Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-88/2024 29.04.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, subay, orta təhsilli, Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsi, Engels küçəsi 18-də qeydiyyatda olmaqla Abşeron rayonu Saray qəsəbəs Ə.Əzizbəyov küçəsi ev 32-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yerləşdiyi Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 12 sentyabr 2022-ci il taritxdə saat 15 radələrində Bakı şəhəri Zabrat qəsəbəsində satış məqsədi ilə külli miqdarda bir ədəd bağlamanın içərsində iki ədəd şəffaf rəngli sellofan torbada ayrı-ayrılıqda çəkiləri 630,0 qram və 475,0 qram, ümumi 1105,0 qram çəkidə bitki mənşəli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı 1000 manat müqabilində qanunsuz olaraq əldə edib Abşeron rayonu Saray qəsəbəsinə daşımış və saxlamış, xx.xx.2022-ci il tarixdə saat 23 radələrində Abşeron rayon polis idarəsinin Saray polis bölməsinin əməkdaşları tərəfindən Abşeron rayonu, Saray qəsəbəsi M.Əzizbəyov küçəsi 32 saylı evin yaxınlığında saxlanılaraq Abşeron RPİ-nin X6 gətirilərək bölmənin inzibati binasında xidməti otaqların birində həmin gün saat 23:40-dan 23:55-dək üzərinə keçirilən şəxsi axtarış zamanı əlində saxladığı bir ədəd sellofan torbanın içərsindən iki ədəd şəffaf rəngli sellofan bükümdə ayrıayrılıqda çəkiləri 630,0 qram və 475,0 qram, ümumi 1105,0 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşakar olunaraq götürülmüşdür. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 12 sentyabr 2022-ci il tarixdə Saray qəsəbəsində xatırladığı qədərilə Əzizbəyov küçəsi, ev 34 ünvanında yerləşən evindən çıxıb Zabrat qəsəbəsində yerləşən evinə getmək istəmişdir. Qapıdan çıxanda onu tutub polis bölməsinə gətirmişdirlər. Orada da onu döymüşdürlər. Cibindən kart çıxmışdır. Saxlanan zaman üzərində “kokos”, yəni heroin olmuşdur. Heroinin çəkisi 0.2 (sıfır tam onda iki) qram olardı. Əvvəllər Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkumluğu olmuşdur. Narkotik vasitə olan heroindən istifadə etmişdir. Narkoman olmağını inkar etmir, ancaq üzərində külli miqdarda narkotik vasitə olmamışdır. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, onu yaşadığı evin qapısının ağzında saxlamışdırlar. Üzərində 0.2 qram heroin olmuşdur. Polis əməkdaşları tərəfindən ona qarşı təzyiq olmuş, onu rəisin otağında döymüşdürlər. Şahid1 adı yadındadır, digərinin adını xatırlamır. Həmin şəxsi üzdən tanıyır. Onu saxlayandan sonra avtomobilə əyləşdirmişdirlər. Avtomobilə əyləşəndə gözünün altı zədələnmişdir. Avtomobildə döyə-döyə onu polis bölməsinə gətirmişdirlər. Polis bölməsinə gəldikdən sonra kartı da qabağına qoyub onu qorxutmuşdurlar. Evdə anasından kart götürmüşdür. Kart “Kapital Bank”-a məxsus maaş kartı olmuşdur. Anasını da məsuliyyətə cəlb edəcəkləri ilə bağlı onu qorxutmuşdurlar. Anası 1971-ci il təvəllüdlüdür. Hazırda ifadədə qeyd etdiyi xüsusatlar barədə qətimkan tədbiri seçilən zaman məhkəmədə bildirməmişdir. Təzyiq altında olmuş, hazırkı məhkəmə iclasında olanları danışmağı düşünmüşdür. Təqsirləndirilən şəxs müdafiəçinin suallarına cavab olaraq bildirmişdir ki, saxlanan zaman saat axşamüstü 4-5 radələri-hava işıqlı olmuşdur. Onu yaşadığı evin qapısının ağzında saxlamışdırlar. Qapıdan çıxıb səkkiz-on metr aralanmışdır ki, polis əməkdaşları tərəfindən saxlanılmışdır. Məhəllədən yola çıxa bilməmişdir. Onu saxlayan polis əməkdaşlarından Musanı tanımışdır. Digər polis əməkdaşını üzdən tanımış, bundan başqa içlərində “Ədalət” adlı şəxs də olmuşdur. Ədalətin adını polis bölməsində eşitmişdir. Polis əməkdaşları onu saxlayıb döyə-döyə avtomobilə əyləşdirib, X6 gətirmişdirlər. Saxlanan zaman mobil telefonu olmuşdur. Mobil telefonundakı nömrə “496-96-44” idi. Qapının ağzında saxlanılan zaman qonşulardan onu görən olmuş, amma kimin gördüyünü dəqiq bilməmişdir. Saxlanılmağını anası eşitmiş, anası arxası ilə polis bölməsinə gəlmişdir. Polis bölməsində anasının qapının ağzında dayandığını görmüşdür. Polis bölməsinə gətirildikdən sonra axşama kimi döyülmüşdür. MSY-yə gətirilməmişdən bir az əvvəl vəkil gəlmişdir. Təqsirləndirilən şəxs məhkəmə tərkibinin suallarına cavab olaraq bildirmişdir ki, video görüntüdəki şəxs odur. Gözündəki xəsarətin konkret olaraq kim tərəfindən yetirildiyini bilməmişdir. Avtomobildə başını aşağı salıb baş nahiyəsinə xəsarət yetirmişdirlər. Avtomobilə əyləşdirilən zaman gözü və ya baş nahiyəsi avtomobilin hansısa hissəsinə dəyməmişdir. Video görüntüdəki narkotik vasitə ona məxsus olmamış, polis bölməsində ona verilmişdir. Polis bölməsində polis əməkdaşlarının təzyiqindən sonra onlarla razılaşmış, narkotik vasitəni boynuna götürmüşdür. Video görüntüdən də görünür ki, orada stol rəngində şkaf olmuşdur. Şkafdan narkotik vasitəni çıxarıb ona vermişdirlər. Narkotik vasitəni çıxaranda da elə sellofan torbada olmuşdur. O, əvvəldən sellofan torbadakının narkotik vasitə olduğunu bilmişdir. Anası ilə onu hədələmiş, döyməklə də narkotik vasitəni boynuna qoymuşdurlar. Polis əməkdaşları ona 01 (bir) kiloqram “nəşə” verəcəklərini, qol çəkib gedəcəyini bildirmişdirlər. Bu video çəkiliş saat 10-11 üçün çəkilib, saat 4-5 radələrində saxlanmışdır. Saat 4-5 üçün saxlanılan zaman cibində mobil telefonu, bank kartı olmuşdur. Həmin vaxt, yəni saat 4-5 radələrində video çəkiliş edən olmamışdır. Telefonu ilə bank kartını anası götürmüşdür. Onun yaşadığı ünvan ilə Saray PB-si arasında bir kilometr yarım-iki kilometr məsafə vardır. Saxlanan zaman evin qapısını açıb bayıra, küçəyə çıxmışdır. Anası onun polis əməkdaşları tərəfindən saxlanmağını görmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Abşeron RPİ-nin Saray PB-də CA üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ifadəsində göstərmişdir ki, sentyabr ayının 12-də məxfi əməkdaş tərəfindən məlumat daxil olmuşdur ki, Saray qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs külli miqdarda narkotik vastənin istifadəsində, gəzdirilməsində və satışında şübhəlidir. Bu barədə rəhbərliyə məlumat verilmişdir. Rəhbərlik tərəfindən əməliyyat-axtarış tədbiri həyata keçirərək şəxsin saxlanıb polis bölməsinə gətirilməsi tapşırılmışdır. O da Şahid2la birlikdə Təqsirləndirilən şəxs yaşadığı məhəllənin yaxınlığında gözləmişdirlər. Təqsirləndirilən şəxs özlərini təqdim etmiş və onlarla birlikdə Saray PB-nə gəlməsini təklif etmişdirlər. Həmin vaxt Cavid özü narkotik vasitə istifadəçisi olduğunu etiraf etmişdir. Şəxsi Saray PB-nə gətirmişdirlər. Cavidin üzərində göy rəngli sellofan torba olmuş, həmin torbadakı narkotik vasitəni Zabratdan 1.000 (bir min) manata öz istifadəsi üçün aldığını bildirmişdir. Polis bölməsinə vəkil çağırılmış, vəkilin iştirakı ilə video çəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə həyata keçirilmiş, üzərindəki narkotik vasitə olan qurudulmuş marixuananı Cavid özü təqdim etmişdir. Təqsirləndirilən şəxs qarşı onlar tərəfindən hansısa təzyiq göstərilməmişdir. Cavid özü avtomobilə əyləşən zaman sifət nahiyəsi avtomobilin qapısının tininə dəyib cızılmışdır. Bir var cızıq ola, bir də vardır göyərmə. Hətta bununla bağlı fotoşəkil də vardır. Cavid özü avtomobilə əyləşəndə avtomobilin qapısının tini üzünü kəsmişdir. Özü də əvvəllər silahla, narkotik vasitə ilə məhkum olunduğunu sonradan onlara bildirmişdir. Hazırda Təqsirləndirilən şəxs özünü müdafiə məqsədilə onlar tərəfindən döyüldyünü bildirir. Təqsirləndirilən şəxs saxlanılan zaman narkotik vasitə istifadəçisi olduğunu etiraf etmişdir. Hətta saxlanandan sonra demişdir ki, Zabratda yaşayır. Söhbət əsnasında eyni məktəbdə oxumaqları məlum olmuşdur. Narkotik vasitələrdən istifadə etdiyinə görə tanınmaz hala düşmüdür. Təqsirləndirilən şəxs axşam saat 23 radələrində saxlamışdırlar. Cavidi Saray qəsəbəsində, yaşadığı küçədə saxlamışdırlar. Əməliyyat tədbirində onunla yanaşı, Şahid2 da iştirak etmişdir. Şəxsi saxladıqdan sonra özlərini təqdim etmiş və hüquqlarını izah etmişdirlər. Cavidin saxlandığı ərazidə əməliyyat müvəkkili olduğu üçün Təqsirləndirilən şəxs saxlanılan gün saat 4-5 radələrində Cavidgilin evi tərəfdə olmuş ola bilər. Oğurluqlar çox olduğu üçün ərazidə daha çox vaxt keçirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Abşeron RPİ-nin Saray PB-nin polis nəfəri Şahid2 ifadəsində göstərmişdir ki, daxil olan məlumat əsasında iş üzrə təqsirlədirilən şəxs Təqsirləndirilən şəxs Saray qəsəbəsində tutmuşdurlar. Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmiş və onu Saray PB-nə aparmışdırlar. Saray PB-də xidməti otaqların birində vəkilin iştirakı ilə şəxsi axtarış keçirilib və narkotik vasitə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan marixiuna aşkar edilmişdir. Həmin narkotik vasitənin çəkisi yadında deyildir. Əməliyyat tədbirində ondan başqa Şahid1 iştirak etmişdir. Onlar Təqsirləndirilən şəxs gecə saatlarında Saray qəsəbəsində tutmuşdurlar. İbtidai istintaq nzamanı verdiyi ifadəsini təsdiq etmişdir. Təqsirləndirilən şəxs üzərindən marixiuna aşkar edilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir xəsarət yetirilməmişdir, hətta Təqsirləndirilən şəxs onlara qarşı heç bir müqavimət də göstərməmişdir. Təqsirləndirilən şəxs saxlayarkən o tutduğu əməli könüllü etiraf etmişdir. Əməliyyat tədbirində 2 nəfər olmuşdurlar. Onlar Təqsirləndirilən şəxs saxlayarkən günün ikinci yarısı olmuş, həmin hadisədən 2 il keçdiyi üçün dəqiq saatı xatırlamamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş X4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs anasıdır. Cavid saxlanılan gün həyətdə onunla birlikdə oturmuşdur. Bayıra çıxan kimi polis əməkdaşları onu saxlamışdırlar. Cavidin arxası ilə X6 getmiş və axşama kimi orda olmuşdur. Polis əməkdaşları həyətə hücum etmişdirlər. Bunlara qonşular da şahid olmuşdurlar. Badambura bişirərək Sədərək Ticarət Mərkəzi ərazisində satışı ilə məşğul olmuş, satdığı malların pulunu almaq üçün “BirKart” almış, həmin kartda 20 (iyirmi) manat pulu olmuşdur. Həyətdən çıxanda demişdir ki, Cavid iyirmi manatı kartdan çıxartsın. Kartla onu qorxudub döyərək narkotik vasitəni boynuna qoymuşdurlar ki, guya ana-bala birləşib narkotik vasitə satırlar. Heç vaxt narkotik vasitə görməmişdir. Oğlu narkotik vasitə istifadəçisi olmuşdur. Cavid saxlanılan zaman sonuncu ilə birlikdə atası evi olan, Saray qəsəbəsi, Əzizbəyov küçəsi 32 ünvanında yaşamışdırlar. Cavid saxlananda günorta saatları olmuşdur. Oğlu qapıdan çıxan kimi onu qapıda tutmuşdurlar. Cavidi polis bölməsinə apardıqları avtomobili qara rəngli avtomobil idi. Cavid saxlanılan zaman saat 15-16 radələri idi. Polis bölməsində Cavidi görmüşdür. Təqsirləndirilən şəxs çox pis şəkildə döymüşdürlər. Cavid evdən çıxanda üzərində bir butulka su və mobil telefon var idi. Bunlardan başqa Cavidin üzərində heç nə, həmçinin hər hansı bağlama da olmamışdır. Evləri ilə polis bölməsi arasındakı məsafə təxminən iki-üç kilometrdir. Cavid saxlandığı gün gecədən evdə olmuşdur. Cavidin ata evi Zabratda idi deyə, Zabrata gedirdi. Kart onun adına olmuş, içərisindəki 20 (iyirmi) manat pulu nağlaşdırması üçün Cavidə vermişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahid ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş xx.xx.2022-ci il tarixli “əməliyyat tədbirinin keçirilməsinə dair” qərar, eyni tarix və məzmunlu raportdan görünür ki, Təqsirləndirilən şəxs narkotik maddələrin qəbulu, saxlanması və satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokol və həmin protokola əlavə edilmiş CD disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı əlində saxladığı göy rəngli sellofan torbanın içərsindən 2 (iki) ədəd ayrı-ayrılıqda sellofan bükümlərdə qurudulmuş marixuna kütlələrini çıxardaraq təqdim edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə bioloji ekspertizasının 13 sentyabr 2022-ci il tarixli, 7/1024 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş, bir ədəd zərfdə iki ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 630,0 qram və 475,0 qramolmaqla ümumi çəkisi 1105,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə narkoloji ekspertizasının 03 dekabr 2022-ci il tarixli, 7336 nömrəli ekspert rəyinə əsasən müayinə olunan Təqsirləndirilən şəxs opioidlərin və psixostimlyatorların birgə qəbulu nəticəsində yaranan asıllıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan “Maddi sübutun tanınması və cinayət işinə əlavə edilməsi haqqında” 14 sentyabr 2022-ci il tarixli və “sübutların qiymətləndirilməsi haqqında” 04 yanvar 2023-cü il tarixli qərarları ilə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1104,8 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınaraq Abşeron RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilmiş Saray qəsəbə İƏD-si üzrə nümayəndəlikdən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Əliyev X3 rayonu Saray qəsəbəs Ə.Əzizbəyov küçəsi ev 32-də yaşamış və yaşadığı ərazidə müsbət xarakterizə edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr Bakı şəhəri, Sabunçu rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 və 228.1-ci maddələri ilə təqsirli bilinib 01 il 08 ay azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2021-cı il tarixli “8 noyabr-Zəfər günü” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının 2.4-cü bəndinə əsasən cəzasının qalan hissəsindən azad edilməklə məhkumluğu götürülmüşdür. Odur ki, Təqsirləndirilən şəxs ödənilməmiş və ya götürülməmiş məhkumluğu yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi qismən etirafedici ifadəsini, şahid ifadələrini, habelə cinayət işinin materiallarında olan çoxsaylı mötəbər sübutları ayrı-ayrılıqda və məcmu halında təhlil edib nəzərə alaraq və qeyd edilən sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadənin narkotik vasitələrin satışı ilə məşğul olmaması və tutulan zaman üzərində ittiham aktında göstərilən narkotik vasitənin olmaması barədə olan hissəsinə tənqidi yanaşaraq hesab edir ki, onun bu hissədə verdiyi ifadə özünü müdafiə xarakteri daşımaqla obyektiv həqiqəti əks etdirmir, onun verilən ittiham üzrə təqsiri öz ifadəsinin etirafedici hissəsi ilə bərabər məhkəmə baxışı zamanı tədqiq edilmiş digər sübutlarla tam təsdiq edilir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin ifadələri iş üzrə tədqiq edilmiş digər sübutlarla təsdiq edildiyindən əsas götürülməlidir. Həmçinin məhkəmə təqsirləndirilən şəxsin anası X1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər sübut kimi qəbul etməyərək hesab edir ki, həmin ifadə oğlunun cinayət məsuliyyətindən yayındırmasına yönəlməklə həqiqəti əks etdirmir. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyri-məhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). Yuxarıda qeyd edildiyi kimi, düzgün tövsifə nail olmaq üçün işin həqiqi halları müəyyən edilməli, daha sonra bu hallara uyğun cinayət qanununun norması seçilərək tətbiq edilməlidir. İşin həqiqi hallarının müəyyən edilməsinin prosessual qaydaları Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 139.0-cı maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Daha sonra qanunverici yuxarıda sadalanan halların sübuta yetirilməsinin qaydalarını da müəyyən edərək CPM-nin 124.1-ci maddəsində sübutların anlayışını, 124.2-ci maddəsində isə sübutların siyahısını vermişdir. Həmin Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2.1-146.2.3-cü maddələrinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi ibtidai araşdırmanın və ya məhkəmə baxışının məqsədyönlü aparılmasına, cinayət təqibi üzrə məhkəmə perspektivinin vaxtında müəyyən edilməsinə, cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə nail olunmasına kömək edir. Həmin Məcəllənin 145.3-cü maddəsinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Göstərilən normaların tələbləri baxımından baxılan işdəki sübutlara əsasən təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət vermək zəruridir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Qeyd edilən Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli, 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göstərilənləri qeyd etməklə məhkəmə tərkibi qeyd edir ki, iş üzrə sübutların mötəbərliyi şübhə doğurmur, sübutlar Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edilməklə, təqsirləndirilən şəxsin hüquqları pozulmadan əldə edilmişdir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməsi tam sübuta yetirildi və onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddə ilə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasım ağırlaşdıran hallar kimi müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə ailəsinin mövcud durumunu, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Cəza çəkmə müddətinin başlanğıcı da Təqsirləndirilən şəxs tutulduğu xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan və Abşeron RPİ-nin saxlanc anbarına təhvil verilmiş 1104,8 qram qalıq narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, 01 ədəd CD diskin cinayət işinin materiallarında saxlanması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Cinayət işi üzrə məhkəmə ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 72 (yetmiş iki) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məbləğ Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə xüsusi müsadirə edilməli olan əmlak və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib, 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkilməsinin əvvəli 12 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut olan və Abşeron RPİ-nin saxlanc anbarına təhvil verilmiş 1104,8 qram qalıq narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, 01 ədəd CD diskin cinayət işinin materiallarında saxlanması nəzərə alınsın. Təqsirləndirilən şəxs 72 (yetmiş iki) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-88/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-88/2024
29.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver