Məhkəmə qərarları › İş №1(124)-95/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-95/2024

17.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-95/2024 17.09.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1989-cu il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, Yevlax şəhəri, E.Məmmədov küçəsi ev 130-da qeydiyyatda olmaqla Bakı şəhəri, Zabrat qəsəbəsi, Samir Əliyev küçəsində yerləşən nömrəsiz evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 234.4.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yerləşdiyi Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 12 oktyabr 2022-ci il tarixdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satma barədə İran İslam Respublikası vətəndaşı “Elşən” adlı şəxslə “WhatsApp” proqram vasitəsilə əlaqə saxlayıb əvvəlcədən vəd verməklə onunla razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, sonra bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən İran İslam Respublikası vətəndaşı “Elşən” adlı şəxs naməlum tarixdə, vaxtda və şəraitdə şəxsiyyətləri istintaqa məlum olmayan qeyriləri vasitəsi ilə ümumilikdə 1065 qram çəkidə, külli miqdarda narkotik vasitə heroini Sumqayıt şəhəri, Novxanı Bağları, Tofiq İsmayılov küçəsində yerləşən nömrəsiz fərdi evlərdən birinin yaxınlığına 01 (bir) ədəd sellofan bağlamada gizlədib yerləşdirərək, daha sonra həmin bağlamanın geolokasiyasını Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefonda quraşdınlmış “WhatsApp” proqram təminatına göndərmiş, Təqsirləndirilən şəxs isə sonuncunun təlimatı və şifarişi əsasında Sumqayıt şəhəri, Novxanı Bağları, Tofiq İsmayılov küçəsinə gedərək ayrı-ayn müştərilərə çatdırılması, həmçinin satışının həyata keçirilməsi üçün onun göndərdiyi külli miqdarda narkotik vasitəni satış məqsədi ilə əldə edib üzərində saxlayaraq daşıyarkən Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində 12 oktyabr 2022-ci il tarixdə saat 20:20-də həmin ərazidə yerləşən fərdi evlərdən birinin yaxınlığında saxlanılıb Sumqayıt ŞPİ-nə gətirildikdən sonra, polis idarəsinin xidməti otaqlarının birində üzərinə şəxsi axtarış aparılarkən satış məqsədilə əldə edib sağ əlində 01 (bir) ədəd ağ rəngli sellofan bağlamada saxladığı təmiz çəkisi 1065 qram, külli miqdarda qəhvəyi rəngli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirsiz bilərək ifadəsində göstərmişdir ki, o, hadisə günü Saray qəsəbəsində olmuşdur. Polis əməkdaşları onu Saray qəsəbəsində saxlamış, onun üzərinə və ona məxsus olan avtomobilə baxış keçirmişdirlər. Polis əməkdaşları tərəfindən üzərinə baxış zamanı heç bir şey aşkar olunmamışdır. Daha sonra isə polis əməkdaşları onu başqa bir maşına əyləşdirmiş və Novxanı ərazisinə yollanmış, Novxanı ərazisində olan bağlamanı götürmək barədə ona hədə-qorxu gəlmişdilər. Bağlamanı polis əməkdaşlarının hədə-qorxusu nəticəsində götürdükdən sonra onlarla birlikdə polis bölməsinə getmiş, yarım saatdan sonra vəkil gəlmişdir. O, vəkildən ailəsinə hadisə haqqında məlumat verməyinə köməklik göstərməsi barədə xahiş etmiş və aşkar olunan bağlamanın ona məxsus olmamasını bildirmişdir. Bir az keçdikdən sonra isə polis əməkdaşları vəkili otaqdan çıxartmış və yenidən ona hədə-qorxu gəlməyə başlamışdırlar. Dövlət ittihamçısının suallarına təqsiriləndirilən şəxs Təqsirləndirilən şəxs cavab olaraq narkotik vasitələrdən heroin və marixuana istifadə etdiyini bildirmişdir. O, İİR vətəndaşı olan Elşəni tanımamışdır. Tutulduğu günə qədər onun istifadəsində “Redmi” markalı mobil telefonla birlikdə “050 746 60 81 və ***-***-**-**” nömrələr olmuşdur. Mobil telefon nömrələrindən biri onun, digəri isə arvadının adına olmuşdur. O, 5-6 nəfər polis əməkdaşları tərəfindən təxmini olaraq 5-10 dəqiqədən artıq müddət ərzində döyülmüşdür. Polis əməkdaşları onun üz nahiyəsinə vurmamış, bədəninə vurmuşdular. Polis əməkdaşları tərəfindən tutulan zaman maşında onu dayanmadan döymüşdülər. O, polis bölməsində döyülməyi ilə bağlı hər şeyi vəkilə demək istəyəndə polis əməldaşları bu görüşü təmin etməmişdilər. Polis bölməsində olduğu zaman 3-4 nəfər polis əməkdaşı olmuşdur, onu döyən polis əməkdaşlarının adlarını bilməmişdir. Polis əməkdaşlarının onu döyməsi nəticəsində xəsarət almamış, müvəqqəti saxlanma yerlərinə daxil olduğu zaman bədənində hər hansı xəsarət aşkar olunmamışdır. Polis əməkdaşları heç kəsə bu haqda məlumat verməməsi barədə ona hədə-qorxu gəlmişdilər. O, telefon vasitəsilə narkotik vasitələrin alqı-satqısı ilə bağlı heç kimlə mesajlaşmamışdır. Müdafiəçinin suallarına təqsiriləndirilən şəxs Təqsirləndirilən şəxs cavab olaraq bildirmişdir ki, o, polis bölməsində olduğu zaman polis əməkdaşlarına ailəsi ilə əlaqə saxlamağı və özünün müqaviləli vəkili olmasını istəmiş, lakin polis əməkdaşları buna şərait yaratmamışdır. Polis əməkdaşları onu Saray Qəsəbəsi ərazisində saxlamışdılar. Məhkəmə tərkibinin suallarına Təqsirləndirilən şəxs cavab olaraq polis əməkdaşlarının ona qarşı hədə-qorxu gəldiyini və onlar tərəfindən döyüldüyünü bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində ona Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 234.4.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, sonuncu dəfə 12 oktyabr 2022-ci il tarixdə axşam saatlarında, saat 20:20də Sumqayıt şəhəri, Novxanı Bağları, Tofiq İsmayılov küçəsində əlində olan sellofan torba ilə birlikdə piyada hərəkət edən zaman ona iki nəfər mülki geyimli şəxslər yaxınlaşaraq, onu saxlamışlar. Daha sonra həmin şəxslər özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər və onun külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu izah edib, saxlanılma səbəbini, hüquq və vəzifələrini izah etmişlər. Polis əməkdaşları həmçinin onu barəsində əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edərək, bundan sonra onu Sumqayıt ŞPİ-nə dəvət etmişlər, polis əməkdaşlarının təklifindən sonra öz razılığı ilə onlarla birlikdə Sumqayıt ŞPİ-nə gəlmiş, polis idarəsinin inzibati binasına daxil olduqdan sonra xidməti otaqlarından birinə dəvət edilmiş və orda narkotik tərkibli maddələri qanunsuz olaraq əldə etməkdə, üzərində gəzdirməkdə, istifadə etməkdə və satışı ilə məşğul olmaqda şübhəli olduğundan saxlandığını bir daha polis əməkdaşları ona bildirib, hüquq və vəzifələrini izah etməklə ona hüquq və vəzifələrinin izahına dair yazılı bildiriş təqdim etmişlər. Həmçinin üzərinə şəxsi axtarış aparılacağı qeyd edilmiş, buna etiraz etməmiş, həmin vaxt video kameradan istifadə olunmaqla çəkilişdə aparılmışdır. Həmçinin hüquq və qanuni mənafelərinin müdafiəsi üçün oraya ona təqdim edilmiş siyahıdan seçdiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosundan vəkil Vüqar Mahmudovda dəvət edilmiş, polis əməkdaşlarının və hüquq, eləcədə qanuni mənafelərinin müdafiəsi üçün dəvət edilmiş vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış aparılan zaman polis əməkdaşlarının təklifi ilə sağ əlində saxladığı ağ rəngli sellofan torbanı təqdim edərək içərisində narkotik vasitə olduğunu, həmin narkotik vasitəni həmin gün təxminən iki ay əvvəl sosial şəbəkədə tanış olduğu, ancaq adının “Elşən” olduğunu və İran İslam Respublikası vətəndaşı olduğunu bildiyi, barəsində digər anket məlumatlarını bilmədiyi şəxsin ona dediyi yerdən, yəni Sumqayıt şəhəri ərazisindən onun dediyi yerə qoymaq üçün götürdüyünü və üzərində gəzdirdiyini bildirmişdir. Həmçinin bunun müqabilində 100 manat pul əldə etməli olduğunu, əvvəllərdə üç dəfə özünü ona “Elşən” kimi təqdim edən şəxsin dediyi yerdən narkotik vasitəni götürüb, göstərdiyi yerlərə narkotik maddə qoymaqla təxminən 1000-1100 manat pul əldə etdiyini bildirmişdir. Bundan əlavə polis əməkdaşlarının təklifindən sonra əynində olan şalvarının sağ yan cibində saxladığı 52 manat pulu, həmin şalvarın sol yan cibindən “Mİ” markalı mobil telefonunu və özünə məxsus şəxsiyyət vəsiqəsinidə çıxarıb təqdim etməklə xidməti otaqdakı masanın üzərinə qoymuşdur. Daha sonra təqdim etdiyi sellofan bağlamadakı narkotik vasitə olan heroin qablaşdırıldığı sellofan torbanın içərisinə baxış keçirilməklə elektron tərəzidə çəkilmiş, narkotik vasitənin ümumi çəkisinin 1 kq 83 qram olduğu müəyyən edildikdən sonra isə İçərisi boş ağ rəngli zərfə qoyulmaqla qablaşdırılaraq götürülmüşdür. Bundan əlavə təqdim etdiyi pul əskinasları araşdırma üçün əməhiyyət kəsb etmədiyi ona izah edilməklə, özünə qaytarılmış, ancaq ona məxsus mobil telefon və şəxsiyyət vəsiqəsi araşdırma üzrə əhəmiyyət kəsb etdiyi ona izah edilməklə götürülmüşdür. Ən sonda polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş, ancaq üzərindən başqa qanunla saxlanılması və ya daşınması qadağan edilmiş digər əşya və ya predmet aşkar edilməmişdir. Bütün bunlardan sonra isə polis əməkdaşları üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib etmişlər, həmin protokol ucadan oxunmuş, protokola əlavə və düzəlişlər daxil olmadığı üçün üzərində imzalar edilmiş, o da öz növbəsində tərtib edilmiş protokolla tanış olaraq imzası ilə təsdiq etmişdir. Nə saxlanılarkən, nə də sonradan polis idarəsinin inzibati binasında olarkən polis əməkdaşları tərəfindən ona qarşı hər hansı formada fiziki qüvvə tətbiq edilməmiş, eləcədə digər qeyri qanuni hərəkətlərə yol verilməmiş, narkotik tərkibli maddələrdən istifadə etməmiş, narkotik vasitələrin və ya psixotrop tərkibli maddələrin alqı satqısı ilə məşğul olmasa da, ancaq narkotik tərkibli maddələrin dövriyyəsi ilə məşğul olmuş, yəni sosial şəbəkədə tanış olduğu, ona özünü İran İslam Respublikası vətəndaşı Elşən adlı şəxs kimi təqdim edən şəxsin dediyi yerdən narkotik maddələri götürərək, başqa bir yerə qoymaq müqabilində maddi qazanc əldə etmiş, əvvəllərdə üç dəfə bu cür maddi qazanc əldə etmiş, ancaq bu işlə məşğul olmağından heç kimin xəbəri olmamış, Elşən adlı şəxsin ancaq adını, birdə İran İslam Respublikası vətəndaşı olduğunu bilmiş, bir də ona məxsus mobil telefonunda həmin şəxsin əlaqə nömrəsi olmuş, həmin nömrəni əzbər bilməmişdir. Məhkəmə tərkibinin suallarına Təqsirləndirilən şəxs cavab olaraq bildirmişdir ki, o, polis əməkdaşlarına heroin istifadə etdiyini demişdir. O, ibtidai istintaq zamanı polis əməkdaşlarının hədə-qorxu gəlməsi nəticəsində onların dediklərini öz ifadəsində demiş, onun üzərində narkotik vasitə olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etməmişdir. O, istifadəsində olan mobil telefonun kodunu polis əməkdaşlarına demişdir. Onu saxlayan polis əməkdaşları ilə bir-birilərinə qarşı düşmənçilik və ədavət olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsində baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, iş üzrə Təqsirləndirilən şəxs 12 oktyabr 2022-ci il tarixdə təxmini saat 20:00 radələrində Sumqayıt şəhəri, Novxanı qəsəbəsi, Tofiq İsmayılov küçəsi yaxınlığında tərəflərindən saxlanılmış, Sumqayıt Şəhər Polis Şöbəsinə aparılmış, orada üzərinə şəxsi axtarış keçirilmiş və üzərinə şəxsi axtarış keçirilən zaman əlində olan sellofan torbanı özü təqdim edərək, sosial şəbəkə vasitəsilə İİR vətəndaşı kimi özünü təqdim edən Elşən adlı şəxsdən aldığını bildirmiş və Elşənin dediyi müvafiq ünvanlara təhvil verəcəyini qeyd etmişdir. Təqsirləndirilən şəxs həmçinin bunun müqabilində pul alacağını da bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsində baş əməliyyat əməliyyat müvəkkili polis mayoru Şahid2 ifadəsində göstərmişdir ki, Şahid1 iş üzrə Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs Novxanı ərazisində şübhəli şəxs qismində saxlanılmış, onun üzərinə baxış keçirilməzdən öncə polis bölməsinə aparılmışdır. Polis bölməsində olan zamanı təhqiqatçının, vəkilin və polis əməkdaşlarının iştirakları ilə üzərinə baxış keçirilmiş, özü sol əlindəki sellofan torbanı stolun üzərinə qoyub narkotik vasitə heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs şalvarının cibində pul, ona aid şəxsiyyət vəsiqəsi və mobil telefon olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitəni İİR vətəndaşı kimi özünü təqdim edən Elşən adlı şəxsdən aldığını bildirmişdir. Birinci dəfə narkotik vasitəni ondan tanışlıq məqsədilə almış, daha sonra isə münasibətləri yaranmağa başlanmışdır. İİR vətəndaşı Elşən narkotik vasitələri Elxana vermiş, Elxan da onları müvafiq ünvanlara yerləşdirərək bunun müqabilində İİR vətəndaşı kimi özünü təqdim edən Elşəndən pul almışdır. Daha sonra isə onlar Elxanın üzərindən aşkar olunan narkotik vasitəni qablaşdıraraq götürmüş və protokollaşdırmışdılar. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahid ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan şəxsi axtarış keçirilməsi haqqında 12 oktyabr 2022-ci il tarixli protokol və həmin protokola əlavə edilmiş, qeyd olunan əməliyyat-axtarış tədbirinin videogörüntüsünü əks etdirən disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, Təqsirləndirilən şəxs sağ əlində saxladığı sellofan torbanı təqdim edərək içərisində narkotik vasitə olduğunu bildirir, əynində olan şalvarın cibindən 52 manat pulunu, şəxsiyyət vəsiqəsini, içərisində ***-***-**-** və ***-***-**-** GSM nömrə olan “Mİ” markalı mobil telefonunu təqdim edərək masanın üzərinə qoyur. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan torbaya baxış keçirilən zaman içərisində 1 ədəd sellofan bağlamada qəhvəyi rəngli narkotik vasitə heroin olması müəyyən edilir. Həmin sellofan torbada aşkar edilmiş kütlə zərfə qoyularaq qablaşdırılır və möhürlənir. Təqsirləndirilən şəxs narkotik vasitəni təxminən iki ay əvvəl sosial şəbəkə tanış olduğu özünü ona İran İslam Respublikası vətəndaşı kimi təqdim edən Elşən adlı şəxsdən əldə etdiyini, həmin Elşən adlı şəxsin ondan Sumqayıt şəhəri ərazisində olan narkotik vasitəni qoyulduğu yerdən götürüb, onun göstərdiyi ünvana yerləşdirməsi müqabilində ona 100 manat pul verəcəyinə söz verdiyindən narkotik vasitəni Sumqayıt şəhəri Novxanı bağları ərazisindəki qoyulduğu yerdən ona sonradan deyiləcək ünvana yerləşdirməsi üçün götürdüyünü, əvvəllər də həmin şəxsin xahişi ilə bir neçə dəfə narkotik vasitələri qoyulduğu yerdən götürərək ona verilmiş ünvanlara yerləşdirdiyini, bunun müqabilində təxminən 1000-1100 manat pul əldə etdiyini, özünün narkotik vasitə istifadəçisi olmadığını bildirmişdir. Daha sonra aşkar olunan bir ədəd sellofan torba, həmçinin telefon müvafiq qaydada qablaşdırılaraq möhürlənmiş və götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş xx.xx.2022-ci il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar, eyni tarix və məzmunlu raportdan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Sumqayıt şəhəri ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs istifadəsində olan "Mİ" markalı mobil telefona baxış keçirilməsi haqqında 13 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxsin telefonun şifrəsi kimi bildirdiyi “1-4-7-8-9” rəqəmlərinin ardıcıl birləşməsi nəticəsində telefon işlək vəziyyətə gəlməmiş, buna görə də telefonun yaddaşındakı məlumatlara baxış keçirilməsi mümkün olmamış, mobil telefona ancaq vizual baxış keçirilməklə kifayətlənilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/5900 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd sellofan bağlamada təmiz çəkisi 1065 qram olan, qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 6344 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 13 oktyabr 2022-ci il tarixli Sumqayıt şəhər məhkəməsinin qərarından görünür ki, Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” 12 oktyabr 2022-ci il qərarı qanuni hesab edilmişdir. Cinayət işinin materiallarında olan Azercell MMC”dən daxil olan diskə baxış keçirilməsi barədə 12 yanvar 2023-cü il tarixli protokol və qeyd olunan disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən Təqsirləndirilən şəxs istifadəsində olan nömrəyə narkotik vasitələrin satışını ehtiva edən “Qaqa denen onu dobru elesinde qardasimsan” kimi müxtəlif məzmunlu mesaj mətnlərinin olduğu müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 13 yanvar 2023-cü il tarixli “Sübutların qiymətləndirməsi haqqında” qərardan görünür ki, 1 (bir) ədəd sellofan bağlamada ekspertiza tədqiqatından sonra 1064,95 qram qalıq narkotik vasitə heroin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq saxlanması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş, 2 ədəd disk maddi sübut hesab edilərək cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilmiş Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının 23 saylı evlər komitəsi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yaşamışdır. Təqsirləndirilən şəxs haqqında evlər komitəsinə heç bir şikayət daxil olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İnformasiya idarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Bundan başqa, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə yanaşı Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi ilə ittiham verilmişdir. Dövlət ittihamçısı yekun nitqində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi ilə verilmiş ittihamdan və aparılan cinayət təqibindən imtina etdiyini bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 41.3-cü maddəsinə əsasən, dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edan halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1 və 43.1.1-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində dövlət ittihamçısı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Bundan başqa, həmin Məcəllənin 314.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı dövlət ittihamçısının ittihamın müdafiəsindən imtina etdiyi halda (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verməlidir. “Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2008-ci il tarixli qərarının nəticə hissəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1-ci və 314.2-ci maddələrində nəzərdə tutulan dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina etməsi ittihamdan həm tam, həm də qismən imtina edilməsini ehtiva edir. Dövlət ittihamçısının verilmiş ittihamdan qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi ilə imtina etməsinə görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində həmin maddə ilə aparılan cinayət təqibinə xitam verilməli, o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi məhkəmədə təkzib edilməz və mötəbər sübutlarla təsdiq edildiyindən bu əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilirlər. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaqı zamanı verdiyi etirafedici ifadəsini, şahid ifadələrini, habelə cinayət işinin materiallarında olan çoxsaylı mötəbər sübutları ayrıayrılıqda və məcmu halında təhlil edib nəzərə alaraq və qeyd edilən sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadədə özünü təqsirsiz bilməsi, narkotik vasitənin satışı ilə məşğul olmaması, narkotik vasitəni yalnız öz şəxsi istifadəsi məqsədilə əldə etməsi, verilmiş ittihamda qeyd olunan narkotik vasitələrin ona məxsus olmaması, polis əməkdaşlarının fiziki və psixi təsiri altında öz üzərinə götürmək məcburiyyətində qalması barədə söylədiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Həmçinin təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı 16 yanvar 2023-cü il tarixdə təqsirləndirilən şəxs kimi verdiyi ifadə iş üzrə tədqiq edilmiş digər sübutlarla təsdiq edildiyindən əsas götürülməlidir. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyri-məhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). Yuxarıda qeyd edildiyi kimi, düzgün tövsifə nail olmaq üçün işin həqiqi halları müəyyən edilməli, daha sonra bu hallara uyğun cinayət qanununun norması seçilərək tətbiq edilməlidir. İşin həqiqi hallarının müəyyən edilməsinin prosessual qaydaları Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 139.0-cı maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Daha sonra qanunverici yuxarıda sadalanan halların sübuta yetirilməsinin qaydalarını da müəyyən edərək CPM-nin 124.1-ci maddəsində sübutların anlayışını, 124.2-ci maddəsində isə sübutların siyahısını vermişdir. Həmin Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2.1-146.2.3-cü maddələrinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi ibtidai araşdırmanın və ya məhkəmə baxışının məqsədyönlü aparılmasına, cinayət təqibi üzrə məhkəmə perspektivinin vaxtında müəyyən edilməsinə, cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə nail olunmasına kömək edir. Həmin Məcəllənin 145.3-cü maddəsinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Göstərilən normaların tələbləri baxımından baxılan işdəki sübutlara əsasən təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət vermək zəruridir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Qeyd edilən Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Göstərilənləri qeyd etməklə məhkəmə tərkibi qeyd edir ki, iş üzrə sübutların mötəbərliyi şübhə doğurmur, sübutlar Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edilməklə, təqsirləndirilən şəxsin hüquqları pozulmadan əldə edilmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının — xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X2 olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxs əsasən Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə ailəsinin mövcud durumunu, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də Təqsirləndirilən şəxs CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək ona həmin maddələrin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Cəza çəkmə müddətinin başlanğıcı da Təqsirləndirilən şəxs tutulduğu xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan və Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş 1064,95 qram qalıq narkotik vasitə heroin məhv edilməli və 02 ədəd diskin cinayət işinin materiallarında saxlanması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Cinayət işi üzrə məhkəmə ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 65 (altmış beş) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məbləğ Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə xüsusi müsadirə edilməli olan əmlak və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3 maddələri ilə təqsirli bilinib 9 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi ilə aparılan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş ekspertiza tədqiqatından sonra 1064,95 qram qalıq narkotik vasitə heroin məhv edilsin, 02 ədəd diskin iş materiallarında saxlanması nəzərə alınsın. Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar