçirilməsi haqqında” 09 iyul 2021-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə saxlanılan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən o, əynində olan göy rəngli cins şalvarın arxa sağ yan cibindən sağ əli ilə bir ədəd sellofanda olan şprisi və həmin şalvarın qabaq sol cibindən 6 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümləri təqdim etmişdir. Həmin bükümlər ayrı-ayrılıqda tərəziyə qoyulub çəkilən zaman 1-ci bükümün 0,28 qram, 2-cı bükümün 0,27 qram, 3-cü bükümün 0,23 qram, 4-cü bükümün 0,25 qram, 5-ci bükümün 0,20 qram və 6-cı bükümün 0,33 qram, ümumi çəkisinin isə 1,56 qram olması müəyyən edilmişdir. (Cild 1, iş vərəqləri 22-23) “Mənzilə baxış keçirilməsi haqqında” 09 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs razılığı ilə onun yaşadığı ünvan 3 ünvanına baxış keçirilərkən Təqsirləndirilən şəxs otaqda olan şkafın orta gözündə olan yumru dəmir qabın qapağını açaraq orada olan sellofana bükülmüş 2 ədəd bükümü çıxardıb təqdim etmişdir. Təhqiqatçı həmin bükümlərin nə olduğunu soruşduqda Təqsirləndirilən şəxs həmin bükümlərin narkotik vasitə olduğunu bildirmişdir. Evə onlar tərəfindən ümumi baxış keçirilmişdir. Baxış zamanı televizor şkafının yanından əlavə olaraq 6 büküm və 1 ədəd elektron tərəzi aşkar edilmişdir. Baxış zamanı aşkar olunmuş narkotik vasitəyə bənzər maddələr tərəziyə qoyularaq çəkilən zaman 1-cı büküm şəffaf rəngli sellofanla birlikdə 116,58 qram, 2-ci büküm şəffaf rəngli sellofan ilə birlikdə 34,39 qram eyni zamanda 6 bükümdən 3-ü gümüş kağızla bükülmüş bükümlərin hər 1-ci bükümü 0,25 qram, 2-ci bükümü 0,24 qram, 3-cü büküm 0,23 qram olmaqla digər 3 qara kağıza bükülmüş bükümün 1-ci bükümü 0,77 qram, 2-ci 0,26 və 3-cü 0,32 qram 6 büküm ümumilikdə tərəziyə qoyulub çəkilən zaman ümumi çəkisi 2,05 qram olması müəyyən olunmuşdur. (Cild 1, iş vərəqləri 25-27) “Şəxsi axtarış keçirilməsi haqqında” və “Mənzilə baxış keçirilməsi haqqında” 09 iyul 2021-ci il tarixli protokollarda da əks olunan əməliyyat-istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı bir ədəd “DVD” formatlı disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən həmin videogörüntülərin əks olunduğu diskə baxış keçirilməsinə dair 11 iyul 2021-ci il tarixli protokolla, eləcə də həmin diskə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin şəxsi axtarışı və mənzilinə baxış keçirilməsi zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. (Cild 1, iş vərəqləri 81-83) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 10 iyul 2021-ci il tarixli, 6/2753 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş..’’yazısı olan zərfdəki 6(altı) ədəd kağız bükümdə ümumi təmiz çəkisi 0,889 qram (ayrı-ayrılıqda təmiz çəkisi 0,162 qr, 0,178 qr, 0,136 qr, 0,157 qr, 0,100 qr 0,156 qr) qəhvəyi rəngli tozşəkilli maddə ksutar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində: “vət. imanovun yaşadığı 9 mkr.... mənzil 60-dan aşkar olunmuş...” yazısı olan zərfdəki 6(altı) ədəd kağız bükümdə, ümumi təmiz çəkisi 1,240qram (ayrı-ayrılıqda təmiz çəkisi 0,161 qr, 0,122 qr, 0,118 qr, 0,195 qr, 0,108 qr, 0,536 qr) və 2(iki) ədəd şəffaf polietilen bükümdə ümumi təmiz çəkisi 138,832 qram, (ayrı-ayırlıqda təmiz çəkisi 32.153 qr və 106,679 qr) qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Vət. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar edilərək götürülmüş heroinlərin ümumi təmiz çəkisi 140,961 qrandır və həmin heroinlər xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş üzərində: “vət . Təqsirləndirilən şəxs yaşadığımənzildən aşkar olunmuş elektron tərəzi yazısı olan zərfdəki bir ədəd arxasında “500g x 0,01 g” yazısı olan elektron tərzinin üzərində heroinin izləri vardır. İz şəklində olduğu üçün, heroinin çəkisini müəyyən etmək mümkün olmadı. (Cild 1, iş vərəqləri 37-43) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 16 iyul 2021-ci il tarixli, 2369 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqləri 109-110) Cinayət işinin materiallarında olan “Əşyanın maddi sübut kimi tanıma haqqında” 19 iyul 2021-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs üzərindən və mənzilindən götürülmüş və tədqiqatdan sonra qalıq qalmış 140,641 qram narkotik vasitə heroin və 01 ədəd elektron tərəzi maddi sübut kimi tanınmaqla saxlanılması üçün Sumqayıt ŞPİ-nin məsul saxlanışına təhvil verilmiş, istintaq hərəkətlərinin keçirilməsi görüntülərini özündə əks etdirən 01 ədəd “DVD” formatlı disk cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqi 112-113) İş materiallarında olan “Cinayət işinin materiallarından digər cinayət işinin ayrılması barədə” 26 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, hazırki cinayət işindən Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitənin mənbəsinin müəyyən edilməsi ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi ayrılmışdır. (Cild 1, iş vərəqləri 151-165) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Sumqayıt şəhər məhkəməsinin 16 iyul 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar və bu qərar əsasında həyata keçirilmiş əməliyyat tədbirləri qanuni hesab edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs tutularkən üzərində narkotik vasitənin olmaması, yaşadığı mənzildə də narkotik vasitələrin olmaması, həmçinin narkotik vasitənin satışı ilə məşğul olmaması və polis əməkdaşları tərəfindən onun üzərinə və yaşadığı mənzilə narkotik vasitələrin qoyulması ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Bu səbəbdən məhkəmə şahid Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini daha obyektiv və işin hallarına uyğun olan ifadə kimi qəbul edir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İ siyahısının 5-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə heroinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əldə edərək, saxladığı və daşıdığı ümumilikdə 140,961 qram, yəni külli miqdarda narkotik vasitə heroinin miqdarının şəxsi istehlak miqdarından təxminən 939 dəfə, külli miqdardan isə təxminən 70 dəfə artıq olması onun məqsədinin satışla bağlı olduğunun bilavasitə təzahürüdür. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Belə ki, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (Cild 1, iş vərəqləri 115-116) Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 09 iyul 2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, Sumqayıt şəhər məhkəməsinin 11 iyul 2021-ci il tarixli qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Daha sonra həmin məhkəmənin qərarı ilə həbsdə saxlanılma müddti uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 92-93) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 15 may 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, gəldiyi nəticələri həm prosessual normaların tələbləri baxımından, həm də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarının izah və tövsiyələri baxımından əsaslı hesab edir. Belə ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin 3-cü bəndinə əsasən həmin maddənin 1-ci bəndinin (c) yarımbəndinə müvafiq olaraq tutulmuş və ya həbsə alınmış hər kəs, dərhal hakimin və ya qanunla məhkəmə hakimiyyətini həyata keçirmək səlahiyyəti verilmiş vəzifəli şəxsin yanına gətirilir və ağlabatan müddət ərzində məhkəmə araşdırması və ya məhkəməyə qədər azad edilmək hüququna malikdir. Konvensiyanın həmin maddəsi çərçivəsində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəməyə qədər həbs müddəti müəyyən edilərkən nəzərə alınmalı olan müddət təqsirləndirilən şəxsin həbsə alındığı gündən başlayır və hökmün çıxarıldığı gün sona çatır, hətta bu hökm birinci instansiya məhkəməsi tərəfindən verilmiş olsa belə (Solmaz Türkiyə qarşı, §§ 23-24; Kalaşnikov Rusiyaya qarşı, § 110, Vemhoff Almaniyaya qarşı, § 9 ). Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1-ci maddəsinin tələblərinə əsasən təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan: tədqiqatdan sonra qalıq çəkisi 140,641 qram olan narkotik vasitə heroin məhv edilməli, 01 ədəd elektron tərəzi xüsusi müsadirə olunaraq əvəzsiz olaraq dövlət nəfinə alınmalı, iş materiallarında olan 01 (bir) ədəd “DVD” formatlı disk hazırki cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsdən 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etmiş və bu müdafiəçi tərəfindən məhkəmə istintaqı başa çatdırılanadək onun hüquqları müdafiə olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 09 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Sumqayıt Şəhər Polis İdarəsində saxlanılan: 140,641 qram narkotik vasitə heroin məhv edilsin, 01 ədəd elektron tərəzi xüsusi müsadirə olunaraq əvəzsiz olaraq dövlət nəfinə alınsın, 01 (bir) ədəd “DVD” formatlı disk hazırki cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-85/2022
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-85/2022
26.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver