Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-99/2022 16.02.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Rəşad Şəmşir oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu (məruzəçi) və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı Zərərçəkmiş şəxsin hüquqi varisi-X5, Müdafiəçi–Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, xx xxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, Xızı rayon X8 təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis kapitanı, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Nadir Mahmudov küçəsi, ev 15-də qeydiyyatda olan və Xızı rayonu, Azərbaycan Əsgəri küçəsi, ev 1 –də yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (hökmün təsviri-əsaslandırıcı hissəsində CM) 263-1.3 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs, alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş halda avtomobili idarə edərək yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuş və yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Belə ki, o, 01 avqust 2021-ci il tarixdə saat 21 radələrində Nabran-Xudat avtomobil yolunun 16-cı km-də, həmin yolun Xaçmaz rayonu Nabran kəndi ərazisindən keçən, “Dostluq” ilə “Palermo” istirahət mərkəzlərinin arasında olan hissəsində mülkiyyətində olan “Nissan X-Trail” markalı, **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobili Xaçmaz rayonu Xudat şəhəri istiqamətində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin “mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməlidir” tələbini pozaraq orta alkoqol sərxoşluğu halında idarə edərkən həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin “yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar” tələblərini pozaraq onunla eyni istiqamətdə yolun sağ tərəfi ilə hərəkətdə olan piyada Zərərçəkmiş şəxs vurub sonuncuya ehtiyatsızlıqdan “onurğa beyinin zədələnməsilə V-Vİ boyun fəqərələrinin qəlpəli sınığı” kimi sağlamlığa ağır zərər vuran, “alın, sol qaş, sol gözün bayır bucağı, sol sağrı, sol bud nahiyələrinin əzilmiş yaraları” kimi sağlamlığa yüngül zərər vuran, “təpə-ənsə, döş qəfəsi, sol dirsək oynağı, hər iki diz və sağ əl nahiyələrinin sıyrıqları, burun nahiyəsinin qançırı” kimi dərəcəsi təyin olunmayan xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs ölümünə səbəb olmuş və qeyd olunan Qanunun 37-ci maddəsinin 4-cü hissəsinin 1 və 2-ci bəndlərinin “mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsini yerindən tərpətməməli, qəza dayanma nişanını qurmalı, qəza işıq siqnalını yandırmalı, ya da yanıb-sönən qırmızı işıq fənərini qoymalı, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməməli, zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “Təcili tibbi yardım” maşını çağırmalı, zərər çəkənləri həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə, onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə, özünün nəqliyyat vasitəsi ilə aparmalıdır” tələblərini pozaraq yol nəqliyyat hadisəsi yerindən qaçmış, bununla da, o, alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş halda avtomobili idarə edərək yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuş və yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 20 dekabr 2016-cı il tarixdən Xızı RPŞ-də sahə rəisi vəzifəsində, polis kapitanı rütbəsində xidmət edir. 01 avqust 2021-ci il tarixdən 30 günlük növbəti məzuniyyətə buraxılmışdır. Buna görə də Xaçmaz rayonuna gedərək meyvə alıb daha sonra da İsmayıllı rayonuna getmək qərarına gəlmişdir. 01 avqust 2021-ci il tarixdə saat 14 radələrində Bakı şəhərindən istifadəsində olan Nissan X-Trail markalı, **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Xaçmaz rayonuna yola düşmüşdür. Həmin gün saat 16-17 radələrində Xaçmaz rayonuna çataraq dostu Ruslanla görüşüb Nabran kəndinə gedəcəyini, meyvə alıb geriyə qayıdacağını sonuncuya bildirmiş, daha sonra Nabran kəndi istiqamətində yola düşmüşdür. Nabran kəndində yerləşən “Atlant” istirahət mərkəzinə gedib orada biraz istirahət etdikdən sonra şam yeməyi üçün “Dostluq” restoranına getmişdir. Dostları “Dostluq” restoranına gələrək onunla bir yerdə yemək yeyəcəklərini ona bildirmişlər. Sözügedən restorana çatıb orada bir müddət gözləmiş, lakin dostlarının gəlib çıxmadıqlarını, eləcə də gec olduğunu görüb geriyə qaytmaq qərarına gəlmişdir. Avtomobilə əyləşib saat 22:30 radələrində restorandan çıxaraq Xaçmaz şəhəri istiqamətində yola düşmüşdür. Avtomobildə tək olmuşdur. Dostluq restoranından çıxıb biraz gəldikdən sonra qəfildən taqqıltı səsi eşitmişdir. Lakin buna əhəmiyyət verməyib təxminən 40-50 metr irəliyə getdikdən sonra maşını yolun sağ tərəfində saxlayaraq avtomobildən düşərək avtomobilin sağ tərəfinə keçmiş, sağ yan güzgünün qırıldığını, eləcə də avtomobildən bir az arxada sağ tərəfə gedən torpaq yolla bir baş iri buynuzlu heyvanın axsayaraq həmin istiqamətdə hərəkət etdiyini görmüşdür. Avtomobillə heyvanı vurduğunu, ciddi bir şey olmadığını düşünərək yenidən avtomobilinə əyləşib yoluna davam etmişdir. Xudat şəhərinin mərkəzindəki dairəvi yoldan sola dönüb Xaçmaz şəhəri istiqamətində gələrkən yol polisinin avtomobilin işıqlarını yandıraraq ondan avtomobilini dayandırmağını tələb etdiyini görmüşdür. O, avtomaşını yolun sağ tərəfində saxlayaraq düşmüş, iki nəfər polis əməkdaşı ona yaxınlaşıb sənədlərini tələb etmişlər. Polis əməkdaşlarının göstərişinə əsasən sözügedən sənədləri yol polisi əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları onun maşınının sağ ön tərəfinin əzildiyini ona dedikdən sonra avtomobilinə baxmış və həqiqətən də maşının deyilən hissəsinin əzildiyini görmüşdür. O, yol polisinin avtomobilinə əyləşmiş, polis əməkdaşlarından biri isə onun maşınını idarə edərək Xaçmaz şəhəri istiqamətində yola düşmüşdür. Xaçmaz şəhərinə çatmamış yolda polis əməkdaşları avtomobili saxlamış və o, PPX-nin avtomobilinə əyləşərək polis əməkdaşları ilə bir yerdə Nabran kəndinə, yəni hadisə yerinə qayıtmışdır. Yolda olarkən Nabran kəndində avtomobili ilə bir nəfər piyadanı vurmasından və həmin şəxs ölməsindən məlumatı olmuşdur. Həmin gün avtomobili idarə etməmişdən əvvəl spirtli içki, narkotik vasitə və ya güclü təsir edən maddələr qəbul etməmişdir. Avtomobillə Zərərçəkmiş şəxs vurduğunu görməmişdir. Əks təqdirdə avtomobili saxlayıb Zərərçəkmiş şəxs ilkin tibbi yardım göstərərdi. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq və məhkəmə istintaqı zamanı isə qismən etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X5 göstərdi ki, 2011-ci ildə Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuş və birgə nikahlarından 2 qız övladı dünyaya gəlmişdir. Zərərçəkmiş şəxs Xaçmaz rayonu Xudat şəhərində yerləşən bazarda kişi geyim mağazası işlətmişdir. 01 avqust 2021-ci il tarixdə saat 22-23 radələrində Maisin dostu Şahid1 anası Nərgiz xala onlara zəng edərək Maisin avtomobillə vurulması barədə məlumat vermişdir. Ancaq həmin vaxt onlara Maisin sağ olub-olmaması barədə heç bir şey deməmişlər. Bir müddət sonra avtomobillə vurulması nəticəsində Maisin hadisə yerində öldüyündən məlumatı olmuşdur. Maisi 02.08.2021-ci il tarixdə Xudat şəhər qəbirstanlığında dəfn etmişlər. Hadisədən bir neçə gün sonra hadisəni törədən şəxsin də Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Təqsirləndirilən şəxs ilə barışmışdır, sonuncudan heç bir şikayət və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, Zərərçəkmiş şəxs yaşadığı Xudat şəhərindən tanımış və sonuncu ilə aralarında yaxın dostluq münasibətləri olmuşdur. 01 avqust 2021-ci il tarixdə saat 16 radələrində Maislə birlikdə taksi ilə Nabran kəndinə gedib “Palermo” restoranının qarşısında düşərək çimərliyə doğru getmişdir. Dənizdə təxminən 30-40 dəqiqə çimib çıxdıqdan sonra piyada gəzə-gəzə Maislə “Dostluq” restoranına getmişlər. Həmin restoranda oturub şam yeməyi yemişlər və Mais 3-4 bakal pivə içmişdir. Həmin gün saat təxminən 20:45 radələrində restorandan çıxıb “Palermo” restoranı istiqamətində yola düşmüşlər. O, asfalt yolun sağındakı torpaq yolla, Mais isə onun sol tərəfində getmişdir. Mais asfalt yolun qırağına biraz çıxsa da, lakin arxadan gələn hansısa avtomobilin yolunu dəyişməsinə maneə olmamışdır. Piyada gəzə-gəzə geriyə qayıdarkən qəfildən tappıltı səsi gəlmiş və nəsə sol qol nahiyəsinə dəymişdir. Həmin an bir neçə saniyəlik özünü itirmiş, irəliyə baxanda cip markalı avtomobilin “Sunset” restoranı istiqamətində yoluna davam etdiyini, Maisin isə onun yanında olmadığını görmüşdür. Həmin avtomobil hadisə baş verən zaman ilkin olaraq sürətini azaltmış, daha sonra isə iti sürətlə maşını saxlamayaraq yoluna davam etmişdir. Maşının sürəti azalanda avtomobilin qeydiyyat nömrə nişanının **-XS-*** olduğunu görmüşdür. Dərhal iti addımlarla irəliyə doğru gedəndə Maisin yolun sağında uzanmış vəziyyətdə olduğunu, baş və sifət nahiyəsinin isə qana bulaşdığını, tərpənmədiyini görmüş və artıq Maisin öldüyünü bilmişdir. Həmin vaxt gördüyü **-XS-*** dövlət qeydiyyat nişanlı, cip markalı avtomobilin arxadan gələrək Maisi vurub irəliyə atdığını başa düşmüşdür. Hadisənin baş verdiyi yerdə Təqsirləndirilən şəxs maşını saxlamamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 01.08.2021-ci il tarixdə, saat 07:30-da İİ tağımın baş inspektoru, polis leytenantı Şahid2 ilə birlikdə onlara təhkim edilmiş **-YP-*** dövlət qeydiyyat nişanlı xidməti avtomobillə xidmətə çıxmışlar. Saat 21:25-də Gəndob-Yalama yolunun 19-cu km-də hərəkətdə olan zaman İİ tağımın komandiri polis kapitanı Süleyman Əliyev mobil rabitə vasitəsilə onlarla əlaqə saxlayaraq Xaçmaz rayonu, Nabran kəndi ərazisində, “Palermo” istirahət mərkəzinin yaxınlığında “Nissan X-trail” markalı avtomobilin piyadanı vuraraq hadisə yerindən qaçdığını bildirib və həmin avtomobilin saxlanılmasına dair göstəriş vermişdir. Onlar həmin vaxt dərhal üzü Xudat şəhəri istiqamətində hərəkətə başlamış və Gəndob-Yalama yolunun 31-ci km-də Xaçmaz rayonu, Nərəcan kəndi ərazisində qarşıdan gələn, sağ farası sönülü olan “Nissan X-trail” markalı, **-XS-*** qeydiyyat nişanlı avtomobilin arxasıyca dönüb saxlama işarəsi vermişlər. Həmin avtomobil də yolun sağ ehtiyat hissəsinə çəkərək saxlamışdır. Onlar dərhal avtomobilə yaxınlaşaraq özlərini təqdim etmiş və nəqliyyat vasitəsinin ön sağ farasının, ön alın şüşəsinin qırıldığını görərək hadisənin saxlatdıqları avtomobillə törədilməsini təxmin etmişlər. Sürücünü, sonradan adının X6 olduğunu bildiyi şəxsi xidməti avtomobilə əyləşdirmişlər, o, isə həmin avtomobilin sükanı arxasına keçərək üzü Xaçmaz RPŞ istiqamətində hərəkətə başlamışlar. Xaçmaz rayonu, Qımıl-qışlaq kəndinin girəcəyində RPŞ-nin müstəntiqi ilə qarşılaşmışlar və sürücünü müstəntiqə təhvil vermişlər. Həmin vaxt onlara məlum olmuşdur ki, hadisəni törədən şəxs Təqsirləndirilən şəxs polis əməkdaşıdır, Xızı RPŞ-də işləyir, polis kapitanıdır. Şahid BDYPİ-nin YPX alayının İİ tağımının baş inspektoru Şahid2 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, sonuncu məhkəmədə ifadəsi alınmış polis əməkdaşı ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. ( cild 1, iş vərəqə 55-58 ) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Hadisə yerinə baxış keçirilməsi haqqında 01.08.2021-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Xaçmaz rayonu Nabran kəndi ilə Xudat şəhəri arasındakı avtomobilin yolunun üzəridir. Hadisənin baş verdiyi yerdə avtomobil yolunun eni 7.35 metr olmaqla yol asfalt örtükdən ibarətdir və qurudur. Yolun orta hissəsində qırıq nişanlanma xətləri görünür. Xaçmaz rayonu Nabran kəndində yerləşən “Dostluq” restoranından Xudat şəhəri istiqamətində getdikdə hadisənin baş verdiyi yerdə avtomobil yolunun sağ çiyninin eni 3.20 metr-dir. Həmin hissədən sonra meşəlik sahə başlayır. Yolun sol çiyninin eni isə 2.20 metrdir və həmin hissədən sonra otluq sahəsi başlayır. Xudat şəhəri istiqamətində getdikdə yolboyu asfaltın sağ tərəfində, eləcə də yolun sağ çiynində avtomobilin ehtiyat hissələrinin olması ehtimal edilən predmetlər və mobil telefonun arxa hissəsinin örtüyü aşkar edildi. Həmin predmetlər bir-birlərilə müxtəlif məsafədə yerləşir. İrəliyə doğru getdikdə avtomobil yolunun orta hissəsindən 3.10 metr məsafədə, yolun sağ tərəfindən isə 0,10 metr məsafədə sağ tərəfdə torpaq səthin üzərində 0,96x0,82 sm ölçüdə sahəni əhatə edən qırmızı-qonur rəngli qanabənzər gölməçə aşkar olundu. Baxış zamanı aşkar edilmiş predmetlər sübut əhəmiyyətinə malik ola biləcəyi nəzərə alınaraq müvafiq qaydada qablaşdırılmaqla götürüldü. ( cild 1, iş vərəqə 4-11) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Meyitə baxış keçirilməsi haqqında 02.08.2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs meyitinin bədən səthində aşağıdakı xəsarətlər- başında-təpə-ənsə nahiyəsində 8x6 sm ölçüdə sürtülmüş formalı, döş qəfəsinin ön-sol tərəfində 20x15 sm sahədə, sol dirsək oynağının bayır tərəfində 3x2 sm, hər iki diz nahiyəsində 4x2 sm, sağ əlin arxa tərəfində 3x2 sm ölçülərdə qırmızı rəngli səthi sıyrıqlar, alın nahiyəsində 3x2 sm, sol qaşın bayır tərəfində 2x1 sm, sol gözün bayır bucağında 3x1 sm, sol sağrı nahiyəsində 3x1 sm, sol budun yuxarı 1/3-nin bayır tərəfində 6x3 sm ölçülərdə kənarları nahamar, bucaqları küt qırmızı rəngli yaralar, burun nahiyəsində 5x3 sm, sol göz ətrafında 6x5 sahələrdə, qeyri-müəyyən formalı, qırmızımtıl-çəhrayı rəngli qançırlar vardır. Meyitin bədən səthində digər hər-hansı bir xəsarət və ya xəsarət izi aşkar edilmədi. (cild 1 iş vərəqə 15-24) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Hadisə yerinə əlavə baxış keçirilməsi haqqında 02.08.2021-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Nabran-Xudat avtomobil yolunun Xaçmaz rayonu Nabran kəndindən keçən hissəsidir. İştirakçı Təqsirləndirilən şəxs avtomobil yolunu göstərərək istifadə etdiyi Nissan X-Trail markalı, **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobilini Xudat şəhəri istiqamətində idarə etdiyini, həmin yolda qəfildən taqqıltı səsi eşidib 30-40 metr irəliyə getdikdən sonra dayandığını və maşından enərkən avtomobilin sağ yan güzgüsünün qırılmış vəziyyətdə gördüyünü bildirdi. Həmin avtomobil yolunun eni 7.35 metr olmaqla yol asfalt örtükdən ibarətdir və qurudur. Avtomobil yolunun sağ çiyninin eni 3.20 metr, yolun sol çiyininin eni isə 2.20 metrdir. Yolun orta hissəsində ötmənin icazə verildiyini göstərən qırıq xətlər vardır. Yolun orta hissəsindən 2.70 metr məsafədə avtomobilin hissəsinə bənzər predmet, həmin predmetdən 30 sm irəlidə isə daha bir predmet aşkar edildi. Qeyd olunan predmetlər qablaşdırılaraq götürüldü. Aşkar edilmiş 1-ci predmetdən 2.90 metr irəlidə, asfalt örtüyün qurtacağında sağ tərəfdə 5x.1.50 metr sahəni əhatə edən qırmızı-qonur rəngli, qurumuş, qanabənzər ləkələr aşkar edildi. Həmçinin həmin ləkələrin yaxınlığındakı yerdəki daşların üzərində də qırmızı-qonur rəngli qanabənzər ləkələr vardır. Asfalt örütüyün üzərindəki ləkələr qurumuş vəziyyətdə olduğundan həmin hissədən nümunə götürmək mümkün olmadı. Lakin üzərində ləkələr olan 2 ədəd xırda daş müvafiq qaydada qablaşdırılaraq götürüldü. Qanabənzər ləkələrdən 16.9 metr irəlidə, avtomobil yolunun orta hissəsindən 3.10 metr məsafədə, yolun sağ tərəfindən isə 0,10 metr məsafədə sağ tərəfdə torpaq səthin üzərində 0,96x0,82 sm ölçüdə sahəni əhatə edən qırmızı-qonur rəngli qanabənzər gölməçə vardır. Hadisə yerinə baxış zamanı avtomobil yolunda işıq dirəklərinin, eləcə də hər hansı müşahidə kamerasının, həmçinin tormoz izlərinin olmadığı müəyyən edildi. (cild 1 iş vərəqə 27-34) Cinayət işinin materiallarında olan və məhkəmə tədqiq edilmiş Avtomobilə baxış keçirilməsi haqqında 02.08.2021-ci il tarixli protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs “X-Trail” markalı, **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobili təqdim edərək həmin maşının onun istifadəsində olduğunu bildirdi. Avtomobil açıq qızılı metalik rəngindədir. Maşına baxış keçirilərkən avtomobilin ön tərəfinin sağ qanad, kapot və bufer hissələrinin əzilərək deformasiyaya uğradığı aşkar olundu. Həmçinin maşının ön sağ işığının şüşə örtüyü, sağ yan güzgüsü və alın şüşəsi sınmışdır. Bundan başqa, maşının salonuna baxış keçirilərkən sağ yan güzgünün içlik hissəsinin sağ ön oturacağa düşməsi, habelə həmin oturacağın aşağı hissəsi və salonun ön tərəfində şüşə qırıntılarının olması müəyyən edildi.( cild 1, iş vərəqə 35-40) Cinayət işinin materiallarında olan və məhkəmə tədqiq edilmiş Məhkəmə-tibb ekspertizasının 13.08.2021-ci il tarixli, 35 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs müayinəsi zamanı aşağıdakı xəsarətlər aşkar olunmuşdur: onurğa beyinin zədələnməsilə V-Vİ boyun fəqərələrinin qəlpəli sınığı, təpə-ənsə, döş qəfəsi, sol dirsək oynağı, hər iki diz və sağ əl nahiyələrinin sıyrıqları, alın, sol qaş, sol gözün bayır bucağı, sol sağrı, sol bud nahiyələrinin əzilmiş yaraları, burun nahiyəsinin qançırı vardır. Qeyd olunan xəsarətlərdən onurğa beyinin zədələnməsilə V-Vİ boyun fəqərələrinin qəlpəli sınığı dərəcəsinə görə həyat üçün təhlükəli olan sağmalığa AĞİR zərər vurmaya aiddir, alın, sol qaş, sol gözün bayır bucağı, sol sağrı, sol bud nahiyələrinin əzilmiş yaraları dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir, digər xəsarətlər isə ümumilikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilmir. Göstərilən xəsarətlər həyati olub, qərarda qeyd olunan müddət və şəraitdə, yəni 01.08.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi. Zərərçəkmiş şəxs ölümünə səbəb yaranmış zədə şoku olmuşdur. Ölümün baş vermə müddəti müayinədən 11-13 saat əvvələ uyğun gəlir. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı zamanı 0,35 promil qatılıqda etil spirti aşkar edilmişdir. Zərərçəkmiş şəxs meyitinin daxili müayinəsi zamanı daxili üzvlərdə hər hansı bir xəstəliyin morfoloji əlaməti aşkar edilmədi. (cild 1, iş vərəqə 114-116) Cinayət işinin materiallarında olan və məhkəmə tədqiq edilmiş Məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 01 sentyabr 2021-ci il tarixli, 8/2005 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Nissan X- Trail markalı, ** XS *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Ağamalıyev piyadanı vurduqdan sonra hadisə barəsində müvafiq orqanlara xəbər vermədən və xəsarət alana yardım göstərmədən hadisə yerindən getdiyindən onun hərəkətlərinə Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. (cild 1, iş vərəqə 124-125) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Məhkəmə-kimyəvi ekspertizasının 09.08.2021-ci il tarixli, 2300/k nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsinin tərkibində etil spirti aşkar edildi. Etil spirtinin qatılığı 1 promildir. (cild 1, iş vərəqə 110-111) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmətrasoloji ekspertizasının 14.09.2021-ci il tarixli, 8/1982 nömrəli rəyindən görünür ki, təqdim edilmiş “Nissan X-Trail” markalı, **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində (kapotunda, qabaq sağ qanadda, qabaq bamperində, qabaq sağ farada, alın şüşəsində, sağ yan güzgüdə) olan zədələr, izlər öz formasına, marfoloji quruluşuna, xarakterinə və sair əlamətlərinə görə hər hansı bərk olmayan predmetin, o cümlədən insanın (piyadanın) vurması nəticəsində yaranması mümkündür. Təqdim edilmiş hadisə yerindən götürülmüş plastmas hissələr “Nissan X-Trail” markalı, **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobilin qırılmış hissələri ilə uyğunluq təşkil edirlər. (cild 1, iş vərəqə 139-140) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmətrasoloji ekspertizasının 07.09.2021-ci il tarixli, 429/2021-MTKŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön hissəsində on ədəd, köynəyin arxa hissəsinin sol qoltuqaltı nahiyəsində bir ədəd, köynəyin arxa hissəsinin sağ-aşağı nahiyəsində bir ədəd və kəmərin üzərində öz materialından olan ilgəyin üzərində bir ədəd məhdud cırılma aşkar olundu. Bu cırılmalar küt yaranma mexanizmə malikdir, paltarların müvafiq nahiyələrinin hər hansı bir əşyaya ilişib-dartılması nəticəsində yaranmışlar. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus kəmərin üzərində sürtünmə izləri aşkar olundu. Bu zədələr hər hansı bir bərk səthə sürtünmə nəticəsində yaranmışdır. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus paltarlar üzərində aşkar edilmiş zədələr müxtəlif şəraitdə, həmçinin qərarda göstərilən şəraitdə yarana bilərdilər. (cild 1 iş vərəqə 119-120) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 10.09.2021-ci il tarixli, 599/2021-MTBŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs AB0 sistemi üzrə qan qrupu: A(İİ). Məhkəmə tibbi bioloji ekspertizaya təqdim olumuş Zərərçəkmiş şəxs məxsus köynək, şalvar, hadisə yerindən götürülmüş 02 ədəd çay daşı üzərində olan ləkələrdə və 01 ədəd salfet kağızına hopdurulmuş maddə ləkəsində insan qanı aşkar olundu. Qanın qrup mənsubiyyəti AB0 sistemi üzrə təyin olunduqda antigenlər qismində yalnız «A» antigeni, salfet kağızında isə həmçinin «beta» aqqlyutinini də alındı. «A» antigeni tək halda A(İİ) qrupunu formalaşdırıb xarakterizə etdiyindən onun, həmçinin «beta» aqqlyutininin də alınması göstərilən qan ləkələrinin birmənalı olaraq AB0 sistemi üzrə həmin qruplu şəxsə (şəxslərə) məxsus olmasını söyləməyə əsas verir və bu halda qan ləkələri AB0 sistemi üzrə eyni qruplu Zərərçəkmiş şəxs məxsus ola bilər. (cild 1, iş vərəqə 129-135) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş 02.08.2021-ci il tarixli, 72 nömrəli “sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Təqsirləndirilən şəxs 02.08.2021-ci il tarixdə saat 00:40 radələrində həkim narkoloq tərəfindən müayinə olunmuş və ona “alkoqol sərxoşluğu vəziyyəti orta dərəcə.” alkoqol sərxoşluğu vəziyyəti təyin olunmuşdur. (cild 1, iş vərəqə 81) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Xaçmaz RPŞ-nin Yalama polis bölməsindən daxil olmuş 07.10.2021-ci il tarixli, 162- 1077-1221 nömrəli əməliyyat tapşırığına cavabdan görünür ki, keçirilmiş əməliyyataxtarış tədbirləri ilə 01.08.2021-ci il tarixdə Xaçmaz rayonu Nabran kəndi, eləcə də hadisənin baş verdiyi yerə yaxın olan kəndlərdə yaşayan hansısa şəxsə məxsus iri buynuzlu heyvanın avtomobillə vurulması faktı müəyyən edilməmişdir. (cild 1, iş vərəqə 195) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “Maddi sübut kimi tanımaq haqqında” 17 sentyabr 2021-ci il tarixli və 04 oktyabr 2021-ci il tarixli qərarlara əsasən 1 ədəd şalvar, 1 ədəd köynək, avtomobilin ehtiyat hissələri, 1 ədəd qan nümunəsi və üzərində qan izləri olan 2 ədəd daş maddi sübut kimi tanınaraq Xaçmaz rayon prokurorluğunun maddi sübatları saxlama otağına təhvil verilmiş, maddi sübut kimi tanınmış “Nissan X-Trail” markalı, **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs qaytarılmışdır. ( cild 1, iş vərəqə 141, 147) Cinayət işinin materiallarında olan və məhkəmə tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər nazirinin müavini, polis general-leytenantı Oruc Zalovun 22 dekabr 2016-cı il tarixli, Ə 3688 ş/h-001-16 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, polis leytenantı Təqsirləndirilən şəxs 23 dekabr 2016-cı il tarixdən Xaçmaz RPŞ-nin Cinayət axtarışı bölməsinin müvəkkili vəzifəsindən azad edilib Xızı RPŞ-nin polis sahə rəisi vəzifəsinə təyin edilmişdir. (cild 1, iş vərəqə 94) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş AC365475 nömrəli sürücülük vəsiqəsindən görünür ki, xx.xx.1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 06.11.2008-ci ildən B kateqoriyalı sürücülük vəsiqəsi verilmiş, 05.11.2028-ci ilədək etibarlıdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, X2 himayəsində üç azyaşlı uşağı 2009-cu il təvəllüdlü X9, 2011-ci il təvəllüdlü X10 və 2012-ci il təvəllüdlü X11 vardır. (cild 1, iş vərəqə 105-107) Cinayət işinin materiallarında olan və məhkəmədə istintaqında tədqiq edilmiş notarial qaydada təsdiq olunmuş 18.08.2021-ci il tarixli ərizədən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi X3 Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. (cild 1, iş vərəqə 87) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Xızı RPŞ-nin rəisi tərəfindən verilmiş xidməti xasiyyətnamədən görünür ki, polis kapitanı Təqsirləndirilən şəxs 28.03.2011-ci ildən daxili işlər orqalarında, 23.12.2016-cı ildən Xızı RPŞ-nin polis sahə rəisi vəzifəsində xidmət edir. Xidmət etdiyi müddət ərzində özünü bacarıqlı, işgüzar, intizamlı bir polis əməkdaşı kimi göstərmişdir. DİN-in və RPŞ-nin rəhbərliyi tərəfindən dəfələrlə mükafata layiq görülmüşdür. ( cild 1, iş vərəqə 93) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. (cild 1, iş vərəqə 100) Məhkəmə, Təqsirləndirilən şəxs hadisə baş verən zaman sərxoş vəziyyətdə avtomobili idarə etməməsi, həmin gün spirtli içki qəbul etməməsi, maşınla iri buynuzlu heyvan vurduğunu düşündüyü üçün yoluna davam etməsi və hadisə yerindən qaçmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs hadisə baş verən gecə sərxoş olub-olmamasının müəyyən edilməsi məqsədilə o, tibbi müayinədən keçirilmiş və ona “alkoqol sərxoşluğu vəziyyəti orta dərəcə.” alkoqol sərxoşluğu vəziyyəti təyin olunmuşdur. Bundan əlavə Təqsirləndirilən şəxs qan nümunəsi götürülərək məhkəmə-kimyəvi ekspertizası təyin olunmuş və aparılmış ekspertiza nəticəsində Təqsirləndirilən şəxs qan nümunəsində 1 promil qatılığında etil spirti aşkar edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları"nın təsdiq edilməsi barədə 27 iyun 2014-cü il tarixli qərarının 2.4-cü bəndinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Qeyd olunanlar bir daha sübut edir ki, Təqsirləndirilən şəxs hadisə baş verən zaman avtomobilini alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş halda idarə etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs istifadəsində olan “Nissan X-Trail” markalı, **- XS-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı həmin maşının ön bamper, sağ qanad hissəsinin əzilərək deformasiyaya uğradığı, eləcə də alın şüşəsinin sol hissəsində böyük ölçüdə zədə yarandığı müəyyən edilmişdir. Bununla yanaşı Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə Zərərçəkmiş şəxs vurduqdan sonra sonuncunu avtomobilin üst hissəsində bir qədər apararaq yolun sağ hissəsinə atdığı müəyyən edilmişdir. Hadisə yerinə baxış zamanı Zərərçəkmiş şəxs avtomobillə vurulduğu yerdən 16.9 metr irəlidə qanabənzər gölməçə aşkar edilmiş və sonuncunun meyitinin həmin yerdə olması müəyyən edilmişdir. Şahid qismində dindirilmiş Şahid1 də qeyd olunan faktı bir daha təsdiq edərək Zərərçəkmiş şəxs avtomobillə vurulduğu yerdən bir qədər irəlidə sonuncunun cansız bədənini aşkar etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs isə verdiyi ifadəsində taqqıltı səsi eşitdikdən sonra avtomobili 40- 50 metr irəliyə sürüb maşını yolun sağ tərəfində dayandırdığını, yolun sağ kənarı ilə axsayaraq hərəkət edən bir ədəd iri buynuzlu heyvan gördüyünü və maşınla heyvan vurduğunu zənn edib yoluna davam etdiyini bildirmişdir. Həmin xüsusatın yoxlanılması məqsədilə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 01.08.2021-ci il tarixdə Xaçmaz rayonu Nabran kəndi, eləcə də hadisənin baş verdiyi yerə yaxın olan kəndlərdə yaşayan hansısa şəxsə məxsus iri buynuzlu heyvanın avtomobillə vurulması faktı müəyyən edilməmişdir. Bununla yanaşı, Təqsirləndirilən şəxs hadisə yerindən qaçmaması xüsusatı iş üzrə sonuncunun şahidlərin ifadələri ilə təkzib edilmişdir. Qeyd olunanlar bir daha sübut edir ki, Təqsirləndirilən şəxs maşınla piyadanı vurduğunu bilmiş, buna baxmayaraq maşını saxlamayıb yoluna davam edərək qəsdən hadisə yerindən qaçmışdır. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsassızdır və özünü müdafiə xarakteri daşıyır. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, başa çatmış cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələrinin sanksiyaları həddində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onu səciyyələndirən halları, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cinayət törətmiş Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olmasını, həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsini, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən ilk dəfə cinayət törətməsini, iş yeri üzrə müsbət xarakterizə olunmasını, ona qarşı heç bir şikayət və tələbin olmamasını, daxili işlər orqanlarında xidmət etdiyi dövr ərzində özünü nümunəvi kimi polis əməkdaşı kimi göstərməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halın mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə yuxarıda göstərilən cəzanı yüngülləşdirən halların olmasını, təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə, təqsirləndirilən şəxsin islah olunmasına və həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddələrinin sanksiyasının aşağı həddində azadlıqdan məhrum etmə növündə, həmin Məcəllənin 264-cü maddəsi ilə isə maddənin sanksiyasında nəzərdə tutulan alternativ cəza növü olan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Belə olan halda, Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutularaq azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməli, CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən cinayətlərin məcmusu qaydasında Azərbaycan Respublikası CM-nin 263-1.3 və 264-cü maddələri ilə təyin edilmiş əsas və əlavə cəzaları qismən toplamaqla ona həmin maddələrlə təyin edilmiş cəzaların hər birindən çox olan qəti əlavə və əsas cəza təyin olunmalı və cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəkməsi müəyyən edilməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cinayətlərin məcmusu qaydasında təyin edilməli olan beş ildən artıq təşkil edəcək qəti cəzanın məntəqə tipli cəza çəkmə müəssisəsində çəkilməli olmasına münasibət bildirərək qeyd edir ki, CM-nin 56.1.1- ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanı məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyun 2013-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin mənasına uyğun olaraq: - şəxs cinayətlərin (hökmlərin) məcmusu qaydasında ehtiyatsızlıqdan törədilən cinayətə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə və qəsdən törədilən böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzaya məhkum olunduqda cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilməlidir. Konstitusiya Məhkəməsinin sözügedən qərarından göründüyü kimi qanunvericilik həm ehtiyatsızlıqdan, həm də qəsdən törədilmiş cinayətlərə görə cəza təyini zamanı cəzanın məntəqə tipli cəza çəkmə müəssisəsində çəkilməsinin müəyyən edilməsi üçün qəti cəza müddətinin deyil, məhz cinayətlərin məcmusuna daxil olan ehtiyatsızlıqdan törədilən cinayətə görə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının beş ildən artıq olmayan müddət həddində olmasını nəzərdə tutur. Hazırki halda Təqsirləndirilən şəxs cinayətlərin məcmusu qaydasında təyin olunacaq cəza beş ildən artıq təşkil etsə də, ona ehtiyatsızlıqdan törədilən cinayətə görə təyin olunmuş cəzanın müddəti beş il həddini aşmır. Məcmuya daxil olan ilk dəfə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən cinayətə görə isə Təqsirləndirilən şəxs təyin olunacaq cəza azadlıqdan məhrum etməklə əlaqədar deyildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmin Məcəlləsinin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. İş üzrə maddi sübut olan Xaçmaz rayon prokurorluğunda saxlanılan- 1 ədəd şalvar, 1 ədəd köynək, 1 ədəd qan nümunəsi və üzərində qan izləri olan 2 ədəd daş məhv edilməli, avtomobilin ehtiyat hissələri Təqsirləndirilən şəxs qaytarılmalı, imtina etdikdə isə məhv edilməlidir. Həmçinin “Nissan X-Trail” markalı, **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 200 (iki yüz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və CM-nin 263-1.3 -cü maddəsi ilə 3 il 6 ay (üç il altı ay) müddətində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 264-cü maddəsi ilə müddətində 1 il 6 ay ( bir il altı ay) nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 il 6 ay (bir il altı ay) müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının iki günü təyin edilmiş azadlıqdan məhrumetmə cəzasına bir gün hesablanmaqla Azərbaycan Respulikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə qismən toplamaq yolu ilə Azərbaycan Respublikası CM-nin 66.4-cü maddəsinə əsasən ona təyin olunan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzalarını qismən toplanması yolu ilə X4 qəti olaraq 4 (dörd) il müddətində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il 6 ay (beş il altı ay) müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və bu cəzasının əvvəli məntəqə tipli cəzaçəkmə müəsissəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs təyin edilmiş əlavə cəza - nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzası onun əsas cəzanı çəkdiyi bütün müddətə və hazırki hökmlə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş əlavə cəza - nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzasını Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X19 idarəsi icra etsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış Xaçmaz rayon prokurorluğunda saxlanılan- 1 ədəd şalvar, 1 ədəd köynək, 1 ədəd qan nümunəsi və üzərində qan izləri olan 2 ədəd daş məhv edilsin, avtomobilin ehtiyat hissələri Təqsirləndirilən şəxs qaytarılsın imtina etdikdə isə məhv edilsin, “Nissan X-Trail” markalı, **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Rəşad Əliyev Məruzəçi hakim: Hafiz Əliyev Hakim: Fəhmin Hümbətov
Məhkəmə qərarları › İş №1(124)-99/2022
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-99/2022
16.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver