Məhkəmə qərarları › İş №1(124)-88/2022

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-88/2022

23.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-88/2022 23.06.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Rəşad Şəmşir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu (məruzəçi hakim) və Əliyev Hafiz Samir oğlundan ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər – Təqsirləndirilən şəxs1 müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə iştirakları ilə,

1. xx xxxxxx 1992-ci ildə Xaçmaz şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Xaçmaz şəhəri, S.Qurbanov küçəsi, ev 46, mənzil 6-da qeydiyyatda olmaqla faktiki olaraq Xaçmaz şəhəri, S.Qurbanov küçəsi, ev 37, mənzil 8-də yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1, 237.2.1 və 237.2.3-cü maddələri ilə,

2. xx xxxxxx 1990-cı ildə Xaçmaz şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda faktiki yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1, 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq,

müəyyənetdi:

Təqsirləndirilən şəxs1 2021-ci ilin aprel ayının ortalarında yaşadığı Xaçmaz şəhəri, S.Qurbanov küçəsi, 37 nömrəli evin, 8 nömrəli mənzilində plastmas dibçəklərdə əkibyetişdirdiyi tərkibində narkotik maddələr olan külli miqdar təşkil edən 74 ədəd əkilibbecərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkilərini 2021-ci ilin may ayının əvvəllərində Xaçmaz rayonu, Xaspolad-oba kəndi ərazisində yerləşən meşə sahəsində əkmiş, 2021-ci ilin iyun ayının əvvəllərində isə tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq becərdiyi həmin meşə sahəsinə gələrək orada əkdiyi tərkibində narkotik maddələr olan 6.010 qram çəkidə külli miqdar təşkil edən 74 ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkilərinə 14 iyun 2021-ci il tarixədək aqrotexniki qaydada qulluq göstərib becərməklə, qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya (əkmə və yetişdirmə) etmişdir. Təqsirləndirilən şəxs2 2021-ci ilin iyun ayının əvvəllərində tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında sonuncunun 2021-ci ilin may ayının əvvəllərində Xaçmaz rayonu, Xaspolad-oba kəndi ərazisində yerləşən meşə sahəsində qanunsuz olaraq əkib-becərdiyi tərkibində narkotik maddələr olan 6.010 qram çəkidə külli miqdar təşkil edən 74 ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkilərinə 14 iyun 2021-ci il tarixədək aqrotexniki qaydada qulluq göstərib becərməklə, qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya (əkmə və yetişdirmə) etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs2 tutulmamışdan təxminən 5-6 ay əvvəl Xaçmaz şəhər bazarında fəhlə işləyərkən görüb tanımış, sonrakı müddətdə aradabir Cavadla görüşüb söhbət etmiş və tədricən dostluq münasibətləri yaranmışdır. Əvvəllər qurudulmuş marixuananı papirosa doldurub çəkərkən içərisində çətənə toxumları görmüş, çətənə toxumlarını götürüb özümdə saxlamışdır. 2021-ci ilin aprel ayının əvvəllərində özündə olan çətənə toxumlarını əkib yetişdirməklə gələcəkdə öz istifadəsi üçün qurudulmuş marixuana əldə etməsini qərara almışdır. 2021-ci ilin aprel ayının ortalarında yaşadığı evdə çətənə toxumlarının 74 ədədini mağazadan aldığı dibçəklərdə əkmişdir. Sonradan əkdiyi çətənə toxumlarına su tökərək qulluq göstərmiş və onların bir müddət keçmiş cücərdiyini görmüşdür. 2021-ci ilin aprel ayının axırlarında dibçəklərdə əkdiyi çətənə bitkilərini əkmək üçün münasib yer axtarmağa başlamışdır. Dibçəklərdə əkdiyi çətənə bitkilərini aparıb Xaspolad-oba kəndi ərazisində olan meşəlik sahədə əkib-yetişdirmək məqsədilə 2021-ci ilin may ayının əvvəllərində Xaspolad-oba kəndindən təxminən 2 km aralı məsafədə Xaspolad-oba - Əhməd-oba kənd yolunun sol tərəfində olan ağaclarla və sıx kollarla əhatə olunmuş meşə sahəsini qurumuş otlardan və yarpaqlardan təmizləmiş, sonra isə bellə təmizlədiyi sahənin torpağını yumşaldıb 74 ədəd çətənə bitkilərini kökündən çıxarıb əvvəlcədən hazırladığım yerlərdə sıra ilə əkib sulamışdır. Sonradan hər 3-4 gündən bir gedib özü ilə apardığı plastmas qablarla və vedrə ilə bulaqdan su götürüb əkdiyi çətənə bitkilərin diblərinə su tökərək sulamışdır. Daha sonra o, verilən suallara cavab olaraq göstərmişdir ki, meşədə gecələr onun yanında qalması üçün Təqsirləndirilən şəxs2 da çətənə bitkilərini əkdiyi sahəyə götürmüş, lakin sonuncu ona köməklik etməmişdir. Əməlindən peşmandır. Bununla belə, ibtidai istintaq zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs1 göstərmişdir ki, 2021-ci ilin iyun ayının əvvəllərində Xaçmaz şəhərində Təqsirləndirilən şəxs2la görüşərkən ona demişdir ki, Xaçmaz rayonu, Xaspolad-oba kəndi ərazisində olan meşə sahəsində çətənə bitkiləri əkmişdir, əkdiyi çətənə bitkiləri böyümüşdür, ehtiyyat edir ki, gecələr kimsə gəlib əkdiyi çətənə bitkilərini oğurlaya bilər, gecələr birlikdə meşədə qalıb əkdiyi çətənə bitkilərinə qulluq göstərərək qorusunlar, bitkilər böyüyəndə isə hissələrini yığarlar və qurudulmuş marixuana əldə edib öz aralarında bölərlər. Cavad onunla razılaşmış və həmin gün o, Cavadı özü ilə Xaspolad-oba kəndi ərazisində olan meşə sahəsinə aparıb əkdiyi çətənə bitkilərini ona göstərmiş və onlar birlikdə bitkilərin dibinə su tökərək qayıdıb evə gəlmişlər. Sonrakı günlərdə də Cavadla birlikdə gedib əkdiyi çətənə bitkilərinin və çətənə bitkisi şitillərinin diblərinə su tökərək qulluq göstərmişlər. 13 iyun 2021-ci il tarixdə təxminən saat 22 radələrində o, evdə olan çadırı, kçik ölçülü qaz sobasını, çaydanı götürmüş və zəng vurub Cavadı yaşadığı küçəyə çağırmışdır. Bir qədər keçdikdən sonra Cavad onun yaşadığı küçəyə gəlmiş və onlar mağazadan yemələri üçün çörək, kolbasa, içmələri üçün isə “coca-cola” aldıqdan sonra birlikdə Xaspolad-oba kəndi ərazisində olan meşə sahəsinə çətənə bitkilərini əkdiyi yerə getmişlər. Cavadla birlikdə çətənə bitkilərinin diblərinə su tökdükdən sonra gecəni meşədə çadırda qalmışlar, səhər gün təxminən saat 18 radələrində çətənə bitkilərini əkdikləri yerdə olduqları zaman onlara polis əməkdaşları yaxınlaşıb özlərini təqdim edərək kim olduqlarını soruşmuşlar. Onunla Cavad polis əməkdaşlarına özlərini təqdim etdikdən sonra etiraf edib bildirmişlər ki, həmin çətənə bitkilərini özləri əkib-yetişdirmişlər. Bundan sonra polis əməkdaşları onların iştirakı ilə çətənə bitkiləri əkdikləri yerə videoçəkilişlə baxış keçirmişlər. Baxışda iştirak edib özünü aqronom kimi təqdim edən şəxs əkdikləri bitkilərin narkotik xassəli çətənə bitkisi olduğunu və bitkinin torpağının alaqdan təmizlənərək yumşaldıldığını, diblərinə su tökülərək qulluq göstərildiyini bildirmiş, onunla Cavad da aqronomun dediklərini təsdiq edərək bildirmişlər ki, həmin bitkilər narkotik xassəli çətənə bitkiləridir və özləri əkibyetişdirmişlər. Onun və Cavadın iştirakı ilə əkdikləri 74 ədəd çətənə bitkiləri və 22 ədəd çətənə bitkisi şitilləri aqronom tərəfindən tək-tək kökündən çıxarıldıqdan sonra polis əməkdaşları çətənə bitkilərini bir ədəd sintetik torbada, çətənə bitkisi şitillərini isə sellofan torbanın içərisinə qoyaraq bir ədəd zərfdə qablaşdırıb möhürlədikdən sonra həmin yerdə olan üç ədəd plastmas qabları, bir ədəd plastmas vedrəni, 192 ədəd plastmas dibçəkləri, bir ədəd qaz sobasını, bir ədəd çaydanı və bir ədəd çadırı da götürərək bu barədə protokol tərtib etmişlər. (Cild 1, iş vərəqləri 194-195) Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 tutulmamışdan təxminən 5-6 ay əvvəl Xaçmaz şəhər bazarında görüb tanımışdır. Zaur Xaçmaz şəhər bazarında fəhləlik etmiş, onunla söhbət etdikdən sonra tədricən aralarında dostluq münasibətləri yaranmışdır. 2021-ci ilin iyun ayının əvvəllərində Zaurla görüşərkən o, Xaçmaz rayonu, Xaspolad-oba kəndi ərazisində olan meşə sahəsində çətənə bitkiləri əkdiyini, əkdiyi çətənə bitkilərinin böyüdüyünü, gecələr əkdiyi çətənə bitkilərinə qulluq göstərərək qorumaq lazım olduğunu bildirərək ona kömək edib gecələr bitkilərin yanında qalmağını xahiş etmişdir. O, da Zaurla razılaşmışdır. 13 iyun 2021-ci il tarixdə təxminən saat 22 radələrində Zaurla Xaspolad-oba kəndi ərazisində olan meşə sahəsinə getmişlər. Həmin əraziyə çatdıqda ağaclarla və sıx kollarla əhatə olunmuş sahədə xeyli sayda çətənə bitkilərinin olmasını və plastmas dibçəklərdə çətənə bitkisi şitillərinin əkilməsini görmüşdür. Əraziyə gedərkən özləri ilə çaydan və kiçik ölçülü qaz sobası və yemək aparmışlar. Həmin gecə meşədə çadırda qalmışlar. Növbəti gün isə səhər saatlarında polis əməkdaşları onu saxlayıb polis şöbəsinə aparmışlar, orada axşam saatlarına qədər saxlamışılar, sonra çəkiliş aparmaq üçün çətənə bitkilərinin əkildiyi əraziyə aparmışlar. Daha sonra, verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs2 göstərdi ki, cəmi bir gün əkilən çətənə bitkilərinə qulluq etmiş, Zaur ona meşədə qorxduğunu demiş, buna görədə onun təklifini qəbul edərək onunla meşəyə getmişdir. Əməlindən peşmandır. Bununla belə, ibtidai istintaq zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs2 göstərmişdir ki, 2021-ci ilin iyun ayının əvvəllərində Xaçmaz şəhərində Zaurla görüşərkən sonuncu ona demişdir ki, Xaçmaz rayonu, Xaspolad-oba kəndi ərazisində olan meşə sahəsində çətənə bitkiləri əkmiş, əkdiyi çətənə bitkiləri böyümüş, ehtiyat edir ki, gecələr kimsə gəlib əkdiyi çətənə bitkilərini oğurlaya bilər, gecələr birlikdə meşədə qalıb onun əkdiyi çətənə bitkilərinə qulluq göstərərək qorusunlar, bitkilər böyüyəndə isə hissələrini yığarlar və qurudulmuş marixuana əldə edib öz aralarında bölərlər. O, Zaurla razılaşmış və həmin gün Zaurla Xaspolad-oba kəndi ərazisində olan meşə sahəsinə getmişlər. Zaur onu Əhməd-oba kəndi istiqamətində götürdükdə Xaspolad-oba kəndindən təxminən 2 km aralı məsafədə Xaspolad-oba-Əhməd-oba kənd yolunun sol tərəfində olan ağaclarla və sıx kollarla əhatə olunmuş cığırla 200 metr meşənin içərilərinə doğru aparmış və o, baxanda görmüşdür ki, ağaclarla və sıx kollarla əhatə olunmuş sahədə xeyli sayda çətənə bitkiləri, orada olan plastmas diçəklərdə çətənə bitkisi şitilləri əkilib, yaxınlıqda isə bulaq var. Həmin gün Zaurla birlikdə çətənə bitkilərinin əkildiyi yerdə olan plastmas qablarla bulaqdan su götürüb çətənə bitkilərinin və çətənə bitkisi şitillərinin diblərinə tökərək sulamışlar və qayıdıb Xaçmaz şəhərinə evə gəlmişlər. Sonrakı günlərdə də o, Zaurla birlikdə gedib sonuncunun əkdiyi çətənə bitkilərinin və çətənə bitkisi şitillərinin diblərinə su tökərək qulluq göstərmişdir. 13 iyun 2021-ci il tarixdə təxminən saat 22 radələrində Zaur zəng vurub onu yaşadığı küçəyə çağırmış, o, onun yaşadığı küçəyə gələndə görmüşdür ki, Zaur tək küçədə dayanıb, əlində isə çadır, çaydan və kçik ölçülü qaz sobası var. Zaur ona gedib gecəni meşədə qalıb çətənə bitkilərini qorumalarını demiş, o, Zaurla razılaşmış və onlar mağazadan yemələri üçün çörək, kolbasa, içmələri üçün isə “coca-cola” aldıqdan sonra birlikdə Xaspolad-oba kəndi ərazisində olan meşə sahəsinə çətənə bitkilərinin əkildiyi yerə getmişlər. Zaurla birlikdə bulaqdan su gətirib çətənə bitkilərinin diblərinə tökdükdən sonra gecəni meşədə çadırda qalmışlar, səhər gün təxminən saat 18 radələrində çətənə bitkilərini əkdikləri yerdə olduqları zaman onlara polis əməkdaşları yaxınlaşıb özlərini təqdim edərək kim olduqlarını soruşmuşlar, onunla Zaur polis əməkdaşlarına özlərini təqdim etdikdən sonra etiraf edib bildirmişlər ki, həmin çətənə bitkilərini özləri əkib-yetişdirmişlər. Bundan sonra, polis əməkdaşları onların iştirakı ilə çətənə bitkilərinin əkildiyi yerə videoçəkilişlə baxış keçirmişlər. Baxışda iştirak edib özünü aqronom kimi təqdim edən şəxs yetişdirdikləri bitkilərin narkotik xassəli çətənə bitkisi olduğunu və bitkilərin torpağının alaqdan təmizlənərək yumşaldıldığını, diblərinə su tökülərək qulluq göstərildiyini bildirmiş, onunla Zaur da aqronomun dediklərini təsdiq edərək bildirmişlər ki, həmin bitkilər narkotik xassəli çətənə bitkiləridir və özləri əkib-yetişdirmişlər. Onun və Zaurun iştirakı ilə yetişdirdikləri 74 ədəd çətənə bitkiləri və 22 ədəd çətənə bitkisi şitilləri aqronom tərəfindən təktək kökündən çıxarıldıqdan sonra polis əməkdaşları çətənə bitkilərini bir ədəd sintetik torbada, çətənə bitkisi şitillərini isə sellofan torbanın içərisinə qoyaraq bir ədəd zərfdə qablaşdırıb möhürləmişlər. Daha sonra, o göstərmişdir ki, Xaspolad-oba kəndi ərazisində olan meşə sahəsində yetişdirdikləri çətənə bitkilərini isə gələcəkdə yığıb qurudaraq özlərinin istifadə etmələri üçün qurudulmuş marixuana əldə etmək istəmişlər. Həmin çətənə bitkilərini Zaur əkmişdir, sonradan isə Zaurla birlikdə çətənə bitkilərinin diblərinə su tökərək qulluq göstərmişlər ki, gələcəkdə yığıb qurutmaqla özlərinin istifadə etməsi üçün qurudulmuş marixuana əldə etsinlər. (Cild 1, iş vərəqləri 205-206) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, Azad Cəbiyev barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Xaçmaz rayon X2 mübarizə qrupunun baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Xaçmaz şəhəri, Koroğlu küçəsi, ev 30da yaşayan Təqsirləndirilən şəxs2 və Xaçmaz şəhəri, S.Qurbanov küçəsi, ev 37, mənzil 8-də yaşayan Təqsirləndirilən şəxs1 Xaçmaz rayonu, Xaspolad-oba kəndi ərazisində olan meşə sahəsində narkotik tərkibli bitkilər əkib-becərmələri barədə Xaçmaz RPŞ-nə daxil olmuş məlumatın yoxlanılması məqsədi ilə 14 iyun 2021-ci il tarixdə polis əməkdaşları Şahid2, Firdovsi Məmmədov və Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmçinin aqronom mütəxəssis Şahid5 da dəvət edilmişdir. Həmin gün təxminən saat 17:30 radələrində birlikdə Xaçmaz rayonu, Xaspolad-oba kəndi ərazisində olan meşə sahəsinə getmişlər. Xaspolad-oba kəndini keçib Əhməd-oba kəndi istiqamətində 2 km getdikdən sonra Xaspolad-oba-Əhmədoba kənd yolunun sol tərəfində olan ağaclarla və sıx kollarla əhatə olunmuş cığırla 200 metr meşənin içərilərinə doğru getmişlər və həmin yerdə sıx ağaclarla və kollarla əhatə olunmuş 5x5 metr ölçüdə sahənin təmizlənərək çətənə bitkilərinə oxşar müxtəlif hündürlükdə yaşıl bitkilərin, orada olan plastmas dibçəklərdə bitki şitillərinin əkildiyini, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1da çətənə bitkilərinə oxşar bitkilərin əkildiyi yerdə olduqlarını görmüşlər. Onlar yaxınlaşıb özlərini təqdim edərək çətənə bitkilərinə oxşar bitkiləri və bitki şitillərini kimin əkdiyini soruşmuşlar, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 etiraf edib bildirmişlər ki, həmin çətənə bitkilərini və bitki şitillərini özləri əkib-yetişdirmişlər. Daha sonra, videoçəkilişlə əraziyə baxış keçirilmiş və bu zaman aqronom-mütəxəssis tərəfindən də əkilən bitkilərin çətənə bitkiləri olması təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs1 bitki şitillərinidə onların əkdiyini soruşmuş, Təqsirləndirilən şəxs1 bildirmişdir ki, dibçəklərdə olan şitilləridə onlar əkmişlər. Aqronom Şahid5 çətənə bitkilərini tək-tək kökündən çıxararaq 74 ədəd olduğunu, plastmas dibçəklərdə əkilmiş bitki şitillərini isə sayaraq 22 ədəd olduğunu bildirmişdir. Aqronom Şahid5 tərəfindən bitki şitilləri də kökündən çıxarıldıqdan sonra 74 ədəd çətənə bitkiləri bir ədəd sintetik torbada, bitki şitilləri isə sellofan torbanın içərisinə qoyularaq bir ədəd zərfdə qablaşdırılıb möhürləndikdən sonra həmin yerdə olan üç ədəd plastmas qablar, bir ədəd plastmas vedrə, 192 ədəd plastmas dibçəklər, bir ədəd qaz sobası, bir ədəd çaydan və bir ədəd çadırda götürülmüş və bu barədə protokol tərtib edilib oxunduqdan sonra iştirakçılar protokola və bitkilərin qablaşdırıldığı sintetik torbanın üzərinə yapışdırlımış kağızın və zərfin üstünə imza etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş polis əməkdaşları Şahid2, Şahid3 və Şahid4 da Şahid1la oxşar məzmunlu ifadələr verərək onun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə ifadəsində göstərdi ki, o, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X6 Təsərrüfatı Mərkəzinin hüquqşünası vəzifəsində işləyir. Xaçmaz rayonu, Xaspolad-oba kəndi ərazisində yerləşən meşə sahəsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X6 X3 meşəbəyliyinin 5 saylı dolayına aiddir. Həmin meşə sahəsi olduqca sıx ağaclarla və kollarla əhatə olunmuşdur. Buna görə də meşənin içəri tərəflərini gəzib nəzarət etmək əmkdaşları tərəfindən olduqca çətindir. Buna baxmayaraq yenədə X6 Təsərrüfatı Mərkəzinin əməkdaşları onlara təhkim olunmuş ərazilərə nəzarət etməyə çalışmışlar. Xaçmaz RPŞ-dən daxil olmuş 26 iyul 2021-ci il tarixli məktub əsasında əməkdaşları tərəfindən narkotik tərkibli çətənə bitkilərinin əkildiyi Xaçmaz rayonu, Xaspolad-oba kəndi ərazisində yerləşən meşə sahəsinə baxış keçirilərkən həmin ərazinin X6 X3 meşəbəyliyinin 5 saylı dolayının 24 saylı kvartalına aid olduğu müəyyən edilmiş və bununla bağlı Xaçmaz RPŞ-nə rəsmi məlumat verilmişdir. Xaçmaz rayonu, Xaspolad-oba kəndi ərazisində olan meşə sahəsində çətənə bitkilərinin əkildiyi yer olduqca sıx ağaclarla və kollarla əhatə olunduğuna görə mütəmadi olaraq həmin yerə nəzarət etmək olduqca çətindir. Buna görə də əməkdaşları tərəfindən həmin yerə nəzarət edilməsi mümkün olmamışdır. Xaçmaz şəhər sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 X6 X3 meşəbəyliyinin Xaçmaz rayonu, Xaspoladoba kəndi ərazisində yerləşən 5 saylı dolayının 24 saylı kvartalına aid ərazidə narkotik tərkibli çətənə bitkilərini qanunsuz olaraq əkib-becərmişlər və həmin torpaq sahəsi onların istifadəsinə və ya onlara icarəyə verilməmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 X6 X3 meşəbəyliyinin Xaçmaz rayonu, Xaspoladoba kəndi ərazisində yerləşən 5 saylı dolayının 24 saylı kvartalına aid ərazidə qanunsuz olaraq narkotik tərkibli çətənə bitkiləri əkib becərmələri ilə bağlı X6 Təsərrüfatı Mərkəzinə heç bir maddi ziyan dəyməmiş və bununla bağlı mülki iddiaları yoxdur. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Xaçmaz rayon Mənzil İstismar İdarəsinin aqronomu Şahid5 ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsində göstərmişdir ki, 14 iyun 2021-ci il tarixdə o, Xaçmaz RPŞ tərəfindən qəbul edilmiş mütəxəssis təyin olunmasına dair qərarla tanış olduqdan sonra Xaçmaz rayonu, Xaspolad-oba kəndi ərazisində yerləşən meşə sahəsində narkotik tərkibli çətənə bitkilərinin əkildiyi yerə baxış keçirilməsi üçün dəvət edilmişdir. O, etiraz etməmiş və həmin gün saat 17:30 radələrində, o, polis əməkdaşları ilə birlikdə həmin ərazidə olan meşə sahəsinə getmişlər. Xaspolad-oba kəndini keçib Əhməd-oba kəndi istiqamətində 2 km getdikdən sonra Xaspolad-oba-Əhmədoba kənd yolunun sol tərəfində olan ağaclarla və sıx kollarla əhatə olunmuş cığırla 200 metr meşənin içərilərinə doğru getmişlər və həmin yerdə sıx ağaclarla və kollarla əhatə olunmuş 5x5 metr ölçüdə sahənin təmizlənərək çətənə bitkilərinə oxşar müxtəlif hündürlükdə yaşıl bitkilərin, orada olan plastmas dibçəklərdə bitki şitillərinin əkildiyini, iki nəfər şəxsin, yəni Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1da çətənə bitkilərinə oxşar bitkilərin əkildiyi yerdə olduqlarını görmüşlər. Polis əməkdaşları yaxınlaşıb özlərini Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqdim edərək çətənə bitkilərinə oxşar bitkiləri və bitki şitillərini kimin əkdiyini soruşmuşlar, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 etiraf edib bildirmişlər ki, həmin çətənə bitkilərini və bitki şitillərini özləri əkib-yetişdirmişlər. Qeyd edilən ərazidə əkilən bitkiləri nəzərdən keçirib müəyyən etmişdir ki, həmin bitkilər tərkibində narkotik maddələr olan çətənə bitkiləridir, aqrotexniki qaydada qulluq olunaraq, suvarılmışdır, hündürlükləridə 50-60 sm-dir. Bu barədə polis əməkdaşlarına bildirdikdən sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onun dediklərini təsdiq edərək bildirmişlər ki, həmin bitkilər narkotik tərkibli çətənə bitkiləridir, gələcəkdə istifadə etmələri məqsədi ilə təxminən iki ay olarkı özləri əkib-yetişdirmişlər. Daha sonra o,, çətənə bitkilərini tək-tək kökündən çıxarıb sayaraq 74 ədəd olduğunu, plastmas dibçəklərdə əkilmiş bitki şitillərini isə sayaraq 22 ədəd olduğunu bildirmişdir. Bitki şitillərinidə kökündən çıxardıqdan sonra polis əməkdaşları tərəfindən 74 ədəd çətənə bitkiləri bir ədəd sintetik torbada, bitki şitilləri isə sellofan torbanın içərisinə qoyularaq bir ədəd zərfdə qablaşdırılıb möhürləndikdən sonra həmin yerdə olan üç ədəd plastmas qablar, bir ədəd plastmas vedrə, 192 ədəd plastmas dibçəklər, bir ədəd qaz sobası, bir ədəd çaydan və bir ədəd çadırda götürülərək protokol tərtib edilmişdir. O, da protokolu oxuduqdan sonra düzgün yazıldığını görüb protokola və bitkilərin qablaşdırıldığı sintetik torbanın üzərinə yapışdırlımış kağızın və zərfin üstünə imza etmişdir. Bundan sonra o, Xaçmaz rayonu, Xaspolad-oba kəndi ərazisində yerləşən meşə sahəsində aşkar edilmiş narkotik tərkibli çətənə bitkilərinə aqrotexniki qaydada qulluq göstərilməklə əkilib-yetişdirilməsi barədə rəy yazaraq müstəntiqə təqdim etmişdir. (Cild 1, iş vərəqləri 127-128) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, hadisə yerinə baxış keçirilməsi haqqında 14 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Xaçmaz rayonu, Xaspolad-oba kəndi ərazisində olan meşə sahəsinə baxış keçirilərkən kollardan təmizlənmiş 5x5 metr sahədə əkilmiş 74 ədəd çətənə (kannabis) bitkilərinə oxşar bitkilər, dibçəklərdə əkilmiş 22 ədəd bitki şitilləri, üç ədəd plastmas qablar, bir ədəd plastmas vedrə, 192 ədəd plastmas dibçəklər, bir ədəd qaz sobası, bir ədəd çaydan və bir ədəd çadır aşkar edilərək götürülmüşdür. (Cild 1, iş vərəqləri 13-15) Həmin istintaq hərəkətinin keçirilməsi zamanı çəkilmiş video görüntülərə həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı baxış keçirilərkən protokolda qeyd edilən halların öz təsdiqini tapması müəyyən edilmişdir. (Cild 1, iş vərəqləri 16, 112-113) Xaçmaz rayon Mənzil İstismar İdarəsinin aqronomu Şahid5 tərəfindən tərtib edilmiş 14 iyun 2021-ci il tarixli rəydən görünür ki, Xaçmaz rayonu, Xaspolad-oba kəndi ərazisində olan meşə sahəsinə baxış keçirilərkən aşkar edilərək götürülmüş cəmi 74 ədəd bitkilər çətənə (kannabis) bitkilərinə oxşar bitkilərdi, 22 ədəd şitillər isə bitki şitilləridir. Onların dibləri boşaldılmış, aqrotexniki qaydada qulluq edilməklə kultivasiyə edilmişdir. (Cild 1, iş vərəq 17) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının keçirilməsinə dair 15 iyun 2021-ci il tarixli 7/559 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində «Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əkdiyi çətənə bitkisinə oxşar kol və şitillər» yazılar və imzalar olan ağ rəngli sintetik torbada yaş vəziyyətdə, ümumi sayı 74 (yetmiş dörd) ədəd, ümumi çəkisi-6010,0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Tədqiqata təqdim olunmuş üzərində «Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 becərdiyi şitillər» yazılar və imzalar olan zərfdə bir ədəd sellofan torbada ümumi sayı 22 (iyirmi iki) ədəd, ümumi çəkisi-1,086 qram bitki nümunələri inkişafının cücərtmə fazasında olduğuna görə onların hansı növ bitkiyə aid olmasını müəyyən etmək mümkün olmadı. Aqronomun rəyinə əsasən təqdim edilmiş çətənə (kannabis) bitkilərinə və bitki cücərtilərinə aqrotexniki qaydada qulluq edilmişdir. (Cild 1, iş vərəqləri 63-66) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən ambulator məcburi-narkoloji ekspertizasının 18 avqust 2021-ci il tarixli, 2941 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqləri 166-167) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən ambulator məcburi-narkoloji ekspertizasının 18 avqust 2021-ci il tarixli, 2942 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 kannabioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqləri 168-169) Məhkəmədə elan olunaraq tədqiq olunan iş materiallarına əsasən ekspertiza təhqiqatından sonra qalıq çəkiləri Xaspolad-oba kəndi ərazisində olan meşə sahəsində aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 6008,52 qram olan 74 ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləri, 1,086 qram çəkidə 22 ədəd bitki nümunələri, üç ədəd plastmas qablar, bir ədəd plastmas vedrə, 192 ədəd plastmas dibçəklər, bir ədəd kçiki ölçülü qaz sobası, bir ədəd çaydan və bir ədəd çadır maddi sübut hesab olunaraq saxlanılmasından ötrü Xaçmaz RPŞ-nə təhvil verilmişdir. Hadisə yerinə baxış zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən bir ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqləri 76-77, 114) Cinayət işinin materiallarına əlavə edilərək məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X6 Təsərrüfatı Mərkəzinin 21 sentyabr 2021-ci il tarixli 739 nömrəli məktubundan görünür ki, Xaçmaz rayonu, Xaspolad-oba kəndi ərazisində yerləşən meşə sahəsi X6 X3 meşəbəyliyinin 5 saylı dolayının 24 saylı kvartalına aiddir və həmin meşə ərazisi kənd təsərrüfatı təyinatlı torpaqlara aid deyildir. (Cild 1, iş vərəq 150) Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamələrin cavabından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar. Məhkəmə təqsirləndirilən şəxsin əməllərinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli Qərarının 19-cu bəndində hüquqi mövqe ifadə olunaraq izah edilmişdir ki, əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanılması dedikdə - bu növ bitkilərin əkildiyi, yetişdirildiyi, mühafizə olunmayan əkin sahələrindən həmin bitkiləri (onların hissələrini) yığma başa düşülür. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən İİİ siyahıda, yəni “qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər” siyahısına əsasən çətənə növlü bitkilər Azərbaycan Respublikasında bitən, lakin kultivasiyası qadağan olunmuş tərkibində narkotik maddələr olan bitkilərdir və həmin bitkilərin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 3-15 ədəd (6-30 hissə), külli miqdar daxil olmaqla yuxarı həddi 16 ədəd (31 hissə) müəyyən edilmişdir. Bundan başqa, məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1, 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham verilmişdir ondan ötrü ki, onlar qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına becərmiş və qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya (əkmə və yetişdirmə) etmişlər. Dövlət ittihamçısı yekun nitqində təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə verilmiş ittihamdan və aparılan cinayət təqibindən imtina etdiyini bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 41.3-cü maddəsinə əsasən, dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edan halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1 və 43.1.1-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində dövlət ittihamçısı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Bundan başqa, həmin Məcəllənin 314.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı dövlət ittihamçısının ittihamın müdafiəsindən imtina etdiyi halda (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə Cinayət- Prosessual Məcəlləsinin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verməlidir. “Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2008-ci il tarixli qərarının nəticə hissəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1-ci və 314.2-ci maddələrində nəzərdə tutulan dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina etməsi ittihamdan həm tam, həm də qismən imtina edilməsini ehtiva edir. Dövlət ittihamçısının verilmiş ittihamdan qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə imtina etməsinə görə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində həmin maddə ilə aparılan cinayət təqibinə xitam verilməli, onların əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələri ilə tövsif edilməli və onlar həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisini külli miqdarda kultivasiya etməklə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmələri məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən bu əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilirlər. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin cinayət olmasını aradan qaldıran hallar və onların bu əməllərə görə cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onların törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onları səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 himayəsində azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən həmin Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə cinayət qanununun bu tələbi baxımdan hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilmələri, əməllərindən peşman olmaları, həmçinin Təqsirləndirilən şəxs2 evli olması və Təqsirləndirilən şəxs1 təklifinə cavab olaraq onunla çətənə bitkilərinə qulluq edilməsinə razılıq verilməsini ayrıayrılıqda hər iki təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxslərin cəzalarını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək cəza məsələsini müzakirə edib qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələrinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə ittiham olunduqları maddələrin sanksiyaları ilə müəyyən edilmiş aşağı hədlərdə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cinayət qanunvericiliyində təsbit olunmuş ədalət və humanizm prinsiplərinə uyğun olmaqla cəzanın məqsədinə də müvafiqdir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 14 iyun 2021-ci il tarixdən 16 iyun 2021-ci il tarixədək şübhəli şəxs kimi tutulmuş, daha sonra barələrində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxslərin barələrində seçilmiş həbslə bağlı olmayan qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Bundan başqa, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 barəsində digər cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və barəsində Xaçmaz rayon məhkəməsinin 21 iyun 2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzadan onların tutulduğu iki gün çıxılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin barəsində məhkəməyədək icraat zamanı seçilmiş və məhkəmənin hazırlıq iclasının müvafiq qərarına əsasən dəyişdirilmədən saxlanılmış polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində azadlıqdan məhrum etmə ilə əlaqədar cəza təyin edildiyindən və təyin olunan cəza çəkilməli olduğundan qeyd olunan qətimkan tədbiri çıxarılacaq hökmlə dəyişdirilib “həbs” qətimkan tədbiri ilə əvəz olunmalı, Təqsirləndirilən şəxs2 məhkəmə iclas zalından dərhal həbsə alınmalı, Təqsirləndirilən şəxs1 isə digər cinayət işi üzrə həbs edildiyi nəzərə alınmalı, təqsirləndirilən şəxslərin cəza çəkmələrinin əvvəli hökmün elan olunacağı 23 iyun 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacları vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınmaları məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxslərin narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1-ci maddəsinin tələblərinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və onlar, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan və Xaçmaz RPŞ-də saxlanılan 6008,52 qram olan 74 (yetmiş dörd) ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləri, 1,086 qram çəkidə 22 (iyirmi iki) ədəd bitki nümunələri, 03 (üç) ədəd plastmas qablar, 01 (bir) ədəd plastmas vedrə və 192 (yüz doxsan iki) ədəd plastmas dibçəklər məhv edilməli, 01 (bir) ədəd qaz sobası, 01 (bir) çaydan və 01 (bir) çadır sahibinə və ya onun yaxın qohumlarına qaytarılmalı, qəbul edilmədikdə isə məhv edilməlidir. 01 (bir) ədəd “CD” formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən iş üzrə mövcud olan 66 manat 46 qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs1 33 (otuz üç) manat 23 (iyirmi üç) qəpik və Təqsirləndirilən şəxs2 33 (otuz üç) manat 23 (iyirmi üç) qəpik məbləğində tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən öz hüquqlarının müdafiəsi üçün müdafiəçilər ilə müqavilə bağlandığından, həmin müdafiəçilərin hüquqi yardımı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və o, 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1ci maddəsi ilə aparılan cinayət təqibinə xitam verilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 14 iyun 2021-ci il tarixdən 16 iyun 2021-ci il tarixədək şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün ona təyin edilmiş cəza müddətinə hesablanmaqla çıxılsın və üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunsun və onun digər iş üzrə həbs edildiyi nəzərə alınsın. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı hökmün elan olunduğu 23 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələri ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1ci maddəsi ilə aparılan cinayət təqibinə xitam verilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 14 iyun 2021-ci il tarixdən 16 iyun 2021-ci il tarixədək şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün ona təyin edilmiş cəza müddətinə hesablanmaqla çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunsun və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı hökmün elan olunduğu 23 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Xaçmaz RPŞ-də saxlanılan 6008,52 qram olan 74 (yetmiş dörd) ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləri, 1,086 qram çəkidə 22 (iyirmi iki) ədəd bitki nümunələri, 03 (üç) ədəd plastmas qablar, 01 (bir) ədəd plastmas vedrə və 192 (yüz doxsan iki) ədəd plastmas dibçəklər məhv edilsin, 01 (bir) ədəd qaz sobası, 01 (bir) çaydan və 01 (bir) çadır sahibinə və ya onun yaxın qohumlarına qaytarılsın, qəbul edilmədikdə isə məhv edilsin. 01 (bir) ədəd “CD” formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs1 33 (otuz üç) manat 23 (iyirmi üç) qəpik və Təqsirləndirilən şəxs2 33 (otuz üç) manat 23 (iyirmi üç) qəpik məbləğində ekspertiza xərci tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin onlara verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar