Məhkəmə qərarları › İş №1(125)-106/2025

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-106/2025

01.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-106/2025 01.08.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həsənli Məhəmməd Vahid oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, Dövlət ittihamçısı X6, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1971-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə, hazırda Gəncə şəhər 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.2-ci və 234.1ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxt və mənbədən xeyli miqdarda, yəni ümumi təmiz çəkisi 1.123 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq satış məqsədi olmadan əldə edib eyni məqsəd ilə üzərində saxlayaraq daşımış və Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2024-cü il tarixdə, saat 11 radələrində Gəncə şəhəri, Atatürk prospekti 497 ünvanında yerləşən “95” aptekin yaxınlığında saxlanılaraq Gəncə şəhəri, H.Əliyev prospekti 475 ünvanında yerləşən Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparıldıqda əynində əlan qara rəngli idman şalvarının sağ ön yan cibindən 01 ədəd ağ rəngli kağız bükümün içərisində xeyli miqdarda, yəni təmiz çəkisi 1.123 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, sərxoş vəziyyətdə olmaqla xx.xx.2024-cü il tarixdə saat 00:46 dəqiqədə Gəncə şəhəri, Ş.İ.Xətai prosopekti 375C ünvanında yerləşən “Kolyon” şadlıq sarayının qarşısında dayanmış Zərərçəkmiş şəxs1 məxsus “VAZ 2106” markalı, **-KG-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin qapılarının açıq vəziyyətdə və açarın avtomobilin üzərində olmasından istifadə edərək avtomobilin salonuna əyləşib mühərriki avtomobilin mühərrikində olan açar vasitəsilə işə salaraq idarə edib həmin avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirərək qaçırmışdır. Bundan başqa, o, təkrar sərxoş vəziyyətdə xx.xx.2024-cü il tarixdə saat 05:28 dəqiqədə ünvan 6 ünvanında yerləşən 6 saylı orta məktəbin yanında dayanmış Zərərçəkmiş şəxs2 məxsus ’’VAZ 2106" markalı, **-BL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili qaçırmış olduğu Zərərçəkmiş şəxs1 məxsus "VAZ 2106” markalı, **-KG-*** markalı avtomobildən götürdüyü açar vasitəsilə açıb avtomobilin salonuna əyləşmiş və həmin açar vasitəsilə avtomobilin mühərrikini işə salaraq idarə edib həmin avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirərək qaçırmışdır. Məhkəmədə Təqsirləndirilən şəxs özünü ittiham olunduğu Azərbaycan Respublikası CM-in 185.2.2-ci maddəsi ilə təqsirli bilmiş, lakin CM-in 234.1-ci maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, o, baş vermiş cinayət hadisələrini törətdiyi zaman içkili vəziyyətdə olmuş və bu səbəbdən başqa şəxslərə məxsus avtomobilləri sürüb aparmışdır. Həmin avtomobillərin sahiblərini isə tanımamışdır. Törətdiyi cinayət əməllərinə görə peşmandır. Bundan başqa onun üzərindən aşkar edilmiş narkotik vasitə ona məxsus olmamışdır. Onu polis əməkdaşları küçədə saxlayıb polis idarəsinə apardıqları zaman o, içkili vəziyyətdə olmuş və bu səbəbdən narkotik vasitənin onun cibindən necə çıxmasından xəbəri olmamışdır. İstər saxlanılan zaman istərsədə polis idarəsində olarkən polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki yaxud psixi təsir edilməmişdir. Onu saxlayan polis əməkdaşlarının kim olmasını xatırlamır. Sonda məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadə ilə ibtidai istintaq zamanı verdiyi ifadələr arasında ziddiyyət olduğu üçün onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunaraq tədqiq edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, o, əvvəllər Azərbaycan Respublikası CM-nin 234-cü maddəsi ilə məhkum olunmuşdur. Spirtli içki aludəçisidir və tez-tez spirtli içki qəbul edir. xx.xx.2024-cü il tarixdə o, saat 09:00-dan spirtli içki qəbul etməyə başlamış və həmin günü axşam saatlarına qədər evində spirtli içki qəbul etmişdir. O, spirtli içkini tam olaraq içdikdən sonra şəhərə gəzməyə çıxmışdır. O, şəhərdə piyada gəzən zaman X10 küçəsində olarkən küçədə hərəkətsiz vəziyyətdə dayanmış “VAZ 2106” markalı, **-KG-*** nişanlı avtomobilin açarının üzərində olduğunu görmüş və bu zaman həmin avtomobili sürmək istəmişdir. O, həmin avtomobilin qapısını açıb oturmuş və avtomobili işə salıb Gəncə şəhəri ərazisində sürməyə başlamışdır. Həmin avtomobil ilə "Qaraçılar küçəsi” yəni, Gəncə şəhəri, Krupskaya küçəsində olarkən idarəetməni itirmiş və avtomobil yolun sağında olan işıq dirəyinə dəymişdir. Bundan sonra o, avtomobildən düşmüş və həmin avtomobilin açarını özü ilə götürüb piyada gəzməyə başlamışdır. O, şəhərdə gəzə-gəzə Gəncə şəhəri, Nizami küçəsində yerləşən 6 nömrəli orta məktəbin yanına gəlmişdir. Təxminən gecə saat 04:00 radələrində həmin məktəbin yanında yolda başqa bir “VAZ 2106” markalı, **-BL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin dayandığını görmüşdür. O, yenə də həmin avtomobili görüb sürmək qərarına gəlmişdir.Ona görə əvvəl qaçırdığı avtomobildən götürdüyü açarı həmin avtomobilin qapısına salmış və qapını açıb avtomobildə əyləşmişdir. Daha sonra həmin açar ilə avtomobili işə salmış və Bərdə şəhərində yaşayan qızının yanına getmək qərarına gəlmişdir. Avtomobili hərəkətə gətirib Gəncə-Bakı avtomagistral yoluna daxil olub üzü Bakı şəhəri istiqamətində hərəkətə başlamışdır. Onun istəyi Bərdə şəhərinə getmək olmuşdur. O, səhər saatlarında Yevlax şəhərinə çatmış və avtomobilin benzini orada qurtarmış və o, avtomobili hərəkətə gətirə bilməmişdir. Bundan sonra biraz avtomobildə gözlədikdən sonra yaxınlıqda olan yanacaqdoldurma məntəqəsindən 3 litr benzin alıb avtonəqliyyat vasitəsinə tökmüşdür. Bundan sonra avtomobili işə salıb biraz da Yevlax rayonu ərazisində idarə etdikdən sonra avtomobili Yevlax şəhərində olan avtomobil təmiri yerində saxlamışdır. Bundan sonra o, Yevlax rayonu ərazisində piyada gəzməyə başlamış və günorta saatlarında polis əməkdaşları onu saxlayıb Gəncə şəhər BPİ-nə gətirmişlər. O, həmin hadisələri törədən zaman içkili olmuş və baş verənləri tam dəqiq xatırlaya bilməmişdir. Həmçinin, o, uzun müddətdir ki, psixotrop maddə metamfetamindən istifadə edir. Psixotrop maddə metamfetamin onun ağrılarını yüngülləşdirir. Təxminən xx.xx.2024cü il tarixdə yaşadığı evin yaxınlığında piyada gəzən zaman yerdə ağ rəngli kağız büküm diqqətini cəlb etmiş, həmin kağız bükümü yerdən götürüb içərisinə baxan zaman ağ rəngli, kristal şəkilli içərisində “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu görmüşdür. Daha sonra ətrafda heç kəsin onu görməməsindən əmin olduqdan sonra həmin içərisində “patı” kimi tanıdığı psixotrop maddəni gələcəkdə istifadə etməkdən ötrü cibinə qoymuş və həmin psixotrop maddədən bir dəfə istifadə etmişdir. xx.xx.2024-cü il tarixdə saat təxminən 11 radələrində yaşadığı evdən həmin psixotrop maddədən istifadə etmək üçün çıxan zaman Gəncə şəhəri, Atatürk prospektində iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini nümayiş etdirərək polis əməkdaşları olduqlarını və onun qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələr əldə etməkdə, istifadə etməkdə və saxlamaqda şübhəli olduğunu bildirmiş və birlikdə Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin inzibati binasına gedəcəklərini söyləmişlər. Həmin vaxt “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin də üzərində olmuşdur. O, polis əməkdaşlarına heç bir etiraz etməmiş, polis əməkdaşları onu xidməti avtomobillərinə əyləşdirərək Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin inzibati binasınına aparmışlar. Şöbənin inzibati binasında xidməti iş otağında hüquqları izah olunaraq təqdim olunmuş vəkillərin siyahısından vəkil X2 hüquqlarının dövlət hesabına müdafiə olunmasını istəmiş və bu barədə ərizə ilə müraciət etmişdir. Bundan sonra müdafiəçi X5 dəvət olunaraq ona təqdim edilmişdir. Bundan sonra protokol və digər sənədlər tərtib olunmuşdur.O, həmin sənədləri düzgün tərtib edildiyinə görə imzalamışdır. Müdafiəçinin iştirakı ilə onun üzərinə videoçəkiliş ilə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı üzərində narkotik vasitə və ya digər qanunla dövriyyəsi qadağan olunmuş əşya və predmet varsa təqdim etməyi təklif olunmuşdur. O, əynində olan idman şalvarın sağ ön yan cibinin içərisində saxladığı 01 ədəd ağ rəngli kağız bükümdə olan “patı” kimi tanıdığı psixotrop maddəni təqdim etmişdir. Daha sonra o, həmin içərisində “patı” kimi tanıdığı psixotrop maddə olan kağız bükümü təxminən iki gün əvvəl Gəncə şəhərində yaşadığı yerdən tapdığını və polis əməkdaşları tərəfindən saxlanılmamışdan əvvəl həmin psixotrop maddədən istifadə etməkdən ötrü üzərində saxladığını bildirmişdir. Üzərindən aşkar edilmiş bükümdə olan psixotrop maddə metamfetamin tərəzidə çəkilmiş və kağız büküm ilə birlikdə çəkisi 3,8 qram olmuşdur. Bu barədə protokol tərtib olunmuşdur. O və iştirakçılar qablaşdırmanın üzərinə və protokola imza etmişlər. Onun avtonəqliyyat vasitələrini qaçırmaqda heç bir talama məqsədi olmamışdır. O, birinci avtomobili sürmək üçün, ikincini isə Bərdə şəhərinə qızının yanına getmək üçün qaçırmışdır. O, həmin gecə “Kolyon” restoranının qarşısından “VAZ 2106” markalı avtomobili qaçırarkən tək olmuşdur. Lakin, sabaha yaxın Gəncə şəhəri, Nizami küçəsində digər avtomobili qaçırarkən yanında İlahə adlı qız tanışı olmuşdur. İlahə səhər tezdən Nizami küçəsində qabağına çıxmışdır. Həmin avtomobilin qaçırmağından İlahənin xəbəri olmamışdır. O, İlahə ilə əlbir olmamışdır. O İlahəni biraz avtomobildə gəzdirdikdən sonra şəhərin xatırlamadığı yerində düşürmüşdür. Üzərindən aşkar edilmiş təmiz çəkisi 1.123 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin onda olmasından hər hansı bir şəxsin və ya ailə üzvlərinin xəbəri olmamışdır. O, hər hansı bir şəxsə narkotik vasitə və psixotrop maddə satmamış və belə bir niyyəti də olmamışdır. Hazırda yaşadığı evdə və digər yerdə narkotik vasitə, psixotrop maddə və qanunla daşınması, saxlanması qadağan edilmiş maddə yoxdur. Barəsində əməliyyat-axtarış tədbirləri, təhqiqat və rəsmiləşdirmə aparılarkən ona qarşı hər hansı ona qarşı qanunsuz hərəkətlərə yol verilməmiş, bununla bağlı hər hansı bir vəsatəti və şikayəti yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, hadisə baş verən gün işdən evə gəldiyi zaman özünə məxsus ’’VAZ 2106" markalı, **-BL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilini yaşadığı evin qarşısında saxlayıb evə daxil olmuşdur. Həmin vaxt o, avtomobilinin qapılarını kilidləmişdir. xx.xx.2024-cü il tarixdə təxminən saat 09 radələrində yuxudan oyanıb işə gedən zaman qapıya çıxdıqda avtomobilinin yerində olmadığını görmüş və dərhal DİN-nin 102 zəng xidmət mərkəzinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. Daha sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və hadisə yeri müayinə edilmişdir. Onun avtomobili qaçırılan zaman içərisində 15 manat pul olmuşdur. Həmin pul avtomobildən götürülməmişdir. Hadisə nəticəsində onun avtomobili olduğu kimi geri qaytarılmışdır. O, avtomobilini yoxlamış və avtomobilinə hər hansı bir ziyan dəyməmişdir. Onun Təqsirləndirilən şəxs barəsində heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 Vuqar oğlu ifadəsində göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə həmişəki qaydada işə getmiş və özünə məxsus “VAZ 2106” markalı, **-KG-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilini Gəncə şəhərində “Kalyon” restoranının qarşısında saxlamışdır.Həmin vaxt o, avtomobilin işə salınmasında problem olduğu üçün avtomobilin açarını üzərində qoyub işə getmişdir. xx.xx.2024-cü il tarixdə saat 00:30 radələrində işdən çıxıb evə getmək üçün avtomobilinə yaxınlaşmaq istəyəndə avtomobilin orada olmadığını görmüş və DİN-in 102 xidmətinə müraciət etmişdir. Polisin apardığı araşdırma ilə avtomobili tapılaraq özünə qaytarılmışdır. Hadisə zamanı onun avtomobilinə təxminən 950 manat məbləğində maddi ziyan dəymiş və dəymiş ziyan ödənilməmişdir. O, vurulan ziyanın ödənildiyi halda Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmayacaqdır. Məhkəmədə Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə etməsi və üzərində daşıması, saxlması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə o, raportla rəhbərliyə məlumat verdikdən sonra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul etmişdir. Bundan sonra əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Gəncə şəhəri Atatürk prospektində yerləşən 95 saylı aptekin yaxınlığında olmasını müəyyən etmiş və Təqsirləndirilən şəxs əməliyyat müşahidəsinə götürüb ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edib, barəsində qəbul olunmuş təxirə salınmaz əməliyyat-axtarış tədbirlərinə dair qərarla onu tanış etmiş və üzərində psixotrop maddə və narkotik vasitə saxlamasında şübhəli olduğunu bildirib onu Gəncə şəhəri BPİ-nin 1-ci Polis Şöbəsinə aparmışlar. Təqsirləndirilən şəxs üzərinə baxış keçirməzdən əvvəl hüquqlarını müdafiə etmək məqsədilə müdafiəçi ilə təmin olunmuşdur. İlkin olaraq Təqsirləndirilən şəxs şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla qadağan olunmuş hər hansısa əşya yaxud predmet varsa təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində olan psixotrop maddə metamfetaminə bənzər kütləni onlara təqdim etmişdir. Sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs həmin bükümün içərisində “patı” adlandırdığı psixotrop maddə olan metamfetamin olduğunu və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Şahid2 ona verilən suallara cavab olaraq bildirmişdir ki, onlar Təqsirləndirilən şəxs saxladıqları zaman Mövsüm onlara heç bir müqavimət göstərməmiş və Mövsüm narkotik vasitə istifadə etdiyini onlara bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə tərəflərin razılığı ilə ifadəsi tədqiq edilmiş Şahid1 istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, Təqsirləndirilən şəxs tanıyır. xx.xx.2024-cü il tarixdə səhər saatlarında o, içkili vəziyyətdə olmuş və Nizami küçəsində Mövsümlə qarşılaşmışdır. Mövsümdə içkili olmuşdur. Onlar biraz zarafat etdikdən sonra Gəncə şəhəri, Nizami küçəsi ilə hərəkət etmişlər. Bu zaman Mövsüm yolun qırağında dayanmış “VAZ 2106” markalı, dövlət qeydiyyat nömrəsini xatırlamadığı avtomobilin qapısını əlində tutduğu açar vasitəsilə açmış və ondan oturmağını istəmişdir. O da avtomobili əlindəki açar vasitəsilə açdığını gördüyü üçün həmin avtomobilin Mövsümə məxsus olduğunu düşünmüşdür. Ona görə də həmin avtomobilin sərnişin yerinə əyləşmişdir. Bir neçə dəqiqə Mövsüm avtomobili işə salıb isitdikdən sonra onlar hərəkətə başlamışlar. Bir qədər şəhər daxilində həmin avtomobil ilə hərəkət etdikdən sonra Mövsüm onu hazırda xatırlamadığı yerdə düşürmüşdür. O da küçə ilə hərəkət edib evinə getmişdir. Bundan sonra Təqsirləndirilən şəxs görməmişdir. Onun Mövsümün hər hansı bir cinayət əməli törətməsi haqqında heç bir məlumatı yoxdur. O, hadisə vaxtı içkili vəziyyətdə olmuş və Mövsüm avtomobilin qapısını özü əlində olan açarla açdığı üçün o, avtomobilin qaçırılmasından şübhələnməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə tərəflərin razılığı ilə ifadəsi tədqiq edilmiş Şahid3 istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 16 may 2024-cü il tarixdə ünvan 8 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə etməsi və üzərində daşıması, saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Bundan sonra şöbənin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 16 may 2024-cü il tarixdə, saat 11:00 dəqiqədə Təqsirləndirilən şəxs Gəncə şəhəri, Atatürk ospektində yerləşən 95 saylı aptekin yaxınlığında olmasını müəyyən etmiş və Təqsirləndirilən şəxs əməliyyat müşahidəsinə götürüb ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim etmiş, barəsində qəbul olunmuş təxirə salınmaz əməliyyat-axtarış tədbirlərinə dair qərarla onu tanış etmiş və üzərində psixotrop maddə və narkotik vasitə saxlamasında şübhəli olduğunu bildirib onu Gəncə şəhəri BPİ-nin 1-ci Polis Şöbəsinə aparmışlar. Təqsirləndirilən şəxs üzərinə baxış keçirməzdən əvvəl hüquqlarını müdafiə etmək məqsədilə müdafiəçi dəvət edilmiş və şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla qadağan olunmuş hər hansısa əşya, yaxud predment varsa təqdim etməsi Mövsümə təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarın sağ ön yan cibindən 01 ədəd ağ rəngli kağız bükümü təqdim etmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə baxış zamanı həmin bükümün içərisində psixotrop maddə olan metamfetaminə bənzər kütlə olması müəyyən edilmişdir. Sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs həmin bükümün içərisində “patı” adlandırdığı psixotrop maddə olan metamfetamin olduğunu və 02 gün əvvəl, yəni xx.xx.2024-cü il tarixdə yaşadığı küçədə yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bilmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi ağ rəngli kağız bükümü elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin 3.8 (üç tam onda səkkiz) qram olduğu müəyyən edilmişdir. Həmin sellofan büküm içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmışdır. Bundan sonra həmin 01 ədəd kağız zərfin üzəri möhürü ilə möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş: -“Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 16 may 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. -“Şübhəli şəxsin tutulması haqqında” 16 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli olduğu üçün 16 may 2024-cü il tarixdə saat 11:40-da tutulmuşdur. -“Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 17 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. -“Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və onun MSY-dən azad edilməsi haqqında” 17 may 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, saxlanıldığı Gəncə şəhər BPİ-nin MSY-dən azad edilmişdir. -“Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 02 iyun 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. -“Şübhəli şəxsin tutulması haqqında” 02 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli olduğu üçün 02 iyun 2024-cü il tarixdə saat 16:30-da tutulmuşdur. -“Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 03 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. -“Cinayət işlərinin bir icraatda birləşdirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 02 iyun 2024-cü il tarixli qərardan görünür ki, Gəncə şəhər BPİ-nin İTİdə araşdırılan ********* nömrəli cinayət işi icraatda olan ********* nömrəli cinayət işinə birləşdirilmiş və cinayət işi üzrə əməl AR-nın CM-nin 185.1-ci maddəsindən AR-nın CM-nin 185.2.2-ci maddəsinə tövsif olunmuşdur. -“Cinayət işlərinin bir icraatda birləşdirilməsi və iş üzrə əməlin tövsif edilməsi haqqında” 03 iyun 2024-cü il tarixli qərardan görünür ki, Gəncə şəhər BPİ-nin İTİ-də araşdırılan ********* nömrəli cinayət işi icraatda olan ********* nömrəli cinayət işinə birləşdirilmiş və cinayət işi üzrə əməl AR-nın CM-nin 185.2.2-ci maddəsindən AR-nın CMnin 234.1 və 185.2.2-ci maddələrinə tövsif olunmuşdur. -Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə, yəni 02 sentyabr 2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. - Gəncə Şəhər Məhkəməsinin 30 avqust 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 01 (bir) ay müddətinə, yəni 02 sentyabr 2024-cü il tarixdən 2024-cü il tarixdən 02 oktyabr 2024-cü il tarixədək uzadılmışdır. - Gəncə Şəhər Məhkəməsinin 26 sentyabr 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 02 (iki) ay müddətinə, yəni 02 dekabr 2024-cü il tarixədək uzadılmışdır. - Gəncə Şəhər Məhkəməsinin 29 noyabr 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 01 (bir) ay, yəni 02 yanvar 2025-ci il tarixədək uzadılmışdır. - Gəncə Şəhər Məhkəməsinin 29 dekabr 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 02 yanvar 2025-ci il tarixdən 22 yanvar 2025-ci il tarixədək uzadılmışdır. -Gəncə Ağır Cinayət Məhkəməsinin 07 avqust 2015-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 317- 2.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 08 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. -16 may 2024-cü il tarixli 16/586 nömrəli məhkəmə-kimyəvi ekspertizası rəyindən görünür: Tədqiqata təqdim edilmiş, üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə...” yazılar və imzalar olan kağız paketdəki, 01 (bir) ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 1,123 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. - Məhkəmə-narkoloji ekspertizasının 27 may 2024-cü il tarixli 916 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. -xx.xx.2024-cü il tarixli “videogörüntüyə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə Gəncə şəhər BPİ-nin 1-ci PŞ-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman qeydə alınmış video görüntünü özündə əks etdirən 01( bir) ədəd DVD diskə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin. TB-nin təhqiqatçısı, polis mayoru X8. Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin CAB-ın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin CAB-ın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3, Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili X1 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir. Şəxsi axtarış keçirilməzdən qabaq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələrinin az öncə izah edildiyini və hüquqlarının aydın olduğunu bildirdilər. Bundan sonra sorğu zamanı Təqsirləndirilən şəxs qolunu xx.xx.2024-cü il tarixdə yaşadığın evin məhləsində yıxılaraq sındırdığını bildirir. Daha sonra Təqsirləndirilən şəxs və müdafiəçisi Nadim Heydərov hüquq və vəzifələrə dair bildirişi imza edirlər. Bundan sonra Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya və predmet varsa təqdim etməsi təklif olunur. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ ön kiçik cibindən bir ədəd gümüşü rəngli kağız bükümü təqdim edir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlənin “patı" olduğunu bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd gümüşü rəngli kağız bükümdə olan ilk baxışdan psixotrop maddə matemfetaminə bənzər kütlə tərəzidə çəkilir və həmin kütlənin kağız büküm ilə birlikdə ümumilikdə çəkisi 1,40 qram olması müəyyən edilir. Daha sonra gümüşü rəngli kağız bükümə baxış keçirilir və həmin büküm açılır və içərisindən ilk baxışdan kristal şəkilli ağ rəngli psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ilk baxışdan psixotrop maddə metamfetaminə bənzər kütləni tutulmamışdan üç-dörd gün əvvəl bazarın yaxınlığından tapdığını, həmin psixotrop maddə metamfetamini tanıdığını, həmin psixotrop maddə metamfetamindən heçkəsə satmadığı, heçkəsə pay vermədiyini, heçyerdə başqa narkotik vasitə və psixotrop maddə saxlamadığını və həmin kütlənin onun üzərində olduğundan heçkəsin xəbəri olmadığını və narkotik vasitədən əvvəllər istifadə etdiyi üçün həmin psxiotrop maddə metamfetamini şəxsi istifadəsindən ötrü üzərində saxladığını bildirir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilsə də qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar edilmir. Ona hər hansı bir fiziki və ya psixi təsirin olub-olmadığını soruşan zaman Təqsirləndirilən şəxs ona qarşı heç bir psixi, fiziki təsirin olmadığını və üzərindən aşkar edilmiş kütlənin ona məxsus olmasını bildirir. Bundan sonra həmin kütlə müvafiq qaydada qablaşdırılaraq möhürlənir və imzalarla təsdiq edilir. -xx.xx.2024-cü il tarixli “videogörüntüyə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Gəncə BPİ-nin TŞK-dən əldə edilmiş 01 ədəd DVD diskə baxış zamanı müəyyən edildi ki, diskdə olan GQ1-012-2024-06-02 saylı fayldan görünür ki, gecə saatlarında Gəncə şəhəri, Şah ismayil Xətai prospektində qara rəngli paltarda olan kişi cinsinə mənsub bir nəfər küçə ilə hərəkət edir, həmin şəxs hərəkət zamanı özünün sağ tərəfində olan qara rəngli markası və dövlət qeydiyyat nömrə nişanı görünməyən avtomobilə yaxınlaşır. Bir müddət avtomobilə baxdıqdan sonra avtomobilə əyləşir. Həmin kişi cinsli şəxs avtomobilə əyləşdikdən sonra ilk öncə avtomobilin sol tərəf istiqamət verici işığını yandırır. Daha sonra isə avtomobilin sağ istiqamət verici işığını yandıraraq X10 prospekti ilə avtomobili idarə etməyə başlayır. Həmin yolda digər avtomobillər də hərəkətdə olur. Biraz irəli gəldikdən sonra məlum olur ki, həmin maşının markası “VAZ-2106”-dır və həmin şəxs avtomobilin ön işıqlarını yandırmadan avtomobili idarə edir. Bundan başqa ikinci GTS-170 3-20xx-xx-0205h24min00s000ms adlı fayla baxış zamanı isə xx.xx.2024-cü il tarixdə saat 05:25 dəqiqədə iki nəfər biri kişi cinsinə mənsub qara rəngli şalvar və qara rəngli köynək geyinmiş, əlində ağ rəngli paket olmaqla, digəri isə qadın cinsinə mənsub boz rəngli şalvar və qara rəngli köynək geyinmiş şəxslər Gəncə şəhəri, Nizami küçəsi ilə yolun hərəkət hissəsində hərəkət edir. Biraz irəlilədikdən sonra kişi cinsli şəxs yolun sağ hissəsində dayanmış ağ rəngli "VAZ-2106'' markalı və dövlət qeydiyyat nömrə nişanı görünməyən avtomobilə yaxınlaşır. Sonra həmin şəxs avtomobilin sürücü yerində, qadın isə sərnişin yerində əyləşirlər. Biraz sonra qadın maşından düşür ətrafa baxaraq yenidən maşına əyləşir. Sonra isə Gəncə şəhəri, Nizami küçəsi ilə maşını idarə etməyə başayır. Həmin yolda digər avtomobillər də hərəkətdə olur. - DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2011-ci il tarixdə Göygöl rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, bundan başqa o, xx.xx.2013-cü il tarixdə Gəncə şəhər Nizami rayon Məhkəməsinin hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2024-cü il tarixdə Qaradağ rayon məhkəməsinin qərarı ilə 03 ay 23 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Həmçinin o, xx.xx.2025-ci il tarixdə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.4.3,317-2.1. 65.2,67,66.3-cü maddələri ilə təqsirli bilinərək 08 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixdə qərarı ilə 01 ay 12 gün vaxtından əvvəl şərti azad edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Narkoloji dispanserindən alınmış xx.xx.2024-cü il tarixli, 1867 saylı arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs Narkoloji dispanserdə qeydiyyatda durmur. - Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanserindən alınmış xx.xx.2024-cü il tarixli 4199 nömrəli arayışdan aydın olur ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadəsində psixotrop maddə yaxud narkotik vasitə istifadə etmədiyini və saxlanıldığı zaman üzərində olan psixotrop maddənin onun olmadığını bildirməsi barədə ifadəsinə tənqidi yanaşaraq qeyd edir ki, bunu təqsirləndirilən şəxs ağlabatan şəkildə izah edə bilməmişdir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı və mötəbər hesab edir. Məhkəmə həmin dəlilləri aşağıdakılara əsasən əsassız hesab edir: Məhkəmə iclasında tərəflərin iştirakı ilə DVD diskə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli idman şalvarın sağ ön yan cibindən 01 (bir) ədəd ağ rəngli kağız bükümdə olan psixotrop maddə olan metamfetaminə bənzər kütləni çıxarıb təqdim etməsi öz təsdiqini tapmışdır. Bundan başqa işdə olan məhkəmə-narkoloji ekspertizasının 27 may 2024-cü il tarixli 916 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Həmçinin işdə olan DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllərdə iki dəfə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayəti tərətdiyinə görə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı CM-nin 234.1-ci maddəsinə münasibətdə özünü təqsirli bilməyərək ifadəsində üzərindən aşkar edilmiş psixotrop maddə-metamfetaminin ona məxsus olmadığını, psixotrop maddə yaxud narkotik vasitə istifadə etmədiyini, həmin psixotrop maddənin onun cibinə qoyulduğunu və içkili olduğu üçün onun cibinə necə qoyulduğunu bilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi sonuncu ifadə ilə ibtidai istintaq zamanı həm şübhəli, həm də təqsirləndirilən şəxs qismində verdiyi ifadələr, məhkəmə istintaqı zamanı ilkin verdiyi ifadə arasında ziddiyyətlər olduğundan, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilərək tədqiq edilmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxsin psixotrop maddəni polis əməkdaşlarının onun cibinə qoyması ilə bağlı vermiş olduğu ifadəsi məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarla öz təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsi tədqiq edilmiş digər mötəbər sübutlarla ziddiyyət təşkil etdiyindən, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Bundan başqa iş materiallarında olan DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2011 -ci il tarixdə Göygöl rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Həmçinin o, xx.xx.2013-cü il tarixdə Gəncə şəhər Nizami rayon Məhkəməsinin hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2024-cü il tarixdə Bakı şəhər Qaradağ rayon məhkəməsinin qərarı ilə 03 ay 23 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Bundan başqa o, xx.xx.2025-ci il tarixdə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.4.3, 317-2.1, 65.2, 67, 66.3-cü maddələri ilə təqsirli bilinərək 08 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 01 ay 12 gün vaxtından əvvəl şərti azad edilmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, maddi sübutlar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmiş və onun əməli Azərbaycan Respublikasının 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bundan başqa təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcələsinin 185.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən sübutlarla, təqsirləndirilən şəxsin etirafedici ifadəsi, zərərçəkmiş şəxslər, şahid ifadələri ilə tam şəkildə sübuta yetirilmişdir. Ekspertiza rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisələri törədilmişdir, törədilmiş cinayət hadisələri ilə əlaqədar təqsirləndirilən şəxsin əməllərində cinayət tərkibi vardır, cinayət əməllərinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.2-ci maddəsinə əsasən avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan təkrar qanunsuz ələ keçirmə (qaçırma)—üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma -bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, zərərçəkmiş şəxslərin və şahid ifadələrinə, ekspertiza rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisələri törədilmişdir, törədilmiş cinayət hadisələri ilə əlaqədar təqsirləndirilən şəxsin əməllərində cinayət tərkibi vardır, cinayət əməllərinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetirilir, onun törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 185.2.2-ci və 234.1-ci maddələri ilə tövsif edilmişdir. Beləliklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.2-ci və 234.1-ci maddələrində göstərilən cinayət əməllərini törətməkdə təqsirlidir və əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin CM-nin 59-cu maddəsinə əsasən cinayət işi üzrə zərərçəkmiş şəxslərdən biri ilə barışıq əldə etməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən əməlində cinayətlərin təhlükəli residivinin olmasını və cinayəti təkrar törətməsini onun cəzasını ağırlaşdıran hallar kimi nəzərə alır. Bundan başqa məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.2-ci və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın qanunvericilikdə müəyyən edilmiş həddə təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hallara diqqət yetirərək nəzərə alır ki, təqsirləndirilən şəxs əvvəllər dəfələrlə cinayət məsuliyyətinə cəlb edilmiş, məhkum olunmuş və məhkumluğu ödənilməmişdir. Onun dəfələrlə cinayət əməlini törətməsi, törətdiyi əməllərə tənqidi yanaşmadığını və ona verilən cəzalardan nəticə çıxarmadığını, islah olunmağa meylli olmadığını göstərir. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 185.2.2-ci və 234.1-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 16 may 2024-cü il tarixdən 17 may 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tutulduğu 02 gün müddət azadlıqdan məhrum etmə cəzasının bir gününə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan 02 gün çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli 02 iyun 2024-cü il tarixdən hesablanmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Həmçinin məhkəmə işdə olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd VAZ-2106 minik markalı, **-KG-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil, 01 ədəd VAZ- 2106 markalı, **-BL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillərin ibtidai istintaq zamanı sahiblərinə qaytarılması nəzərə alınmalı, bundan başqa iş üzrə maddi sübut olan Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan ekspertizadan sonrakı qalığı 1.023 qram olan psixotrop maddə - metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Həmçinin Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən iş üzrə maddi sübut olan 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 32 (otuz iki) manat 40 (qırx) qəpik pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmədə 24 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına (xx.xx.2018-ci il tarixli, 202 nömrəli qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün (10 saat) 6 manat hesablanmaqla 60 (altmış) manat və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli, 141 nömrəli qərarına (xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün (14 saat) 11 manat hesablanmaqla 154 (yüz əlli dörd) manat, ümumilikdə həmin müdafiəçinin işlədiyi vəkil bürosunun hesabına cəmi 214 (iki yüz on dörd) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.2-ci və 234.1 maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.2.2-ci maddəsi ilə 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 02 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 04 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 16 may 2024-cü il tarixdən 17 may 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılaraq onun üzərində qəti olaraq 03 (üç) il 11 (on bir) ay 28(iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 02 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan 01 ədəd VAZ-2106 minik markalı, **-KG-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil, 01 ədəd VAZ-2106 markalı, **-BL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillərin sahiblərinə qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut – Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan ekspertizadan sonrakı qalığı 1.023 qram olan psixotrop maddə - metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 02 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci, ekspertiza tədqiqatının dəyəri olan 32 (otuz iki) manat 40 (qırx) qəpik pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçi işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 214 (iki yüz on dörd) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə verildiyi) andan 20 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə, müddətin başa çatdığı gündən sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Məhəmməd Həsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar