Məhkəmə qərarları › İş №1(125)-102/2023

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-102/2023

16.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-102/2023 16.02.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçi - Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi istirakı ilə, xx xxxx 1997-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1 maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını informasiya texnologiyalarından istifadə etməklə gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, informasiya texnologiysalarından istifadə etməklə tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq qərarına gələrək, bu məqsədlə 27 oktyabr 2021-ci il tarixdə Gəncə şəhər ərazisində olan zaman Zərərçəkmiş şəxs adına olan elektron məlumat daşıyıcısı hesab edilən "xxxx" ASC-yə məxsus 5213 6751 2961 5363 nömrəli debet kart hesabından ümumilikdə 930.04 manat məbləğdə pulu “X4” adı ilə açdığı saxta "xxxx" hesabına köçürmüş, daha sonra həmin “1xbet ” hesabına köçürdüyü 930,04 manat pulun 480.04 manat məbləğini mərc oyunlarına sərf etmiş, qalan 450 manat məbləğini isə öz adına olan "xxxx" ASC-yə məxsus ******************** saylı hesaba köçürərək Gəncə şəhəri, Atatürk prospektində yerləşən "xxxx" ASC-yə məxsus bankomatdan istifadə edərək nağd şəkildə çıxarmaqla informasiya texnologiyalarından istifadə edərək tamah məqsədi ilə özgənin əmlakını gizli olaraq talayıb ümumilikdə zərərçəkmiş şəxsə vahid niyyətlə 930.04 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxsin qeyd olunan cinayət əməlini törətməsi onun özünün etirafı ilə yanaşı, məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin, şahidin ifadələri, maddi sübut, habelə cinayət işində olan digər mötəbər sübutlarla tam təsdiq olunur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2021-ci ilin fevral ayında Gəncə şəhəri, Ə.Cəmil küçəsində yerləşən qəzet köşkündə işləyən Şahid mütəmadi olaraq müştəri kimi müraciət etdiyindən Elvinlə aralarında tanışlıq münasibəti yaranmışdır. Təxminən 2021-ci ilin aprel ayından sonra o, vaxtaşırı Şahidla Gəncə şəhəri ərazisindəki müxtəlif çayxanalarda görüşərək çay içib söhbət etməklə birlikdə vaxt keçirmişdir. Həmin dövrdə o, Şahid yanında mərc oyunlarının oynanıldığı "xxxx" adlı internet saytında oyunlar oynayaraq pul qazanmışdır. Elvin də ondan "xxxx" adlı internet saytından istifadə etməyi öyrəndikdən sonra özü də həmin internet saytında mərc oyunları oynayaraq pul qazanmağa başlamışdır. Daha sonra onun "xxxx" internet saytındakı hesabı blok edildiyinə görə o həmin hesabını işlədə bilməmişdir. Buna görə də 2021-ci ilin sentyabr ayında xatırlamadığı tarixdə Gəncə şəhərində çayxanalardan birində Şahid ilə ikilikdə söhbət edən zaman Elvinə təklif etmişdir ki, Elvin öz adına mobil nömrə alsın, o, isə həmin nömrədən istifadə etməklə "xxxx" internet saytında olan hesabı həmin nömrəyə qeydiyyata salsın. Elvin də onun təklifini qəbul etmişdir. Bundan sonra 2022-ci ilin sentyabr ayında xatırlamadığı tarixdə Elvin ona zəng edib, öz adına olmaqla ona ***-***-**-** mobil nömrəsini aldığını bildirmişdir. Sonra o, Elvinlə Gəncə şəhərində küçədə görüşmüş, həmin vaxt Elvinin ***-***- **-** mobil nömrəsindən istifadə etməklə "xxxx" internet saytında qeydiyyatdan keçəcəyini bildirmiş və həmin nömrəni Elvindən alıb, başqa bir mobil telefona taxmışdır. Sonra isə Elvinin mobil telefonu ilə "xxxx" internet saytına daxil olub qeydiyyatdan keçmişdir. Daha sonra o, Gəncə şəhəri Nizami rayonu ərazisindəki çayxanalardan birində Elvinlə birlikdə vaxt keçirdiyi vaxtlarda və ya ayrılıqda olduğu vaxtlarda "xxxx" internet saytında Elvinin ***- ***-**-** mobil nömrəsindən istifadə etməklə açdığı hesaba öz mobil telefonu ilə daxil olaraq mərc oyunları oynamaqla pul qazanmış və həmin pulu qeyd edilən saytdakı hesabdan çıxartmaq lazım gəldikdə Elvindən onun ***-***-**-** mobil nömrəsinə gələn ismarıcdakı təsdiqləmə kodunu soruşmuş, Elvin həmin kodu bildirdikdən sonra kodu internet saytına daxil edərək "xxxx" internet saytındakı hesabda olan pulu özünə məxsus olan Expressbank ASC-dəki bank hesabına köçürmüşdür. Daha sonra özü həmin pulu Gəncə şəhərində Expressbank ASC-nin bankomatlarından istifadə edərək nağd şəkildə çıxarmışdır. Hərdən Elvin özü də həmin hesabla "xxxx" internet saytına daxil olub, özü hesaba pul yükləyərək mərc oyunu oynamışdır. 2021-ci ilin oktyabr ayının sonlarında xatırlamadığı tarixdə "Tiktok" sosial şəbəkəsində əvvəllər tanımadığı, hazırda adını xatırlamadığı bir kişi ilə tanış olmuş, həmin şəxslə "Tiktok" sosial şəbəkəsində yazışan zaman ondan "jeton" sata bilib-bilməyəcəyini soruşmuş və o da razılığını bildirmişdir. Həmin vaxt gəldikləri razılığa əsasən o, həmin şəxsə 650 manat məbləğində pul müqabilində "35K jeton" satmalı olmuşdur. Sonra o, həmin şəxsdən WhatsApp sosial şəbəkəsində işlətdiyi nömrəsini soruşmuş və o, hazırda xatırlamadığı mobil nömrəsini yazmışdır. Sonra isə o, həmin şəxsin hazırda xatırlamadığı həmin nömrəsinə WhatsApp sosial şəbəkəsi vasitəsi ilə zəng edərək əlaqə saxlamışdır. Həmin şəxs ona Bakı şəhərində yaşadığını bildirmiş və ondan pul yükləmək üçün kart hesabı istəmişdir. O, həmin şəxsə kart hesabının olmadığını bildirmişdir. Bu zaman həmin şəxs ondan onun bank hesabından həmin 650 (altı yüz əlli) manat məbləğində pulu “tiktok” hesabına köçürmüş, qarşılığında ona "35 K jeton" verməyini xahiş etmiş və o, razılığını bildirdikdən sonra həmin şəxs ona özünə məxsus olduğunu bildirdiyi bank kartının 16 rəqəmli şifrəsini, istifadə müddətinin bitmə tarixini və kart təsdiqləmə kodunu, yəni "cvc" kodunu bildirmiş, o, isə sadaladığı məlumatları "xxxx" internet saytında Şahid ***-***-**-** mobil nömrəsindən istifadə etməklə açdığı hesaba daxil etmiş, sonra həmin şəxsdən mobil telefonuna gələn "OTP" kodunu soruşmuş, həmin şəxs "OTP" kodunu ona dedikdən sonra o, həmin kodu da hesaba daxil edib, həmin şəxsin bank hesabından təxminən 700-900 manat arası məbləğdə pulu "xxxx" internet saytında Şahid ***-***-**-** mobil nömrəsindən istifadə etməklə açdığı hesaba köçürmüşdür. Bundan sonra isə həmin şəxsə demişdir ki, "sistemdə xəta var, ona görə də gözləmək məcburiyyətindədir, "35K jeton" sənin hesabına 1-2 günə oturacaq". Sonra o tanımadığı həmin şəxsin bank hesabından "xxxx" hesabına köçürtdüyü pulun bir hissəsini mərc oyunu oynayan zaman uduzmuş, bir hisssəsini isə saytdakı hesabdan çıxartmaq üçün Elvindən onun ***-***-**-** mobil nömrəsinə gələn ismarıcdakı təsdiqləmə kodunu soruşmuş, Elvin həmin kodu bildirdikdən sonra kodu internet saytına daxil edərək "xxxx" internet saytındakı hesabda olan pulu özünə məxsus olan Expressbank ASC-dəki bank hesabına köçürmüşdür. Daha sonra isə həmin pulu Gəncə şəhərində İcra Hakmiyyətinin yaxınlığında yerləşən Expressbank ASC-nin bankomatından istifadə edərək nağd şəkildə 380 manat olaraq çıxarmışdır. Həmin vaxt Elvinə "xxxx" saytında onun nömrəsi ilə açdığı hesabda problem olduğuna görə artıq həmin hesabı və nömrəni istifadə etməməli olduğunu bildirmiş və o, razılığını bildirmişdir. Həmin vaxtdan sonra bir daha Elvinin nömrəsi ilə "xxxx" saytında açdığı hesaba daxil olmamışdır. O, "xxxx" internet saytında Şahid ***-***-**-** mobil nömrəsindən istifadə etməklə açdığı hesabın istifadəçisini xx.xx.1997-ci il təvəllüdlü, Ağdam rayon sakini X4 olaraq qeydiyyatdan keçirmişdir. O, özü haqqında olan məlumatlar ilə əvvəlcədən öz mobil nömrəsi ilə qeydiyyatdan keçməmiş və həmin hesab ilə internet saytından istifadə qaydalaırnı pozduğuna görə onun həmin hesabı sayt tərəfindən blok edilmişdir. Buna görə də o, yeni hesabı Elvinin nömrəsi ilə özü uydurduğu məlumatları daxil etməklə açmışdır. Şahid hesaba həmin məbləğdə pulu yükləyən zaman məlumatı olmamış və ona heç bir köməklik etməmişdir. O, "xxxx" internet saytında Elvinin ***-***-**-** mobil nömrəsindən istifadə etməklə açdığı hesabla mərc oyunları oynamaqdan ötrü həmin hesaba pulu Expressbank hesabından köçürmüşdür. Sonda zərərçəkmiş şəxslə barışıq əldə etməsini, dəymiş ziyanı tam ödəməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını və cavan olmasını nəzərə alıb məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Şəki şəhəri, Şərbablar küçəsi, ev 33-də qeydiyyatda olmaqla, ünvan 2 ünvanında ailəsi ilə birlikdə yaşayır. O, "xxxx" Bank ASC-nin debet kart sahibidir və həmin kartdan mütəmadi olaraq istifadə edir. xx.xx.2021-ci il tarixdə yaşadığı Bakı şəhərində evində olduğu zaman onun ***-***-**-** saylı nömrəsinə ismarıclar gəlmişdir ki, onun "xxxx" Bank ASC-nin debet kartından pul çıxarıldı. O, mobil telefonuna gələn ismarıcların məzmunundan müəyyən etmişdir ki, onun "xxxx" ASC-nin debet kartından 6 dəfə olmaqla, ümumilikdə 930 (doqquz yüz otuz ) manat məbləğində pul çıxarılmışdır. Həmçinin ona bildirilmişdir ki, bu əməliyyatlar zamanı OTP fərdi təsdiqləmə kodunu daxil etdikdən sonra əməliyyat təsdiqlənməli olsa da, bu əməliyyatlar zamanı ona nə mobil tədbiq, nə də ismarıc vasitəsi ilə heç bir kod gəlməmiş və heç bir yerə kod daxil etməmişdir. Bundan sonra o, "xxxx" ASC-nin ünvan 3 ünvanında yerləşən Rəqəmsal Filialına müraciət etmiş, həmin filialın əməkdaşı ona bildirmişdir ki, ödəniş UAN, yəni Ukrayna valyutası ilə aparıldığı üçün və təyinatı istirahət və əyləncə olduğu üçün kart hesabından çıxarılmış məbləğ konvertasiya, faizlər və digər xərclər daxil olmaqla 1000 (bir min) manatdan çoxdur. Həmin məbləğin bank hesabından ondan xəbərsiz olaraq çıxarılması ilə bağlı "xxxx" ASC-nin ünvan 3 ünvanında yerləşən Rəqəmsal Filialına dəfələrlə müraciət etmişdir. Həmin bank filialından əvvəlcə ona pulunun geri qaytarılacağı bildirilsə də, daha sonra pulunu qaytarmaqdan imtina etmişlər və ona məktub ünvanlamışlar"xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli məktubunda göstərilmişdir ki, onun bank kartından silinmiş vəsaitin geri qaytarılması üçün bank tərəfindən “Master Card”-a müraciət edilmişdir. “Master Card” tərəfindən isə bu tələbdən imtina edilmiş və əsas olaraq əməliyyatlar zamanı zəruri məlumatların ödəniş platformasına tam daxil olunmaması göstərilmişdir. “Master Card” banka verdiyi cavab məktubunda qoşma olaraq sözü gedən əməliyyatların aparılmasına dair məlumatları da əlavə etmişdir. Həmin məlumatlara əsasən müəyyən olunmuşdur ki, onun bank hesabından ondan xəbərsiz pul çıxaran şəxs xx.xx.2022-ci il təvəllüdlü, Ağdam rayon sakini X4 adlı şəxsdir. O, Təqsirləndirilən şəxs əvvəllər tanımamış və onunla heç bir münasibəti olmamışdır. Hazırda ona dəymiş ziyan tam olaraq ödənilmiş və o, Aslanla barışmışdır. Ona görə də qeyd olunanları nəzər alıb təqsirləndirlən şəxsə yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid göstərmişdir ki, 2021-ci ilin fevral ayında Gəncə şəhəri, Nizami rayonu, Ə.Cəmil küçəsindəki Kukla teatrının yanında yerləşən qəzet köşkündə işlədiyi vaxt ona mütəmadi olaraq müştəri olaraq müraciət edən Təqsirləndirilən şəxs ilə arasında tanışlıq münasibəti yaranmışdır. Təxminən 2021-ci ilin aprel ayından sonra o, vaxtaşırı Təqsirləndirilən şəxsla Gəncə şəhəri ərazisindəki müxtəlif çayxanalarda görüşmüş, çay içib söhbət etmiş, birlikdə vaxt keçirmişlər. Həmin dövrdə Təqsirləndirilən şəxs onun yanında mərc oyunlarının oynanıldığı "xxxx" adlı internet saytında oyunlar oynayaraq pul qazanmışdır. O da Aslandan "xxxx" adlı internet saytından istifadə etməyi öyrəndikdən sonra özü də həmin internet saytında mərc oyunları oynayaraq pul qazanmağa başlamışdır. 2021-ci ilin sentyabr aynda xatırlamadığı tarixdə Gəncə şəhəri Nizami rayonu ərazisindəki çayxanalardan birində Təqsirləndirilən şəxs ilə ikilikdə söhbət edən zaman Aslan ona təklif etmişdir ki, o, öz adına mobil nömrə alsın, Aslan özü həmin nömrədən istifadə etməklə "xxxx" internet saytında qeydiyyatdan keçərək yeni hesab açsın, daha sonra isə onun mobil nömrəsi ilə açdığı hesabdan istifadə edərək qazandığı puldan onada pay versin. O da Aslanın təklifini qəbul etmişdir. Bundan sonra 2022-ci ilin sentyabr ayında xatırlamadığı tarixdə Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsində yerləşən mobil nömrə satışı məntəqəsindən ***-***-**-** mobil nömrəsini xatırlamadığı məbləğdə pul ödəyərək almış, daha sonra isə ***-***-**-** mobil nömrəsini özünə məxsus olan mobil telefona taxıb bu haqda Təqsirləndirilən şəxs zəng edərək məlumat vermişdir. Sonra o, Aslan ilə Gəncə şəhərində küçədə görüşmüş, həmin vaxt Aslan onun ***-***-**-** mobil nömrəsindən istifadə etməklə "xxxx" internet saytında qeydiyyatdan keçəcəyini bildirmiş və həmin nömrəni ondan alıb başqa bir mobil telefona taxmışdır. Sonra isə onun mobil telefonu ilə "xxxx" internet saytına daxil olub qeydiyyatdan keçmişdir. Daha sonra isə Aslan özü Gəncə şəhəri, Nizami rayonu ərazisindəki çayxanalardan birində onun yanında və ya ayrılıqda olduğu vaxtlarda "xxxx" internet saytında onun ***-***-**-** mobil nömrəsindən istifadə etməklə açdığı hesabla mərc oyunları oynayaraq pul qazanmış və həmin pulu qeyd edilən saytdakı hesabdan çıxartmaq lazım gəldikdə ondan onun ***-***-**-** mobil nömrəsinə gələn ismarıcdakı təsdiqləmə kodunu soruşmuş, o, həmin kodu bildirdikdən sonra Aslan həmin kodu internet saytına daxil edərək "xxxx" internet saytındakı hesabda olan pulu özünə məxsus olan Expressbank ASC-dəki bank hesabına köçürmüşdür. Daha sonra isə həmin pulu Gəncə şəhərində Expressbank ASC-nin bankomatlarından istifadə edərək nağd şəkildə çıxarmışdır. Hərdən o, özü də həmin hesabla "xxxx" internet saytına daxil olub, özü hesaba pul yükləyərək mərc oyunu oynamışdır. O, Təqsirləndirilən şəxs "xxxx" internet saytında onun ***-***-**-** mobil nömrəsindən istifadə etməklə açdığı hesaba öz mobil telefonu ilə daxil olduğu zaman hesabın istifadəçisinin xx.xx.1997-ci il təvəllüdlü, Ağdam rayon sakini X4 olaraq qeydiyyatdan keçirildiyini müəyyən etmişdir. 930 manat pulun onun adına olan nömrədən açılmış hesaba yüklənməsi barədə məlumatı olmamışdır. O, Təqsirləndirilən şəxs "xxxx" internet saytında onun ***-***-**-** mobil nömrəsindən istifadə etməklə açdığı hesabla mərc oyunları oynamaqdan ötrü həmin hesaba pulu haradan və hansı yolla köçürdüyünü bilməmişdir. Lakin Aslan söhbət zamanı ona həmin pulların öz pulları olduğunu bildirmişdir. Onun ***-***-**-** mobil nömrəsindən istifadə etməklə açılmış hesabın istifadəçisini xx.xx.1997-ci il təvəllüdlü, Ağdam rayon sakini X4 olaraq qeydiyyatdan keçirən və həmin hesabı müxtəlif vaxtlarda istifadə edən Təqsirləndirilən şəxsdur. O, Təqsirləndirilən şəxs hansı səbəbdən həmin hesabı başqasının adına qeydiyyatdan keçirdiyini bilməmişdir. Həmçinin, Təqsirləndirilən şəxs ona həmin hesabla mərc oyunları oynamaq üçün hesaba yüklədiyi pulların öz pulları olduğunu bildirmişdir. Onun Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus olan "xxxx" ASC-nin debet kartından hissə-hissə olmaqla ümumilikdə 930 (doqquz yüz otuz) manat məbləğində pulu çıxarması haqqında heç bir məlumatı yoxdur. O, Zərərçəkmiş şəxs ümumiyyətlə tanımamışdır. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə gecə saatlarında ona "xxxx" internet saytındakı hesabdan pul çıxarmaq istədiyini bildirərək, ondan pul çıxarması üçün onun mobil telefonuna gələn ismarıcdakı təsdiqləmə kodunu soruşmuş, o isə Aslana həmin kodu demişdir. Lakin Təqsirləndirilən şəxs "xxxx" internet saytındakı hesabdan çıxardığı pulu həmin hesaba hansı yolla və haradan köçürdüyünü bilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin) ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş ödəmə qəbzlərinin surətlərindən görünür ki, Zərərçəkmiş şəxs məxsus "xxxx" ASC kredit kartından istirahət və əyləncə məqsədi ilə ümumilikdə 930.04 manat məbləğdə pul köçürməsi icra edilmiş və həmin məbləğdə pul Təqsirləndirilən şəxs tərəfindən ********* İD nömrəli “X3” adı ilə açılmış saxta "xxxx" hesabına köçürülmüşdür. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş "xxxx" ASCdən alınmış Təqsirləndirilən şəxs məxsus ******************** saylı hesabına dair çıxarışdan görünür ki, həmin hesaba müxtəlif məbləğlərdə pul köçürmələri edilmiş və ödənişlər həyata keçirilmişdir. Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanserin xx.xx.2022-ci il tarixli, 4040 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserin xx.xx.2022-ci il tarixli, 2877 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 06 iyul 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, ona cinayət nəticəsində dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənildiyinə görə ondan heç bir şikayət və tələbi yoxdur. İşdə olan xx.xx.2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Şahid barəsində Azərbaycan Respublikası CM-nin 194 və 177.2-ci maddələri ilə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs informasiya texnologiyalarından istifadə etməklə tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamışdır. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkimiş şəxs, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs informasiya texnologiyalarından istifadə etməklə tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlmiş və bu məqsədlə 27 oktyabr 2021-ci il tarixdə Gəncə şəhər ərazisində olan zaman Zərərçəkmiş şəxs adına olan elektron məlumat daşıyıcısı hesab edilən "xxxx" ASC-yə məxsus 5213 6751 2961 5363 nömrəli debet kart hesabından ümumilikdə 930.04 manat məbləğdə pulu “X4” adı ilə açdığı saxta "xxxx" hesabına köçürmüş, daha sonra həmin “1xbet ” hesabına köçürdüyü 930,04 manat pulun 480.04 manat məbləğini mərc oyunlarına sərf etmiş, qalan 450 manat məbləğini isə öz adına olan "xxxx" ASC-yə məxsus ******************** saylı hesaba köçürərək Gəncə şəhər Atatürk prospektində yerləşən "xxxx" ASC-yə məxsus bankomatdan istifadə edərək nağd şəkildə çıxarmaqla informasiya texnologiyalarından istifadə edərək tamah məqəsədi ilə özgənin əmlakını gizli olaraq talayıb ümumilikdə zərərçəkmiş şəxsə vahid niyyətlə 930.04 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 177.2.3-1 maddəsi ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1 maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Belə ki, oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir (27-ci bənd). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarında qeyd edilir ki, CM-in 177.2.3-1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş cinayət, şəxs tərəfindən talama və ya müxtəlif qanunsuz yollarla əldə edilmiş kartdan və onun identifikasiya nömrəsindən (pin kodundan) istifadə etməklə törədilməsidir. Bu əməlin obyektiv cəhəti gizli yolla elektron məlumat daşıyıcısı olan bank kartını və onun şifrəsini əldə etmək və sonradan kartı bakomata daxil edib, pin kodu yığmaqla kart sahibinin hesabından pul vəsaitini çıxarmaqdır. Bu zaman, cinayəti törədən şəxsin niyyəti bankomatın fəaliyyətinə, əməliyyat sisteminə müdaxilə etmək deyil, yalnız əldə etdiyi imkandan istifadə etməklə kart sahibinin hesabından pul vəsaitini talamaqdır. Bu halda, zərərçəkmiş şəxs kartı oğurlanmış şəxsdir, çünki oğurlanmış və başqa qanunsuz yolla ələ keçirilmiş hesab kartını bankomata daxil edərkən şəxs bankomatın seyfindən deyil, həmin kartın sahibinin hesabından oğurluq edir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, ödəniş kartı ilə həyata keçirilən bütün bank əməliyyatları kartın sahibi və emitent (bank) arasında bağlanmış müqavilə əsasında və çərçivəsində həyata keçirilir. Kartı bankomata daxil edərək və klaviatura ilə müvafiq əməliyyatlar apararaq, təqsirli şəxs bilavasitə bankın seyfinə daxil olmur, sadəcə bankemitentin əməliyyat sisteminə qoşularaq hesaba müdaxilə edir və banka müəyyən əməliyyatın aparılması üçün göstəriş verir. Burada bankomatın yarılmasından fərqli olaraq, saxlanc yerinə (bankomatın seyfinə) fiziki daxil olma baş vermir. Konkret şəxsin adına olan və oğurlanmış bank kartından istifadə etməklə nağd pul vəsaitlərinin oğurlanması zamanı, şəxs hər hansı texnologiyadan istifadə etmir, sadəcə olaraq ona məlum olan identifikasiya nömrəsini (pin kodu) bankın kompyuter sisteminə daxil etməklə kart sahibinin pul vəsaitini ələ keçirməyə nail olur, yaxud həmin şəxsin pul vəsaiti hesabına müxtəlif ödənişləri həyata keçirir. CM-in 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş “informasiya texnologiyaları” müddəası isə informasiyanın ötürülməsi, qəbulu və emalı üzrə proseslər zamanı alət və ya vasitələr toplusunu nəzərdə tutur. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən informasiya texnologiyaları-informasiya prosesləri zamanı, o cümlədən hesablama və rabitə texnikasının tətbiqi ilə istifadə edilən üsul və vasitələr sistemidir. Oğurluğun informasiya texnologiyalarından istifadə edilməklə törədilməsi xüsusi proqramlardan və qurğulardan istifadə etməklə bankomatların, nəticə etibarı ilə bankın kompyuter sisteminə daxil olub həm nağd pul vəsaitlərini, həm də müxtəlif növ ödənişləri həyata keçirməklə, yaxud da pul vəsaitlərini bankın hesabından öz şəxsi hesabına köçürməklə talamanı ehtiva edir. Nəhayət, Konstitusiya Məhkəməsinin Plenumu belə qənaətə gəlmişdir ki, ödəniş kartında şəxs haqqında və onun bank hesabında olan pul vəsaiti barədə məlumat əks olunduğundan, bu kart elektron məlumat daşıyıcısı kimi qiymətləndirilməli, ondan istifadə edilməklə törədilən oğurluq cinayəti isə CM-in 177.2.3-1-ci maddəsi ilə tövsif olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1 maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır olmaqla, mülkiyyət əleyhinə törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanaraq, Təqsirləndirilən şəxs təqsirini etiraf edərək səmimi peşmanlıq hissi keçirməsini, zərərçəkmiş şəxsə dəymiş zərəri tam ödəməklə zərərçəkmiş şəxslə barışıq əldə etməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 177.2.3-1 maddəsinə əsasən, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunma imkanları tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrum etmə cəzası təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasına alternativ olaraq nəzərdə tutulmuşdur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə cəzanın növünü və həddini təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Beləliklə, məhkəmə, cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1 maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmin Məcəllənin 52-1.3.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək əlavə vəzifəsi müəyyən edə bilər. Odur ki, Təqsirləndirilən şəxs üzərinə Gəncə şəhərinin ərazi hüdudlarını tərk etməmək, ünvan 1 ünvanında yerləşən yaşayış evini axşam saat 00:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddələrinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut kimi tanınmış X2 izahatının alınması zamanı videoçəkilişin qeydə alındığı 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinə əsasən ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İş üzrə ekspertiza xərci yoxdur. İttiham hökmü qanuni qüvvəyə minənədək təsqirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət-Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə dövründə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 13 (on üç) saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi ödənilməsi üçün onun işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına 78 (yetmiş səkkiz) manat məbləğində pul köçürülməlidir. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1 maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Gəncə şəhərinin ərazi hüdudlarını tərk etməmək, ünvan 1 ünvanında yerləşən yaşayış evini axşam saat 00:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Gəncə şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış X2 izahatının alınması zamanı videoçəkilişin qeydə alındığı 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə dövründə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 78 (yetmiş səkkiz) manat məbləğində pul Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar