Məhkəmə qərarları › İş №1(124)-99/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-99/2024

17.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-99/2024 17.10.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxx 1993-ci ildə Salyan rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Salyan şəhəri Ağabəy Ağabəyli küçəsində faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Narkotik vasitələrin siyahısına (Siyahı 1)” daxil edilmiş narkotik vasitə olan tiryək və metadonu xeyli miqdarda əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən xeyli miqdarda, yəni ümumi təmiz çəkisi 0,972 qram olan narkotik vasitə tiryəki və təsiredici maddəsinin ümumi miqdarı 0,08 qram olan üzərində “Methadone 40” sözləri yazılmış 02 ədəd narkotik vasitə hesab olunan metadon həblərini satış məqsədi olmadan qanunsuz olaraq əldə edərək üzərində saxlamaqla daşımış və 10 oktyabr 2022-ci il tarixdə saat 20 radələrində taksi avtomobili ilə Siyəzən şəhərindən Salyan rayonuna getmək istəyərkən Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı saxlanılaraq Siyəzən RPŞ-yə gətirilmiş və üzərində şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edərək üzərində saxlamaqla daşıdığı xeyli miqdarda, yəni ümumi təmiz çəkisi 0,972 qram olan narkotik vasitə tiryək və təsiredici maddəsinin ümumi miqdarı 0,08 qram olan üzərində “Methadone 40” sözləri yazılmış 02 ədəd narkotik vasitə hesab olunan metadon həbləri aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, avtoyuma məntəqəsində işləməklə bir neçə müddətdir ki, narkotik vasitələrdən istifadə edir. 2022-ci ilin oktyabr ayının əvvəlində nikahları olmasa da ər-arvad münasibətlərində olduğu Şahid3 və azyaşlı uşağını Şahid2 taksi kimi idarə etdiyi “Mercedes” markalı avtomaşınla yaşadıqları Salyan rayonundan Siyəzən şəhərinə Zərifənin bibisinin evinə aparmışdır. Üzərində olan narkotik vasitə tiryəki və metodonu İranlıdan almış və bir qismini istifadə etmişdir. 10 oktyabr 2022ci il tarixdə Qadirin idarə etdiyi həmin avtomobil ilə yenidən Salyan rayonundan gələrək ailəsini Siyəzən şəhərindən Salyan rayonuna qaytarmaq istəmişdir. Ailəsini götürüb Qadirin idarə etdiyi “Mercedes” markalı avtomobil ilə Siyəzən şəhərində Alı Mustafayev küçəsində hərəkətdə olarkən saat 20:00-21:00 radələrində onları polis əməkdaşları saxlamışlar və Siyəzən RPŞ-yə gətirmişlər. Həmin vaxt onun üzərində özünün istifadə etdiyi bir neçə qram tiryək və 2 ədəd metadon həbləri olmuşdur. Lakin polis əməkdaşları şöbədə onu döyərək üzərinə heroin və metamfetamində qoymuşlar. Belə ki, polislərə onun barəsində məlumat vermişlər ki, guya onun üzərində külli miqdarda narkotik var və o, narkotikin alış-verişi ilə məşğul olur. Lakin onu tutduqdan sonra polislər gördülər ki, üzərində az miqdarda narkotik var, buna görə də döydülər ki, narkotikin yerini desin. Lakin onda çox miqdarda narkotik olmadığını bildikdən sonra polislər Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə onu tuta bilməyəcəklərini anladılar. Buna görə də, polislər üzərinə heroin, metamfetamin, maşına isə elektron tərəzi qoydular ki, Cinayət Məcəlləsinin 234.4.3-cü maddə ilə onu tuta bilsinlər. Polislər onun ayaqlarının altından dəyənək ilə döyərək ondan tələb etmişlər ki, onların verdiyi heroin və metamfetamini götürsün və videoçəkilişdə cibindən çıxarmaqla onun olduğunu desin. Həmçinin polis əməkdaşları Şahid2 avtomaşının yük yerində olan qadın çantasının cibinə bir ədəd qara paketdə elektron tərəzi qoymuşlar və videoçəkiliş zamanı həmin tərəzini çıxarmaqla tərəzinin də ona məxsus olmasını deməyi tələb etmişlər. Əgər elektron tərəzi onun tərəfindən qoyulsa idi o, baqajda digər qara torbada elektron tərəzi axtarmazdır. Həmçinin polis əməkdaşları onların dediklərini etmədiyi halda onunla maşında olan şəxsləri də tutacağı ilə hədələmişlər. Buna və döyülməsinə görə polislərin dedikləri ilə razılaşmışdır. Onda olan xəsarətlərlə bağlı isə polis əməkdaşları ona demişlər ki, döyülmə nəticəsində deyil hündürlükdən yıxılma nəticəsində həmin xəsarətləri almasını desin. Polis əməkdaşları onu yerə uzadaraq 15-20 dəqiqə ərzində ayaqlarının altına dəyənəklə döymüşlər. Buna görə də, o, videoçəkilişdə yeriyə bilməmiş və ayağında ayaqqabısı da olmamışdır. Şahid qismində ifadə vermiş polis əməkdaşı Şahid1 onu döyən şəxslərdən biri olmuşdur. Döyülməsi barədə məhkəmədə barəsində qətimkan tədbiri seçilərkən hakimə də demiş və hakim onu soyundurmaqla ayağının altına baxaraq xəsarətlərini görmüşdür. Polis əməkdaşları Qadirin maşınından bıçaq çıxdığı üçün onu tutmaqla hədələmişlər ki, ona qarşı ifadə versin, məhkəmədə də Qadir polislərdən qorxduğu üçün ona qarşı ifadə vermişdir. Tutulan zaman ***-***-**-** nömrəli mobil telefonu istifadə etmişdir. Narkotik vasitənin satışı ilə heç vaxt məşğul olmamışdır. Döyülməsi ilə bağlı aparılan araşdırma üzrə izahatı elan edildikdən sonra isə verilən suallara cavab olaraq təqsirləndirilən şəxs qeyd etmişdir ki, həmin izahatını təsdiq etmir. Belə ki, müvəqqəti saxlama yerində olarkən prokurorun köməkçisi gəlib ondan izahat almış, bundan əvvəl isə Əhməd müəllim adlı polis şöbəsinin rəis müavini ona tapşırmışdır ki, döyülməsi ilə bağlı heç nə deməsin. Təqsirləndirilən şəxsdən ibtidai istintaq zamanı alınmış ifadə məhkəmə iclas zalından elan edildikdən sonra təqsirləndirilən şəxs həmin ifadəsini təsdiq etməyərək döyülmə və təzyiq nəticəsində ifadəni imzalamasını göstərmişdir. Həmin ifadənin məzmununa əsasən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək tutularkən üzərində külli miqdarda heroin, metamfetamin olmasını bildirməklə avtomaşından götürülən elektron tərəzinin də ona məxsus olmasını və polis əməkdaşları tərəfindən döyülməyə və təzyiqə məruz qalmadığını göstərmişdir. (Cild 1, iş vərəqləri 89- 94) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də tədqiq edərək mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməsini zəruri hesab edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Siyəzən RPŞ-nin əməkdaşı CAB=ın əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 10 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələri saxlaması, istifadəsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun digər üzvləri Azər Əlizadə, Əbdülkərim Məmmədov və Fərrux Babazadə ilə birlikdə Siyəzən şəhəri, Alı Mustafayev küçəsinə getmişlər. Həmin küçədə Təqsirləndirilən şəxs “Mercedes C” markalı avtomobildə olarkən saxlamışlar. Avtomobildə Təqsirləndirilən şəxsla yanaşı taksi sürücüsü də saxlanılmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu və taksi sürücüsünü polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsindən ötrü dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Təqsirləndirilən şəxs ilk öncə üzərində qanunla dövriyyəsi qadağan edilən əşya və predmetlər varsa, həmin əşyaları təqdim etmək təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs siqaret qutusunu və bir neçə bükümləri təqdim etmişdir. Siqaret qutusunun içərisində də bükümlər olmuşdur. Təqdim olunmuş bükümlərin içərisindən heroin, tiryək növlərində narkotik vasitələr, psixotrop maddələr aşkar olunmuşdur. Sonra taksi sürücüsü Şahid2 üzərində qanunla dövriyyəsi qadağan edilən əşya və predmetlər varsa, həmin əşyaları təqdim etmək təklif olunmuş, lakin onda qanunsuz heç nə aşkar olunmamışdır. Daha sonra onların saxlanıldığı avtomobilə baxış keçirilmiş, avtomobilin yük hissəsindən Təqsirləndirilən şəxs ona məxsus olduğunu bildirdiyi çanta olmuşdur. Çantaya baxış keçirdikdə isə içərisində narkotik izləri olan elektron tərəzi aşkar olunmuşdur. Daha sonra verilən suallara cavab olaraq Şahid1 göstərmişdir ki, Təqsirləndirilən şəxs saxlanılması əməliyyatı zamanı ona qarşı heç bir təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən onun ayağı axsamışdır. Bu barədə soruşduqda Təqsirləndirilən şəxs yıxıldığı və xəsarətin əvvəldən mövcud olduğunu müəyyən olunmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Siyəzən RPŞ-nin əməkdaşı X6 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs narkotik vasitələri saxlaması, istifadəsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. 10 oktyabr 2022-ci il tarixdə saat 20:00 radələrində əməliyyat qrupunun digər üzvləri Şahid1, Azər Əlizadə və Fərrux Babazadə ilə birlikdə Siyəzən şəhəri, Alı Mustafayev küçəsinə getmişlər. Həmin küçədə Təqsirləndirilən şəxs “Mercedes C” markalı avtomobildə olarkən saxlamışlar. Avtomobildə Təqsirləndirilən şəxsla yanaşı taksi sürücüsü də saxlanılmışdır. Sonra onlar polis şöbəsinə gətirilmişlər. Orada Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunmuş və ona üzərində olan qanunsuz əşyaları təqdim etmək təklif olunduqdan sonra o, bir neçə büküm təqdim etmişdir. Həmin bükümlərdə heroin, tiryək, marixuana və metamfetamin olmuşdur. Taksi şoferində isə narkotik olmamışdır. Daha sonra, onların saxlanıldığı avtomobilə baxış keçirilmiş və avtomobilin yük hissəsindən olan Təqsirləndirilən şəxs çantasından bir ədəd elektron tərəzi aşkar olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılan zaman onun ayağında xəsarət olmuş və bu haqda soruşdurda o, at çaparkən yıxıldığını demişdir. Daha sonra verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs göstərdi ki, Təqsirləndirilən şəxs saxlanılması zamanı ona qarşı heç bir təzyiq göstərilməmiş, onun ayağında ayaqqabının olub-olmamasını isə o, xatırlamır. Məhkəmədə şahid qismində dindirilmiş Siyəzən RPŞ-nin əməkdaşları, polis serjantları X16 və X11 digər polis əməkdaşları ilə oxşar məzmunlu ifadələr vermişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxsla faktiki ər-arvad münasibətlərində olmuşlar, onunla 4-5 il müddətində birgə yaşayırlar, birgə övladları vardır. Təqsirləndirilən şəxs marixuana növündə narkotik vasitə istifadə etdiyi görmüş, lakin onun narkotik vasitə satdığını görməmişdir. Anarla Salyan şəhərində yaşamışlar və 10 günlük Siyəzən şəhərində yaşayan bibisinin evinə gəlmişlər. Daha sonra, taksi ilə Siyəzəndən Salyana qayıtmaq istədikdə 10 oktyabr 2022-ci il tarixdə təxminən saat 20:00-21:00 Siyəzən şəhəri, Alı Mustafayev küçəsində radələrində polis əməkdaşları tərəfindən saxlanılmışlar və polis şöbəsinə aparılmışlar. Əvvəlcə polislər onun üzərində şəxsi axtarış aparmaqla buraxmışlar, lakin Anarı buraxmamışlar. Polislərin deməsinə görə Anarın üzərində narkotik olmuşdur. Daha sonra, Şahid3 ifadəsində göstərdi ki, polis əməkdaşlarının Təqsirləndirilən şəxs döydüklərini şəxsən görməmiş, lakin saxlanılmamışdan əvvəl Anar axsamamış və onda xəsarət olmamışdır. Həmçinin Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılan gün ayağında ayaqqabı olmuşdur. Salyanda rayonunda bina evində yaşadıqlarından onlarda inək və ya at olmamışdır. Avtomobildən tərəzi çıxmağını bilmir. Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilərkən iştirak etməmişdir. Anarın yalnız əlində azacıq xəsarəti olmuş, lakin polislər tərəfindən saxlanılanadək o, rahat yeriyirdi və onun yeriməyində heç bir problem olmamışdır. Saxlanıla zaman Anarın ayağında xətli ayaqqabı olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, “Mercedes- Benz” markalı avtomobili ilə Salyan şəhərində taksi kimi fəaliyyət göstərmişdir. Təqsirləndirilən şəxs ona zəng edib Siyəzən şəhərinə apara bilməsini soruşmuş və buna razılaşmışdır. Salyan şəhəri, “PMK” yaşayış massivi deyilən ərazidən Anar Cəfərovu, onun həyat yoldaşını və uşağını götürüb Siyəzən şəhərinə aparmış və sonra geri qayıtdım. Təxminən 7-8 gün sonra Anar Cəfərov ona yenidən zəng edərək, onları Salyan şəhərinə geri gətirməyi demişdir. Siyəzən şəhərində Təqsirləndirilən şəxs və onun ailəsini götürüb məhəllədən çıxan kimi polis əməkdaşları onları saxlamışlar. Daha sonra, verilən suallara cavab olaraq Şahid2 qeyd etmişdir ki, Təqsirləndirilən şəxs narkotiklərin aşkar olunmasını özü görməmiş, bunu polis əməkdaşları ona demişdirlər. Bundan başqa, avtomobilin açarlarının polis əməkdaşlarında olmasını deyən Şahid2 qeyd etmişdir ki, avtomobilin yük yerində Təqsirləndirilən şəxs ailəsinin əşyaları olmuş və həmin əşyaların içində nə olmasından onun məlumatı olmamışdır. Təqsirləndirilən şəxs xəsarət alması ilə bağlı ziddiyyətli ifadə verən Şahid2 işin halları ilə uzlaşmayan ifadə verməklə göstərmişdir ki, Təqsirləndirilən şəxs ilk dəfə Siyəzən şəhərinə apardıqda axsamış, lakin geri qayıtdıqda sərbəst şəkildə yerimişdir. Avtomibilə əyləşdikdə onun ayağında ayaqqabı olmuşdur. Məhkəmə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Siyəzən rayon şöbəsinin rəisi, məhkəmə-tibb eksperti X9 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs müayinə edərkən, onun bədəninin hər hansı nahiyəsində xəsarət olub-olmadığını soruşmuşdur. Təqsirləndirilən şəxs hər iki əlini və sağ ayağının altı göstərərək xəsarət olduğunu bildirmişdir. Əllərindəki xəsarət barədə soruşduqda, inək sürüyərkən yarandığını demiş, sağ ayağındakı xəsarəti isə yıxıldığını və həmin vaxt yarandığını bildirmişdir. Daha sonra o, qeyd etmişdir ki, Təqsirləndirilən şəxs ayağının altında əmələ gəlmiş qançır göyümtül rəngdə olmaqla yaranma müddəti 2-3 gün kimi qeyd etmişdir. Lakin, bu müddətlər ehtimaldır. Qançır bəzən dərin olur və müddəti təyin etmək mümkün olmur. Məhkəmə yuxarıda təsvir edilən ifadələrin və digər sübutların mötəbərliyi üzrə qiymətləndirilməsindən öncə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 124.1 və 124.1.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında məhdudlaşdırmaqla əldə olunduqda cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinin tələblərinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Məhkəmə, cinayət prosessual qanunvericiliyinin həmin müddəalarını rəhbər tutaraq məhkəməyədək icraat zamanı toplanılmış aşağıdakı sübutları onların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olduğundan mötəbər sübut kimi qəbul etmir və hesab edir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə təqsirliliyi ilə bağlı istintaq orqanının gəldiyi nəticələr əsassızdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsində göstərdiyi xüsusatların, yəni polis əməkdaşları tərəfindən döyülməsi və işgəncə verilməsi nəticəsində özünə qarşı ifadə verməsinin həqiqət olması ehtimalları aşağıdakı sübutlarla kifayət qədər öz təsdiqini tapır. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir ondan ötrü ki, o, satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi külli miqdarda, ümumi təmiz çəkisi 2,223 qram olan narkotik vasitə heroini, 4,502 qram çəkidə psixotrop maddə metamfetamini, ümumi təmiz çəkisi 0,972 qram olan narkotik vasitə tiryəki və 2 ədəd təsiredici maddəsinin ümumi miqdarı 0,08qram olan üzərində “Methadone 40” sözləri yazılmış metadon həblərini üzərində saxlamaqla daşımışdır. Məhkəmə qeyd edir ki, ittiham orqanının təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilməsində istinad etdiyi ən mühüm dəlil təqsirləndirilən şəxs tutularkən onun üzərində “Şəxsi axtarış və götürmə aparılması haqqında” və avtomaşına “Baxış və götürmə aparılması haqqında” 10 oktyabr 2022-ci il tarixli protokollar olmuşdur. “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokola əsasən Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sağ yan cibində olan şəffaf sellofan bükülünü, ağ rəngli “Kent” markalı siqaret qutusunu və ağ rəngli kağız bükülünü təqdim etmişdir. Növbə ilə baxış keçirdikdə ağ rəngli kağız bükülüdə narkotik vasitə heroinə bənzər kütlə, siqaret qutusunun içərisindəki bükülüdə daha bir heroinə bənzər kütlə, şəffaf rəngli sellofan bükülüdə isə bir ədəd dərman konvalyutda 2 ədəd narkotik vasitə metadona bənzər dərman həbləri, bir ədəd qara rəngli narkotik vasitə tiryəkə bənzər kütlələr və digər ağ rəngli sellofan bükülüdə psixotrop maddə metanfetaminə bənzər kütlə aşkar edilmiş və qablaşdırılaraq götürülmüşdür. (Cild 1, iş vərəqləri 25-27) Eyni protokol üzrə avtomaşının sürücüsü Şahid2 da üzərinə baxış keçirilmiş, bu zaman onun cibində yalnız 01 manat əsginaslardan ibarət 10 manat pul aşkar edilmişdir. İdarə etdiyi avtomaşının açarı isə onun üzərində olmamışdır. “Baxış və götürmə aparılması haqqında” protokola əsasən “Mercedes C” markalı, **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomaşının yük hissəsindən 01 ədəd çəhrayı rəngli qadın çantasının ön cibindən bir ədəd qara rəngli sellofan torbada elektron tərəzi aşkar olunaraq götürülmüşdür. (Cild 1, iş vərəqləri 56-57) Hər iki istintaq hərəkəti video çəkilişlə aparılmış və məhkəmədə tərəflərin iştirakı ilə həmin videogörüntülərə baxılarkən təqsirləndirilən şəxs Anarın Əsgərovun məhkəmədə verdiyi ifadəsində öz müdafiəsi üçün gətirdiyi dəlillərin, yəni onun döyülməsi, təzyiq edilməsi və ona işgəncə verilməklə özünə qarşı ifadə alınması, eləcə də avtomaşının yük yerinə ona məxsus olmayan elektron tərəzinin qoyulması kimi halların həqiqət ola bilməsi kifayət qədər öz təsdiqini tapır. Belə ki, “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokola aid videogörüntüyə baxdıqda müəyyən edilir ki, oktyabr ayında digər bütün şəxslər ayaqqabıda və gödəkcədə olduğu halda Təqsirləndirilən şəxs yalnız corabda olmaqla ayaqyalın durmuşdur. Təqsirləndirilən şəxs hərəkət edə bilməyərək yalnız polis əməkdaşlarının köməyi ilə açıq-aşkar ağrı və iztirablarla yeriyir. Bundan başqa, üzərilərində axtarış aparılan nə Təqsirləndirilən şəxs, nə də ki, taksi sürücüsü Şahid2 ciblərindən hərəkətdə olduqları avtomaşının açarları aşkar olunmur. Bu isə onu təsdiq edir ki, bu müddət ərzində polis şöbəsinə gətirilən avtomaşının açarları polis əməkdaşlarında olmaqla avtomaşın tam olaraq polislərin sərəncamında olmuşdur. Eyni ilə “Avtomaşına baxış keçirilməsi haqqında” protokola aid videogörüntülərdən də görünür ki, avtomaşının açarları Təqsirləndirilən şəxs və sürücü Şahid2 olmur. Avtomaşının baqajı polis əməkdaşının köməyi ilə açılır. Bundan sonra baqajdan hələ tərəzini götürməyən Təqsirləndirilən şəxs qabaqlayan müstəntiq “bir ədəd qara rəngli sellofan torbada” sözlərini işlədir və Təqsirləndirilən şəxs qara rəngli sellofan torbanı axtarmağa başlayır. Lakin həmin torbada heç nə tapa bilmədikdən sonra dərhal çəhrayı rəngli qadın sumkasının ön cibindən kiçik qara rəngli paketdə elektron tərəzini götürüb polis əməkdaşlarına təqdim edir. Məhz qeyd edilənlərlə bağlı təqsirləndirilən şəxs məhkəmədə göstərdi ki, videoçəkilişdən əvvəl onda daha çox narkotik vasitə olmasını ehtimal edən polis əməkdaşları həmin narkotiklərinin yerinin deyilməsi üçün yerə uzadaraq dəyənəklə onun ayaqlarının altına 15-20 dəqiqə ərzində zərbələr vurmuşlar ki, bu zərbələrin nəticəsində o, xəsarət alaraq yeriyə bilməmişdir. Həmçinin polislər ondan soruşulduqda bir həftə əvvəl hündürlükdən yıxılmasını deməyini tələb etmişlər. Bundan sonra, onda yalnız bir bükümdə tiryək və 2 metadon həbinin olduğunu görən polis əməkdaşları Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə onun tutulması üçün üzərinə heroin, metamfetamin və maşının yük yerinə elektron tərəzi qoymaqla bunların ona məxsus olması ilə bağlı özünə qarşı ifadə verməyi tələb etmişlər. Təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə görə, elektron tərəzi onun tərəfindən avtomaşına qoyulduğu halda, digər qara torbada həmin elektron tərəzini axtarmaq əvəzinə tərəzini qoyduğu yerdən götürərdi. Məhkəmə qeyd edir ki, videoçəkilişdə digər bütün şəxslərin ayaqqabıda olduğu halda oktyabr ayında təqsirləndirilən şəxsin corabda ayaqyalın olması və ümumiyyətlə ayağında ayaqqabı olmaması, onun polis əməkdaşlarının köməyi ilə açıq-aşkar ağrı və iztirabla yeriməsi təqsirləndirilən şəxsin videoçəkilişdən əvvəl döyülə bilməsi ehtimalının aşkar təzahürüdür. İstintaq orqanının qeyd etdiyi kimi isə guya təqsirləndirilən şəxsin tutulmasından bir həftə əvvəl yıxılması isə onun ayağında ən azından çəkələk və ya digər ayaq geyimin ola bilməsini istisna edə bilməz. Görünən odur ki, fiziki ağrıdan təqsirləndirilən şəxs ayağına ümumiyyətlə ayaqqabı geyinə bilməmişdir. Bundan əlavə, vudeogörüntülərə əsasən avtomaşının açarının nə təqsirləndirilən şəxsdə, nə də ki, avtomaşının sahibi taksi sürücüsündə olmaması, həmin avtomaşının tam olaraq polis əməkdaşlarının sərəncamında olmasını təsdiq etməklə, bu müddət ərzində elektron tərəzinin kənardan qoyula bilməsi ehtimalını da istisna etmir. Təqsirləndirilən şəxsin istintaq orqanına etiraf xarakterli ifadə vermədiyi, döyülmə və işgəncə nəticəsində özünə qarşı ifadə verməsi ilə bağlı əsaslı ehtimallar onun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı Siyəzən rayon məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli qərarı və ən əsası bu məhkəmə prosesinə aid videogörüntülərlə də tam təsdiq olunur. Belə ki, istintaq orqanının tərtib etdiyi şübhəli və təqsirləndirilən şəxsin dindirilməsi protokollarına əsasən 10 və 12 oktyabr 2022-ci il tarixlərdə özünə qarşı ifadə verməklə üzərində psixotrop maddə, narkotik vasitələr və avtomaşında elektron tərəzinin olmasını etiraf edərək ona qarşı polis əməkdaşları tərəfindən hər hansı bir şəkildə döyülmə və təzyiq olmadığını, ayağında olan xəsarətlərin isə hündürlükdən yıxılma nəticəsində aldığını göstərdiyi halda, bundan dərhal sonra, yəni 12 oktyabr 2022-ci il tarixdə hakim tərəfindən dindirilərkən təqsirləndirilən şəxs məhkəmədə aşağıdakıları göstərmişdir: “üzərinə baxış keçirilməzdən öncə, Siyəzən RPŞ-də otaqların birində yerə uzadılmaqla polis əməkdaşları CAB-ın baş əməliyyat müvəkkili Şahid1, PPXT-nin polis nəfərləri X1 Azər Murad oğlu tərəfindən döyülmüş, sonuncular dəyənək vasitəsi ilə ayağının altına zərbələr endirdiklərindən üzərində aşkar edilmiş predmetlərin özünə məxsus olduğunu bildirmək məcburiyyətində qalmışdır.” Bununla belə qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə qərarında göstərilmişdir ki, Təqsirləndirilən şəxs metamfetaminin ona məxsus olmadığını məhkəmədə bildirsə də, heroin, tiryək, metadon həbləri və elektron tərəzinin ona məxsus olduğunu təsdiq etmişdir. Lakin hazırkı cinayət işi üzrə məhkəmədə bu xüsusatlar bağlı dəfələrlə dindirilən Təqsirləndirilən şəxs göstərdi ki, qətimkan tədbiri seçilərkən də məhkəmədə o, üzərində aşkar edilənlərdən yalnız tiryək və metadon həblərinin onun üzərində olmasını etiraf etmiş, metamfetamin, heroin və elektron tərəzinin isə onda olmadığını, polis əməkdaşları tərəfindən qoyulduğunu demişdir. Təqsirləndirilən şəxsin təqsirliyi ilə bağlı bu mühüm xüsusatın aydınlaşdırılması üçün məhkəmənin sorğusu ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Siyəzən rayon məhkəməsində keçirilən 12 oktyabr 2022-ci il tarixli məhkəmə prosesinin audio və video yazısı götürülmüşdür. Həmin videogörüntülərə tərəflərin iştirakı ilə məhkəmədə baxılarkən müəyyən edilir ki, ilkin olaraq özünü təqsirli bilən Təqsirləndirilən şəxs vəkilin onun xəsarət alması ilə bağlı məhkəməyə verdiyi məlumatından və hakimin israrlı suallarından sonra polis əməkdaşları tərəfindən döyülmə və işgəncəyə məruz qaldığını bildirir. Belə ki, videogörüntülərin 18:30 dəqiqə hissəsində Təqsirləndirilən şəxs corablarını çıxarmaqla ayaqlarının altında olan xəsarətləri nümayiş etmişdir. Videogörüntünün 26:15 dəqiqə hissəsində dəfələrlə verilmiş suallara eyni cavab verməklə onun üzərində yalnız tiryək və metadon həblərinin olmasını bildirməklə, onda metamfetamin, heroin və elektron tərəzinin olmadığını təsdiq etmişdir. Həmin videogörüntülərin 34:50 dəqiqəsində isə 3 nəfər adlarını qeyd etdiyi polis əməkdaşlarının onu yerə uzadaraq ayaqlarının altına dəyənəklə döyərək xəsarət yetirdiyini bildirmişdir. Göründüyü kimi barəsində həbs qətimkan tədbiri seçilərkən təqsirləndirilən şəxs hazırkı məhkəmədə verdiyi ifadə ilə oxşar məzmunlu ifadə vermişdir ki, bu da onun səmimi ifadə verməsininin təzahürüdür. Təqsirləndirilən şəxs özünə qarşı verdiyi ifadələrin mötəbərliyi ilə bağlı məhkəmə tərkibi qeyd edir ki, bu ifadələrin döyülmə və işgəncə nəticəsində alınmasını dəlalət edən kifayət qədər dəlillərin olması ilə yanaşı hər iki ifadənin mətni Təqsirləndirilən şəxs alınmış ilkin izahatın mətni ilə orfoqrafik və qrammatik səhvlərdə daxil olmaqla tamamilə eynidir. Məhkəmə qeyd edir ki, bir şəxsin müxtəlif tarixlərdə müxtəlif müstəntiqlərə verdiyi izahat və ifadələrin mətninin orfoqrafik və qrammatik səhvlərdə daxil olmaqla tamamilə eyni olması bu şəxsin prosessual qanunvericiliyə uyğun dindirilmədən eyni məzmunlu ilkin izahatın mətninin kompüterdə köçürmə üsulu ilə şübhəli və təqsirləndirilən şəxs kimi dindirmə protokollarına əlavə edilməsinin təzahürüdür. Hətta Təqsirləndirilən şəxs şübhəli şəxs qismində dindirlməsi haqqında protokola baxdıqda müəyyən edilir ki, dindirmənin əvvəlində bu istintaq hərəkətinin ilkin izahat alan müstəntiq Şahin Rzayev tərəfindən həyata keçirildiyi göstərilsə də, protokolun sonunda müstəntiq Nabil Abdullayev tərəfindən dindilmənin aparılması onun inisialları və imzası ilə təsdiq edilmişdir. Bundan başqa, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinədən keçirilməsinə dair ekspertizanın 13 oktyabr 2022-ci il tarixli, 244 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs sağ ayağının alt qançırı kimi xəsarət aşkar olunmuşdur ki, bu xəsarətin yaranma müddəti 2-3 günə qədərdir və sağlamlığa zərər vurmayan xəsarət olduğuna görə dərəcəsi təyin edilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Məhkəmə prosessual qanunvericiliyin həmin normasını rəhbər tutaraq, ekspertiza rəyi üzrə xəsarətin mövcudluğunu və yaranma müddətini şübhə altına almadan eyni zamanda qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair məhkəmə iclasının videogörüntüsünün 18:30 dəqiqə hissəsindən görünür ki, hakimə ayaqlarının altında olan xəsarətləri nümayiş etdirən Təqsirləndirilən şəxs həm sağ, həm də sol ayaqlarının altında qançır xəsarətlərinin olması aşkar şəkildə görünür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125.2, 125.2.1, 125.2.3 və 125.2.4-cu maddələrinə əsasən insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud həmin Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə; cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Cinayət-Prosessual Məcəlləsinin 125.3-cü maddəsinə əsasən həmin Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin həmin müddəalarını rəhbər tutaraq qeyd edir ki, təqsirləndirilən şəxsin bədənində aşkar edilmiş xəsarətlərin məhz onun saxlanılmasından sonra polis əməkdaşları tərəfindən yetirilməsi ehtimalı kifayət qədər obyektiv sübutlarla təsdiq olunduğundan ağlabatan və inandırıcı görünür. Bu hal isə Təqsirləndirilən şəxs təhqiqat və ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən özünə qarşı alınmış izahat və ifadələrin zorakılıq, işgəncə və digər qəddar, qeyri-insani, ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə alınması ehtimalını təsdiq edir. Belə ki, Təqsirləndirilən şəxs həbsdə olub azadlığı məhdudlaşdırılarkən yalnız polis və onun barəsində məhkəmədə həbslə bağlı təqdimatı müdafiə edən prokurorluq əməkdaşına verdiyi izahat və ifadələrində verilmiş ittihamı tam etiraf etməklə və ona xəsarət yetirilmədiyi göstərmişdir. Həmin müddətdə o, həbs qətimkan tədbiri seçilərkən məhkəmədə etdiyi çıxışında döyülməyə və işgəncəyə məruz qaldığını, bunun nəticəsində xəsarət aldığını, onda narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və elektron tərəzi olmadığı halda polis əməkdaşlarının onun üzərinə və taksi kimi istifadə etdiyi maşına qoyduqları narkotik vasitəni, psixotrop maddə və elektron tərəzini boynuna almağa məcbur olduğunu göstərmişdir. Təqsirləndirilən şəxs tutularkən xəsarətin olmadığı Şahid3 ifadəsi ilə də təsdiq olunmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, “Şəxsi axtarış və götürmə aparılması haqqında”, “Avtomaşına baxış keçirilməsi haqqında” 10 oktyabr 2022-ci il tarixli protokol, eləcə də Təqsirləndirilən şəxs ilkin izahatı, şübhəli şəxs qismində ondan alınmış 10 oktyabr 2022-ci il tarixli və təqsirləndirilən şəxs qismində ondan alınmış 12 oktyabr 2022-ci il tarixli ifadələr mötəbərliyi şübhə altına alınan sübutlar olduğundan, təqsirləndirilən şəxsin təqsirliliyini müəyyən edən sübutlar kimi qəbul oluna bilməz, həmin izahat və protokollar ilə ilə müəyyən edilmiş hallar etibarsız hesab olunmalıdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs özünə qarşı alınmış etirafedici ifadələrə bir daha münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən heç kəs şəxsən özünün və yaxın qohumlarının əleyhinə ifadə verməyə məcbur edilə bilməz və buna görə hər hansı təqibə məruz qala bilməz. Bu baxımdan Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında da milli qanunvericiliyə uyğun mövqe formalaşmışdır. Belə ki, Dikmə Türkiyəyə qarşı 11 iyul 2000ci il tarixli Məhkəmə qərarında göstərilmişdir ki, dindirmə zamanı alınmış, amma məhkəmədə inkar edilən etirafların cinayət işi üzrə sonrakı icraatda müdafiə perspektivləri üçün hər hansı həlledici nəticələr doğurmur. (belə bir mövqe Con Mürreyin işi üzrə qərarda da əks olunub.) Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin etirafedici ifadəsi bir sübut növü kimi digər sübutlardan heç bir üstün hüququna malik olmadığı üçün, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmədiyi halda şəxsə qarşı irəli sürülmüş ittihamın əsası kimi qəbul edilə bilməz. Hazırkı baxılan cinayət işi üzrə məhkəmə tərəfindən araşdırılmalı olan məsələlərə dair Avropa Məhkəməsinin kifayət qədər geniş presedent təcrübəsi olduğundan məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə araşdırma apararkən Avropa Məhkəməsinin presedentlərinə müraciət edərək onun mövqeyini nəzərə almışdır. Belə ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı olan və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvenisyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan Hüquqlarının və əsas Azadlıqların müdafiəsi X4 3-cü maddəsinə əsasən heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır. Konvensiyanın həmin maddəsi çərçivəsində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı iş üzrə qəbul etdiyi 11 yanvar 2007-ci il tarixli qərarda qeyd etmişdir ki, Konvensiyanın 3-cü maddəsində demokratik cəmiyyətlərin ən əsas dəyərlərindən biri təsbit olunur. Hətta ən çətin şəraitdə, məsələn, terrorçuluqla və mütəşəkkil cinayətkarlıqla mübarizə zamanı Konvensiya işgəncəni, qeyriinsani və alçaldıcı rəftarı və cəzanı tamamilə qadağan edir. Konvensiyanın, onun 1 və 4 saylı protokollarının əksər maddi müddəalarından fərqli olaraq, hətta xalqın həyatına təhlükə törədən fövqəladə hallarda 15-ci maddənin 2-ci bəndinə əsasən 3-cü maddə üçün istisna halının, yaxud qeyd-şərtin edilməsi nəzərdə tutulmur (bax, məsələn, Selmuni Fransaya qarşı (Böyük Palata), № 25803/94, § 95, İHAM 1999-V; Labita İtalyaya qarşı (Böyük Palata), № 26772/95, § 119, İHAM 2000-İV və Dikme Türkiyəyə qarşı, №20869/92, § 89, İHAM 2000-Vİİİ) Avropa məhkəməsi həmçinin vurğulamışdır ki, «şəxs polisə aparılarkən sağlam olduğu, azad edildiyi zaman isə bədənində xəsarət müəyyən olunduğu halda həmin xəsarətlərin əmələ gəlməsi səbəblərinə dair inandırıcı əsaslar gətirilməsi Dövlətin öhdəliyidir, əks halda Konvensiyanın 3-cü maddəsinə əsasən aydın məsələ ortaya çıxır» (bax, Tomasi Fransaya qarşı, 27 avqust 1992-ci il tarixli qərar, A Seriyaları № 241-A, s. 40- 41, §§ 108-11 və yuxarıdakı Selmouni işi, § 87). Məhkəmə Təqsirləndirilən şəxs qarşı qanunsuz hərəkələrin edilməsi ilə bağlı Siyəzən rayon prokurorluğunda qəbul edilmiş “Cinayət işinin başlanılmasının rədd edilməsi” haqqında 01 noyabr 2022-ci il tarixli qərarla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın qərarı, şəxsin cinayət təqibini istisna edən qərarlardan başqa, hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarılması ilə əlaqədar məcburi qüvvəyə malik deyildir. Məhkəmə həmçinin qeyd edir ki, həmin qərar prokurorluqda aparılan araşdırmanın nəticəsinə görə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsini məhkəmədə müdafiə edən eyni prosessual şəxs olan Siyəzən rayon prokurorunun köməkçisi tərəfindən qəbul edilmişdir ki, bu da öz növbəsində qərarın maraqlı şəxs tərəfindən qəbul edilməsi kimi qiymətləndirilə bilər. Polis əməkdaşları Şahid1, X3, X13 və X7 həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı verdikləri ifadələri ilə bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, göstərilən şahid ifadələri onların sübut kimi qəbul edilməsinin mümkünlüyünü istisna edən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsində sadalanan hallar olduğundan sübut kimi qəbul edilə və Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsasını təşkil edə bilməz. Bundan başqa, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 95.1-ci maddəsinə əsasən iş üzrə hər hansı əhəmiyyət kəsb edən hallardan xəbərdar olan şəxs ittiham tərəfindən ibtidai araşdırma və ya məhkəmə baxışı zamanı, müdafiə tərəfindən isə məhkəmə baxışı zamanı çağırılıb şahid qismində dindirilə bilər. Təqsirləndirilən şəxsi tutaraq ona qarşı sübut toplayan, ittihamın təsdiq olunmasında maraqlı olan, eləcə də vəzifələrinə uyğun olaraq biri-digərinə tabe olan polis əməkdaşlarının verdikləri ifadələr isə qərəzsiz və obyektiv ifadə kimi qiymətləndirilə bilməz. Nəzərə alınmalıdır ki, həmin ifadələr еyni zamanda digər polis əməkdaşlarının fəaliyyətini əks еtdirən informasiya daşıyıcısıdır. Bu ifadələr Təqsirləndirilən şəxs vеrilmiş ittihamın təsdiqi ilə yanaşı, еyni zamanda digər polis əməkdaşlarının hərəkətlərinin qanuni və əsaslı olmasının da təsdiqi vasitəsidir. Polis əməkdaşlarının cinayət təqibi üzrə prosessual fəaliyyətinin əsaslığı və şahid qismində verdikləri ifadələrin mötəbərliyi üzrə qiymətləndirilməsi baхımından Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında uzun müddət formalaşmış yanaşma standartını müəyyən еtmişdir. Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı 11 yanvar 2007-ci il tarixli, X5rşı 18 yanvar 1978-ci il tarixli qərarında, həmçinin bir sıra qərarlarda Avropa Məhkəməsi sübutları qiymətləndirərkən “əsaslı şübhə yеrinin qalmaması” sübutеtmə standartını tətbiq еdir. Polis əməkdaşlarının fəaliyyət göstərdiyi orqan tərəfindən aparılan istintaq hərəkətlərinə dair onların vеrdikləri ifadələrin qеyd еdilən standarta uyğun gəlməsi üçün ifadələrin mötəbərliyinə hеç bir şübhə yеri qalmamalıdır. Oхşar yanaşma İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Muradova Azərbaycana qarşı 2 aprеl 2009-cu il tariхli qərarında (128-ci bənd) öz əksini tapmış və polis əməkdaşlarının istintaq hərəkətləri barəsində şahid kimi vеrdiyi ifadələrin “əsaslı şübhə doğurmayan” sübut növünə aid olmadığı göstərilmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi, mənsubiyyəti və mümkünlüyü üzrə qiymətləndirilməsini zəruri hesab edir. Məhkəmə ilk öncə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən götürülməsə də məhkəmə tərəfindən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrəli mobil telefona aid zənglər və “SMS” məlumatları götürülməklə təhlil edilmiş və narkotik vasitələrin satılması ilə bağlı hər hansı bir zəng və yazışmanın olmadığı müəyyən edilmişdir. Bundan başqa, cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-kimyəvi ekspertizasının 11 oktyabr 2022-ci il tarixli, 6/5864 nömrəli rəyində qeyd edilmişdir ki, ekspertizaya təqdim edilmiş zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 2,223 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 01 (bir) ədəd bükümdə təmiz çəkisi 4,502 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 02 (iki) ədəd ağ rəngli kağız bükülünün içərisində tünd qəhvəyi rəngli qətranabənzər, spesifik iyə malik maddə kütlələri xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə 0,334 qram, 0,638 qram, ümumi təmiz çəkisi 0,972 qram tiryəkdir, 01 ədəd üzərində “Methadone 40” əmtəə göstəriciləri olan konvalyutda içərisində qəhvəyi rəngli dairəvi formalı 02 ədəd metadon tərkibli təsiredici maddəsinin miqdarı ümumi 0,08 qram olan dərman preparatıdır. Tədqiqata təqdim edilmiş digər zərfdə 01 (bir) “X21 Scale” yazı əlavəsi olan qapaqlı qara rəngli elektron tərəzinin üzərində heroin və metamfetaminin izləri vardır. İz şəklində olduğu üçün heroinin və metamfetaminin çəkisini və bükümlərdəki heroinlərlə və metamfetaminlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. (Cild 1, iş vərəqləri 59-64) Həmin ekspert rəyi ilə bağlı məhkəmə tərkibi qeyd edir ki, bu rəy qeyd olunan narkotik vasitə və psixotrop maddə, eləcə də elektron tərəzinin bütövlükdə məhz Təqsirləndirilən şəxs aşkar edilməsini sübutu və təsdiqi vasitəsi kimi qəbul edilə bilməz. Çünki rəyin özü bilavasitə hər hansı əlavə suallar yaratmır, ekspertə təqdim olunmuş maddələr ilə bağlı əsaslandırılmış tədqiqatla bağlı gəlinmiş nəticə mövcuddur. Bununla belə, həmin rəy Təqsirləndirilən şəxs olması özü tərəfindən təsdiq olunan ümumi təmiz çəkisi 0,972 qram olan tiryəkin və təsiredici maddəsinin ümumi miqdarı 0,08 qram olan 02 ədəd metadon həbinin həqiqətən mövcud olmasını təsdiq edir. Digər hissədə isə, yəni narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və elektron tərəzinin təqsirləndirilən şəxsə məxsus olmaması ilə bağlı gəlinmiş nəticə ilə bağlı, qeyd edilən ekspert rəyinin təqsirləndirilən şəxsə qarşı deyil, həmin narkotik vasitə və psixotrop maddəni əldə etmiş, hazırlamış, saxlamış, daşımış və satmış şəxsin müəyyən edilməsində sübut kimi istifadə oluna bilməsi mümkündür. Bundan başqa, cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 7763 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtitacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqləri 184-185) Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkməsi halı belə narkotik vasitələrin satışı ilə bağlı ona qarşı irəli sürülmüş ittiham üzrə sübut kimi qiymətləndirilməsinə əsas ola bilməz. Bununla bağlı “Sakit Zahidov Azərbaycana qarşı” işdə də Avropa Məhkəməsi müəyyən etmişdir ki, narkomaniya xəstəliyinin aşkar olunduğunu təsdiqləyən ekspertiza rəyi özü-özlüyündə şəxsin hətta satış məqsədi olmadan narkotik vasitələri və ya psixotrop maddələrini şəxsi istehlak miqdarından artıq miqdarda görə cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas kimi qəbul edilə bilməz (bax, Sakit Zahidov Azərbaycana qarşı, № 51164/07, § 51, 12 noyabr 2015). İbtidai istintaq tərəfindən toplanılmış və ittiham tərəfinin məhkəməyə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirinin təsdiqi kimi təqdim etdiyi bütün sübutlara məhkəmə bir daha münasibət bildirməklə qeyd edir ki, məhkəmə-kimyəvi ekspertizasının 11 oktyabr 2022-ci il tarixli, 6/5864 nömrəli rəyindən, eləcə də şəxsi axtarış və avtomaşına baxışı özündə əks etdirən 02 ədəd “DVD” formatlı diskdən başqa, ittiham tərəfinin məhkəməyə təqdim etdiyi bütün sübutlar mümkünlüyünə və mötəbərliyinə əsaslı şübhələr olan, hüquqi qüvvəsi olmayan etibarsız sübut kimi qəbul edilmişdir. Həmin “DVD” formatlı disklərdə mövcud olan görüntülər Təqsirləndirilən şəxs onda olmasını etiraf etdiyi narkotik vasitələr tiryək və metadon həbləri ilə yanaşı, ona qarşı edilən qanunsuz hərəkətlərində və digər sübutların etibarsız olmasının təsdiqi vasitəsidir. Məhkəmə yalnız işin obyektiv halları ilə uzlaşan Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsini mötəbər sübut kimi qəbul edir. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs onda daha çox həcmdə tiryəkin olmasını göstərsə də, məhkəmə iş üzrə mövcud olan və ekspertiza rəyi ilə öz təsdiqini tapan həcmdə maddi sübutu qəbul edir. Sübutların mötəbərliyi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallardan irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” (Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR 2001-Vİİ). Sübutun keyfiyyəti, o cümlədən onun əldə edilməsi şəraitinin sübutun mötəbərliyi və ya düzgünlüyünü şübhə altına alıb-almadığı nəzərə alınmalıdır. Sübutun mötəbərliyi mübahisə olunduqda sübutun mümkünlüyünün araşdırılması üçün ədalətli prosedurların olması daha da çox əhəmiyyət kəsb etmiş olur ( “Allan” işi, 47-ci bənd və “Bıkov Rusiyaya qarşı” (Bykov v. Russia [GC], no. 4378/02, § 95, ECHR 2009). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.5-ci maddəsinə əsasən cinayət-prosessual qanunvericiliyinin tələblərinin ittiham tərəfindən pozulması nəticəsində sübuti əhəmiyyətini itirmiş hesab oluna bilən materialın sübut qismində qəbul edilməsinə müdafiə tərəfinin vəsatəti əsasında yol verilir. Bu halda həmin sübut digər proses iştirakçılarına deyil, yalnız müvafiq şübhəli və ya təqsirləndirilən şəxsə sübut kimi aid olur. Məhkəmə cinayət-prosessual qanunvericiliyinin həmin müddəasını rəhbər tututaraq qeyd edir ki, ittiham tərəfinin narkotik vasitə və psixotrop maddənin götürülməsi, onun qablaşdırılması və sonradan sübut kimi təqdim edilməsi ilə bağlı istintaq hərəkətlərinin, eləcə də ibtidai istintaq zamanı alınmış təqsirləndirilən şəxsin və polis əməkdaşlarının ifadələrinin etibarsız hesab olunduğu vəziyyətdə, təqsirləndirilən şəxsə qarşı verilmiş ittiham yalnız özünün qəbul və etiraf etdiyi həcmdə əsas götürülə bilər. Təqsirləndirilən şəxs məhkəmədə dəfələrlə dindirilərkən, o cümlədən barəsində həbs qətimkan tədbiri seçilərkən verdiyi izahatda onda aşkar edilməsi iddia olunan narkotik vasitələr, psixotrop maddə və elektron tərəzi ilə bağlı qeyd etmişdir ki, onda narkotik vasitə tiryək və 2 ədəd metadon həbi olmuşdur. Digər narkotik vasitə və psixotrop maddə, eləcə də 01 ədəd elektron tərəzini o, qəbul etməmiş və polis əməkdaşları tərəfindən onun üzərinə qoyulduğunu göstərmişdir. Məhkəmə yekun qərar – təqsirləndirilən şəxsin əməlini tövsif edərək ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü il tarixli, 8 №-li Qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, narkotik vasitənin satışı ilə bağlı ümumiyyətlə sübut mövcud olmadığı vəziyyətdə Təqsirləndirilən şəxs satış məqsədi olmadan xeyli miqdarda, yəni ümumi təmiz çəkisi 0,972 qram olan tiryəkin və təsiredici maddəsinin ümumi miqdarı 0,08 qram olan 02 ədəd metadon həbinin qanunsuz yolla əldə etməsi, daşıması və saxlaması məhkəmə istintaqı zamanı öz təsdiqini tapdığından onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməlidir. Təqsirləndirilən şəxs aşkar olunması öz təsdiqini tapmayan 2,223 qram narkotik vasitə heroin, 4,502 qram psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi ilə bağlı isə onun təqsiri sübuta yetirilmədiyindən ittihamın bu hissəsi ona verilmiş ümumi ittihamdan xaric edilməlidr. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 138.2-ci maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Həmin Məcəllənin 145.3-cü maddəsinə müvafiq olaraq ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Eyni Məcəllənin 349.5.1-ci maddəsinin tələbinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Məhkəmə kollegiyası hesab edir ki, ittiham orqanı tərəfindən təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilərkən onun həmin cinayətdə təqsirli olmasını sübut edə bilməmiş, bu barədə ittiham ehtimallar üzərində qurulmuş, ittiham orqanı sübut kimi istinad etdiyi ifadə və sənədlər yuxarıda qeyd edilən CPM-nin 144-145-ci maddələrinin tələblərinə uyğun qiymətləndirməmişdir. Bununla da məhkəmə, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməsini, onun həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmasını qanuni və əsaslı hesab edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs 2010-cu ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə, 2018-ci ildə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə və 2018-ci ildə Cinayət Məcəlləsinin 244.1-ci maddəsi ilə 3 müxtəlif məhkəmə hökmü əsasında məhkum olunmuş, lakin həmin məhkumluqlar qanunla müəyyən edilmiş qaydada ödənilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.6-cı maddəsinin “məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir” tələbinə əsasən hazırki iş üzrə təqsirləndirilən şəxsi məhkumluğu olmayan şəxs kimi tanıyır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1 və 61.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 10 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Siyəzən rayon məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həmin müddətdən o, fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 19, 113-116) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 10 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Buna görə də onun barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hazırki iş üzrə xüsusi müsadirə edilməli əmlakın olmadığını qeyd edir. Bundan əlavə, məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, maddi sübut kimi tanınmaqla iş materiallarına əlavə edilmiş 02 ədəd “DVD” formatlı və məhkəmənin əldə etdiyi 01 ədəd “DVD” və 01 ədəd “CD” formatlı, ümumilikdə isə 04 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin maddi sübut kimi tanınmaqla RPŞ-nin maddi sübutların saxlanılması yerində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,872 qram olan narkotik vasitə tiryək, 02 ədəd metadon həbi və 01 ədəd cib bıçağı məhv edilməli, 01 ədəd “Samsung” markalı mobil telefon təqsirləndirilən şəxsin yaxın qohumlarından birinə qaytarılmalı, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,173 qram olan narkotik vasitə heroin və 4,452 qram olan psixotrop maddə metamfetamin 01 ədəd elektron tərəzi ilə birgə həmin narkotik vasitə və psixotrop maddəni satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış, hazırlamış, istehsal etmiş, emal etmiş, daşımış, göndərmiş, yaxud qanunsuz olaraq narkotik vasitəni satmış şəxsin barəsində cinayət təqibi məsələsinin həll edilməsi üçün hazırkı cinayət işindən ayrılmış cinayət işinə əlavə edilməsində ötrü ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərməlidir. Belə ki, Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasın Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən ittihamın təqsirləndirilən şəxsin təqsiri sübuta yetirilmiş hissədə təqsirləndirilən şəxsdən 156 (yüz əlli altı) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəmədə müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etdilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 10 oktyabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbrilər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmaqla iş materiallarına əlavə edilmiş 04 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Maddi sübut kimi tanınmaqla Siyəzən RPŞ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,872 qram olan narkotik vasitə tiryək, 02 ədəd metadon həbi və 01 ədəd cib bıçağı məhv edilsin, 01 ədəd “Samsung” markalı mobil telefon təqsirləndirilən şəxsin yaxın qohumlarından birinə qaytarılsın. Ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,173 qram olan narkotik vasitə heroin və 4,452 qram olan psixotrop maddə metamfetamin 01 ədəd elektron tərəzi ilə birlikdə həmin narkotik vasitə və psixotrop maddəni satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış, hazırlamış, istehsal etmiş, emal etmiş, daşımış, göndərmiş, yaxud qanunsuz olaraq narkotik vasitəni satmış şəxsin barəsində cinayət təqibi məsələsinin həll edilməsi üçün hazırkı cinayət işindən ayrılmış cinayət işinə əlavə edilməsində ötrü ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Təqsirləndirilən şəxs 156 (yüz əlli altı) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar