Məhkəmə qərarları › İş №1(124)-96/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-96/2023

06.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-96/2023 06.04.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxxxx 1985-ci ildə Türkmənistan Respublikasının Krasnovodsk şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2n, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı Rza adlı şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halında sonuncunun göndərdiyi satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda xarici görünüş əlamətlərinə və kimyəvi komponentlərinə görə eynilik təşkil edən 02 ayrı-ayrı bükümlərdə ümumi təmiz çəkisi 668,006 qram narkotik vasitə heroini, külli miqdarda xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edən 02 ayrı-ayrı bükümdə ümumi təmiz çəkisi 644,362 qram psixotrop maddə olan metamfetamini, şəxsi istehlak miqdarından artıq miqdarda 01 bükümdə təmiz çəkisi 445 qram narkotik vasitə qurudulmuş marixuananı, üzərində «Methadone 40» göstəriciləri olan dərman konvolyutunda 516 ədəd olan açıq qəhvəyi rəngli «F/M 40» göstəricili dərman həblərinin əsas təsiredici maddəsi olan, həmin həblərin tərkibində metodonun təsir maddəsinin ümumi miqdarı 20,64 qram təşkil edən metodonu 2022-ci ilin yanvar ayının əvvəllərində Bakı şəhəri Xəzər rayonu ərazisində əldə edib daşıyaraq üzərində saxlamış, 23 fevral 2022-ci il tarixdə saat 00:15də Sumqayıt şəhəri, 3-cü mikrorayon 25 saylı evin yaxınlığında Azərbaycan Respublikası DİN-in BNMİ-nin əməkdaşları tərəfindən saxlanılaraq, həmin İdarəyə gətirilmiş və orada üzərinə şəxsi axtarış aparılarkən əynində olan qara rəngli gödəkçənin sol yan iç cibindən külli miqdarda 01 bükümdə təmiz çəkisi 94, 362 qram psixotrop maddə olan metmfetamin, külli miqdarda 01 bükümdə təmiz çəkisi 143, 006 qram olan narkotik vasitə heroin, xx.xx.2022-ci il tarixdə saat 03:20-də onun yaşadığı Sumqayıt şəhəri 3-cü mikrorayon ev 25 mənzil 28-ə keçirilmiş baxış zamanı mənzilin yataq otağında yerləşən taxta konstruksiyalı dolabın üst hissəsində olan qəhvəyi rəngli çantadan şəxsi istehlak miqdarından artıq miqdarda 01 bükümdə təmiz çəkisi 445 qram narkotik vasitə qurudulmuş marixuana, külli miqdarda 01 bükümdə təmiz çəkisi 550 qram psixotrop maddə olan metamfetamin, külli miqdarda 01 bükümdə təmiz çəkisi 525 qram narkotik vasitə olan heroin, üzərində «Methadone 40» göstəriciləri olan dərman konvolyutunda 516 ədəd olan açıq qəhvəyi rəngli «F/M 40» göstəricili dərman həblərinin əsas təsiredici maddəsi olan, həmin həblərin tərkibində metodonun təsir maddəsinin ümumi miqdarı 20,64 qram təşkil edən metodon və üzərində narkotik vasitə heroinə məxsus izləri olan 01 ədəd elektron tərəzi aşkar olunaraq, götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərdi ki, təxminən bir ildir ki, narkotik vasitələrdən istifadə edir. O, həmçinin narkotik vasitələrin Sumqayıt şəhəri ərazisində narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olur, deyilən ünvanlara 20-30 qram narkotik vasitə və psixotrop maddə atırdı. Saxlanılmamışdan 10-15 gün əvvəl “İnstagram” sosial şəbəkəsi vasitəsilə tanış olduğu İran İslam Respublikasının vətəndaşı Rza adlı şəxs vasitəsilə Bakı şəhəri Xəzər rayonu ərazisindən əldə etdiyi narkotik vasitə və psixotrop maddələri Rzanın dediyi ünvanlara çatdırmaq niyyəti ilə götürüb evində saxlamışdır. Onun həmin narkotik vasitə və psixatrop maddələri götürməkdə məqsədi Rzanın dediyi ünvanlara çatdırmaq idi, bunun qarşılığında Rza ona pul əvəzinə istifadə etməyi üçün narkotik vasitə verirdi. 2022-ci il fevralın 23-də Sumqayıt şəhəri 3-cü mikrorayonda yerləşən 25 saylı evin yaxınlığında piyada hərəkət edərkən 3 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edib, onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək onu saxlamışlar. Saxlayandan sonra onu Azərbaycan Respublikası DİN-in BNMİ-nə aparmışlar. Orada üzərində şəxsi axtarış aparılmışdır. İttiham aktında üzərindən aşkar edildiyi göstərilən narkotik vasitə və psixatrop maddələr ona məxsus deyildir. Lakin evində aşkar edilən narkotik vasitə və psixotrop maddələr, yəni metamfetamin, metadon həbi, heroin marixuana ona məxsusdur. Həmin narkotik vasitə və psixotrop maddələri o, Mərdəkan qəsəbəsində Şaurma N1-in yanından gecə saat 01 radələrində gedib götürmüşdür. Narkotik vasitələri götürərkən hərəsindən təxminən 600-700 qram olmuşdur. O, evdə olanda onun bir nəfər də xanım qonağı da olmuşdur. Lakin həmin qadın onun narkotik vasitələrin satışı ilə məşğul olduğunu bilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi tədqiq edir. Məhkəmədə şahid qismində dindirilmiş DİN-in BNMİ-nin xüsusilə mühüm işlər üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Sumqayıt şəhəri ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Məlumat əsasında 2022-ci il fevralın 23-də gecə saat 00 radələrində Sumqayıt şəhəri 3-cü mikrorayon ərazisində Q.Füzulini piyada hərəkət edən zaman saxlayıb BNMİ-nə aparmışlar. Xidməti iş otaqlarının birində müdafiəçinin iştirakı ilə video çəkilişdən istifadə etməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı onun üzərindən 1 büküm psixotrop maddə metamfetamin, 1 büküm narkotik vasitə heroin, açar, «X3» markalı mobil telefon, plastik bank kartı aşkar edilmişdir. Sorğu zamanı Füzuli üzərindən aşkar olunmuş narkotik vasitə heroini və psixotrop maddə metamfetamini «İnstaqram» sosial şəbəkəsində tanış olduğu İran İslam Respublikasının vətəndaşı «Rza» adlı şəxs vasitəsi ilə Bakı şəhəri Xəzər rayonu ərazisindən satmaq və dövriyyəsini təşkil etmək məqsədi ilə əldə etdiyini, Sumqayıt şəhərində yaşadığı mənzildə narkotik maddə saxladığını bildirdiyi üçün onun razılığı ilə evinə də baxış keçirilmişdir. Evinə keçirilən baxış zamanı evin yataq otağından 1 ədəd çantanın içərisindən 1 büküm narkotik vasitə qurudulmuş marixuana, 1 büküm psixotrop maddə metamfetamin, 1 büküm narkotik vasitə heroin, təxminən 500-dən çox metodon həbi və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bundan başqa mənzildən bir neçə müxtəlif markalı mobil telefonlar aşkar edilərək götürülmüşdür. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan DİN-in BNMİ-nin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 və xüsusilə mühüm işlər üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 da Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə verərək, onun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. (Cild 1, iş vərəqləri 126-129, 144-147) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “Şəxsi axtarış və götürmə haqqında” 23 fevral 2022-ci il tarixli protokoldan görünür ki, əvvəlcə Təqsirləndirilən şəxs təklif olunur ki, üzərində qanunla qadağan edilən hər hansı əşya varsa təqdim etsin. O isə əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən 01(bir) bükümdə ağ rəngli, kristalşəkilli, psixotrop maddə metamfetaminə bənzər, 01 (bir) bükümdə qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlələri təqdim etmişdir. (Cild 1, iş vərəqləri 31-33) “Şəxsi axtarış və götürmə haqqında” 23 fevral 2022-ci il tarixli protokolda əks olunan əməliyyat-istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı bir ədəd “DVD-R” formatlı disk cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən həmin videogörüntülərin əks olunduğu diskə baxış keçirilməsinə dair 26 fevral 2022-ci il tarixli protokolla, eləcə də, həmin diskə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin şəxsi axtarışı zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. (Cild 1, iş vərəqləri 121-122) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “Mənzilə baxış keçirilməsi və götürmə haqqında” 23 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Sumqayıt şəhəri 3-cü mikrorayon ev 25 mənzil 28-ə keçirilmiş baxış zamanı mənzilin yataq otağında yerləşən taxta konstruksiyalı dolabın üst hissəsində olan qəhvəyi rəngli çantadan şəxsi istehlak miqdarından artıq miqdarda 01 bükümdə təmiz çəkisi 445 qram narkotik vasitə qurudulmuş marixuana, külli miqdarda 01 bükümdə təmiz çəkisi 550 qram psixotrop maddə olan metamfetamin, külli miqdarda 01 bükümdə təmiz çəkisi 525 qram narkotik vasitə olan heroin, üzərində «Methadone 40» göstəriciləri olan dərman konvolyutunda 516 ədəd olan açıq qəhvəyi rəngli «F/M 40» göstəricili dərman həblərinin əsas təsiredici maddəsi olan, həmin həblərin tərkibində metodonun təsir maddəsinin ümumi miqdarı 20,64 qram təşkil edən metodon və üzərində narkotik vasitə heroinə məxsus izləri olan 01 ədəd elektron tərəzi, 02 ədəd dəftər, 01 ədəd “İphone” markalı, 01 ədəd “Nokia” markalı, 01 ədəd “Kgtel” markalı və 02 ədəd “Samsung” markalı mobil telefonlar aşkar olunaraq götürülmüşdür. (Cild 1, iş vərəqləri 37-39) Mənzilə baxış keçirilməsi və götürmə haqqında” 23 fevral 2022-ci il tarixli protokolda əks olunan əməliyyat-istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı bir ədəd “DVD-R” formatlı disk cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən həmin videogörüntülərin əks olunduğu diskə baxış keçirilməsinə dair 26 fevral 2022-ci il tarixli protokolla, eləcə də, həmin diskə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin şəxsi axtarışı zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. (Cild 1, iş vərəqləri 122-123) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Təqsirləndirilən şəxs evinə baxış keçirilən zaman götürülmüş 02 ədəd dəftərə (bloknota) baxış keçirilməsi haqqında 24 fevral 2022-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən üzərində “Notebook” sözləri yazılmış 01 ədəd qara rəngli kiçik dəftərdir (bloknotdur). Həmin bloknotda tarix, narkotik vasitələrin qısa şəklində adları və satış məbləğləri barədə qeydlərin olması müəyyən edilir. Digər qəhvəyi rəngli böyük dəftərdə (bloknotda) da tarix, narkotik vasitələrin qısa şəklində adları və satış məbləğləri barədə qeydlərin olması müəyyən edilir. (Cild 1, iş vərəq 113) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/1105 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş: - üzərində «…Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən…» sözləri olan paketdə bir ədəd bükümdə təmiz çəkisi 94,362 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə – metamfetamindir, bir ədəd bükümdə təmiz çəkisi 143,006 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; -üzərində «…Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı…» sözləri olan çantadakı bir ədəd bükümdə təmiz çəkisi 550 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə – metamfetamindir, bir ədəd bükümdə təmiz çəkisi 525 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 52 ədəd üzərində «Methodone 40» göstəriciləri olan dərman konvolyutunda 516 ədəd olan açıq-qəhvəyi rəngli F/M 40» göstəricili dərman həblərinin əsas təsiredici maddəsi metodondur və həmin həblərin tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 20,64 qram təşkil edir, bir ədəd elektron tərəzinin səthində narkotik vasitə heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. İz mikrohissəcikləri ilə maddə nümunələrinin müqayisəli tədqiqatı aparılmadığından bu barədə qoyulmuş sual cavablandırmadı. Kağız paketdəki və çantadakı narkotik vasitə heroinlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər və ümumi təmiz çəkisi 668,006 qramdır. Kağız paketdəki və çantadakı psixotrop maddə metamfetaminlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər və ümumi təmiz çəkisi 644,362 qramdır. (Cild 1, iş vərəqləri 47-54) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli 7/172 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı…» yazıları və imzalar olan idman çantasındakı 01 ədəd sellofan bağlamada təmiz çəkisi – 445 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuana bir ədəd bağlamada olduğu üçün müqayisəli tədqiqat aparmaq mümkün deyil. Bir ədəd elektron tərəzinin üzərində çətənə (kannabis) bitkisinin hissəcikləri yoxdur. (Cild 1, iş vərəqləri 55-59) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 1548 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqləri 149-150) Cinayət işinin materiallarında olan Sumqayıt şəhər məhkəməsinin 23 fevral 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CPM-in 445.2ci maddəsinə müvafiq olaraq əməliyyat-axtarış tədbirlərinin aparılması barədə Azərbaycan Respublikası DİN-nin BNMİ-nin XMİÜ baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 22 fevral 2022-ci il tarixli qərarı qanuna uyğun hesab edilmişdir. (Cild 1, iş vərəqləri 63-64) Cinayət işi materiallarında olan “Cinayət işinin ayrılması” haqqında 20 aprel 2022-ci il tarixli qərardan görünür ki, külli miqdarda narkotik vasitə heroinin, qurudulmuş marixuananın, psixotrop maddə metamfetaminin, metodon həblərinin mənbəyinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrılmışdır. (Cild 1, iş vərəqləri 169- 170) Cinayət işi materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 20 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 644,212 qram psixotrop maddə metamfetamin, 667,856 qram narkotik vasitə heroin, 512 ədəd metadon həbləri, 444,8 qram qurudulmuş marixuana, 02 ədəd dəftər, 01 ədəd elektron tərəzi maddi sübut kimi tanınmış, Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd disk cinayət işi materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqləri 158- 166) “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İ siyahısının 5-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əldə edərək, saxladığı və daşıdığı ümumilikdə 644,362 qram metamfetamin, yəni külli miqdarda narkotik vasitə heroinin miqdarının şəxsi istehlak miqdarından təxminən 4295 dəfə, külli miqdardan isə təxminən 322 dəfə artıq olması; 668,006 qram heroinin miqdarının şəxsi istehlak miqdarından təxminən 4453 dəfə, külli miqdardan isə təxminən 334 dəfə artıq olması onun məqsədinin satışla bağlı olduğunun bilavasitə təzahürüdür. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsin ittiham aktında üzərindən aşkar edildiyi göstərilən narkotik vasitə və psixotrop maddələrin ona məxsus olmaması ilə bağlı ifadəsində göstərdiyi xüsusatı onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab etməklə belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağının olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal qismində nəzərə alınmalıdır. (Cild 1, iş vərəqləri 95-97) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (Cild 1, iş vərəq 148) Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 23 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt şəhər məhkəməsinin 24 fevral 2022-ci il tarixli qərarı ilə onun barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 110-111) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 23 fevral 2022-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə olunası əmlak müəyyən edilməmişdir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 644,212 qram psixotrop maddə metamfetamin, 667,856 qram narkotik vasitə heroin, 512 ədəd metadon həbləri, 444,8 qram qurudulmuş marixuana, 02 ədəd dəftər məhv edilməli, 01 ədəd elektron tərəzi xüsusi müsadirə olunaraq dövlət nəfinə alınmalıdır. İş üzrə maddi sübut olan 02 ədəd “DVD” formatlı disk cinayət işi materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 159 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etmiş və bu müdafiəçi tərəfindən məhkəmə istintaqı başa çatdırılanadək onun hüquqları müdafiə olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 23 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 644,212 qram psixotrop maddə metamfetamin, 667,856 qram narkotik vasitə heroin, 512 ədəd metadon həbləri, 444,8 qram qurudulmuş marixuana, 02 ədəd dəftər məhv edilsin, 01 ədəd elektron tərəzi xüsusi müsadirə olunaraq dövlət nəfinə alınsın. İş üzrə maddi sübut olan 02 ədəd “DVD” formatlı disk cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 159 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar