Məhkəmə qərarları › İş №1(125)-101/2025

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-101/2025

08.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-101/2025 08.04.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, dövlət ittihamçısı – Dövlət ittihamçısı, müdafiəçi – X1, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1968-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan vaxt və mənbədən əldə etdiyi xeyli miqdarda, narkotik vasitəni satış məqsədi ilə qanunsuz olaraq üzərində saxlamaqla daşımış, bu barədə Gəncə şəhər BPİ-nin NMB-nə daxil olmuş məlumat əsasında 03 oktyabr 2024-cü il tarixdə saat 13:19 radələrində, Gəncə şəhər BPİ-nin NMB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanda yerləşən “Su İdarəsi”nin yaxınlığında saxlanılaraq üzərinə baxış keçirilən zaman əynində olan qara rəngli şalvarın sağ ön cibindən şəffaf rəngli sellofanın içərisindən 7 ədəd sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,197 qram, 0,182 qram, 0,150 qram, 0,171 qram, 0,105 qram, 0,110 qram, 0,098 qram, ümumi təmiz çəkisi 1,013 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Yuxarıda qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham verilmişdir. Məhkəmə baxışı zamanı iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Gəncə Məşğulluq İdarəsinə işlə bağlı müraciət etmiş, müraciətlə bağlı İdarəyə gedərkən Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən “Gəncə Sukanal” TSCnin yaxınlığında polis əməkdaşları ona yaxınlaşaraq avtomobilə əyləşdirmişlər. Polis əməkdaşları ona ya verdikləri narkotik vasitəni üzərinə götürməyi, ya da ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə olan ittiham elan edəcəklərini bildirmişlər. O, da sonuncu ittihamın daha ağır olduğunu anlayaraq məcbur olaraq verilən narkotik bükümləri götürmüşdür. Əslində isə onun bükümlərin sayından xəbəri olmamışdır. Belə ki, Narkomaniya Şöbəsində “Şahin” adlı şəxs narkotik vasitəni üzərinə götürməyi ona məcbur etmişdir. Təxminən tutulmamışdan 2 gün əvvəl ancaq metamfetamin istifadə etmiş, heroindən istifadə etməmişdir. Məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq bildirdi ki, ona azadlığın məhdudlaşdırılması cəzası verilmiş, təxminən 5 ay bundan əvvəl cəzasını çəkib bitirmişdir. O, polis əməkdaşlarını tanımamış, lakin onlar onun əvvəllər narkotik vasitəyə görə məhkum olunmasını bilmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Gəncə şəhəri BPİ-nin NMB-nin baş əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 öz ifadəsində göstərmişdir ki, 03 oktyabr 2024-cü il tarixdə Gəncə şəhəri Vaqif küçəşi, döngə 1, ev 9-da qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, üzərində daşıması, saxlaması, istifadə etməsi və satması barədə əməliyyat məlumatı daxil olmuş, bölmənin əməliyyat müvəkkilləri Şahid3 və Şahid2 ilə birlikdə keçirtdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 03 oktyabr 2024-cü il tarixdə saat 13:19 radələrində Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsində Təqsirləndirilən şəxs saxlanılaraq barəsində qəbul olunmuş təxirə salınmaz əməliyyat-axtarış tədbirlərinə dair qərarla onu tanış etmiş və üzərində narkotik vasitə saxlamasında şübhəli olduğunu bildirib üstünü yoxlamağa başlamışdırlar. Üzərini yoxlama Gəncə şəhəri Ü.Hacıbəyov küçəsində keçirilməyə başlamış, ilkin olaraq video çəkilişlə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmişdir və şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla qadağan olunmuş hər hansısa əşya yaxud predment varsa təqdim etməsi təklif edilmişdir. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın ön sağ cibindən şəffaf rəngli sellofan torba bükümünü təqdim etmişdir. Həmin torba açıldıqda içərisində 7 ədəd ayrı-ayrılıqda içərisində narkotik vasitə olan heroinə bənzər kütlə olan bükümlər aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar olunmuş narkotik vasitə olan heroini yaşadığı evin yaxınlığından tapmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilsə də iş üçün əhəmiyyət kəsb edəcək başqa heç nə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində narkotik vasitə heroinə bənzər kütlə olan şəffaf rəngli sellofan torba elektron tərəzidə çəkilmiş, sellofan torba ilə bir yerdə çəkisi 1.77 (bir tam yüzdə yetmiş yeddi) qram təşkil etmişdir. Daha sonra həmin kütlə sellofan torba ilə bir yerdə zərfə qoyularaq zərfin ağzı bağlanmışdır və DİN-nin zərflər üçün 91 saylı möhürü ilə möhürlənmiş, zərf üstə baxışda iştirak edənlər tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Gəncə şəhəri BPİ-nin NMBnin kiçik inspektoru polis baş serjantı Şahid2 və Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları tam təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 04 oktyabr 2024-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (iş.vər. 1); - xx.xx.2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” qərar və protokoldan, məlum olur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və Təqsirləndirilən şəxs azadlığının məhdudlaşdırıldığı vaxtdan, yəni 03 oktyabr 2024-cü il tarixdə saat 13:19 dəqiqədən şübhəli şəxs qismində tutulmuşdur (iş.vər. 15, 27); - xx.xx.2024-cü il tarixli 16/1005 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin Gəncə regional bölməsinin rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunan kütlə” yazı və imzalar olan kağız paketdəki, l(bir) ədəd sellofan bükümdə olan 7(yeddi)ədəd sellofan bükümlərdə, ayrı ayrılıqda təmiz çəkiləri 0.197 qram, 0.182 qram, 0.150 qram, 0.171 qram, 0.105 qram, 0.110 qram, 0.098 qram, ümumi təmiz çəkisi 1,013 qram olan maddə, kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir, kimyəvi tərkiblərinə görə eynidir. Ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 60,80 (otuz iki manat qırx qəpik) manat müəyyən edilmişdir (iş.vər.40-42); - 04 oktyabr 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona həmin maddə ilə ittiham elan edilmişdir.( (iş.vər.54); - 04 oktyabr 2024-cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməmişdir. (iş.vər.62-64); - Gəncə şəhər Məhkəməsinin 4(125)-313/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində 03 yanvar 2025-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. (iş.vər.73-78); - xx.xx.2024-cü il tarixli “video görüntüyə baxış keçirilməsi” protokoldan və məhkəmə baxışında maddi sübut DVD diskdə olan video görüntüyə baxış keçirtməklə müəyyən edilir ki, Gəncə şəhər BPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid2, Gəncə şəhər BPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 və Gəncə şəhər BPİnin NMB-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 tərəfindən 03 oktyabr 2024-cü il tarixdə saat 13:19 radələrində Gəncə şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən “Su İdarəsi”nin yaxınlığında Təqsirləndirilən şəxs saxlanılır, ona yaxınlaşıb xidməti vəsiqələrini təqdim edirlər, barəsində qəbul olunmuş təxirə salınmaz əməliyyat-axtarış tədbirlərinə dair qərarla onu tanış edib üzərində narkotik vasitə saxlamasında şübhəli olduğunu bildirib üstünü yoxlamağa başlayırlar. Üstü yoxlama Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsində keçrilməyə başlayır, üstü yoxlama zamanı “İphone 15 Pro Max” markalı telefon vasitəsi ilə Gəncə şəhər BPİ-nin NMB-nin kiçik əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid2 tərəfindən video çəkliş aparılır. İlkin olaraq video çəkilişlə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilir və şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla qadağan olunmuş hər hansısa əşya yaxud predment varsa təqdim etməsi təklif olunur. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın ön sağ cibindən şəffaf rəngli sellofan torba bükümünü təqdim edir. Həmin torba açıldıqda içərisində 7 ədəd ayrı-ayrılıqda içərisində narkotik vasitə olan heroinə bənzər kütlə olan bükümlər aşkar olunur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirir ki, üzərindən aşkar olunmuş narkotik vasitə olan heroini yaşadığı evin yaxınlığından tapmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilsə də iş üçün əhəmiyyət kəsb edəcək başqa heç nə aşkar olunmur. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində narkotik vasitə heroinə bənzər kütlə olan şəffaf rəngli sellofan torba elektron tərəzidə çəkilir, sellofan torba ilə bir yerdə çəkisi 1,77 (bir tam yüzdə yetmiş yeddi) qram təşkil edir. Daha sonra həmin kütlə sellofan torba ilə bir yerdə zərfə qoyularaq zərfin ağzı bağlanılır və DİN-nin zərflər üçün 91 saylı möhürü ilə möhürlənir, zərf üstə baxışda iştirak edənlər tərəfindən imzalanır (iş.vər. 88); - Gəncə şəhər BPİ-nin xx.xx.2024-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, bir sıra əməliyyat-axtarış tədbirləri keçirilməsinə baxmayaraq Təqsirləndirilən şəxs narkotik vasitə heroini hansı mənbədən əldə etməsi müəyyən edilə bilməmiş, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması haqqında dəqiq məlumat daxil olsa, narkotik vasitələrin kimə və ya kimlərə satması, narkotik vasitə əldə etməsində ona kiminsə kömək etməsi, qanunsuz yolla əldə etdiyi narkotik vasitədən digər yerlərdə gizlədərək saxlaması müəyyən edilməmişdir (iş.vər. 95); - xx.xx.2024-cü il tarixli Gəncə şəhər Psixonevroloji Dispanserin arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur (iş.vər. 98); - xx.xx.2024-cü il tarixli Gəncə şəhər Narkoloji Dispanserin arayışından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən metamfetamin asıllığı diaqnozu ilə həmin dispanserdə qeydiyyatdadır (iş.vər. 99); Gəncə şəhər 7 saylı MİS tərəfindən alınmış xasiyyətnamədən məlum olur ki, Təqsirləndirilən şəxs mədəni kütləvi tədbirlərdə və cəmiyyətin ictimai işlərində yaxından iştirak etmiş və onun barəsində icra nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır (i.v. 100); -Gəncə şəhəri Narkoloji Dispanserinin 20 noyabr 2024-cü il tarixli 1876 nömrəli rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür.(i.v. 101); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən alınmış xx.xx.2024cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlunun Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 69.3-cü maddələrinə əsasən 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə cəza müddəti başa çatdığından şöbənin qeydiyyatından çıxarılmış, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 01 il 11 ay 26 gün azadlığı məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (iş.vər. 103-105); - Gəncə Şəhər Məhkəməsinin 1(125)-199/2022 nömrəli, 21 dekabr 2022-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CMnin 234.1-ci maddəsində nəzərdə tutulmuş 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 07 iyul 2022-ci il tarixdən 09 iyul 2022-ci il tarixədək 02 gün tutulduğu müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla 04 gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırıması cəzasından çıxılaraq üzərində qəti olaraq 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır (i.v.106-114); - Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 7 ədəd sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,197 qram, 0,182 qram, 0,150 qram, 0,171 qram, 0,105 qram, 0,110 qram, 0,098 qram, ümumi təmiz çəkisi 1,013 qram narkotik vasitə olan heroin, üzərinə baxış keçirilən zamanı qeydə alınmış videogörüntü 1 (bir) ədəd DVD disk, təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, şəxsi axtarış və götürmə protoklu, digər istintaq sənədləri iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmışdır. (iş.vər. 115- 122); - 25 noyabr 2024-cü il tarixli “cinayət işinin ayrılması və icraata qəbul edilməsi” haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından mənbəyə görə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmışdır. - 18 dekabr 2024-cü il “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli sorğusu əsasında Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən qeyri-insanı rəftara və psixoloji təzyiqə məruz qalması ilə bağlı müraciəti ilə bağlı xidməti araşdırmalar idarəsində toplanmış 2254- C-24 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilməsi qərara alınmışdır. Həmin qərardan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər BPİ-nin əməkdaşları tərəfindən üzərinə psixotrop maddə qoyulması, psixotrop maddənin özünə aid olmasına dair etiraf ifadəsi verməyə məcbur edilməsi və fiziki təsirə məruz qalması barədə göstərdiyi xüsusatlar öz təsdiqini tapmamışdır. - Gəncə Şəhər Probasiya Şöbəsinin 27 fevral 2025-ci il tarixli 07/2023 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Gəncə Şəhər Məhkəməsinin 1(125)- 199/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2023-cü İl tarixdə şöbədə qeydiyyata alınmış və cəza müddəti həmin tarixdən hesablanmışdır. Gəncə Şəhər Məhkəməsinin 4(125)-483/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində 04 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəlinin xx.xx.2023-cü il tarixdən hesablanması nəzərdə tutulmuşdur. Buna görə də Cəzaların İcrası Məcəlləsinin 51-2.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində olan azadlığın məhdudlaşdırılması cəzasının axımı dayandırılmışdır. Bunda sonra Gəncə şəhər Məhkəməsinin 4(125)-126/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə həbsdə saxlanılma müddəti 01 ay, yəni xx.xx.2024-cü il tarixədək uzadılmışdır. Həmin tarixdən sonra müddətin başa çatması ilə əlaqədar həbsdən azad edilmiş və cəza müddətinin axımı hesablanmağa davam etmişdir. Daha sonra Gəncə Şəhər Məhkəməsinin 4(125)-313/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində 03 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəlinin xx.xx.2024-cü il tarixdən hesablanması nəzərdə tutulmuşdur. Bununla bağlı yenidən cəza müddətinin axımı dayandırılmışdır. Təqsirləndirilən şəxs barəsində olan 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının 11 ay 25 gün hissəsini çəkmiş, 01 il 01 gün hissəsi çəkilməmiş qalmışdır. Azərbaycan Respublikası CPM-in 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən “narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir”. Qanunun qeyd olunan normasına görə narkotik vasitələrin satışı dedikdə, yalnız qeyd olunan maddələrin əvəzli, qazanc əldə etmək, yaxud şəxsi maraq məqsədilə yayılması başa düşülür. Buna görə də, şəxsin narkotik vasitələri satış üçün əldə edib, saxlaması haqqında nəticəyə gəlmək üçün onun məhz sadalanan məqsədlərdən ən azı birinə görə narkotik vasitələri əldə edib, saxlaması sübut edilməlidir. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında Siyahıları”n İ Siyahısında heroinin xeyli miqdar daxil olmaqla aşağı həddi 0,15 qram müəyyən edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin şamil edilməsinə münasibət bildirən məhkəmə aşağıdakı dəlillərə görə hesab edir ki, təqsirləndirilən şəxsin əməli düzgün olmayaraq həmin maddə ilə tövsif edilmiş, ibtidai istintaq orqanı əməlin hüquqi tövsifində səhvə yol vermişdir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda, narkotik vasitə olan heroini satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində daşımışdır. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitəni əldə etməyə, saxlamağa və daşımağa görə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ittiham elan edilmişdir. Amma Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə etməsi barədə nəticəyə gələrkən ibtidai istintaq orqanının iş materiallarında olan istinad etdiyi sübutların hər hansı biri bu qənaəti təsdiq etmir. Məhkəmə baxışında da Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitəni satış məqsədi ilə əldə etməsi, saxlaması və daşımasını təsdiq edən heç bir sübut müəyyən olunmadı. İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi və saxlaması ilə bağlı ittihamın əsaslandırılması üçün hər hansı sübut təqdim edilməmişdir. Təqsirləndirilən şəxsin narkotik vasitəni satmaq niyyətinin olub-olmaması ilə bağlı qənaətə gəlmək üçün mühüm əhəmiyyət kəsb edən məqamlardan biri də onun hər hansı istehlakçı ilə əvvəlcədən razılıq əldə edib-etməməsinin müəyyənləşdirilməsidir. Bu məqamla bağlı isə ibtidai istintaq orqanı tərəfindən hər hansı yanakı sübut belə əldə edilməmişdir. Cinayət işinin materiallarına əsasən işin mübahisəsiz halı ondan ibarətdir ki, Təqsirləndirilən şəxs saxlandığı andan narkotik vasitəni satmadığını və bağışlamadığını bildirmişdir. İbtidai araşdırmanın sonrakı müddəti ərzində də (şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində) təqsirləndirilən şəxs narkotik vasitədən istifadə etməsini və narkomaniya xəstəliyindən əzab çəkməsini bildirməsinə baxmayaraq qeyd olunan ifadənin Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədildiyini təsdiq etməsi ilə bağlı əsassız qənaətə gəlinmişdir. Bundan başqa, məhkəmə istintaqında obyektiv araşdırılmış mötəbər sübutlar əsasında Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə heroini kiməsə satması, ümumiyyətlə onun həmin vasitənin “alqı-satqısı” barədə üçüncü şəxslərlə sövdələşməsi, bu məqsədlə kiminləsə danışıqlar aparması və bu qəbildən sair fəal hərəkətlər etməsi təsdiq edilməmişdir. Məhkəmənin qarşısında duran başlıca vəzifə təqsirləndirilən şəxsin narkotik vasitə heroini əldə edərkən, üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halların müəyyən edilməsi Təqsirləndirilən şəxs əməlinin tövsifində mühüm və başlıca rol oynayır. Məhkəmə digər məqamı da vurğulamağı zəruri hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən hazırkı cinayət işi təqsirləndirilən şəxs barəsində toplanmış ilkin materiallar əsasında o, CM-nin 234.2-ci maddəsi ilə şübhəli şəxs qismində və təqsirləndirilən şəxs qismində dindirilərkən CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək üzərindən aşkar edilmiş narkotik vasitə heroini yerdən tapdığını, həmin narkotik vasitəni heç kimə satmadığını və pay vermədiyi barədə ifadə vermişdir. (iş vərəqə 34-35, 62-64). İbtidai istintaqın sonrakı gedişində təqsirləndirilən şəxsin CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dəlalət edə biləcək hər hansı sübut əldə olunmamışdır. Bununla belə, ibtidai istintaqın ilkin mərhələsində əldə edilmiş eyni sübutlara əsaslanmaqla təqsirləndirilən şəxsə CM-nin 234.2-ci maddəsi ilə ittiham elan olunmuşdur. Ona görə də məhkəmə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəalarının tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar edilib götürülmüş narkotik vasitə heroinin çəkisinin xeyli miqdar təşkil etməsi xüsusatı təqsirləndirilən şəxsin ittiham edildiyi Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsini təsdiq edən yetərli mötəbər dəlil kimi qəbul oluna bilməz. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, şəxsi axtarış və götürmə haqqında protokolu, aşkar edilmiş narkotik vasitənin növünün və çəkisinin müəyyən edilməsinə dair materialların məhkəmə ekspertizasının rəyini sübut növləri kimi qəbul edir və onları qiymətləndirərək qeyd edir ki, bu sübutlar təqsirləndirilən şəxsə elan edilmiş satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə etmə, saxlama və daşıması barədə ittihamı təsdiq etmir. Bununla bərabər, həmin sübutlar iş üzrə məhkəmə istintaqında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə təqsirləndirilən şəxsin yalnız satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma cinayətini törətməsi ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” xx.xx.2024-cü il tarixli Qərarının 9-cu bəndində ifadə olunmuş tövsiyyədə göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin qərarda həmçinin göstərilmişdir ki, təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma kimi deyil, habelə narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir. Göründüyü kimi, bu tövsiyyədə ilk növbədə başqa sübutların və narkotik vasitənin miqdarının nəzərə alınmalı olunması, bununla yanaşı həm də istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər hallarının nəzərə alınması tövsiyyə olunur. Amma hazırkı cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən xeyli miqdarda narkotik vasitənin satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi barədə ümumiyyətlə heç bir sübut mövcud deyildir. Mövcud sübutların məcmusu əsasında təqsirləndirilən şəxsə qarşı satış məqsədilə xeyli miqdarda narkotik vasitəni qanunsuz əldə etmə ittihamının irəli sürülməsi halını isə məhkəmə həm də ədalətsiz qənaət hesab edir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsi ilə az ağır cinayətin törədilməsi ilə bağlı ittihamın irəli sürülməsinə baxmayaraq, ibtidai istintaq dövründə onun narkotik vasitələrin satışı ilə məşğul olması, narkotik vasitələrin satışı ilə bağlı üçüncü şəxslərlə danışıq aparması, yazışması, bu barədə sövdələşməsi, “müştərilərdən” narkotik vasitə və psixotop maddələrin satışı ilə bağlı sifarişlər alması və həmin sifarişləri icra etməsi, narkotik vasitələri kiməsə əvəzli və ya əvəzsiz qaydada verməsi, qeyd olunan məqsədlər üçün “müştəri” çevrəsinə malik olması ilə əlaqədar hər hansı bir sübut əldə edilməmişdir. Ümumiyyətlə cinayət işinin materiallarında Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edə biləcək heç bir sübut yoxdur. Mübahisəsiz olaraq müəyyən edilir ki, təqsirləndirilən şəxs şəxsi istifadəsi üçün narkotik vasitə əldə etmişdir. O, şübhəli şəxs qismində dindirilərkən və məhkəmə istintaqında narkotik vasitədən şəxsi istehlakı üçün istifadə etdiyini bildirmişdir. Qeyd olunmalıdır ki, Gəncə şəhəri Narkoloji Dispanserin 20 noyabr 2024-cü il tarixli 1876 nömrəli rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Belə əməl isə həm də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında qərarda ifadə olunmuş hüquqi mövqe ilə tam uyğun olmaqla yalnız satış məqsədi olmadan xeyli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma kimi qiymətləndirilməlidir. Bundan başqa məhkəməyədək icraat zaman toplanmış istintaq materiallarından, o cümlədən “Sübutların qiymətləndirilməsi haqqında” 25 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə narkotik vasitə əldə etmə, saxlama və daşıma ilə bağlı irəli sürülmüş ittihamın əsasında (arxasında) yalnız sonuncudan aşkar olunmuş 7 ədəd bükümdə narkotik vasitə heroinin xeyli miqdardan çox olmasından irəli gələn ehtimal və subyektiv mülahizə dayanmışdır. İttiham tərəfi – istintaq orqanı aşkar olunmuş narkotik vasitəyə münasibətdə Təqsirləndirilən şəxs niyyətinin qiymətləndirilməsində hələ cinayət təqibinin əvvəlində irəli sürdüyü ehtimalı və subyektiv mülahizəni CPM-nin 124.1-ci maddəsi baxımından mötəbər dəlillə əsaslandırmaq üçün bir sıra istintaq hərəkətləri (dindirmə) icra etmiş və əməliyyat orqanına yazılı tapşırıq vermişdir. Nə iş üzrə dindirilmiş şəxslərin ifadələri, nə də ki, əməliyyat tapşırığına alınmış cavab məktubu ilə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəni kiməsə real olaraq qazanc əldə etmək məqsədilə satması, hər hansı əşyanın müqabilində əvəzli olaraq verməsi, həmçinin şəxsi maraq güdməklə, yəni özünün və ya yaxın qohumlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etməsi ilə bağlı hərəkətlər etməsi təsdiqini tapmamışdır. Buna baxmayaraq istintaq orqanı 2 aydan artıq müddətdə apardığı ibtidai araşdırma dövründə qeyd olunan ehtimalını və subyektiv mülahizəsini hər hansı bir mötəbər dəlillə sübuta yetirə bilmədiyi halda, məhz həmin ehtimal və mülahizə əsasında “Sübutların qiymətləndirilməsi haqqında” 25 noyabr 2024-cü il tarixli qərarı ilə irəli sürdüyü ittihamı qüvvəsində saxlamışdır. Məhkəmə istintaqı zamanı da ittiham tərəfi qeyd olunan sübutlardan əlavə hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Məhkəmə təqsirləndirilən şəxsdən aşkar olunmuş narkotik vasitə heroinin 07 ədəd bükümdə qablaşdırılmaqla ümumi kütləsinin xeyli miqdar – 1,013 qram təşkil etməsinə münasibət bildirərək qeyd edir ki, bu hal Təqsirləndirilən şəxs həmin maddəni əldə etməsi, saxlaması və daşımasında məqsədinin məhz satış olmasını şərtləndirən müstəsna hallar kimi çıxış edə bilməz. Belə ki, təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən narkotik vasitələrin miqdarı ilə yanaşı, yuxarıda qeyd edildiyi kimi istehlakçı ilə əvvəlcədən razlıq əldə edilməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 03 oktyabr 2024-cü ildə aparılan şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən 07 ədəd bükümdə narkotik vasitə heroin istisna olmaqla, onun həmin maddənin satışını realizə edə biləcək hər hansı bir predmet – tərəzi, kağız və ya sellofan kəsiyi, eləcə də, narkotik vasitənin satışından əldə olunması ehtimal oluna biləcək hər hansı məbləğdə pul vəsaiti aşkar edilməmişdir. Eləcə də, Təqsirləndirilən şəxs ifadələrində belə ondan aşkar edilmiş narkotik vasitənin ona məxsus olmadığını və həmin vasitəni satmaq kimi məqsədinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs belə məzmunda ifadələr verməsinə baxmayaraq, ibtidai istintaq orqanı onun dəlillərini nəzərə almamış, həmin dəlilləri digər sübutlarla əlaqəli şəkildə araşdırmamış və ittihamın əsaslılığını təsdiq edə biləcək heç bir sübutu əldə etməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş heroini şəxsi istifadəsi üçün əldə etməsi ilə bağlı bildirdiklərini ittiham tərəfi qəbul etməsə də, CPM-nin 21.3-cü maddəsi baxımından həmin halı təkzib etməli olduğu halda, nə ibtidai araşdırma dövründə, nə də ki, məhkəmə baxışı zamanı qeyd olunan halı təkzib edə bilməmişlər. Qeyd olunanlara əsasən məhkəmə təqsirləndirilən şəxsin istehlakçı ilə (şərti alıcı ilə) əvvəlcədən razlığının olması və ya buna cəhd etməsi, həmçinin narkotik vasitələrin satışı üçün zəruri avadanlığa (tərəzi, kağız və ya sellofan kəsiyinə və s.) malik olması hallarının istər ibtidai araşdırma dövründə, istərsə də məhkəmə baxışı zamanı müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs qarşı satış məqsədilə narkotik vasitə əldə etmə, saxlama və daşıma ilə bağlı irəli sürülmüş ittiham CPM-nin 351.2-ci maddəsinin tələbinə zidd olaraq konkret sübut üzərində deyil, faktiki olaraq ehtimal və subyektiv xarakterli mülahizə üzərində qurulmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Təqsirləndirilən şəxs hərəkətlərini xarakterizə edən yuxarıda qeyd olunan hallar CM-nin 234.1-ci maddəsinin dispozisiyası ilə uzlaşdığından, onun əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində polis əməkdaşlarının ona təsir göstərməsi və hədələməsi nəticəsində narkotik vasitə heroinin ona məxsus olmasını bildirməsinə tənqidi yanaşaraq qeyd edir ki, bunu təqsirləndirilən şəxs ağlabatan şəkildə izah edə bilməmişdir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı və mötəbər hesab edir. Məhkəmə həmin dəlilləri aşağıdakılara əsasən əsassız hesab edir: - İlk növbədə təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və videoçəkiliş aparılmaqla, müdafiəçinin iştirakı ilə onun üzərinə axtarış aparılmışdır. Həmin video görüntülərdən təqsirləndirilən şəxsin xüsusi psixoloji vəziyyətdə olması, yəni baş verən hadisələrə reaksiyasının adekvat olmaması müəyyən edilmir. Şübhəli şəxs qismində xx.xx.2024-cü il tarixdə izahatı alındıqdan sonra, təqsirləndirilən şəxs qismində xx.xx.2024-cü il tarixdə verdiyi izahatında da polis əməkdaşları tərəfindən hər hansı təzyiq olmadığını bildirmişdir. Hər iki ifadə bir-biri ilə üst-üstə düşür və təqsirləndirilən şəxs 03 oktyabr 2024-cü il tarixdə saat 13:19 radələrində Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsində Təqsirləndirilən şəxs saxlanılarkən o, əynində olan qara rəngli şalvarın ön sağ cibindən 1 ədəd sellofana bükümüş içərisində 7 ədəd sellofana bükülmüş bükülünü çıxararaq təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlələri yaşadığı Gəncə şəhəri Vaqif küçəsində yerdən tapdığını və həmin kütlədən istifadə etdiyini, lakin heç kimə satmadığını bildirmişdir. Həmçinin polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs fiziki və psixoloji təsir göstərilməsi ilə bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılmış və toplanmış materialda cinayət hadisəsi olmadığından material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 39.1.1-ci maddəsinə əsasən – 18 dekabr 2024-cü il tarixli qərarla rədd edilmişdir. Sadalanan halları nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi izahatı özünü müdafiə xarakterli və həqiqətə uyğun olmayan hesab edir. Beləliklə təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti nəzərə alınmaqla, (əvvəllər bir neçə dəfə cinayət məsuliyyətinə cəlb edilmiş və hazırkı cinayəti törədən zaman üzərində çəkilməmiş 1 il 1 gün azadlığın məhdudlaşdırılması cəzası olmuşdur) barəsində yalnız azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Bundan başqa məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1 (125)-199/2022 nömrəli hökmü ilə təyin olunmuş və çəkilməmiş 01 (bir) il 01 (bir) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası hazırkı hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının bir gününə iki gün hesablanaraq tamamilə birləşdirilməklə ona qəti cəza təyin olunmalıdır. Belə ki, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1.1-1-cü maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırmanın iki günü bərabər tutulur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəza çəkmə müddətinin əvvəli həbsdə alındığı andan – 03 oktyabr 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bundan başqa məhkəmə hesab edir ki, narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən sui-istifadə edir, herindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyi, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı olması müəyyən edilmiş, onun narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülmüşdür. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınaraq Gəncə şəhəri Baş Polis İdarəsində saxlanılan təhqiqata sərf edildikdən sonra təmiz çəkisi 0,663 qram narkotik vasitə olan heroin Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhv edilməli, 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 60,80 (altmış manat, səksən qəpik) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-in 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmədə 28 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, işlədiyi vəkil bürosunun hesabına 168 (bir yüz altmış səkkiz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il, 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Gəncə Şəhər Məhkəməsinin 1(125)-199/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 il 01 gün hissəsi hazırkı hökmlə təyin olunmuş 1 il 6 altı ay müddətə azadlıqdan məhrumetmə cəzası ilə tamamilə birləşdirilməklə, ona hökmlərin məcmusu üzrə 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 03 oktyabr 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut ekspertiza tədqiqatından sonra qalan Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc yerində saxlanılan 0,663 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs cəzaçəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserində qeydiyyatda alınsın. Ekspertiza tədqiqatının dəyəri 60,80 (altmış manat səksən) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) keçirilsin. İş üzrə maddi sübut – 01 ədəd “DVD” disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş 28 saat hüquqi yardıma görə müdafiəçi X1 işlədiyi Gəncə şəhəri 1 nömrəli Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ**********0000067944; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 168 (yüz altmış səkkiz) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar