Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-105/2025 17.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həsənli Məhəmməd Vahid oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, dövlət ittihamçısı X5, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2000-cı il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş və hazırda məhkumluğu olmayan, işsiz, Gəncə şəhəri, Nizami rayonu, X10 küçəsi, ev 8 A ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 12 yanvar 2023-cü il tarixdən başlayaraq 11 iyun 2018-ci il təvəllüdlü X7 və 20 mart 2020-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər bir uşağa görə 180 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Gəncə Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(125)-1145/2023 saylı, 13 iyun 2023-cü il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(125)-724/2024 saylı qərarı ilə 08 gün müddətinə inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 18 iyul 2024-cü il tarixədək cəmi 5970.00 manat məbləğində aliment borcunu ödəməyərək Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 2017-ci il tarixdə faktiki nikah münasibətlərinə girərək ailə həyatı qursada nikahları xx.xx.2018-ci il tarixdə rəsmiləşdirilmişdir. Onlar evli olduğu müddətdə 11 iyun 2018-ci il təvəllüdlü Onur və 20 mart 2020-ci il təvəllüdlü Novruz adlı övladları anadan olmuşdur. O, nikahda olduğu müddətlərdə Zərərçəkmiş şəxs ilə yola getmədiyindən ayrılmaq qərarına gəlmiş və həmin vaxtdan da övladları anası Zərərçəkmiş şəxs himayəsində yaşayır. Onlar ayrılandan sonra Zərərçəkmiş şəxs uşaqları tək başına saxlaya bilmədiyini əsas gətirərək ona qarşı məhkəmədə nikahın qeydinin pozulması, aliment tələbinə dair iddia qaldırmış və Gəncə Şəhər Məhkəməsinin 13 iyun 2023-cü il tarixli qətnaməsinə əsasən ondan 12 yanvar 2023-cü il tarixdən hesablanmaqla hər iki uşağının yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər bir uşağa görə 180,00 manat olmaqla, cəmi 360,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, uşaqlarına baxmalı olduğunu dərk etdir, sadəcə qətnamədə göstərilən alimentin miqdarı çoxdur. O, hazırda borcundan 3000 manat ödəniş etmiş, qalan borcunu isə yaxın vaxtlarda ödəyəcəyinə söz verir. Sonda əməlindən peşman olmasını və vətən müharibəsi iştirakçısı olmasın nəzərə alıb ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə 2017-ci il tarixdə faktiki nikah münasibətlərinə girərək ailə həyatı qurmuş və nikahları xx.xx.2018-ci il tarixdə rəsmiləşdirilmişdir. Onlar evli olduğu müddətdə 2018-ci il təvəllüdlü Onur və 2020-ci il təvəllüdlü Novruz adlı övladları anadan olmuşdur. O, nikahda olduğu müddətdə Təqsirləndirilən şəxslə yola getmədiyindən ayrılmaq qərarına gəlmiş və həmin vaxtdan da övladları onun himayəsində yaşayır. O, ayrılandan sonra uşaqları tək başına saxlaya bilmədiyi üçün məhkəmədə nikahın qeydinin pozulması, aliment tələbinə dair iddia qaldırmış və Gəncə Şəhər Məhkəməsinin qətnaməsinə əsasən Emindən 12 yanvar 2023-cü il tarixdən hesablanmaqla hər iki uşağının yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər bir uşağa görə 180,00 manat olmaqla, cəmi 360,00 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Lakin Emin aliment pulunu ödəməkdən yayınmış və uşaqları ilə maraqlanmamışdır. Keçmiş əri Emin pensiya kartından tutulan puldan başqa o, heç bir ödəniş etməmişdir.Hazırda məhkəmədə cinayət işinə baxılan zaman Emin ona olan 5970 manat aliment borcundan 3000 manat ödəniş etmişdir. Zərərçəkmiş şəxs notarial qaydada təqsdiq olunmuş xx.xx.2025-ci il tarixli ərizəsidən görünür ki, o, növbəti məhkəmə iclasında uşaqların səhhəti ilə bağlı iştirak edə bilmir. Odur ki, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və keçmiş əri Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, Gəncə Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(125)- 1145/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən xx.xx.2018-ci il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən başlayaraq, hər ay hər uşaq üçün 180 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Bununla əlaqədar Gəncə şəhəri üzrə İcra idarəsində xx.xx.2023-cü il tarixdə başlanılmış icraat zamanı icra sənədi üzrə müəyyən olunmuş tələb Təqsirləndirilən şəxs tərəfindən yerinə yetirilməmişdir. İcra sənədləri üzrə müəyyən olunmuş tələbi yerinə yetirməyəcəyi təqdirdə inzibati məsuliyyətə cəlb olunacağı barədə Təqsirləndirilən şəxs müxtəlif tarixlərdə xəbərdarlıqlar göndərilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu barəsində müvafiq dövlət orqanlarına sorğular verilmiş, nəticədə isə borclunun adına tələbin yönəldilə biləcəyi hər hansı bir əmlak aşkar etmək mümkün olmamışdır. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Borclu Təqsirləndirilən şəxs yaranmış aliment borcunun ödənilməsi tələb edilmiş, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixli verdiyi izahatında yaranmış aliment borcunu ödəməyə imkanı olmadığını bildirmişdir. İcra sənədləri üzrə aliment borcunun ödənilməsi ilə bağlı icra məmurunun qanuni tələbləri Təqsirləndirilən şəxs tərəfindən üzrsüz səbəbdən yerinə yetirilmədiyinə görə barəsində xx.xx.2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmiş və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs 08 gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilmişdir. İnzibati qaydada həbsdə olma müddəti bitdikdən sonra Təqsirləndirilən şəxs icra sənədi üzrə aliment borcunun ödənilməsi üçün yeni müddət verilmiş, lakin keçən müddət ərzində borclu tərəfindən aliment pulu tam ödənilməmişdir. Borclu etdiyi bu kimi hərəkətlərlə icra sənədlərinin icrasından yayınmış və aliment öhdəliyindən boyun qaçırmağa cəhd göstərmişdir. Bütün bunlar onu deməyə əsas verir ki, borclu aliment pulunu ödəmək iqtidarında olsa da, etdiyi bütün hərəkət və hərəkətsizliklərlə hər fürsətdə aliment öhdəliyindən boyun qaçırmışdır. Cinayət qanunvericiliyinə görə məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda cinayət tərkibi yaradır. İcra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra öz hərəkətlərini davam etdirmiş olsun. İcra məmurunun dəfələrlə müxtəlif tarixlərdə Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunacağı barədə yazılı xəbərdarlıqlar göndərilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirmiş və icra sənədləri üzrə müəyyən olunmuş tələbləri təmin etməmişdir. Təqsirləndirilən şəxs verdiyi bütün izahatları və etdiyi hərəkətləri belə bir nəticəyə gəlməyə əsas verir ki, o, məhkəmə qərarını qərəzli olaraq icra etməmiş və bu hallar yuxarıda göstərilənlərlə sübuta yetirilmişdir. Belə ki, məhkəmə qərarlarının icrasının məcburiliyi dəfələrlə Təqsirləndirilən şəxs nəzərinə çatdırılmış, lakin o, öz hərəkət və hərəkətsizliyi ilə icra sənədləri üzrə tələbləri qanunla müəyyən olunmuş qaydada və müddətdə təmin etməmiş, inzibati məsuliyyətə cəlb edilməsindən nəticə çıxarmamış və iş üzrə tələbkarların qanunla qorunan hüquqlarının pozulmasına səbəb olan şərait yaratmışdır. Təqsirləndirilən şəxs tərəfindən Gəncə Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(125)-1145/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə X3 bu vaxta kimi cəmi 510 manat aliment pulu ödənilmiş və bu gün də həmin icra sənədi üzrə 5970 manat aliment borcundan 3000 manat ödəniş edilmişdir. Şahid Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Şahid1 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs 80 manat veteran pulu alır. Onun həmin veteran pulu kartından alimentə görə 56 manat tutmalar həyata keçirilir. Onun borcu hesablanarkən həmin tutqular nəzərə alınmışdır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Şahid2 bildirmişdir ki, alimentlə bağlı həmin həmin işin icrası Şahid1 icraatında olmuşdur. Vətəndaş Təqsirləndirilən şəxs idarədə izahat verdiyi zaman o da idarədə olmuş və eyni zamanda aktın tərtib edilməsində iştirak etmişdir. Onlar Təqsirləndirilən şəxs adına heç bir əmlak aşkar etməmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 30 avqust 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. -Gəncə Şəhər Məhkəməsinin 13 iyun 2023-cü il tarixli qətnaməsindən görünür ki, 11 iyun 2018-ci il təvəllüdlü X7 və 20 mart 2020-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər bir uşağa görə 180 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. -Gəncə Şəhər Məhkəməsinin 14 fevral 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və onun barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilmişdir. -“Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 14 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. -“Cinayət işi üzrə icraatın dayandırılması haqqında” 14 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, iş üzrə icraat Təqsirləndirilən şəxs tutulub istintaqa verilənədək dayandırılmışdır. -“Axtarışda olan şəxsin tutulması haqqında” 26 noyabr 2024-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26 noyabr 2024-cü il tarixdə saat 13:30 radələrində Bakı şəhəri ərazisində saxlanılaraq Bakı şəhər Yasamal rayon Polis İdarəsinin MSY-nə təhvil verilmişdir. -“Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” 28 noyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. -“Qətimkan tədbiri seçmək haqqında” 28 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 X1 Filialının 03 iyul 2024-cü il tarixli, 3-17-2/2-36307/24 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs məşğulluq mərkəzinə müraciət etməmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik və İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-13-12/2-175223/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Füzuli Hərbi Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 70, 332.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş və barəsində CM-nin 70-ci maddəsi tətbiq edilməklə 06 ay sınaq müddəti müəyyən edilmişdir. -Gəncə Şəhər Məhkəməsinin 04 mart 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilərək iş üzrə icraat dayandırılmışdır. -16 aprel 2025-ci il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 16 aprel 2025-ci il tarixdə saat 11:40-da Gəncə şəhəri ərazisində tutularaq Gəncə BPİ-in MYS-nə təhvil verilmişdir. -Elektron çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs Vətən müharibəsi iştirakçısıdır. -Vəsiqələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs “Kəlbəcərin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir. -09 iyul 2025-ci il tarixli Zərərçəkmiş şəxs tərəfindən yazılan qəbzdən görünür ki, Təqsirləndirilən şəxs ailəsi tərəfindən onun borcundan 3000 manat ödəniş edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə toplanmış sənədlər, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı cinayət işində Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli birbaşa qəsdlə törədilən cinayətdir. Yəni, təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə aktını qərəzli olaraq icra etmədiyini dərk etmiş, bununla ədalət mühakiməsinin nüfuzuna xələl gətirməsini və zərər çəkmiş şəxsin hüquqlarının pozulmasını görmüş və bunları arzu etmişdir. Digər tərəfdən, təqsirləndirilən şəxs bu əməli davamlı olaraq uzun vaxt müddətində, qərəzli olaraq həyata keçirmişdir. Təqsirləndirilən şəxs icra məmurunun qanuni tələblərini icra etməməklə, Azərbaycan Respublikası adından qəbul edilmiş, qanuni qüvvədə olan qətnaməni bilərəkdən və qərəzli şəkildə icra etməmişdir. Məhkəmə xüsusilə qeyd edir ki, məhkəmənin qərarının və digər aktının icra edilməməsinin təhlükəliliyi ondan ibarətdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarını icra etməmə məhkəmə orqanlarını nüfuzdan salır, pozulmuş hüquqların bərpası, dəymiş ziyanın ödənilməsi qeyri-mümkün olur və ədalət mühakiməsinin həyata keçirilməsi zamanı dövlət adından çıxarılmış qərarlar kağız üzərində qalır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” işdə (7 may 2002-ci il) eyni xarakterli məsələlərə bir daha münasibət bildirərək qeyd etmişdir ki, məhkəmə qərarlarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma 6-cı maddənin 1-ci bəndində ifadəsini tapmış müddəanı faydalılıq qüvvəsindən məhrum etmiş olur. “Tarverdiyev Azərbaycana qarşı” işdə Avropa Məhkəməsi xatırlatmışdır ki, ərizəçi məhkəmə çəkişməsini udduqdan sonra bu uduşdan yararlanmağa maneələrin yaradılması Konvensiyanın 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun pozuntusudur. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etmək üçün zəruri tədbirlərin görülməməsi ilə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin səmərəsi heçə endirilir. Beləliklə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını, dəymiş ziyandan qismən ödəniş etməsini və Vətən müharibəsi iştirakçısı olmaqla “Kəlbəcərin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyasında 5 növ cəza, yəni cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, məhkəmə hesab edir ki, daha ciddi cəzanın – azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün əsaslar yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, daha ciddi cəzanın təyin edilməsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarı və CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəaları təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma aparıla bilmir. Çünki, azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma tələb olunur, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə, təqsirləndirilən şəxsə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəzalar nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini, ədalətlilik və qanunçuluq prinsiplərini və CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə həm də qeyd edir ki, azadlıqdan məhrumetmə cəzasının təyin edildiyi təqdirdə, həmin cəzanın çəkildiyi dövrdə qətnamənin icrası da mümkünsüz olacaqdır. Yuxarıda sadalanan hallar nəzərə alınmadan çıxarılan bir məhkəmə aktı ilə digər məhkəmə aktının icrasına da maneə yaranacaqdır. Bundan əlavə məhkəmə hesab edir ki, şəxs barəsində yuxarıda qeyd edildiyi kimi daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar olmadığından, belə bir vəziyyətdə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməsi dövründə qətnaməni icra etməsinə də maneə olmadığından, bu cəzanın icrası ilə həm cəzasını çəkməsinə, həm də qətnamənin icrasına nail oluna bildiyindən, bütün qeyd edilənlərə əsasən məhkəmə bu növdə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Belə ki, Azərbaycan Respublikası CM-in 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış yerini saat 22:00-dan saat 08:00-dək, yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanını iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2024-cü il tarixdə barəsində qətimkan tədbiri seçilərək həbsdən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 gün və xx.xx.2025-ci il tarixdən hazırki günədək həbsdə saxlanıldığı 03 (üç) ay 01 (bir) gün müddət hazırkı hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bir gün hesablanmaqla, təyin edilmiş cəzadan cəmi 06(altı) ay 06(altı) gün çıxılaraq ona qəti cəza təyin edilməlidir. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə olunmalı və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə dəyişdirilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmədə 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli, 141 nömrəli qərarına (xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla ümumilikdə həmin müdafiəçinin işlədiyi vəkil bürosunun hesabına cəmi 220 (iki yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə eksperiza xərci, maddi sübut, xüsusi müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 26 noyabr 2024-cü il tarixdən 28 noyabr 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün və həbsdə saxlanıldığı 03(üç) ay 01(bir) gün müddət, hazırkı hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bir gün hesablanmaqla, təyin edilmiş cəzadan cəmi 06(altı) ay 06 (altı) gün çıxılaraq, onun üzərində qəti olaraq 01(bir) il 02 (iki) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 22:00-dan saat 08:00-dək və yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanını iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə dəyişdirilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçi işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 220 (iki yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsindən ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Məhəmməd Həsənli
Məhkəmə qərarları › İş №1(125)-105/2025
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-105/2025
17.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver