Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-89/2022 14.06.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: X5 (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Abuşova Nərmin Latiq qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X1, Müdafiəçi: Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1994-cü ildə Şəki şəhərində anadan olmuş, subay, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, əvvəllər məhkum olmayan, Şəki şəhəri İnçə ərazi dairəsi Zunud kəndində qeydiyyatda olan, Xırdalan şəhəri Quşçuluq yaşayış massivi, Hüseyn Arif küçəsi, dalan 3, ev 21C-də yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı basqın etməklə quldurluq cinayətini törətmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını quldurluq yolu ilə ələ keçirmək məqsədi ilə 03 iyul 2021-ci il tarixdə, saat 05 radələrində Xırdalan şəhəri H.Əliyev prospektində yerləşən “Mini market” adlanan köşkə yaxınlaşaraq, həmin köşkdə satıcı işləyən Zərərçəkmiş şəxs1 köşkün pəncərəsini açmağını demiş, Zərərçəkmiş şəxs1 köşkün pəncərəsini açandan sonra, bu məqsədlə evində vinel kağızından hazırladığı maskanı sifətinə taxaraq və özü ilə evdən götürdüyü mətbəx bıçağını sağ əlində nümayiş etdirərək, sol əli ilə isə köşkün pəncərəsini tutaraq Zərərçəkmiş şəxs1 pəncərəni bağlamağa mane olaraq, ona həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqın edərək, pulları verməsini tələb etməklə, icarə əsasında köşkü işlədən Zərərçəkmiş şəxs2 məxsus 40 manat məbləğində qəpik pulları, 3 manat 40 qəpik dəyərində bir ədəd “Winston” markalı siqareti və 1 manat dəyərində bir ədəd “Fusetea” soyuq çay içkisini ələ keçirərək quldurluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında Azərbaycan Respublikası CM-nin 181.2.5ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, Xırdalan şəhəri Quşçuluq yaşayış massivi, Hüseyn Arif küçəsi, dalan 3, ev 21C-də ailə üzvləri ilə birlikdə yaşamış və icarəyə avtomobil götürüb taksi fəaliyyəti ilə məşğul olmuşdur. İcarəyə götürdüyü Mersedes markalı, 90 686 qeydiyyat nişanlı avtomobili əzdiyi üçün sahibinə qaytarmış, lakin avtomobilin əzilmiş yerini təmir etməli olduğundan ona pul lazım olmuşdur. Maddi vəziyyəti də çox pis olmuşdur. 03 iyul 2021-ci il tarixdə, saat təxminən 02 radələrində evdən çıxıb yaşadığı məhəllədə H.Əliyev prospektində yerləşən “Mini Market” köşkünə gedib oradan 40 qəpiyə bir ədəd alışqan almışdır. Oradan bir qədər kənara gedib baxmışdır ki, həmin alışqan işləmir, ona görə yenidən həmin köşkə qayıdıb alışqanı satıcı oğlana qaytarmış, köşkdə başqa alışqan olmadığı üçün satıcı bir ədəd də ona alışqan verib demişdir ki, həmin alışqan da işləmir. Ondan sonra o, oradan evə getmiş və qərara gəlmişdir ki, gedib həmin köşkdə olan satıcıdan pul istəsin, əgər pul verməzsə onda satıcını qorxudub pulları alsın. Ona görə evdə olan dəstəyi ağacdan olan mətbəx bıçağını, sonra qara rəngli vinel kağız parçasını kəsib gözlük, burun və ağız yerini kəsib maska kimi düzəldib onları da özü ilə götürmüşdür ki, əgər satıcı ona pul verməsə maskanı sifətinə taxıb bıçağı ona göstərəcək və onda pulları verəcəkdir. Saat təxminən 05 radələrində həmin köşkə yaxınlaşmış, ətrafda heç kim olmamışdır. Köşkün qabaq pəncərəsindən içəri baxıb görmüşdür ki, həmin satıcı oğlan uzanıb yatır. Köşkün pəncərəsi bağlı olduğundan pəncərəni əli ilə döymüş, satıcı oyanmışdır. Satıcıya demişdir ki, ona bir söz deyəcək, istəyirsə ondan inciyər, istəyirsə inciməz. Həmin satıcı oğlan da demişdir ki, sözünü desin. O, həmin satıcıya yalandan demişdir ki, uşağı xəstədir, ona imkan dairəsində pul versin. Satıcı da demişdir ki, həmin köşkdə günə 10 manata işləyir, pulu yoxdur və satıcı pəncərəni də yarıya qədər açıb əli ilə tutmuşdur. Bu zaman o, özü ilə götürdüyü vinel kağızından hazırladığı maskanı sifətinə taxmış və evdən götürdüyü mətbəx bıçağını da sağ əlində tutmuşdur. O, sol əli ilə də köşkün pəncərəsini tutmuş və görmüşdür ki, köşkün içərisində stolun üstündə qəpiklər var və satıcı oğlana demişdir ki, heç olmasa həmin qəpikləri versin. Həmin satıcı da qəpikləri ona verməyə razılaşmış və o, sifətində olan maskanı çıxardıb köşkün içərisinə atmış, bıçağı da cibinə qoyub, özündə olan sellofan torbanı həmin satıcıya vermişdir. Satıcı 20 manata qədər olan qəpikləri torbaya tökmüş, o, satıcıya demişdir ki, bir ədəd “Winston” markalı siqaret və bir ədəd “Fuset tea” soyuq çay içkisini də ona versin. Həmin satıcı da qəpikləri, bir ədəd siqareti və suyu ona vermiş, o, oradan uzaqlaşıb özündə olan mətbəx bıçağını yolda xatırlamadığı yerdə atmış, sonra poçtun yaxınlığında bir qədər oturub siqaret çəkmiş və yaxınlıqda olan Rahat marketə getmişdir ki, həmin qəpikləri dəyişsin. O, Rahat marketdə qəpikləri dəyişəndə həmin köşkdə işləyən satıcı oğlan başqa bir oğlanla mağazaya girib ona yaxınlaşmışlar, satıcının yanında olan oğlan ona da qəpiklər lazım olduğunu demiş, o, da həmin satıcını tanıdığı üçün onlara yalandan demişdir ki, evdə də qəpikləri var gedək qəpikləri onlara verəcək. Onlarla mağazadan çıxib və onların avtomobilinə oturmuş, ondan sonra görmüşdür ki, artıq polis idarəsinə gedirlər. Həmin satıcı və yanındakı oğlan onu polis idarəsinə gətirib növbətçi hissəsinə təqdim etmişlər. Həmin köşkdən götürdüyü qəpiklərdən iki manat 50 qəpiyə bir ədəd siqaret almış, qalan qəpiklər də üstündə olmuş, onları könüllü olaraq istintaqda təqdim etmişdir. Etdiyi əməldən peşmandır, məhkəmədən ağır ailə vəziyyətini nəzərə almağı xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 göstərdi ki, 29 iyun 2021-ci il tarixdən Xırdalan şəhəri H.Əliyev prospektində yerləşən “Mini market” adlanan köşkdə satıcı kimi işləməyə başlamışdır. O, hər gün saat 22 radələrində səhər saat 07 radələrinədək həmin köşkdə satıcı işləyir. Köşkün qabaq hissəsində balaca pəncərə var və oradan müştərilərə lazım olan əşyaları satır. 03 iyul 2021-ci il tarixdə saat təxminən 02 radələrində bir nəfər təxminən 25-30 yaşlı şəxs gələrək köşkdən bir ədəd alışqan alıb getmiş, aradan 10 dəqiqə sonra həmin şəxs gələrək ona demişdir ki, aldığı alışqan işləmir. Köşkdə də başqa alışqan olmadığı üçün o, həmin alışqanı geri almış və onun pulunu qaytarmışdır. Lakin həmin şəxs stolun üstündəki, onun öz alışqanını görmüş və həmin alışqanı ondan istəmiş, həmin alışqan da işləmədiyi üçün o həmin alışqanı ona pulsuz vermiş və həmin şəxs oradan getmişdir. Saat 05 radələridə o, köşkün qapısını və qabaq pəncərəsini də bağlayıb içəridə oturmuş, bu zaman görmüşdür ki, maskalı şəxs köşkün qarşından içəriyə baxır, həmin şəxsə içəridən başı ilə işarə edərək nə istədiyini bildirmiş, həmin şəxs əli ilə işarə etdiyi üçün o, pəncərəni açmış, hələ pəncərəni tam açmamış görmüşdür ki, onun əlində bıçaq var. O, bunu görəndə pəncərəni açmağını dayandırıb pəncərəni bağlamaq istəmiş, lakin həmin şəxs əli ilə çöldən pəncərəni tutaraq bağlamağa mane olub və digər əlindəki bıçağı da ona göstərərək demişdir ki, ona müqavimət göstərməsin, pulları ona versin, əks halda ondan əl çəkməyəcəkdir, 3-4 gündür ki, köşkü nəzarətdə saxlayır və pulları aparmalıdır. O başa düşmüşdür ki, bu alışqan alan şəxsdir. Ona demişdir ki, köşkdə onun istədiyi pullar yoxdur, ancaq qəpiklərdir. O, pəncərəni əli ilə sıxıb saxlamışdır və həmin şəxs sol əli ilə pəncərəni tutduğu üçün o, pəncərəni tam bağlaya bilməmiş, eyni zamanda həmin şəxs sağ əlində bıçaq tutduğu vəziyyətdə pəncərəni açmaq üçün içəri itələmiş, amma onu vurmağa cəhd etməmişdir. O, nə qədər həmin şəxs ilə söhbət etmişdir ki, bu hərəkətinə son qoysun, lakin həmin şəxs demişdir ki, hansı yolla da olursa olsun pulları ondan alacaq, əvvəllər məhkum olunub, pula ehtiyyacı var, evində xəstəsi var və ona görə ondan əl çəkməyəcəkdir. Sonda həmin şəxs demişdir ki, heç olmasa qəpikləri ona versin. O, həmin şəxsə demişdir ki, əlini pəncərədən çəksin qəpikləri ona verəcək. Həmin şəxs əlini pəncərədən çəkmiş, demişdir ki, qəpikləri sayıb ona versin. O, pəncərəni tam bağlamış və köşkdə olan qəpikləri saymış, 20 manata kimi qəpikləri saymış, sonra həmin şəxs onu tələsdirdiyi üçün qalan qəpikləri saymamış və həmin şəxs ona demişdir ki, pəncərəni açsın onun vermək istədiyi sellofan torbaya qəpikləri töküb versin. O, da pəncərəni açmış və həmin şəxsin verdiyi sellofan torbaya qəpikləri tökmüş, həmin şəxs demişdir ki, bir ədəd siqaret və bir ədəd su da versin. O, da bir ədəd 3 manat 40 qəpik dəyərində “Winston” markalı siqareti və 1 manat dəyərində bir ədəd “Fuset tea” soyuq çay içkisini həmin şəxsə vermiş və həmin şəxs oradan uzaqlaşıb getmişdir. Həmin şəxsin əlində bıçaq olduğu, gündüz vaxtı olmadığı, ətrafda heç kimin olmadığı üçün bərk qorxmuşdur, çünki plastikdən olan qapı bağlı olsa da yüngül itələməklə aça və ona xəsarət yetirə və ya öldürə bilərdi. Həmin vaxt o öldürülə biləcəyindən qorxmuşdur. Həmin şəxs getdikdən sonra o, köşkün müdiri Zərərçəkmiş şəxs2 zəng edib bu barədə demiş və aradan 10-15 dəqiqə sonra həmin şəxs yenidən köşkün pəncərəsinə yaxınlaşaraq ondan götürdüyü pullara görə hallalığını istəmiş, o, həmin şəxsə demişdir ki, onun elədiyi hərəkət düzgün hərəkət olmadı, sonra həmin şəxs çıxıb getmişdir. Aradan yarım saat sonra Emil gəlmiş və ona baş verənləri danışmış, Emil ilə birlikdə ətrafda həmin şəxsi axtarmağa başlamışlar, yaxınlıqda olan “Rahat” marketə girib, həmin şəxsin kassada qəpikləri dəyişdirmək istədiyini görmüşlər. Bu zaman Emil həmin şəxsə yaxınlaşaraq qəpikləri onun üçün dəyişəcəyini demiş, həmin şəxs də Emilə inanmış və onlarla marketdən çıxmış və Emilə demişdir ki, evdə də qəpikləri vardır. Emil də demişdir ki, otursun avtomobilə gedək evində olan qəpikləri də dəyişəcək. Həmin şəxs də onlarla avtomobilə arxa oturacağa oturmuş, onlar Abşeron rayon Pİ-nə gəlmişlər, məlum olmuşdur ki, həmin şəxs X2r. Həmin şəxsin üzünə taxdığı kağızdan olan maska da köşkün pəncərəsinin qarşısında qalmışdır. Həmin vaxt gecə saat 05 radələri olmuş, ətrafda da heç kim olmamış, həmin şəxs, yəni Valehin əlində bıçaq olmuş, sifətinə də maska taxmışdır. Valeh ona demişdir ki, pulları ona verməsə ondan əl çəkməyəcək, o, pəncərəni bağlasa da, qorxmuşdur ki, həmin şəxsin dediyini etməsə pəncərəni və ya qapını sındırıb içəri girəcək və əlindəki bıçaqla ona xəsarət yetirəcəkdir. Ona görə də, həmin şəxsin dediyini etmək məcburiyyətində qalmışdır. Dəymiş ziyan tam ödənilmişdir, təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi 10 may 2022-ci il tarixli və notarial qaydada təsdiq edilmiş xx.xx.2021-ci il tarixli ərizələrində göstərmişdir ki, dəymiş ziyan tam ziyan ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 göstərdi ki, Xırdalan şəhəri H.Əliyev prospektində yerləşən “Mini market” adlanan köşkü icarəyə götürmüş və ora sular, şirniyyatlar, tutun məmulatlarını və bəzi xırda çeşidli malları yığıb satışını həyata keçirmişdir. Köşkdə özü gündüz vaxtı, Zərərçəkmiş şəxs1 isə gecə satıcı işləmişlər. 03 iyul 2021-ci il tarixdə, saat təxminən 05:30 radələrində Sadiq ona zəng edərək, bir nəfər şəxsin köşkə gələrək sifətinə maska taxdığını və bıçaqla onu hədələyərək pulları tələb etməsini, o da həmin şəxsə qəpikləri, bir ədəd 3 manat 40 qəpik dəyərində “Winston” markalı siqareti və 1 manat dəyərində bir ədəd “Fuset tea” soyuq çay içkisini vermişdir. Ona görə o, təcili köşkə gəlmiş və yaxın ərazidə həmin şəxsi axtarmış, yaxınlıqda olan “Rahat” marketə girib görmüşlər ki, həmin şəxs kassada qəpikləri dəyişdirmək istəyir. Bu zaman o, həmin şəxsə yaxınlaşaraq ona da qəpiklər lazım olduğunu demiş və həmin şəxs də ona inanaraq onlarla marketdən çıxmışlar. Həmin şəxs ona demişdir ki, evdə də qəpikləri vardır. O, da həmin şəxsə demişdir ki, otursun avtomobilə gedib evində olan qəpikləri də dəyişəcəkdir. Həmin şəxs də onlarla avtomobilə arxa oturacağa oturmuş və onlar Abşeron rayon Pİ-nə gəlmişlər, avtomobili polis idarəsinin həyətinə sürmüş, həmin şəxsə demişdir ki, avtomobildən düşsün və həmin şəxs əlindəki sellofanda olan qəpikləri də götürmüş, onu növbətçi hissəsinə təqdim etmişlər və məlum olmuşdur ki, həmin şəxs X2r. Həmin şəxsin üzünə taxdığı kağızdan olan maska da köşkün pəncərəsinin qarşısında qalmışdır. Elxan İbrahimovun ələ keçirdiyi pullar, soyuq çay və siqaret ona məxsusdur. Hazırda dəymiş ziyan tam ödənilmişdir, təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi notarial qaydada təsdiq edilmiş xx.xx.2021-ci il tarixli ərizəsində göstərmişdir ki, dəymiş ziyan tam ziyan ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, Abşeron rayon Polis idarəsinin İTŞ-də polis sahə rəisi işləyir. Xırdalan şəhəri H.Əliyev prospektin müəyyən hissəsi onun xidməti ərazisidir. Vətəndaş Zərərçəkmiş şəxs1 satıcı işlədiyi “Mini market” köşkün yerləşdiyi yer də onun xidməti ərazidir. 03 iyul 2021-ci il tarixdə səhər saatlarında Emil və Sadiq adlı şəxslər Təqsirləndirilən şəxs adlı şəxsi Abşeron rayon polis idarəsinə gətirərək həmin gecə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 qarşı quldurluq etdiyini və 40 manat qəpiklərini ələ keçirdiyini, ona görə Təqsirləndirilən şəxs polis idarəsinə gətirdiklərini bildirmişlər. Təqsirləndirilən şəxs ilə sorğu zamanı o, həmin gecə saat 05 radələrində “Mini market” köşkün qarşısına gələrək sifətinə maska taxdığını və bıçaqla satıcı Zərərçəkmiş şəxs1 hədələyərək qəpikləri ələ keçirdiyini etiraf etmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, istifadə etdiyi bıçağı yolda xatırlamadığı yerdə atmışdır. Bununla bağlı tərəfindən bir sıra tədbirlər keçirilmiş, lakin həmin bıçağı əldə etmək mümkun olmamışdır. Məhkəmə iclasında Abşeron rayon Polis idarəsinin Cinayət Axtarış Şöbəsinin əməliyyat müvəkkili Şahid2 şahid qismində verdiyi ifadəsində Şahid1 ifadəsində göstərdiyi xüsussatları təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. İşdə olan “Baxış keçirilməsi haqqında” 03 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Xırdalan şəhəri H.Əliyev prospektində yerləşən “Mini market” köşkünə keçirilmiş baxış zamanı bir ədəd bir üzü kağız və digər üzü qara polietulen materialından olan maska kimi hazırlanmış parça aşkar edilərək götürülmüşdür. (i.v.7-9) İşdə olan “İfadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış, o, Xırdalan şəhəri H.Əliyev prospektində yerləşən “Mini market” köşkündə quldurluq cinayətini törətdiyini yerində əyani olaraq göstərmişdir. (i.v. 23-24) İşdə olan “Baxış keçirilmə və götürülmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi və Xırdalan şəhəri H.Əliyev prospektində yerləşən “Mini market” köşkündə ələ keçirdiyi 17 manat 60 qəpik məbləğində qəpiklər ondan götürülmüşdür. (i.v. 15-16) İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin 05 oktyabr 2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (.i.v.86-87) İşdə olan “Sübutların qiymətləndirilməsi haqqında” 06 oktyabr 2021-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs Xırdalan şəhəri H.Əliyev prospektində yerləşən “Mini market” köşkündə ələ keçirdiyi və ondan götürülmüş 17 manat 60 qəpik məbləğində qəpiklər köşkə keçirilmiş baxış zamanı götürülmüş bir ədəd, bir üzü kağız və digər üzü qara polietilen materialından olan maska kimi hazırlanmış parça maddi sübut kimi tanınmış, 17 manat 60 qəpik məbləğində qəpiklər saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs2 qaytarılmış, maska kimi hazırlanmış parça saxlanılması üçün Abşeron rayon polis idarəsinin maddi sübutların saxlama yerinə təhvil verilmişdir. (i.v.90-94, 111) İşdə olan qəbzdən görünür ki, 17 manat 60 qəpik məbləğində qəpiklər Zərərçəkmiş şəxs2 təhvil verilmişdir. İşdə olan arayışdan və xasiyyətnmaədən görünür ki, Təqsirləndirilən şəxs Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, Hüseyn Arif küçəsi, dalan 3, ev 21C - də atası, anası və bacısı ilə yaşayır, yaşadığı müddət ərzində ondan 4 saylı MTİİTS-nə heç bir şikayət daxil olmamışdır. (i.v.73-75) “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyriməhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). Yuxarıda qeyd edildiyi kimi, düzgün tövsifə nail olmaq üçün işin həqiqi halları müəyyən edilməli, daha sonra bu hallara uyğun cinayət qanununun norması seçilərək tətbiq edilməlidir. İşin həqiqi hallarının müəyyən edilməsinin prosessual qaydaları Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 139.0-cı maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Daha sonra qanunverici yuxarıda sadalanan halların sübuta yetirilməsinin qaydalarını da müəyyən edərək CPM-nin 124.1-ci maddəsində sübutların anlayışını, 124.2-ci maddəsində isə sübutların siyahasını vermişdir. Həmin Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər (CPM-nin 145.1 və 145.2-ci maddələri). Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2.1-146.2.3-cü maddələrinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi ibtidai araşdırmanın və ya məhkəmə baxışının məqsədyönlü aparılmasına, cinayət təqibi üzrə məhkəmə perspektivinin vaxtında müəyyən edilməsinə, cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə nail olunmasına kömək edir. Həmin Məcəllənin 145.3-cü maddəsinə görə isə ittihamm sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144 -146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Göstərilən normaların tələbləri baxımından baxılan işdəki sübutlara əsasən təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət vermək zəruridir. İstintaq zamanı toplanmış sübutlardan görünür ki, hadisə zamanı Təqsirləndirilən şəxs bıçağı yalnız əlində saxlamış, onu tətbiq etməmiş, tətbiq etməyə cəhd etməmişdir. Bu məhkəmədə də təsdiq olundu. İş üzrə əsas sübut Zərərçəkmiş şəxs1 ifadəsidir. Onun istintaqda və məhkəmədə verdiyi ifadələri arasında ziddiyyət yoxdur. O, təqsirləndirilən şəxsin bıçağı yalnız əlində tutduğu, nümayiş etdirdiyi, tətbiq etmədiyi, bıçaqla onu vurmaq istəmədiyi, buna cəhd etmədiyi barədə ifadə vermişdir. Buna baxmayaraq, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs təqsirləndirilmişdir ona görə ki, o, silah qismində bıçaq tətbiq etməklə quldurluq etmişdir, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə silah qismində bıçaq tətbiq etməklə, hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın etmişdir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 181.2.5-ci maddəsinin cinayət tərkibi yoxdur, onun əməli həmin maddə ilə düz tövsif edilməmişdir. Məhkəmənin qənaətinə görə, sübutların həcmi və ümumiyyətlə, işin həqiqi halları tərkib əlamətləri baxımından təqsirləndirilən şəxsin silah tətbiq etməklə quldurluq cinayəti törətdiyini deməyə əsas vermir. Əgər təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığına zərər vurmaq niyyəti olmadan silahı yalnız nümayiş etdirməklə onu hədələmişsə onun əməli Azərbaycan Respublikası CM-nin 181.1-ci maddəsində nəzərdə tutulan quldurluq kimi tövsif edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında da həmin mövqe müdafiə edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarının 25-ci bəndində (həmin bəndin 2-ci və 3-cü abzasları) göstərilmişdir ki, “Silah qismində istifadə edilən əşya dedikdə, zərərçəkmişə həyatı və ya sağlamlığı üçün təhlükəli xəsarətlər yetirə bilən predmetlər (məsələn, qatlanan və ya mətbəx bıçaqları, ülgüc, ling, dəyənək, balta və i.a.), həmçinin, hədəfi vurmaq, zərərçəkmişi halsızlaşdırmaq, onun müqavimətini qırmaq üçün nəzərdə tutulmuş predmetlər (məsələn, mexaniki püsgürdücülər, gözyaşardıcı və qıcıqlandırıcı maddələrlə doldurulmuş aerozol və digər qurğular) başa düşülməlidir. Şəxs silahı yalnız nümayiş etdirmişsə və ya aşkar yararsız və ya doldurulmamış silahla zərərçəkmişin həyatı və ya sağlamlığı üçün təhlükəli olan xəsarət yetirmək niyyəti olmadan həmin predmetlərlə onu hədələmiş və ya silah tətbiq etmə görüntüsü yaratmışsa, (məsələn, silah maketi, oyuncaq xəncəl və i.a.), digər ağırlaşdırıcı hallar olmadıqda işin konkret hallarından asılı olaraq onun hərəkətləri AR CM-nin 181.1-ci maddəsində nəzərdə tutulan quldurluq kimi tövsif edilməlidir. Zərərçəkmiş silahın yararsız və ya doldurulmamış olmasını, yaxud da silah tətbiq etmə görüntüsü yaradılmasını başa düşmüşsə, dərk etmişsə, əməl soyğunçuluq kimi tövsif edilməlidir.” “İnsan Hüquqlarının və X3 Haqqında” Konvensiyanın 6-cı maddəsinin ikinci hissəsinə görə cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. CPM-in təqsirsizlik prezumpsiyası adlanan 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur (“Van de Huk Niderlanda qarşı” iş üzrə 19 aprel 1994-cü il tarixli Qərar). Aparılan məhkəmə araşdırmasının nəticəsi olaraq işin hallarına qiymət verərək məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən əməl silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq etməklə quldurluq kimi qiymətləndirilə bilməz, çünki Təqsirləndirilən şəxs quldurluq cinayətini silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq etməklə törətməsi barədə işdə sübut yoxdur, onun əlində tutduğu bıçağı nümayiş etdirməsi silah tətbiq etmə kimi qiymətləndirilə bilməz. Ona görə də, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 181.2.5-ci maddəsi ilə tövsif edilən əməli Azərbaycan Respublikası CM-nin 181.1-ci maddəsinə tövsif edilməli, o Azərbaycan Respublikası CM-nin 181.1-ci maddəsi ilə təqsirli bilinib cəzalanmalıdır. Təqsirləndirilən şəxs quldurluq cinayəti törətməməsi, belə bir niyyətinin olmaması barədə göstərdiklərinə məhkəmə tənqidi yanaşaraq hesab edir ki, o cəzadan yayınmaq üçün belə ifadə verir. Çünki onun bu hissə ilə bağlı göstərdikləri işin halları, işdəki sübutlarla təkzib edilir. İşdə onun göstərdiklərini təkzib edən kifayət qədar sübutlar vardır. Göstərilənlərlə bərabər, məhkəmə tərkibi Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi ilə bağlı ətraflı araşdırma apararaq onun əməlinin soyğunçuluq kimi qiymətləndirilməsi məsələsini də təhlil etmiş, ancaq işin hallarını, hadisənin törənmə yerini, vaxtını, şəraitini və üsulunu nəzərə alaraq onun əməlinin soyğunçuluq kimi qiymətləndirilməsini qəbul etməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterlı tədbirlər ədalətlı olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirlı bilınən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterlı tədbirdir. Cəza cinayət törətməkdə təqsirlı hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilınən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətlı cəza təyin edilır. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilır ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlılık dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13cü və 59.2-ci maddələrinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsi, cinayət nəticəsində dəymiş ziyanın tamamilə ödənilməsini və Təqsirləndirilən şəxs ilk dəfə məsuliyyətə cəlb edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə cəza təyin edərkən törədilən cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri mümkün hesab edir. Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə növündə cəza təyin edildiyi təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli Cəzaçəkmə Müəssisəsində çəkməli, cəza çəkiməsinin əvvəli onun tutulduğu vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər qüvvədə saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən 15 (on beş) iş saatı sərf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 90 (doxsan) manat məbləğində pul ödənilməlidir. Maddi sübut - Təqsirləndirilən şəxs götürülmüş 17 manat 60 qəpik məbləğində qəpiklər saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs2 təhvil verildiyindən sahibinə qaytarılmış hesab edilməli, Abşeron rayon polis idarəsinin maddi sübutların saxlama yerinə təhvil verilmiş bir ədəd, bir üzü kağız və digər üzü qara polietilen materialından olan maska kimi hazırlanmış parça məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.1-ci maddəsi ilə təqsirli bilinərək 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasının əvvəli 03 iyul 2021-ci il taixdən hesab edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli Cəzaçəkmə Müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Maddi sübut - Təqsirləndirilən şəxs götürülmüş 17 manat 60 qəpik məbləğində qəpiklər saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs2 təhvil verildiyindən sahibinə qaytarılmış hesab edilsin, Abşeron rayon polis idarəsinin maddi sübutların saxlama yerinə təhvil verilmiş bir ədəd, bir üzü kağız və digər üzü qara polietilen materialından olan maska kimi hazırlanmış parça məhv edilsin. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və vəkil Müdafiəçi1 tərəfindən göstərilmiş hüquqi yardıma görə 90 (doxsan) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin 1 saylı Sumqayıt filialında olan hesabına köçürülsün. («Kapital Bank» 1 saylı Sumqayıt filialı hesab AZ50AİİB400600C**********214 VÖEN **********) Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə nəzərdə tutulan müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: (imza) Fikrət Əliyev Hakim: (imza) Fəhmin Hümbətov Hakim: (imza) Hafiz Əliyev Əsli ilə düzdür X9
Məhkəmə qərarları › İş №1(124)-89/2022
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-89/2022
14.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver