Məhkəmə qərarları › İş №1(124)-94/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(124)-94/2023

12.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(124)-94/2023 12.10.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxsin hüquqi varisi X2, anlaqsız vəziyyətdə cinayət törətməsi istinad edilən şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə, Təqsirləndirilən şəxs iştirakları ilə, 20 avqust 1979-cu ildə Quba rayonu Zıxır kəndində doğulmuş, Xaçmaz rayonu Əzizli kəndində daimi qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, Azərbaycan Respublikası vətəndaşı subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmuş, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs anlaqsız vəziyyətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsi istinad edilməsi ilə bağlı onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs “paranoid şizofreniya” xroniki psixi xəstəlik nəticəsində anlaqsız vəziyyətdə olub öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etməyərək və onu idarə edə bilməyərək anası Zərərçəkmiş şəxs cadu edib onun xəstələnməsinə səbəb olduğundan şübhələnərək sonuncunu qəsdən öldürmək qərarına gəlib öz niyyətini həyata keçirmək məqsədi ilə 13 yanvar 2022-ci il tarixdə saat 17 radələrində Xaçmaz rayonu Əzizli kəndində yerləşən yaşadığı evin birinci mərtəbəsindəki saxlanc yerinə daxil olaraq oradan götürdüyü ümumi uzunluğu 740 mm, dəstəyi taxta materialdan olmaqla uzunluğu 690 mm, tiyəsinin uzunluğu isə 50 mm olan, kustar üsulla hazırlanmış, soyuq silah hesab edilməyən balta ilə Zərərçəkmiş şəxs baş və sifət nahiyələrinə qəsdən bir neçə zərbə vuraraq sonuncuya “baş beyin toxuma və mədəciklərinə qansızma ilə müşahidə olunmuş alın sümüyünün açıq sınığı" kimi sağlamlığa ağır zərər vuran, “təpə, ənsə, sağ tərəf alın, sağ tərəf sifətində burun kökündən sağ qulaq seyvanına kimi əhatə edən, boynunda sağ qulaq seyvanını da əhatə edən, sağ tərəf sifət nahiyələrinin kəsilmiş-çapılmış yaralan” kimi sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 477-ci maddəsinin tələblərinə uyğun olaraq qərar çıxararkən ictimai təhlükəli əməlin törədilməsinə, həmin əməlin barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraatın aparıldığı şəxs tərəfindən törədilməsinə, əməlin anlaqsız vəziyyətdə törədilməsinə və şəxsin məhkəmə baxışı zamanı da həmin vəziyyətdə olmasına, həmçinin, şəxsin barəsində tibbi xarakterli məcburi tədbirlərin və məhz hansının tətbiq edilməsinə ehtiyac olmasına dair məsələləri həll edərək belə nəticəyə gəlir ki, aşağıdakı səbəblərə görə Təqsirləndirilən şəxs tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin anlaqsız vəziyyətdə törədilməsi sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə əsaslar mövcuddur. Məhkəmədə ifadə verməsi təklif olunan Təqsirləndirilən şəxs ittihama aidiyyəti olmayan, məntiqsiz və psixi xəstəliyi təcəssüm edən ifadələr işlətməklə işin faktiki hallarına dair ifadə vermək iqtidarında olmamışdır. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, Rami Sultanovun anası mərhum Zərərçəkmiş şəxs onun bacısı olmuşdur. Baş vermiş hadisəni gözüylə görməmişdir. Təqsirləndirilən şəxs anasını əvvəl də vurmuş, anasının bir neçə yerində sınıqlar yaranmışdır. Bir qardaşını da baltayla vurmuşdur. O, 5 il ruhi-əsəb dispanserində qalmış, sona buraxılmışdır. Nəzarətsiz qaldığına görə belə hadisə törətmiş, yəni anasını balta ilə vurub öldürmüşdür. Nə səbəbə anasını vurduğunu bilmir. Məhkəmədə anlaqsız vəziyyətdə cinayət törətmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə ifadəsində göstərdi ki, hadisənin birbaşa şahidi olmamışdır. Ramiz anasını öz evlərində un ələdiyi yerdə balta ilə vurub öldürmüşdür. Nə səbəbə vurduğunu bilmir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 2022-ci ilin yanvar ayında kənd camaatı yığışmış, söhbət edərkən Ramiz gəlmiş, bir az yanlarında durduqdan sonra evə getmişdir. Bir neçə dəqiqə sonra Şahid1 qışqırıq səslərini eşitmişlər. Həmin tərəfə gedəndə Oqtay Ramizin anasını vurub öldürdüyünü bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs görüntüsü normal olsa da, psixi problemlərinin olduğu hiss olunurdu. Hadisə günü o evdə idi, hadisəni görməmişdir. Oqtay gəlib onu çağırdı ki, Ramiz anasını vurub. X12 Yardım Xidmətinə zəng etmişlər. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid1 ifadəsində göstərmişdir ki, hazırda Xaçmaz rayonu Əzizli kəndində yerləşən evində tək yaşayır. 2 qardaşı və 3 bacısı olmuşdur. Bacıları Kifayət və Məlahət vəfat etmiş, digər bacısı Sədaqət isə ailə həyatı quraraq Xaçmaz rayonu Hacıqurbanoba kəndinə köçmüşdür. Böyük qardaşı Nəriman 2004-cü ildə ailə həyatı qurmuş və onun yaşadığı evin qonşuluğunda yerləşən evə köçüb ailəsi ilə birlikdə orada yaşamışdır. Digər qardaşı Ramiz isə anası Səmən və onunla birlikdə ata evində yaşamışdır. Qardaşı Təqsirləndirilən şəxs uzun illərdir pxisi xəstəlikdən əziyyət çəkir. Ramizin psixi xəstəliyi olduğundan səbəbsiz yerə aqresivləşərək ətrafdakı insanlara xəsarət yetirmişdir. Hətta uşaq vaxtı Ramiz balta ilə onun başına xəsarət yetirmiş, həmin xəsarətdən sonra onda psixoloji problemlər yaranmışdır. Hal-hazırda da o, psixi xəstəlikdən əziyyət çəkir. Ramizin 2015-ci ildə anasının sağlamlığına xəsarət yetirməsi ilə əlaqədar Xaçmaz RPŞ-də cinayət işi istintaq olunmuş və Ramiz həbs edilmişdir. Ramiz psixi xəstə olduğundan məhkəmənin qərarı ilə sonuncu, tibb müəssisəsinə yerləşdirilmiş və 2021-ci ilin yay aylarında xəstəxanadan buraxılmışdır. Anası Səmən heç bir yerdə işləməmiş, aldığı təqaüdlə özünü dolandırmışdır. Ramiz onlarla yaşadığı müddət ərzində gah onunla, gah da anası Səmənlə yola getməmişdir. Ramiz bəzən durduq yerdə əsəbləşib onlarla sözlü mübahisə etmiş, bəzən də evə gəlib onlarla mehriban davranmışdır. 13 yanvar 2022-ci il tarixdə nahar yeməyindən sonra evdə öz yataq otağımda yatmışdır. Təxminən 1 saat sonra yuxudan oyanıb, yataq otağımda bir ədəd siqarət yandırıb çəkmiş, həmin vaxt yatdığı otağın pəncərənin yanından inilti səsi eşitmişdir. O, evdən həyətə çıxanda yaşadığı evin birinci mərtəbəsində yerləşən saxlanc yerində kiminsə ağlamaq səsini eşitmişdir. Bundan sonra dərhal saxlanc yerinə tərəf gedib qapını açıb içəri daxil olanda anası Səmənin beli üstə yerdə uzandığını, sonuncunun baş nahiyəsində isə balta olduğunu görmüşdür. O, dərhal anasının yanına yaxınlaşıb anasının baş nahiyəsinə kimin xəsarət yetirdiyini anasından soruşanda, Səmən ağlayaraq Ramiz tərəfindən başına balta ilə vurulduğunu ona bildirmişdir. Bundan sonra o, anasından Ramizin harda olduğunu soruşduqda anası özündən gedərək ona cavab verməmişdir. Bundan sonra dərhal evdən çölə çıxaraq “ ay camaat kömək edin, anamı baltaladılar” deyib qonşulardan kömək istəmiş, həmkəndliləri Polad, Elnur və Nazim onun yanına gələrək nə baş verdiyini soruşanda, o, həmin şəxslərə Ramizin anasını baltaladığını, anasının vəziyyətinin ağır olduğunu bildirmişdir. İlk növbədə Poladgil ona inanmayıb evə girmək istəməsələr də, onun dəfələrlə israrından sonra Polad onunla birlikdə yaşadığı evin birinci mərtəbəsindəki saxlanc yerinə daxil olmuşdur. Bundan sonra Nazim dayı dərhal mobil telefonu ilə təcili tibbi yardıma zəng etmiş və bir müddət sonra oraya təcili tibbi yardım gəlmişdir. Təcili tibbi yardımın əməkdaşları anasını yaralı halda xəstanaya aparmışlar. Anası xəstəxanaya aparılsa da, orada anasına edilən ilkin tibbi yardımlara baxmayaraq sonuncunun həyatını xilas etmək mümkün olmamışdır. Ramizin nə vaxtsa bədbəxt hadisə törədəcəyini anasına desə də, anası “Allah onu elə yaradıb sən də bir tərəfən başlama” deyərək ona irad bildirmişdir. (Cild 2, iş vərəqləri 57-61) Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid2 göstərmişdir ki, Zərərçəkmiş şəxs Xaçmaz rayonu Əzizli kəndində onunla qonşuluqda yaşamışdır. Həmin vaxtdan Zərərçəkmiş şəxsm tanımış və sonuncu ilə arasında dostluq, düşmənçilik və şəxsi ədavəti olmamışdır. Səmən xala sakit, mülayim, mehriban, hamının xeyir-şərində iştirak edən və hamı ilə normal münasibət saxlayan biri olmuşdur. Səmən xala oğulları Oktay və Ramizlə bir yerdə yaşamışdır. Səmən xalanın yoldaşı Əbilfəz kişi Xaçmaz rayonu Əhmədoba kənd orta məktəbində rus dili müəllimi işləmiş və uzun müddət əvvəl vəfat etmişdir. Oktay və Ramiz psixi xəstədirlər. Hətta Ramiz əvvəllər anasına xəsarət yetirdiyinə görə tutulmuş və dəlixanaya yerləşdirilmişdir. Ramiz 2021-ci ilin yay aylarında xəstəxanadan buraxılmışdır. Ramizlə heç vaxt arasında dava-dalaş, mübahisə və şəxsi ədavəti olmamışdır. Ramizin psixi xəstə olması sonuncunun davranışlarından və hərəkətlərindən açıq-aydın görünür. Ramiz gah mülayim olur, gah da əhvalı dəyişərək aqresivləşir. 13 yanvar 2022-ci il tarixdə saat 16- 17 radələrində kəndin içərisindən keçən avtomobil yolunun kənarında qonşularla söhbət edərkən Ramiz şəhər istiqamətindən gələrək yanlarında durmuş və siqaret çəkib heç bir öz deməyərək evlərinə doğru getmişdir. Təxminən 10-15 dəqiqə sonra evə doğru gedəndə Ramizgilin evinin qarşısında çoxlu adamın toplaşdığını və səs-küy yaradığını görüb nə baş verdiyini öyrənmək üçün oraya getmişdir. Ramizgilin evinin birinci mərtəbəsindəki saxlanc yerinə daxil olanda Səmən xalanın başında balta yerdə uzanmış vəziyyətdə olduğunu və yerin bütünlüklə qan bulaşdığını görmüşdür. Oradakı qonşulardan nə baş vediyini soruşanda Ramizin anasını balta ilə vurduğunu ona bildirmişlər. Ancaq Ramiz evdə olmamış, qaçıb getmişdir. Baş vermiş hadisə ilə bağlı təcili tibbi yardıma məlumat verilmiş və bir müddət sonra oraya gələn təcili tibbi yardım maşını ilə Səmən xalanı xəstəxanaya aparmışlar. Bir neçə saat sonra Səmən xalanın xəstəxanada vəfat etdiyini eşitmişdir. (cild 1, iş vərəqləri 48-51) Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid4 və Şahid5 digər şahidlər Elnur Şaripov və Şahid3 ifadələrinə oxşar məzmunlu ifadə verərək onların ifadələrində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. (cild 1, iş vərəqləri 105-108, 152-155) İcraat materiallarında olan və məhkəmədə tədqiq edilmiş “hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Zərərçəkmiş şəxs Xaçmaz rayonu Əzizli kəndində yerləşən fərdi yaşayış evidir. Həmin yaşayış evi kəndin içərisindən keçən avtomobil yolunun sağ tərəfində yerləşməklə evin darvazası iki taylıdır və bir tayı göy rəngli olmaqla digər tayı isə paslanmışdır. Darvazadan içəri daxil olduqda sağ tərəfdə yaşayış evi yerləşir və evin həyətyanı sahəsi vardır. Darvazadan sol tərəfdə isə əl-üz yumaq üçün çanaq və sanitar qovşaq aşkar olunmuşdur. Darvazadan daxil olub evə doğru getdikdə evin iki mərtəbəli olması və birinci mərtəbəsinin saxlanc yeri kimi istifadə olunduğu müəyyən edilmişdir. Evin talvarının uzunluğu 7.80 m, eni 3.60 m, hündürlüyü isə 3.40 metrdir. İştirakçı Şahid2 bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 17 radələrində yaranmış səs-küy ilə əlaqədar Zərərçəkmiş şəxs evinə gəlmişdir. Həmin vaxt sonuncunun oğlu X5 qardaşı Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs balta ilə xəsarət yetirildiyini bildirmişdir. İştirakçı Şahid2 hadisənin baş verdiyi saxlanc yerini təqdim etmişdir. Həmin saxlanc yerinin qapısı taxta materialdan olmaqla qapının eni 1.20 m, uzunluğu isə 2.10 metrdir. Qapıdan daxil olduqda saxlanc yerinin qaranlıq olduğu və içəridə işığın yanmadığı müəyyən edilmişdir. Saxlanc yerinin uzunluğu 9 metr, eni 3.60 m, hündürlüyü isə 3.40 metr-dir. Qapıdan daxil olub 3.10 metr irəliyə getdikdə müəyyən olunmuşdur ki, sağ və sol tərəflərindən orta hissəyə qədər mişar daşlarından ibarət hasar hörülmüş və ortadan saxlanc yerinin digər hissəsinə keçmək üçün keçid düzəlmişdir. İştirakçı Şahid2 giriş qapısından 2.55 m, sol divardan isə 0.90 metr məsafədə şüşə banka və qazanların yığıldığı taxtadan hazırlanmış rəfə söykənmiş 1 ədəd baltanı göstərərək hadisədən sonra saxlanc yerinə daxil olduqda həmin baltanın Zərərçəkmiş şəxs baş nahiyəsində gördüyünü, təcili tibbi yardım briqadasının həkimləri tərəfindən baltanın Zərərçəkmiş şəxs başından çıxarılıb qeyd olunan yerə qoyulduğunu və Zərərçəkmiş şəxs təcili tibbi yardım avtomobili ilə Xaçmaz RMX-na aparıldığını bildirmişdir. Balta tiyə və dəstək hissəsindən ibarətdir. Tiyə hissəsi qara rəngli olmaqla üzəri qanabənzər ləkələrə bulaşmışdır. Baltanın dəstəyi taxta materialdan ibarət olmaqla tiyəyə birləşdirilən hissəsində qanabənzər ləkələr vardır. Baltanın ümumi uzunluğu 74 smdir. Həmin balta müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Bundan başqa, iştirakçı Şahid2 yuxarıda qeyd edilən keçid hissədən içəridə Zərərçəkmiş şəxsm yaralı vəziyyətdə gördüyünü bildirmişdir. Qapıdan 3.35 metr, sol divardan isə 0.80 m məsafədə 64x50 sm sahəni əhatə edən qanabənzər gölməçə aşkar edilmişdir. Həmin gölməçəyə pambıqlar hopdurularaq sözügedən qanabənzər mayedən 2 ədəd nümunə götürülərək müvafiq qaydada qablaşdırılmışdır. Saxlanc yerinə baxış keçirdikdə orada məişətdə istifadə olunan avadanlıqların (banka, qazan, plastmas qab və s.) olduğu müəyyən edilmişdir. Bundan sonra, saxlanc yerindən çıxıb pilləkənlərlə qalxaraq yaşayış evinin bütün otaqlarına baxış keçirilmiş, lakin yaşayış evində sübut əhəmiyyətinə malik predmet və ya əşya aşkar edilməmişdir. (Cild 1, iş vərəqləri 4-12) İcraat materiallarında olan və məhkəmədə tədqiq edilmiş “meyitə baxış keçirilməsi haqqında” 13.01,2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs meyitinin bədən səthində aşağıdakı xəsarətlər - təpə nahiyəsində 6x0,5sm, ənsə nahiyəsində 6x0,5sm, sağ tərəf alın nahiyəsində 2x0,3sm, sağ tərəf sifətində burun kökündən sağ qulaq seyvanına kimi 15x0,2sm, sağ tərəf boynunda sağ qulaq seyvanımda əhatə edən 10x0,2sm, sağ tərəf sifətində 12x0,2sm, ölçülərdə kəsilmiş- çapılmış yaralar, alın sümüyünün sınığı - vardır. Meyitin bədən səthində digər hər-hansı bir xəsarət aşkar olunmamışdır. Meyitin əynindəki paltarlar, yəni 01 ədəd jilet, 01 ədəd önlük, 01 ədəd jaket, 01 ədəd don, 01 ədəd şalvar, 01 ədəd retuz, bir cüt corab, bir cüt qaloş müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. (Cild 1, iş vərəqləri 13-21) İcraat materiallarında olan və məhkəmədə tədqiq edilmiş “baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi, hadisə zamanı onun əynində olmuş 01 ədəd gödəkçə, 01 ədəd uzunqol köynək, 01 ədəd şalvara baxış keçirilmiş və həmin predmetlər müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. (Cild1, iş vərəqləri 86-89) İcraat materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli, 3 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitində aşağıdakı həyati xəsarətlər aşkar olunmuşdur; Baş beyin toxuma və mədəciklərinə qansızma ilə müşahidə olunmuş alın sümüyünün açıq sınığı, təpə, ənsə, sağ tərəf alın, sağ tərəf sifətində burun kökündən sağ qulaq seyvanına kimi əhatə edən, boynunda sağ qulaq seyvanını da əhatə edən, sağ tərəf sifət nahiyələrinin kəsilmişçapılmış yaraları. Göstərilən xəsarətlərdən Baş beyin toxuma və mədəciklərinə qansızma ilə müşahidə olunmuş alın sümüyünün açıq sınığı həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya, digər xəsarətlər isə canlı şəxslərdə ümumilikdə və ayrı-ayrılıqda dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Qeyd olunan xəsarətlər çapıcı alətin (ola bilər ekspertizaya təqdim edilmiş balta) təsirindən törənməklə, yetirilmə müddəti qərarda qeyd olunduğu kimi, xx.xx.2022-ci il tarixə uyğun gəlir. Zərərçəkmiş şəxs ölümünə səbəb-almış olduğu zədələr nəticəsində baş beyin toxuma və mədəciklərinə qansızma olmuşdur, ölümün baş vermə müddəti xəstəxananın verdiyi arayışdan görünür ki, xx.xx.2022-ci il saat 17:26 qeyd olunmuşdur. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti aşkar edilməmişdir. S.F. Sultan ovaya xəsarət yetirilərkən zərərçəkmiş ayaq üstə, oturmuş və yarımoturmuş vəziyyətlərdə olmaqla başı zərbə yetirilən alətə (balta) tərəfə olmuşdur. (Cild 2, iş vərəqləri 26-28) İcraat materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-lifli materialların kriminalistik ekspertizasının 05 mart 2022-ci il tarixli, 6/743 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1 №-li cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 01 ədəd sviterin səthi üzərindən aşkar edilmiş tünd bənövşəyi rəngli poliester kimyəvi liflər rənginə və təbiətinə görə X3 məxsus olduğu qeyd edilən 01 ədəd jiletin tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən 01 ədəd jiletin səthi üzərindən aşkar edilmiş tünd göy rəngli təbii pambıq liflər rənginə və təbiətinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 01 ədəd şalvarın tərkib liflərinə uyğun gəlirlər. (Cild 2, iş vərəqləri 66-70) İcraat materiallarında olan və məhkəmədə tədqiq edilmiş kompleks məhkəmətrasoloji, daktiloskopik və soyuq silahların kriminalistik ekspertizasının 04 mart 2022-ci il tarixli, 3/159, 3/172, 3/174 nömrəli rəyindən görünür ki, təqdim edilmiş baltanın səthində papilyar naxış izlərinin ayrı-ayrı fraqmentləri tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər xüsusi əlamətlərə malik olmadığından eyniləşdirmə tədqiqatı üçün yararsızdır. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd predmet kustar üsulla hazırlanmış, bir tərəfi kəsici-çapıcı, digər tərəfi əzici xassəyə malik olan məişət- təsərrüfat təyinatlı baltadır, soyuq silah hesab edilmir. Tədqiqata təqdim edilmiş geyim əşyaları üzərində trasoloji zədə aşkar edilməmişdir. (Cild 2, iş vərəqləri 75-76) İcraat materiallarında olan və məhkəmədə tədqiq edilmiş komisyon kompleks stasionar məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 31 mart 2022-ci il tarixli 37 №-li rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməlini törədərkən «Paranoid şizofreniya» psixi xəstəliyindən əziyyət çəkmişdir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs paranoid şizofreniya xəstəliyindən əziyyət çəkdiyindən cinayət hadisəsini törətdiyi dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Buna görə Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməli barəsində anlaqsız hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda da paranoid şizofreniya xəstəliyindən əziyyət çəkir. Həmin psixi xəstəliyin gedişində psixotik vəziyyət hazırda da davam etdiyindən Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında deyildir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırki psixi vəziyyəti onunla istintaq hərəkətlərinin aparılmasına imkan vermir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs halhazırki psixi durumuna görə onun stasionar şəraitdə məcburi müalicəyə ehtiyacının yarandığı müəyyənləşir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.4-cü maddəsinə əsasən ixtisaslaşdırılmış psixiatriya stasionarında intensiv müşahidə altında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi məsləhət görülür. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixiemosional vəziyyətində qəzəb yaranmış, həmin halın yaranması onda müəyyən edilən psixi xəstəliklə (şübhə, hipoxondrik, cadu, zəhərlənmə sayıqlama fikirlərinin, eşitmə hallüsinasiyalarının təsiri altında olması və s.) əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında və güclü ruhi həyəcan vəziyyətində olmamışdır. (Cild 2, iş vərəqləri 93-99) İcraat materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 171/2022-MTBŞ nömrəli rəyindn görünür ki, ekspertizaya təqdim olunmuş 01 ədəd balta, 02 ədəd pambıq tampon, Təqsirləndirilən şəxs məxsus şalvar, Zərərçəkmiş şəxs məxsus don, şalvar, jilet və jaket üzərində insan qanı ləkələri aşkar olunmuşdur. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə təyin olunduqda “H” antigeni, bəzi ləkələrdə həmçinin “alfa" və “beta" aqllyutininləri alınmışdır. Bu qan ləkələri Oalfa, beta/l/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Hadisə zamanı Təqsirləndirilən şəxs qanaxma ilə müşahidə olunan xəsarət olduğu halda ləkələrdə onun da qarışmış qanının olması inkar olunmur. Tədiqaqata təqdim olunan Təqsirləndirilən şəxs məxsus vodolazka, gödəkçə, Zərərçəkmiş şəxs məxsus önlük, retuz, 02 cüt corab və 01 cüt qaloş üzərində isə qana şübhəli ləkələr aşkar olunmamışdır. (Cild 2, iş vərəqləri 152-159) İcraat materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsindən daxil olmuş xx.xx.2022-ci il tarixli, 991 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci ildən xx.xx.2015-ci ilədək, xx.xx.2015-ci ildən xx.xx.2015-ci ilədək və xx.xx.2016-cı ildən xx.xx.2021-ci ilədək “üzvi şəxsiyyət pozuntusu” diaqnozu ilə “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsində müalicədə olmuşdur. (Ciıd 1, iş vərəqləri 159-332) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamənin və müvafiq məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Tərtər Qarnizonu Hərbi Məhkəməsinin xx.xx.1999-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin (əvvəlki redaksiyada olan) 243-cü maddəsi maddəsi ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, onun barəsində “Dünya Azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə Amnistiya haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1998-ci il tarixli qərarının 3-cü hissəsinin 4-cü bəndi tətbiq olunaraq cəzasının çəkilməmiş hissəsi, yəni 9 il, 9 ay, 2 gün müddətinə yarıya qədər azaldılaraq üzərinədə qəti cəza 4 il 10 ay 16 gün azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Bundan başqa, o, Xaçmaz rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinib ictimai təhlükəli əməli anlaqsız vəziyyətdə törətdiyindən cinayət məsuliyyətindən və cəzadan azad edilərək barəsində ümumi tipli psixiatriya stasionarında məcburi müalicə təyin edilmişdir. (cild 2, iş vərəqləri 3-5, 87-90) Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 477.1 və 477.2-ci maddələrini rəhbər tutaraq anlaqsız vəziyyətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə, yəni xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə cinayətinin törədilməsi istinad edilən Təqsirləndirilən şəxs əməlinin tövsifi ilə bağlı qeyd edir ki, anlaqsız vəziyyətdə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin bu əmələ münasibətdə subyektiv cəhətdən yanaşması ona istinad edilən əmələ uyğun olmalıdır. Şəxsə istinad edilən əməllə bağlı istintaq orqanının gəldiyi nəticə ilə əlaqədar məhkəmə qeyd edir ki, öz əməlinin faktiki xarakterini və ictimai təhlükəlilik dərəcəsini psixi xəstəliyinə görə dərk etmək iqtidarında olmayan şəxs tərəfindən məhz xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə cinayətinin törədilməsi nəinki işin faktiki hallarına, cinayət hüququnun nəzəriyyəsinə belə ziddir. Başqa sözlə əgər şəxs anlaqsızdırsa onun xuliqanlıq niyyətinin olması istisna olunur, əks halda isə şəxs xuliqanlıq niyyəti ilə hər hansı bir əməl törətmişsə, onda o, anlaqsız deyildir. Məhkəmə bu nəticəyə gələrkən “Xuliqanlıq və xuliqanlıq niyyəti ilə törədilmiş həyat və sağlamlıq əleyhinə cinayətlərə dair işlərə kassasiya qaydasında baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin İcmalına istinad edir. Belə ki, Ali Məhkəmənin Cinayət kollegiyası xuliqanlıq cinayətinə və xuliqanlıq niyyətinə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Ali Məhkəməsinin Plenum qərarlarında verilmiş təfsirlərdən çıxış edərək xüsusilə vurğulamışdır ki, “xuliqanlıq cinayətinin, eləcə də xuliqanlıq niyyəti ilə sağlamlığa ağır zərərvurmanın subyektiv cəhətinin mütləq şərti kimi çıxış edən xuliqanlıq motivi və onun əsasını təşkil edən hallar şəxsin ictimai qayda, ümumqəbuledilmiş davranış modeli ilə bağlı olan dəyərləri dərk etməsini və bilərəkdən (qəsdən) bu dəyərlərə qarşı etinasızlıq göstərməsini, yəni kifayət qədər mürəkkəb məzmuna malik olan həmin dəyərlərin və onların pozuntularının şəxsin şüuru ilə əhatə olunmasını ehtiva edir. Bu isə şəxsin əqli, psixiki cəhətdən həmin dəyərləri dərk etmək qabiliyyətində olmasını, onun əqli inkişafının, psixi vəziyyətinin buna imkan verməsini tələb edir”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumununun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 142-ci maddəsinin həmin Məcəllənin 56-cı maddəsinin tətbiqi baxımından şərh olunmasına dair” 2021-ci il 7 aprel tarixli Qərarında qeyd olunmuşdur ki, subyektiv cəhətin müstəqil əlamətləri kimi motiv və məqsəd yalnız qəsdən törədilən cinayətlər zamanı, yəni qanunla qorunan ictimai dəyər, maraq və ya sərvətlərə zərər vurmaq meyli və niyyətinin olduğu hallarda mövcud olur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, istintaq orqanın gəldiyi nəticə, yəni Təqsirləndirilən şəxs “paranoid şizofreniya” xroniki psixi xəstəliyi nəticəsində anlaqsız vəziyyətdə olub öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etməyərək və onu idarə edə bilməyərək anası Zərərçəkmiş şəxs heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə öldürməsi ilə bağlı gəldiyi nəticə cinayət hüququnun əsaslarına, cinayət tərkibinin anlayışına zidd olmaqla yanaşı, səhv və məntiqsizdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxsar Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini anlaqsız vəziyyətdə törətmişdir. O, hazırda da həmin vəziyyətdədir. Onun əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 477-ci maddəsinin tələblərinə uyğun olaraq onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi barədə qərar çıxarılmalıdır. Eyni zamanda, tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməklə o, ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21.1-ci maddəsinə əsasən ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya onu idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilmir. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən anlaqsız vəziyyətdə ictimai təhlükəli əməl (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs barəsində məhkəmə tərəfindən bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. İcraat üzrə keçirilmiş məhkəmə-psixiatrik ekspertizasının rəyində cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi istinad edilən Təqsirləndirilən şəxs barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarlarında intensiv müşahidə altında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlərinin tətbiq edilməsi məsləhət görülmüşdür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1-1 və 93.1-1.1-ci maddələrinə əsasən, həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə məhkəmə tərəfindən tibbi xarakterli məcburi tədbir təyin edilir. Həmin Məcəllənin 95.0 və 95.0.4-cü maddələrinə əsasən, məhkəmə psixi pozuntusu olan şəxslərə ixtisaslaşdırılmış psixiatriya stasionarlarında intensiv müşahidə altında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirləri təyin edə bilər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 477.3-cü maddəsinə əsasən şəxs tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin anlaqsız vəziyyətdə törədilməsini sübuta yetirilmiş hesab etdikdə, məhkəmə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar çıxarır. Bundan başqa, icraat materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 29 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Xaçmaz rayon məhkəməsinin 31 yanvar 2022-ci il tarixli qərarı ilə əvvəli tutulduğu tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. Daha sonra həbsdə saxlanılma müddəti uzadılmışdır. Məhkəmə icraatı zamanı onun barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə həmçinin hesab edir ki, hazırkı qərar qanuni qüvvəyə minənədək anlaqsız vəziyyətdə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 474.1.2-ci maddəsinə müvafiq olaraq xüsusi tibb müəssisəsinə yerləşdirmək növündə təhlükəsizlik tədbirləri tətbiq edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri təhlükəsizlik tədbiri tətbiq olunduqdan sonra ləğv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, icraat materialları üzrə maddi sübutlar – Xaçmaz rayon prokurorluğunda saxlanılan 01 ədəd balta, 02 ədəd qan nümunəsi, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş 01 ədəd jilet, 01 ədəd don, 01 ədəd şalvar, 01 ədəd jaket, Təqsirləndirilən şəxs əynində olmuş 01 ədəd uzunqol köynək, 01 ədəd şalvar məhv edilməlidir. Məhkəmə gəldiyi nəticələri "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nın ədalətli məhkəmə araşdırılması hüququndan və qanunsuz cəzalandırılmamaqdan bəhs edən 6 və 7-ci maddələrinin tələblərinə uyğun hesab edir. Belə ki, Konvensiyanın həmin maddələrinə əsasən hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Heç kəs törədildiyi zaman milli və ya beynəlxalq hüquqa görə cinayət sayılmayan hər hansı hərəkət və ya hərəkətsizliyə görə cinayət törətməkdə təqsirli hesab edilə bilməz. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 348.2, 383-385, 468, 472-473, 477-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə r a r a a l d ı: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini anlaqsız vəziyyətdə törətmiş Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1-1.1-ci və 95.0.4-cü maddələri tətbiq edilməklə Təqsirləndirilən şəxs barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarında intensiv müşahidə altında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin. Qərar qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 474.1.2-ci maddəsinə müvafiq olaraq xüsusi tibb müəssisəsinə yerləşdirmək növündə təhlükəsizlik tədbirləri tətbiq edilsin, barəsində seçilmiş həbs qətimkan tədbiri təhlükəsizlik tədbiri tətbiq olunduqdan sonra dərhal ləğv edilsin. Həmin hissədə qərarın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına həvalə edilsin. İş üzrə maddi sübutlar – Xaçmaz rayon prokurorluğunda saxlanılan 01 ədəd balta, 02 ədəd qan nümunəsi, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş 01 ədəd jilet, 01 ədəd don, 01 ədəd şalvar, 01 ədəd jaket, Təqsirləndirilən şəxs əynində olmuş 01 ədəd uzunqol köynək, 01 ədəd şalvar məhv edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar