Məhkəmə qərarları › İş №1(124)-97/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-97/2023

28.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-97/2023 28.02.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxslər: Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Müqabil oğlunun, Müdafiəçi: Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə , xx xxxx 1988-ci il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.4, 181.2.5, 182.2.1, 182.2.2, 182.2.3 və 326.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyətilə qabaqcadan əlbir olan bir qrup şəxs halında silah qismində istifadə edilən əşyadan istifadə etməklə özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın etməklə quldurluq, təkrarən zərər çəkmiş şəxs barəsində rüsvayedici məlumatlar yaymaqla özgənin əmlakını zor tətbiq etməklə hədə qorxu ilə tələb etmə, vətəndaşın şəxsiyyət vəsiqəsini və digər mühüm şəxsi sənədlərini talama cinayətlərini törətmişdir. Belə ki, o, tamah niyyətilə qeyri-rəsmi nikah münasibətlərində olduğu X3 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək taksi fəaliyyəti ilə məşğul olan Zərərçəkmiş şəxs1 əmlakını quldurluq yolu ilə ələ keçirmək məqsədilə 07 fevral 2021-ci il tarixdə, saat 01 radələrində Qorxmaz Nəsirovun təklifi ilə istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonundan Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonuna zəng edib, yalandan evdə tək olduğunu bildirərək kirayədə yaşadığı Abşeron rayonu Masazır qəsəbəsi “Cantəpə” yaşayış massivi M.S.Ordubadi küçəsində yerləşən evə dəvət etmiş, Zərərçəkmiş şəxs1 idarə etdiyi “Mersedes 190D minik” markalı, 90EC485 dövlət qeydiyyat nişanlı avtomobillə həmin ünvana gəlib, evə daxil olduqdan sonra Qorxmaz Nəsirov gizləndiyi sanitar qovşağından çıxıb Zərərçəkmiş şəxs1 ardınca evə daxil olaraq, bir qrup şəxs halında sonuncuya həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla basqın etməklə, yumruqla sifət nahiyəsindən bir neçə dəfə, sonra isə evin mətbəxindən götürdüyü silah qismində istifadə etdiyi mətbəx bıçağı ilə sol bazu nahiyəsindən iki dəfə vuraraq, ona sol bazu nahiyəsinin yuxarı 1/3-nin ön səthinin deşilmiş-kəsilmiş yarası, sol bazu nahiyəsinin yuxarı 1/3-nin bayır səthinin səthi kəsilmiş yarası, sol yanaq nahiyəsinin səthi əzilmiş yarası və sol bazu nahiyəsinin yuxarı - orta 1/3-nin qançırı xəsarətlərini yetirməklə, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuraraq, 200 manat dəyərində **********7801 imei kodlu “Samsung S7” markalı mobil telefonu üstündəki 10 manat dəyərində ***-***-**-** nömrəsi ilə birlikdə, 25 manat pulunu və 4800 manat dəyərində olan “Mersedes 190D minik” markalı, 90EC485 dövlət qeydiyyat nişanlı avtomobilini, vahid niyyətlə cəmi 5035 manat məbləğində xeyli miqdarda əmlakını ələ keçirib quldurluq etmiş, həmçinin avtomobilin içərisində olan Zərərçəkmiş şəxs1 AZE-******** nömrəli şəxsiyyət vəsiqəsini, digər mühüm şəxsi sənədlər olan AC-013549 nömrəli sürücülük vəsiqəsini və “Mersedes 190D minik” markalı, 90EC485 dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs2 Müqabil oğlunun adına olan AC- 046298 nömrəli qeydiyyat şəhadətnaməsini ələ keçirməklə talamış, qabaqcadan əlbir olduğu qrupun üzvü Qorxmaz Nəsirov ilə birlikdə cinayət əməllərini davam etdirərək, sonuncu təkrarən Zərərçəkmiş şəxs1 əynində olan paltarlarını soyunmağa məcbur edib, sonuncunun çılpaq vəziyyətdə fotoşəkillərini həmin “Samsung S7” markalı mobil telefon ilə çəkmiş, rüsvayedici məlumatlar olan çılpaq fotoşəkillərini sosial şəbəkədə yayacağını deyib, foto şəkilləri silmək üçün 2500 manat pul verməsini bədəninin müxtəlif nahiyələrinə əli ilə vuraraq zor tətbiq etməklə hədə-qorxu ilə tələb etmiş, Zərərçəkmiş şəxs1 küçədə saxladığı “Mersedes 190D minik” markalı, 90EC485 dövlət qeydiyyat nişanlı avtomobilini özü idarə edib, birlikdə Xırdalan dairəsinə gəlmiş və orada Zərərçəkmiş şəxs1 çılpaq vəziyyətdə olan foto şəkillərini silmək üçün tələb etdikləri 2500 manat puldan 300 manatı Qorxmaz Nəsirov alıb, daha sonra avtomobili idarə edərək birlikdə Qaradağ rayonu Sahil qəsəbəsinə gedərək, orada Zərərçəkmiş şəxs1 avtomobildən düşürdüb, avtomobili idarə etməsini davam edib oradan uzaqlaşaraq, zərər çəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 5335 manat məbləğində olan xeyli miqdarda ziyan vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona ona elan olunmuş ittihamla təqsirli bilməyərək Qorxmaz Nəsirov ilə altı il müddətində birlikdə yaşadığını, Qorxmaz tərəfindən işgəncəyə məruz qaldığından onun əlindən qurtulmaq üçün Bakı şəhərinə qaçdığını, Bakı şəhərində kirayə evdə yaşamağa başladığını, aşbazlıq etməklə gündəlik 10 manat qazandığını bildirmişdir. Bir gün Qorxmazın onun yaşadığı ünvanı taparaq ora gəldiyini, ayrılmaq istədiyinə görə ona işgəncə verdiyini demişdir. Həmin ərəfədə oğlunun rayondan onun yanına gəlməsi ilə əlaqədar olaraq taksi sürücüsü Xələddinə 15 manat borclu olmuş, Xələddin ona iş tapacağını dediyi üçün hadisədən 1-2 gün əvvəl ona zəng etmiş, lakin Xələddin zəngə cavab verməmişdir. Gecə saat 01 radələrində Xələddin ona zəng etmiş, bu zaman Qorxmaz ondan kimin zəng etdiyini soruşmuş, o isə Qorxmaza zəng edənin taksi sürücüsü olduğunu, ona 15 manat borcu olmasını demişdir. Qorxmaz həmin taksi sürücüsü ilə aralarında nə olduğunu soruşmuş, o isə and içərək aralarında heç nə olmadığını bildirmişdir. Qorxmaz onu vuraraq “Mənə yalan danışma” deyib, nalayiq sözlər söyləmiş, “aranızda heç nə yoxdursa zəng elə həmin adama gəlsin, görək sənlə necə danışır”, “zəng elə ona, denən ki evdə heç kim yoxdur, gəlsin” demiş, o isə Xələddinə zəng edib sadəcə evdə heç kimin olmadığını, gəlməsini bildirmişdir. Bu zəngdən təxminən 10 dəqiqə sonra Xələddinin evə gəlmiş, həmin vaxt Qorxmaz ayaqyolu tərəfdə dayanmış, qaçmaması üçün arxa tərəfdən onun paltarından tutmuşdur. Xələddin içəri girdikdən sonra gödəkcəsini çıxarmış, Gülnarə isə ona gödəkcəsini çıxarmamasına dair işarə etmiş, lakin o, gödəkcəsini çıxarıb yatağın üzərinə qoymuşdur. Bu zaman Qorxmaz içəri girmiş və “sizin aranızda nə var, sən bura niyə gəlmisən” deyə sual vermiş, Qorxmaz Xələddinə əl-qol atmış, Xələddin isə özünü qorumağa çalışmış, daha sonra Qorxmaz onun özünü mətbəxə salmış, bir müddətdən sonra isə zorla avtomobilə mindirmiş, bu zaman Xələddin də avtomobildə olmuşdur. X4 avtomobildən düşürmüş, o Qorxmaza avtomobili qaytarmasını, etdiyinin düzgün olmadığını söyləmiş, Qorxmaz isə onu vuraraq “Sevdiyin insanın maşınıdır deyə sənə pis təsir edir” demişdir. Avtomobil xarab olduqdan sonra o evə getmək istəmiş, lakin Qorxmaz ona icazə verməmişdir. Ağrıları çox olduğu üçün onlar əvvəlcə xəstəxanaya getmiş, daha sonra isə dərman almaq üçün alman aptekini axtarmış, həmin vaxt yol polisi tərəfindən saxlanılmışlar. Təqsirləndirilən şəxs dövlət ittihamçısının sualarına cavab olaraq Qorxmazın başqa şəxslə evli olduğunu və dörd uşağının olmasını bildiyini söyləmişdir. Qorxmazın onu qaçırdığını, ondan əl çəkmədiyini, Qorxmazla bağlı dəfələrlə polisə şikayət etdiyini, Xələddinə təxminən saat 01:00-02:00 radələrində məcburən zəng etdiyini, Qorxmazın nə üçün Xələddinin gəlməsini istədiyini bilmədiyini, Qorxmazın ikisini də öldürə biləcəyindən qorxduğu üçün Xələddinə oradan uzaqlaşmasını söyləməyə imkanının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə tərkibinin sualarına cavab olaraq Qorxmaz tərəfindən döyüldüyündən ağrıları olduğu üçün hadisədən sonra getdikləri Yevlax rayon xəstəxanasındakı həkimin alman aptekindən dərman almağı məsləhət gördüyü üçün oraya getdiklərini, həmçinin onu döydüyü üçün Qorxmazın dərman almaqda ona köməklik etdiyini bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, taksi sürücüsü kimi çalışmış, hadisədən 10-15 gün əvvəl Təqsirləndirilən şəxs müştəri kimi tanımışdır. Həmin ərəfədə Gülnarə ondan özü üçün iş tapmağını xahiş etmiş, aralarında normal münasibət olmuşdur. Hadisədən bir gün əvvəl Gülnarə ona dəfələrlə zəng etmiş, o isə Gülnarənin ona nə üçün dayanmadan zəng etdiyini soruşmaq üçün bir gün sonra Gülnarəyə zəng etmişdir. Bu zaman Gülnarə ona “dur gəl bizə, sənlə işim var” demiş və o da Gülnarənin evinə getmişdir. Evin darvazasını Gülnarə açıb onu evə dəvət etmişdir. Gülnarənin Qorxmazın içəridə olmasını ona bildirməyə imkanı olmuş, içəri girdikdən sonra Qorxmaz onun qarşısına çıxmış, ona iki dəfə bıçaqla xəsarət yetirib başına yumruqla vurmuşdur. Bu vaxt Gülnarə də orda sakit dayanmışdır. Daha sonra Qorxmaz onu paltarlarını soyunmağa məcbur edib həmin vəziyyətdə şəkillərini çəkmişdir. Qorxmaz ona “2.500 manat versən söhbəti bağlayaram” demiş və o da pul tapmaq üçün getmək istəmiş, həmin vaxt Qorxmaz onun avtomobilinin açarını, həmçinin telefonunu əlindən almış, onlar avtomobillə gedərkən Gülnarə də arxa tərəfdə oturmuşdur. Qorxmaz onun cibində olan pulu götürüb həmin pulun üzərindən ona taksi üçün pul vermiş, o da pul tapmaq üçün qardaşı Ələddinin yanına getmiş, ona pul lazım olduğunu söyləmiş, Ələddin isə 300 manatı olduğunu bildirmişdir. O, 300 manatı götürdükdən sonra Xırdalan dairəsinə getmiş, Qorxmazla telefonla danışdığı zaman Qorxmaz ondan tək olubolmadığını soruşmuş, o isə tək olduğunu bildirmişdir. Daha sonra Qorxmaza 300 manatı vermiş, Qorxmaz isə ona avtomobili Qaradağ rayonunda verəcəyini bildirmiş, həmin vaxt qardaşı Ələddinin telefonu Xələddində olmuşdur. Qorxmaz ona həmin pulun üzərindən 20 manat verərək “Get, səhər danışarıq” demiş, onun avtomobilini və mobil telefonunu qaytarmamışdır. O, dəfələrlə Gülnarənin istifadəsində olan telefona zəng edərək Qorxmazla danışmış, özünə məxsus əşyaları geri istəmiş, Qorxmaz ona yalnız 1500 manat pul verəcəyi təqdirdə onun avtomobilini və mobil telefonunu qaytaracağını demişdir. O, dəfələrlə zəng edərək avtomobil və mobil telefonunu istəmiş, lakin həmin şəxslər onun nə telefonunu, nə də avtomobilini geri qaytarmamışlar. Onun şəxsiyyət və sürücülük vəsiqələri, avtomobilin qeydiyyat şəhadətnaməsi də avtomobilində qalmışdır. Avtomobilin qeydiyyat şəhadətnaməsi Zərərçəkmiş şəxs2 Müqabil oğlunun adında olmuşdur. Bundan sonra o iki ay avtomobilsiz və telefonsuz qalmışdır. Zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayət və ya tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 Müqabil oğlu ifadəsində göstərdi ki, öz avtomobilini Zərərçəkmiş şəxs1 satmış, lakin avtomobil onun adında qalmış, buna görə də Xələddinin həmin avtomobildən istifadə etməsi üçün ona etibarnamə vermişdir. Təqsirləndirilən şəxslə barışdığını, şikayət və ya tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, hadisə günü gecə saatlarında, təxminən saat 03-05 radələrində qardaşı Xələddin onun yaşadığı evə gəlmiş, Xələddin ona “Bir xanımın evinə getdim, ondan alacağım var idi” demiş, bu zaman onun qolu yaralı olmuş, Xələddin ona “Pul lazımdır mənə, maşınımı alıblar” demiş, o isə 300 manatının olduğunu söyləmişdir. Daha sonra Xələddin kimləsə danışaraq ona 300 manatı olduğunu demiş, həmin şəxs isə Xələddinə 300 manatı götürüb tək gəlməsini bildirmişdir. Həmin vaxt Xələddin onun telefonundan istifadə etmiş, daha sonra onun telefonunu da götürüb getmişdir. Səhər evə gələndə isə avtomobilini geri verəcəklərini söyləmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X3 ifadəsində Gülnarə ilə qeyrirəsmi olaraq ər-arvad münasibətində yaşadığını, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 döydüyünü, həmin cinayət işi ilə bağlı Təqsirləndirilən şəxs heç bir günahının olmadığını, mobil telefonun özünə məxsus olduğunu, Gülnarə şəhəri tanımadığı üçün öz telefonunu ona verdiyini, həmin mobil telefona tanımadığı nömrədən zəng gəlməsinin onu əsəbləşdirdiyini, Gülnarəni dəfələrlə döydüyünü və buna görə də Gülnarənin qorxaraq Xələddinə Qorxmazın dediklərini söylədiyini, Xələddindən aldığı pulun üzərindən Gülnarəyə heç nə vermədiyini bildirmişdir. Şahid X3 məhkəmə istintaqında elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, təxminən 6 ildir ki, Təqsirləndirilən şəxs ilə adlı qadın ilə tanış olmuş və onunla qeyri-rəsmi ər-arvad kimi yaşayır. 2021-ci ilin fevral ayında Gülnarə Abşeron rayonu Masazır qəsəbəsində kafedə işə düzəlmiş və elə Masazır qəsəbəsində də bir evdə kirayədə qalırmış. Elə həmin günlərdə o, da Gülnarənin Masazır qəsəbəsində kirayəyə qaldığı evə gəlib onu Bərdə rayonuna aparacaqmış və iki gün olmuşdur ki, Gülnarə ilə həmin kirayədə qaldığı evdə qalırmış. 07 fevral 2021-ci il tarixə keçən gecə saat təxminən 01 radələri olardı görmüşdür ki, Gülnarənin telefonuna zəng gəlir. Gülnarə ondan zəng edən şəxsin kim olduğunu əvvəl gizlətmiş, lakin o, Gülnarədən həmin zəng edən şəxsin kim olmasını soruşduğu üçün Gülnarə demişdir ki, ona zəng edən şəxs bir taksi avtomobilin sürücüsüdür. Gülnarə demişdir ki, həmin taksi avtomobilin sürücüsü ilə bir dəfə yol gedib və sürücü onun nömrəsinə zəng edərək onunla tanış olmaq və onunla yaşamaq istəmişdir. O, da Günarəyə demişdir ki, həmin şəxs ilə telefonda danışsın. Gülnarə də həmin şəxs ilə telefonda danışmış və həmin şəxs demişdir ki, həmin gün yaxşı işləyib pul qazanıb, nə istəyirsə alıb onun evinə gəlmək istəyir. O, da Günarəyə demişdir ki, etiraz etməsin qoy həmin şəxs gəlsin görsün kimdir. Aradan 10-15 dəqiqə sonra həmin şəxs Gülnarə ilə telefonda danışaraq gəldiyini demiş, o, həmin vaxt ayaq yolunda olmuşdur. Gülnarə də həyətin qapısını açaraq həmin şəxsi qarşılamış və birlikdə evə girmişlər. Ondan sonra o, da ayaq yolundan çıxıb evə girib və həmin şəxs onu görən kimi duruxmuş, o, həmin şəxsdən kim olduğunu və gecə bu vaxtı ora nəyə görə gəlməsinin səbəbini soruşmuşdur. Həmin şəxs heç nə deməmiş, o, həmin şəxsdən yenə də Gülnarənin evinə nəyə görə gəlməsini soruşmuş, həmin şəxs demişdir ki, Gülnarənin ona pul borcu var. O, da hirslənib stolun üstündə olan çəngəli götürüb həmin şəxsin sol qolundan vurmuşdur. Həmin vaxt həmin şəxsin mobil telefonunu da almışdır ki, Gülnarənin nömrəsini silməsin. Ondan sonra da həmin şəxs ilə bir qədər sözlə mübahisə etdikdən sonra, demişdir ki, paltarını çıxartsın görək qolundan xəsarət alıb ya yox. Həmin şəxs də gödəkçəsini çıxartmış və baxmışdır ki, qolunda bir az xəsarət yaranmışdır. Həmin şəxsin adı Xələddin olmuşdur. Xələddin başlamışdı ona yalvarmağa ki, bir səhf edib evinə gəlib, o, bu barədə heç kimə deməsin. O, da Xələddinə demişdir ki, bir böyüyü gəlsin ki, görək gecənin bu vaxtı nəyə görə onun yaşadığı qızın evinə gəlib. Xələddin yalvarmışdır ki, ailəsi bu barədə bilməsin, qardaşını çağırıb onunla söhbət etsin. Ona görə onlar evdən çıxmışlar və Xələddin demişdir ki, qolu ağradığı üçün avtomobili o idarə etsin. Ona görə də o, Xələddinin Mersedes markalı avtomobilinə oturmuş, Xələddin də onun yanında, Gülnarə də arxada oturub avtomobili idarə edərək, Xırdalan dairəsinə gəlmişlər. O, Xələddinə demişdir ki, ya onları Lökbatan dairəsinə aparsın, ya da onları bir taksi ilə yola salsın. Xələddin demişdir ki, siqaret almaq istəyir və ona görə avtomobildən düşüb getmiş siqaret alıb gəlmiş və avtomobilə oturmuş, o, Xələddinə demişdir ki, onları Lökbatan qəsəbəsinə kimi avtomobillə aparsın.Həmin vaxt Xələddin demişdir ki, qardaşına zəng etmək istəyir. Ona görə Xələddinin telefonunu aldığı üçün öz Samsung markalı telefonunu Xələddinə vermişdir ki, zəng etsin. Elə telefonunun üstündəki ***-***-**-** nömrəsi də Xələddinə verdiyi telefonda qalmışdır. Xələddinin avtomobilini özü idarə edərək Lökbatan dairəsinə getmişlər, yolda Xələddin demişdir ki, anası xəstədir, Sahil qəsəbəsində Xələddin avtomobildən düşmüş və demişdir ki, səhər görüşüb söhbət edər.Xələddin demişdir ki, yol pulu yoxudur və o, Xələddinə 20 manat da pul vermiş, lakin avtomobili onda qalmışdır. O, avtomobili idarə edərək Kürdəmir rayonuna getmiş və Kürdəmir rayonunda Xələddinin avtomobili xarab olmuş, bu barədə Xələddinə də zəng edib demişdir.O, avtomobili Kürdəmir rayonunda saxlayıb yol maşını ilə Bərdə rayonuna getmiş və səhər yenə Gülnarə ilə Kürdəmir rayonuna gələrək avtomobili yavaş-yavaş sürərək Bərdə rayonuna aparıb orada avtomobili özü təmir edərək ötürücülər qutusunu dəyişmişdir. 23 fevral 2021-ci il tarixdə Xələddinin avtomobil qeydiyyat nömrələrini açıb özünə məxsus avtomobilin 10CZ044 qeydiyyat nömrəsini bağlayıb Gülnarə ilə Bakı şəhərinə gəlirmişlər, Bərdə rayonunda qonşusu Emil ilə rastlaşmış və Emil də Bakı şəhərinə getmək istədiyini bildirdiyi üçün onu da avtomobilə mindirib birlikdə Bakı şəhərinə gəlmişlər. Emil 20 yanvar dairəsində onlardan ayrılıb öz işləri ilə bağlı getmiş, həmin gün axşam tərəfi o, Bakı şəhərində olan Alman aptekindən dərman almağa getmək istəyirmiş, lakin aptekin yerini bilmədiyi üçün Emil ilə zəngləşib onunla görüşərək aptekə gedəndə DYP əməkdaşları onu saxlamışlar. Ondan sonra avtomobilin ona məxsus olmadığını görüb PPX dəvət edib onları polis bölməsinə, sonra isə Abşeron rayon Pİ-nə aparmışlar. Şahid1 məhkəmə istintaqında elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Abşeron rayonu Masazır qəsəbəsi M.S.Ordubadi küçəsində ailə üzvləri ilə birlikdə yaşayır. Onun yaşadığı evin yanında bir otaqlı yaşayış evi vardır.Həmin evi arada kirayəyə verir. 2021-ci ilin fevral ayının ilk günlərində İlahə adlı qadın yaxınlıqda olan kafedə işləyirmiş və ondan xahiş etmişdir ki, evində kirayə qalmaq istəyir. O, evini ona 100 manata kirayəyə vermişdir. İlahə onun evində tək kirayədə qalırmış, lakin hələ heç evin kirayə pulunu da verməmişdir. 07 fevral 2021-ci il tarixdə ona məlum olmuşdur ki, İlahə öz əşyalarını da götürüb evi ona təhvil vermədən və kirayə pulunu da vermədən çıxıb getmişdir. Polis əməkdaşları yaşadığı ünvana gələndən sonra ona məlum olmuşdur ki, 07 fevral 2021-ci il tarixə keçən gecə İlahənin yaşadığı oğlan həmin evə gəlmiş Xələddin adlı taksi sürücüsünü döyərək onun avtomobilini əlindən almışdır. Qeyd edilən hadisədən onun heç xəbəri olmamışdır, İlahənin yaşadığı oğlanı da tanımır, onların hara getdiklərini, İlahənin şəxsiyyətini də bilmir. Şahid3 məhkəmə istintaqında elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Abşeron rayonu Masazır qəsəbəsi M.S.Ordubadi küçəsində ailə üzvləri ilə birlikdə yaşayır. Qorxmaz Nəsirovu tanıyır, onunla qonşudurlar, aralarında heç bir qərəzli münasibətləri yoxdur. 23 mart 2021-ci il tarixdə, təxminən saat 12 radələrində yaşadığı məhəllədə olan zaman Qorxmaz idarə etdiyi Mersedes markalı avtomobillə məhəllədən keçəndə onunla salamlaşmış və Qorxmazın yaşadığı Gülnarə adlı qadın da avtomobildə olmuşdur. O, Qorxmazla hal-əhval tutmuş, Qorxmaz Bakı getdiklərini demiş.O, da Qorxmaza demişdir ki, Bakı şəhəri Balaxanı qəsəbəsi Sənaye parkında fəhlə işləmişdir və oradan 150 manat pul almalıdır, ona görə də onlarla Bakı şəhərinə getmək istəyir. Qorxmaz da etiraz etməmiş və o, da Qorxmazın avtomobilinə oturub Bakı şəhərinə gəlmişlər.O, Bakı şəhərində 20 yanvar dairəsində avtomobildən düşmüş, öz işləri ilə bağlı getmiş, həmin gün axşam tərəfi Qorxmaz ona zəng edib harada olduğunu və Bakı şəhərində Almanların aptekinin yerini bilib-bilmədiyini soruşmuşdur.O, da Qorxmaza həmin aptekin yerini bildiyini demiş və Qorxmaz idarə etdiyi avtomobillə Dərnəgül yolunda onunla görüşmüş, Gülnarə də orada olmuş, onları Bakı şəhərində Göy meçidin yaxınlığında DYP əməkdaşları bizi saxlamışlar və Qorxmaza demişlər ki, onun idarə etdiyi avtomobil axtarışdadır. Ondan sonra PPX əməkdaşları gəlib onları Polis bölməsinə aparmışlar, ondan sonra da Abşeron rayon Pİ-nə gətirmişlər.Orada ona məlum olmuşdur ki, Qorxmazın idarə etdiyi avtomobil başqa şəxsə məxsus olmuş, Qorxmaz həmin avtomobili sahibindən almış və özünə məxsus avtomobilin qeydiyyat nömrələrini həmin avtomobilə bağlayaraq idarə edirmiş. Qorxmazın həmin avtomobili sahibindən nə vaxt və hansı şəraitdə alması barədə heç bir məlumatı olmamışdır.Qorxmazın idarə etdiyi avtomobilin də kimə məxsus olmasını bilmir. Qorxmaz da ona avtomobili kimdən alması barədə heç nə deməmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş “hadisə yerinə baxış keçiriməsi haqqında” protokoldan görünür ki, hadisə yeri Abşeron rayonu Masazır qəsəbəsi Cantəpə yaşayış massivi M.S.Ordubadi küçəsində yerləşən fərdi yaşayış evidir. 09 fevral 2021-ci il tarixdə qeydiyyata alınmış raportdan aydın olur ki, Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vuraraq 07 fevral 2021-ci il tarixdə ona borclu olan, adını dəqiq bilmədiyi qadından pulunu almaq üçün onun Abşeron rayonu Masazır qəsəbəsi Cantəpə deyilən ərazidəki evinə getməsi, həmin evdə olarkən adını bilmədiyi şəxsin onun qol nahiyəsinə bıçaqla xəsarət yetirərək əynində olan paltarlarını soyunmağa məcbur edib çılpaq şəkillərini çəkməsi, daha sonra onun şəkillərini yaymaqla hədələyib ondan 2.500 manat istəməsi, ona məxsus “Mersedes 190D minik” markalı, ** EC *** dövlət qeydiyyat nişanlı avtomobili ondan alması, həmin şəxsə 300 manat verməsinə baxmayaraq avtomobili qaytarmaması barədə məlumat vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilən “Sübutların qiymətləndirilməsi haqqında” 08 oktyabr 2021-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.4, 181.2.5, 182.2.1, 182.2.2, 182.2.3 və 326.2-ci maddələri ilə cinayət işi ayrılmış, həmin maddələrlə ittiham elan olunması üçün 09 dekabr 2021-ci il tarixdə barəsində axtarış elan edilmiş, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə tutularaq Abşeron RPİ-nin MSY-nə təhvil verilmiş və həmin maddələrlə ona ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 23 fevral 2021-ci il tarixli, 349 saylı rəyində göstərilmişdir ki, 1976-cı il təvəllüdlü Zərərçəkmiş şəxs1 məhkəmə tibbi və kliniki müayinəsi zamanı bədəni zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər - sol bazu nahiyəsinin yuxarı 1/3-nin ön səthinin deşilmiş-kəsilmiş yarası, sol bazu nahiyəsinin yuxarı 1/3-nin bayır səthinin səthi kəsilmiş yarası iti deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişdir; sol yanaq nahiyyəsinin səthi əzilmiş yarası və sol bazu nahiyəsinin yuxarı - orta 1/3-nin qançırı bərk küt əşya (əşyalar) təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə yəni, xx.xx.2021-ci il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi. Qeyd edilən xəsarətlərdən: sol bazu nahiyəsinin yuxarı 1/3-nin ön səthinin deşilmiş-kəsilmiş yarası dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Sol bazu nahiyəsinin yuxarı 1/3-nin bayır səthinin səthi kəsilmiş yarası, sol yanaq nahiyyəsinin səthi əzilmiş yarası və sol bazu nahiyəsinin yuxarı - orta 1/3nin qançırı sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. “Sübutların qiymətləndirilməsi haqqında” qərarla “Mersedes 190D minik” markalı, ** EC *** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınaraq ibtidai istintaq müddətində sahibinə qaytarılmışdır. Həmin nəqliyyat vasitəsinə bağlanmış iki ədəd ** CZ *** dövlət qeydiyyat nişanları da sübut kimi tanınaraq saxlanması üçün Abşeron rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Akvapolis” Kommersiya Mərkəzinin 30 noyabr 2021-ci il tarixli arayışında göstərilmişdir ki, 1990-cı il buraxılışlı istifadə olunmuş normal vəziyyətdə “Mersedes 190D minik” markalı avtomobilin 2021-ci ilin fevral ayına Respublikada orta bazar qiyməti təxminən 4500-4800 manat müəyyən edilir. İş materiallarından görünür ki, ibtidai istintaq zamanı zərər çəkmiş Zərərçəkmiş şəxs1 dəymiş maddi ziyan 5335 manatdan 5010 manatın ödənilməsi təmin edilmiş, Zərərçəkmiş şəxs1 325 manat ödənilməmişdir. İş materiallarına əlavə edilmiş Yevlax şəhəri 1 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Yevlax şəhəri, H.Aslanov küçəsi, 113 saylı evdə qeydiyyatdadır və yaşadığı müddətdə onun haqqında Yevlax şəhəri 1 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə yazılı və yaxud şifahi müraciətlər daxil olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Baş Əməliyyat Statistika İnformasiya İdarəsindən daxil olmuş 20 aprel 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi barədə məhkəmə istintaqı zamanı verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlillər əsassızdır və özünü müdafiə xarakteri daşıyır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1, 181.2.4, 181.2.5, 182.2.1, 182.2.2, 182.2.3 və 326.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1, 181.2.4, 181.2.5, 182.2.1, 182.2.2, 182.2.3 və 326.2-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onun şəxsiyyətini səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərər çəkmiş şəxslərlə barışıq əldə etməsi, 59.1.14-cü maddəsinə əsasən zərər çəkmiş Zərərçəkmiş şəxs1 dəymiş ziyanın qismən ödənilməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. AR CM-nin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işi materillarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə tutulmuş, Abşeron rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Ona görə də məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 20 fevral 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1.-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Mersedes 190D minik” markalı, ** EC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin məhkəməyədək icraat zamanı sahibi Zərərçəkmiş şəxs1 qaytarılması və Abşeron rayon Polis İdarəsinin maddi sübutların saxlama yerinə saxlanılan- iki ədəd ** CZ *** dövlət qeydiyyat nişanlarının X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1,181.2.1, 181.2.2, 181.2.4, 181.2.5, 182.2.1, 182.2.2, 182.2.3 və 326.2-ci maddələri ilə məhkum olunmasına dair Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Baş Dövlət Yol Polis İdarəsinə təhvil verilməsi nəzərə alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 991.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.4, 181.2.5, 182.2.1, 182.2.2, 182.2.3 və 326.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.4, 181.2.5-ci maddələri ilə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 182.2.1, 182.2.2, 182.2.3-cü maddələri ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 326.2ci maddəsi ilə isə 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respulikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 08 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı 20 fevral 2022-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış “Mersedes 190D minik” markalı, ** EC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi Zərərçəkmiş şəxs1 qaytarılması və Abşeron rayon Polis İdarəsinin maddi sübutların saxlama yerinə saxlanılan- iki ədəd ** CZ *** dövlət qeydiyyat nişanlarının X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1, 181.2.1, 181.2.2, 181.2.4, 181.2.5, 182.2.1, 182.2.2, 182.2.3 və 326.2-ci maddələri ilə məhkum olunmasına dair Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Baş Dövlət Yol Polis İdarəsinə təhvil verilməsi nəzərə alınsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar