Məhkəmə qərarları › İş №1(124)-90/2022

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-90/2022

16.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-90/2022 16.03.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Rəşad Şəmşir oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu (məruzəçi) və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları kiçik ədliyyə müşaviri X3 və kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçi–Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt 1 saylı Vəkil Bürosunun vəkili X2 xx xxxxxxxx 1981-ci ildə Abşeron rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta-ixtisas təhsilli, subay, işləməyən, məhkumluğu ödənilməyən, Xızı rayonu, Giləzi qəsəbəsində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (hökmün təsviri-əsaslandırıcı hissəsində CM) 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq əldə etdiyi külli miqdarda narkotik vasitə heroini Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli keçirərək, üzərində saxlamaqla daşımışdır. Belə ki, o, telefon vasitəsi ilə tanış olduğu istintaqa məlum olmayan Baba adlı İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, sonuncunun satış məqsədi ilə İran İslam Respublikasından Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli göndərdiyi və bu yolla qanunsuz əldə etdiyi külli miqdarda narkotik vasitə heroini ölkə ərazisində satışını həyata keçirib 200 (iki yüz) manat qazanc əldə etmə barədə razılığa gəldikdən sonra mobil telefonun «Whatsap» vasitəsi ilə yazışıb sonuncunun tapşırığı ilə narkotik vasitələrin olduğu yeri öyrəndikdən sonra 09 aprel 2021-ci il tarixdə axşam saatlarında Abşeron rayonu, M.Hüseynzadə küçəsi 4 nömrəli binanın qarşısında yol kənarında sellofanın içərisində olan 308 qram çəkidə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroini götürüb qanunsuz əldə edərək üzərində saxlamış və daşımış,Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 09 aprel 2021-ci il tarixdə saat 20 radələrində həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Abşeron rayonu Xırdalan şəhəri, H.Əliyev prospekti 56 ünvanının yaxınlığında saxlanılaraq Abşeron RPİ-yə gətirilmiş və üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qısaqol qış gödəkçənin sağ yan cibindən həmin 308 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən yalnız Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, Xırdalan şəhəri ərazisində evə gedən zaman yol kənarında bir tır maşının saxlamış və ona narkotik vasitəni onun dediyi yerə qoymağı müqabilində 200 manat pul verəcəyini demişdir. O, narkotik vasitəni götürdüyü anda polis əməkdaşları onu saxlamışlar. Bu zaman tır maşının sürücüsü ərazidən çıxıb getmişdir. Özü narkotik vasitə istifadəçisi deyildir. Tır maşının nömrəsini xatırlamır və hər hansı bir İran İslam Respublikası vətəndaşı ilə əlaqəsi olmamışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq mərhələsində verdiyi və məhkəmə istintaqı zamanı tədqiq olunmuş təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində törətdiyi cinayət əməllərini qismən etiraf edərək göstərmişdir ki, sürülmüş ittiham üzrə özünü yalnız CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilib ifadəsində göstərmişdir ki, 2010-cu il tarixdə CM-nin 234.4.1,234.4.3-cü maddələri ilə 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 2019-cu il tarixdə azadlığa buraxılmışdır. Azadlığa buraxılandan sonra Xızı rayonu Giləzi kəndində yaşamış. Təxminən 2 həftə əvvəl internet vasitəsi ilə özünü Baba kimi təqdim edən şəxslə yazışmağa başlamış və narkotik vasitə əldə etmək üçün ona müraciət etmişdir. İranlı Baba ona demiş ki, yaxın günlərdə yerini deyəcək. İranlıya 300 qrama yaxın heroin lazım olduğunu bildirmişdir. Ona özünü Baba kimi təqdim edən şəxs demiş ki, onun dediyi yerdə narkotiki götürüb başqa bir yerə qoysa ona 200 manat verəcək, həmdə özü üçün də biraz qoyacaq. İranlını aldatmaq fikrində olduğunu, yəni narkotiki qoyduğu yerdən götürüb uzaqlaşıb onun dediyi yerə aparmayacaqmış. Bu məqsədlə 09 aprel 2021-ji il tarixdə Votsap vasitəsi ilə onunla İran nömrəsi ilə əlaqə saxlamış və Baba ona demiş ki, narkotiki Abşeron rayonu Xırdalan şəhərində yol kənarında daşın altına qoyacaqlar, gedib götürərsən. Kim tərəfindən qoyulacağını isə deməmiş və o soruşmamışdır. Rayondan çıxmış və axşam saat təxminən 19-20 radələrində Abşeron rayonu Xırdalan şəhəri, Xırdalan dairəsinin yaxınlığında yolun kənarına gəlmiş, Baba adlı şəxs ona Votsapda həmin yerin şəklini çəkib göndərmiş və həmin narkotiki həmin yerdən götürüb hara qoymaq lazım olduğunu ona bir qədər sonra deyəcəyini yazmışdır. Həmin yeri yəni yol kənarını tapmış və daşın altından bir ədəd büküm görüb götürmüşdür. Həmin bükümü gödəkçənin cibinə qoyandan sonra dərhal onun telefon nömrəsini bloka qoyub özündəki telefonunda silmiş, həmçinin həmin şəkli silmiş, sonra telefonu söndürmüş ki, artıq onu yığmasın və həmin yerdən uzaqlaşmışdır. Artıq həmin yerdən xeyli aralaşmış, saat 20:20-də Abşeron rayonunda piyada hərəkət edərkən 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini ona təqdim etmişlər. Narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək onu Abşeron rayon polis idarəsinə dəvət etmişlər. Dəvət edilmiş müdafiəçinin iştirakı ilə o şübhəli şəxs qismində tutulmuş və şübhəli şəxs kimi hüquq və vəzifələri izah olundu. Sonra üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və narkotik vasitə qalıqları varsa təqdim etməyi təklif olundu. Əynində olan gödəkçənin sağ yan cibindən 1(bir) bükümdə narkotik vasitə heroini təqdim etmişdir. Şəxsi axtarış zamanı həmçinin əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1(bir) ədəd “Samsung” markalı mobil telefon, 50(əlli) AZN pul aşkar olundu. Sonra həmin bir bükümdə heroin elektron tərəzidə çəkilmiş və çəkisi 308 qram olmuşdur. Həmin heroin qablaşdırılmış, möhürlənmiş və üzərində müvafiq qeydlər aparılmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi ona izah olunduqdan sonra bir ədəd mobil telefonum götürülmüş, içində siqaret dənələri olan siqaret qutusu, 1(bir) ədəd alışqan və 50(əlli) manat özünə qaytarılmışdır. Üzərindən aşkar olunan narkotik vasitəni öz istifadəsi üçün əldə etmişdir. Narkotik vasitəni əldə etdiyi şəxsin İran vətəndaşı və adının Baba olduğunu,heç vaxtı görmədiyini, Baba ilə ancaq Vatsap vasitəsi İran nömrəsi ilə əlaqə saxladığını göstərmişdir. Başqa bir nömrəsi ilə əlaqə saxlamamışdır. Narkotik vasitəni kiməsə satmaq nədəki vermək fikri olmamışdır. (cild 1, vərəqə 62-64,149-152.) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq və məhkəmə istintaqı zamanı isə qismən etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş DİN–nin BNMİ-nin XMİÜ baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 2021-ci ilin aprel ayının 09-da aldığı əməliyyat məlumatı ondan ibarət olmuşdur ki, Xızı rayonu Giləzi qəsəbəsində qeydiyyatda olan və yaşayan əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs narkotik vasitələrin Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olur. Tərəfindən həmin məlumat Baş idarənin rəhbərinə məruzə edilmiş və əməliyyat tədbirinin keçirilməsinə razılıq alındıqdan sonra əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmişdir. Daha sonra əməliyyat qrupunun yaradılması haqqında əmr verilmişdir. Qrupa baş idarənin XMİÜ baş əməliyyat müvəkkili Şahid2 daxil edilmişdir. Bundan sonra həmin günü yəni 09 aprel 2021-ji il tarixdə Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması üçün Abşeron rayonu H.Əliyev prospektinə gəlmiş və müşahidəyə başlamışlar. Abşeron rayonu H.Əliyev prospekti 56 ünvanın yaxınlığında Təqsirləndirilən şəxs görüb saat 20 radələrində onun yanına yaxınlaşmış və özlərini təqdim edərək onu Abşeron rayon polis idarəsinə gətirmişlər. Toplanmış material təhqiqat qrupuna verildikdən sonra təyin edilmiş müdafiəçinin iştirakı ilə video çəkiliş aparılmaqla üzərinə şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs təklif edilmiş ki, üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşya varsa təqdim etsin. Təqsirləndirilən şəxs keçirilmiş şəxsi axtarış zamanı əynindəki qısa-qol qış gödəkçənin sağ yan cibindən bir ədəd büküm aşkar edilmişdir. Həmçinin üzərindən bir ədəd Samsung markalı mobil telefon aşkar olunmuşdur. Bundan sonra onun cibindən çıxarılan bir ədəd bükümdə olan maddənin çəkisinin müəyyən edilməsi üçün sıfırlanmış halda elektron tərəzi ilə çəkildikdən sonra maddənin 308 qram olması müəyyən edilmişdir. Həmin aşkar edilmiş maddə içərisi boş olan zərfə qoyularaq qablaşdırılmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs ondan aşkar edilən maddənin narkotik vasitə heroin olduğunu, internet vasitəsi ilə tanış olduğu Baba adlı İranlı vətəndaşdan sonuncunun onun mobil telefonuna göndərdiyi şəkildə olan yerdən götürdüyünü bildirmişdir. (Cild 1, vərəqə 88-90) Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 09 aprel 2021-ci il tarixli “Əməliyyat-axtarış təbdirlərinin keçirilməsi barədə” qərardan görünür ki, xx.xx.1981-ci ildə Xızı rayonu Giləzi qəsəbəsində anadan olan, həmin qəsəbədə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib, Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumata əsasən onun ətrafında müvafiq əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. (cild 1, vərəqə 5) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş 09.04.2021-ci il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı sonuncunun əynində olan qısa qol qış gödəkçəsinin sağ yan cibindən 1(bir) ədəd ”Samsung” markalı mobil telefon, 1(bir) büküm-qablaşdırma ilə birlikdə 308 qram olan heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. (cild 1, iş vərəqə 29-31) “Şəxsi axtarış və götürmə aparılması haqqında” 09 aprel 2021-ci il tarixli protokolda qeyd olunan xüsusatların həqiqiliyi, həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu yaddaş kartına məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 10.04.2021-ci il tarixli, 6/1408 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN zərflər üçün №175» möhür əksi, «Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən … » və s. yazılar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 308 qram maddə kustar üsulla hazırlanmıq narkotik vasitəheroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş Azərbaycan Respublikasının ərazisində dövrüyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (siyahı İ) daxildir. (cild 01 iş vərəqə: 41-46) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının 21.06.2021-ci il tarixli 1999 №-li rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin birgə qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur.Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 1, iş vərəqə: 121-122) Cinayət işi üzrə “Sübutların qiymətləndirilməsi haqqında” 19 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş ümumi çəkisi 308 qram çəkidə narkotik vasitə olan heroin maddi sübut tanınaraq saxlanması üçün Abşeron RPİ-nin saxlanc anbarına təhvil verilmiş, 09.04.2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması barədə iş materillarına əlavə edilən video çəkilişin olduğu disk və bir ədəd mobil telefon iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. (cild 1, iş vərəqə 130-133) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 avqust 2010-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirli bilinib 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 29.04.2019-cu il tarixdə cəzanın sonu ilə azad olunmuşdur. CM-nin 15.4-cü maddəsinin tələbinə görə CM-nin 234.4.3-cü maddəsi ağır cinayətdir və həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası CM-nin 18.2.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər qəsdən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyindən və yenidən ağır cinayət törətdiyinə görə onun əməli cinayətlərin təhlükəli residivini yaradır. Cinayət işinin materiallarında olan və məhkəmə tədqiq olunmuş Xızı RİHB-nın Giləzi qəsəbə İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs “Baba” adlı İran İslam Respublikası vətəndaşını tanımaması, onunla əlbir olmamması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsassızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş qismən etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 04.03.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 04.03.2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun 1-ci maddəsində göstərilmişdir ki, narkotik xassəli bitkilərin qanunsuz kultivasiyası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik xassəli bitkilərin əkilməsi, becərilməsi və ya yetişdirilməsidir. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanması - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla istehlaka yarayan və ya yaramayan narkotik vasitələrin və psixotrop maddələrin bilavasitə hazırlanmasına, yəni narkotik vasitələrin və psixotrop maddələrin istehsalına, emalına, saflaşdırılmasına və ya bir narkotik vasitənin, yaxud psixotrop maddənin digər narkotik vasitəyə və ya psixotrop maddəyə çevrilməsi yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, yaxud onların təsirinin gücləndirilməsinə, narkotik xassəli bitkilərin hasil edilməsinə və narkotik vasitələrin və psixotrop maddələrin alınmasına yönəldilmiş hər hansı digər hərəkətlərdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddələsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 09 aprel 2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, Abşeron rayon məhkəməsinin 11 aprel 2021-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəlinin 09 aprel 2021-ci il tarixdən hesablanması qərara alınmışdır. (cild 1, iş vərəqə 19, 71-74). Ona görə də məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 09 aprel 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin birgə qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Abşeron RPİ-də saxlanılan- ekspert tədqiqatından sonra qalıq çəkisi 307,9 qram çəkidə narkotik vasitə heroin cinayət işindən ayrılmış ********* nömrəli cinayət işinə əlavə edilməli, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, cinayət işinin materiallarında olan mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra hazırki cinayət işindən ayrılmış ********* nömrəli cinayət işinə əlavə edilməklə həmin cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 109,90 (yüz doqquz manat doxsan qəpik) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25.06.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 27.12.1996-cı il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25.06.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30.03.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 04.03.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib CM-nin 206.3.2-ci maddəsi ilə 6 il (altı) müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 8 il 6 ay (səkkiz il altı ay) müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respulikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 10 il (on) azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 09 aprel 2021ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, qeydiyyatda olduğu ərazi üzrə narkoloji dispanserdə narkomaniyadan qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış Abşeron RPİ-də saxlanılan- qalıq çəkisi 307,9 qram çəkidə narkotik vasitə heroin cinayət işindən ayrılmış ********* nömrəli cinayət işinə əlavə edilsin, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın, cinayət işinin materiallarında olan mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra hazırki cinayət işindən ayrılmış ********* nömrəli cinayət işinə əlavə edilməklə həmin cinayət işində saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 109,90 (yüz doqquz manat doxsan qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Rəşad Əliyev Məruzəçi hakim: Hafiz Əliyev Hakim Fəhmin Hümbətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar