Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-98/2024 28.02.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin iştirakları ilə, xx.xx.1998-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2mış, barəsində həbs növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3, 234.4.4-cü maddələri maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqadarda psixotrop maddə əldə etmə, saxlama, daşıma və satma, Azərbaycan Respublikası ərazisində satışının təşkil edilməsinə köməklik göstərəcəyi barədə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikası vətəndaşı “Mehdi” adlı şəxs və qeyriləri ilə istifadəsində olan “Samsung Galaxy A03” markalı mobil telefon avadanlığında quraşdırılmış “Whatsapp” proqram təminatından istifadə etməklə əlaqə saxlayıb əvvəlcədən vəd verməklə onlarla razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən İran İslam Respublikasının vətəndaşı “Mehdi” adlı şəxs 27 sentyabr 2022-ci il tarixdə şəxsiyyətləri istintaqa məlum olmayan qeyriləri vasitəsi ilə qanunsuz olaraq satış məqsədi ilə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”- in İ siyahısına daxil olan külli miqdarda 53,522 qram çəkidə narkotik vasitə heroini, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxil olan külli miqdarda 48,067 qram çəkidə psixotrop maddə metamfetamini Sumqayıt şəhərinin girəcəyində 01 ədəd qara rəngli sellofan bükümdə gizlədib yerləşdirmiş, yerləşdirilmiş bükümü və yerin fotoşəkillərini Təqsirləndirilən şəxs istifadəsində olan “Samsung Galaxy A03” markalı mobil telefonda quraşdırılmış “Whatsapp” proqram təminatına göndərmiş, Təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşı “Mehdi” adlı şəxsin göndərdiyi külli miqdarda narkotik vasitəni və külli miqdarda psixotrop maddəni satış məqsədi ilə həmin yerdən qanunsuz əldə etmiş, əldə etdiyi narkotik vasitəni və psixotrop maddəni əynindəki qara rəngli şalvarının sol yan cibində saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Baş NarkotiklərləMübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 27 sentyabr 2022-ci il tarixdə saat 23:50-də Sumqayıt şəhəri, 24cü məhəllə, Xəzər bağları yaşayış massivində yerləşən “Nicat” marketin yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİ-nin 4-cü PB-nə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli şalvarın sol yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 01 ədəd ağ rənglil sellofan bükümdə külli miqdarda təmiz çəkisi 53,522 qram olan narkotik vasitə heroin, 01 ədəd ağ rənglil sellofan bükümdə külli miqdarda təmiz çəkisi 48,067 qram olan psixotrop maddə metamfetamin və üzərində narkotik vasitə heroin izləri olan 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, 3 ildir ki, narkotik vasitədən istifadə edir. İnternet vasitəsilə Mehdi adlı şəxs ilə tanış olmuşdur. 2 dəfə pulsuz olaraq narkotik vasitəni Mehdinin dediyi yerdən gedib götürmüşlər. Daha sonra narkotik vasitə müqabilində Mehdinin dediyi yerlərə narkotik vasitə və psixotrop maddə qoymuşdur. Axırıncı dəfə narkotik vasitəni gedib götürəndə Xəzər bağları yaşayış massivində polis əməkdaşları tərəfindən tutulmuşdur. Metamfetaminin miqdarı təxminən 10 ədəd olmuşdur. Mehdi adlı şəxsdən təqribən 4-5 dəfə narkotik vasitə əldə etmişdir. 27 sentyabr 2022-ci il tarixdə, axşam radələrində “Simurq” restoranının yanında saxlanılmışdır. Mehdinin 10 ədəd metamfetamini ona verməsi qarşılığında digərlərini onun dediyi yerə atacağını bildirmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmədə elan olunaraq araşdırılmış ifadəsində Azərbaycan Respublikasının CM-nin 234.4.1, 234.4.3 və 234.4.4-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, heç yerdə işləmir və heç bir məşğuliyyəti yoxdur. Təxminən 3 ildir ki, kakos kimi adlanan narkotik vasitə heroin və şüşə kimi adlanan psixotrop maddə metamindən qəbul edir. Təxminən 4 il əvvəl sosial şəbəkədə özünü ona İran vətəndaşı Mehdi adlı ilə təqdim edən şəxslə tanış olmuşdur. İranlı onun istifadəmdə olan mobil telefon nömrəsini istəmiş, o da İranlıya ***-***-**-** saylı mobil telefon nömrəsini vermiş, vatsap da həmin nömrədə idi. Bir neçə gün sonra ona vatsapla iran nömrəsi olan +**********86 saylı nömrə ilə zəng gəlmiş, danışıq zamanı səsindən bilmişdir ki, həmin şəxs özünü İran vətəndaşı Mehdi kimi təqdim edən şəxsdir. Mehdi ilə aralarında olan vatsap danışığı zamanı ona təklif edərək, müxtəlif yerlərdə narkotik vasitələr qoyduracağını, vatsapla narkotik vasitələrin qoyulduğu ərazinin fotoşəkilini və konumunu göndərəcəyini, onun da həmin yerlərdən götürüb dediyi ərazilərdə qoyacağını, həmin yerlərin fotoşəkilini və konumunu ona vatsapla göndərəcəyini, bunun müqabilində həmin hər götürdüyü narkotik vasitə heroinin 1 qramına görə ona 1 manat pul düşəcəyini, onun da iranlı ilə razılaşdığını və iranlının adını mobil telefonunun kontakt hissəsində “Meko” kimi yazdığını bildirmişdir. Belə ki, təxminən 4- 5 dəfə İran vətəndaşı Mehdi ona vatsapla zəng edib narkotik vasitələrin və psixotrop maddələrin qoyulduğu yer barədə məlumat verərək həmin ərazinin fotoşəkilini və konumunu göndərmiş, o da həmin əraziləri müəyyən edib götürmüş, həmin maddələri qoyduğu yerlərin fotoşəkilini və konumunu İran vətəndaşı Mehdiyə göndərmiş, İranlı da bunun müqabilində göndərdiyi bir neçə tanımadığı şəxslərlə onu görüşdürərək hər narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin 1 qramına görə ona 1 manatdan pul vermiş, ümumilikdə bu günə kimi təxminən 500-600 manat pul qazanmışdır. Sununcu dəfə 27 sentyabr 2022-ci il tarixdə, saat 22 radələrində o, dostları Həsrət Sariyev və Mirkazımla birlikdə Mirkazımın idarə etdiyi Toyota Prius markalı avtomobildə Sumqayıt şəhəri ərazisində hərəkətdə olarkən İran vətəndaşı Mehdi ona vatsapla zəng edərək Sumqayıt şəhərinin girəcəyində, Sumqayıt şəhəri yazılan yerin yaxınlığında narkotik vasitə heroin və psixotrop maddə metanmfetamin qoydurduğunu demişdir. Sonra həmin maddələrin qoyulduğu yerin fotoşəkilini və konumunu ona vatsapla göndərmiş, o da bu barədə Həsrətlə Mirkazıma heç nə bilindirməmişdir. İran vətəndaşı Mehdi ilə də elə danışmışdır ki, yanında olanlar ümumiyyətlə nə iranlı ilə və nə ilə bağlı danışdığım başa düşməsinlər. O, avtomobilin qabaq oturacağında oturmuşdur, Həsrət isə arxa oturacaqda oturmuşdu, avtomobili də Mirkazım idarə edirdi. O, Mirkazımdan xahiş etmişdir ki, avtomobili Sumqayıt şəhərinin girəcəyinə doğru idarə etsin, Mirkazımda onun sözündən çıxmamış, o, konum əsasında həmin ərziyə doğru gedərək çatmağa az qalmış Mirkazımdan avtomobili saxlamağı xahiş etmiş, Mirkazım saxlamış, o, avtomobildən düşərək konumun sonuna doğru və fotoşəkil çəkildiyi yerə getmiş, orada çəpərin dibində, yerdə qara rəngli sellofan görüb əyilərək götürmüş, sellofanı açaraq telefonu ilə işıq verib içərisində iki ədəd ağ rəngli sellofan büküm olduğunu, bükümlərdən birinin içərisində kakos kimi adlanan narkotik vasitə heroin, digərinin içərisində isə patı kimi adlanan psixotrop maddə metamletamin olmasına əmin olaraq bükümləri bağlayıb həmin qara rəngli sellofana qoymuş, narkotik vasitə və psixotrop maddənin miqdarını həm satış, həm də qəbul etmək məqsədi ilə müəyyən etməkdən Ötrü üstündə gəzdirdiyi elektron tərəzini də həmin qara rəngli sellofana qoymuş, sellofanı da əynindəki şalvarının sol yan cibinə qoymuş, sonra avtomobilə yaxınlaşıb qabaq oturacaqda oturmuşdur. O, Həsrətlə Mirkazımdan ayrıldıqdan sonra Sumqayıt şəhəri ərazisində bir yer müəyyən edib həmin maddələri qoyub həmin yerin fotoşəkilini və konumunu İran vətəndaşı Mehdiyə vatsapla göndərəcəkmiş, iranlı Mehdinin də bunun müqabilində 1 qrama görə 1 manatdan, yəni kiminsə vasitəsi ilə ona ümumilikdə təxminən 100 manat pul göndərəcəkmiş. Belə ki, bir qədər sonra onlar avtomobillə Sumqayıt şəhəri, 26-cı məhəllə, Xəzər bağları yaşayış massivində yerləşən “Nicat” adlanan marketə doğru getmişlər, Mirkazım avtomobili marketin yanında saxlamış, onlar avtomobildən düşmüş, Mirkazım siqaret almaqdan ötrü mağazaya daxil olmuş, o da Həsrətdən aralanıb piyada irəliyə doğru hərəkət etmişdir. Biraz - hərəkət etdikdən sonra 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmişlər. Onun külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirdilər. Barəsində əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etdikdən sonra onu Sumqayıt ŞPİ-nin 4-cü PB-nə dəvət etdilər. Burada olan zaman hüquqlarının müdafiə edilməsi məqsədilə vəkil dəvət edildi və ona hüquq və vəzifələri izah edilməklə buna dair bildiriş təqdim edildi. Müdafiəçinin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirildi. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olan hər hansı əşya varsa təqdim etməyi xahiş edildi, o da əynində olan qara rəngli şavarının sol yan cibindən isə 1 ədəd qara rəngli sellofan torbam, sağ yan cibindən isə 1 ədəd Samsung markalı mobil telefonunu çıxarıb təqdim etmişdir. Sonra şəxsi axtarış zamanı əynində olan qara rəngli şavarının sağ yan cibindən 40 manat pulu aşkar edilərək götürülmüşdür. Həmin torbaya baxış keçirilən zaman 1 ədəd ağ rəngli sellofan bükümdə narkotik vasitə heroin, 1 ədəd ağ rəngli sellofan bükümdə də psixotrop maddə metamfetamin və 1 ədəd elektron tərəzi olması müəyyən edilmişdir. Həmin maddələr tərəzi ilə çəkilən zaman 1-ci bükümdəki heroinin çəkisinin 58 qram, digər bükümdəki metamfetaminin çəkisini isə 50 qram olması müəyyən edilmişdir. Sonra aşkar olunmuş həmin maddələr və İ ədəd elektron tərəzi xüsusi qaydada qablaşdırılaraq möhürlənmiş, sənədləşmə işləri aparılmış, o da həmin sənədlərə imza etmişdir. (cild 1, iş vərəqləri 158-160) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu, üzərində gəzdirilməsi, əldə olunmasında vasitəçilik etməsi, eləcədə satması barədə məlumat daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə əməliyyat qrupu təşkil edilmiş və həmin gün saat 23 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 26-cı məhəllə, Xəzər Bağlar massivində yerləşən “Nicat” marketin yaxınlığında olması barədə məlumat daxil olmuşdur. Məlumat əsasında əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri 26-cı məhəllə, Xəzər bağlar massivində yerləşən “Nicat” marketin yaxınlığına gəlmişlər. Təxminən bir neçə dəqiqədən sonra Təqsirləndirilən şəxs gəldiyini görmüş və onun şəxsiyyətini dəqiqləşdirdikdən sonra Sumqayıt ŞPİ-nin 4-cü PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs buna etiraz etməyərək onlarla birlikdə Sumqayıt ŞPİ-nin 4-cü PB-nə gəlmişdir. PB-də xidməti otaqların birində üzərinə videogörüntü və vəkilin iştirakı ilə şəxsi axtarış keçiriləcəyi bildirilmiş və Təqsirləndirilən şəxs buna etiraz etməmişdir. Bundan sonra ona üzərində qanunsuz əşyaları təqdim edilməsi bildirilmiş və o, əynində olan şalvarının sağ yan cibindən 01 ədəd “Samsung” markalı mobil telelonu, sol yan cibindən isə içərisində 1 ədəd sellofan bükümdə heroinə bənzər kütlə, 1 ədəd sellofan bükümdə isə psixotrop maddə metamfetaminə bənzər kütlə və 01 ədəd elektron tərəzi olan sellofan torbanı təqdim edərək masanın üzərinə qoymuşdur. Təhqiqatçının suallarına uyğun olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan torbanın içərisindəki maddənin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni ona deyilən yerlərə qoymaqla 1000 manat pul əldə etmək məqsədi ilə Sumqayıt şəhəri ərazisindən götürdüyünü, həmin yerə narkotik maddə qoyulmasının ona İİR vətəndaş “Mehdi” adlı şəxsin bildirdiyini qeyd etmişdir. O, ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış şahid polis əməkdaşı Şahid2 İfraz oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o məhkəmədə ifadəsi alınmış polis əməkdaşı Şahid1 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları özünə aid hissədə təsdiq etmişdir. ( cild 1, iş vərəqə 117-119) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 27 sentyabr 2022-ci il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə” qərardan görünür ki, xx.xx.1998-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Sumqayıt şəhəri, Nizami küçəsi 19C, məhəllə 6-da qeydiyyatda olan və Sumqayıt şəhəri, 1-ci məhəllə, ev 3-ün zirzəmisində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Sumqayıt şəhəri ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuş və həmin məlumatın yoxlanması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır.( cild 1, iş vərəqə 4-5) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən 28 sentyabr 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu, sol yan cibindən isə içərisində 1 ədəd sellofan bükümdə qəhvəyi rəngli kəskin iyi heroinə bənzər kütlə, 1 ədəd sellofan bükümdə ağ rəngli, kristall şəkilli, psixotrop maddə metamfetaminə bənzər kütlə və 01 ədəd elektron tərəzi olan sellofan torbanı təqdim edərək masanın üzərinə qoymuşdur. ( cild 1, iş vərəqə 31-33) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, görüntünün ilk saniyəsində mülki geyiomdə olan şəxs özünü təqdim edərək Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat qrupunun təhqiqatçısı, kapitanı Vüsal Həsənquliyev olduğunu bildirir. Sonra göztərilən şəxslərə özlərini təqdim etməsini bildirir və həmi şəxslər özlərini təqdim edərək Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis mayoru Şahid2, Təqsirləndirilən şəxs və vəkil Vüqar Mahmudov olduqlarını bildirirlər. Bundan sonra təhqiqatçı çəkilişin Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən aparıldığını bildirir. X2 Azərbaycan dilində başa düşməsini soruşduqda Təqsirləndirilən şəxs başa düşdüyünü bildirir, sonra üzərinə şəxsi axtarış keçirilib keçirilmədiyini soruşduqda keçirilmədiyini deyir. Sonra təhqiqatçı Təqsirləndirilən şəxs Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, 26-cı məhəllə, Xəzər Bağları massivində yerləşən “Nicat” marketin yaxınlığında xx.xx.2022-ci il tarixdə saat 23:50-də piyada hərəkət edən zaman saxlanıldığını, sonra Sumqayıt ŞPİ-nin 4-cü PB-nə gətirildiyini bildirir. Gətirildikdən sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri barədə bildiriş verilmiş, hüquqlarının müdafiəsi üçün vəkillə təmin edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində qanunsuz əşyaları təqdim edilməsi xahiş edilir. Təqsirləndirilən şəxs qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu, sol yan cibindən isə içərisində 1 ədəd sellofan bükümdə qəhvəyi rəngli kəskin iyi heroinə bənzər kütlə, 1 ədəd sellofan bükümdə ağ rəngli, kristall şəkilli, psixotrop maddə metamfetaminə bənzər kütlə və 01 ədəd elektron tərəzi olan sellofan torbanı təqdim edərək masanın üzərinə qoydu. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi qarar rəngli sellofan torbaya baxış keçirilən zaman içərisində 1 ədəd bağlamada qəhvəyi rəngli kəskin iyli narkotik vasitə heroinə bənzər kütlə, 1 ədəd sellofan bağlamada psixotrop maddə metamfetaminə bənzər kütlə və 1 ədəd elektron tərəzi olması müəyyən edildi. Həmin sellofan torbalarda aşkar edilmiş kütlənin təxmini çəkisinin müəyyən edilməsi məqsədi ilə sıfırlanmış halda olan elektron tərəzi ilə çəkildi. 1-ci sellofan bağlamada olan heroinə bənzər kütlənin çəkisinin qablaşdırılma ilə birlikdə 58 qram, 2-ci bağlamadakı metamfetaminə bənzər kütlənin çəkisinin 50 qram olması müəyyən edildi. Aşkar edilmiş maddələr zərfə qoyularaq qablaşdırıldı, üzəri “DİN-in Zərflər üçün 7 saylı” möhürü ilə möhürləndir və üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra tərəfimdən götürüldü. Təhqiqatçının müvafiq suallarına uyğun olaraq saxlanılan şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan torbanın içərisindəki maddənin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni ona deyilən yerlərə qoymaqla 1000 manat pul əldə etmək məqsədi ilə Sumqayıt şəhəri ərazisindən götürdüyünü, həmin yerə narkotik maddə qoyulduğunu ona İİR vətəndaş “Mehdi” adlı şəxsin bildirdiyini, onunla 4 il öncə İrana səfər edən zaman tanış olduğunu, özünü 5 ilə yaxındır ki, narkotik vasitə istifadəçisi olmasını, 4 ilə yaxındır ki, narkotik maddənin dövriyyəsi ilə məşğul olduğunu, bu əməlindən heç kimin məlumatının olmadığını, saxlanılan zaman və polis bölməsində olan zaman onun üzərinə əvvəlcədən baxış keçirilmədiyini, ona qarşı PB-də heç bir zor tətbiq edilmədiyini əlavə olaraq bildirdi.Bundan sonra vidoeçəkiliş dayandırıldı. (cild1, İş vərəqə: 98-99) “Şəxsi axtarış və götürmə aparılması haqqında” və “diskə baxış keçirilməsi haqqında” protokollarda qeyd olunan xüsusatların həqiqiliyi həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/5311 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: AR DİN “Zərflər üçün № 7” möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” vəs. yazılar, imzalar olan kağız paketdəki 01 ədəd bükümdə təmiz çəkisi 48,067 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir, 01 ədəd bükümdə təmiz çəkisi 53,522 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasita-heroindir, elektron tərəzinin üzərində narkotik vasitə izləri müəyyən edildi. Tərəzinin üzərində heroin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirilmə üzrə tədqiqatın aparılması mümkün olmadı. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ), Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. (cild 1, İş vərəqə 39-43) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “mobil telefona baxış keçirilməsi barədə” 11 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs götürülmüş “Samsung Galaxy A03” markalı mobil telefona baxış keçirilən zaman “Whatsapp” mobil tətbiqinin “Söhbətlər” bölməsində adı “Meko” kimi qeyd edilmiş +98 914 *** **** mobil nömrənin istifadəçisi ilə Mahal Zülalov arasında yazışmalar müəyyən edilmişdir. Belə ki, 27 sentyabr 2022-ci il tarixdə günün müxtəlif - saatlarında həmin nömrə istifadəçisi Təqsirləndirilən şəxs ilə “K5.p5”, “P10”, “K10.p5”, “Sumqayıtda 4 qardaş restaranini kecenden sora uzu corat terefe gedende regnumuda keçib 20,30 metir geldikde bele bir ara goreceksiniz isare olunan yerdedi İklp”, “4 qardaş restaranindan uzu corata teref gedende ' regnuma çatanda sekildeki ardadi ox ile isare ounan agacin dibindedi Ör”, “Sumqayitda asan xidmetin qarsisina geldikde kobumu acisin sizi sekildeki yere getirecek goy butulkanın arasindadi 58k5p” məzmununda ismarıclar yazılmışdır. Bundan başqa “Whatsapp” mobil tətbiqinin “Zənglər” bölməsində Təqsirləndirilən şəxs iranlı şəxsə məxsus +98 914 *** **** saylı mobil nömrə ilə əlaqə saxlaması halları müəyyən edilmişdir. ( cild 1, iş vərəqə 102-113) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 6347 saylı rəyindən görünür ki, mayinə Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixosimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİİ dərəcəli əll olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqləri 120-121) Cinayət işinin materiallarından görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin çəkisi 53,522 qram olan heroin, 48,067 qram olan metamfetamin tədqiqat və istintaq zamanı aparılmış kimyavi ekspertizalar nəticəsində qalıq, xalis çəkisi 53,422 qram çəkidə narkotik vasitə heroin, 47,967 qram çəkidə psixotrop maddə və 01 ədəd elektron tərəzi maddi sübut kimi tanınmış və məsul saxlamş üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Təqsirləndirilən şəxs götürülmüş “Samsung Galaxy A03” markalı mobil telefon və şəxsi axtarış keçirilməsi barədə görüntünü əks etdirən disk iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir.(Cild 1, iş vərəqləri 130-139) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən Təqsirləndirilən şəxs barəsində verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmayan şəxsdir.(Cild 1, iş vərəqə 90-91) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 1saylı Mənzil-Kommunal Sahəsi tərəfindən verilən xasiyyətnamədən görünür ki, yaşadığı müddət ərzində Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. ( cild 1, iş vərəqə 127) Bundan başqa, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə yanaşı Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi ilə ittiham verilmişdir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini, külli miqdarda psixotrop maddə metamfetamini əldə etmə, saxlama, daşıma və satma cinayətini informasiyatelekommunikasiya şəbəkələrindən istifadə etməklə törətmişdir. Dövlət ittihamçısı yekun nitqində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi ilə verilmiş ittihamdan və aparılan cinayət təqibindən imtina etdiyini bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 41.3-cü maddəsinə əsasən, dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edan halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1 və 43.1.1-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində dövlət ittihamçısı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Bundan başqa, həmin Məcəllənin 314.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı dövlət ittihamçısının ittihamın müdafiəsindən imtina etdiyi halda (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verməlidir. “Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2008-ci il tarixli qərarının nəticə hissəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1-ci və 314.2-ci maddələrində nəzərdə tutulan dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina etməsi ittihamdan həm tam, həm də qismən imtina edilməsini ehtiva edir. Dövlət ittihamçısının verilmiş ittihamdan qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi ilə imtina etməsinə görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində həmin maddə ilə aparılan cinayət təqibinə xitam verilməli, onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməli və o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmələri məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən bu əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilirlər. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin cinayət olmasını aradan qaldıran hallar və onların bu əməllərə görə cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli və “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli qərarlarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li Qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. X4 11-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi” haqqında Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş siyahılara əsasən heroin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr»in, metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr» in siyahısına daxildir. Məhkəmə, Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitə və psixotrop maddəni satmaq məqsədinin olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bundan başqa təqsirləndirilən şəxsin əldə edərək, saxladığı narkotik vasitənin və psixotrop maddənin müxtəlifliyi, külli miqdarda olması, narkotik vasitə satışını ehtiva edən yazışmaların mövcudluğu, üzərindən elektron tərəzinin aşkar olunması Təqsirləndirilən şəxs məqsədinin məhz narkotik vasitələrin satışı ilə bağlı olduğunun bilavasitə təzahürüdür. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadəsi işin hallarına uyğun olmaqla, toplanmış digər sübutlar və işin obyektiv halları ilə təsdiq olunduğundan, həmin ifadə mötəbər sübut kimi qəbul edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 27 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2022-ci il il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 61-64) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 27 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs İİİ dərəcəli əlil olduğuna görə ona narkomaniyadan məcburi müalicə tədbiq edilməsi mümkün deyildir. Lakin ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 53,422 qram çəkidə narkotik vasitə heroin, 47,967 qram çəkidə psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi məhv edilməli, cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd “Samsung” markalı mobil telefon təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılmalı, 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 110 (yüz on) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli, “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 42.1, 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və o, 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi ilə aparılan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 53,422 qram çəkidə narkotik vasitə heroin, 47,967 qram çəkidə psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi məhv edilsin, cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd “Samsung” markalı mobil telefon təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılsın, 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs 110 (yüz on) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-98/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-98/2024
28.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver