Məhkəmə qərarları › İş №1(124)-94/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-94/2024

30.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-94/2024 30.01.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi: X2, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1977-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Sumqayıt şəhəri, YAT- 2, məhəllə 41 ünvanında qeydiyyatda olmaqla, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.9-cu maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs taxta ustası kimi fəaliyyət göstərərək, tanışı 1941-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ilə əvvəlcədən aralarında əldə olunmuş razılaşmaya əsasən sonuncunun yaşadığı Sumqayıt şəhəri, 21-ci mikrorayon, fərdi yaşayış evində pilləkən təmirini davam etdirmək üçün xx.xx.2022-ci il tarixdə təxminən günorta saatlarında həmin ünvana gəlmiş, həmin ünvanda təmir işi görərkən Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs yaşı ilə əlaqədar olaraq müqavimət göstərmək imkanı olmadığını bildiyi halda taxta parçası ilə sonuncunun baş nahiyəsindən bir dəfə zərbə vurmuş, Zərərçəkmiş şəxs çeviklik göstərib, yıxılmağının qarşısını ala bilməyib müvazinətini itirərək, yaxınlıqda olan taxta materialdan hazırlanmış stulun söykənəcək hissəsinin üzərinə yıxılıb sol İİ, Vİ-Xİİ qabırğaların qoltuq xətti boyunca, sağ İİ-X qabırğaların məmə xətti boyunca yerdəyişən sınıqları, sol ağ ciyərin cırılmış yaraları ilə müşahidə olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan ağır zərərvurmaya aid xəsarət almasına səbəb olmuş, ardınca isə cinayətkar niyyətini davam etdirərək yerdə uzanıqlı vəziyyətdə olan Zərərçəkmiş şəxs kömək çağıra bilməməsi və almış olduğu xəsarətdən ölməsi üçün evin qapısını kilidləyib getmiş, yalnız səhəri gün xx.xx.2022-ci il tarixdə təxminən günorta saatlarında Zərərçəkmiş şəxs ölüb-ölməməsini aydınlaşdırmaq üçün yenidən həmin ünvana gələrək artıq Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər nəticəsində baş vermiş daxili qanitirmədən yerdə hərəkətsiz vəziyyətdə uzanaraq öldüyünü görüb, törətmiş olduğu cinayəti gizlətmək üçün sonuncunu sürüyərək çölə çıxartmış və evin həyətindəki yardımçı tikilinin torpaq zəminini qazıb meyiti orada basdırmaqla özü üçün aşkar surətdə köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, Nadirin evinə işləməyə gəlmişdir. Nadirdən dəfələrlə pul istəmişdir. O, pul istəyəndə Nadir narazıçılıq etmişdir. İşləməyib çıxıb gedəcəyini demişdir. Nadir ona işini görməyini bildirmişdir. Ona iş görməyəcəyini, vəziyyətin gərgin olduğunu, pula ehtiyacı olduğunu, uşaqlara məktəb forması almalı olduğunu bildirmişdir. Nadir onunla razılaşmamışdır. Daha sonra demişdir ki, gözlə, pul alıb gələcəkdir. Gəlib pulu yolda material aldığı üçün materiala verdiyini demişdir. Amma o, Nadirə ona pul verəcəyi barədə söz verdiyini söylədiyini demişdir. Nadir də ona qarşı “kişiyə bax, xəbəri yoxdur özündən” kimi ifadələr işlətmişdir. Ona danışıq tonuna fikir verməsini bildirərək şillə vurmuş və işini işləməyəcəyini, çıxıb gedəcəyini demişdir. Dönüb yerdəki alətlərini yığan zaman Nadir onun kürəyindən yersilən taxta ilə vurmuşdur. İkinci dəfə vuran zaman yersilən taxtanı özündən geriyə doğru qaytarmışdır. Pilləkənin qırağına taxta qoymuşdur. Nadiri həmin taxta ilə başından vurmuşdur. Zərər çəkmiş gedib oturmuşdur. Amma başı qanamamışdır. Ona demişdir ki, onu tutduracaqdır. Ordan çıxıb evə getmişdir. Evdə niyə dalaşdığını soruşmuşdurlar. Heç nə demədən yatmışdır. Gecə saat iki radələrində ayılmışdır. Bir də onlara səhər getmişdir. O, fikirləşmişdir ki, ona kimsə zəng edəcəkdir. Ona görə də uşaqlarla vidalaşmışdır. Təqsirləndirilən şəxs dövlət ittihamçısının sullarına cavab olaraq göstərmişdir ki, daş bazarında fəhlə işləmiş, fərdi işlərə getmişdir. Taxta ustasıdır. Nadirin orada çayçı İlqar ilə tanışlığı olmuş, İlqarın vasitəsilə Nadirlə tanış olmuşdur. Zərər çəkmişin evində pilləkən yığırdı. Nadirin evində təxminən bir ay iyirmi gün-iki ay işləmişdir. Əvvəlcə gördüyü işi min üç yüz manata razılaşmışdır. Sonra əlavə işlər olmuşdur. Birinci mərtəbədən ikinci mərtəbəyə pilləkən yığmışdır. On üç pillə olmuşdur, hər pillə material da daxil yüz manatdan hesablamışdırlar. Sonradan on beş pillə olmuş, ümumi min beş yüz manata razılaşmışdırlar. Sonra pilləkən balyaskaları iki yüz-iki yüz əlli manat etmişdir. Sonra haradasa min yeddi yüz manata razılaşmışdırlar. Nadir ona əvvəlcədən yeddi yüz manat vermiş, o pula materialları almışdır. Pulun qalanını ona verməmişdir. Ona təxminən min manata yaxın borcu qalmışdır. O, işləmək istəməmişdir. Onu sahə müvəkkili ilə təhdid etmişdir. Sahə müvəkkili onu tutub aparmış, niyə işləmədiyini soruşmuşdur. Nadir onu polislərlə hədələmişdir. Sahə müvəkkili deyirdi ki, birini də havayı et. O, da pula ehtiyacı olduğunu demişdir. Sahə müvəkkili Nadiri tanıyırdı. Haradan tanıdığını bilməmiş, amma sahə müvəkkilinin nömrəsi də Nadirdə olmuşdur. Bir şey olan kimi ona zəng etmişdir. Onu neçə dəfə bölməyə aparıb hədələmişdirlər. Bir kisə marixuana ilə onu yükləyəcəklərini demişdirlər. Təhdid olunduğu üçün Nadirin evində usta işləmişdir. İşini də qurtarmışdır. Təkcə lak işi qalmışdır. 17 avqustda mübahisə ilk olaraq pul üstündə düşmüşdür. Ona dəfələrlə pul verəcəyi barədə söz vermişdir. Ona məktəbin başlamasına az qaldığını, məktəb forması almalı olduğunu demişdir. Hətta demişdir ki, üç yüz-beş yüz manat ver, qalanı qalsın, istəmir. Deyirdi ki, işlə qurtar verəcək. Hər dəfə gedirdi. Axırıncı dəfə dedi ki, bankdan ya da haradansa beş yüz manat götürüb ona verəcəkdir. Sonra gəldi dedi ki, yolda material aldığı üçün pulu materiala verib. O, da Nadirə axı pul gözlədiyini, ona söz verdiyini bildirmişdir. Nadir evdə tək yaşayırdı. Birinci onun boyun nahiyəsindən vurmuşdur. Boynunda izi var idi, göy idi. Boynundakı xəsarətlə bağlı ekspertizadan keçməmişdir. Evdə dalaşdığını soruşmuşdurlar. O da dalaşdığını demişdir. Nadir ona birinci dəfə zərbə endirdikdən sonra pilləkənin üzərinə yıxılmışdır. İkinci dəfə onu vurmaq istəmişdir. Pilləkənin yanına qoyduğu taxta var idi, həmin vaxt əlinə o keçmişdir. Taxta yetmiş-səksən santimetr uzunluğunda, yeddinin dördə idi, qalın taxta idi. Taxta Nadirə dəymişdir. Nadir divarın yanında gedib oturmuşdur. Taxta ilə vurduğu zərbə Nadirin baş hissəsinə dəymişdir. Nadirin başı partlamışdır. Onu tutduracağını demişdir. Nadir stola sürtülmüş, stol aşmışdır. Sonra Nadir divanın yanında oturmuş və onu tutduracağını demişdir. Oturandan sonra tərpənmiş, danışmışdır. Sonra cibinbdə olan telefonunu çıxarmışdır. Onu söymüş, o da çıxıb evə getmişdir. Fikirləşmişdir ki, ona yenə zəng edəcək. O, Nadirgildən çıxanda qapını örtərək çıxıb getmişdir. Narahat olduğu üçün yenidən Nadirgilə getmişdir. Birinci dəfə gedəndə qapını bağlamamışdır. Taxta ilə vurandan sonra Nadir yıxılmışdır. Yıxılıb deyəndə ki, divana söykənərək oturmuşdur. Nadirgilə gəlmişdir ki, görsün nə olub. Qapını açanda görmüşdür ki, divanın yanından qapıya tərəf gəlib. Qapını örtülmüşdür. Qapını açmış, görmüşdür ki, Nadir yerdə uzanıb, üzünün bir hissəsi qaradır. Əlini vurub görmüşdür ki soyuqdur. Tutulmaq istəmədiyi üçün bel götürmüş, tində bir az yer qazmış, meyiti ora aparmış, sonra üzərini örtmüşdür. Taxtaları da üzərinə qoymuşdur. Basdıran zaman Nadirin hansısa əşyasını götürməmişdir. Çıxanda qapını bağlamışdır. Mobil telefonu zibil qabına atmışdır. Mobil telefonu söndürüb-söndürmədiyi yadında deyildir. İkinci dəfə çıxanda qapını açarla bağlamışdır. Açarı da zibil qabına atmışdır. Açar və mobil telefonu izi itirmək üçün zibil qabına atmışdır. Nadiri basdırandan sonra onun mobil nömrəsinə zəng etməmişdir. Ayın 17-i hadisə olan zaman Nadir onu söyüb acıladığı, pis sözlər dediyi üçün təcili tibbi yardım çağırmamışdır. Nadirin yaşını təxminən yetmiş bilmiş, onun 1941-ci il təvəllüdlü olmasını bilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə tərkibinin sullarına cavab olaraq göstərmişdir ki, Nadiri o, vurmuş və basdırmışdır. Təqsirləndirilən şəxs müdafiə tərəfinin sullarına cavab olaraq göstərmişdir ki, hadisə günü, ayın 17-i qapını örtərək çıxıb getmişdir. Şokda olmuş, qapını bağlamaqla bağlı xüsusat tam yadında qalmamışdır. Hadisədə özünü təqsirli bilir. Amma Nadirin qabırğasının sınmasının nə cür baş verdiyini bilməmişdir. Nadiri bir dəfə vurmuşdur. Nadiri taxta ilə vurmuşdur. Vurduğu taxta yeddinin dördə, yetmiş-səksən santimetr uzunluğunda idi. Taxta ilə Nadirin baş nahiyəsinə vurmuşdur. Stol var idi hadisə yerində, amma Nadir də stola o qədər qüvvətli dəymədi. Stol elə-belə aşdı. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq və məhkəmə istintaqı zamanı isə qismən etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş zərər çəkmiş şəxsin hüquqi varisi X4 ifadəsində göstərdi ki, atası o, balaca olandan bəri psixiatriya xəstəxanasında yatır. Bundan sonra ata və anası məcburi şəkildə ayrılmalı olmuşdurlar. Anası ilə bərabər Ağdam rayonuna köçmüşdür. Babası da atasını psixiatriya xəstəxanasına göndərmişdir. Zərərçəkmiş şəxs onun ata tərəfən babasıdır, onlar neçə illər əlaqə saxlamamışdırlar. Dörd-beş il idi ki, babası ilə aralarında gediş-gəliş var idi. 2022-ci ilin avqust ayının 7-də onlar Ağdama qayıtmışdırlar. Babası da həmişə onlarla əlaqə saxlayaraq evə çatıb-çatmadıqlarını soruşmuşdur. Bu dəfə nəsə əlaqə saxlamadı. Onlar da bir az şübhələnmişdirlər. Babası adətən telefonu gec götürmüş, qoca idi deyə hətta telefonun enerjisi bitdikdə bunu anlamamışdır. Bu səbəbdən babası zənglərə gecgec cavab vermişdir. Onlar təxminən bir həftə zəng eləmiş, ancaq ona zəng çatmamışdır. Bundan sonra anası, atasının dayısı Kərimə zəng etdi ki, bəs babası Nadirdən xəbər çıxmır, babasının itkin düşməsi ilə bağlı polisə məlumat versin. Əmisi də polislərə məlumat vermişdir, sağolsun polislər də işin üstünə düşdülər. Haradasa təxminən bir aya yaxın vaxt keçdi. Polislər məhəlləni qazdılar. Orada bir əsas ev, bir də yan tərəfdə ev olmuşdur. Babası yan tərəfdəki evi tikdirirdi ki, o, əsas evdə yaşayanda atası da psixiatriya xəstəxanasından çıxıb yan tərəfdəki evdə yaşasın. Amma yan tərəfdəki evin döşəməsini vurmamışdılar, ora torpaq idi. Torpağı qazanda o, iştirak etməmişdir. Polis onlara daxil olmuş məlumat əsasında yeri qazıb, o cür babasının cəsədi tapılmışdır. Evin ortadakı otağının qapısı bağlı olmuş, qapını açıb içərisini qazdırmış, içəridən cəsəd çıxıb. Zərər çəkmiş şəxsin hüquqi varisi X4 dövlət ittihamçısının sullarına cavab olara göstərmişdir ki, babası tək yaşamışdır. Babasıgildə Samirin üzünü tam görməmişdir. Amma onlar babasıgildə içəridə olanda gəlib babasından nəsə istəmişdir. Babası ilə yanına gəlmiş şəxs arasında söz-söhbət olmuş, söz-söhbəti tam eşitməmişdir. Amma birbiriləri ilə yüksək tonda danışmışdırlar. Babası ilə danışan şəxsin də Samir olubolmadığını bilməmişdir. Mübahisə yəqin ki pul üstündə olmuşdur. Babası mübahisə etdiyi şəxsin usta olduğunu söyləmişdir. Babasının itkin düşməsiylə bağlı ərizəni anası vermişdir. Zərər çəkmiş şəxsin hüquqi varisi X4 müdafiə tərəfinin suallarına cavab olara göstərmişdir ki, babasının atasından başqa bir qız övladı da olub, bildiyi qədərilə də o, gənc yaşda şəkər xəstəliyindən ölüb. Barışıq o halda olardı ki, məsələ barədə gəlib onlara əvvəldən deyərdi, üzrxahlıq edərdi. Onlar meyiti izolent və s. ilə birləşdirib dəfnə aparmışdırlar. Hazırda təqsirləndirilən şəxsi bağışlamır. Təqsirləndirilən şəxs tərəfdən heç kim barışığa cəhd etməmişdir. Zərər çəkmiş şəxsin hüquqi varisi X4 məhkəmə tərkibinin suallarına cavab olaraq göstərmişdir ki, babasının evində onlar arada yaşamışdırlar. Samir ikinci dəfə gedəndən sonra qapıları da bağlamışdır. Babasının evində hazırda heç kim yaşamır. Polis əməkdaşları evdə axtarış edən zaman açarları və s. qırmışdırlar, sonradan açarları dəyişdirtmişdirlər. Hal-hazırda babasının evində heç kəs yaşamır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, avqustun yeddisi o, qaynatasına qulluq etmək üçün Sumqayıta gəlmişdirlər. Qaynatasına qulluq üçün ayda bir dəfə onun yanına gəlmişdir. Gəlmiş, çöl darvazanı açıq qoymuşdur. Nəsə bir səs gəlmişdir. Qaynatasından gələn səsin kimin səsi olduğunu soruşmuşdur. O da ona səslənən şəxsin usta olduğunu bildirmişdir. Daha sonra o, qaynatasından nə səbəbə evə ustanın gəldiyini soruşduqa Zərərçəkmiş şəxs ona ustanın pul istədiyini söyləmişdir. Oğlu ilə birlikdə ustanın pulunu verib-vermədiyini soruşduqda isə qaynatası ustanın pulunu vermiş olduğunu, özünün gəldiyini demişdir. O qaynatasının yeməyini bişirdikdən sonra rayona getmişdir. Rayonda olarkən haradasa avqustun axırı qaynatasına zəng etmiş, zəng çatmamışdır. Bu da həmişə olan bir hadisə olmuş, Zərərçəkmiş şəxs gec-gec telefon zənglərinə cavab vermişdir. Uzun müddət qaynatasına zəng edib onunla əlaqə saxlaya bilmədikdən sonra bu barədə Kərimə məlumat vermişdir. Kərim də ona narahat olmamağını, yəqin telefonu yandırdığını demişdir. Bundan sonra da qaynatası telefon zənglərinə cavab vermədiyi üçün sentyabr ayının on ikisi ya da on üçü polis bölməsinə gələrək qaynatası Zərərçəkmiş şəxs itkin düşməsi barədə ərizə yazmışdır. Daha sonra oktyabr ayının beşi qaynatası Zərərçəkmiş şəxs yerin altından tapıldı. Təqsirləndirilən şəxs qaynatasının evində görmüşdür. O, qaynatasıgildə olarkən Samir gəlib alətlərini götürərək getmişdir. Qaynatası da demişdir ki, hələ işləməyə gələcəkdir. Bir dəfə də qaynatasıgildə olan zaman səs gəlmişdir. Qaynatasından səslənənin kim olduğunu soruşduqda usta olduğunu bildirmişdir. Nə istədiyini soruşduqda Nadir ustanın pul istədiyini söyləmişdir. Pulunu verib-vermədiyini soruşduqda da qaynatası ustanın pulunu verdiyini demişdir. O, qaynatasının evinə oğlu ilə birlikdə ayın beşi gəlmiş, yeddisi qayıtmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun yeznəsi olmuşdur. Samir də Nadirin bağında işləyirdi. Samir özü onu tanıyırdı. Samir özü də yaxşı oğlandır, pis oğlan deyil. Samir Nadirin evində fəhlə kimi işləyirdi. Zərərçəkmiş şəxs bir müddət zəng çatmadıqdan sonra Tofiqə onunla əlaqə saxlayaraq on beş gündür ki, qaynatasıyla əlaqə saxlaya bilmədiyini demişdir. Tofiqəyə işdə olduğunu deyərək işdən çıxanda Nadirin yanına gedəcəyini söyləmişdir. Gəlib evə baxıb görmüşdür ki, qapı bağlıdır, darvaza bağlıdır, kişi özü də yoxdur. Bundan sonra sahə müvəkkilinə zəng etmişdir. Zahid müəllimə Zərərçəkmiş şəxs on beş gün ərzində telefonlara cavab vermədiyini və evdə də olmadığını bildirdikdə sahə müvəkkili iki-üç gün gözlədikdən sonra axtarışa verməli olduqlarını demişdir. İki-üç gün gözlədikdən sonra Nadirin gəlini rayondan gəlib ərizəsini yazmışdır. Bundan sonra polis əməkdaşları evə gedib qapıları açmış, evin içərisini və həyəti axtarmışdırlar. Ancaq Zərərçəkmiş şəxs tapılmadı. Aradan bir ay-ay yarım keçdi. Polis əməkdaşları da hər yeri axtardı. Həmin ərəfədə Sumqayıtın bütün xəstəxanalarını axtarmışdır. Bir müddət keçəndən sonra bir dəfə polis əməkdaşları ilə bağa getdikdən sonra bağdan qayıdanda avtomobilini çayxananın yaxınlığında saxlayaraq düşmüşdür. Həmin vaxt Tofiqəgil də avtomobildə idilər. Samirin çayxanada olduğunu görmüşdür. Samiri bayıra çağırmış, o da gəlmişdir. Samirə on-on beş gündür ki, Nadirə zəng çatmadığını bildirmiş və sonuncu barədə xəbəri olub-olmadığını soruşmuşdur. Təqsirləndirilən şəxs da Nadirin ona beş yüz manat verəcəyi olduğunu, iki-üç dəfə gedib darvazanı döydüyünü və Nadirin də qapını açmadığını demişdir. Bundan sonra o, Samirlə sağollaşmışdır. Aradan bir ay-ay yarım keçdikdən sonra işdə olan zaman sahə müvəkkili ona zəng edərək bağın metrmetr qazılması ilə bağlı rəisin göstərişi olduğunu söyləmişdir. Samir meyit aşkar edildikdən sonra tutulmuşdur. Sahə müvəkkili ona zəng etdikdən sonra işdən icazə alaraq Bakıdan daş bazarına gəlmiş, onunla yanaşı sahə müvəkkili və müstəntiq gəlmişdir. Bazardan iki fəhlə götürmüşdürlər. Bağda qum və s. var idi. Hər halda qazılan yeri tanımaq olur. Qumu və s. hamısını bir yerə yığmışdırlar. Hansı ki o otağa on dəfə girib baxmışdırlar. Kişinin də həmin otaqda üç dənə toyuğu var idi, toyuqları həmin otaqda saxlayırdı. Otağın plastik qapısı var idi. Pəncərədən baxıb görmüşdürlər ki, içəridə düz torpaqdır, qazılmış yerə oxşamır. Samir qazıb basdırandan sonra üzərini necə düzəldibsə, heç nə hiss olunmamışdır. Bu zaman fəhlələrdən biri çox belə şeylər gördüyünü və qapını qırmaqlarını demiş. Plastik qapı idi, beli qapının arasına salaraq qapını sındırmışdır. Fəhlə içəri girərək dedi ki, buradadır. Meyitin o otaqda olduğunu deyən fəhlə idi. Torpaq fəhlənin ayağının altnda idi, torpaq aşağı doğru çəkilirdi. Fəhlə yerə baxıb ayağının altının yerə batdığını deyərək qazılmış hissənin hara olduğunu dedi. Fəhlə bunu bildirdikdən sonra əl dəymədi. Prokurorluq, daxili işlər orqanlarının əməkdaşları gəldi. Özləri orada ekspertiza etdilər, çıxardılar. Həmin gecə də Samir saxlanıldı. Şahid3 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əri olmaqla münasibətləri hər zaman yaxşı olmuş, xx.xx.2004-cü il tarixdə Təqsirləndirilən şəxs ilə qeyri-rəsmi qaydada nikaha daxil olmuş və bu nikahdan 2-si oğlan, 1-i qız olmaqla 3 övladları dünyaya gəlmişdir. Təqsirləndirilən şəxs taxta ustası kimi müxtəlif evlərdə işləmiş, Samir usta kimi işləməyə getdiyi evlərə böyük oğlu Asim ilə birlikdə getmiş, sonuncu dəfə Samir oğlu Asim ilə birlikdə Nicat adlı polis əməkdaşının evində pilləkən düzəltmiş, təxminən xx.xx.2022-ci il tarixdə Samirə zəng çatmadığı üçün o, Samiri axtarmağa başlamış, bunun üçün Samirin tez-tez olduğu daş bazarı tərəfə gələrək Samiri soraqlamış, oradakı tanımadığı şəxslər Samiri görməkdiklərini söylədiklərindən, o, həmin ərazi üzrə 1-ci polis bölməsinə yaxınlaşmış, ora gəldikdə Təqsirləndirilən şəxs bölməyə gətirildiyini öyrənmiş, bölmədən ona Samirin niyə çağırıldığı söylənməmiş, bir qədər sonra Samir bölmədən çıxdıqdan sonra ona daş bazarı tərəfdə bir nəfərin yoxa çıxdığını və buna görə bölməyə çağırıldığını demiş, ondan da bu barədə soruşulacağı təqdirdə heçnə bilmədiyini söyləməyini xahiş etmiş, o, Samirdən itən şəxsin kim olmasını onunla nə əlaqəsi olmasını soruşsa da, Samir ona heç bir şey olmadığını, itən şəxsi tanımadığını bildirmişdir. Polis bölməsindən çıxıb evə gəldikdə Samir ona özünü psixoloji cəhətdən pis hiss etdiyini buna görə də xəstəxanada yatmaq istədiyini bildirmiş, Samir əvvəllər bir neçə dəfə psixi xəstəliyi ilə bağlı xəstəxanada yatdığından və müalicə aldığından o, Samirin yenidən müalicə üçün xəstəxanada yatmağına razı olmuş, bununla bağlı hazırlıq görərkən təxminən xx.xx.2022-ci il tarixdə saatını dəqiq xatırlamadığı vaxt, Samirlə evdə olarkən binanın komendantı Samirə zəng vuraraq çölə çağırmış, Samir çölə çıxdıqdan sonra bir müddət keçməsinə baxmayaraq geri qayıtmamış, o, oğlu ilə birlikdə mağazaya gedib qayıtdıqdan sonra binanın qarşısında mülki geyimli şəxslər onlara yaxınlaşaraq şəxsiyyətlərini dəqiqləşdirmiş və onlara Samirin Sumqayıt polis idarəsində saxlanıldığını, onlarında idarəyə getməli olduqlarını söyləmiş, onlar polis idarəsinə gəldikdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs adlı şəxsi öldürdüyünü öyrənmişdir. Daha sonra Şahid3 ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs tanımamış, Zərərçəkmiş şəxs barəsində Samir ona hər hansı bir məlumat verməmiş, yalnız polis idarəsinə gəldikdə Samirin Nadirin evində pilləkən düzəltdiyini öyrənmiş, təxminən 2022-ci ilin avqust aylarının ortalarında Samir evə gəldikdə üzündə cırmaq izləri görmüş və Samirdən nə baş verdiyini soruşmuş, Samir ona dam işi görən zaman küləyin dəmir parçasını üzünə çırpması nəticəsində xəsarət aldığını söyləmiş, bundan başqa təxminən sentyabr ayının ortalarında Samirin gecələri yata bilmədiyini, çox aqressiv olduğunu görmüş və onunla söhbətləşərkən Samirdən nə baş verdiyini soruşmuş, Samir ona 15-20 gün bundan əvvəl bir nəfər özündən yaşlı bir şəxslə dalaşdığını, həmin şəxsi itələdiyini və yıxılaraq başından xəsarət aldığını və xəstəxanada yatdığını söyləmiş, o, Samirdən nə üçün dalaşdığını həmin şəxsin vəziyyətinin necə olduğunu soruşmuş, Samir ona həmin şəxsin dövlətimiz və dövlət başçımız haqqında təhqiramiz sözlər söylədiyini buna görə də özünü saxlaya bilməyib həmin şəxsi itələdiyini, həmçinin həmin şəxsin vəziyyətinin artıq yaxşı olduğunu bildirmiş, bundan başqa Samir hər gün evdən işə gedəndə onu və uşaqları qucaqlayıb, öpür, sanki onları sonuncu dəfə görürmüş, o Samirin bu hərəkətlərindən heç nə başa düşmədiyindən, Samirdən nə üçün bizimlə belə, sanki həmişəlik sağollaşdığını soruqduqda, Samir heçnə olmadığını demiş, oğlu Asim Samirlə birlikdə Zərərçəkmiş şəxs evində işləməmiş, belə ki, oğlu Samirlə kimin evində işləyirdisə onun xəbəri olmuş, Zərərçəkmiş şəxs isə o heç vaxt tanımamış, hətta Samirin də orada işləməsindən xəbəri olmamış, Təqsirləndirilən şəxs psixoloji xəstəliyi ilə bağlı bir neçə dəfə Sumqayıt psixiatriya xəstəxanasında müalicə almışdır. Şahid4 məhkəmə istintaqı zamanı elan olunmuş ifadəsindən görünür ki, o, Şahid3 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsi ilə oxşar məzmunlu ifadə verərək göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, hadisə yeri Sumqayıt şəhəri, 21-ci mikrorayon ərazisində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin həyətidir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması” haqqında xx.xx.2022-ci il tarixli protokol məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, şübhəli şəxs Təqsirləndirilən şəxs ifadəsində göstərdiklərini hadisə yerində göstərməklə ətraflı təsvir etməsi təklif olunmuş və Sumqayıt şəhəri, 21-ci mikrorayon ərazisində yerləşən Zərərçəkmiş şəxs yaşadığı evin qarşısına gəlinmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs iş üzrə ifadəsində göstərdiklərini hadisə yerində göstərməsi təklif olundu. Təqsirləndirilən şəxs bildirdi ki, təxminən 2022-ci il iyul ayının əvvəlində Sumqayıt şəhəri, “Daş bazarı” adlanan ərazidə fəaliyyət göstərən çay evini işlədən İlqar adlı şəxs ona zəng edərək iş olduğunu və çay evinə gəlib ətraflı məlumat almağını bildirmiş, o, həmin çay evinə gəldikdə Zərərçəkmiş şəxs də orada əyləşmiş, İlqar onu Nadirlə tanış etdikdən sonra onlar təmir olunacaq evə yollanmış, Nadir ona 700 AZN məbləğində pul verərək təmir üçün materialları almağını bildirmiş, o, materialları Sumqayıt şəhəri 17-ci mikrorayon ərazisində Sarı Marketin yanında yerləşən Rabil adlı şəxsin işlətdiyi material dükanından alsa da, həmin material dükanına 150 AZN məbləğində borclu qalmış, Zərərçəkmiş şəxs bu haqqda məlumat versə də, Zərərçəkmiş şəxs, ona kobud şəkildə cavab verərək bu borcun Zərərçəkmiş şəxs marağlandırmadığını və pulu indi yox, iş bitdikdən sonra verəcəyini bildirmiş, həmin dövrdə o, başqa bir yerdə də usta işlədiyi üçün oradan aldığı pul ilə dükana yaranmış borcu bağlamış və Zərərçəkmiş şəxs yanında işləməyə davam etmiş, bundan bir müddət sonra, təxminən avqust ayının ortalarında Zərərçəkmiş şəxs ona zəng edərək gəlib işi yekunlaşdırmağını bildirmiş, o, Zərərçəkmiş şəxs ona pul veribvermiyəcəyini soruşduqda Zərərçəkmiş şəxs, ona pul verəcəyini və narahat olmamağını bildirmiş, o, Zərərçəkmiş şəxs evinə yollanaraq orada işləməyə davam etmiş, həmin gün Zərərçəkmiş şəxs ona 20 AZN pul vermiş, o, Zərərçəkmiş şəxs ona verdiyi puldan narazı qaldığı üçün təxminən 1 həftə Zərərçəkmiş şəxs evinə getməmiş, 1 həftə sonra təsadüfən Zərərçəkmiş şəxslə daş bazarında rastlaşmış, həmin vaxt Zərərçəkmiş şəxs ondan nə üçün gəlib işləmədiyini soruşmuş, o, Zərərçəkmiş şəxs narazılığını bildirərək ona pul vermədiyini və hər dəfəsində bir bəhanə gətirdiyini bildirmiş, Nadir ona narahat olmamağını və həmin evdə ona başqa işlərdə gördürəcəyini, pulunu verəciyini vəd edərək işə gəlməyini xahiş etmiş, həmçinin avqust ayının 12-si banka qoyduğu pulun faizini götürəcəyini və həmin pulu ona verəcəyini bildirmiş, onların daş bazarında rastlaşmağlarından təxminən 3-4 gün sonra o, Zərərçəkmiş şəxs evinə gələrək yenidən işləməyə başlamış, bir neçə saat işlədikdən sonra o, evinə çıxıb getmiş, təxminən iki gün sonra yenidən gələrək işləməyə başlamış, lakin, Zərərçəkmiş şəxs həmin gün kefinin olmadığını və buna görə də onun çıxıb getməyini və səhəri gün gəlməyini tələb etmişdir. Ardınca Təqsirləndirilən şəxs yaşayış evinin qapısının qarşısına gələrək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 10-11 radələrində yenidən Zərərçəkmiş şəxs evinə gəlmiş, evə gəldikdə evin qapısının açıq olduğunu görüb içəri daxil olmuş, onu görən Zərərçəkmiş şəxs işə başlamağını tələb etmiş, o, da işini davam etdirmiş, o, orada işlədiyi zaman Zərərçəkmiş şəxs ona pul verib-verməyəcəyini soruşduqda, Zərərçəkmiş şəxs onunla kobud şəkildə danışaraq pul vermiyəcəyini bildirmiş, o, Nadirə etiraz edərək çörək pulu olmadığını və övladlarının pula ehtiyacı olduğunu bildirdikdə, Zərərçəkmiş şəxs ona həyat yoldaşını yanına gətirməyini və bir gecəni onunla keçirəcəyi təqdirdə ona 100 AZN məbləğində pul verəcəyini bildirmiş, o, bundan qəzəblənərək Zərərçəkmiş şəxs bir neçə dəfə sillə vuraraq özünü yığışdırmasını söyləmiş, ardınca yenidən öz işini davam etdirməyə başlamış, bu zaman Zərərçəkmiş şəxs ona yaxınlaşaraq pol taxtası ilə kürək nahiyəsindən bir neçə dəfə vurmuş, o, yanında olan işlədiyi taxtalardan birini götürərək Zərərçəkmiş şəxs baş nahiyəsindən vurmuş, Zərərçəkmiş şəxs bu zərbədən səndələyərək sinəsi üstə stulun küncünə dəyib yerə yıxılmış, Zərərçəkmiş şəxs yerdə uzanıqlı vəziyyətdə olarkən ondan polisə şikayət edəcəyini bildirmiş, o, Zərərçəkmiş şəxs fikir verməyərək Zərərçəkmiş şəxs yıxıldığı stulu da götürərək, evdən çölə çıxıb stolda əyləşmiş, əlindəki taxtanı isə yaşayış olmayan qonşu həyətə tullamış, bir qədər çöldə oturduqdan sonra, yenidən evin qapısının qarşısında dayanaraq Zərərçəkmiş şəxs hərəkət edib etməməsinə baxmış, həmin vaxt Zərərçəkmiş şəxs yerdə uzanıqlı vəziyyətdə zarımış, Nadirin sağ olduğunu gördüyündən, evin qapısını kilidin üzərindəki açarla kilidləyib, həyəti tərk etmiş, bu zaman küçədə hərəkət edən avtomobil gördüyündən həyətin çöl qapısını kilidləmədən çıxıb getmişdir. Növbəti gün təxminən səhər saat 10 radələrində o, Zərərçəkmiş şəxs səhhətinə görə narahat olduğu üçün Nadirə zəng vurub hal-əhval tutmaq istəmiş, lakin, Zərərçəkmiş şəxs telefona cavab vermədiyindən o, Nadirin yaşadığı evə gəlmiş, Zərərçəkmiş şəxs evinə gələrkən çöl qapısını kilidləmədiyindən qapını açaraq həyətə daxil olmuş, ardınca üzərində götürdüyü topa açarla evin qapısını açaraq evə daxil olmuş, evə daxil olduqda Zərərçəkmiş şəxs dünən yıxıldığı yerdən nisbətən qapıya olan tərəf istiqamətdə yerdə hərəkətsiz vəziyyətdə uzandığını görmüş, o, Zərərçəkmiş şəxs nəfəs almadığını gördükdən sonra Nadirin dünənki mübahisə zamanı vurduğu üçün öldüyünü fikirləşib cinayəti gizlətmək üçün basdırmaq qərarına gəlmiş, o, Zərərçəkmiş şəxs kürəyindən tutaraq qucağına almış, evdən həyətə çıxartmış, həyətə çıxanda gözü həyətdəki təmirsiz yardımçı tikiliyə sataşmış və meyiti orada basdırmaq qərarına gəlmiş, bunun üçün Zərərçəkmiş şəxs həminki qaydada sürüyərək yardımçı tikiliyə gətirmiş, Zərərçəkmiş şəxs sürüyərək apardığından əynindəki şalvarı dizlərinə qədər düşmüş, yardımçı tikilinin içindəki girişlə üzbəüz otağa daxil olan zaman qapı çərçivəsinin aşağı hissəsinə ilişdiyindən Zərərçəkmiş şəxs şalvarı əynindən çıxmış, o, Zərərçəkmiş şəxs həmin otaqda girişdən sol tərəfə qoymuş və girişlə üzbəüz yeri bel ilə qazmağa başlamış, təxminən 1-2 saat ərzində torpağı 60-70sm qazdıqdan sonra Zərərçəkmiş şəxs ayaqları qapı tərəfə baş nahiyəsi isə otağın girişlə üzbəüz divarına doğru nisbətən sağ çiyni üstə boksçu vəziyyətində uzatmış, ardınca əynindən çıxmış şalvarı da Zərərçəkmiş şəxs basdırdığı yerə atmış və üzərini torpaqla örtmüş, yardımçı tikilinin girişindəki taxta parçalarını isə qazdığı yerin üzərinə qoymuş, ardınca cinayəti gizlətməklə bağlı olan hərəkətlərini davam etdirərək evdə stolun üzərində olan Zərərçəkmiş şəxs məxsus Nokia markalı telefonu götürmüş, həmçinin evin qapısını çöldən bağlamış, yaşayış evinin həyətindən çıxaraq çöl qapısını da bağlamış, daha sonra Zərərçəkmiş şəxs məxsus telefonu söndürərək topa açarlarla birlikdə 17-ci mikrorayon ərazisində yerləşən Fidan market adlı mağazanın yaxınlığında yerləşən zibil qutusuna atmış, bütün bunlardan sonra o, evə gedərək yatmış, təxminən bir iki gün sonra həyat yoldaşı Vüsalə onun aqressiv davrandığını bildirərək nəsə olub-olmamasını soruşmuş, o, Vüsaləyə daş bazarı tərəfdə bir nəfərlə mübahisə etdiyini bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli elektron məlumat daşıyıcısına baxış protokolundan görünür ki, diskdə 1 ədəd 23915.zip adlı fayl var. Həmin faylı açdıqda 1) antena23915.xls, 2) abuneciler23915.xls, 3)**********78.txt, 4)**********91.txt, 5) 514045878_SMS.txt, 6) 503356391_SMS.txt adlı 6 ədəd fayl vardır. Abuneciler 23915.xls faylına daxil olduqda görünür ki, 39 ədəd mobil nömrənin hansı şəxslərə məxsus olması qeyd edilmişdir. Həmin faylın 1-ci sətrində qeyd olunmuşdur ki, ********* saylı mobil nömrə Təqsirləndirilən şəxs məxsusdur. 2-ci sətrdə qeyd olunan ********* saylı mobil nömrə Zərərçəkmiş şəxs məxsusdur. Digər sətirlərdi iş üzrə əhəmiyyət kəsb edəcək nömrə aşkar edilmədi. Antena 23915.xls faylına daxil olduqda görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs özlərinə məxsus telefonlar ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək mütəmadi olaraq əlaqə saxlamışlar. Zərərçəkmiş şəxs özünə məxsus **********91 saylı mobil nömrə ilə xx.xx.2022-ci il tarixdə saat 10:58:21-də Təqsirləndirilən şəxs istifadəsində olmuş 00**********78 saylı mobil nömrəyə zəng vurmuş və zəng müddəti 21 saniyə olmuşdur. Həmin vaxt Zərərçəkmiş şəxs anten dairəsi Sumqayıt şəhəri, Corat qəsəbəsi kimi göstərilmişdir. Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə, saat 10:59:01-də yenidən Təqsirləndirilən şəxs zəng vuraraq aralarında 1169 saniyə danışıq aparılmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs anten dairəsi yenə də Sumqayıt şəhəri, Corat qəsəbəsi kimi göstərilmişdir. Həmin tarixdə saat 15:07:43-də Zərərçəkmiş şəxs yenidən Təqsirləndirilən şəxs zəng vuraraq 108 saniyə danışıq aparmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs anten dairəsi Sumqayıt şəhəri kimi göstərilmişdir. Saat 17:14:46-da Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs zəng vurmuş və zəng müddəti 30 saniyə olmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs anten dairəsi Sumqayıt şəhəri, Corat qəsəbəsi kimi göstərilmişdir. Bundan sonra Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs hər hansı bir tarixdə zəng vurmamışdır. Yalnız xx.xx.2022-ci il tarixdə saat 10:16:01-də Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs zəng vurmuş və zəng müddəti 27 saniyə davam etmişdir. xx.xx.2022-ci il tarixdə, saat 18:13:33-də Təqsirləndirilən şəxs yenidən Zərərçəkmiş şəxs zəng vurmuş və zəng müddəti 31 saniyə davam etmişdir. xx.xx.2022-ci il tarixdə, saat 18:53:09-da Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yenidən zəng vurmuş və zəng müddəti 17 saniyə davam etmişdir. xx.xx.2022-ci il tarixdə, saat 19:08:07-də Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs zəng vurmuş və zəng müddəti 74 saniyə davam etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs hər hansı bir tarixdə zəng vurmamışdır. Digər fayllarda iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilmədi. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “MTE və PA Birliyi” Publik hüquqi şəxsin Sumqayıt şəhər şöbəsinin xx.xx.2022-ci il tarixli, 132 saylı məhkəmə-tibb ekspertizası rəyindən görünür ki, 1941-ci il təvəlüüdlü mərhum Zərərçəkmiş şəxs meyitinin məhkəmə tibbi müayinəsinə, laborator müayinələrin cavablarına, ölüm haqqında olan ilkin məlumatı nəzərə alıb qərarda qoyulmuş suallara əsasən aşağıdakı nəticəyə gəlirəm: Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər aşkar olunmuşdur: Sol İİ, Vİ-Xİİ qabırğaların qoltuq xətti boyunca, sağ İİ-X qabırğaların məmə xətti boyunca yerdəyişən sınıqları. Sol ağ ciyərin cırılmış, yaraları. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmişdir, törənmə müddəti meyitin müayinəsindən 1,5-2 ay əvvəl olmaqla müxtəlif şəraitdə, o cümlədən kənar şəxs tərəfindən yüksək fiziki təzyiq altında itələnmə zamanı öz boyu hündürlüyündən 70 sm hündürlüyündə olan stulun kənarına dəyməsi nəticəsində əmələ gəlməsi inkar olunmur və dərəcəsinə görə yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs ölümünə səbəb döş qəfəsinin küt travması nəticəsində sol ağciyərin cırılması ilə müşayət olunan daxili qanitirmə olmuşdur. Gecikmiş meyit əlamətlərinə əsasən o cümlədən qərarda qərarda göstərilən tarixə əsasən ölüm meyitin müayinəsindən 1,5-2 ay əvvəl baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş əzələdə məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2022-ci il tarixli, 22/777 saylı məhkəmə-genetik ekspertizası rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 04 (dörd) ədəd sümük nümunəsinin məxsus olduğu kişi cinsindən olan şəxs ilə X5 arasında 99.99% ehtimalla bioloji valideyn, bioloji övlad qohumluq əlaqəsi mövcuddur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli 4768 saylı komisyon kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizası rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur. Emosional-iradi sferasında qıcığa qarşı həssaslıq, emosional qeyrisabitlik aşkar olunmaqla xasiyyətin psixopatik cizgiləri müəyyən edilir.Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs taxta parçası ilə zərbə yetirərkən psixiemosional vəziyyətində hirslilik yaranmışdır. xx.xx.2022-ci il tarixdə törətdiyi cinayət əməlini gizlətmək məqsədilə Zərərçəkmiş şəxs meyitini basdırarkən psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs hər iki cinayət əməlini törədərkən emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən keçirdiyi emosional halın yaranma səbəbləri onda müəyyən edilən xasiyyətin psixopatik cizgiləri fonunda situasiya ilə sərtləşmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır . Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Sumqayıt şəhər Narkoloji Dispanserin xx.xx.2022-ci il tarixli, 4385 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərara əsasən 01 ədəd CD disk maddi sübut kimi tanınmışdır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs övladları X10 oğlu xx.xx.2013-cü il, X3 xx.xx.2018-ci il təvəllüdlü olmaqla azyaşlı, Şahid4 xx.xx.2007-ci il təvəllüdlü olmaqla yetkinlik yaşına çatmayandır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş tələbnaməyə alınmış cavabdan görünür ki, Təqsirləndirilən şəxs ödənilməmiş və götürülməmiş məhkumluğu yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin səksən yaşının olmasını, zərərçəkmiş şəxsə yetirmiş olduğu xəsarətin ölümcül ola biləcəyini bilməməsi, evdən çıxıb gedən zaman zərərçəkmiş şəxsin ağır xəsarət almasından xəbəri olmaması barədə verdiyi ifadələrini onun müdafiə mövqeyinə söykənən, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs , Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlillər əsassızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə xüsusilə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə bu nəticəyə gələrkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli 3 nömrəli qərarının 13-cü bəndini də nəzərə alır. Həmin qərarın 13-cü bəndinin izahına görə CM-in 120.2.9-cu maddəsi ilə məsuliyyət (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) o vaxt yaranır ki, zərərçəkmiş şəxs özünün fiziki və ya psixi qüsurlarına görə təqsirkara müqavimət göstərmək imkanına malik olmur və cinayət törədən zərərçəkmişin köməksiz vəziyyətdə olduğunu dərk edir. Köməksiz vəziyyətdə olmaq dedikdə zərərçəkmişin qoca, xəstə, azyaşlı, bəzi hallarda yetkinlik yaşına çatmamış olması, özündən getmə, huşsuz, yatmış, bərk sərxoş vəziyyətdə olması kimi hallar başa düşülməlidir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.9cu maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.9-cu maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinin, bir yetkinlik yaşına çatmayan uşağının olması Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinin tələblərinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs öldürmüş olduğu Zərərçəkmiş şəxs təvəllüdü 1941-ci il olduğundan 61.1.7-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran haldır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 03 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 03 oktyabr 2022-ci il tarixdən hesablanmışdır. Ona görə də məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 03 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.1.-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-cimaddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırki iş üzrə müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.9-cu maddəsi ilə təqsirli bilinib, 16 (on altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkilməsinin əvvəli 03 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilməsin. İş üzrə maddi sübut olan 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılması nəzərər alınsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar