Məhkəmə qərarları › İş №1(124)-86/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-86/2023

12.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-86/2023 12.05.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Rzayeva Aynur Tapdıq qızı və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər şəhər Regional Vəkil Bürosunun vəkili X1 və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxx 1993-cü ildə Astara rayonu, Şahağacı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Astara rayonu, Şahağacı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində Abşeron rayon məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilərək hazırda Ədliyyə Nazirliyi, Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs 14 dekabr 2021-ci il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsində şəxsiyyəti istintaqa məlum olmayan Orxan adlı şəxsdən, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda bir ədəd şəffav rəngli selofan paketdə 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı»na (Siyahı 1) daxil edilmiş təmiz çəkisi 17,935 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və bir ədəd siqaretin gümüş kağızı bükümdə 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı»na (Siyahı2) daxil edilmiş təmiz çəkisi 5,058 qram olan ağ rəngli kristal şəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 80 manat müqabilində əldə edib şəffav rəngli selefona büküb əynində olan qara rəngli cins şalvarının sağ yan cibinə qoyaraq özü ilə Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsinə daşımaqla saxlamış, 14 dekabr 2021 -ci il tarixdə saat 02:00 radələrində Abşeron rayon polis idarəsinin əməkdaşları tərəfindən Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsində saxlanılaraq, Abşeron rayon polis idarəsinə gətirilib, idarənin inzibati binasında üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən həmin 1 ədəd şəffav rəngli selofan bükümdə təmiz çəkisi 17,935 qram narkotik vasitə olan heroin, İ ədəd siqaretin gümüş kağızı bükümündə ümumi təmiz çəisi 5,058 qram psixotrop maddə olan metamfetamin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü qismən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, 14 dekabr gecə saat 02 radələrində tutulmuşdur. Şəxsi istifadə məqsədi ilə narkotik vasitə almaq məqsədi ilə hadisə baş verən yerə getmişdir. Polis əməkdaşları ona yaxınlaşan zaman adam gözlədiyini demişdir. Polis əməkdaşı telefonu əlindən almışdır. Maşına oturub şöbəyə getmişdirlər. Ona şəxsi istifadə ilə ittiham olunacağını demişdirlər. Onun həmin yerə gəldiyini kimsə polis əməkdaşlarına demişdir. O, narkotik vasitəni alıb evə getməkdə olmuşdur. Narkotik vasitələri götürdüyü yerdə maşın gözləmişdir. 2 qram narkotik vasitə almışdır. 80 manat pul vermişdir. 17 və 5 qram narkotik vasitə onda olmamışdır. Onun üzərindən niyə bu qədər narkotik vasitə aşkar olunduğunu bilməmişdir. Polis əməkdaşı narkotik vasitəni ona vermiş, o da cibinə qoymuşdur. Özünün əldə etdiyi narkotik vasitənın necə olduğundan xəbəri olmamışdır. 5-6 ildir ki narkotik vasitə istifadə etmişdir. Həm heroin, həmdəki metamfetamin istifadə etmişdir. Narkotik vasitəni tanımadığı Orxan adlı şəxsdən almışdır. Nömrəsində narkotik vasitələrin alqı-satqısı ilə bağlı yazışmalar olmamışdır. Narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Polis əməkdaşları ona zor tətbiq etməmişdirlər. Özünə məxsus narkotik vasitənin necə olduğunu bilməmişdir. Onun yazma və oxuması olmamışdır. Əməliyyat keçirilən yerdə maşına oturan zaman ayağı ilişib yixılmışdır. Ciddi xəsarət alamamışdır. Dirsəyindəki xəsarət o səbəbən əmələ gəlmişdir. İbtidai istintaqa verdiyi ifadəsini təsdiq etməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmədə elan olunaraq araşdırılmış ifadəsində ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Astara rayonu, Şahağacı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi olaraq işləyib ailəsini dolandırmışdır. Narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən təxminən 4-5 ildir ki istifadə etmişdir. O, bir neçə günlük ailə üzvləri İlə birlikdə Abşeron rayonuna gəlmişdir. O, ailəsi ilə qayınatasıgildə qalmışdır. xx.xx.2021-ci il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi Əliağa Vahid küçəsində üzərində narkotik narkotik vasitə olduğu üçün polis əməkdaşlarını görüb uzaqlaşmaq istəmişdir. Polis əməkdaşları da hərəkətlərindən şübhələnərək ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra, niyə uzaqlaşmaq istədiyini soruşmuşlar. O da üzərində qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə saxladığını bildirmişdir. Polis əməkdaşları onu saxlayıb narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib Abşeron RPİ-nə dəvət etmişlər. Abşeron Rayon Polis İdarəsində xidməti otaqların birində video çəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmişdir. Üzərinə şəxsi axtarış keçirilərkən ondan üzərində saxlanılması və ya gəzdirilməsi qadağan edilmiş hər hansı əşya və ya predmet olub- olmadığı soruşulmuşdur. O da əynində olan qara rəngli, cins şalvarının sağ yan cibindən şəffaf rəngli sellofan torbaya bükülmüş, 1 büküm qəhvəyi rəngli, toz formasında olan, narkotik vasitə olan heroinə bənzəyən kütləni və siqaretin gümüşü rəngli kağızına bükülmüş 1 bükümdən ibarət ağ rəngli kristal formalı, psixotrop maddə olan metamfetaminə bənzəyən kütlələri təqdim edərək, həmin kütlələri xx.xx.2021-ci il tarixdə Abbşeron rayonu, Masazır qəsəbəsində Orxan adh şəxsdən 80 manata aldığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Həmin kütlə şəxsi axtarış zamanı kağız zərfdə qablaşdırıldıqdan sonra həmin zərf üzərində iştirakçılar və onun tərəfindən imzalarla təsdiq olunaraq polis əməkdaşı tərəfindən götürülmüşdür. Bundan əlavə əynindəki cins şalvarın arxa cibindən özümə məxsus bir ədəd Lenovo markalı mobil telefon aşkar edilmişdir. Həmin telefon iş üçün əhəmiyyət kəsb eldiyi üçün götürülmüşdür. Bu barədə polis əməkdaşları tərəfindən protokol tərtib edilərək ucadan oxunmuşdur. Heç bir şikayət, ərizə və ya vəsatət daxil olmamışdır. Protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Bildirmişdir ki, həmin narkotik vasitəni və psixotrop maddəni xx.xx.2021-ci il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində Orxan adlı şəxsdən 80 (səksən) manata almışdır. Həmin narkotik vasitəni və psixotrop maddəni özü istifadə etmək üçün özündə saxlamışdır. (cild 1, iş vərəqə 64-65) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Abşeron rayon polis idarəsinin cinayət axtarışı şöbəsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, 14 dekabr 2021-ci il tarixdə saat 02 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsində əməliyyat tədbiri keçirib məlumatda zahiri əlamətlərinə uyğun gələn şəxs Təqsirləndirilən şəxs Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsində saxlayıb Abşeron rayon Polis İdarəsinə gətirmişlər. Abşeron rayon Polis İdarəsində otaqların birində təhqiqatçı tərəfindən vəkilin iştirakı ilə video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmağa başlanmışdır. Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli selofana bükülmüş büküm çıxararaq təqdim etmişdir. Həmin bir ədəd şəffaf rəngli selofana bükülmüş bükümün içərisinə baxdıqda həmin selofan bükümün içərisində bir ədəd selofan bükümdə qəhvəyi rəngli tozşəkiİli maddə, digər bir ədəd siqaretin gümüşü kağızı bükümündə ağ rəngli kristalşəkilli maddə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, “təxminən 4- 5 İl olar ki, narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən istifadə edir, üzərindən aşkar olunmuş narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini xx.xx.2021-ci il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsində olarkən Orxan adlı ümumilikdə 80 manat pul verərək şəxsdən şəxsi istifadəsi üçün alıb özü ilə Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsinə daşıyaraq üzərində saxlamışdır”. Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə və psixotrop maddə iştirakçıların yanında qablaşdırılaraq müvafiq qaydada möhürlənib götürülmüşdür. Şahid qismində dindirilmiş Abşeron rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Qrupunun baş əməliyyat müvəkkili Şahid1 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, sonuncu məhkəmədə ifadəsi alınmış polis əməkdaşı Şahid2 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. (cild 1, vərəqə 127-129) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 dekabr 2021-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuş və həmin məlumatın yoxlanması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. (cild 1, vərəqə 5) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş diskə baxış, şəxsi axtarış və götürmə aparılması haqqında protokollardan görünür ki, Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirən zaman müəyyən edildi ki, əynində qara rəngli siviter, qara rəngli jaket, qara rəngli cins şalvar, ayağında qara rəngli ayaqqabı olan orta boylu şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffav rəngli selofana bükülmüş büküm çıxararaq təqdim etdi. Həmin bir ədəd şəffav rəngli selofana bükülmüş bükümün içərisinə baxdıqda həmin selofan bükümün içərisində bir ədəd selofan bükümdə qəhvəyi rəngli tozşəkilli maddə, digər bir ədəd siqaretin gümüşü kağızı bükümündə ağ rəngli kristalşəkilli maddə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, “əynində qara rəngli siviter, qara rəngli jaket, qara rəngli cins şalvar, ayağında qara rəngli ayaqqabı olan ola orta boylu şəxs onun özüdür, əynində olan qara rəngli cins şalvarının sağ cibindən çıxararaq təqdim etdiyi bir ədəd şəffaf rəngli selofana bükülmüş bükümdə olan narkotik vasitə heroin, digər bir ədəd siqaretin gümüşü kağızı bükümündə olan psixotrop maddə metamfetamindir”. Bildirmişdir ki, “təxminən 4-5 il olar ki, narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən istifadə edir, üzərindən aşkar olunmuş narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini xx.xx.2021-ci il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsində olarkən Orxan adlı ümumilikdə 80 manat pul verərək şəxsdən şəxsi istifadəsi üçün alıb Özü ilə Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsinə daşıyaraq üzərində saxlamışdır”. (cild 1, vərəqə 50-53) Diskə baxış, şəxsi axtarış və götürmə aparılması protokollarda qeyd olunan xüsusatların həqiqiliyi həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eksprtizası Mərkəzinin 14 dekabr 2021-ci il tarixli 6/5496 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində AR DİN “Zərflər üçün № 56” möhür əksi olan Vət. Təqsirləndirilən şəxs...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 5,058 qram ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, Digər bir ədəd bükümdə təmiz çəkisi 17,935 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısına” daxildir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına” daxildir. (cild 1, iş vərəqə 36- 41) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 5135 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 1, iş vərəqə 156-157) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 502 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs həmiçinin törətdiyi əməl dövründə hərhansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əmə] barəsində ANLAQLİ hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM- nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyi dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. (cild 1, iş vərəqə 158-160) Cinayət işinin materiallarından görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman aşkar olunaraq götürülmüş və ekspertizadan sonra 17,885 qram qalmış narkotik vasitə heroin, 5,008 qram qalmış psixotrop maddə metamfetamin maddi sübut qismində tanınaraq, saxlanılmasından ötrü Abşeron rayon Pİnin saxlanc anbarına təhvil verilmişdir. (cild 1, iş vərəqə 90-91) Cinayət işinin materiallarından görünür ki, 01 ədəd disk iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. (cild 1, iş vərəqə 176-186) DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. (cild 1, iş vərəqə 92-93) İş materiallarına əlavə edilmiş sənədlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2010-cü il təvəllüdlü X5 və xx.xx.2016-ci il təvəllüdlü X6 vardır. Məhkəmə, Təqsirləndirilən şəxs üzərindən ittihamda göstərildiyi miqdarda narkotik vasitə aşkar olunmaması və aşkar olunmuş narkotik vasitəni satmaq məqsədinin olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bundan başqa təqsirləndirilən şəxsin əldə edərək, saxladığı narkotik külli miqdarda və müxtəlif növlərdə olması, onları müxtəlif bükümlərə ayırması Təqsirləndirilən şəxs məqsədinin məhz narkotik vasitələrin satışı ilə bağlı olduğunun bilavasitə təzahürüdür. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Himayəsində iki azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 14 dekabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 14 dekabr 2021-ci il tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 14 dekabr 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU NARKOMANİYA aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 991.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Abşeron rayon Pİ-nin maddi sübutlar saxlancı anbarına təhvil verilmiş tədqiqatdan sonra qalıq və ekspertizadan sonra 17,885 qram qalmış narkotik vasitə heroin, 5,008 qram qalmış psixotrop maddə metamfetamin məhv edilməli, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və o, 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 14 dekabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra Abşeron RPİ-nin maddi sübutlar saxlancı anbarına təhvil verilmiş ümumi təmiz çəkisi ekspertizadan sonra 17,885 qram qalmış narkotik vasitə heroin, 5,008 qram qalmış psixotrop maddə metamfetamin məhv edilsin, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar