Məhkəmə qərarları › İş №1(124)-92/2022

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-92/2022

02.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-92/2022 02.03.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Rəşad Şəmşir oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu (məruzəçi) və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, xx.xx.1970-ci ildə Şabran rayonu Təzəkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, işsiz, Şabran rayonu Dəvəçi kəndində yaşamış, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (hökmün təsviri-əsaslandırıcı hissəsində CM) 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmişdir. Belə ki, o, istintaqla müəyyən edilməmiş mənbədən və vaxtda qanunsuz olaraq əldə etdiyi 40 (qırx) ədəd çətənə (kannabis) bitkisinin toxumalarının 5 ədədini Şabran rayonu Dəvəçi kəndində yaşadığı evin qarşısında əvvəlcədən hazırladığı torpaq sahəsində, 1 ədədini evin arxasında torpaqla doldurulmuş dibçəyə, yerdə qalanlarını isə evin sağ tərəfində evdən təxminən 8 metr aralıda bostana və bostanı əhatə edən qamışlığa 2021-ci ilin mart ayının təxminən əvvəllərində qanunsuz olaraq əkmiş və bu toxumlardan əmələ gələn tərkibində narkotik maddələr olan 34 ( otuz dörd) ədəd şitillərə mütəmadi olaraq aqrotexniki qaydada qulluq göstərib onları yetişdirməklə külli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini qanunsuz olaraq kultivasiya etmiş, 05 iyul 2021ci il tarixdə Şabran RPŞ-nin əməkdaşları tərəfindən narkotik vasitələrinin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərcivəsində aparılan əməliyyat-axtarış tədbirləri zamanı ümumi çəkisi 5640,0 qram təşkil edən tərkibində narkotik maddələr olan həmin 34 (otuz dörd) ədəd müxtəlif ölçüdə çətənə (kannabis) bitkiləri aşkar edilərək müvafiq qaydada götürülmüşdür. Təqsirləndirilən şəxsin həmin cinayət əməlini təqsirli olaraq törətməsi onun özünün tam etirafı ilə yanaşı məhkəmə iclasında tədqiq olunmuş şahid ifadələri, həmçinin ekspert rəyləri ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən son 2 il ərzində bəzən narkotik vasitə olan nəşədən istifadə etmişdir. 2020-ci ilin dekabr ayının əvvəllərində Şabran rayonu Dəvəçi kəndi ərazisində yerləşən “Bulaq” adlanan restoranın yaxınlığında küçədə bir ədəd kibrit qutusunda təxminən 40 ədəd çətənə bitkisi toxumlarını tapmış, həmin toxumların çətənə bitkisinə aid olmasını tanıdıqdan sonra həmin toxumları əkmək üçün özündə saxlamışdır. 2021-ci ilin mart ayının əvvəllərində həmin toxumlardan 5 ədədini evinin qarşısındakı torpağa, 1 ədədini evinin arxasındakı dibçəyə və qalanlarını isə evinin sağ tərəfində bostana və oradakı qamışlığa əkərək onlara qulluq etməyə başlamışdır. Əkdiyi həmin toxumlardan 34 ədəd çətənə bitki kolları yetişmiş, həmin bitki kollarına mütəmadi olaraq aqrotexniki qulluq etmişdir. 05 iyul 2021-ci il tarixdə axşam saat 18 radələrində mülki geyimdə olan 3-4 nəfər Şabran rayon polis şöbəsinin əməkdaşları onun yaşadığı evə gələrək, özlərini təqdim etdikdən sonra evə və evinin həyətyanı sahəsinə baxış keçirmək istədiklərini bildirib, buna etirazı olubolmadığını soruşmuş, baxışın keçirilməsinə etiraz etməyərək, müstəntiqə razılıq barəsində ərizə vermişdir. Bundan sonra videoçəkilişlə evin həyətyanı sahəsinə baxış keçirməyə başlamışlar. Baxış zamanı o, ümumilikdə 34 ədəd əkdiyi narkotik tərkibli bitkiləri təqdim etmişdir. Bundan sonra narkotik tərkibli birkilər çıxarılaraq qablaşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu ona mümkün qədər yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı tam etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Şabran RPŞ-nin Cinayət-axtarış Bölməsinin rəisi vəzifəsində işləyir. 05 iyul 2021-ci il tarixdə cinayət-axtarış bölməsinə Şabran rayonu Dəvəçi kənd sakini Təqsirləndirilən şəxs evinin həyətində narkotik tərkibli çətənə bitki kollarını əkib-becərməsi barədə məlumat daxil olmuş, dərhal əməliyyat istintaq qrupu yaradılmış, təxirəsalınmaz əməliyyat tədbirlərinin keçirilməsi haqqında qərar tərtib olunaraq həmin əməliyyat tədbiri keçirilmişdir. 05 iyul 2021-ci il tarixdə saat 18 radələrində Təqsirləndirilən şəxs yaşadığı Şabran rayonu Dəvəçi kəndində yerləşən evinə gələrək, özlərini Şabran RPŞ-nin əməkdaşları kimi təqdim edib, Təqsirləndirilən şəxs narkotik xassəli bitkiləri əkib becərməkdə şübhəli olduğunu demiş, həyətinə baxış keçirmək istədiklərini, baxışın çəkiliş vasitəsi ilə aparılacağını bildirmişlər. Təqsirləndirilən şəxs yaşadığı evinin həyətinə baxış keçirilməsinə razılıq vermiş və bu barədə yazılı ərizə yazıb təqdim etmişdir, bundan sonra videoçəkilişlə onun evinin həyətinə baxış keçirilmişdir. Baxışda olan digər şəxslərin də iştirakı ilə videoçəkilişlə keçirilən həmin baxış zamanı Təqsirləndirilən şəxs həyətində əkdiyi narkotik xassəli bitki sayılan 34 ədəd çətənə bitkiləri aşkar edilmişdir. Həmin bitkilərin 5 ədədi evin qarşısında torpağa, 1 ədədi evin arxasında olan dibçəyə və qalanları isə evin sağ tərəfində aralıda bostan və oradakı qamışlıqda əkilib becərilmişdir. Həmin çətənə bitkilərinə aqrotexniki qaydada qulluq olunmuşdur. Belə ki, torpaq həmin yerlərdə yumuşaldılmış və suvarılmış, bitkilərin dibləri alaq otlarından təmizlənmişdir. Bitkilərin ən hündürünün boyu 128 sm, ən balacasının boyu 32 sm olmuşdur. Aşkar edilmiş çətənə bitkisinin 34 ədəd kolları Təqsirləndirilən şəxs iştirakı ilə kökləri ilə birlikdə çıxarılaraq, polietilen torbaya qablaşdıraraq götürülmüşdür. Baxışda iştirak edən mütəxəssis-aqronom həmin narkotik xassəli çətənə kollarına kimi aqrotexniki qulluğun olunması barədə rəy tərtib edərək təqdim etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş digər polis əməkdaşları Şahid6, Şahid4 və Şahid5 eyni məzmunlu ifadələr verərək, Şahid1 göstərdiyi xüsusatları təsdiq etmişlər. Şahid2 və Şahid3 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadələrindən görünür ki, sonuncular məhkəmədə ifadəsi alınmış polis əməkdaşı Şahid1 ilə oxşar məzmunlu ifadələr verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdirlər. ( cild 1, iş vərəqə 83-84 və 91-92) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 05 iyul 2021-ci il tarixli “Əməliyyat məlumatın yoxlanılması barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik tərkibli bitkilərin əkilib-becərilməsi ilə məşğul olması barədə məlumat daxil olmuş və həmin məlumatın yoxlanması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Şabran Rayon Məhkəməsinin 07 iyul 2021-ci il tarixli qərarı ilə ““Əməliyyat məlumatın yoxlanılması barədə” 05 iyul 2021-ci il tarixli qərar qanuni hesab edilmişdir.( cild 1, iş vərəqə 3, 73) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “Baxış keçirilməsi haqqında” 05 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Şabran rayonu Dəvəçi kəndində ki, evinin həyətyanı sahəsindən 34 ədəd narkotik tərkibli bitkilər aşkar edilərək götürülmüşdür. “Baxış keçirilməsi haqqında 05 iyul 2021-ci il tarixli protokolda qeyd olunan xüsusatların həqiqiliyi. Həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş 05 iyul 2021-ci il tarxili arqonom rəyindən görünür ki, Təqsirləndirilən şəxs həyətyanı sahəsində ümumilikdə 34 ədəd çətənə bitkiləri əkilib beçərilmişdir. Həmin bitkilərər arotexniki qulluq olunmuşdur. Bitkilərin ən hüsürünün boyu 128 sm, ən kiçiyinin boyu 32 sm-dir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəməbioloji ekspertizasının 06 iyul 2021-ci il tarixli 7/642 saylı rəyindən aşağıdakılar müəyyən edilmişdir: tədqiqat təqdim olunmuş ağ kağız üzərində “....Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə keçirilən baxış zamanı aşkar edilmiş 34 ədəd narkotik tərkibli bitkilərə bənzər kollar” yazılar və imza olan baş-başa keçirilmiş 1 ədəd ağ rəngli sintetik torbada yaş vəziyyətdə, ümumi sayı 34 ( otuz dörd ) ədəd, ümumi çəkisi – 5640.0 qram olan bitki nümunələri, tərkiblərinə görə eyni növ, əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Aqronom ( mütəxəssisin ) rəyinə əsasən həmin bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. Çətənə ( kannabis ) bitkisi Azərbaycan Respublikasının 2005-ci ilin 28 iyun tarixli Qanunu ilə təsdiq olunmuş Azərbaycan Respublikası ərazisində “Qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilər” siyahısına aiddir (siyahı İİİ ). (cild 1, iş vərəqə 34-38) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin Ambulator X2 ekspertizasının 23.09.2021-ci il tarixli 3587 saylı rəyindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Kannabinoidlərdən periodik istifadə etmə halları olub. Lakin, halhazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmamışdır. Müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. (cild 1, iş vərəqə 69-70) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Təqsirləndirilən şəxs evinin həyətindən protokol tərtib edilməklə götürülmüş yaş vəziyyətdə ümumi təmiz çəkisi 5640,0 qram olan 34 ədəd narkotik xassəli çətənə (kannabis) bitki nümunələri, baxış zamanı aparılmış videoçəkilişin “CD” diski iş üzrə maddi sübutlar kimi tanınmışlar. (cild 1, iş vərəqə 95-98) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamə ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Şabran rayon Məhkəməsinin 29.11.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay islah işləri cəzasına məhkum edilmiş və həmin məhkumluq sonuncu cinayət əməlinə qədər ödənilmişdir. (cild 1, iş vərəqə 62) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Şabran RİHB-nın Dəvəçi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş Təqsirləndirilən şəxs barəsində olan ailə tərkibi haqqında arayışdan görünür ki, onun ailə tərkibi arvadı X3 və azyaşlı 10.02.2008-ci il təvəllüdlü oğlu X1 ibarətdir. (cild 1, iş vərəqə 76) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Şabran RİHB-nın Dəvəçi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş Təqsirləndirilən şəxs barəsində olan xasiyyətnamədən görünür ki, Şabran rayonu, Dəvəçi kəndində yaşayan xx xxxx 1970-ci il təvəllüdlü Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. (cild 1, iş vərəqə 77) Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisini külli miqdarda kultivasiya etməklə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən bu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 04.03.2011-ci il tarixli Qərarının izah və tələblərini də rəhbər tutur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun 1-ci maddəsində göstərilmişdir ki, narkotik xassəli bitkilərin qanunsuz kultivasiyası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik xassəli bitkilərin əkilməsi, becərilməsi və ya yetişdirilməsidir. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanması - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla istehlaka yarayan və ya yaramayan narkotik vasitələrin və psixotrop maddələrin bilavasitə hazırlanmasına, yəni narkotik vasitələrin və psixotrop maddələrin istehsalına, emalına, saflaşdırılmasına və ya bir narkotik vasitənin, yaxud psixotrop maddənin digər narkotik vasitəyə və ya psixotrop maddəyə çevrilməsi yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, yaxud onların təsirinin gücləndirilməsinə, narkotik xassəli bitkilərin hasil edilməsinə və narkotik vasitələrin və psixotrop maddələrin alınmasına yönəldilmiş hər hansı digər hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li Qərarının 19-cu bəndində göstərilmişdir ki, tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Çətənə (kannabis) bitkisi Azərbaycan Respublikasının 2005-ci ilin 28 iyun tarixli Qanunu ilə təsdiq olunmuş Azərbaycan Respublikası ərazisində “Qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilər” siyahısına aiddir ( siyahı İİİ ). Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs azyaşlı uşağının olmasını, səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 05 iyul 2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, Şabran rayon məhkəməsinin 07 iyul 2021-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəlinin 05 iyul 2021-ci il tarixdən hesablanması qərara alınmışdır. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli məhkəmə hazırlıq iclasının qərarına əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. (cild 1, iş vərəqə 11-12, 54-56). Ona görə də məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 05 iyul 2021ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş ev dustaqlığı tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli və o dərhal məhkəmə iclas zalından həbs edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs Kannabinoidlərdən periodik istifadə etmə halları aşkar olunub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmamışdır. Müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir;cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Şabran rayon Polis Şöbəsində saxlanılan 34 ədəd narkotik tərkibli çətənə bitkilərinin 0,68 qramının tədqiqata sərf edilməklə, ekspert tədqiqatından sonra qalan 5639,39 qram çəkidə qalığı məhv edilməli, hadisə yerinə baxışın videogörüntülərini özündə əks etdirən bir ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 66,46 (altmış altı manat, qırx altı qəpik) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. (cild 1, iş vərəqə 32). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25.06.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30.03.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 05 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq cinayət işində saxlanılan 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın, Şabran rayon Polis Şöbəsində saxlanılan 34 ədəd narkotik xassəli çətənə bitki nümunələri məhv edilsin. Təqsirləndirilən şəxs 66,46 (altmış altı manat, qırx altı qəpik) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu andan (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar