Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-106/2022 03.10.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X8 Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Təqsirləndirilən şəxs və müdafiəçi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1975-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum edilmiş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi 1,105 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, daxil olmuş məlumat əsasında 06 aprel 2022-ci il tarixdə, saat 13:30-da Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı Gəncə şəhəri Kəpəz rayonu F.Əmirov küçəsi 4 nömrəli evin yaxınlığında saxlanılaraq Kəpəz rayon polis idarəsinin inzibati binasına gətirilmiş, idarənin inzibati binasında üzərində şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli kağız bükümündə, bir ədəd qızılı rəngli kağız bükümündə və bir ədəd şəffaf polietilen kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 0,649 qram, 0,120 qram, 0,336 qram olmaqla, ümumi təmiz çəkisi 1,105 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcələsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, uzun müddətdir narkotik vasitə aludəçisidir. 04 aprel 2022-ci il tarixdə Lənkəran şəhər sakini əvvəllər tanıdığı İlqar adlı şəxsdən Gəncə şəhərində yerləşən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissənin qarşısında N manata 2 büküm narkotik vasitə olan heroin almış, İlqardan aldığı bükümləri bir ədəd şəffaf sellofonun içərisinə qoymuş və istifadə etməsi üçün üzərində saxlamışdır. xx.xx.2022-ci il tarixdə saat 13:30 radələrində yaşadığı binanın yaxınlığında piyada gedən zaman 2 nəfər mülki geyimli polis əməkdaşları yaxınlaşıb Kəpəz rayon polis idarəsinin əməkdaşları olduğunu bildirməklə onu saxlamışlar və onu özləri ilə birlikdə Kəpəz RPİ-nə aparmışlar. Polis idarəsində üzərində narkotik vasitə gəzdirməkdə şübhəli bilindiyi üçün saxladıqlarını demişlər. Müdafiəçisinin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, könüllü olaraq əynində olan göy rəngli cins şalvarın sağ yan cibində olan bir ədəd şəffaf sellofonun içərisindəki 2 ədəd siqaret falqasına bükülmüş heroini təqdim etmişdir. Onun üzərində sellofanın içərisində cəmi iki ədəd büküm olmuşdur. Lakin, həmin bükümlərin içərisindəki narkotik vasitə sellofanın içərisinə töküldüyünə görə sellofanın özünü də ayrıca büküm kimi qeyd edib, onun üzərindən guya üç büküm narkotik vasitə aşkar edilməsi rəsmiləşdirilmişdir. O, üzərindən aşkar edilmiş həmin narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində saxlamış, üzərindən aşkar edilmiş narkotik vasitə heroini satmaq niyyəti olmamışdır. Sonda təqsirləndirilən şəxs törətdiyi əmələ görə çox peşman olduğunu bildirdi və onun əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməsini və həmin maddə ilə barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin CAŞ-nin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir düşmənçiliyi və yaxud da ədavəti olmamışdır. xx.xx.2022-ci il tarixdə Gəncə şəhər 2-ci polis şöbəsində gündəlik xidmətində olan zaman məlumat daxil olmuşdur ki, Təqsirləndirilən şəxs Gəncə şəhər sakini narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğuldur, daimi üzərində narkotik vasitə gəzdirməkdə şübhəlidir və hazırda yaşadığı evin qarşısındadır. Daxil olmuş məlumat əsasında həmin günü saat 13:30 radələrində əməliyyat qrupu yaradılmış və o, kiçik əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Gəncə şəhəri F.Əmirov küçəsi ev 4-ün qarşısında Təqsirləndirilən şəxs saxlayaraq Gəncə şəhər 2-ci polis şöbəsinə gətirmişdir. Şöbədə olarkən Təqsirləndirilən şəxs üzərinə müdafiəçisinin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan göy rəngli cins şalvarın sağ yan cibində olan 1 ədəd şəffaf sellofonun içərisindəki 2 ədəd siqaret falqasına və 1 ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş heroini təqdim etmişdir. Onun üzərindən aşkar olunaraq götürülmüş 3 ədəd bükümlərdəki narkotik vasitə zərfdə qablaşdırılmışdır. Sorğu-sual zamanı, o, üzərində aşkar edilmiş heroini iki gün əvvəl Lənkəran şəhər sakini əvvəllər tanıdığı bir nəfər şəxsdən Gəncə şəhərində yerləşən hərbi hissənin qarşısında aldığını bidirmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri satması barədə əməliyyat məlumatı var idi. Lakin, onun üzərindən aşkar edilmiş narkotik vasitənin əldə olunma mənbəyi, o cümlədən onun narkotik vasitələri satdığı şəxsləri müəyyən etmək mümkün olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid1 ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, Gəncə şəhər 2-ci polis şöbəsində krimnalistik təhqiqatlar qrupunun baş inspektoru vəzifəsində xidmət edir. xx.xx.2022-ci il tarixdə saat 14 radələrində 2-ci polis şöbəsinin növbətçi hissəsinin xidmətdə olan məsul növbətçisi, istifadəsində olan mobil telefona zəng edərək, təhqiqat bölməsinin təhiqatçısının xidməti iş otağında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs olduğunu, həmin otağa gedib videoçəkilişlə şəxsi axtarış keçiriləcəyini bildirmişdir. O da, sony markalı videokameranı xidməti iş otağından götürüb təhqiqatçının xidməti iş otağına getmiş, adı sonradan ona məlum olan Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan göy rəngli cins şalvarın sağ yan cibində olan 1 ədəd şəffaf sellofonun içərisindəki 2 ədəd siqaret falqasına və 1 ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş heroini təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 3 ədəd bükümlərdəki narkotik vasitə zərfdə qablaşdırılmış və bu barədə protokol tərtib edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitə qəbul etməkdə, əldə edib üzərində gəzdirməkdə və alqı-satqısında şübhəli olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında onun yerinin müəyyən edilməsi barədə müvafiq əməliyyat-axtarış tədbirləri keçirilməsi qərara alınmışdır. “Şəxsi axtarış və götürülmə aparılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, Kəpəz RPİ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı X6, əməliyyat müvəkkilləri Şahid1, Şahid2 və Müdafiəçi iştirakı ilə şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs hüquqları izah etmiş, daha sonra onun üzərinə şəxsi axtarış aparılacağı elan olunub, üzərində hər hansı bir qanunsuz əşya və ya predmetin olub-olmaması soruşularaq, hər hansı bir qanunsuz əşya və ya predmet olduğu halda könüllü olaraq təqdim etməsi izah edilmiş, həmin vaxt Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan göy rəngli cins şalvarın sağ yan cibində olan 1 ədəd şəffaf sellofonun içərisində olan 2 ədəd siqaret falqasına və 1 ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş narkotik vasitə olan heroinə bənzər kütlələri təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 3 ədəd bükümlərdəki narkotik vasitəyə bənzər kütlələr zərfdə qablaşdırılmış və ağzı möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs sorğu zamanı bildirmişdir ki, ondan aşkar olunub götürülən kütlələr heroindir və narkotik vasitə olan heroini narkotik vasitə alüdəçisi olduğu üçün 2 gün bundan əvvəl Lənkəran şəhər sakini olan tanıdığı İlqar adlı şəxsdən Gəncə şəhərində yerləşən Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin qarşısında N manata almışdır. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 16/392 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroinə bənzər kütlə...” sözləri və imzalar olan kağız paketdəki, bir ədəd gümüşü rəngli kağız bükümdə, 1 ədəd qızılı rəngli kağız bükümdə və 1 ədəd şəffaf polietilen kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 0,649 qram, 0,120 qram, 0,336 qram, ümumi təmiz çəkisi 1,105 qram maddələr, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi” haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasinin Qanunun İ siyahısının 5-ci bəndində heroin adlı narkotik vasitənin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı hədinin 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi isə 2 qram olması göstərilmişdir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 769 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. xx.xx.2022-ci il tarixli, 122-20318-1222 saylı əməliyyat tapşırığına cavab məktubundan görünür ki, bir sıra əməliyyat tədbirləri keçirilməsinə baxmayaraq Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroini haradan və kimdən əldə etməsini, bundan əlavə Təqsirləndirilən şəxs əvvəllər tanıdığı, Lənkəran şəhər sakini İlqar adlı adlı şəxsi müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs Gəncə şəhəri ərazisində narkotik vasitələrin satışı ilə məşğul olması barədə çoxsaylı əməliyyat məlumatları alınmışdır. “Cinayət işinin tövsif edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilmişdir. “Şübhəli şəxsi tutma haqqında” xx.xx.2022-ci il tarixli protokoldan, təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittiham elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2022ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(043)-82/2022 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 02 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli onun şübhəli şəxs qismində tutulduğu xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(043)-126/2022 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 1 ay müddətinə, yəni xx.xx.2022-ci il tarixədək uzadılmışdır. “Sübutların qiymətləndirilməsi haqqında” 04 iyun 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş tədqiqata sərf edildikdən sonra təmiz çəkisi 0,955 qram narkotik vasitə heroin, eləcə də onun üzərinə şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərin əks olunduğu 1 ədəd DVD disk cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamə və Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 1(043)-22/2011 saylı xx.xx.2011-ci il tarixli hökmü ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs bundan əvvəl dörd dəfə cinayət məsuliyyətinə cəlb edilmişdir. Sonuncu dəfə o, Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2013-cü il tarixdə cəzasını çəkib qurtarmışdır. Azərbaycan Respublikası CM-in 83-cü maddəsinə əsasən onun məhkumluğu ödənilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər rayonlararası ruhi-əsəb dispanserindən və Gəncə şəhər rayonlararası narkoloji dispanserindən alınmış arayışlardan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserlərdə qeydiyyatda yoxdur. Gəncə şəhər İcra Hakimiyyətinin MKTB-nin 8 saylı xidmət sahəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Bundan əlavə Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, Konvensiyanın 6-cı maddəsini tətbiq edərkən məhkəmələr hüquq pozuntularının müvafiq orqanlar tərəfindən düzgün tövsif olunub-olunmadığını, pozuntunun xarakterini və təqsirli bilinən şəxsə tətbiq edilən cəzanın ağırlığını araşdırmalıdırlar. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımışdır. Lakin, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni məhz “satış məqsədi ilə” əldə edib üzərində saxlaması və daşımasını təsdiq edən heç bir mötəbər sübut cinayət işinin materiallarında mövcud deyildir. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs həm üzərində şəxsi axtarış keçirilən zaman, həm də şübhəli və ya təqsirləndirilən şəxs kimi ifadələr verərkən onun üzərindən aşkar edilmiş narkotik vasitəni heç kimə satmaq niyyətinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında da eyni məzmunlu ifadə vermişdir. Bundan başqa, cinayət işi üzrə şahid qismində dindirilmiş polis əməkdaşları Şahid1 və Şahid2 da həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı verdikləri ifadələrində Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri satması barədə əməliyyat məlumatı olsa da, onun narkotik vasitəni satdığı şəxsləri müəyyən etməyin mümkün olmadığını bildirmişlər. Bundan başqa, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs ilkin olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutularaq, onun barəsində həmin maddə ilə cinayət işi başlanmışdır. Sonradan onun əməli “Cinayət işinin tövsif edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarla Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilərək, ona həmin maddə ilə ittiham elan edilmişdir. Lakin, qərarın məzmunundan görünür ki, müstəntiq onun əməlini CM-in 234.2-ci maddəsinə tövsif edərkən heç bir əsaslandırma aparmamış, heç bir möbətər sübuta istinad etməmişdir. Bütün bunlar onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilməsi üçün heç bir hüquqi əsas olmadığı halda, müstəntiq əsassız olaraq onun əməlini tövsif etmiş və təqsirləndirilən şəxsə CM-in 234.2-ci maddəsi ilə ittiham elan etmişdir. Müstəntiq tərəfindən qəbul edilmiş “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarda və tərtib edilmiş ittiham aktında təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsini təsdiq edən yeganə sübut kimi Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin əməliyyat tapşırığına xx.xx.2022-ci il tarixli cavab məktubu göstərilmişdir. Həmin məktubda qeyd olunur ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri ərazisində narkotik vasitələrin satışı ilə məşğul olması barədə çox saylı əməliyyat məlumatları alınmışdır. Lakin, məhkəmə qeyd edir ki, qeyd olunan əməliyyat tapşırığına cavab məktubu Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə sübut kimi qiymətləndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə etməsinə dair əməliyyat materialları yalnız «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda, CPM-in tələblərinə uyğun məhkəməyə təqdim edildikdə və məhkəmə tərəfindən əməliyyat-tədbiri qanuni hesab edildikdə, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş material sübut kimi qəbul oluna bilərdi. Odur ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qeyd edilən maddəni əldə edib saxladığına dair məlumatların «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunması, CPM-in tələblərinə uyğun təqdim edilməsi və yoxlanılması müəyyən olunmadığından, əməliyyat tapşırığına cavab məktubu sübut kimi nəzərə alına bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 21.3-cü maddəsinin tələbinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət- Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 349.3 və 349.5-ci maddələrinə əsasən məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Cinayət prosessual qanunvericiliyinin qeyd olunan normalarına əsaslanaraq və iş üzrə toplanmış mövcud sübutları qiymətləndirərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, yəni onun narkotik vasitə olan heroini satış məqsədi ilə əldə edib üzərində saxlaması və daşıması məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. İttiham tərəfi bu barədə hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə olan vəziyyətdə təqsirləndirilən şəxsin narkotik vasitəni satış niyyəti ilə və ya belə niyyət olmadan əldə etməsinə dair şübhələr onun xeyrinə həll edilməlidir. Bununla belə qeyd edilməlidir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində üç ədəd deyil, iki ədəd bükümdə narkotik vasitə aldığını, lakin aldığı bükümləri sellofana qoyarkən narkotik vasitənin bir hissəsi sellofana töküldüyünə görə onun üzərindən aşkar edilmiş narkotik vasitənin üç bükümdə olması kimi rəsmiləşdirilmə aparılmasını qeyd etmişdir. Lakin, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ifadəsi həmin hissədə iş üzrə tədqiq edilmiş digər sübutlarla uzlaşmır. Belə ki, təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində üç ədəd bükümdə narkotik vasitə aldığını və üzərində gəzdirdiyini bildirmişdir. Məhkəmə iclasında tədqiq edilmiş şahid ifadələrində də görünür ki, təqsirləndirilən şəxsin üzərindən üç ədəd bükümdə narkotik vasitə aşkar edilmişdir. Bundan başqa, təqsirləndirilən şəxsin üzərinə baxış keçirilərkən aparılmış videoçəkilişin qeydə alındığı DVD disk tədqiq edilərkən müəyyən olunmuşdur ki, şəxsi axtarış zamanı təqsirləndirilən şəxsin üzərindən bir ədəd sellofanın içərisində - bir ədəd gümüşü rəngli, bir ədəd qızılı rəngli və bir ədəd şəffaf polietilen kəsiyində olmaqla, cəmi üç bükümdə narkotik vasitə heroin aşkar edilmişdir. Odur ki, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin həmin hissəsini məsuliyyətini yüngülləşdirmək məqsədi ilə verilmiş ifadə kimi qiymətləndirir. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə etməsi, saxlaması və daşıması tam sübuta yetirilir. Ona görə də, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməlidir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, məhkumluqları ödənilmiş olsa belə, məhkəmə təqsirləndirilən şəxsin əvvəllər məhz Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə üç dəfə olmaqla, ümumilikdə dörd dəfə məhkum olunmasını onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alır. Belə olan vəziyyətdə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti nəzərə alınmaqla, barəsində yalnız azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası çərçivəsində ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitələrdən sui-istifadə etmə hallarının olması, narkomaniya xəstəliyindən əzab çəkməsi, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacının olması müəyyən edilmiş, bununla belə onun narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülmüşdür. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilərək, yaşağı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Cinayət işi üzrə maddi sübutlar - Gəncə şəhəri Baş Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqata sərf edildikdən sonra qalıq qalmış 0,955 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 32,40 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili X3 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 26 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X1 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 156 manat pul köçürülməlidir. İş üzrə müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 05 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93- 1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. . Cinayət işi üzrə maddi sübutlar - Gəncə şəhəri Baş Polis İdarəsində saxlanılan 0,955 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 32,40 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X2, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X1 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 156 manat məbləğində pul köçürülsün. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) Hökmdən elan edildiyi və ya həbsdə olan şəxsə münasibətdə isə ona təqdim olunduğu gündən 20 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №1(125)-106/2022
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-106/2022
03.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver