Məhkəmə qərarları › İş №1(124)-94/2022

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(124)-94/2022

15.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(124)-94/2022 15.02.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hakimlər: Hümbətov Fəhmin Zaur oğlundan (məruzəçi hakim) və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X2, müdafiəçilər – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Təqsirləndirilən şəxs1 müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi3 və Müdafiəçi4, Təqsirləndirilən şəxs2 müdafiəçiləri, Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmənin hazırlıq iclası üzrə sədrlik edən hakim Əliyev Rəşad Şəmşir oğlunun özüözünə etirazına müşavirə otağında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi məhkəmənin icraatına daxil olmuş və işə baxılması hakim Əliyev Rəşad Şəmşir oğlunun sədrliyi ilə həmin məhkəmənin hakimləri Hümbətov Fəhmin Zaur oğlundan (məruzəçi hakim) və Əliyev Hafiz Samir oğlundan ibarət məhkəmə tərkibinə həvalə edilmişdir. Məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxslərin şəxsiyyətlərini müəyyən etdikdən sonra məhkəmə iclasına sədirlik edən Əliyev Rəşad Şəmşir oğlu özü-özünə etiraz etmiş və etirazını onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs1 ilə onun və qohumlarının uzun illər yaxın tanışlıq münasibətləri olduğundan, həmin iş üzrə onun sədrliyi ilə qəbul edilmiş məhkəmə qərarları istər Təqsirləndirilən şəxs1, istərsə də digər proses iştirakçıları tərəfindən işin həllində maraqlı olan hakim tərəfindən qəbul edilmiş qeyri-obyektiv qərar kimi qiymətləndiriləcəkdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 109.1 və 109.1.8-ci maddələrinə əsasən hakimin cinayət təqibində maraqlı olmasını təsdiq edən konkret və mötəbər sübutlar olduqda hakimə etiraz əsaslı sayıla və şərtsiz təmin edilə bilər. Həmin Məcəllənin 109.3.2-ci maddəsinə əsasən birinci, apellyasiya və kassasiya instansiyası məhkəməsində cinayət işinə və ya cinayət təqibi ilə bağlı digər materiala hakimlər kollegiyasından ibarət tərkibdə baxıldıqda hakimin özü-özünə və ya ona edilmiş etirazı — onun iştirakı olmadan hakimlər kollegiyası həll edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 109.5-ci maddəsinə əsasən birinci, apellyasiya və ya kassasiya instansiyası məhkəməsində özü-özünə etiraz və ya etiraz təmin olunduqda işə həmin məhkəmədə başqa hakimlərin iştirakı ilə baxılır. Birinci instansiya məhkəməsində obyektiv səbəbdən bu mümkün olmadıqda, cinayət işi və ya cinayət təqibi ilə bağlı digər material apellyasiya instansiyası məhkəməsi tərəfindən baxılması üçün başqa birinci instansiya məhkəməsinə göndərilir. Məhkəmə cinayət-prosessual qanunvericiliyinin həmin normasını rəhbər tutaraq qeyd edir ki, məhkəmə iclasına sədrlik edən hakim Əliyev Rəşad Şəmşir oğlunun özüözünə etirazı əsaslı və qanuni olduğundan təmin edilməli, məhkəmə tərkibində olan hakimlərdən başqa məhkəmədə digər hakimin olmaması ilə bağlı Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hazırki cinayət işinə obyektiv səbəbdən baxmaq mümkün olmadığından, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi başqa ağır cinayətlər məhkəməsinə göndərilməsi üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hakimə (məhkəmə tərkibinə) etiraz etmə barədə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” 24.11.2005-ci il tarixli qərarının 1-ci bəndinə əsasən hakimin öz-özünə etiraz etməsi nəinki obyektiv, qərəzsiz məhkəmə aktlarının qəbul edilməsinə şərait yaradır, həmçinin proses iştirakçılarının və digər şəxslərin ədalət mühakiməsinə və məhkəmə aktlarına inamını artırır. Həmin Qərarın 3.2-ci bəndinə əsasən əsaslar olduqda hakimin öz-özünə etiraz etməsi onun vəzifəsidir. Hüquqi əsaslar olduqda ona etiraz edilib-edilməməsindən asılı olmayaraq hakim öz-özünə etiraz etməyə borcludur. Məhkəmə, gəldiyi nəticələri həm prosessual normaların tələbləri baxımından, həm də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30.03.2006-cı il tarixli qərarının izah və tövsiyələri baxımından əsaslı hesab edir. Belə ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli araşdırılması hüququna malikdir. Konvensiyanın həmin maddəsi çərçivəsində Avropa İnsan Hüquqları Məhkəməsi “Fey Avstriya qarşı” iş üzrə çıxardığı qərarlarında nümayiş etdirdiyi mövqeyə görə obyektivlik testinə əsasən müəyyən edilməlidir ki, hakimin şəxsi davranışından əlavə, onun qərəzsizliyini şübhə altına ala bilən təkzibedilməz hallar mövcuddurmu? Bu baxımdan hətta zahiri görüntü belə əhəmiyyətli ola bilər. “Pyersak Belçikaya qarşı” iş üzrə isə Avropa Məhkəməsi qeyd etmişdir ki, qərəzsizliyindən şübhələnmək üçün qanuni əsasın olduğu istənilən hakim məhkəmə tərkibindən çıxarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 107, 109 və 321.2.3-cü maddələrini rəhbər tutaraq məhkəmə, q ə r a r a a l ı r:

1. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə iclasına sədrlik edən hakim Əliyev Rəşad Şəmşir oğlunun özüözünə etirazı əsaslı və qanuni olduğundan təmin edilsin.

2. Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hazırki cinayət işinə obyektiv səbəbdən baxmaq mümkün olmadığından, cinayət işi başqa ağır cinayətlər məhkəməsinə göndərilməsi üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin.

3. Qərar qətidir, apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar