Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-102/2024 08.01.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1986-cı ildə Ermənistan SSR, Vardenis rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, evli, orta təhsilli, hazırda ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam" qismində qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 14 radələrində qayınatası X5 məxsus olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində rəsmi nikahda olduğu arvadı Zərərçəkmiş şəxs ilə ailə münaqişəsi zəminində mübahisə etməsi nəticəsində arvadını yaxasından tutmaq yolu həmin fərdi yaşayış evinin içərisində, qonaq otağında olan divana itələmiş, divana dəyərək yerə düşən Zərərçəkmiş şəxs yumruq, sillə və təpik zərbələri endirməklə sol çiyin-bazu və ənsə nahiyələrinin yumşaq toxumalarının qançırşişkinlik halında əzilməsi, bud, sağ bazu nahiyələrinin qançırları, sol diz nahiyəsinin sıyrığı xəsarətləri yetirməklə sonuncunun sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurma cinayət əməlini törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, hadisə baş verən gün o, qaynatasının evinə övladları Ruhin və Onuru bazara aparmaq üçün gəlmişdir. Övladları ilə birlikdə bazara getmiş, onlara ayaqqabı almışdır. Uşaqları qaynatasının evinə gətirdikdən sonra evə daxil olanda uşaqlarından yaşca böyük Ruhinə tapşırmışdır ki, ona avtomobilinin ayaqaltılarını təmizləməyə kömək etsin. O, Ruhinlə birlikdə avtomobilin ayaqaltılarını təmizləyən zaman yoldaşı Günayın deyindiyini eşitmişdir. Günay deyinə-deyinə daha acı ifadələrdən istifadə etməyə başlamışdır. O, Günayın bu hərəkətindən əsəbiləşərək evə keçmiş, evə girən zaman sağdakı kiçik otaqdakı açılı halda olan çarpayıda Günayın dayanmasını görmüşdür. Belə ki, Günay onu görəndə çarpayının üzərinə ayaq üstə qalxmışdır. O isə Günayı çəkərək yerə salmış, ona şillə zərbəsi endirmişdir. Zərbədən Günay çarpayıya yıxılmışdır. Günaya zərbələr endirdikdən sonra çölə çıxmış, Günay da onun arxasınca çölə çıxmış, o avtomobilini təmizləməyə davam edən zaman Günayın qohumu olan Elşən onun üzərinə yerimişdir. Elşən Şaiqdən nə üçün belə etməsini soruşmuş, Şaiq isə ona ailə məsələlərinə qarışmamasını bildirmişdir. Bu zaman Elşən onun yaxasından tutaraq dartmağa başlamış, onu təhdid etmişdir. Sonra Elşən əlində olan bıçaqla onun barmaqlarının arasına və biləkdən yuxarı nahiyyəsinə kəsik xəsarəti yetirmişdir. Elşəndən aralandıqdan sonra o, işə getmişdir. Belə ki, o, dolanışığını taksi fəaliyyəti göstərməklə təmin edir. Sonradan Günay onun barəsində 102 Xidmətinə şikayət etdiyi üçün polis şöbəsinə çağırılmış, izahat verən zaman əslində Elşənin də ona xəsarət yetirməsini, amma onun Elşəndən şikayətçi olmamasını bildirmişdir. Ondan sonra o, bir daha Elşəni görməmişdir. Əməlini etiraf etdiyini bildirdi. Məhkəmədən barəsində ədalətli hökm çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə 17 ildir ki evlidirlər. Şaiq ona mütəmadi olaraq xəyanət edir, o isə buna dözümlülük göstərir. Şaiq bir dəfə məhkumluq həyatı yaşamış, o isə əri cəzasını çəkib bitirənə kimi onu gözləmişdir. Lakin, Şaiq yenə ona xəyanət etməyə başlamışdır. Naftalan şəhərində yerləşən “Palma” restoranında onunla nigahda ola-ola digər qadınla toy məclisi keçirmişdir. Aralarında olan münaqişə Şaiqin bu hərəkətlərinə görə baş vermişdir. Hadisə baş verən gün Şaiq onun atasının evinə gəlmiş, qapını döyəndə o, qapını açmaqdan imtina etmişdir. Şaiq qapını açmağa təkid etmiş, qapıya təpik zərbələri endirməyə başlamışdır. O, səs-küyə qonşular gəlməsin deyə qapını açmağa məcbur olmuşdur. Açdıqda Şaiq ona “nə coşmusan?” deyərək onu məhlənin içərisinə itələmiş, ona bir-iki zərbə endirmişdir. Sonra uşaqlarını götürərək bazara uşaqlara ayaqqabı almağa getmişdir. Şaiq yarım saatdan sonra qayıtmış, oğlu Ruhinlə birlikdə avtomobilin ayaqaltılarını təmizləməyə başlamışdır. Sonra Şaiq evə geri qayıtmış, evə daxil olaraq evdə olan qaz sobasının yanında onu döyməyə başlamış, çubuqla, yumruqla və təpiklə zərbələr endirmişdir. Zərbələrə dözə bilməyərək o, ayaqyalın çölə qaçmışdır. Hadisə uşaqlarının gözləri qarşısında baş vermişdir. Çölə çıxdıqdan sonra Daxili İşlər Nazirliyinin 102 xidmətinə şikayət etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunmuşŞahid1 ibtidai istintaqdakı ifadəsində bildirmişdir ki,xx.xx.2023-cü il tarixdə saat 14 radələrində atası Təqsirləndirilən şəxs evə gəlmiş və giriş qapısını sərt şəkildə vurmuşdur. Qapını açmağı anası Zərərçəkmiş şəxs tələb edirmiş,daha sonra qapıya təpiklə vurmağa başlamışdır.Anası Günay qonşular səs-küyə gəlməsin deyə qapını açmaq məcburiyyətində qalmışdır. Atası içəri girmiş və anası ilə qısamüddətli mübahisədən sonra onu və kiçik qardaşı Onuru götürərək ayaqqabı almağa aparmışdır. Təxminən yarım saat sonra onlar evə qayıtdıqda anası və atası mübahisə etməyə başlamışlar. Həmin mübahisə evin içində davam edirmiş. Birdən atası anasına sillə ilə vurmuş və saçlarından dartaraq divana yıxmışdır. Divana yıxılan anası yerdən qalxa bilməmişdir ki, atası anası Zərərçəkmiş şəxs yumruq və təpik zərbələri ilə vurmağa davam etmişdir. Ən sonda anası yerindən qalxaraq qapıya yönəlmiş və küçəyə çıxmışdır. Atası da evdən çıxaraq gözdən itmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunmuş Şahid2ibtidai istintaqdakı ifadəsində bildirmişdir ki,04 10.2023-cü il tarixdə saat 14 radələrində atası Təqsirləndirilən şəxs evə gəlmiş və giriş qapısını sərt şəkildə vurmağa başlamışdır. Qapını açmağı anası Zərərçəkmiş şəxs tələb etmiş və daha sonra qapıya təpiklə vurmağa başlamışdır ki, anası qonşular səs-küyə gəlməsin deyə qapını açmaq məcburiyyətində qalmışdır. Atası içəri girmiş və anası ilə qısamüddətli mübahisədən sonra onu və böyük qardaşı Ruhini götürərək ayaqqabı almağa aparmışdır. Təxminən yarım saat sonra onlar evə qayıtdıqda anası və atası mübahisə etməyə başlamışlar. Həmin mübahisə evin içində davam edirmiş. Birdən atası anasına sillə ilə vurmuş və saçlarından dartaraq divana yıxmışdır. Divana yıxılan anası yerdən qalxa bilməmişdir ki, atası anası Zərərçəkmiş şəxs yumruq və təpik zərbələri ilə vurmağa davam etmişdir. Ən sonda anası yerindən qalxaraq qapıya yönəlmiş və küçəyə çıxmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, cinayət hadisəsi ünvan 2 ünvanında baş vermişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4”nin xx.xx.2023-cü il tarixli 1563 nömrəli “canlı şəxsin ekspertizası” rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər sol çiyin-bazu və ənsə nahiyələrinin yumşaq toxumalarının qançır-şişkinlik halında əzilməsi, sağ bud, sağ bazu nahiyələrinin qançırları, sol diz nahiyəsinin sıyrığı küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən tarixdə, yəni xx.xx.2023-cü il tarixdə əmələ gələ bilər, ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir. Gəncə şəhər Psixonevroloji Dispanseri tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3349 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. Gəncə şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 6619 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. Gəncə şəhəri MKTİB-nin 2 nömrəli Xidmət sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki,Təqsirləndirilən şəxs müsbət xarakterizə edilir. Nikah haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında nikah xx.xx.2014-cü il tarixdə Gəncə ASAN xidmət mərkəzində qeydə alınmışdır. Doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs himayəsində16 sentyabr 2009-cu il təvəllüdlü X7, 16 dekabr 2012-ci il təvəllüdlü Şahid1 və xx xxxxxxx 2017-ci il təvəllüdlü Şahid2 adlı uşaqları vardır. DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.4-cü maddəsi ilə təqsirli bilinib, üzərində qəti olaraq 03 il 11 ay 09 gün azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə o, cəza müddətinin sonuna 02 ay 05 gün qalmış şərti olaraq cəzanın çəkilməsindən vaxtından əvvəl azad edilmişdir. 1 ədəd DVD diskə məhkəmə iclasında baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, DVD diskdə əks edilmiş videoyazıda Təqsirləndirilən şəxs qadın cinsindən olan bir nəfər şəxslə toy məclisinin keçirilməsinin görüntüləri öz əksini tapmışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üzrə keçirilmiş ekspertiza rəyi ilə təsdiq edilərək sübuta yetirilmiş (CPM 144-146), ibtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların (zərər çəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsidə nəzərdə tutulmuş əməli törətməsini təsdiq etməsi qənaətinə gəlir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını və CM-nin 59.2-ci maddəsinə əsasən yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Cinayət işinin materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx.xx.2022-ci il il tarixli qərarı ilə cəzanın çəkilməsindən vaxtından əvvəl azad olunduqdan sonra qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkumluğun ödənilməsi üçün 2 il müddət keçmədən yenidən qəsdən cinayət törətmişdir. Belə ki, Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsindəonlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 18.4.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Beləliklə də, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətdə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunma imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən аzadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasının əvvəli onun yaşayış yeri üzrə probasiya orqanında qeydiyyata alındığı vaxtdan hesablanmalı, onun üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanını saat 23:00-dan saat 07:00-dək və yaşadığı Gəncə şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarəti edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. İş üzrə məhkəmə xərci, xüsusi müsadirə edilməli əmlak və mülki iddia yoxdur. İş materiallarına əlavə edilmiş, maddi sübut hesab edilən bir ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-in 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmədə 06 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3 ödənilməsi üçün, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, həmin müdafiəçinin işlədiyi vəkil bürosunun hesabına 36 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Gəncə şəhər Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə müdafiəçi X1 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 36 manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsindən ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Orxan Cəfərli
Məhkəmə qərarları › İş №1(125)-102/2024
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-102/2024
08.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver