Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-85/2024 16.05.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu, Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxxxx 1968-ci ildə Quba şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta ixtisas təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkum olunmayan, ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarət altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Narkomaniya xəstəliyindən əziyyət çəkən Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısı»na daxil olan, külli miqdarda - 2,129 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini xx.xx.2022-ci il tarixdə satış məqsədi olmadan, öz istifadəsi üçün 30 manat müqabilində qanunsuz olaraq əldə edərək yaşadığı ünvan 2 ünvanına daşımış və orada saxlamış, 13 sentyabr 2022-ci il tarixdə saat təxminən 22:00 radələrində Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçirilərkən eyvanda olan masanın üzərində saxladığı bir ədəd üzərində “Senator” yazıları yazılmış dəmir siqaret qabının içərisində təmiz çəkisi 2,129 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən aşkar edilərək prosessual qaydada qablaşdırılmaqla götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, qərənfillərin satışı ilə məşğul olur, gündəlik olaraq 5- 20 manat aralığında pul qazanırdı. Qərənfilləri yaşadığı evin yaxınlığında satırdı. Bir neçə ildir ki, narkotiklərdən istifadə edir. Əfqanstanda döyüşərək müharibə veteranı olduğu üçün əlavə olaraq da hər ay 80 manat məbləğində müavinət alırdı. Narkotik vasitələri istifadə etmək üçün bəzən Xaçmaz şəhərindən, bəzən də Quba şəhərindən alırdı. Bunun üçün təqribən 8-10 manat məbləğində pul verirdi. Narkotik vasitə aludəçisi olduğu üçün bəzən gündəlik qazancını narkotik vasitə almaq üçün verirdi. 13 sentyabr 2022-ci il tarixdə yaşadığı Quba şəhəri, Sabir küçəsində yerləşən 38 nömrəli evdə dostu Elçinlə birlikdə oturmuşlar. Saat təqribən 21:00 radələrində yaşadığı evin pəncərəsi döyülmüşdür. O, pəncərəyə çıxdıqda evin damından tüstü çıxdığını bildirmişlər. Tüstünün haradan çıxdığını müəyyənləşdirmək üçün qapıdan çölə çıxdıqda polis əməkdaşları evə daxil olmuşlar. Quba Rayon Polis Şöbəsinin Cinayət axtarışı bölməsinin rəisi vəzifəsində işləyən Elvin adlı polis əməkdaşı da orada olmuşdur. Həmin şəxs onun mütləq şəkildə tutulmalı olduğunu, onun tutulmağı barədə əmrin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyindən birbaşa verildiyini bildirmişdir. O, təxminən 1 ildən çox müddət idi ki, narkotik vasitə istifadə edirdi. O, metamfetamin növündə psixotrop maddə istifadə etmişdir. Polis əməkdaşları ona təzyiq göstərərək, onların dedikləri ilə razılaşmayacağı halda yaşadığı evə silah da qoyub onu rəsmiləşdirəcəklərini bildirmişlər. O da məcbur qalaraq onların dedikləri ilə razılaşmışdır. O, heç vaxt narkotik vasitə satmamış, heç kimə narkotik vasitə bağışlamamışdır. Evindən aşkar olunması göstərilən psixotrop maddə ona məxsus olmamışdır. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində o, göstərmişdir ki, tutulana qədər ünvan 3 ünvanda ailəsi ilə birlikdə yaşamışdır. Təxminən 1 ildir ki, psixotrop maddə metamfetamin istifadə edir. xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu Alatava adlanan ərazidə olduğu zaman tanımadığı 1 nəfər şəxs ilə söhbət zamanı ondan 30 manat müqabilində şəffaf sellofanda psixotrop maddə olan metamfetamin almış və Quba şəhərinə qayıtmışdır. Həmin psixotrop maddə olan metamfetamini yaşadığı evdə masanın üzərində saxlamışdır ki, özü istifadə etsin. 13 sentyabr 2022-ci il tarixdə günortadan sonra həmin psixotrop maddədən dəmir falqaya töküb istifadə etmişdir. Elə həmin günü yəni, xx.xx.2022-ci il tarixdə axşam saat təxminən 22:00 radələrində yaşadığı evin qarşısına çıxmışdır ki, siqaret çəksin. Həmin vaxtıpolis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edib və narkotik vasitə saxlamaqda daşımaqda şübhəli olduğunu onab bildirmişdirlər. Bundan sonra ona müdafiəçi təqdim edilmiş müdafiəçinin iştirakı ilə onun üzərinə video çəkiliş ilə şəxsi axtarış keçirilmişdir. Həmin vaxtı onun üzərindən hər hansı bir qadağan olunmuş əşya aşkar olunmamışdır. Onlar ondan narkotik vasitə və psixotrop maddəni harada saxladığım soruşmuşdurlar o, da onlara bildirmişdirki, psixotrop maddə olan metamfetamin qəbul edir bunun üçün həmin psixotrop maddə olan metamfetamini öz yaşadığı evdə masanın üzərində saxlamışdır. Bundan sonra öz icazəsi ilə onun yaşadığı evə müdafiəçinin iştirakı ilə polis əməkdaşları daxil olub video çəkiliş vasitəsi ilə baxış keçirtmişdirlər. Baxış zamanı evində masanın üzərində ona məxsus psixotrop maddə olan metamefatmin, 3 ədəd birdəfəlik şpris və 1 ədəd dəmir falqa aşkar edilmiş, metamfetamin müdafiəçisinin iştirakı ilə elektron tərəzidə çəkilmiş, çəkisi 2,3 qram olduğu müəyyən edilmişdir. Sonra isə həmin psixotrop maddə olan metamefatmin, 3 ədəd birdəfəlik şpris və 1 ədəd dəmir falqa zərflərə qoyularaq qablaşdırılaraq onlar tərəfindən imzalanmışdı. O, tutulan zaman və RPş-nə gətirildikdən sonra ona qarşı polis əməkdaşları tərəfindən hər hansı bir fiziki və psixi təsir olmadığını da qeyd etmişdir. Psixotrop maddəni öz istifadəsi üçün əldə etmiş, heç kəsə satmamışdır. (Cild 1, iş vərəqlərii 66-69, 133-136) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə tədqiq edib qiymətləndirməklə sübut növü kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Quba Rayon Polis Şöbəsinin Cinayət axtarışı bölməsinin baş əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, üzərində gəzdirməsi, evində saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Qeyd edilən hal ilə bağlı dərhal əməliyyat qrupu yaradılmış və əməliyyat tədbirləri həyata keçirilmişdir. 13 sentyabr 2022-ci il tarixdə keçirilən əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Quba şəhəri ərazisində yaşadığı evin yaxınlığında saxlanılmış, özlərini təqdim etdikdən sonra ona barəsində daxil olmuş əməliyyat məlumatı barədə məlumat verilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs üzərində deyil, yaşadığı evdə psixotrop maddənin olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs razılığı əsasında yaşadığı evə təhqiqatçının, müdafiəçinin iştirakı və videoçəkiliş vasitəsilə baxış keçirilmişdir. Baxış zamanı ona yaşadığı evdə saxladığı halda qanunsuz vasitələri təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs 1 bükümdə metamfetamin növündə psixotrop maddəni təqdim edərək, onu şəxsi istifadəçisi üçün saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasına dair heç bir məlumat olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Quba Rayon Polis Şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, üzərində gəzdirməsi, evində saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Qeyd edilən hal ilə bağlı dərhal əməliyyat qrupu yaradılmış və əməliyyat tədbirləri həyata keçirilmişdir. 13 sentyabr 2022-ci il tarixdə keçirilən əməliyyat tədbirləri nəticəsində saat 22:00 radələrində Təqsirləndirilən şəxs Quba şəhəri ərazisində yaşadığı evin yaxınlığında saxlanılmış, özlərini təqdim etdikdən sonra ona barəsində daxil olmuş əməliyyat məlumatı barədə məlumat verilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs üzərində deyil, yaşadığı evdə psixotrop maddə olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs razılığı əsasında yaşadığı evə təhqiqatçının, müdafiəçinin iştirakı və videoçəkiliş vasitəsilə baxış keçirilmişdir. Baxış zamanı ona yaşadığı evdə saxladığı halda qanunsuz vasitələri təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs yaşadığı evin qonaq otağındakı stolun üstündə psixotrop maddəyə bənzər maddə olmuş və Təqsirləndirilən şəxs həmin maddəni təqdim etmişdir. Təqsirləndirilən şəxs yaşadığı evə baxış zamanı evdə ondan başqa heç kim olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması ilə bağlı hər hansı bir məlumat olmamışdır. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Quba RPŞ-in NMQ-nun əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu, üzərində gəzdirməsi və evində saxlaması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatla bağlı raportla RPş-nin rəisinə məruzə edərək tədbirin keçirilməsi üçün əməliyyat qrupu yaradılmışdır. Qurupun üzvləri PŞ-nin baş əməliyyat müvəkkili Şahid3, əməliyyat müvəkkili Şahid2 və KTQ-nin baş inspektor- kriminalisti Fuad islamovdan ibarət olmuşdur. 13 sentyabr 2022-ci il tarixdə axşam saat təxminən 22 radələrində Quba şəhərində yaşadığı evin yaxınlığında saxlanılmışdır. Həmin zaman Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən ondan dövriyyəsi qanunla qadağan edilmiş maddə, əşya və ya predmet olub olmamasım soruşmuşdur. Təqsirləndirilən şəxs isə psixotrop maddə olan metamfetamin qəbul etdiyini və hazırda üzərində yox həmin psixotrop maddə olan metamfetamini öz yaşadığı evdə masanın üzərində saxladığım bildirmişdir. Bundan sonra onun icazəsi ilə onun yaşadığı evə polis əməkdaşları və ona dövlət hesabına təqdim olunmuş müdafiəçisinin iştirakı ilə daxil olub video çəkiliş vasitəsi ilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs evində masanın üzərində ona məxsus psixotrop maddə olan metamefatmin, 3 ədəd birdəfəlik şpris və 1 ədəd dəmir falqa aşkar edilmiş, metamfetamin müdafiəçimin iştirakı ilə elektron tərəzidə çəkilərək çəkisi 2,3 qram olduğu müəyyən edilmişdir. Sonra isə həmin psixotrop maddə olan metamefatmin, 3 ədəd birdəfəlik şpris və 1 ədəd dəmir falqa zərflərə qoyularaq qablaşdırılmış və iştirakçılar tərəfindən İmzalanmışdır. (Cild 1, iş vərəqləri 99-100) Məhkəmədə əlavə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə dostluq münasibətləri mövcuddur. Təqsirləndirilən şəxs ilə onun yaşadığı evdə oturarkən evin pəncərəsi döyülmüş və evin damindan tüstü çıxdığını demişlər. Onlar qapıdan çölə çıxdıqda polis əməkdaşları evə daxil olmuşlar. Polis əməkdaşları onu buraxmışlar, lakin Təqsirləndirilən şəxs üzərində və yaşadığı evdə psixotrop maddə olmadığı halda, ona təzyiqlər göstərərək narkotik vasitənin ona məxsus olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs psixptrop maddə istifadə etdiyini görməmiş, bu haqda məlumatı olmamış, lakin şübhələnmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “şəxsi axtarışın keçirilməsi barədə” 13 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı qanunsuz əşya aşkar olunmamışdır. (Cild 1, iş vərəq 27) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “baxış keçirmə və götürmə haqqında” 13 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı quba şəhəri, Sabir küçəsi, ev 38 ünvanına baxış keçirilmiş, evdə masanın üzərində ona məxsus psixotrop maddə olan metamfetamin, 3 ədəd birdəfəlik şpris və 1 ədəd dəmir falqa aşkar edilərək götürülmüşdür. (Cild 1, iş vərəqləri 29- 31) “Baxış keçirmə və götürmə haqqında” 13 sentyabr 2022-ci il tarixli protokolda istintaq hərəkətləri videoçəkilişlə aparılmış bununla bağlı bir ədəd disk cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən həmin videogörüntülərin əks olunduğu diskə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin şəxsi axtarışı və mopedə baxış zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəməkimyəvi ekspertizasının 14 sentyabr 2022-ci il tarixli 6/5170 №- li rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və 01 ədəd kağız zərfdəki bir ədəd bükümdəki təmiz çəkisi 2,129 qram olmaqla ağ rəngli, kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. (Cild 1, iş vərəqləri 37-41) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının 25 oktyabr 2022-ci il tarixli 6314 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorlarm birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqləri 111-112) Cinayət işinin materiallarında olan “cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” 17 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,079 qram metamfetamin maddi sübut kimi tanınaraq Quba RPŞ-in maddi sübutları saxlanc yerinə təhvil verilmişdir. 01 ədəd disk iş maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəlqəri 114-120) Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (Cild 1, iş vərəq 85) Məhkəmə, tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən aşağıdakı əsaslara görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilməmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin əldə etdiyi psixotrop maddəni satış məqsədi ilə əldə etməsini təsdiq edən heç bir dəlil, birbaşa və ya dolayı sübut müəyyən edilməmişdir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir ki, o, məhz satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamin və narkotik vasitə heroini əldə etmiş, saxlamış və daşımışdır. Lakin istintaq orqanı Təqsirləndirilən şəxs psixotrop maddəni məhz satış məqsədi ilə əldə etməsi barədə nəticəyə gələrkən iş materiallarında olan heç bir sübuta istinad etməməklə yanaşı, təqsirləndirilən şəxsə bununla bağlı verdiyi ittihamda şəxsin həmin maddə ilə təqsirliliyini müəyyən edən hər hansı dəlil belə göstərməmişdir. İstintaq orqanı Təqsirləndirilən şəxs əməlinə hüquqi qiymət verərkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndinə istinad edərək göstərmişdir ki, təqsirkarın psixotrop maddəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Halbuki, istintaq orqanı Təqsirləndirilən şəxs verdiyi ittihamda və cinayət təqibi ilə bağlı topladığı materiallarda təqsirləndirilən şəxs tərəfindən psixotrop maddənin satacağı istehlakçı ilə razılığın əldə edilməsi, bu məqsədlə kiminləsə sövdələşməsi, psixotrop maddənin məhz satış məqsədi ilə çəkilib bir neçə xırda bağlamalara bükülməsi, həmçinin onda tərəzinin və digər vasitələrin olması ilə bağlı ümumiyyətlə heç bir dəlil və sübut gətirməmişdir. Məhkəmə həmçinin xüsusi qeyd edir ki, təqsirləndirilən şəxs psixotrop maddələrin satışı ilə məşğul olduğu halda, onun üzərində daha çox həcmdə psixotrop maddə və narkotik vasitə, eləcə də elektron tərəzi aşkar oluna bilərdi. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarda və işin materiallarında təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş psixotrop maddəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə yayılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut müəyyən edilməmişdir. İstintaq orqanı təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin tərkibinin olması qənaətinə gələrkən, psixotrop maddənin külli miqdarda olmasına iş materiallarında öz əksini tapan yeganə sübut kimi istinad etməyə çalışsa da, yalnız bu əlamət özü özlüyündə “satış məqsədinin” qeyd-şərtsiz sübutu kimi əsas götürülə bilməz. Odur ki, məhkəmə cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs X2 əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1ci maddəsinə tövsif edilməlidir. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” 26 aprel 2022-ci il tarixli qanuna əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinə yeni məzmunda 234.1-1-ci maddə əlavə edilmişdir. Həmin qanun 20 may 2022-ci il tarixdə “Azərbaycan” qəzetində dərc olunmuş və həmin gündən qanuni qüvvəyə minmişdir. Təqsirləndirilən şəxs isə ittiham olunduğu cinayət əməlini 13 sentyabr 2022-ci il tarixdə törətmişdir. Beləliklə, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinə uyğun olmaqla, həmin cinayət əməlinin onun tərəfindən törədilməsi məhkəmə tərəfindən tam sübuta yetirilmiş hesab edilir. Məhkəmə, təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən təsirə məruz qalması, polislərin onun evinə qanunsuz daxil olması və psixotrop maddə qoyması ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab etməklə belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi işin obyektiv hallarına uyğun olduğundan, həmin ifadə daha səmimi ifadə və mötəbər sübut kimi qəbul olunmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Şahid4 təqsirləndirilən şəxslə dostluq münasibətlərində olmaqla onun xeyrinə ifadə verməsi, həmin ifadənin mötəbər sübut kimi qəbul etməsini istisna edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Qeyd olunanlarla bağlı məhkəmə təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1ci maddəsinə tövsif edilməsini əsaslı və qanuni hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyası hədlərində cəza təyin edilməsi qanuni və əsaslıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmiş, həmin əməl başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1 və 61.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə həmçinin belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 13 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 15 sentyabr 2022-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 25, 72-73) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin tutulduğu 2 (iki) gün müddət ona təyin edilən cəza müddətinə hesablanmaqla çıxılmalı, təyin edilən azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı isə hökmün elan olunduğu və təqsirləndirilən şəxsin məhkəmə iclas zalında həbsə alındığı tarixdən hesablanmalıdır. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi mülaicə olunmalıdır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Odur ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, işi üzrə maddi sübut olub Quba RPŞ-də saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq çəkisi 2,079 qram olmaqla psixotrop maddə metamfetamin məhv edilməlidir. 01 ədəd disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsdən 92 (doxsan iki) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etmiş və bu müdafiəçi tərəfindən məhkəmə istintaqı başa çatdırılanadək onun hüquqları müdafiə olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 13 sentyabr 2022-ci il tarixdən 15 sentyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün ona təyin edilən azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla cəzadan çıxılsın və o, qəti olaraq 03 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunsun və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı hökmün elan olunduğu 16 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Quba RPŞ-də saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq çəkisi 2,079 qram olmaqla psixotrop maddə metamfetamin məhv edilsin. 01 ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 92 (doxsan iki) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-85/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-85/2024
16.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver