Məhkəmə qərarları › İş №1(124)-90/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-90/2023

28.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-90/2023 28.08.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu, Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X2 və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxx 1974-cü il tarixdə Füzuli rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda 3 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,222 qram, 1,933 qram, 1,394 qram, ümumi təmiz çəkisi 4,549 qram narkotik vasitə heroini, külli miqdarda 1 (bir) ədəd bükümdə təmiz çəkisi 2,145 qram psixotrop maddə metamfetamini və şəxsi istehlak miqdarından artıq miqdarda 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 15,498 qram narkotik vasitə qurudulmuş marixuananı əldə etmiş, 08,01.2022-ci il tarixdə saat 12:00-da Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Dəmiryol vağzalının yaxınlığında Sumqayıt ŞPİ-nin, 2-ci PB-nin polis əməkdaşları tərəfindən saxlanılıb Sumqayıt ŞPİ-nin, 2-ci PB-nə gətirilkdən sonra, polis bölməsinin xidməti otaqlarının birində üzərinə şəxsi axtarış keçirilən zaman, əynində olan şalvarının sol yan cibindən dəmir qabın içərisindən külli miqdarda kustar üsulla hazırlanmış 3 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,222 qram, 1,933 qram, 1,394 qram, ümumi təmiz çəkisi 4,549 qram narkotik vasitə heroin və külli miqdarda 1 (bir) ədəd bükümdə təmiz çəkisi 2,145 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, həmçinin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildikdən sonra, Sumqayıt şəhər məhkəməsinin qərarı ilə sonuncunun yaşadığı evə axtarış keçirilməsi zərurəti yarandığından, axtarış zamanı sonuncunun yaşadığı evdə otaqların birində olan dolabın içərisindən 1 (bir) ədəd elektron tərəzi və həyətyanı sahədə olan yarımtikili ilə hasarın arasından şəxsi istehlak miqdarından artıq miqdarda 1 (bir) ədəd sellofana bükülmüş təmiz çəkisi 15,498 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 08 yanvar 2022-ci il tarixdə hazırda məhkəmə iclasında ifadə vermiş polis əməkdaşları tərəfindən saxlanılmışdır. Həmin vaxt üzərində metamfetamin növündə narkotik vasitə aşkar edilmişdir. Lakin, heroin növündə narkotik vasitə olmamışdır. Polis əməkdaşları onu küçədə saxlamamışlar. O, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Dəmiryolu vağzalının yaxınlığında yerləşən yaşayış massivində yaşayır və polis əməkdaşları yaşadığı evə gələrək, onu orada saxlamışlar. Daha sonra onu Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis bölməsinə aparmışlar. Orada müdafiəçinin iştirakı və videoçəkiliş vasitəsilə şəxsi axtarış həyata keçirilmişdir. Videoçəkiliş həyata keçirilən zaman o, metamfetamindən başqa ona məxsus olduğu bildirilən digər narkotik vasitələrin ona məxsus olmadığını bildirmişdir. Videoçəkilişi saxlayıb bir müddət sonra məhkəmə qərarını ona göstərərək, yaşadığı evdə axtarış keçiriləcəyini bildirmişlər. Narkotik vasitə istifadə etsə də, onların satışı ilə məşğul olmamış və saxlanıldığı zaman üzərində sadəcə metamfetamin növündə narkotik vasitə olmuşdur. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində o, ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Dəmiryol vağzalının yaxınlığında fərdi yaşayış evində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Subaydır. Bədənində ağrılar olduğu üçün təxminən 7-8 aydır ki, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir. Təxminən 1 ay olar ki, Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi ərazisində yaşayan tanışı Rzayev Müşfiqdən 100 manata 3 bükümdə narkotik vasitə heroin, 1 ədəd bükümdə psixotrop maddə metamfetamin və 1 ədəd sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuana almışdır. 08 yanvar 2022-ci il tarixdə yaşadığı evin yaxınlığında piyada hərəkətdə olan zaman bir neçə mülki geyimli şəxs ona yaxınlaşıb özlərini polis əməkdaşları olduqlarını bildirib və özlərini təqdim etdikdən sonra onun üzərində narkotik vasitə daşımağından şübhələndiklərinə görə onlarla Sumqayıt ŞPİ-nin, 2-ci PB-nə aparılacağını bildirmişlər. O, da etiraz etməmiş və onlarla birlikdə polis bölməsinə getmişdir. Orada xidməti otaqda onu ora gətirən polis işçiləri və ona dövlət hesabına təyin edilmiş müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirməzdən əvvəl ona hüquq və vəzifələri izah olunmuş, sonra ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet vardırsa təqdim etməyi təklif olunmuş, o, da əynində olan şalvarının sol yan cibində dəmir qabın içərisində saxladığı 3 ədəd siqaretin kağızına bükülmüş bükümü və 1 ədəd sellofana bükülmüş bükümü təqdim etmişdir. Həmin bükümlər açıldıqda içərisində qəhvəyi rəngli, spesifik iyə malik toz halında narkotik vasitə olan “heroin”ə bənzər maddənin və bir ədəd sellofana bükülmüş bükümün içərisində isə psixotrop maddə metamfetaminə bənzər kütlənin olduğu məlum olmuşdur. Şəxsi axtarış zamanı üzərindən 3 ədəd siqaretin kağızına bükülmüş heroinə bənzər kütlələrdən və 1 ədəd şəffaf rəngli sellofana bükülmüş psixotrop maddə metamfetaminə bənzər kütlədən başqa heç bir cinayət xarakterli əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra ona yaşadığı evə axtarış keçirilməsindən ötrü etirazının olub-olmadığı soruşulmuşdur. Lakin o, yaşadığı evdə axtarış aparılmasına etiraz etmişdir. Lakin buna baxmayaraq məhkəmənin qərarı ilə onun yaşadığı evə müdafiəçinin, polis əməkdaşlarının və onun iştirakı ilə axtarış keçirilmişdir. Onun yaşadığı evdən dolabın içindən 1 ədəd elektron tərəzi və həyətyanı sahədə olan yarım tikili ilə hasarın arasında gizlətdiyi 1 ədəd sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuananaya bənzər kütləni aşkar etmişlər. Həmin kütlələr ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq zərf paketin üzəri onun və digər iştirakçıların tərəfindən imzalanmışdır. Polis bölməsində ona qarşı hər hansı fiziki və ya psixi təsir göstərilməmişdir. Üzərindən aşkar edilərək götürülmüş kütlələr ona məxsusdur. Öz istifadəsi üçün üzərində saxlamışdır. (Cild 1, iş vərəqləri 76-78) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi tədqiq edir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 2-ci PB-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 08 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə saxlaması, istifadə etməsi və üzərində gəzdirməsi, həmçinin mənzilində olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Qeyd edilən hal ilə bağlı dərhal əməliyyat qrupu yaradılmış və təxirəsalınmaz əməliyyat tədbirləri həyata keçirilmişdir. Keçirilən əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən Dəmiryol vağzalının yaxınlığında saxlanılmış, Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis bölməsinə dəvət edilmişdir. Müdafiəçinin iştirakı və videoçəkiliş vasitəsilə ona üzərində olan qanunsuz vasitələri təqdim etmək təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə aşkar edilmişdir. Müəyyən olunmuşdur ki, onun üzərindən aşkar edilən heroin və metamfetamin növündə narkotik vasitələrdir. Həmin narkotik vasitələr barədə soruşduqda, onları Müşfiq adlı şəxsdən aldığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə olması barədə əməliyyat məlumatı da olduğundan ona yaşadığı evə baxış keçirilməsi təklif edilmişdir. Sonuncu buna etiraz etmiş və Sumqayıt Şəhər Məhkəməsinin müvafiq qərarı ilə onun yaşadığı evdə axtarış həyata keçirilmişdir. Baxış zamanı yaşadığı evdə qanunsuz vasitə vasitələri təqdim etmək təklif edilmişdir. Təqsirləndirilən şəxs elektron tərəzi və marixuana növündə narkotik vasitəni təqdim etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 2-ci PB-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, 08 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə saxlaması, istifadə etməsi və üzərində gəzdirməsi, həmçinin mənzilində olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Qeyd edilən hal ilə bağlı dərhal əməliyyat qrupu yaradılmış və təxirəsalınmaz əməliyyat tədbirləri həyata keçirilmişdir. Keçirilən əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən Dəmiryol vağzalının yaxınlığında saxlanılmış, Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis bölməsinə dəvət edilmişdir. Müdafiəçinin iştirakı və videoçəkiliş vasitəsilə ona üzərində olan qanunsuz vasitələri təqdim etmək təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə aşkar edilmişdir. Müəyyən olunmuşdur ki, onun üzərindən aşkar edilən heroin və metamfetamin növündə narkotik vasitələrdir. Həmin narkotik vasitələr barədə soruşduqda, onları Müşfiq adlı şəxsdən aldığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə olması barədə əməliyyat məlumatı da olduğundan ona yaşadığı evə baxış keçirilməsi təklif edilmişdir. Sonuncu buna etiraz etmişdir və Sumqayıt Şəhər Məhkəməsinin müvafiq qərarı ilə onun yaşadığı evdə axtarış həyata keçirilmişdir. Baxış zamanı yaşadığı evdə qanunsuz vasitə vasitələri təqdim etmək təklif edilmişdir. Təqsirləndirilən şəxs elektron tərəzi və marixuana növündə narkotik vasitəni təqdim etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 08 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə sxlaması, istifadə etməsi və üzərində gəzdirməsi, məmçinin mənzilində olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Qeyd edilən hal ilə bağlı dərhal əməliyyat qrupu yaradılmış və təxirəsalınmaz əməliyyat tədbirləri həyata keçirilmişdir. Keçirilən əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən Dəmiryol vağzalının yaxınlığında saxlanılmış, Sumqayıt Şəhər Polis İdarəsinin 2ci Polis bölməsinə dəvət edilmişdir. Müdafiəçinin iştirakı və videoçəkiliş vasitəsilə ona üzərində olan qanunsuz vasitələri təqdim etmək təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə aşkar edilmişdir. Müəyyən olunmuşdur ki, onun üzərindən aşkar edilən heroin və metamfetamin növündə narkotik vasitələrdir. Həmin narkotik vasitələr barədə soruşduqda, onları Müşfiq adlı şəxsdən aldığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə olması barədə əməliyyat məlumatı da olduğundan ona yaşadığı evə baxış keçirilməsi təklif edilmişdir. Sonuncu buna etiraz etmiş və Sumqayıt Şəhər Məhkəməsinin müvafiq qərarı ilə onun yaşadığı evdə axtarış həyata keçirilmişdir. Baxış zamanı yaşadığı evdə qanunsuz vasitə vasitələri təqdim etmək təklif edilmişdir. Təqsirləndirilən şəxs elektron tərəzi və marixuana növündə narkotik vasitəni təqdim etmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş 08 yanvar 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində müdafiəçinin iştirakı ilə şəxsi axtarış aparılarkən, sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edilmişdir. Təqsirləndirilən şəxs da əynində olan şalvarının sol yan cibində saxlamış olduğu 1 ədəd yaşıl rəngli dəmir qabı təqdim etmiş, həmin yaşıl rəngli dəmir qabın içinə baxdıqda 3 ədəd qara rəngli siqaret kağızma bükülmüş büküm, qəhvəyi rəngli maddələr və 1 ədəd sellofana bükülmüş büküm, ağ rəngli maddə olduğu müəyyən edilmişdir. (Cild 1, iş vərəqləri 24,25) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “baxış keçirilməsi və maddi sübutun götürülməsi haqqında” 08 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, X4 yaşadığı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Dəmiryol vağzalının yaxınlığında fərdi evə və həyətyanı sahəsinə baxış keçirilmişdir. Evə baxış zamanı otaqda olan dolabın içindən bir ədəd elektron tərəzi, bundan başqa həyətyanı sahədə olan yarımtikili ilə hasarın arasından 1 ədəd sellofana bükülmüş yaşıl rəngli ot şəkilli narkotik vasitəyə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Bir ədəd elektron tərəzi və aşkar olunmuş kütlə xüsusi qaydada qablaşdırılaraq götürülmüşdür. (Cild 1, iş vərəq 33) “Şəxsi axtarış və götürmə aparılması haqqında” və “baxış keçirilməsi və maddi sübutun götürülməsi haqqında” 08 yanvar 2022-ci il tarixli protokollarda əks olunan əməliyyat-istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı bir ədəd ”DVD” formatlı disk cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan həmin diskə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin şəxsi axtarışı və evə baxış zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəməkimyəvi ekspertizasının 9 yanvar 2022-ci il tarixli, 6/107 nömrəli rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində: “...Şübhəli şəxs (imza) Əmirov...” sözləri olan zərfdəki üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,222qr., 1.933 qr., 1,394qr., ümumi təmiz çəkisi 4,549 qram otan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir. Bir ədəd bükümdə təmiz çəkisi 2,145 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kusta üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Bir ədəd elektron tərəzinin üzərində narkotik vasitə, psixotrop maddələrə məxsus izlər aşkar edilmədi. (Cild 1, iş vərəqləri 45-57) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının 22 yanvar 2022-ci il tarixli, 287 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqləri 150-151) Cinayət işinin materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən götürülmüş, ekspertiza təqdiqatından sonra qalıq qalan 4,459 qram narkotik vasitə heroin, 2,095 qram psixotrop maddə metamfetamin, 15,478 qram narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutlar saxlama otağına təhvil verilmişdir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD formatlı disk iş materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqləri 153-162) Cinayət işinin materiallarında olan “Cinayət işi materiallarından digər cinayət işinin ayrılması barədə” 11 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar olunmuş narkotik vasitə və psixotrop maddələrin mənbəyinin müəyyən edilməsi üçün hazırki cinayət işindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmışdır. (Cild 1, iş vərəqləri 165-166) Məhkəmə, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddəni yalnız şəxsi istifadə məqsədilə saxlaması, satış niyyətinin olmaması, yaşadığı evdə saxlanılması ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab etməklə belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İ siyahısının 5-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram, narkotik vasitə qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 500 qram müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əldə edərək, saxladığı və daşıdığı ümumilikdə 4,459 qram narkotik vasitə heroinin şəxsi istehlak miqdarından təxminən 29 dəfə, külli miqdardan isə təxminən 2 dəfə; 2,095 qram psixotrop maddə metamfetaminin şəxsi istehlak miqdarından təxminən 13 dəfə; 15,478 qram narkotik vasitə qurudulmuş marixuananın şəxsi istehlak miqdarından 3 dəfə artıq olması onun məqsədinin satışla bağlı olduğunun bilavasitə təzahürüdür. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hallar yoxdur. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən və məhkəmə qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1, 234.4.3, 66.3, və 93.1.4-cü maddələri ilə təqsirli bilinərək 07 il 05 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixli Bakı şəhəri, Nizami rayon məhkəməsinin qərarı ilə 04 ay 21 gün vaxtından əvvəl şərti azad edilmişdir. xx.xx.2020-ci il tarixdə cəza müddəti başa çalmışdır. (Cild 1, iş vərəqləri 101-102) Azərbaycan Respublikası CM-nin 83.3.3-cü və 83.3.4-cü maddələrinə əsasən, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədiyindən o hazırkı iş üzrə məhkum olunmuş şəxs hesab olunmalıdır. Məhkəmə qeyd edir ki, qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş təqsirləndirilən şəxs yenidən qəsdən ağır cinayət törətdiyinə görə onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.1-ci və 18.2.2-ci maddələrinə əsasən cinayətlərin təhlükəli residivi olduğundan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən bu hal onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələblərinə əsasən təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 08 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt şəhər məhkəməsinin 10 yanvar 2022-ci il tarixli qərarı ilə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1. iş vərəqləri 85-86) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 08 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Odur ki, onun barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə 01 ədəd elektron tərəzi xüsusi müsadirə edilərək dövlət nəfinə alınmalıdır. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 4,459 qram narkotik vasitə heroin, 2,095 qram psixotrop maddə metamfetamin, 15,478 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə maddi sübut olan 01 (bir) ədəd disk cinayət işi materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 147 manat 46 qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəmədə müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etdilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 08 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olub Sumqayıt ŞPİ-də saxlanılan 4,459 qram narkotik vasitə heroin, 2,095 qram psixotrop maddə metamfetamin, 15,478 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, bir ədəd elektron tərəzi xüsusi müsadirə edilərək əvəzsiz olaraq dövlət nəfinə alınsın. 01 ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 147 manat 46 qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar