Məhkəmə qərarları › İş №1(125)-104/2023

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-104/2023

16.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-104/2023 16.03.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1975-ci ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Tovuz rayonu Yanıqlı kəndində qeydiyyatda olmaqla Gəncə şəhəri Məhsəti qəsəbəsində yaşayan, barəsində polisin nəzarətin altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 00:13 radələrində tamah niyyəti ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə Gəncə şəhəri, X12 prospekti 19 ünvanında yerləşən və elektronik məişət avadanlıqlarının satıldığı “Optimal Electronics” adlanan mağazaya həmin vaxt açıq vəziyyətdə olan plastik nəfəslikdən keçib qanunsuz olaraq içəri daxil olub oradan ümumilikdə 2000 manat dəyərində elektronik avadanlıqları oğurlamaq istəyərkən mağazanın siqnalizasiya siteminin işə düşməsi ilə oraya gələn Azərbaycan Respublikası DİN-in Baş Mühafizə İdarəsinin X8 İdarəsinin Mülki Mühafizə Xidmətinin əməkdaşları tərəfindən mağazanın zirzəmisində saxlanıldığından cinayət əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib oğurluğa cəhd etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidin ifadələri, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ailəsi və üç övladını dolandırmaq üçün Gəncə şəhərində usta işləyir. O, pula ehtiyacı olduğu üçün Tovuz rayonunda yaşayan tanışı Sakit Həmzyəvdən 2000 manat borc almış, bir müddət sonra Sakit ona zəng edərək pulunu istəmişdir. O, Sakitə söz vermişdir ki, mart ayının sonunda borcunu ödəyəcəkdir. O, Gəncə şəhər, Dos 102 deyilən yerdə usta olaraq işlədiyi evin sahibi Elşad adlı şəxsdən xx.xx.2022-ci il tarixdə onun evində görəcəyi işin qarşılığında əvvəlcədən ona 1500 manat verməyini istəmiş, lakin Elşad bununla razılaşmamış və ona əvvəlcədən pul verməmişdir. Həmin gün Anar adlı dostuna zəng vurmuş, onun adına kredit götürmək mümkün olub-olmadığını soruşmuş, Anar adında kredit olduğu üçün yenidən kredit götürməsinin mümkünsüz olduğunu bildirmişdir. Daha sonra bir neçə qohumlarına zəng edib borc istəmiş, lakin heç kəs ona borc verməmişdir. Daha sonra Anar ona zəng edərək, Gəncə şəhər Qızıl gül restoranında oturacaq stulları təmir etmək lazım olduğunu demiş, o, da marşurta minib usta üçün ləvazimatlarını da yığıb həmin restorana getmiş, sonra kafedə təmir edəcəyi stollara baxmış, daha sonra spirtli içki, araq və pivə içmişdir. Bundan sonra oradan çıxıb xx.xx.2022-ci il tarixdə evinə piyada qaytmış, evinə qayıdan zaman yolda Sakitə olan borcu yadına düşmüş və bir anlıq oğurluq etmək qərarına gəlmişdir. Bu zaman “Optimal Elctroniks” mağazasının qarşısında olmuş, mağazanın arxasına keçdikdə görmüşdür ki, mağazanın nəfəsliyi açıqdır. Bundan sonra nəfəslikdən oğurluq etmək niyyəti ilə içəriyə daxil olmuş, içəri daxil olduqdan bir neçə dəqiqə sonra mühafizə polis əməkdaşları oraya gəlmişlər, o, qorxusundan həmin vaxt zirzəmidə olan kartonların arasına gizlənmişdir. Bu zaman polis əməkdaşları onu tapıb Kəpəz rayon Polis idarəsinə gətirib təhvil vermişlər. Sonda təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, borcunu qaytara bilmədiyi üçün belə əmələ cəhd etdiyini, himayəsində üç uşağının olamasını, uşaqlarından birinin yetkinlik yaşına çatmamış olmasını və ailənin yeganə gəlir gətirən şəxs olduğunu nəzərə alıb barəsində yüngül cəza verilməsini xahiş etmişdir. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə ifadəsində bildirmişdir ki, rəsmi olaraq "xxxx" MMC-nin Gəncə-1 filialının inzibatçısı vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə gecə saat 01 radələrində evdə olan zaman mobil telefonuna zəng gəlmiş və inzibatçısı olduğu, Gəncə şəhəri Ş.İ.Xətai prospekti 19 ünvanında yerləşən “Optima Elektroniks“ mağazasından həyəcan siqnalı daxil olduğunu bildirmişlər. O, dərhal Gəncə şəhəri Ş.İ.Xətai prospektində yerləşən “Optimal Elektroniks“ mağazasının Gəncə-1 filialına getmiş və qapıda onu gözləyən mühafizə polisinin əməkdaşları ilə qapını açıb içəri daxil olmuş, polis əməkdaşları ilə mağazaya daxil olduqdan sonra mağazanın mətbəxinə keçmişlər və mətbəxdəki kiçik pəncərədən çanta sallandığını görmüşlər. Bundan sonra mühafizə polisinin əməkdaşları ilə birlikdə mağazanın anbarına daxil olduqda anbarda olan boş soyuducu qutularının arxasında bir nəfər adını sonradan öyrəndiyi İlham adlı şəxsin gizləndiyini görmüşlər. Mühafizə polisinin əməkdaşları həmin şəxsi boş soyuducu qutalarının arxasında aşkar etdikdə həmin şəxs adının İlham olduğunu, kiməsə 2000 manat borcu olduğu üçün mağazadan 2000 manat dəyərində pul və ya telefon oğurlamaq istədiyini bildirmişdir. Lakin xx.xx.2022-ci il tarixdə inzibatçısı işlədiyi Gəncə şəhəri Ş.İ.Xətai prospekti 19 ünvanında yerləşən “Optimal Elektroniks “ mağazasından heç bir əşya və predmet oğurlanmamışdır. Zərərçəkmiş şəxsin nümayəndəsi məhkəməyə ərizə göndərərək məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini xahiş etmiş və Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, rəsmi olaraq X9 İdarəsində Mülki Mühafizə Xidməti üzrə mühafizəçi vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə xidmətdə olan zaman “Yarasa“ obyektlərin mühafizəsi sisteminə qoşulmuş obyektlərdən birində, yəni Gəncə şəhəri Ş.İ.Xətai prospekti 19 ünvanında yerləşən “Optimal Elektroniks“ mağazasında həyəcan siqnalının çalması barədə məlumat daxil olmuş, həmin vaxtı daxil olmuş həyəcan siqnalı barəsində növbətçi hissəyə məlumat verdikdən sonra öz ekipaj yoldaşı sürücü X5 ilə birlikdə Gəncə şəhəri Ş.İ.Xətai prospekti 19 ünvanında yerləşən "xxxx" mağazasına gəlmişlər. Mağazaya xaricdən baxış keçirdikdə arxa pəncərəsinin nəfəsliyinin açıq olduğunu müəyyən etmişlər. Bundan sonra bu barədə növbətçi hissəyə məlumat verib həmin binadan məsul olan şəxsin çağırılmasını xahiş etmişlər. Təxminən 15-20 dəqiqə sonra məsul şəxs Nümayəndə binaya yaxınlaşmış və mağzanın qapısını açdıqdan sonra ekipaj yoldaşı Şahid1la birlikdə mağazanın içərisinə daxil olmuşlar. Mağazanın içərsinə baxış keçirən zaman mətbəxdəki kiçik pəncərədən çanta sallandığını gördükdən sonra binadan məsul şəxs Nümayəndələ birlikdə mağzanın anbarına keçmişlər və anbarda olan boş soyuducu qutularının arxasında bir nəfər sonradan adı onlara məlum olan İlham adlı şəxsin gizləndiyini görüb həmin şəxsi qutuların arxasından çıxarmışlar. Bundan sonra həmin şəxsi Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin növbətçi hissəsinə raportla təhvil vermişlər. Həmin vaxt İlham adlı şəxsin əlində hər hansı əşya və ya predmet olmamışdır. Məhkəmə iclasında dindirilmiş Şahid1 dindirilmiş digər Şahid2 ilə eyni məzmunlu ifadə vermiş və onun göstərmiş olduğu xüsusatları tam təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli Gəncə şəhəri Baş Polis İdarəsinin müstəntiqi, polis kapitanı X7 tərəfindən tərtib olunmuş protokoldan görünür ki, hadisənin baş verdiyi yer Gəncə şəhəri Ş.İ.Xətai prospekti 19 ünvanında yerləşən "xxxx" mağazasıdır.Hadisə yerinin fotocədvəli tərtib olunaraq protokolla birlikdə cinayət işinin materiallarına əlavə edilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədə görünür ki, Təqsirləndirilən şəxs Şəmkir Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 05 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2011-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. - Tovuz Rayon Mərkəzi X3 şəxsin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Tovuz rayon, Yanıxlı kənd sakini xx.xx.1975-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Tovuz RMX PHŞ-i Poliklinika şöbəsində həkim-narkoloqun və həkim-psixiatrın dispanser qeydiyyatında dayanmır. - Küçə üçlüyü tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs 2005-ci ildən Gəncə şəhər Məhsəti Gəncəvi qəsəbəsi, Faiq Əhmədov küçəsində yaşayır. Yaşadığı müddətdə qonşuları ilə yaxşı münasibətdə olmuş, xeyir və şər işlərində iştirak etmişdir. Ailəlidir üç övlad atasıdır. Hazırda MKTİB-də işləyir. İş yerində nizam-intizamı ilə fərqlənir, kollektiv tərəfindən hörmət bəslənilən insandır. Seçkilərdə və müəyyən tədbirlərdə fəal iştirak edir. - doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2006-cı il təvəllüdlü X1 adlı 1 yetkinlik yaşına çatmamış uşağı vardır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda qeyd olunan cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidin ifadələri, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; - 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; - 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. - 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməsini, əməlindən peşman olmasını, himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Həmin Məcəllənin 177.2.3-cü maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 63.3-cü maddəsinə görə cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunma imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrum etmə cəzası təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasına alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.3-cü maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək, yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarəti edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən məhkum Təqsirləndirilən şəxs məhkəmədə 12 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, işlədiyi vəkil bürosunun hesabına 72 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək, yaşadığı Gəncə şəhərinin hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 üçün işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) 72 (yetmiş iki) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar