Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-86/2022 02.11.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Rəşad Şəmşir oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu (məruzəçi) və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi- Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhəri 1 Saylı Vəkil Bürosunun vəkili X1, Zərərçəkmiş şəxslər- Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, xx xxxxxxxx 1990-cı ildə Qusar rayonunun Avaran kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olmuş, Xaçmaz rayonu Qaraçı kəndində daimi qeydiyyatda olmaqla hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 149.2.4, 29, 149.2.5, 157.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olaraq zərərçəkmiş şəxsi təkrar öldürmə hədəsi ilə onunla cinsi əlaqədə olmağa, yəni zorlamaya cəhd etmiş, habelə yaşayış sahəsinə qanunsuz olaraq girməklə silah qismində istifadə edilən əşyalar tətbiq etməklə özgənin əmlakını ələ keçirmə məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın, yəni quldurluq etmişdir. Belə ki, o, 24 sentyabr 2020-ci il tarixdə saat 20 radələrində Azərbaycan Respublikası qanunları ilə müəyyən edilmiş əsaslar olmadan hamilə vəziyyətində olan Zərərçəkmiş şəxs2 iradəsi ziddinə onun ünvan 1 ünvanında yerləşən evinə qanunsuz daxil olub Zərərçəkmiş şəxs2 ilə zorla cinsi əlaqədə olmaq məqsədilə növü istintaqla müəyyən edilməyən kəsicideşici alətlə öldürmə hədəsi ilə sonuncunun çənə nahiyəsinə bir zərbə vurub qəsdən ona “alt çənə nahiyəsinin çapıqlaşmış yarası” kimi dərəcəsi təyin olunmayan xəsarət yetirməklə müqavimətini qırmağa çalışmış, lakin Zərərçəkmiş şəxs2 qaçıb evdən çıxması səbəbindən bilavasitə cinayət törətməyə yönəlmiş qəsdən edilən əməlini öz iradəsindən asılı olmayaraq başa çatdıra bilməmiş, bununla da, Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olaraq Zərərçəkmiş şəxs2 öldürmə hədəsi ilə onunla cinsi əlaqədə olmağa, yəni zorlamaya cəhd etmişdir. Bundan başqa, o, 23 iyun 2021-ci il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs1 əmlakını ələ keçirmək məqsədilə sonuncunun iradəsi ziddinə ünvan 2 ünvanında yerləşən evinə qanunsuz olaraq girib mətbəxdən götürdüyü bıçağı silah qismində istifadə edərək Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif nahiyələrinə əli ilə və bıçaqla qəsdən bir neçə zərbə vuraraq sonuncuya “alt dodağın selikli qişasına qansızma, sağ çiyin, sol sağrı və hər iki bud nahiyələrinin qançırları, sağ əlin arxa tərəfinin kəsilmiş yarası və sol əlin ovuc səthinin səthi kəsilmiş yaraları” kimi sağlamlığa yüngül zərər vuran, həyat və sağlamlıq üçün təhlükəli olan xəsarətlər yetirməklə basqın etmiş, daha sonra cinayətkar niyyətini davam etdirərək Zərərçəkmiş şəxs1 ilə zorla cinsi əlaqədə olmaq məqsədilə sonuncunu əlindəki bıçaqla öldürmə hədəsi ilə müqavimətini qırmağa çalışmış, lakin Zərərçəkmiş şəxs1 müqavimət göstərməsi nəticəsində bilavasitə cinayət törətməyə yönəlmiş qəsdən edilən əməlini öz iradəsindən asılı olmayaraq başa çatdıra bilməyərək evi tərk etmiş, bununla da, o, zərərçəkmiş şəxsi təkrar öldürmə hədəsi ilə cinsi əlaqədə olmağa, yəni zorlamaya cəhd etmiş, habelə yaşayış sahəsinə qanunsuz olaraq girməklə silah qismində istifadə edilən əşyalar tətbiq etməklə özgənin əmlakını ələ keçirmə məqsədilə zərərçəkmiş şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın, yəni quldurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, hadisə günü Zərərçəkmiş şəxs1 evinə oğurluq məqsədilə girmiş və həmin vaxt onun evdə olduğunu görmüşdür. İlk olaraq yataq otağına girmiş, Kəmalə isə həmin vaxt hamamda olmuşdur. Kəmalə hamamdan çıxdığı zaman onunla qabaq-qabağa gəlmiş, Kəmalə hamamdan çıxdığı zaman çılpaq olmuşdur. Kəmalə onu görən kimi qışqırmağa, qonşuları çağırmağa başlamışdır. O, dərhal həmin evdə olan bıçağı götürərək onu qorxudub sakit olmasını söyləmiş və evdən çıxmaq istəmişdir. Lakin Kəmalə onun üzərinə gəlmiş və bir əli ilə onda olan bıçaqdan tutduğu zaman onun əli yaralanmışdır. O, bıçağı Kəmalənin əlindən almağa çalışarkən onun başı moydadıra dəymiş, daha sonra oradan qaçaraq uzaqlaşmışdır. O, Zərərçəkmiş şəxs2 daha öncədən tanımamış, onu ilk dəfə polis idarəsində görmüşdür. Saxlanıldığı vaxt əməliyyatçının otağında olmuş, Zərərçəkmiş şəxs2 isə əlində uşaqla onun olduğu otağa dəfələrlə girib-çıxmışdır. Bu zaman Kəmalə də onun yanında olmuş və Kəmalənin işarə edərək onu göstərdiyini görmüşdür. Daha sonra Zərərçəkmiş şəxs2 ona qarşı eyni əməlləri törətdiyini polis əməkdaşlarına söyləmişdir. O, İlhaməni ikinci dəfə üzlədirmə, üçüncü dəfə isə şəxsi tanıma zamanı görmüşdür. Təqsirləndirilən şəxs ifadəsində həmçinin göstərdi ki, Kəmalənin evinə girməkdə məqsədim oğurluq etmək olmuşdur. Hadisə günü 4-5 bakal içki içmişdir. Kəmalənin evinə hasardan daxil olmuş, həmin vaxt evdə kiminsə olacağını düşünürək bir müddət çöldə gözləmiş, hətta pəncərini belə tıqqıldatmışdır. Daha sonra heç kimin evdə olmayacağını güman edərək evin pəncərəsindən içəriyə girmişdir. Həmin pəncərə plastik olmuş və tam bağlanmamışdır. Kəmaləni hadisədən əvvəl tanımamışdır. O, İlhaməni əvvəldən tanımamışdır, 24 sentyabr 2020-ci ildə onun evinə girməmişdir. Həmin gün həmişə olduğu kimi işdən öz evinə getmişdir. Kəmalənin evinə 23 iyun 2021-ci il tarixdə, təxminən saat 21 radələrində girmişdir. Oğurluq məqsədilə Kəmalənin evinə girmiş, arvadı ürək xəstəsi olduğundan təcili pula ehtiyacı olmuşdur. Bıçağı Kəmalənin əlindən aldıqdan sonra qorxub özünü itirdiyi üçün Kəmalə ilə mübarizəyə davam etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, ünvan 2 ünvanında tək yaşayır. X3 2005-ci ilin may ayının 9-da şəkərli diabet xəstəliyindən vəfat etmişdir. İki oğlu var. Hazırda oğullarından biri X12 Respublikası Xarkov şəhərində, kiçik oğlu Şahid3 isə Bakı şəhərində yaşayır. O, Xaçmaz rayonu Qaz İstismar idarəsində texnik vəzifəsində işləyir. xx.xx.2021-ci il tarixdə axşam saat 22 radələrində namazını qılıb evdə kitab oxumuşdur. Kitab oxuduqdan sonra yuyunmaq üçün şkafdan dəsmalı götürüb hamama keçmişdir. Hamamda bədənini yuyarkən sonradan tanıdığı Təqsirləndirilən şəxs mətbəxdən götürdüyü əlindəki bıçaqla onun üstünə hücum edib nalayiq ifadələr işlədərək onu hamamın küncünə sıxaraq “səsini çıxarma, istədiyimi etməsən səni öldürəcəm” demişdir. O, qışqıraraq Təqsirləndirilən şəxs onu buraxmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs əlləri ilə onun baş və boyun nahiyələrinə zərbələr endirmişdir. O, Təqsirləndirilən şəxs müdaxilə etməyə çalışdıqda sonuncunun əlindəki bıçaq onun sağ qolunu kəsmişdir. Təqsirləndirilən şəxs onu yerə çökdürdükdən sonra şalvarını yarı aşağı salaraq cinsiyyət orqanını çıxarmışdır. O, ağlayıbqışqıraraq Təqsirləndirilən şəxs cinsiyyət orqanını sıxaraq müqavimət göstərib onu zorlamasına icazə verməmişdir. Təqsirləndirilən şəxs məqsədinə nail olmadıqdan sonra onu buraxaraq qapını açıb qaçmışdır. O, hamamdan çılpaq şəkildə həyətə qaçaraq qonşusu Şəhlanı köməyə çağırmışdır. Şəhla onun yanına gəlib nə baş verdiyini soruşduqda sonuncuya, tanımadığı birinin hücum edərək onu zorlamaq istədiyini demişdir. Bundan sonra Xaçmaz RPŞ-nin əməkdaşları hadisə yerinə gəlib onun izahatını almışlar. Xaçmaz RMX-da olarkən polis şöbəsindən ona məlumat verilərək evinə girən şəxsin Təqsirləndirilən şəxs olduğunu ona demişlər. Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Kənanın götürdüyü bıçaq ona aid olmuş, onu yuyub mətbəxə qoymuşdur. Təqsirləndirilən şəxsin cinsi orqanına xəsarət yetirmiş, həmin vaxt dırnaqları qısa olmuşdur. Başqa heç bir xəsarət yetirməmişdir. Hadisə vaxtı ağzı və əli zədələnmişdir, həmçinin o, Kənan onun nahiyyəsinə də vurmuşdur. Hadisə vaxtı masanın üzərində noutbuk və qızıl dəsti olumuşdur. Hazırda Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. 2008-ci ildə Xaçmaz şəhər sakini Əhməd İbrahimxəlilov ilə ailə həyatı qurmuşdur və hazırda bu evlilikdən 2 oğlu, 1 qızı vardır. xx.xx.2020-ci il tarixdə hamamda çimdikdən sonra evin zal otağında saçını fenlə qurudarkən qəflətən Təqsirləndirilən şəxs sağ əli ilə onun ağzından tutub sol əlindəki bıçağı da çənəsinin sol alt tərəfindən boğazına dayamış və feni söndürməyini ondan tələb etmişdir. O, qorxusundan dərhal feni söndürmüşdür. Həmin vaxt 10 və 6 yaşlı oğlu Elmar və Tunarı çörək almağa göndərmişdir. Həyat yoldaşı isə TİR sürücüsü işlədiyi üçün Rusiya Federasiyasında olmuşdur. Daha sonra Təqsirləndirilən şəxs ona səsini çıxartmamağını, əks təqdirdə boğazını üzəcəyini və onunla cinsi əlaqədə olmaq istədiyini bildirmişdir. Kənanın bu sözlərindən sonuncunun onu zorlamaq istədiyini başa düşmüşdür. O, yalandan evlərində videokamera olduğunu, həyat yoldaşının hazırda baş verənləri gördüyünü bildirmişdir ki, Kənan qorxaraq çıxıb gedər. Lakin Kənan “gəl çıxaq həyətə” deyib onun boynundan tutaraq onu evin həyətinə çıxartmışdır. Həmin vaxt evdə pul, qızıl olduğunu, götürüb getməsini, şikayət etməyəcəyini təklif etdikdə Kənan “mənə pul lazım deyil, şikayətçi olmayacaqsansa gəl çıxaq həyətə” demiş və qeyd etdiyi kimi boynundan tutaraq onu zorla həyətə çıxartmışdır. Həyətə çıxan kimi qəfildən oğulları darvazanı döyməyə başlamış, qapının bağlı olduğunu görüb qışqırmağa başlayanda Kənan uşaqları həyətə salmağını, özünün də bağa gəlməyini ona bildirmiş və onu buraxmışdır. Kənan onu buraxdıqdan sonra o, Kənanın sifət nahiyəsini tam görmüşdür. O, darvazaya tərəf gedib qapını açaraq uşaqlarına qaçmalarını bildirərək özü də sol tərəfdəki qonşusu Cavidgilə qaçmışdır. Qonşularının həyətinə girərək “evimə bir nəfər bıçaqla girib” demişdir. Onun sözlərindən sonra Cavid onun yaşadığı evin həyətinə gəlmiş, o, özü, Cavidin ailə üzvləri isə küçədə dayanmışdır. Cavid bir neçə saniyə sonra küçəyə çıxıb həyətdə heç kimin olmadığını, evinə girən şəxsin qaçıb getdiyini bildirmişdir. Zərərçəkmiş şəxs2 ifadəsində həmçinin göstərdi ki, hadisə 24 sentyabr 2020-ci ildə baş vermiş, o, hadisədən sonra “102”ə zəng etmiş, daha sonra isə olanlarla bağlı polisə ərizə vermişdir. 24 iyun 2021-ci il tarixdə saat təxminən 20:30 radələrində havanın yenicə qaraldığı vaxtda evdə olduğu zaman 23 iyun 2021-ci il tarixdə gecə vaxtı qonşuluğunda yaşayan Zərərçəkmiş şəxs1 evinə bir nəfər naməlum şəxsin daxil olaraq sonuncu ilə zorla cinsi əlaqədə olmaq istəməsini qonşulardan öyrənmişdir. Bunu eşidən kimi Kəmalənin evinə gedərək sonuncu ilə görüşmüşdür. Kəmalədən evinə girən şəxsin kim olduğunu soruşduqda Kəmalə həmin şəxsin əlamətləri, yəni üzünün çopur, qara rəngli dərisinin olmasını, həmin şəxsin Xaçmaz RPŞ-nə aparıldığını demişdir. O, elə həmin vaxt adının hazırda Kənan olduğunu bildiyi şəxsin xx.xx.2020-ci il tarixdə də onun evinə girərək onunla zorla cinsi əlaqədə olmaq istəyən şəxs olduğunu bilmişdir. O, Xaçmaz RPŞ-nin inzibati binasına getmiş və Təqsirləndirilən şəxs orada görərək onun evinə girən şəxsin sonuncu olduğundan daha da əmin olmuşdur. Hadisə vaxtı 6 aylıq hamilə olmuşdur. Hazırda Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 anasıdır. Anası Xaçmaz şəhərində qaz idarəsində texnik vəzifəsində işləyir və ünvan 2 ünvanında özünün adına qeydiyyatda olan evdə tək yaşayır. O, qardaşı Ayazla birlikdə hər gün axşam saatlarında təqribən saat 21-22 radələrində “whatsapp” sosial şəbəkəsi vasitəsilə anası ilə görüntülü danışır. 23 iyun 2021-ci il tarixdə saat 22-23 radələrində Ayaz ona zəng etmiş və anasını da şəbəkəyə qoşmuşdur. Lakin telefonu anası yox, xalası Ziyafə Azayeva açaraq anası ilə işi olduğunu, sonra danışa biləcəyini bildirmişdir. Onlar həmin gün anasına zəng etmələrində məqsəd sonuncunun işdən çıxıb Bakı şəhərinə gələrək onunla bir yerdə yaşamasını bildirmək olmuşdur. Çünki bir ay əvvəldən anası iş yerinə ərizə ilə müraciət edərək Bakı şəhərində müvafiq iş yerinə köçürülməsini xahiş etmişdir. Anası tez-tez xalasıgilə getdiyindən sonuncunun həmin gün telefonu götürməməsi onda heç bir şübhə yaratmamışdır. Düşünmüşdür ki, yəqin nəsə işləri var, ya da mağazaya falan gediblər. 24 iyun 2021-ci il tarixdə saat 21-22 radələrində yenidən o, Ayazla birlikdə anasına zəng etmişdir. Amma anası telefonu götürməyərək, mesaj yazıb hər şeyin yaxşı olduğunu, xalası ilə birlikdə gəzdiklərini bildirmişdir. Buna görə də o, anası ilə artıq mesajlaşmamış və bir şey olmasından şübhələnməmişdir. 25 iyun 2021-ci il tarixdə saat 12 radələrində Ayaz ona zəng edərək anasına görüntülü yığdığını, anasının telefonu götürdükdən sonra dərhal telefonu bağladığını, anasının dodaq nahiyəsində xəsarət izinin olduğunu demişdir. O, dərhal Zərərçəkmiş şəxs1 görüntülü zəng etmiş, telefonu xalası oğlu Şahid4 götürərək anasının nasaz olduğunu demişdir. O, bu haldan şübhələnmişdir. Çünki həmin gün iş günü olsa da, anası işə getməmiş, xalasıgilə getmişdir. Daha sonra o, adi zənglə anası ilə danışıb Xaçmaza gələcəyini bildirmiş və günorta saatlarında iş yerindən icazə alıb Xaçmaz şəhərinə yola düşmüşdür. O, evə gəlib çatanda görmüşdür ki, anasının dodaq, ovuc və bilək nahiyələrində xəsarət izləri var. Nəsə baş verdiyini artıq anlamışdır. Anasını otağa aparıb nə baş verdiyini dəqiq olaraq deməsini israrla sonuncudan tələb etmişdir. Anası da baş verənləri bir-bir danışaraq 23 iyun 2021-ci il tarixdə saat 22 radələrində hamamda yuyunarkən tanımadığı bir şəxsin hamama girərək Zərərçəkmiş şəxs1 təcavüz etmək istədiyini, sonuncunu öldürməklə hədələdiyini və bədəninin müxtəlif nahiyələrinə xəsarət yetirdiyini bildirmişdir. Hadisə zamanı anası həmin adama təslim olmamış, müqavimət göstərərək tanımadığı şəxs tərəfindən zorlanmasına imkan verməmişdir. Sonradan polis şöbəsindən öyrənmişdir ki, Zərərçəkmiş şəxs1 təcavüz etmək istəyən şəxs Təqsirləndirilən şəxsdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 onun xalasıdır. Xalası 23 iyun 2021-ci ildə onlara zəng edərək bildirdi ki, evinə hücum olmuşdur. Bundan sonra xalasıgilə getmişlər. Xalasının dodaq, ovuc və bilək nahiyələrində xəsarət izləri olmuşdur. Xalası 23 iyun 2021-ci il tarixdə saat 22 radələrində hamamda yuyunarkən tanımadığı bir şəxsin hamama girərək ona təcavüz etmək istədiyini, onu öldürməklə hədələdiyini və bədəninin müxtəlif nahiyələrinə xəsarət yetirdiyini bildirmişdir. Hadisə zamanı xalası həmin adama təslim olmamış, müqavimət göstərərək tanımadığı şəxs tərəfindən zorlanmasına imkan verməmişdir. Şahid4 ifadəsində həmçinin göstərdi ki, xalasının üzərində xəsarət izləri olmuş, bıçağı qapının yanında o tapmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, X5 qonşusudur. 23 iyun 2021-ci il tarixdə saat 22 radələrində hamamdan yuyunub çıxaraq saçını qurulamış və buna görə də saçına dəsmal bağlamışdır. Onun evinin həyətyanı sahəsi Kəmaləgilin həyəti ilə daş hasarla yox, dəmir setka ilə ayrılmışdır. Buna görə də evin mətbəxinin pəncərəsindən Kəmalənin evinin həyətini görmək mümkündür. Bu vaxt Kəmalənin qışqırıq səslərini eşitmiş və nə baş verdiyini öyrənmək üçün mətbəxin pəncərəsini açıb həyətə baxmışdır. Bu vaxt Kəmalənin öz həyətlərindəki setkanın yanında durub qışqıraraq “adam var, adam girib kömək eliyin Şəhla” sözlərini demişdir. Kəmalənin əynində heç nə olmamış, sonuncu, çılpaq vəziyyətdə olmuşdur. Oğlu Kənan kömək üçün Kəmalə tərəfə qaçmışdır. O, başındakı dəsmalı açıb Kənana vermişdir ki, Kəmalə dəsmalla bürünsün. Kənan Kəmaləyə çatıb dəsmalı sonuncuya vermiş, Kəmalə dəsmalla bürünüb “paltar gətir Şəhla mənə” deyərək öz evlərinə tərəf getmişdir. O, baş verənlərdən çox həyəcanlanmış, nə edəcəyini bilməmişdir. Dərhal evdən paltar götürüb yola çıxıb Kəmalənin evinin darvazasından içəri girmişdir. O, Kəmalə və Kənanla birlikdə Kəmalənin evinə girərək bütün otaqlara baxsa da, içəridə heç kim olmamışdır. Kəmalənin evinə girən yad adam çıxıb getmişdir. O, evə baxanda hamam otağının qana bulaşdığını görmüşdür. Kəmalə ilə söhbət edəndə ona məlum olmuşdur ki, Kəmalə hamam otağında yuyunarkən yad bir şəxs hamama girərək Kəmaləni zorlamaq istəmiş, lakin Kəmalə müqavimət göstərdiyi üçün həmin şəxs qaçaraq evi tərk etmişdir. Daha sonra Kəmalənin bacıları, digər qonşular və Xaçmaz rayon polis şöbəsinin əməkdaşları Kəmalənin evinə gəlmişlər. Bir neçə gün sonra eşitmişdir ki, Kəmalənin evinə Xaçmaz rayonu Qaraçı kəndində yaşayan bir şəxs girmişdir. Ancaq həmin şəxsin adını bilmir. O, verilən suallara cavab olaraq bildirmişdir ki, hadisədən sonra Kəmalənin bilək və hər iki əlinin ovuc səthində, dodaq nahiyəsində xəsarət izləri görmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs2 onun qapı qonşusudur. xx.xx.2020-ci il tarixdə saat 20 radələrində öz yaşadığı fərdi yaşayış evinin çardağın altında oturub çay içərkən qapı qonşusu İlhamə evlərinin həyətinə daxil olub “kömək edin, kömək edin” sözlərini deyərək qışqırmışdır. O, İlhamənin yanına yaxınlaşıb nə baş verdiyini soruşduqda sonuncu, evinə tanımadığı şəxsin daxil olduğunu demişdir. O, dərhal İlhamənin yaşadığı evə daxil olmuş, evin otaqlarını, həyəti bir-bir gəzmiş, lakin evdə heç kimlə qarşılaşmamışdır. O, İlhamənin evinə daxil olduğu vaxt İlhamənin övladları onun evinin qapısı ilə İlhamənin evinin qapısının arasında dayanmışlar. Bundan sonra öz yaşadığı evə qayıdaraq həyətdə hər hansı şəxsin olmadığını İlhaməyə demişdir. O, nə baş verdiyini İlhamədən soruşmuş, lakin sonuncu, halının çox pis olduğundan, evinə yad adamın girməsindən çox həyəcanlanmış və qorxmuşdur. Şahid5 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq araşdırılmış ifadəsindən görünür ki, sonuncu məhkəmədə şahid qismində dindirilmiş Şahid6la oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. (cild 1, iş vərəqə 198-201) Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq araşdırılmış ifadəsindən görünür ki, sonuncu məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. (cild 1, iş vərəqə 73-76) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, evin giriş hissəsi dəmir darvazadan ibarətdir. Həyətin ətrafı daş divar ilə əhatəyə alınmışdır. Evin sağ tərəfində kiçik bağ sahəsi vardır. Yaşayış evinin ətrafı qara suvaqdan ibarətdir. Evin həyətində müxtəlif kiçik əşyalar var. Həyətdə yerə beton tökülüb, evin qapısı dəmirdən ibarətdir. Hadisə baş verdiyi yer evin hamam otağıdır. Həmin hamamda əl-üz yumaq üçün nəzərdə tutulmuş çanaqda hadisə ilə bağlı qanabənzər ləkələr vardır. Evin yataq otağının döşəməsində yatağın yanında qan izləri var. Həmin şəxs evin yataq otağının pəncərəsindən içəri daxil olmuşdur və qeyd olunan pəncərənin pərdəsində qan ləkəsi vardır. Evin qonaq otağının qapısı taxtadan ibarətdir. Otaqda müxtəlif məişət əşyaları və televizorun üzərində zinət əşyaları vardır. (cild 1, i.v. 10-13) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 24 iyun 2021-ci il tarixli, 363 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə-tibb müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – alt dodağın selikli qişasının qansızması, sağ çiyin, sol sağrı və hər iki bud nahiyələrinin qançırları bərk küt əşya (əşyalar), sağ əlin arxa səthinin kəsilmiş yarası və sol əlin ovuc səthinin səthi kəsilmiş yaraları isə iti kənarlı və ya iti uclu kəsici əşyanın (alətin) təsirindən törənməklə, yetirilmə müddəti qərarda qeyd olunduğu kimi, xx.xx.2021-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Qeyd olunan xəsarətlər fiziki güc tətbiq edilməklə cinsi əlaqəda olma zamanı yetirilə bilərdi. (cild 1, i.v. 15) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 27 iyun 2021-ci il tarixli, 370 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məhkəmə-tibb müayinəsi zamanı aşkar edilmiş xəsarət- alt çənə nahiyəsinin çapıqlaşmış yarası iti uclu və ya iti kənarlı kəsici əşyanın (alətin) təsirindən törənməklə, yetirilmə müddəti müayinədən altı aydan bir ilə kimi tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. (cild 1, i.v. 31) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 30 iyun 2021-ci il tarixli, 385 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş xəsarət –xayalığın qançırı bərk küt əşyanın təsirindən törənməklə, yetirilmə müddəti qərarda qeyd olunduğu kimi, xx.xx.2021-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Qeyd olunan xəsarət fiziki güc tətbiq etməklə cinsi əlaqəda olmağa cəhd zamanı qarşı tərəfdən yetirilə bilərdi. (cild 1, i.v. 177) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 534/2021-MTBŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 ABO sistemi üzrə qrup göstəricisi: O/H/İ/. Ekspertizaya təqdim edilmiş bıçaq üzərində insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzər təyin olunduqda yalnız H antigenti alındı. Göstərilən qan ləkələri O/H/İ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs1 məxsus ola bilər. (cild 1, i.v. 220-223) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş komisyon kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 2199 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayəti törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərini idarə etmək və onları qiymətləndirmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs öz psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştrak etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində qeyd edilmiş cinayət əməlini törədən zaman psixiemosional sferasında iş üçün kəsb edəcək hər hansı dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt və ya güclü ruhi həyəcan vəziyyətində olmamışdır. (cild 2, i.v. 27-29) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 01 oktyabr 2021-ci il tarixli, 637 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilmədi. Təqsirləndirilən şəxs cinsi əlaqədə olma qabiliyyətinə maneəçilik törədən xarici cinsiyyət üzvləri nahiyəsində mexaniki maneələr, anadan gəlmə qüsurlar, onların inkişafı, xəstəliklər və xəsarətlər nəticəsində törənmiş çapıqlar və digər dəyişikliklər aşkar edilmədi, yəni o, cinsi əlaqədə olma qabiliyyətinə malikdir. (cild 2, i.v. 58) İş materiallarında olan üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs ilə arasında keçirilən üzləşdirmə zamanı onun üzünə deyərək bir daha tam təsdiq etmişdir. (cild 1, i.v. 92-94) İş materiallarında olan xx.xx.2021-ci il tarixdə zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması zamanı Zərərçəkmiş şəxs1 ifadəsində qeyd olunanları hadisə yerində dəqiq göstərərək öz ifadəsini təsdiq etmişdir. (cild 1, i.v. 147-149) İş üzrə şəxsin tanınmaya təqdim edilməsi protokolundan görünür ki, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs üzündəki çopurlardan, dərisinin rənginin qara olmasından tanıyaraq sonuncunun onun evinə girib onunla zorla cinsi əlaqədə olmaq istədiyini bildirmişdir. (cild 1, i.v. 95-97) İş materiallarında olan üzləşdirmə protokolundan görünür ki,Zərərçəkmiş şəxs2 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs ilə arasında keçirilən üzləşdirmə zamanı onun üzünə deyərək bir daha tam təsdiq etmişdir. (cild 1, i.v. 98-100) İş materiallarında olan xx.xx.2021-ci il tarixdə zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması zamanı Zərərçəkmiş şəxs2 ifadəsində qeyd olunanları hadisə yerində dəqiq göstərərək öz ifadəsini təsdiq etmişdir. (cild 1, i.v. 161-163) İş üzrə 01 ədəd bıçaq maddi sübut kimi tanınaraq saxlanması üçün Xaçmaz rayon prokurorluğunun maddi sübutlar otağına təhvil verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Növbətçi Hissələri İdarəetmə Xidmətindən verilmiş sorğuya cavab olaraq alınmış 14.04.22-ci il tarixli məktubdan görünür ki, Zərərçəkmiş şəxs2 adını bilmədiyi şəxsin onu yaşadığı ünvanda bıçaqla hədələməsinə dair yazdığı ərizəsi əsasında Xaçmaz RPŞ-də aparılan araşdırmadan narazı qaldığı üçün xx.xx.2020-ci il tarixdə 102 xidmətinə müraciət etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Xaçmaz RİHB-nın Qaraçı kənd icra nümayəndəliyindən təqdim olunmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs kəndin və ərazi ictimai siyasi həyatında yaxından iştirak edir, fəallıq göstərir. Kənd sakinləri və qonşular arasında hörmət və nüfuz qazanmışdır. Yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (cild 1, iş vərəqə 158) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. (cild 2, iş vərəqə 15-16) İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Zərərçəkmiş şəxs2 2010-cu il təvəllüdlü oğlu Elmar İbrahimxəlilov, 2015-ci il təvəllüdlü oğlu Tunar Bayramov, 2021-ci il təvəllüdlü qızı Mələy Bayramova adlı üç övladı vardır. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2013-cü il təvəllüdlü X6 adlı övladı vardır. Məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 evinə daxil olmadığını, ümumiyyətlə Zərərçəkmiş şəxs2 tanımadığını və sonuncunun ona şər atması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Zərərçəkmiş şəxs2, şahidlər Şahid6 və Şahid5 ifadələri ilə müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 20 radələrində həqiqətən də Zərərçəkmiş şəxs2 iradəsi ziddinə sonuncunun evinə tanımadığı şəxs daxil olmuşdur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 tanınmaya təqdim edilməsi istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs üzündəki çopurlardan və dərisinin qara rəngli olmasından tanıyaraq onun evinə girən şəxsin məhz Təqsirləndirilən şəxs olduğunu və sonuncunun onu öldürməklə hədələyib zorla cinsi əlaqədə olmaq istədiyini bildirmişdir. Bununla yanaşı, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs2 arasında keçirilən istintaq hərəkəti zamanı da Zərərçəkmiş şəxs2 öz ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə deyərək bir daha təsdiq etmişdir. Məhkəmə-tibb ekspertizasının 27 iyun 2021-ci il tarixli, 370 nömrəli rəyi ilə də Zərərçəkmiş şəxs2 “alt çənə nahiyəsinin çapıqlaşmış yarası” kimi dərəcəsi təyin olunmayan xəsarət aşkar edilmiş və həmin xəsarətin məhz hadisənin baş verdiyi tarixə, yəni xx.xx.2020-ci il tarixdə yaranmaya xarakterik olması müəyyən edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs verdiyi ifadəsində Zərərçəkmiş şəxs1 evinə oğurluq məqsədilə daxil olduğunu, sonuncunu zorlamaq niyyətinin olmadığını, habelə Zərərçəkmiş şəxs1 evin mətbəxindən götürdüyü bıçaqla qorxutmaq istəyən zaman ehtiyatsızlıqdan sonuncuya xəsarət yetirməsi barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Azərbayan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il tarixli qərarının 5-ci bəndinə əsasən oğurluq edilərkən təqsirli şəxsin hərəkətləri mülkiyyətçi və ya əmlakın digər sahibi, yaxud da digər şəxslər tərəfindən aşkar edilərsə, təqsirli şəxs bunu dərk etsə də, əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətləri davam etdirərsə və ya əmlakı saxlamağa çalışarsa, o zaman belə hərəkətlər soyğunçuluq, həyat və sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq ediləcəyi hədəsi ilə müşayiət edildiyi hallarda isə quldurluq kimi tövsif edilməlidir. Həmin qərarın 7-ci bəndinə əsasən quldurluq cinayəti isə özgənin əmlakını talamaq məqsədilə, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından bitmiş sayılır. Sözügedən qərarın 23-cü bəndinə əsasən isə quldurluq basqını nəticəsində zərərçəkmişin sağlamlığına qəsdən yüngül və ya az ağır zərər yetirilərsə, həmin əməl quldurluq cinayətinin tərkibi ilə əhatə olunur və əməlin əlavə olaraq CM-nin 127, 128-ci maddələri ilə də tövsif edilməsi tələb olunmur. Belə halda, CM-nin 181.2, 181.3-cü maddələrində nəzərdə tutulmuş ağırlaşdırıcı hallar mövcud deyildirsə, əməl CMnin 181.1-ci maddəsi ilə tövsif edilməlidir. Cinayət işinin materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs özgə əmlakını gizli yolla ələ keçirmək məqsədilə ilk öncə Zərərçəkmiş şəxs1 iradəsi ziddinə onun evinə daxil olmuş, daha sonra evin mülkiyyətçisinin dərk etdiyi halda mətbəxdən götürdüyü bıçağı silah qismində istifadə edib həmin bıçaqla və əli ilə Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif nahiyələrinə qəsdən vuraraq ona sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirməklə basqın, yəni quldurluq cinayətini törətmişdir. Təqsirləndirilən şəxs verdiyi ifadəsində Zərərçəkmiş şəxs1 yalnız qol nahiyəsinə bıçaqla ehtiyatsızlıqdan xəsarət yetirdiyini bildirsə də, məhkəmə-tibb ekspertizasının 24 iyun 2021-ci il tarixli, 363 nömrəli rəyi ilə Zərərçəkmiş şəxs1 qol nahiyəsi ilə yanaşı, bədənin müxtəlif nahiyələrində xəsarət izlərinin olması müəyyən edilmişdir. Bundan əlavə, hadisə zamanı Təqsirləndirilən şəxs öz cinayətkar davranışlarını davam etdirərək Zərərçəkmiş şəxs1 ilə zorla cinsi əlaqədə olmağa cəhd etməsi də sübuta yetirilmişdir. Belə ki, Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi xüsusatlar yoxlanılmış və onun göstərdiyi xüsusatlar öz təsdiqini tapmışdır. Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif nahiyələrində xəsarət izlərinin olması, habelə hadisə zamanı onun çılpaq vəziyyətdə olması, Zərərçəkmiş şəxs1 müqavimət göstərərək Təqsirləndirilən şəxs cinsiyyət orqanından tutub sıxması nəticəsində sonuncunun evi tərk edib getməsi sonuncunun zorlama cinayətini törətməsinə dəlalət edir. Çünki məhkəmə-tibb ekspertizasının 30 iyun 2021-ci il tarixli, 385 nömrəli rəyindən göründüyü kimi Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs cinsiyyət orqanından tutub sıxması nəticəsində sonuncuda “xayalığın qançırı” kimi dərəcəsi təyin edilməyən xəsarət izi aşkar edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Məhkəmə xüsusilə qeyd edir ki, zorlama və seksual xarakteri zorakılıq hərəkətləri cinayətləri öz spesifikliyi ilə, eləcə də sübutetmə predmetinə görə digər cinayətlərdən fərqlənir. Belə ki, bu tip cinayət işləri zamanı zərərçəkmiş şəxs və təqsirləndirilən şəxsin ifadələri yalnız o, halda sübut növü kimi qəbul edilə bilər ki, həmin ifadələr ən azı digər sübutlarla-məhkəmə ekspert rəyi ilə, hadisə barədə şahid ifadəsi ilə, habelə cinayət törədiləndən dərhal sonra aparılmış istintaq hərəkətlərinin protokolları ilə təsdiq olunsun. Məhkəmə, ifadələrə qiymət verərkən ilk öncə həmin ifadələrin ağlabatanlığı və iş üzrə ittihamın həll olunmasına nə dərəcədə əsas ola biləcəyi kriteriyasından yanaşır. Məhz ağlabatanlıq kriteriyasından yanaşaraq məhkəmə hesab edir ki, zərərçəkmiş şəxslərin yaşı, ailə vəziyyəti nəzərə alınaraq sırf cinsi sferada törədilmiş cinayətlə bağlı yalan ifadə verə bilməsi mümkünsüzdür, xüsusilə nəzərə alındıqda ki, zərərçəkmiş şəxslərin hadisə barədə ilk qonşularına məlumat vermişdir, bu hal, yəni zərərçəkmiş şəxslərin yalan ifadə verməsi bir daha təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsassızdır və özünü müdafiə xarakteri daşıyır. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, CM-nin 181.2.3 və 181.2.5-ci maddələrində nəzərdə tutulmuş əməllər başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına, CM-nin 29, 149.2.4 və 29, 149.2.5-ci maddəsində nəzərdə tutulmuş əməllər başa çatmayan cinayət olmaqla ağır cinayətlər kateqoriyasına, CM-nin 157.1-ci maddəsində nəzərdə tutulmuş əməl başa çatmış cinayət olmaqla böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 149.2.4, 29, 149.2.5, 157.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 149.2.4, 29, 149.2.5, 157.1, 181.2.3 və 181.2.5-ci maddələrinin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə həmçinin bildirir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 epizodunda təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.1-ci maddəsi üzrə cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət hesab olunduğundan, təqsirləndirilən şəxsin həmin əməli törətdiyi vaxtdan yəni xx.xx.2020-ci il tarixdən CM-nin 75.1.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən həmin epizod üzrə CM-nin 157.1-ci maddəsi üzrə ona cəza təyin edilməməlidir. Digər zərərçəkmiş Zərərçəkmiş şəxs1 aid epizodda isə ona CM-nin 157.1-ci maddəsi üzrə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağın olması onun cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-nin 61.1.7-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayəti onun üçün aşkar surətdə hamilə vəziyyətində olan qadına qarşı törətməsi onun cəzasını ağırlaşdıran haldır. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Göstərilənlərə əsasən, eləcə də törədilmiş cinayətin xarakteri, ictimai təhlüəlilik dərəcəsi, habelə təqsirləndirilən şəxsin şəxsiyyəti, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin hadisədən əvvəlki və sonrakı münasibətləri, təqsirləndirilən şəxsin davranışlarını nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs yalnız uzun müddət azadlıqdan məhrum edilməklə yenidən tərbiyə və islah oluna bilər. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən onun yalnız azadlıqdan məhrum edilməklə cəzanın qanunda göstərilən məqsədlərinə nail olunacağını nəzərə alaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 29, 149.2.4, 29, 149.2.5, 181.2.3 və 181.2.5-ci maddələri ilə azadlıqdan məhrum etmə cəzası, CM-nin 157.1-ci maddəsi ilə isə islah işləri cəzası təyin edilməlidir. CM-nin 68.1.3-cü maddəsinin tələbinə görə Təqsirləndirilən şəxs təyin olunacaq islah işləri cəzasının 4 günü azadlıqdan məhrumetmə cəzasının 1 gününə bərabər tutulub hesablanmaqla və CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq azadlıqdan məhrumetmə cəzasına məhkum edilməlidir. İş materiallarından görünür ki, 29 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs hazırkı iş üzrə şübhəli şəxs qismində tutulmuş, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 29 iyun 2021-ci il tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (cild 1, iş vərəqə 124-127) Ona görə də məhkəmə göstərilənləri nəzərə almaqla belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 29 iyun 2021ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut kimi tanınmış Xaçmaz rayon prokurorluğunda saxlanılan 01 ədəd bıçaq məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 149.2.4, 29, 149.2.5, 157.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs CM-nin 29, 149.2.4, 29, 149.2.5 maddələri ilə 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-nin 157.1, maddəsi ilə 1 (bir) il müddətə islah işləri cəzası, CM-nin 181.2.3 və 181.2.5-ci maddələri ilə 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 68.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş islah işləri cəzasının 4 (dörd) günü azadlıqdan məhrumetmə cəzasının 1 (bir) gününə bərabər tutulub hesablanıb, 3 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmaqla və Azərbaycan Respulikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq Təqsirləndirilən şəxs 11 il 6 ay (on bir altı ay) müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 29 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış Xaçmaz rayon prokurorluğunda saxlanılan- 1 ədəd bıçaq məhv edilsin. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-86/2022
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-86/2022
02.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver