Məhkəmə qərarları › İş №1(124)-98/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-98/2023

28.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-98/2023 28.02.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X6, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Abşeron rayon Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1976-cı ildə Ağsu rayonu, Bəyimli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Ağsu rayonu, Bəyimli kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4, 181.2.1, 181.2.2, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla, özgənin əmlakını xeyli miqdarda gizli olaraq talama və təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yaşayış sahəsinə qanunsuz daxil olmaqla, silah qismində istifadə edilən əşya tətbiq etməklə, hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıq etməklə qurdurluq cinayətlərini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışları Şahid2 qızı, Şahid3 və Şahid1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, Abşeron rayonu, Masazır kəndi, Abşeron Gənclər şəhərciyində yaşayan Zərərçəkmiş şəxs evində böyük məbləğdə pul və qızıl-zinət əşyalarının olduğunu ehtimal edərək, həmin mənzildən oğurluq etməyi qrupun digər üzvlərinə təklif etdikdən və cinayətkar qrupun bütün üzvləri öz aralarında razılığa gəldikdən sonra xx.xx.2021-ci il tarixdə saat 15 radələrində Şahid1 idarə etdiyi «Kia Optima» markalı, **-MD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Masazır kəndi, Abşeron Gənclər şəhərciyində yerləşən 9 saylı blokun qarşısına gəlmiş, birlikdə binanın 8-ci mərtəbəsinə qalxaraq, orada Zərərçəkmiş şəxs məxsus 34 nömrəli mənzilin giriş qapısının qıfılını əvvəlcədən özü ilə götürdüyü dəmir parçası ilə qırmaqla, birlikdə yaşayış sahəsinə qanunsuz daxil olaraq, mənzilin qonaq otağında divara quraşdırılmış 500 manat dəyərində 01 ədəd «LG» markalı televizoru, 30 manat dəyərində 01 ədəd «Geepas» markalı, «GJE-1643» modelli, 300 W-luq ağ rəngli şirəçəkən aparatı, 50 manat dəyərində 01 ədəd «blender»-i, 45 manat dəyərində 01 ədəd «Startrek» markalı «krosno» aparatını, 20 manat dəyərində 01 ədəd üzərində qırmızı-qara zolaqları olan çarpayı örtüyünü, yataq otağındakı paltar dolabından isə 100 manat dəyərində 01 ədəd qadın gödəkçəsini, həmin gödəkçənin cibindən 500 manat dəyərində üzərində 06 ədəd brilyant qaşları olan 01 ədəd qızıl üzüyü, 1000 manat dəyərində üzərində 12 ədəd brilyant qaşları olan 01 ədəd qızıl üzüyü, 150 manat dəyərində 01 ədəd qızıl qolbağı, 500 manat dəyərində zoğalı formalı üzükdən və sırğadan ibarət 01 ədəd qızıl dəstini, 300 manat dəyərində 01 ədəd qızıl nişan üzüyünü və 4200 manat məbləğində nağd pulu gizli olaraq talayıb, zərər çəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 7395 (yeddi min üç yüz doxsan beş) manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmiş, daha sonra öz cinayət əməllərini davam etdirərək, oğurladıqları əşyaları birlikdə aşağı düşürdüb binanın qarşısında saxladıqları yuxarıda göstərilən avtomobilinin yük yerinə yığmış, qabaqcadan əlbir olan bir qrup şəxs halında Şahid2 və Şahid3 ilə birlikdə cinayət planına əsasən qızıl-zinət və pulların yerini zərər çəkmiş şəxsdən öyrənib quldurluq yolu ilə ələ keçirmək üçün təkrarən qanunsuz olaraq həmin mənzilə girmiş, Şahid1 isə zərər çəkmiş Zərərçəkmiş şəxs gəlməsini müşahidə edib onlara xəbər verməsindən ötrü avtomobildə gözləmiş, həmin gün saat 15:30 radələrində Şahid1 zərər çəkmiş Zərərçəkmiş şəxs gəldiyni gördükdə, qrupun digər üzvlərini mobil telefon vasitəsi ilə məlumatlandırmış və Zərərçəkmiş şəxs mənzilə daxil olduğu zaman, qrup üzvləri əvvəlcədən aralarında olan razılığa əsasən Zərərçəkmiş şəxs hücum edib silah qismində dəmir parçasından istifadə etməklə, sonuncunun həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edərək, başının arxa nahiyəsindən vurub huşsuz vəziyyətə gətirib, evin yataq otağına aparıb çarpayının üzərinə yıxmaqla zərərsizləşdirmiş, qızıl-zinət əşyaların və nağd pulların saxladığı yerləri bildirməsini tələb edib yumruqla və dəmir parçası ilə baş, bədən nahiyələrinə vuraraq, Zərərçəkmiş şəxs burunun əng almacıq və alt çənə sümüklərinin yerinidəyişmiş qapalı sınıqları, eləcə də sağ qaşüstü nahiyənin əzilmiş-cırılmış yarası, həmçinin alt çənənin və hər iki süd vəziləri də daxil olmaqla qarının ön divarının yuxarı hissəsini əhatə edən sahənin qançırları kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri yetirməklə, təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yaşayış sahəsinə qanunsuz girməklə, silah qismində istifadə edilən əşya tətbiq etməklə, hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla basqın etməklə qurdurluq və qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yaşayış sahəsinə qanunsuz daxil olmaqla, özgənin əmlakını xeyli miqdarda gizli olaraq talamaqla oğurluq cinayətlərini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirsiz bilərək göstərdi ki, hadisə baş verən gün o, maşın bazarında işləmişdir. Bacısının oğlu Şahid1 daha sonradan tanıdığı Vidadi adlı şəxs ilə birlikdə təxminən saat 12-13 radələrində iş yerinə gələrək onu iş geyimində və əlində iş çantası ilə maşın bazarından götürmüş, ona “qohumumsan xeyri niyə başqasına verim ki, qapını düzəltməyin beş dəqiqəlikdir” demişdir. O, müştərilərinin olduğunu, qapını açmağa vaxtının olmadığını söylədikdə Elçin ona “narahat olma, maşınla aparıb, maşınla gətirəcəm” demişdir. O həmin vaxt Elçinin yanında hər hansı bir qadın görməmişdir. Onun iş çantasında kəlbətin və digər əşyaları olmuş, Elçin Vidadi ilə birlikdə onu Masazır qəsəbəsinə gətirmişdir. Qapını açmaq üçün özünün maqniti çıxartdığını, bu zaman onlara “axı bunun içərisində qırıq açar qalmayıb” dediyini, ardınca vintaçanı qapının kilidinə saldığını, bundan sonra qapının içəriyə açdığını, həmin vaxt evdə kimisə görmədiyini bildirmişdir. Daha sonra Elçin əlini cibinə salıb 25 manat çıxarmış və onun cibinə qoymuş, o da oradan ayrılıb yenidən öz iş yerinə qayıtmış, axşam saatlarında evə gəldikdə isə ailəsinə Elçinlə danışdığını, bir evin qapısının klidini açdığını söyləmişdir. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq göstərdi ki, o, əvvəllər həmin mənzildə olmamış, bacısı oğlu Elçin onu qapının kilidini açmaq üçün «Kia Optima» markalı avtomobil ilə həmin mənzilə aparmış, Elçin ona həmin mənzilin yaxınına məxsus olduğunu söyləmiş, onlar həmin mənzilə günorta saatlarında getmiş, orada sadəcə iki nəfəri - Şahid1lə Vidadi adlı şəxsi görmüş, Şahid2 daha sonradan tanımış, qapı açıldıqdan sonra Elçin ilə Vidadi içəri girmiş, o isə oradan uzaqlaşmışdır. Qapını böyük ölçüdə olan vintaçan ilə açdığını, istintaq zamanı ona qarşı fiziki, yaxud da psixi zor tətbiq olunmadığını, həmin mənzildən heç nə götürmədiyini, Zərərçəkmiş şəxs qarşı zor tətbiq etmədiyini, oradan getdikdən sonra Elçin ilə Vidadinin nə etdiklərindən xəbərinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə tərkibinin suallarına cavab olaraq Elçin ilə normal qohum münasibətlərinin olduğunu, bir-birilərinin evinə gedib-gəldikərini, Elçinin əvvəllər də məhkum olunduğunu bildiyini, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tutulduqdan sonra gördüyünü, istintaq zamanı tərtib olunan sənədləri şəxsən oxumadığını, ifadəsini oxumadan imzaladığını bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, Şahid1 onun qohumudur, Şahid3 və Şahid2 qızını da Şahid1 görə tanımış, belə ki, Şahid2 Şahid1lə qeyri-rəsmi nikah münasibətində yaşayırmış. xx.xx.2021-ci il tarixdə saat 13 radələrində Binəqədi rayonu, Biləcəri qəsəbəsi, “Araz” marketin qarşısında Şahid1lə görüşən zaman, sonuncunun tanışı olan Şahid3 da ilk dəfə elə orada görmüşdür. Həmin yerdə onlar Şahid1 idarə etdiyi «Kia Optima» markalı, **- MD-*** dövlət qeydiyyat nişanlı avtomobilində işsizlikdən və pula ehtiyaclarının olması barədə danışırmışlar. Bu zaman Şahid1 onlara Anar adlı tanışından yaşlı qohumunun olduğunu, həmin qohumunun Abşeron rayonu, Xırdalan şəhəri, Abşeron Gənclər şəhərciyində yaşadığını, evində nağd pulu və qızıl-zinət əşyalarının olduğunu bildirmişdir. Həmçinin Şahid1 həmin qadının evindən oğurluq etməyi onlara təklif etmişdir. Onun pula ehtiyacı olduğu üçün Elçinlə razılaşmış, eyni zamanda Elçinin təklifi ilə Vidadi də razılaşmışdır. Həmin planı realizə etmək üçün, Şahid1 xx.xx.2021-ci il tarixdə saat 11 radələrində Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən “Araz” marketin qarşısında görüşməyi qərarlaşdırmış və bu səbəbdən xx.xx.2021-ci il tarixdə saat 12 radələrində Şahid1 təklif etdiyi yerə, yəni Binəqədi rayonu, Biləcəri qəsəbəsi, "Araz” marketin qarşısına getmişdir. Həmin yerə gəldikdə, artıq Şahid1 və Şahid2 Elçinin idarə etdiyi «Kia Optima» markalı avtomobilində onu gözləyirmişlər, bir az sonra həmin yerə Şahid3 da gəlmişdir. Vidadi həmin avtomobilin qabaq sərnişin oturacağında, o, isə Şahnazla arxa oturacaqda əyləşərək, birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, Abşeron Gənclər şəhərciyinə getmişlər. Həmin gün saat 13 radələrində şəhərcikdə Şahid1 avtomobilini binanın qarşısında saxlamış və oğurluq üçün girəcəkləri mənzilin 8-ci mərtəbədə olduğunu bildirmişdir. Onlar birlikdə avtomobildən düşərək, ilk öncə Elçin, daha sonra Vidadi, özü və Şahnaz isə Elçinin arxasınca bloka daxil olmuşlar. Həmin blokun 8-ci mərtəbəsində Şahid1 oğurluq üçün daxil olacaqları evin qapısını onlara göstərmişdir. O, əvvəlcədən özü ilə götürdüyü dəmir parçasını çərçivə ilə qapının arasına salaraq, qapını açmış və onlar birlikdə həmin evə daxil olmuşlar. Şahnazla Vidadi dəhlizdən evin birinci otağına, yəni televizor olan otağa keçmiş, o, isə Elçinlə mənzilin yataq otağına daxil olmuşlar. Televizor olan otaqdan Vidadi televizoru və «krosna» aparatını götürmüş, Elçinlə özü isə yataq otağında bir neçə dəqiqə axtarış apardıqdan sonra, evdə dəyərli bir şey olmadığını görmüşlər. Həmin zaman onlar birlikdə belə qənaətə gəlmişlər ki, mənzilin sahibini gözləsinlər və mənzilin sahibi mənzilə daxil olduğu zaman, həmin şəxsə xəsarət yetirib evdə olan pulun və qızıl-zinət əşyaların yerini öyrənsinlər. Bundan sonra Vidadi evdən televizoru, Şahnaz isə otaqda olan çantadan dəqiq yadında qalmayan əşyaları götürüb birlikdə həyətə düşmüşlər. Oğurladıqları əşyaları Şahid1 avtomobilinin yük yerinə yığmışlar, planlarına əsasən Şahid1 binanın qarşısında qalmalı imiş ki, qadın gələn zaman onlara xəbər versin. O, Vidadi və Şahnaz yenidən oğurluq etdikləri evə qayıtmışlar. Onlar evdə qalıb qadını gözlədikləri zaman, qapı açılaraq dəhlizə yaşlı bir qadın daxil olmuş, Vidadi evin giriş qapısının arxasından qəfildən çıxaraq, evə daxil olmuş qadını arxadan itələmiş və həmin anda qadın yerə yıxılmışdır. Bundan sonra o, hamamdan əlində dəmir parçası ilə dəhlizə çıxmış və Vidadi ilə birlikdə arvadı yataq otağına keçirmişlər. Həmin otaqda Vidadi ilə o, qadının sifət nahiyəsinə bir neçə yumruq zərbəsi vurmuş, həmçinin o, əlində olan dəmir parçası ilə arvadın baş nahiyəsinə zərbə vurmuş və bundan sonra arvad qışqırmağa başlamışdır. Bu səbəbdən də onlar, artıq arvaddan pul və qızıl-zinət əşyalarının yerini soruşa bilməmişlər. İlk öncə evdən Şahnazla özü çıxaraq, Elçinin idarə etdiyi avtomobilinə əyləşmiş və Elçin avtomobilini Masazır yoluna sürmüşdür. Daha sonra həmin yerə Vidadi gəlmiş və avtomobilə əyləşərək, Elçin onları yaşadıqları ünvanlara aparmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, hadisə günü o evə girmək istədikdə evin giriş qapısının açıq vəziyyətdə olduğunu görmüş və səhər evdən çıxan zaman qapını açarla bağlamadığını düşünmüşdür. Evə daxil olan vaxt qəfildən kiminsə başınının arxa tərəfindən vurmuş, huşunu itirib yerə yıxıldıqdan sonra kimsə onu yataq otağına aparıb çarpayının üzərinə yıxmış və sifətinə bir neçə zərbə vurmuşdur. Həmin şəxslərdən birinin səsi qadın səsi olmuş, lakin onların üzləri yadında qalmamışdır. O, özünə gəldikdən sonra bloka çıxdığını, qonşuların köməkliyi ilə xəstəxanaya aparıldığını, evindən 500 manat dəyərində televizor, 50 manat dəyərində şirə çəkən maşın, 50 manat dəyərində «blender», 45 manat dəyərində krosna aparatı, 20 manat dəyərində divan örtüyü, 100 manat dəyərində qadın gödəkçəsi, həmin gödəkçənin cibindən 500 manat və 1000 manat dəyərində üzüklər, 150 manat dəyərində qızıl qolbaq, 500 manat dəyərində qızıl dəsti, 300 manat dəyərində qızıl üzük və 4200 manat məbləğində nağd pul oğurlandığını bildirmişdir. Ümumillikdə isə ona 7415 manat məbləğində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxsla barışmamışdır. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid1 bildirmişdir ki, qeyr-rəsmi nikah münasibətində olduğu Şahid2, Şahid3 və Təqsirləndirilən şəxs ilə birlikdə kirayə köçməkdə kömək etmək üçün həmin evə getmişdir. Zakirin oğurluq əməli etdiyini görməmiş, özü Zərərçəkmiş şəxs evinə getməmiş, hadisə günü Zərərçəkmiş şəxs yaşadığı binanın qarşısında olmamışdır. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmədiyini, Zakirin həmin evdən oğurluq etməsini görmədiyini bildirmişdir. Şahid1 məhkəmə istintaqında elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Şahid3la 1 saylı cəzaçəkmə müəssisəsində cəza çəkdiyi zaman tanış olmuş, sonuncu ilə normal münasibəti olmuşdur, Təqsirləndirilən şəxs isə qohumudur, Zakirlə Vidadinin tanışlığı onun vasitəsi ilə yaranmışdır. Şahid2 qızı isə onunla qeyri-rəsmi münasibətdə yaşamışdır. 28 yanvar 2021-ci il tarixdə saat 13 radələrində Binəqədi rayonu, Biləcəri qəsəbəsi “Araz” marketin qarşısında Şahid3la görüşdüyü zaman, Şahid2 və Təqsirləndirilən şəxs da onun yanında olmuşdur. Onlar həmin vaxtı onun idarə etdiyi «Kia Optima» markalı avtomobilində əyləşib, işsizlikdən söhbət edirmişlər, belə ki, hər birinin pula ehtiyacı varmış. O, həmin şəxslərə Anar adlı tanışının olduğunu və bir neçə vaxt öncə söhbət zamanı sonuncu ona Abşeron rayonu, Gənclər şəhərciyində yaşlı qadın qohumunun, həmin qadının evində çoxlu pul və qızıl-zinət əşyaların olması barədə dediyini bildirmişdir. Həmin vaxtdan Anarın dediyi söz onun yadında qalmış və buna görə də Vidadi, Zakir və Şahnaza həmin qadının evindən oğurluq etməsini təklif etmiş və sonuncular da onunla razılaşmışdırlar. 29 yanvar 2021-ci il tarixdə saat 11 radələrində, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən “Araz” marketin qarşısında görüşməyi qərarlaşdırmışlar. Səhəri gün o, yəni 29 yanvar 2021-ci il tarixdə saat 12 radələrində idarə etdiyi avtomobillə Şahnazla birlikdə razılaşdırdıqları yerə getmiş, orada Zakir və Vidadi ilə görüşmüşdür. Şahid3 avtomobildə qabaq sağ oturacaqda, Şahnaz və Zakir isə arxa oturacaqda əyləşmişlər. Onlar birlikdə Abşeron rayonu, “Gənclər şəhərciyinə” getmiş və saat 13 radələrində idarə etdiyi avtomobili oğurluq edəcəkləri mənzilin yerləşdiyi binanın qarşısına sürmüş və orada avtomobili saxlamışdır. O, əvvəlcədən Vidadiyə həmin qadının ünvanını bildirdiyindən, Vidadi, Zakir və Şahnaz oğurluq edəcəkləri mənzilə getmiş o, isə avtomobilində həmin şəxsləri gözləmişdir. Bir neçə dəqiqədən sonra, Vidadigilin gec gəldiyini görüb bloka daxil olmuş və 7-ci mərtəbədə Zakirin, Vidadinin və Şahnazın blokda olduqlarını, həmin vaxt Vidadinin əlində örtüyə bükülmüş bir ədəd televizorun, Şahnazın əlində isə bir ədəd içərisində əşyalar olan sellofan torbanın olduğunu görmüşdür. O, həmin şəxslərə əsəbləşib nə üçün mənzildən həmin əşyaları götürdüklərini onlara demiş, o, özündə həmin mənzildə 50.000 manat məbləğində pul və qızıl-zinət əşyaların olduğunu düşünmüşdür. Onlar birlikdə həyətə düşüb oğurladıqları əşyaları avtomobilin yük yerinə yığmışlar. Bu zaman Vidadi onlara «evdə əl izim qala bilər, ona görə mən evə qayıdım və orada əl izlərimi silim» sözlərini demişdir. O, Şahnaz və Zakir birilkdə avtomobillə oradan uzaqlaşmış, Vidadi isə yenidən hadisə yerinə qayıtmışdır. Bir neçə vaxtdan sonra Vidadi ona zəng edərək, harada olduğunu soruşmuş, o, X9 şəhərciyinin arxa tərəfindəki yolda gözlədiyini sonuncuya bildirmişdir. Vidadi gəlib avtomobilə əyləşdikdən sonra, ev sahibəsinin sonradan evə gəldiyni, qadına xəsarət yetirdiyini onlara demişdir. Bun görə o, Vidadi ilə mübahisə etmiş və etdiyi əməlin düzgün olmadığını bildirmişdir. Bundan sonra onlar, Biləcəri qəsəbəsində ayrılmışlar, oğurladıqları əşyalar onun avtomobilində qalmış, televizor isə Vidadinin əlindən pilləkəndən düşüb sındığından, onu Balaxanı yolunda yolun kənarına atmışdır. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid3 bildirmişdir ki, o Təqsirləndirilən şəxs, Şahid1 və Şahid2 ilə birlikdə evdən oğurluq etmiş, Zakir həmin evin qapısını dəmir parçası ilə açmış və onlar içəri girmişlər. Lakin evdən dəyərli nə isə aşkar edə bilmədikləri üçün orada olan televizoru götürüb evdən çıxmışlar. Elçinin evə oğurluğa girmək təklifini etdiyini, evə oğurluğa dörd nəfər getdiklərini, Zakirin həmin evin qapısını “mantirovka” ilə açdığını və Zakirin də evin içərisinə girdiyini, Elçinin onları avtomobildə gözlədiyini, həmin evdə pul olmadığını, təxminən yarım saatdan sonra oradan getdiklərini, özünün zərər çəkmiş şəxsi vurmadığını, zərər çəkmiş şəxsi görmədən oradan çıxıb getdiyini, istintaq zamanı verdiyi ifadəsini təsdiq etmədiyini, Zakirin zərər çəkmiş şəxsi vurmasını görmədiyini və özünün ikinci dəfə həmin evə girmədiyini bildirmişdir. Şahid3 məhkəmə istintaqında elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Şahid1 1 saylı cəza çəkmə müəssisəsində cəza çəkdiyi zaman tanımış, sonuncu ilə normal münasibəti olmuşdur. Təqsirləndirilən şəxs isə Şahid1 görə tanımış və sonuncu ilə heç bir münasibəti olmamışdır. Şahid2 qızını da Şahid1 görə tanımış, belə ki, Şahid2 Şahid1lə qeyri-rəsmi ailə münasibətində yaşayırmış. xx.xx.2021-ci il tarixdə saat 13 radlərində Binəqədi rayonu, Biləcəri qəsəbəsi, “Araz” marketin qarşısında Şahid1lə görüşən zaman, sonuncunun tanışı olan Təqsirləndirilən şəxs da ilk dəfə elə orada görmüşdür. Həmin yerdə onlar Şahid1 idarə etdiyi «Kia Optima» markalı, **-MD-*** dövlət qeydiyyat nişanlı avtomobilində işsizlikdən və pula ehticları olduqları barədə danışırmışlar. Bu zaman Şahid1 onlara, Anar adlı tanışından yaşlı qohumunun olduğunu, həmin qohumunun Abşeron rayonu, Xırdalan şəhəri, Gənclər şəhərciyində yaşadığını, evində nağd pulu və qızı-zinət əşyalarının olduğunu bildirmişdir. Həmçinin Şahid1 həmin qadının evindən oğurluq etməyi təklif etmişdir. Onun pula ehtiyacı olduğu üçün Elçinlə razılaşmış, eyni zamanda Elçinin təklifi ilə Zakir də razılaşmışdır. Həmin planı realizə etmək üçün, Şahid1 xx.xx.2021-ci il tarixdə saat 11 radələrində Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən “Araz” marketin qarşısında görüşməyi qərarlaşdırmışdır. Bu səbəbdən o, xx.xx.2021-ci il tarixdə saat 12 radələrində Şahid1 təklif etdiyi yerə, yəni Binəqədi rayonu, Biləcəri qəsəbəsi, "Araz” marketin qarşısına getmişdir. Həmin yerə gəldikdə, artıq Şahid1, Şahid2 və Təqsirləndirilən şəxs Elçinin idarə etdiyi «Kia Optima» markalı avtomobilində onu gözləyirmişlər. O, həmin avtomobilin qabaq sərnişini oturacağında, Şahnazla Zakir isə arxa oturacaqda əyləşərək, birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, Gənclər şəhərciyinə getmişlər. Həmin gün saat 13 radələrində şəhərcikdə Şahid1 avtomobilini binanın qarşısına saxlamış və oğurluq üçün girəcəkləri mənzilin 8-ci mərtəbədə olduğunu bildirmişdir. Onlar birlikdə avtomobildən düşərək, ilk öncə Elçin, daha sonra özü Şahnaz və Zakir Elçinin arxasınca bloka daxil olmuşlar. Həmin blokun 8-ci mərtəbəsində Şahid1 oğurluq üçün daxil olacaqları evin qapısını onlara göstərmişdir. Zakir əvvəlcədən özü ilə götürdüyü dəmir parçasını çərçivə ilə qapının arasına salaraq, qapını açmış və onlar birlikdə həmin evə daxil olmuşlar. Şahnazla o, dəhlizdən evin birinci otağına, yəni televizor olan otağa keçmiş, Zakirlə Elçin isə mənzilin yataq otağına daxil olmuşlar. Televizor olan otaqdan o, televizoru və «krosna» aparatını götürmüş, Zakirlə Elçin isə yataq otağında bir neçə dəqiqə axtarış apardıqdan sonra, evdə dəyərli bir şey olmadığını bildirmişlər. Həmin zaman onlar, birlikdə belə qənaətə gəlmiş ki, mənzilin sahibini gözləsinlər və mənzilin sahibi mənzilə daxil olduğu zaman, həmin şəxsə xəsarət yetirib evdə olan pulun və qızıl-zinət əşyaların yerini öyrənsinlər. Bundan sonra o, evdən televizoru, Şahnaz isə otaqda olan çantadan dəqiq yadında qalmayan əşyaları götürüb birlikdə həyətə düşmüşlər. Oğurladıqları əşyaları Şahid1 avtomobilinin yük yerinə yığmış, planlarına əsasən Şahid1 binanın qarşısında qalmalı imiş ki, qadın gələn zaman onlara xəbər versin. O, Zakir və Şahnaz yenidən oğurluq etdikləri evə qayıtmışlar. Onlar evdə qalıb qadını gözlədikləri zaman, qapı açılaraq dəhlizə yaşlı bir qadın daxil olmuş, o, evin giriş qapısının arxasından qəfildən çıxaraq, evə daxil olmuş qadını arxadan itələmiş və həmin anda qadın yerə yıxılmışdır. Bundan sonra Zakir hamamdan əlində dəmir parçası ilə dəhlizə çıxmış və o, Zakirlə birlikdə arvadı yataq otağına keçirmişlər. Həmin otaqda Zakirlə o, qadının sifət nahiyəsinə bir neçə yumruq zərbəsi vurmuş, həmçinin Zakir əlində olan dəmir parçası ilə arvadın baş nahiyəsinə zərbə vurmuş və bundan sonra arvad qışqırmağa başlamışdır. Bu səbəbdən onlar, artıq arvaddan pul və qızıl-zinət əşyalarının yerini soruşa bilməmişdirlər. İlk öncə evdən Şahnazla Zakir çıxmış, daha sonra özü evdən çıxıb həyət düşdükdə, Şahnazla Zakiri, həmçinin Elçinin idarə etdiyi avtomobilini həyətdə görməmişdir. Bundan sonra o, Elçinin mobil nömrəsinə zəng edərək, harada olduqlarını soruşmuş, Elçin ona Masazır yoluna çıxmasını bildirmişdir. Daha sonra Elçin onu həmin yerdən götürüb yaşadığı evə aparmışdır. Səhəri gün, yəni xx.xx.2021-ci il tarixdə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, “Araz” marketin qarşısında görüşdükləri zaman, Elçindən oğurladıqları əşyaları nə etdiklərini sorşuduqda, sonuncu ona televizorun yararsız oduğunu və evdən başqa bir əşya götürmədiklərini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş İbrahimova X8 Zakirin onun qeyrirəsmi nikah münasibətində yaşadığı şəxs Şahid1 dayısı olduğunu, 29 yanvar tarixində kirayə qalınan evdən köçülməsi üçün onun köməyinin lazım olduğunu Elçinə bildirildiyini, o həmin kirayə evə getdiyi zaman orada olan əşyaların daşındığını gördüyünü və bu gördüyünü həmin evdən köçülməsi ilə əlaqəli olduğunu düşündüyü üçün şübhələnmədiyini, kimin həmin evin qapısını açdığını bilmədiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmədiyini demişdir. Şahid2 qızı məhkəmə istintaqında elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 5 ilə yaxındır Şahid1 tanıyır, sonuncu ilə qeyri rəsmi ərarvad münasibətində yaşamışdır. Son zamanlar Elçin işləmədiyindən, onların pula ehtiyacları olmuşdur. Şahid1 Anar adlı tanışı X10 şəhərciyində yaşlı qohumunun yaşadığını, evində pulun və qızıl-zinət əşyalarının olduğunu bildirmişdir. Bundan sonra Elçin, qohumu Təqsirləndirilən şəxs və tanışı Şahid3la Anarın Abşeron rayonu Gənclər şəhərciyində yaşayan qohumunun evindən oğurluq etməyi planlaşdırmışdır. 29 yanvar 2021-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində “Araz” marketin qarşısına Şahid1 idarə etdiyi «Kia Optima» markalı, **-MD-*** dövlət qeydiyyat nişanlı avtomobillə getmiş, həmin yerdə Təqsirləndirilən şəxs və Şahid3 avtomobilə əyləşmişdirdər. Zakirin əlində dəmir parçası olmuş, onlar birlikdə Şahid1 idarə etdiyi avtomobillə Abşeron Gənclər şəhərciyinə getmişlər. Elçin ilk öncə avtomobili daxil olacaqları evin blokunun qarşısında saxlamış, o, Elçin, Zakir və Vidadi avtomobildən düşərək, pilləkənlə Şahid1 dediyi, yəni 8-ci mərtəbəyə çıxmışlar və Elçin onlara oğurluq edəcəkləri qapını göstərmişdir. Zakir əlində olan dəmir parçasını qapı ilə çərçivə arasına salaraq, qapını açmışdır. Bundan sonra onlar birlikdə evə daxil olmuşlar. O, Vidadi ilə evin birinci otağına, yəni televizor olan otağa, Zakirlə Elçin isə yataq otağına daxil olmuşlar. Vidadi divardan asılmış televizoru və “krosno” aparatını götürmüş, Zakirlə Elçin isə yataq otağından gödəkçəni və bir neçə əşyanı sellofan torbaya yığıb ona vermişlər. Vidadi televizoru divanın üzərində olan örtüyə bükmüşdür. Mənzildə pul və qızıl-zinət əşyalarını tapa bilməkdiklərinə görə, götürdükləri əşyaları həyətə düşürdüb Elçinin idarə etdiyi avtomobilin yük yerinə qoub, sonra evə qayıdıb, ev sahibini gözləmək, ev sahibi gəldikdə isə, ona hədə qorxu gəlib qızıl və pulun yerini öyrənməsini planlaşdırmışlar. Bundan sonra onlar planlaşdırdıqları kimi etmiş, Elçin həyətdə qalmış ki, qadın gələn zaman onlara xəbər versin, özü, Zakir və Vidadi yenidən evə qayıtmışlar. Təxminən saat 13 radəlində 8-ci mərtəbəyə lift gəlmişdir. Onlar qadının artıq evə gəldiklərini bilirmişlər, buna görə də Vidadi evin giriş qapısının arxasına keçmiş, özü birinci otağa, yəni televizor olan otaqda qalmış, Zakir isə hamam otağına keçib dayanmışdır. Qadın içəri daxil olan kimi Vidadi qapının arxasından çıxıb həmin qadını itələmiş və qadın yerə yıxılmışdır, bundan sonra Zakirlə Vidadi qadını yataq otağına keçirtmişlər. O, Vidadigilin həmin qadını vurduqlarını hiss edib qorxduğu üçün evdən tez çıxmış və həyətə düşmüş, onun arxası ilə Zakir düşmüş və onlar Elçinin idarə etdiyi avtomobildə əyləşmişlər. Şahid3 isə evdə qalmış və bir neçə dəqiqədən sonra sonuncu Şahid1 zəng edərək, harada olduqlarını soruşmuşdur. Bundan sonra Elçin, Vidadini oradan götürmüş və Vidadi onlara arvad huşunu itirdiyindən, qızıl və pulun yerini soruşa bilmədiyini demişdir. Daha sonra X11 Biləcəri qəsəbəsində avtomobildən düşürmüş özləri isə yaşadıqları evə getmişlər. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və zərər çəkmiş şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “Sübutların qiymətləndirilməsi haqqında” 28 sentyabr 2021-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.4, 181.2.1, 181.2.2, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə cinayət işi ayrılmış, həmin maddələrlə ittiham elan olunması üçün 06 dekabr 2021-ci il tarixdə barəsində axtarış elan edilmiş, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Nizami rayonu ərazisində tutularaq Abşeron RPİ-nin MSY-nə təhvil verilmiş və həmin maddələrlə ona ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilən 29 yanvar 2021-ci il tarixli “hadisə yerinə baxış keçirmə haqqında” protokoldan görünür ki, hadisə yeri Zərərçəkmiş şəxs yaşadığı ünvan 2 ünvanıdır. Hadisə yerinin müayinəsi zamanı qeyd olunan ünvanda yataq dəstinin üzərindən 01 ədəd dəmir parçası götürülərək maddi sübut kimi tanınmış, saxlanılması üçün Binəqədi RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, ünvan 3 ünvanında yaşayan qonşu X4 təhlükəsizlik kamerası vasitəsilə qeydə alınan video görüntü götürülərək «CD» diskə əlavə edilmişdir. Həmin diskə baxış keçirilməsi barədə protokoldan aydın olur ki, qeyd olunan diskə Şahid3, Şahid2 qızı və Şahid1 iştirakları ilə baxış keçirilmiş və onlar video görüntüdə olan şəxslərin özləri və Təqsirləndirilən şəxs olduqlarını təsdiq etmişlər. Cinayət işinin materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli axtarış və götürmə aparılması barədə protokoldan görünür ki, X5 idarə etdiyi «Ravon Nexia» markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobildən Şahid1 adına olan şəxsiyyət vəsiqəsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, 01 ədəd «Reebok» markalı idman geyiminin gödəkçəsi, həmin gödəkçənin cibindən 03 ədəd mobil telefonlar, daha sonra avtomobildən, bijuteriya, 01 ədəd qırmızı rəngli broş, 05 ədəd qolbaqlar, çanta, 04 ədəd qol saatları, 01 ədəd qəlyan aparatı, «Geepas» markalı şirəçəkən maşın, 01 ədəd əl qumbarası, avtomobilin salonunda olan saxlanc yerindən 04 ədəd digər mobil telefonlar, X2 adına şəxsiyyət vəsiqəsi, Şahid2 qızının adına şəxsiyyət vəsiqəsi, ümumvətəndaş pasportu, attestat, avtomobilin yük yerindən 02 ədəd çanta, içərilərində 01 ədəd telefon adaptoru, 01 ədəd «power bank», 01 ədəd gödəkçə, qış geyimləri, üzərində fərqlənmə nişanları olmayan, polis kostyumları və s. əşyalar götürülmüşdür. Cinayət işinin materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli əşyaların tanınması haqqında protokoldan görünür ki, iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ona təqdim olunmuş 01 ədəd «Geepas» markalı şirəçəkən maşını tanımış və həmin aparatın xx.xx.2021-ci il tarixdə onun yaşadığı ünvan 4 ünvanından digər əşyalarla birlikdə oğurlandığını göstərmişdir. Cinayət işi üzrə aşkar olunaraq götürülmüş 01 ədəd «Geepas» markalı şirəçəkən maşın cinayətin predmeti olduğundan maddi sübut kimi tanınaraq, məhkəmənin yekun qərarı qəbul edilənədək saxlanılmasından ötrü sahibinə qaytarılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliynin Məhkəmə – Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin xx.xx.2021-ci il tarixli 316 nömrəli rəyi (canlı şəxsin ekspertizası) ilə müəyyən edilmişdir ki, vət. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər – burun əng almacıq və alt çənə sümüklərinin yerinidəyişmiş qapalı sınıqları, eləcə də sağ qaşüstü nahiyənin əzilmiş-cırılmış yarası, həmçinin alt çənənin və hər iki süd vəziləri də daxil olmaqla qarının ön divarının yuxarı hissəsini əhatə edən sahənin qançırları küt əşya (əşyalar) təsirindən törənmişlər, qeyd edilən müddətdə və zərər çəkənin göstərdiyi şəraitdə, yəni xx.xx.2021-ci il tarixdə qeyd olunan nahiyələrə əl, yumruq, təpik və dəmir parçası ilə vurulma nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Baş İnformasiya-Komunikasiya İdarəsindən daxil olmuş arayışa əlavə edilmiş 01 ədəd CD diskə baxış keçirilərkən müəyyən olunmuşdur ki, xx.xx.2021-ci il tarixdə saat 14:36:51-dən müxtəlif vaxtlarda saat 16:38.08-ə kimi Şahid1 077 *** ** ** saylı mobil nömrəsi ilə Təqsirləndirilən şəxs adına olan 077 *** ** ** saylı mobil telefon nömrəsi ilə əlaqə saxlanıldığı, anten dairəsi barədə məlumatlarda 077 *** ** ** saylı mobil telefon nömrəsinin dairəsi üzrə ünvanı «həmin tarixdə saat 14:36:51-də ünvan 56:13-də, saat 15:04:58 Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi 7-ci kilometr» kimi, 077 *** ** ** saylı mobil telefon nömrəsinin dairəsi üzrə ünvanı «saat 14:56:13-də Aztelekom İB Abşeron TKQ, satt 15:04:58 Abşeron rayonu, Xırdalan şəhəri» kimi qeyd edilmişdir. Qeyd olunan 01 ədəd CD disk ********* nömrəli cinayət işinin materiallarına əlavə edilmişdir. Təsvir olunan sübutların məcmusuna və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə az ağır və ağır cinayətlər kateqoriyasına aid edilirlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4, 181.2.1, 181.2.2, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4, 181.2.1, 181.2.2, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələrinin sanksiyaları həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində özünü təqsirli bilməyərək göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadəsi işin hallarına uyğun olmaqla, toplanmış digər sübutlar və işin obyektiv halları ilə təsdiq olunduğundan, həmin ifadə mötəbər sübut kimi qəbul edilməlidir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli Qərarlarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, həmin Qərarın Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydinin 3-cü bəndinə görə müvafiq olaraq oğurluq, soyğunçuluq və quldurluq cinayətlərinin “təkrar törədilməsi” əlaməti üzrə tövsif edilməsi üçün CM-in 177, 180, 181-ci maddələri ilə, habelə CM-in 178, 179, 182, 183-cü maddələri ilə nəzərdə tutulan iki və ya daha çox cinayətlərin (hər hansı ardıcıllıqla) törədilməsi tələb olunur. Şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər CM-nin 16.2-ci maddəsinə müvafiq olaraq, CMnin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud CM-nin 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3-cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayətlərin “təkrarlığı” əlaməti ilə tövsif edilməlidir. Yaşayış sahəsi dedikdə, yaşayış və qeyri-yaşayış sahələri də daxil olmaqla, mülkiyyət formasından asılı olmayaraq, mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Qeyd olunan plenum qərarında göstərilir ki, qabaqcadan əlbir olmaqla quldurcasına basqın törətmiş bir qrup təqsirli şəxsin niyyəti ilə silah və ya silah qismində istifadə edilən predmetlərin tətbiqi əhatə edilmişsə, o zaman onlardan yalnız biri silah və ya silah qismində istifadə edilən predmet tətbiq etsə belə, qrup iştirakçılarının hamısı birgə icraçı kimi CM-nin 181.2.5-ci maddəsi ilə məsuliyyət daşıyır. Bundan başqa, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4 maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal hesab edir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs ödənilməmiş və götürülməmiş məhkumluğu yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə tutularaq, Abşeron RPİ-nin MSY-nə təhvil verilmiş, Abşeron rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Cəza çəkmə müddətinin başlanğıcı da Təqsirləndirilən şəxs tutulduğu xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, aşkar olunaraq götürülmüş 01 ədəd «Geepas» markalı şirəçəkən maşının iş üzrə maddi sübut kimi tanınaraq məhkəmə hökmünədək saxlanılmasından ötrü sahibinə qaytarılması və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs dəymiş 7395 (yeddi min üç yüz doxsan beş) manat məbləğində maddi ziyanın 30 (otuz) manatının ödənilməsi nəzərə alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Cinayət işinin materiallarından görünür ki, iş üzrə məhkəmə xərci yoxdur və mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4, 181.2.1, 181.2.2, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4-cü maddələri ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.2, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu Təqsirləndirilən şəxs qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 02 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə aşkar olunaraq götürülmüş 01 ədəd «Geepas» markalı şirəçəkən maşının iş üzrə maddi sübut kimi tanınaraq məhkəmə hökmünədək saxlanılmasından ötrü sahibinə qaytarılması və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs dəymiş 7395 (yeddi min üç yüz doxsan beş) manat məbləğində maddi ziyanın 30 (otuz) manatının ödənilməsi nəzərə alınsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar