Məhkəmə qərarları › İş №1(124)-92/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-92/2024

25.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-92/2024 25.06.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1988-ci il tarixdə Xaçmaz şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əməklə məşğul olan, orta təhsilli, Xaçmaz şəhəri X.Şükürov küçəsi ev 15-də qeydiyyatda olmaqla, faktiki olaraq Xaçmaz rayonu Qımılqışlaq kəndində yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 3 saylı istintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1, 234.4.3 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,172 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, bu fakt Xaçmaz rayon polis şöbəsinin əməkdaşları tərəfindən 21 iyun 2022-ci il tarixdə o, ünvan 1 ünvanında yerləşən Xaçmaz rayon Polis şöbəsinin inzibati binasına gətirilərək orada 21 iyun 2022-ci il tarixdə saat 20:45-dən 20:55-dək olan müddət ərzində üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki qara rəngli şalvarın sağ yan cibində olan “WEST” markalı siqaret paketindəki iki ədəd bükümdən müvafiq olaraq təmiz çəkiləri 0,065 və 0,107 qram olmaqla ümumilikdə təmiz çəkisi 0,172 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülməklə təsdiq edilmiş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Bundan başqa, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya (əkmə və yetişdirmə) etmək məqsədilə Xaçmaz rayonu Qımılqışlaq kəndində “ferma məhəlləsi” adlanan ərazidə yerləşən mərhum atası X1 məxsus evin həyətyanı sahəsinə və evin birinci mərtəbəsindəki təmirsiz və döşəməsiz otağın torpaq sahəsinə əldə etdiyi narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarını 2022-ci ilin may ayında basdıraraq əkmiş, əkdiyi həmin toxumlardan 12 ədədi həyətyanı sahədə, 1 ədədi isə otağın torpaq sahəsində olmaqla yetişdirilən ümumilikdə 13 (on üç) ədəd çətənə bitkisinə 09 sentyabr 2022-ci il tarixədək olan müddət ərzində aqrotexniki qaydada qulluq göstərməklə onları kultivasiya etmiş, habelə 2022-ci ilin avqust ayının sonlarından başlayaraq kultivasiya etdiyi ümumilikdə 13 ədəd çətənə (kannabis) bitkilərinin yarpaqlarını dərib yaş vəziyyətdə həmin evin ikinci mərtəbəsindəki zala daxil olduqda soldan ikinci otağa daşımaqla orada satış məqsədi ilə həmin bitkilərin yarpaqlarını qurudub qanunsuz olaraq kustar üsulla külli miqdarda, yəni təmiz çəkisi 3561,92 qram olan narkotik vasitə qurudulmuş marixuana hazırlayaraq eyni otaqda 1 ədəd dəmir su vedrəsində, 6 ədəd karton ayaqqabı qutularında, 2 ədəd karton çay qutularında və 4 ədəd sellofan torbada saxlamış, bu faktlar Quba rayon Polis şöbəsinin əməkdaşları tərəfindən 09 sentyabr 2022-ci il tarixdə Xaçmaz rayonu Qımılqışlaq kəndində “Ferma məhəlləsi” adlanan ərazidə yerləşən onun mərhum atası X1 məxsus yaşadığı evin həyətyanı sahəsinə və evə saat 04:35-05:30 müddətində baxış keçirilən zaman, evin həyətyanı sahəsindən 12 ədəd, evin birinci mərtəbəsindəki təmirsiz və döşəməsiz otağın torpaq sahəsindən 1 ədəd olmaqla ümumilikdə 13 (on üç) ədəd yaş vəziyyətdə, ümümi çəkisi 18555 (on səkkiz min beş yüz əlli beş) qram əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri, habelə evin ikinci mərtəbəsindəki zala daxil olduqda solda ikinci otaqda yerdə 1 ədəd dəmir su vedrəsində, 6 ədəd karton ayaqqabı qutularında və 2 ədəd karton çay qutularında açıq şəkildə ümumilikdə 3250 qram, 4 ədəd sellofan torbada təmiz çəkiləri 200,17 qram, 44,26 qram, 51,57 qram və 15,92 qram olmaqla ümumilikdə təmiz çəkisi 3561,92 qram çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülməklə təsdiq edilmiş, bununla da o, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya (əkmə və yetişdirmə) etmiş və külli miqdarda satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni hazırlayıb, saxlamaqla daşımış, həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1, 234.4.3 və 237.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1, 234.4.3, 237.1-ci maddələri ilə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, polis əməkdaşları ona məxsus yaşayış evinə daxil olub onu saxlayaraq polis bölməsinə aparmışdrılar. Polis Bölməsində şəxsi axtarış zamanı onun üzərindən narkotik vasitəsi aşkar olunmuşdur. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq göstərdi ki, narkotik vasitəsi olan heroindən və metamfetamindən istifadə etmişdir. 13 ədəd narkotik tərkibli çətənə bitkisini kultivasiya etmişdir. Ona məxsus yaşayış evindən 3 kiloqramdan çox narkotik vasitəsi qurudulmuş marixuana aşkar olunmuşdur. O, narkotik vasitə olan qurudulmuş marixuananı qutuda saxlamışdır. Uzun müddətdir ki, narkotik vasitədən istifadə etmişdir. Təqsirləndirilən şəxs müdafiəçinin suallarına cavab olaraq bildirmişdir ki, ona qarşı polis bölməsində çox sərt təzyiq göstərmişdirlər. O, qabırğa hissəsindən zədə almışdır. Polis əməkdaşları onun sifətinə vurmuşdurlar. Polis əməkdaşlarının ona qarşı xəsarət yetirmələri ilə bağlı heç bir aiddiyyatı orqana şikayət etməmişdir. Təqsirləndirilən şəxs məhkəmə tərkibinin suallarına cavab olaraq bildirmişdir ki, polis əməkdaşları gələn zaman o onların qarşısına çıxıb “ev mənimdir, günahkar mənəm” demişdir. Ona qarşı təzyiqlər göstərilən şəxslər Quba rayon polis bölməsinin əməkdaşları olmuşdurlar. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi tədqiq edir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid6 Bahadır oğlu ifadəsində göstərmişdir ki, iş üzrə Təqsirləndirilən şəxs məxsus yaşayış evinə baxış zamanı video çəkilişdə iştirak etmişdir. Təqsirləndirilən şəxs məxsus evin həyətyanı sahəsində yarım tikili yerdə təxminən 11-12 ədəd narkotik tərkibli çətənə kolu aşkar olunmuşdur. Evin birinci mərtəbəsində 1 ədəd narkotik tərkibli çətənə kolu, ikinci mərtəbəsində isə təqribi olaraq 5-6 ədəd qutuda qurudulmuş marixuana aşkar olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid4 ifadəsində göstərmişdir ki, daxil olan əməliyyat məlumatına əsasən iş üzrə Təqsirləndirilən şəxs yaşadığı evə yaxınlaşmışdırlar. Təqsirləndirilən şəxs özü qapını açmışdır. Daha sonra iş üzrə Təqsirləndirilən şəxs özü hər şeyi etiraf edərək, ona məxsus evin həyətyanı sahəsində yarım tikili yerdə narkotik tərkibli çətənə kollarını əkdiyini bildirmişdir. Evin ikinci mərətəbəsində də 5-6 ədəd qutu narkotik tərkibli çətənə kolları aşkar olunmuşdur. Daha sonra isə Təqsirləndirilən şəxs Quba Rayon Polis Şöbəsinə aparılmışdır. Ondan başqa əməliyyatda kimlərin iştirak və rəhbərlik etdiyini dəqiq xatırlamır. Təqsirləndirilən şəxs məxsus yaşayış evinə qapını qıraraq daxil olmamışdırlar. Təqsirləndirilən şəxs məxsus yaşayış evindən heç bir əşya götürməmişdirlər. Hadisə yerinə onu köməkçi qüvvə olaraq aparmışdırlar.Hadisə yerinə kimin rəhbərliyi ilə getdikləri daha dəqiq yadında deyil, əməliyyata təhqiqatçı Sənan adlı şəxs rəhbərlik edirdi. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid5 ifadəsində göstərmişdir ki, təxmini olaraq gecə radələri idi. Təqsirləndirilən şəxs məxsus yaşayış evinə yaxıınlaşmış və özünü çağırmışdırlar. Daha sonra Təqsirləndirilən şəxs özü etiraf edərək bildirmişdir ki, ona məxsus evin həyətyanı sahəsində yarım tikili yerdə narkotik tərkibli çətənə kolları vardır. Təqsirləndirilən şəxs məxsus evin həyətyanı sahəsində yarım tikili yerdə çətənə kolları və evində qurudulmuş marixuana aşkar olunmuşdur. Aşkar olunan narkotik vasitə qurudulmuş marixuana çay qutularında saxlanılmışdır. Təqsirləndirilən şəxs məxsus yaşayış evininin həyətyanı sahəsində yarım tikili yerdə çətənə kollarını aşkar etmişdirlər. Aşkar olunan çətənə kollarını Təqsirləndirilən şəxs özünün şəxsi istifadəsi üçün əkdiyini bildirmişdir. Təqsirləndirilən şəxs onlara qarşı heç bir müqavimət göstərməmişdir. Şahid Quba RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili, polis polkovnik leytenantı Şahid3 məhkəmə istintaqında elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 09 sentyabr 2022-ci il tarixdə Quba rayonu, Qımılqışlaq kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə etməsi saxlaması, istifadə etməsi, yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməsi barədə məlumat daxil olmuşdur. Tərəfindən bu məlumat polis şöbəsinin rəhbərliyinə raportla məruzə edilmiş və Təqsirləndirilən şəxs ifşa olunması məqsədilə o, Quba RPŞ-nin PPXB-nin polis nəfərləri, polis serjantları Şahid4, Şahid5 və Quba RPŞ-nin ƏRQ-nun kiçik inspektoru polis baş serjantı Şahid6 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qurupunun üzvlərinə yəni onlara tədbir zamanı davranış təlimatlandırılmaları izah edilmişdir. 09 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Quba rayonu Qımıl-qışlaq kəndi ərazisində yerləşən yaşadığı evinə getmişlər. Təqsirləndirilən şəxs səslənilərək çağırılmışdır. Sonuncu küçəyə çıxdığı zaman özlərini təqdim edərək, qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, daşımaqda, saxlamaqda, istifadə etməkdə, yaşadığı ünvanda narkotik tərkibli çətənə bitkiləri kultivasiya etməkdə şübhəli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra müdafiəçi təyin edilmiş və Quba rayonu Qımıl-qışlaq kəndi ərazisində yerləşən evinə özünün müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə qanunsuz olaraq narkotik vasitələr saxlamasına və həmin evin həyətyanı sahəsində narkotik tərkibli bitkilər kultivasiya etməsinə əsaslı şübhələr olması səbəbindən baxış keçirilməli olması izah edilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evə qeyd olunan tərkibdə videoçəkilişlə baxış keçirilməsinə hər hansı bir etirazının olmadığını bildirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən 12 ədəd müxtəlif ölçüdə 12 ədəd həmçinin evin birinci mərtəbəsindəki otaqdan 1 ədəd aqrotexniki qaydada yetişdirilərək qulluq olunmuş çətənə bitkisi aşkar edilərək götürülmüşdür. Bundan başqa evin ikinci mərtəbəsinə baxış keçirilən zaman orada müxtəlif ölçüdə karton qablarda olan açıq şəkildə qurudulmuş marixuana aşkar edilmişdir. Narkotik vasitə qurudulmuş marixuana ümumilikdə tərəzidə çəkildikdə çəkisinin 3,795 qram olması müəyyən edilmişdir. Həmin yerdən narkotik vasitə toxumlarına bənzər toxumlar aşkar edilərək götürülmüşdür. Bundan başqa narkotik vasitə qurudulmuş marixuana olan qutuların yaxınlığında bir ədəd elektron tərəzinin olması müəyyən edilmiş və götürülmüşdür. Təqsirləndirilən şəxs şifahi olaraq heç bir şəxsə narkotik vasitə satmadığını şəxsi istifadəsi üçün narkotik tərkibli çətənə bitkisini kultivasiya etdiyini, narkotik vasitə qurudulmuş marixuananı şəxsi istifadəsi üçün əldə edərək saxladığını bilirmişdir. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş narkotik vasitəni əkdiyi çətənə bitkilərinin hissələrini toplamaqla əldə etdiyini bildirmişdir. Quba və Xaçmaz Qımılqışlaq kəndləri sərhəd kəndlər olduğundan onlar baxış keçirdikləri zaman həmin ərazinin Quba rayonu Qımıl-qışlaq kəndi ərazisi olmasını düşünmüşmüşlər. Lakin Təqsirləndirilən şəxs yaşadığı ev Xaçmaz rayonu Qımıl-qışlaq kəndi ərazisində yerləşir. Şahid7 məhkəmə istintaqında elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o Quba DAİM-in Bitkiçilik sektorunun böyük məsləhətçisi vəzifəsində işləməklə aqronom ixtisasına malikdir. 09 sentyabr 2022-ci il tarixdə, saat 04 radələrində Quba RPŞ-nin əməkdaşlarının dəvəti ilə keçiriləcək baxışda aqronom-mütəxəssis kimi iştirak etmək üçün polis şöbəsinə getmişdir. Polis əməkdaşları ilə 09 sentyabr 2022-ci il tarixdə, saat 04 radələrində Quba rayonu, Qımıl-qışlaq kəndində yaşayan, sonradan tanıyaraq şəxsiyyəti barədə öyrəndiyi Təqsirləndirilən şəxs yaşadığı həmin kənddə yerləşən evə getmişlər. Həmin yerdə polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs çağırıldıqdan və ona hüquq və vəzifələri izah edilməklə müdafiəçi təqdim edildikdən sonra sonuncunun öz razılığı ilə yaşadığı evə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən 12 ədəd həmçinin evin birinci mərtəbəsindəki otaqdan 1 ədəd müxtəlif ölçüdə aqrotexniki qaydada yetişdirilərək qulluq olunmuş çətənə bitkisi aşkar edilərək götürülmüşdür. O həmin bitkilərə baxaraq onlara aqrotexniki qaydada qulluq edilməsini bildirmiş və Təqsirləndirilən şəxs da bunu təsdiq etmişdir. Bundan başqa evin ikinci mərtəbəsinə baxış keçirilən zaman orada müxtəlif ölçüdə karton qablarda olan açıq şəkildə qurudulmuş marixuana aşkar edilmişdir. Narkotik vasitə qurudulmuş marixuana ümumilikdə tərəzidə çəkildikdə çəkisinin 3,795 qram olması müəyyən edilmişdir. Həmin yerdən narkotik vasitə toxumlarına bənzər toxumlar aşkar edilərək götürülmüşdür. Bundan başqa narkotik vasitə qurudulmuş marixuana olan qutuların yaxınlığında bir ədəd elektron tərəzinin olması müəyyən edilmiş və götürülmüşdür. Tərəfindən aşkar edilmiş çətənə bitkilərinə aqrotexniki qaydada qulluq edilməsi barədə tərəfindən rəy verilmişdir. O Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır, aralarında heç bir münasibət, düşmənçilik və ya ədavət olmamışdır. Şahid Xaçmaz RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 məhkəmə istintaqında elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 21 iyun 2022-ci il tarixdə Xaçmaz rayonu, Xaçmaz şəhəri X.Şükürov küçəsi ev 15-də qeydiyyatda olan Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz olaraq əldə etməsi, saxlaması, daşıması və istifadə etməsi barədə məlumat daxil olmuşdur. Tərəfindən bu məlumat polis şöbəsinin rəhbərliyinə raportla məruzə edilmiş və Təqsirləndirilən şəxs ifşa olunması məqsədilə o və Xaçmaz RPŞ-nin PPXB-nin manqa komandiri, polis serjantı Şahid2 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qurupunun üzvlərinə yəni onlara hüquq, vəzifələri və tədbir zamanı davranış xətti izah edilmişdir. 21 iyun 2022-ci il tarixdə saat 19:30-da onlar Təqsirləndirilən şəxs Xaçmaz rayonu Armudpadar kəndi ərazisində olmasını müəyyən etmişlər və həmin yerdə sonuncuya yaxınlaşıb özülərini təqdim edərək, qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, daşımaqda, üzərində saxlamaqda və istifadə etməkdə şübhəli olduğunu bildirmişlər. Lakin həmin ərazidə vətəndaşların çox olması avtomobillərin intensiv hərəkət etməsi və azyaşlı uşaqların olması səbəbindən Təqsirləndirilən şəxs Xaçmaz RPŞ-nə dəvət etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs onlarla Xaçmaz RPŞnə gəlmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs hüquqularının müdafiəsi üçün vəkil təqdim edilmişdir. Sonra videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçiriləcəyi izah olunmuşdur. Təqsirləndirilən şəxs buna etiraz etməmişdir. Şəxsi axtarış keçrilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində nə varsa, hamısını çıxardaraq təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki şalvarın ön sağ yan cibindən bir ədəd üzərində “West” yazısı olan siqaret qutusunu çıxardıb təqdim etmişdir. Həmin siqaret qutusunun içərisinə baxılan zaman orada 2 ədəd siqaret dənəsinin, 3 ədəd borucuğun, 4 ədəd falqanın və 3 ədəd gümüşü rəngli kağız bükümlərin olması müşahidə edilmişdir. 3 ədəd kağız bükümlər açıldıqda onlardan ikisinin içərisində qəhvəyi rəngli birinin içərisində isə ağ rəngli maddənin olması müşahidə edilmişdir. Təqsirləndirilən şəxs bükümlərdə olan maddələrin narkotik vasitə olmasını bildirmişdir. Aşkar edilmiş 3 ədəd borucuq, 4 ədəd falqa və 3 ədəd içərisində maddələr olan gümüşü rəngli kağız bükümlər müstəntiq tərəfindən bir ədəd siqaret qutusunun içərisində zərfə qoyularaq qablaşdırılaraq möhürlənib götürülmüşdür. Zərfin üzəri iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs şifahi olaraq heç bir şəxsə narkotik vasitə satmadığını şəxsi istifadəsi üçün narkotik vasitə əldə etdiyini bildirmişdir. Şahid Xaçmaz RPŞ-nin PPXB-nin manqa komandiri, polis serjantı Şahid2 məhkəmə istintaqı zamanı elan olunmuş ifadəsindən görünür ki, o, Şahid1 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsi ilə oxşar məzmunlu ifadə verərək göstərdiyi xüsusatları təqdiq etmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş xx.xx.2022-ci il tarixli “əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərar, eyni tarix və məzmunlu raportdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz olaraq əldə etməsi, saxlaması və daşıması barədə etibarlı mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “əməliyyat məlumatının yoxlanılması barədə” 21 iyun 2022-ci il tarixli qərar Xaçmaz rayon məhkəməsinin 24 iyun 2022-ci il tarixli qərarı ilə qanuni hesab edilmişdir. Cinayət işinin materiallarında olan «şəxsi axtarış aparılması haqqında» xx.xx.2022ci il tarixli protokol və qeyd olunan tədbirin video görüntülərini əks etdirən eyni DVD disk məhkəmə istintaqı zamanı tədqiq olunarkən müəyyən olunur ki, Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən bir ədəd “West” markalı siqaret qutusunu çıxararaq təqdim edir. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirilsə də üzərindən başqa hər hansı bir əşya aşkar edilmir. Müstəntiq Təqsirləndirilən şəxs təqdim etdiyi siqaret qutusunu açaraq içərisinə baxdıqda orada iki ədəd siqaret dənəsinin, 3 ədəd borucuğun, 4 ədəd falqanın və 3 ədəd gümüşü rəngli kağız bükümlərin olması müşahidə edilir. 3 ədəd kağız bükümlər açıldıqda onlardan ikisinin içərisində qəhvəyi rəngli, birinin içərisində isə ağ rəngli maddənin olması müşahidə edildi. Təqsirləndirilən şəxs bükümlərdə olan qəhvəyi rəngli maddənin narkotik vasitə heroin, ağ rəngli maddənin isə metamfetamin olmasını, şəxsi istifadəsi üçün Bakı şəhərindən əldə etdiyini bildirir. Aşkar edilmiş 3 ədəd borucuq, 4 ədəd falqa və 3 ədəd içərisində maddələr olan gümüşü rəngli kağız bükümlər müstəntiq tərəfindən bir ədəd siqaret qutusunun içərisində zərfə qoyularaq qablaşdırılaraq möhürlənib götürülür. Zərfin üzəri iştirakçılar tərəfindən imzalarla təsdiq edilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 09 sentyabr 2022-ci il tarixli raportdan görünür ki, Quba rayonu, Qımılqışlaq kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi, saxlaması, həmçinin yaşadığı evinin həyətyanı və torpaq sahələrindən qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməsi barədə etimad doğuran, məlum, qərərsiz mənbədən məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “əməliyyat məlumatının yoxlanılması barədə” 09 sentyabr 2022-ci il tarixli qərar Quba rayon məhkəməsinin 09 sentyabr 2022-ci il tarixli qərarı ilə qanuni hesab edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 09 sentyabr 2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona məxsus fərdi yaşayış evinə baxış keçirilməsinə etiraz etmir. Cinayət işinin materiallarında olan «həyətyanı sahə və evə baxış, habelə şəxsi axtarış aparılması haqqında» xx.xx.2022-ci il tarixli protokol və qeyd olunan tədbirin video görüntülərini əks etdirən eyni DVD disk məhkəmə istintaqı zamanı tədqiq olunarkən müəyyən olunur ki, Təqsirləndirilən şəxs yaşadığı ünvana videogörüntü ilə baxış keçirilməsinə etiraz etmədiyini bildirir. Bundan sonra təhqiqatçının müvafiq təklifinə uyğun olaraq yaşadığı evin həyətyanı sahəsində olan qanunsuz olaraq kultivasiya etdiyi çətənə bitkilərini təqdim edir. Baxışda iştirak edən aqronom həmin bitkilərin narkotik xassəli çətənə bitkiləri olmasını onlara aqrotexniki qaydada qulluq, yəni kultivasiya edildiyini bildirdi. Müstəntiqin sualına cavab olaraq Təqsirləndirilən şəxs həmin bitkilərin özünə məxsus olmasını, şəxsi istifadəsi üçün əkdiyini bildirdi. Müvafiq sullara cavab olaraq Təqsirləndirilən şəxs əkdiyi çətənə bitkisinin toxumlarını meşədən tapdığı çətənə bitkisindən əldə etdiyini və əkdiyini bildirdi. Baxış zamanı evin həyətyanı sahəsindən ümumilikdə 13 ədəd çətənə bitkisi aşkar edilir və çıxarılaraq torbada qablaşdırılır. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə qurdulmuş marixuananın olmasını bildirərək evin içərisində ayrı-ayrı qutularda saxladığı, narkotik vasitə qurudulmuş marixuana olmasını bildirdiyi bitki kütlərini təqdim edir. O həmin bitki kütlələrini əkdiyi çətənə bitkilərindən əldə etdiyini və heç kimə satmadığını bildirdi. Həmçinin bitki kütlələri olan qutuların yanında bir ədəd elektron tərəzinin olması müşahidə edildi. Baxış zamanı eyni yerdən toxumlar aşkar edildikdə Təqsirləndirilən şəxs həmin toxumların çətənə bitkisinin toxumları olmasını bildirdi. Aşkar edilmiş bitki kütlələri bir ədəd torbaya yığılaraq qablaşdırıldıqdan sonra tərəzi vasitəsilə çəkisi ölçülür və ümumilikdə çəkisinin 3 kiloqram 795 qram olması müəyyən edilir. Aşkar edilmiş toxumlar bir ədəd zərfdə qablaşdırılaraq götürülür. Toxumların bükümləri üzərində “əla sort, karlik vs” kimi qeydlərin olması görünür. Təqsirləndirilən şəxs müvafiq suallara cavab olaraq bu əməlləri tək olaraq törətdiyini bildirdi. Cinayət işinin materiallarında olan 09 sentyabr 2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, aşkar edilmiş çətənə bitkilərinə aqrotexniki qaydada qulluq edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 22 iyun 2022-ci il tarixli 6/3490 saylı rəyinə əsasən tədqiqata təqdim olunmuş üzərində bir ədəd zərfdəki 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,065 qram, 0,107 qram, ümumi təmiz çəkisi 0,172 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Təqdim olunmuş 2 (iki) ədəd bükümlərdə olan heroinlər xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər. Təqdim edilmiş 1, 2 №-li kağız borucuqların içərisində və 1 №-li falqa parçasının üzərində psixotrop maddə olan metamfetaminə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların maddə nümunəsi ilə müqayisəli tədqiqatı aparılmadı. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan məhkəmə-bioloji ekspertizasının 09 sentyabr 2022-ci il tarixli 7/998 saylı rəyinə əsasən tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs məxsus evdən aşkar edilmiş...” sözləri yazılmış sintetik torbada təmiz çəkisi 3250qram, üç ədəd şəffaf sellofanda ayrıayrılıqda təmiz çəkiləri: 1)200,17qram, 2)44,26qram, 3)51,57qram və bir ədəd yaşıl rəngli sellofanda təmiz çəkisi 15,92qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Ümumi çəkisi - 3561,92 qramdır (3kq561,92qram). Tədqiqata təqdim olunmuş üzərində “Vət. Təqsirləndirilən şəxs həyətindən aşkar edilmiş 01 ədəd...” sözləri yazılmış sintetik torbada 01 (bir) ədəd, yaş vəziyyətdə təmiz çəkisi 435,0 qram və üzərində “Vət. Təqsirləndirilən şəxs həyətindən aşkar edilmiş 12 ədəd ...” sözləri yazılmış sintetik bağlamada 12 (on iki) ədəd, yaş vəziyyətdə ümumi çəkisi 18120qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Təqdim olunmuş ümumi sayı 13 (on üç) ədəd, yaş vəziyyətdə ümumi çəkisi 18555qram (18kq555qram) bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronomun rəyinə əsasən təqdim olunmuş çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Tədqiqata təqdim olunmuş bir ədəd çəhrayı rəngli sellofanda üzərində “Digital Scale” sözləri olan bir ədəd elektron tərəzi üzərində cüzi miqdarda narkotik vasitə olan marixuananın hissəcikləri vardır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan məhkəmə narkoloji ekspertizasının 06 sentyabr 2022-ci il tarixli 4969 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin, kannabioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan 27 dekabr 2022-ci il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus üzərindən aşkar edilmiş ümumi təmiz çəkisi 0,172 qram olan narkotik vasitə heroin, bir ədəd disk daşıyıcı, Təqsirləndirilən şəxs məxsus yaşadığı evdən aşkar edilmiş ümumi təmiz çəkisi 3561,92 qram olan narkotik vasitə qurudulmuş marixuana, ümumi çəkisi 18555 qram olan 13 ədəd çətənə bitkisi və 1 ədəd elektron tərəzi, Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsini əks etdirən videogörüntü olan disk daşıyıcı sübut əhəmiyyətinə malik olduqlarından cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. Narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalan 3561,67 qram qalığı, 13 ədəd çətənə bitkilərinin 18554,35 qram qalığı, narkotik vasitə heroinin 0,112 qram qalığı və 1 ədəd tərəzi saxlanmasından ötrü Xaçmaz RPŞ-nin saxlanc yerinə təhvil verilmiş və 2 ədəd disk daşıyıcı isə iş materiallarına əlavə edilmişdir. Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilmiş Xaçmaz RİHB-nın Qımılqışlaq kənd İƏD-i üzrə nümayəndəliyindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz şəhəri X.Şükürov küçəsi ev 15-də qeydiyyatda olmaqla, faktiki olaraq Xaçmaz rayonu Qımılqışlaq kəndində yaşamış, yaşadığı müddət ərzində barəsində nümayəndəliyə heç bir yazılı şikayət daxil olmamışdır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs uşağı X5 xx.xx.2014-cü il olmaqla azyaşlıdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Xaçmaz rayon icra və probasiya şöbəsindən verilmiş 27 dekabr 2022-ci il tarixli, 1333 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü təyin edilmiş 02 il 11 ay 25 gün azadlığın məhdudlaşdırılması cəzasının 1 ay 22 gününü çəkmiş, cəzanın çəkilməmiş hissəsi 02 il 10 ay 03 gün təşkil edir. Məhkəmə, təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməllərini törətməsini cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə tam sübuta yetirilmiş hesab edir. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İİİ siyahısının 1.2-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan çətənə növlü bitkilərin xeyli miqdarının yuxarı həddi 3-15 ədəd (6-30 hissə), külli miqdar daxil olmaqla aşağı həddi isə 16 ədəd (31 hissə) müəyyən edilmişdir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 19-cu bəndində hüquqi mövqe ifadə olunaraq izah edilmişdir ki, əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanılması dedikdə - bu növ bitkilərin əkildiyi, yetişdirildiyi, mühafizə olunmayan əkin sahələrindən həmin bitkiləri (onların hissələrini) yığma başa düşülür. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə müvafiq olaraq az ağır və ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 237.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 237.1 və 234.4.3-cü maddələrinin sanksiyaları həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cinayət işinin materiallarından və təqsirləndirilən şəxsə verilmiş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində Xaçmaz rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü qanuni qüvvəyyə minmədən 21 iyun 2022-ci il tarixdə qanunsuz olaraq iki ədəd bükümdə 0,065 və 0,107 qram olmaqla ümumilikdə təmiz çəkisi 0,172 qram olan şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini satış məqsədi olmadan əldə edib saxlayıb daşımaqla Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində göstərilən cinayət əməlini, Xaçmaz rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü qanuni qüvvəyyə mindikdən sonra 09 sentyabr 2022-ci il tarixdə isə 13 (on üç) ədəd əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli xeyli miqdarda çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərib onları kultivasiya etməklə Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini, çətənə bitkisindən kustar üsulla hazırlanmış təmiz çəkisi 3561,92 qram olmaqla külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi ilə qanunsuz olaraq hazırlayıb, saxlayıb daşımaqla Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində göstərilən cinayət əməllərini törətmişdir. Odur ki, şəxsə cəza təyin edərkən əvvəlcə Azərbaycan Respublikası CM-nin 66.3cü maddəsi, daha sonra 66.5 və 67-ci maddələri tətbiq edilməli olunduğu görünür. Bu halda cinayətlərin və hökmlərin məcmusu kəsişdiyi üçün Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsi tətbiq edildikdən sonra 67.1-ci maddəsi tətbiq edilməklə hökmlərin məcmusu qaydasınd cəza təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 iyul 2022-ci il tarixli plenum qərarından görünür ki, cinayətlərin məcmusunun mövcud olduğu hər bir halda, o cümlədən birinci hökm üzrə cəzanın çəkilib qurtardığı halda da müvafiq qaydada cəza təyin edilməsi mütləqdir. Əks yanaşma, yəni şəxsə hökmün qanuni qüvvəyə mindiyi ana qədər törədilmiş cinayətə görə cinayətlərin məcmusu qaydasında deyil, ayrılıqda cəza təyin edilməsi cinayət qanununun cəza təyinetmə ilə bağlı qaydalarına zidd olmaqla yanaşı, həmçinin şəxsə daha ağır həddə cəza təyin edilməsi ilə nəticələnə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda göstərilən 25 iyun 2003-cü il tarixli qərarında da göstərilmişdir ki, məhkumun təqsirli bilindiyi cinayətlərin bir hissəsi birinci hökm çıxarılanadək, digər hissəsinin isə həmin hökm çıxarıldıqdan sonra törətdiyi müəyyən olunduqda ikinci hökm üzrə cəza ilk növbədə birinci hökm çıxarılanadək törədilmiş cinayətlərin məcmusu üzrə, sonra CM-nin 66.5-ci maddəsində müəyyən edilən qaydada təyin edilir, daha sonra birinci hökm çıxarılandan sonra törədilən cinayətlər üzrə cinayətlərin məcmusu üzrə cəza təyin edilir. Axırda isə CM-nin 67-ci maddəsinin tələblərinə uyğun olaraq hökmlərin məcmusu üzrə qəti cəza müəyyən edilir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin 234.1, 237.1 və 234.4.3-cü maddələri ilə cinayətlərin məcmusu qaydasında cəza təyin edilməli, daha sonra Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsi ilə Xaçmaz rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi ilə qismən toplanmaqla hökmlərin məcmusu qaydasında qəti cəza təyin olunmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Xaçmaz rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilmiş, 23 iyun 2022-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Quba rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Cəza çəkmə müddətinin başlanğıcı da Təqsirləndirilən şəxs oğlunun tutulduğu xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xx.xx.2022ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlandığı 3 (üç) gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilən azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1.-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə həmin Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. İş üzrə maddi sübut olub Xaçmaz RPŞ-nin maddi sübutların saxlama otağına təhvil verilmiş 01 ədəd elektron tərəzi məcburi qaydada dövlət nəfinə müsadirə olunmalıdır. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Xaçmaz RPŞ-nin maddi sübutların saxlama otağına təhvil verilmiş narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalan 3561,67 qram qalığı, 13 ədəd çətənə bitkilərinin 18554,35 qram qalığı, narkotik vasitə heroinin 0,112 qram qalığı məhv edilməli, 2 ədəd disk daşıyıcı isə iş materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Cinayət işi üzrə məhkəmə ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 154 (yüz əlli dörd) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məbləğ Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1, 237.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları cinayətlərin məcmusu üzrə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Xaçmaz Rayon məhkəməsinin xx.xx.2022-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş 02 il 10 ay 03 gün azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının 2 (iki) günü azadlıqdan məhrum etmənin 1 (bir) gününə bərabər tutulub hesablanmaqla 1 (bir) il 5 (beş) ay 1 (bir) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş cəzaya qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki iş üzrə həbsdə saxlandığı 3 (üç) gün müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzaya hesablanmaqla həmin cəzadan çıxılsın və onun üzərində qəti cəza olaraq 7 (yeddi) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəza çəkmə müddətinin başlanğıcı 09 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs 154 (yüz əlli dörd) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə maddi sübut olan və Xaçmaz RPŞ-nin maddi sübutların saxlama otağına təhvil verilmiş narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalan 3561,67 qram qalığı, 13 ədəd çətənə bitkilərinin 18554,35 qram qalığı, narkotik vasitə heroinin 0,112 qram qalığı məhv edilsin, 1 ədəd elektron tərəzi müsadirə edilsin, 2 ədəd disk daşıyıcı isə iş materiallarına əlavə edilməsi nəzərə alınsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar