Məhkəmə qərarları › İş №1(125)-100/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №1(125)-100/2024

18.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(125)-100/2024 18.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X3, zərərçəkmiş şəxs Hüseynova (Zeynalova) Leyla Xanlar qızının, Təqsirləndirilən şəxs və müdafiəçi - Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1986-cı il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan xx.xx.2013-cü il tarixdən hesablanmaqla xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 80 manat sabit pul məbləğində alimentin alınaraq Hüseynova (Zeynalova) Leyla Xanlar qızına verilməsinə dair Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(044)-885/2013 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs olunmasına və icra sənədindəki tələbləri icra etməsi üçün ona xx.xx.2017-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq şəxsi maraq niyyətilə cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2021-ci il tarixli təqdimat üzrə 4190,00 manat məbləğində aliment borcunu tələbkara ödəməməklə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmiş, bununla da zərərçəkmiş şəxsə qeyd olunan məbləğdə maddi ziyan vurmaqla yanaşı ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2008-ci ildə el adəti ilə Zərərçəkmiş şəxs ilə ailə qurmuş, nikahları isə rəsmi qaydada sonradan qeydiyyata alınmışdır. Birgə nikahdan bir uşaqları - xx.xx.2009-cu il təvəllüdlü X4 anadan olmuşdur. Birlikdə təxminən 4 il yaşamış və bu müddət ərzində ailəsini özü dolandırmış, ailənin bütün ehtiyaclarını imkanı daxilində ödəmişdir. Ailə qurduqları ilk vaxtlar mehriban yaşamış, sonra isə Leylanın anası onların ailə işlərinə müdaxilə etməyə başlamış və onların ayrı yaşaması üçün yaşadıqları ata evinin satılmasını və ayrıca evin alınmasını tələb etmişdir. Bu söz-söhbətə görə onlar təxminən 1 ilə yaxın kirayədə qalmışlar. Sonra o, Şəmkir rayonuna işləməyə getmiş, Leylanı isə uşaq ilə sonuncunun valideynlərinin yanına aparmış, lakin təxminən 1 aydan sonra işdən qayıtdıqda Leyla onunla gəlmək istəməmiş, öz valideynlərinin evində qalmışdır. Bu səbəbdən onlar faktiki olaraq ayrılmış, Leyla ondan alimentin alınması üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən o, Leylaya hər ay xx.xx.2009-cu il tarixdən başlayaraq uşağın saxlanması üçün 80 manat məbləğində aliment ödəməlidir. O, imkanı daxilində ödənişlər etmiş, uşağı ilə görüşmək istəmiş, lakin Leyla və valideynləri buna imkan verməmişlər. O, bir müddət "xxxx" MMC-də suqurğularının maşinisti işləmiş və əmək haqqısından hər ay aliment ödənilmişdir. Lakin Leyla ona uşağı ilə görüşlər vermədiyinə görə, uşağı ona qarşı qərəzli olaraq öyrətdiklərinə görə bundan incimiş və prinsipial olaraq aliment ödəməmişdir. Bu səbəbdən Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə inzibati qaydada 10 gün müddətinə həbs edilmişdir. Ona məlumdur ki, barəsində icra məmuru tərəfindən verilmiş təqdimata əsasən 2021-ci ilin sentyabr ayı daxil olmaqla aliment borcu 4190,00 manat təşkil edir. Onun daimi iş yeri yoxdur, əsasən fəhləlik edir, tikintidə ustanın köməkçisi kimi işləmiş, qazancı hər gün üçün 12-15 manat olmuşdur. Bu borcdan 400 manat ödəniş etmişdir. Hazırda isə törətdiyi cinayət əməlindən səmimi peşman olmaqla hazırki cinayət işi üzrə aliment borcunu tam şəkildə ödəmişdir. Odur ki, aliment borcunu ödədiyini nəzərə alaraq cinayət məsuliyyətindən azad edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs Hüseynova (Zeynalova) Leyla Xanlar qızı məhkəməyə verdiyi ifadəsində göstərdi ki, 2008-ci ildə Təqsirləndirilən şəxs Xalid oğlu ilə faktiki ailə qurmuş, nikahları sonradan rəsmiləşdirilmişdir. Birgə nikahdan xx.xx.2009-cu il təvəllüdlü X4 adlı oğlu dünyaya gəlmişdir. Ailə qurduqdan sonra əvvəllər normal yaşasalar da sonra Tural ona qarşı son dərəcə kobud davranmış, uşağı fakitiki olaraq istəməmişdir. Uşağın bir yaşı olandan sonra valideyinlərinin evinə qayıtmağa məcbur olmuş, çünki artıq dözə bilməmişdir. Ayrıldıqdan sonra Təqsirləndirilən şəxs uşağı ilə maraqlanmamış və uşağın böyüdülməsi üçün maddi-mənəvi yardım göstərməmişdir. Bu səbəbdən sonuncudan ayrılaraq boşanmış sonra isə Turaldan alimentin alınması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət etməyə məcbur olmuş və Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(044)-885/2013 nömrəli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs uşağın yetikinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2013-cü il tarixdən başlayaraq hər ay uşaq üçün 80 manat məbləğində alimentin tutulması qət edilmişdir. Lakin Təqsirləndirilən şəxs maddi imkanı olduğu halda, lazımi maddi köməklik etməmiş, cüzi ödəniş etmişdir. Artıq bu vaxtadadək oğlu Hüseynin 12 yaşı var, atası uşaqla bu müddət ərzində heç maraqlanmamışdır. Təqsirləndirilən şəxs alimenti qərəzli olaraq ödəmədiyi səbəbindən Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarına əsasən inzibati qaydada 10 gün müddətinə həbs edilmişdir. O, həmin gün məhkəmədə olmuş və Tural ona təklif etmişdir ki, o alimentdən imtina etsin, Tural isə öz növbəsində uşaq ilə görüşdən imtina etsin. Ona məlumdur ki, sonuncunun barəsində cinayət məsuliyyətinə cəlb edilməsi üçün icra məmuru tərəfindən təqdimat verilən xx.xx.2021-ci il tarixə kimi ödənilməmiş alimentin miqdarı 4190,00 manat təşkil etmişdir. O, yenidən ailə qurmuş və bu nikahdan da bir uşağı vardır. Hazırda Təqsirləndirilən şəxs aliment borcunu tam ödəmiş, buna görə də təqsirləndirilən şəxsdən bu cinayət işi üzrə şikayət və tələbi yoxdur. Odur ki, qeyd edilənləri nəzərə alaraq təqsirləndirilən şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə baxışında şahid Gəncə şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Şahid2 ifadəsində göstərmişdir ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən verilmiş 2(044)-885/2013 saylı xx.xx.2013-cü il tarixli icra sənədinə əsasən xx.xx.2013-cü il tarixdən başlayaraq, xx.xx.2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay Təqsirləndirilən şəxsdan 80 (səksən) manat aliment tutularaq Hüseynova (Zeynalova) Leyla Xanlar qızına verilməsi qət edilmişdir. Həmin qətnamə əsasında verilmiş icra sənədi xx.xx.2013-cü il tarixdə Gəncə şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuşdur. İcra sənədi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələblərinə uyğun olduğundan, həmin Qanunun 8-ci maddəsinə əsasən xx.xx.2013-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək surəti məhkəməyə və tərəflərə göndərilmişdir. İcra sənədi üzrə müəyyən olunmuş tələbi təmin etmək üçün, borclu Təqsirləndirilən şəxs “tələbin könüllü icrası haqqında” bildiriş poçt vasitəsi ilə göndərilmişdir. Lakin könüllü icra müddəti ərzində icra sənədi ilə müəyyən edilmiş vəzifələr borclu tərəfindən yerinə yetirilməmişdir. Bu səbəbdən icra sənədi üzrə müəyyən olunmuş tələbi yerinə yetirməyəcəyi təqdirdə inzibati məsuliyyətə cəlb olunacağı haqqında borclu Təqsirləndirilən şəxs müxtəlif tarixlərdə yazılı şəkildə xəbərdarlıq göndərilmişdir. Aparılmış icra tədbirləri nəticəsində borclu Təqsirləndirilən şəxs "xxxx" ASC-nin Gəncə Sukanal TSC-də nasos qurğuları maşinisti vəzifəsində işlədiyi müəyyən olunmuş, borcun əməkhaqqına yönəldilməsi üçün xx.xx.2016-cı il tarixində Gəncə Sukanal TSC-yə tutqu məktubu göndərilmiş və borclunun əmək haqqından 2580 manat aliment tutulmuşdur. xx.xx.2018-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 3(044)-578/18 saylı xx.xx.2018-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs 10 (on) gün müddətinə inzibati həbs edilmişdir. Bu səbəbdən icra sənədi üzrə müəyyən olunmuş tələbi yerinə yetirməyəcəyi təqdirdə məsuliyyətə cəlb olunacağı haqqında borclu Təqsirləndirilən şəxs müxtəlif tarixlərdə yazılı şəkildə xəbərdarlıq göndərilmişdir. xx.xx.2018-ci il tarixdə “icra sənədinin icra edilməsi üçün yeni müddətin verilməsi haqqında” bildiriş və borcluya işə qəbul edilməsi barədə təklif göndərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti Gəncə-Nizami Rayon Məşğulluq Mərkəzinin 37/209 nömrəli, xx.xx.2019-cu il tarixli məktubundan borclunun iş axtarmaq məqsədi ilə mərkəzə müraciət etmədiyini və işaxtaran kimi qeydiyyata alınmadığı bildirilmişdir. Borclu bu kimi etdiyi hərəkətlərlə məhkəmə qətnaməsinin icrasından yayınmış və aliment öhdəliyindən boyun qaçırmağa cəhd göstərmişdir. 2021-ci ilin sentyabr ayı daxil olmaqla borclu Təqsirləndirilən şəxs aliment borcu 4190 manat təşkil edir, sonuncunun barəsində cinayət təqibinin başlanması üçün Ədliyyə Nazirliyi İstintaq İdarəsinə təqdimat verilmişdir. Məhkəmə baxışında şahid - Gəncə şəhəri üzrə İcra İdarəsinin İcra məmuru Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Şahid3 elan olunaraq tədqiq edilmiş ibtidai istintaqa verdiyi ifadəsindən görünür ki, o, şahid Gəncə şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-885/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2013-cü il tarixdən hesablanmaqla xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 80 manat sabit pul məbləğində alimentin tutularaq Hüseynova (Zeynalova) Leyla Xanlar qızına verilməsi qət edilmişdir. İş materiallarında olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 19 oktyabr 2018-ci il tarixli, 3(044)-578/2018 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcələsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətində inzibati həbs edilməsinə baxmayaraq o, öz hərəkətlərini davam etdirərək Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-885/2013 saylı, xx.xx.2013-cü il tarixli nömrəli qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs 18 aprel 2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs aliment borcunu tam şəkildə ödəmişdir. Hazırda Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün mötəbər olduğu və kifayət etdiyi qənaətinə gəlir və qiymətləndirib nəzərə alır. Məhkəmə istintaqında təqsirləndirilən şəxsin etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və iş materiallarına məhkəmə məcmu halında qeyd edilən sübutların mötəbərliyi və mümkünlüyü baxımından qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində təqsiri tam sübuta yetirilmişdir. Məhkəmə qeyd olunan sənədlərə əsasən, onu qeyd etməyi zəruri sayır ki, Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödəmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306-cı maddəsinin Qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1-ci və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə halları mövcud olduğuna görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respubikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən, cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə dövründə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 20 (iyirmi) saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına (03 may 2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi ödənilməsi üçün onun işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). İş üzrə xüsusi müsadirənin tətbiq edilməsi üçün əsaslar müəyyən olunmadı. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Göstərilənləri və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 40, 41, 43, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra edərək aliment borcunu tam şəkildə ödədiyinə görə həmin Məcəllənin 306-cı maddəsinin Qeydinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmə dövründə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 120 (yüz iyirmi) manat məbləğində pul Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar