Məhkəmə qərarları › İş №1(125)-107/2022

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-107/2022

22.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-107/2022 22.09.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, xx.xx.1992-ci ildə Kəlbəcər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, Fizuli rayon məhkəməsinin 04 mart 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Kəlbəcər rayonu Əmirallar kəndində pasport qeydiyyatında olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs təkrarən aldatma yolu ilə özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. Belə ki, o, aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Ağtafa rayonu Qaçaq Nəbi kənd sakini “İkinci Qarabağ müharibəsi” iştirakçısı olmaqla döyüş əməliyyatlarında yaralanmış Zərərçəkmiş şəxs1 ilə sonuncunun stasionar müalicə aldığı Bakı şəhərində yerləşən Mərkəzi hərbi klinik hospitalda görüşüb, özünü həmin hospitalın həkim köməkçisi kimi təqdim edib, xəstəliyi ilə bağlı 1-ci qrup əlillik dərəcəsi verilməsinə köməklik edəcəyi barədə yalan vədlər verərək Zərərçəkmiş şəxs1 inandırıb, vahid niyyətdə əhatə olunan qəsdlə istintaqa dəqiq məlum olmayan tarixdə yəni, 2020-ci ilin noyabr və dekabr ayları ərzində Bakı şəhərində Zərərçəkmiş şəxs1 1500 manat nəğd pul almış, bundan sonra "xxxx" MMC-nin Ağstafa rayon şöbəsindən xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs1 tanışı X13 vasitəsilə 165 manat, xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 bibisi Şahid2 vasitəsilə 150 manat, xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 anası Şahid1 vasitəsilə 70 manat və 100 manat, xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 tanışı Şahid3 vasitəsilə 250 manat, xx.xx.2021-ci il tarixdə Şahid3 vasitəsilə 200 manat, xx.xx.2021-ci il tarixdə Şahid1 vasitəsilə 75 manat, Şahid2 vasitəsilə xx.xx.2021-ci il tarixdə 330 manat, xx.xx.2021-ci il tarixdə 50 manat və 50 manat, xx.xx.2021-ci il tarixdə 50 manat, xx.xx.2021-ci il tarixdə 200 manat, xx.xx.2021-ci il tarixdə 320 manat pul göndərilməsini tələb edərək, daha sonra istintaqa dəqiq məlum olmayan vaxtda, yəni 2021-ci ilin mart ayında Zərərçəkmiş şəxs1 Ağstafa rayonu ərazisində 70 manat nəğd pul alaraq, ümumilikdə Zərərçəkmiş şəxs1 3580 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu vəzifəsində işləyən X1 müalicə aldığı Bakı şəhərində yerləşən Mərkəzi hərbi klinik hospitalda görüşüb özünü həmin hospitalın həkim köməkçisi kimi təqdim edərək əvvəlcə N.Qasımlı, daha sonra sonuncunun atası Zərərçəkmiş şəxs2 ilə əlaqə saxlayaraq oğlunu xəstəliyi ilə bağlı pensiyaya çıxarılmasına köməklik edəcəyi barədə yalan vədlər verərək inandırıb, vahid niyyətlə əhatə olunan qəsdlə istintaqa dəqiq məlum olmayan tarixdə ondan hissə-hissə yəni, 2020-ci ilin noyabr və dekabr ayları ərzində Bakı şəhərində N.Qasımlıdan 150 manat və sonuncunun əmisi X7 400 manat nəğd pul almış, bundan sonra "xxxx" MMC-nin Gədəbəy rayon şöbəsindən adına 28 dekabr 2020-ci il tarixdə 245 manat, Gədəbəy rayonundan “Milliön” elektron ödəmə sistemi vasitəsilə adına olan **********726510 nömrəli kart hesabına 01 yanvar 2021-ci il tarixdə 70 manat, 02 yanvar 2021-ci il tarixdə 100 manat, 05 yanvar 2021-ci il tarixdə 21 manat, Azərpoçt MMC-nin Gədəbəy rayon şöbəsindən adına 15 yanvar 2021-ci il tarixdə 50 manat, 18 fevral 2021-ci il tarixdə Gəncə şəhərində “Milliön” elektron ödəmə sistemi vasitəsilə adına olan **********726510 nömrəli kart hesabına 30 manat, Zərərçəkmiş şəxs2 bacısı oğlu X6 məxsus kart hesabından **********726510 nömrəli kart hesabına 21 fevral 2021-ci il tarixdə 400 manat və 22 aprel 2021-ci il tarixdə 200 manat, Azərpoçt MMC-nin Gədəbəy rayon şöbəsindən adına 23 fevral 2021-ci il tarixdə 320 manat, 04 mart 2021-ci il tarixdə 700 manat, 05 mart 2021-ci il tarixdə 70 manat, tanışı X14 adına 16 mart 2021-ci il tarixdə 150 manat və 17 mart 2021ci il tarixdə 50 manat, 21 mart 2021-ci il tarixdə Gəncə şəhərində “E-manat” ödəmə sistemi vasitəsilə adına olan **********726510 nömrəli kart hesabına 20 manat, istintaqa dəqiq məlum olmayan tarixdə yəni, 2021-ci ilin mart ayında Gəncə şəhərində görüşərək nəğd şəkildə iki dəfəyə 500 manat, “Milliön” elektron ödəmə sistemi vasitəsilə 2021-ci ilin mart ayında iki dəfəyə 360 manat, Gədəbəy rayonundan “Milliön” elektron ödəmə sistemi vasitəsilə adına olan **********726510 nömrəli kart hesabına 01 aprel 2021-ci il tarixdə 90 manat, 02 aprel 2021-ci il tarixdə 60 manat, 06 aprel 2021-ci il tarixdə tanışı X4 adına olan ****10196115 nömrəli kart hesabına 50 manat və 10 aprel 2021-ci il tarixdə 30 manat və "xxxx" MMC-nin Gədəbəy rayon şöbəsindən adına 15 aprel 2021-ci il tarixdə 60 manat pul göndərilməsini tələb edərək, xx.xx.2021-ci il tarixdə 715316 saylı qəbzlə Gəncə şəhəri ərazisində AZ2010 saylı poçt şöbəsindən götürməklə ümumilikdə Zərərçəkmiş şəxs2 4077 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları və işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Kəlbəcər rayonu Əmirallar kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayır, hal-hazırda heç yerdə işləmir. Ona dəqiq məlum olmayan tarixdə yəni, 2020-ci ilin noyabr-dekabr aylarında Bakı şəhərində yerləşən Mərkəzi Hərbi klinik hopsitala xalası oğlu Eldəniz Məhərrəmovun xəstəlik sənədini almaq üçün getmiş, sənəd işləri ilə bağlı bir neçə gün orada olmuşdur. Həmin xəstəxanada olduğu müddətdə Cahangir adlı həkimlə aralarında tanışlıq münasibətləri yaranmış, bundan başqa orada müalicə alan Zərərçəkmiş şəxs1 ilə tanış olmuşdur. Qoşqar gözdən əlillik dərəcəsi almaqla pensiyaya çıxmaq istədiyini bildirmiş, o, isə xəstəxananın həkimi Cahangirlə tanışlığı olduğunu, sonuncunun vasitəsilə Qoşqara köməklik edə biləcəyini söyləmiş, Qoşqar da onunla razılaşmışdır. O, himayəsində olan qızı Xanım Bəylərlinin “skalioz” xəstəliyindən əziyyət çəkdiyini, qızının müalicəsi üçün külli miqdarda pullar xərcləndiyini, həmin ərəfələrdə qızının müalicəsi üçün xeyli miqdarda pul lazım olduğunu, bu zaman Qoşqarın pulunu ələ keçirib qızının müalicəsi üçün xərcləməyi fikirləşmişdir. Qoşqara sənədlərin hazırlanması və həkimə vermək üçün pul lazım olduğunu demiş, Qoşqar isə həmin müddətdə yəni 2020-ci ilin noyabr-dekabr ayları ərzində ona cəmi 800 manat pul vermiş, bir müddət sonra Qoşqar müalicəsini başa çatdırıb, xidmət etdiyi hərbi hissəyə getmişdir. Ancaq o, Qoşqarla yenə də telefon əlaqəsi saxlamamış, 2020-ci ilin dekabr və 2021-ci ilin yanvar ayları ərzində Qoşqara sənədləri yazdırmaq üçün pul lazım olduğunu bildirmiş, müxtəlif vaxtlarda Qoşqarın anası və yaxınları tərəfindən ona poçt vasitəsilə göndərilən pulu Bakı və Gəncə şəhərlərində qəbul etmişdir. O, həmin müddətdə Qoşqarın hərbi xidmətdən təxris olunması üçün sənəd almış, sonra həmin sənədi Xocavənd rayonu Hadrut qəsəbəsində yerləşən hərbi hissəyə aparmış, sənədi Qoşqara verəndən sonra Qoşqar təxris olunub evinə getmişdir. Təxminən 15 gün sonra Qoşqarla Bakı şəhərində görüşmüş, hərbi hospitalda Qoşqara əlillik dərəcəsi və sığorta pulu verilməsi üçün lazım olan sənədləri toplamışlar. 2021-ci ilin mart ayında Qoşqarla Ağstafa rayonunda görüşmüş, sənədlərini toplamaq üçün 70 manat xərclədiyini demiş və həmin məbləğdə pulu Qoşqardan almışdır. Bununla da o, Qoşqardan əlillik dərəcəsi verilməsi adı ilə ümumilikdə 3000 manat pul almışdır. Qoşqar həmin sənədlər əsasında ona məlum olmayan məbləğdə sığorta pulu almış, Qoşqara gözünə görə 3-cü qrup əlillik dərəcəsi almasına köməklik etmişdir. O, həmin pulları verdiyi tarixləri və konkret olaraq hansı şəxsə hansı məbləğdə pul verdiyini xatırlamır, bundan başqa Hərbi hospitalın həkimi Cahangir adlı şəxsə 1500 manat pul vermiş, Cahangir həkimlə mütamadi olaraq müxtəlif şəxslərin işlərini görmüş, lakin sonradan Cahangir həkimlə aralarında narazılıq yaranmış, sonra Cahangir həkim onu qəbul etməmişdir. Lakin Qoşqara 3-cü qrup əlillik dərəcəsi verilmiş, Qoşqar isə ona zəng edib narazılığını bildirmiş, Qoşqar ona 1-ci qrup əlillik dərəcəsi verilməyini istəmişdir. Bu səbəbdən istifadəsində olan ********** saylı nömrəni sındırmış, bundan sonra Qoşqar onunla əlaqə saxlaya bilməmiş, sonradan isə Qoşqarın onun barəsində şikayət etdiyi ona məlum olmuşdur. Bundan başqa o, barəsində şikayət etmiş Zərərçəkmiş şəxs2 da tanıyır. O, dəqiq xatırlamadığı tarixdə yəni, 2020-ci ilin noyabrdekabr aylarında yenə də Hərbi klinik hospitalda olarkən orada müalicə alan X19 ilə tanış olmuşdur. Nurlan da böyrəkləri soyuqladığı üçün xəstəxanada müalicə almış, söhbət əsnasında Nurlan ona bildirmişdir ki, “elə bir tanış olsa xəstəliyimlə bağlı pensiyaya çıxardım”. Nurlan bu təklifi etdiyi vaxt onun pula ehtiyyacı olduğu üçün Nurlanı aldadıb pulunu ələ keçirmək qərarına gəlmişdir. Bu məqsədlə Nurlana özünü həkim köməkçisi kimi təqdim etmiş, Nurlanı xəstəliyi ilə bağlı 4000 manat pul müqabilində pensiyaya çıxaracağını söyləmişdir. Nurlan da onunla razılaşıb, sonra onun telefonu ilə atası Zərərçəkmiş şəxs2 zəng etmiş, Hüseynlə özü də telefon əlaqəsi yaratmışdır. O, Hüseynə oğlu Nurlanı pensiyaya çıxarmağı müqabilində 4000 manat pul verməsini bildirmiş, sonuncuda razılaşmış, ancaq pulu hissə-hissə verəcəyini bildirmişdir. Hüseyn Bakı şəhərində olan qardaşı Həsəni onunla görüşməsi üçün göndərmiş, o, Həsənlə də hospitalın qarışısında görüşüb, Nurlanı pensiyaya çıxaracağına inandırmışdır. Həmin gün Həsən ona ilkin olaraq 200 manat pul da vermiş, bundan bir neçə gün sonra Gəncə şəhərinə gəlib, Zərərçəkmiş şəxs2 özü ilə görüşmüşdür. Hüseyn də ona 200 manat pul vermişdir. Bundan sonra Zərərçəkmiş şəxs2 oğlunu pensiyaya çıxarmağı üçün cəmi 3200 manat pul almış, Hüseyn həmin pulları ona məxsus "xxxx" ASC kart hesabı və poçt vasitəsilə göndərmişdir. Sonuncu dəfə 14 aprel 2021-ci il tarixdə poçt vasitəsilə 60 manat pul göndərmiş, həmin pulu Gəncə şəhəri mərkəzi poçt şöbəsində qəbul etmiş, bundan sonra dəqiq yadında qalmayan tarixdə yəni, 2021-ci ilin may ayında Zərərçəkmiş şəxs2 Bakı şəhərinə gedib oğlunu gətirəcəyini bildirərək 50 manat pul istəmiş, 03 may 2021-ci il tarixdə Hüseyn poçt vasitəsilə 50 manat da göndərmiş, həmin pulu xx.xx.2021-ci il tarixdə Bakı şəhərində hərbi hospitalın yaxınlığında yerləşən poçt şöbəsində qəbul etmiş, lakin Nurlanın işini həll edə bilməmiş, səbəb isə Cahangir həkimlə araların narazılıq yaranması olmuşdur. Çünki münasibətləri pisləşdikdən sonra Cahangir həkim onu qəbul etməmiş, Zərərçəkmiş şəxs2 aldığı pulların təxminən 2600-2700 manat hissəsini Cahangir həkimə vermişdir. Cahangir həkimdən verdiyi pulları tələb etmiş, lakin pulu qaytarmamışdır. O, isə nömrəni sındırdığı üçün Zərərçəkmiş şəxs2la əlaqə saxlaya bilməmişdir. Hazırda onun atası hər iki zərərçəkmişə dəymiş ziyanı ödəmişdir. Sonda o, əməlindən peşman olduğunu, himayəsində üç azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödədiyini və zərərçəkmiş şəxslərin ona qarşı sikayət və tələbinin olmadığını nəzərə alıb onun barəsində yüngül cəza verilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, o, “Vətən müharibəsi” iştirakçısıdır. Müharibə dövründə sol gözündən qəlpə yarası almaqla gözünü itirmiş, 3 qrup əlil olmaqla pensiya alır, müharibə dövründə aldığı qəlpə yarası ilə bağlı müxtəlif xəstəxanalarda müalicə almışdır. O, 2020-ci ilin noyabr və dekabr aylarında Bakı şəhərində yerləşən Mərkəzi Hərbi klinik hopsitalda müalicə almış, hospitalda onu yerləşdirə bilmədikləri üçün qarşısında yerləşən hərbi tabeli tibb fakültəsi kimi bildiyi xəstəxanada qalmış və müalicəsi davam etdirilmişdir. Həmin vaxtı o, əslən Kəlbəcər rayonundan olan və Gəncə şəhərində yaşayan Təqsirləndirilən şəxs ilə tanış olmuş, Təqsirləndirilən şəxs özünü hospitalın sənəd işləri ilə məşğul olan, hospitalın həkimi Cahangirin köməkçisi kimi təqdim etmiş, Təqsirləndirilən şəxsla söhbət əsnasında ona “sənə 3 qrup əlillik dərəcəsi veriləcək, gəl sənə 1 qrup əlillik düzəldim aylıq 1200 manat pensiya al” demiş, o, da Təqsirləndirilən şəxsla razılaşaraq sənədləri toplamağa başlaması üçün 200 manat nəğd pul vermişdir. Bundan sonra anası Şahid1 bu barədə danışaraq pul göndərməsini xahiş etmiş, Ələddin əvvəlcə cəmi 700-800 manat xərci çıxacağını demiş, o, həmin məbləğdə pulu verdikdən sonra Ələddin yenə də sənədlər toplanması və həkimlərə verilməsi üçün əlavə pullar lazım olduğunu bildirmiş, o, da öz xərcliyi üçün evdən verilən pullardan cəmi 1500 manat pulu əlbəəl olaraq Təqsirləndirilən şəxs vermişdir. Bundan başqa 2020-ci ilin dekabr ayı, 2021-ci ilin yanvar ayları ərzində cəmi 13 dəfəyə anası Şahid1 və bibisi Şahid2 tərəfindən poçt vasitəsilə Təqsirləndirilən şəxs adına 2010 məbləğində pul göndərilmiş, həmin pulun göndərilməsi barədə qəbzləri ərizələrinə əlavə etmişdir. Sonuncu dəfə 2021-ci ilin mart ayında Təqsirləndirilən şəxs onun yaşadığı Ağstafa şəhərinə gəlmiş, Ələddin əvvəlcədən ona zəng edib Ağstafa rayonuna gəldiyini, sənədləri üçün cibindən verdiyi 70 manat pulu verməsini istəmiş, o, da Ələddinlə razılaşaraq evdən 70 manat pul götürüb Ağstafa şəhərindəki Səməd Vurğun parkının qarşısında Təqsirləndirilən şəxs vermişdir. Görüş zamanı Təqsirləndirilən şəxs sənəd işlərinin artıq yekunlaşdığını, bir neçə gün ərzində 1-ci qrup əlillik dərəcəsinin veriləcəyini bildirmiş, lakin o, bundan sonra Təqsirləndirilən şəxs zəng etsədə zənglərə cavab verməmişdir. Bundan sonra ona 3-cü qrup əlillik verilmiş və aylıq 410 manat təqaüd ayrılmış, Ələddinin isə telefonlarına zəng çatmamış, o, da aldadıldığını başa düşərək şikayət etmişdir. Bundan sonra o, Ələddinin hospitalda onunla birgə müalicə alan əslən Gədəbəy rayonundan olan Nurlan adlı şəxsi də aldadaraq pulunu ələ keçirməsini bilmişdir. Təqsirləndirilən şəxs ona 1-ci qrup əlillik dərəcəsi düzəltmək adı ilə cəmi 3580 manat pulunu ələ keçirmişdir. Zərərçəkmiş şəxs1 məhkəməyə teleqramla müraciət edərək Təqsirləndirilən şəxs atası Bəylər Bəylərov tərəfindən ona 3500 manat ödənildiyini, Təqsirləndirilən şəxs qarşı heç bir tələb və şikayəti olmadığını bildirmiş və nəzərə alınmasını xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, oğlu Nurlan 11 ay Goranboy rayonunda müddətli hərbi xidmətdə olmuş, 2020-ci ilin dekabr ayında Nurlanın böyrəkləri ağrıdığı üçün xəstəliyi ilə bağlı Bakı şəhərinə “Papanin” ərazisində yerləşən hospitala müalicə alması üçün göndərilmişdir. Nurlan hospitalda müalicə olunan zaman Cahangir adlı həkimin köməkçisi kimi özünü təqdim edən Təqsirləndirilən şəxs ilə tanış olmuş, 2020-ci ilin dekabr ayının sonlarında Nurlan ona Ələddinə məxsus xatırlamadığı nömrə ilə zəng edərək Ələddinin onu xəstə olduğu üçün pensiyaya çıxara biləcəyini deməsini bildirmişdir. Həmin vaxt Nurlandan sonra Ələddin də onunla danışmış və Nurlanın böyrəklərinin ağrıması səbəbilə pensiyaya çıxara biləcəyini demişdir. Ələddin həkimlərə pul verəcəyini sonda isə özünə pul verməli olduğunu demiş, o, da Ələddinlə razılaşmışdır. Həmin vaxt danışdıqdan sonra o, qardaşı X10 zəng edərək sonuncudan 400 manat almış, oğlu Nurlan ona Ələddinin həmin pulun 300 manatını zərfin içərisində verərək Cahangir adlı həkimin otağının qarşına gəlib zərfdə olan pulu Cahangir adlı həkimə verməsini istədiyini və pulu həmin həkimə verdiyini bildirmişdir. Nurlan 2021-ci ilin yanvar ayında həmin hospitaldan çıxıb Goranboya qayıtmış, bundan sonra Təqsirləndirilən şəxsla mütamadi olaraq telefon əlaqəsi saxlamağa başlamış, həmin müddətdə yəni 2020-ci ilin dekabr ayından 2021-ci ilin may ayınadək olan müddətdə Təqsirləndirilən şəxs ondan müxtəlif bəhanələrlə cəmi 4127 manat 50 qəpik pul almış, 2021-ci ilin mart ayında Ələddinlə Gəncə şəhərində görüşmüş və Goranboyda həkimə verəcəyini dediyi üçün Ələddinə 300 manat pul vermiş, pul verdiyi gün o, Goranboya getdiyini demişdir. Bir müddətdən sonra o, kəndə qayıdan zaman Ələddin onu Gəncəyə çağırmış və hansısa sənədin çatmadığını, Bakı şəhərinə gedərək kağız alıb gətirəcəyini deyərək 200 manat pul almışdır. 15 aprel 2021-ci il tarixdə Ələddin hansısa sənədi almaq üçün pul çatmadığını bildirərək 60 manat pul istəmiş, o, da Gədəbəy rayonundan poçt vasitəsilə Ələddinin adına 60 manat pul göndərmiş, o, həmin pulu Gəncə şəhərində qəbul etmişdir. Sonuncu dəfə xx.xx.2021-ci il tarixdə o, Ələddinə 50 manat pul göndərmiş, Ələddin həmin pulla taksi tutub oğlunu gətirəcəyini bildirmiş, həmin pulu Gədəbəy rayon Novo-İvanovka poçt şöbəsindən göndərən zaman şəxsiyyət vəsiqəsi üstündə olmadığı üçün poçt müdiri X5 adından göndərmiş, Ələddin taksi üçün göndərdiyi 50 manat pulu Bakı şəhərində qəbul etmiş, lakin Ələddin oğlunu gətirməmişdir. Həmin pulu aldıqdan sonra Ələddin onu müxtəlif bəhanələrlə aldatmış və nəhayət telefonunu söndürdüyü üçün əlaqə saxlaya bilməmiş, o, Ələddinə pulunu istədiyini desə də, sonuncu həkimlərdən ona pulu alıb verəcəyini demişdir. Təqsirləndirilən şəxs dələduzluq yolu ilə onun cəmi 4127,50 manat pulunu mənimsəmiş, belə ki, 2020-ci ilin noyabr ayında Ələddinə verməsi üçün oğlu Nurlana 150 manat pul göndərmiş, bir neçə gün sonra 2020ci ilin noyabr ayında Ələddin qardaşı Həsənlə görüşmüş və həmin vaxt Həsənə Ələddinə 400 manat pul verməsini xahiş etmiş, Həsən də 400 manat pul vermiş, "xxxx" MMC-nin Gədəbəy rayon şöbəsindən Təqsirləndirilən şəxs adına xx.xx.2020-ci il tarixdə 100 manat və 145 manat pul göndərmiş, bundan başqa xx.xx.2021-ci il tarixdə “Milliön” ödəmə sistemi ilə Təqsirləndirilən şəxs adına olan ******************** kart hesabına 70 manat, xx.xx.2021-ci il tarixdə Gədəbəy rayonundan “Milliön” elektron ödəmə sistemi vasitəsilə Təqsirləndirilən şəxs adına olan **********726510 nömrəli kart hesabına 100 manat, xx.xx.2021-ci il tarixdə Gədəbəy rayonundan “Milliön” elektron ödəmə sistemi vasitəsilə **********726510 nömrəli kart hesabına 21 manat, xx.xx.2021-ci il tarixdə poçt vasitəsilə 50 manat, xx.xx.2021-ci il tarixdə Gəncə şəhərində “Milliön” elektron ödəmə sistemi vasitəsilə Təqsirləndirilən şəxs adına olan **********726510 nömrəli kart hesabına 30 manat, xx.xx.2021-ci il tarixdə poçt vasitəsilə 320 manat, xx.xx.2021-ci il tarixdə poçt vasitəsilə 350 manat və yenidən 350 manat, xx.xx.2021-ci il tarixdə poçt vasitəsilə 70 manat, Təqsirləndirilən şəxs tanışı X14 adına poçt vasitəsilə 16 mart 2021-ci il tarixdə 150 manat və xx.xx.2021-ci il tarixdə 50 manat, xx.xx.2021-ci il tarixdə Gəncə şəhərində “E-manat” ödəmə sistemi vasitəsilə Təqsirləndirilən şəxs adına olan **********726510 nömrəli kart hesabına 20 manat, bundan başqa 2021-ci ilin mart ayında Gəncə şəhərində Ələddinlə görüşüb nəğd şəkildə 300 manat, daha sonra 200 manat, xx.xx.2021-ci il tarixdə Gədəbəy rayonundan “Milliön” elektron ödəmə sistemi vasitəsilə Təqsirləndirilən şəxs adına olan **********726510 nömrəli kart hesabına 90 manat, xx.xx.2021-ci il tarixdə Gədəbəy rayonundan “Milliön” elektron ödəmə sistemi vasitəsilə Təqsirləndirilən şəxs adına olan **********726510 nömrəli kart hesabına 60 manat, xx.xx.2021-ci il tarixdə Gədəbəy rayonundan “Milliön” elektron ödəmə sistemi vasitəsilə 50 manat, xx.xx.2021-ci il tarixdə Gədəbəy rayonundan “Milliön” elektron ödəmə sistemi vasitəsilə 30 manat, xx.xx.2021-ci il tarixdə poçt vasitəsilə 60 manat, tanışı X5 vasitəsilə xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs adına poçtla 50 manat pul göndərmiş, həmçinin bacısı oğlu X6 məxsus kart hesabından Təqsirləndirilən şəxs **********726510 nömrəli kart hesabına xx.xx.2021-ci il tarixdə 400 manat və xx.xx.2021-ci il tarixdə 200 manat pul köçürmüş, “Milliön” elektron ödəmə sistemi vasitəsilə 2021-ci ilin mart ayında 300 manat, 2021-ci ilin mart ayında 60 manat köçürmüşdür. Zərərçəkmiş şəxs2 məhkəməyə notarial ərizə ünvanlayaraq Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş 4100 manatın Bəylər Bəylərov tərəfindən tam ödənildiyini, Təqsirləndirilən şəxs qarşı heç bir tələbi olmadığını bildirmiş və işə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs1 onun doğma oğludur, birlikdə yaşayır. Zərərçəkmiş şəxs1 2020-ci ildə baş vermiş “Vətən müharibəsi” iştirakçısı olmuş, müharibə dövründə sol gözündən qəlpə yarası almaqla gözünü itirmiş, Bakı şəhərində yerləşən Hərbi Klinik hospitalda müalicə almışdır. Qoşqar müalicə aldığı müddətdə Hərbi Hospitalda Təqsirləndirilən şəxs ilə tanış olmuş, 2020-ci ilin dekabr ayında Qoşqar Hərbi Hospitalda olan vaxt onunla mütəmadi əlaqə saxlamışdır. O, Qoşqarla əlaqə saxladığı vaxt sonuncu əlillik dərəcəsi almaq üçün sənədlərini düzəltmək məqsədi ilə Ələddinlə tanış olmasını, Ələddinin Qoşqara İ qrup əlillik dərəcəsi almasına köməklik edəcəyini, hər ay təxminən 1000 manat civarında təqaüd alacağını demişdir. Qoşqar da sənədlərin düzəlməsi məqsədilə Ələddinə verilməsi üçün pul göndərilməsini ona demiş, o, da 1500 manat pulu hissə-hissə poçt vasitəsi ilə Ələddinə göndərmiş, Qoşqar da 1500 manat pulu Ələddinə vermişdir. Bundan başqa isə 2020-ci ilin dekabr və 2021-ci ilin yanvar aylarında özünün və baldızı Solmazın adından Təqsirləndirilən şəxs adına 2010 manat pul göndərmiş, sonuncu dəfə 2021-ci ilin mart ayında Təqsirləndirilən şəxs Ağstafa şəhərində 70 manat pul verilməsi üçün oğlu Qoşqara vermiş, X9 aldadaraq ümumilikdə 3580 manat pulunu ələ keçirtmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid3 ailə üzvləri ilə birlikdə Ağstafa rayon Qaçaq Kərəm kəndində qeydiyyatda olmaqla yaşadığını və Sumqayıt Dövlət Universitetinin nəzdində Texniki Kollecin İV kurs tələbəsi olduğunu, X20 ilə qonşu olduğunu, uşaqlıqdan dost olduqlarını və əvvəllər aralarında heç bir ədavətlərinin olmadığını bildirmişdir. X35 müharibəsində iştirak etmiş və döyüşlərdə yaralanmış, Qoşqar yaralandıqdan sonra tez-tez Bakı şəhərinə gedib aylarla Bakı şəhərində yerləşən tibb müəssisələrində müalicə olunurmuşdur. Bununla belə o, teztez bir dost kimi Qoşqarla əlaqə saxlamış, xx.xx.2021-ci il tarixdə gündüz saatlarında Qoşqar onun mobil telefonuna zəng vuraraq 250 manat pul lazım olduğunu və həmin pulun da kənddəki evlərində tək yaşayan anası Şahid1 götürərək Təqsirləndirilən şəxs adına göndərilməli olduğunu demişdir. Qoşqarın anası Rahilə xalanın pulu necə, hansı yolla göndərmək barədə məlumatı olmaması və evlərinə Qoşqarın vəziyyəti ilə əlaqədar çox adamların gəlib-getməsi səbəbindən o, Qoşqarla razılaşaraq anası Rahilə xalanın yanına getmiş və 250 manat nağd pulu götürərək Ağstafa şəhəri dəmiryolu vağzalında yerləşən poçt məntəqəsinə yaxınlaşaraq 250 manat pulu Təqsirləndirilən şəxs adına göndərmişdir. Pulu göndərən kimi Qoşqara zəng vuraraq pulu göndərdiyini demişdir. xx.xx.2021-ci il tarixdə gündüz saatlarında Qoşqar yenə ona zəng vuraraq 200 manat pul lazım olduğunu və yenə həmin pulun da kənddəki evlərində tək yaşayan anası Şahid1 götürərək yenə də Təqsirləndirilən şəxs adına göndərilməli olduğunu demiş, o, yenə də gedib Qoşqarın anasından 200 manat pulu götürmüş və Təqsirləndirilən şəxs adına göndərmişdir. Pulu göndərən kimi yenə Qoşqara zəng vuraraq pulu göndərdiyini demiş və bir neçə dəqiqədən sonra Qoşqar onunla telefon əlaqəsi saxlayaraq pulun çatdığını bildirmişdir. Cinayət işinə əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 3000 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu ildə cəzası 02 ay 22 gün azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş və xx.xx.2020-ci il tarixdə cəza müddəti başa çatmışdır. Füzuli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(064)-18/2022 nömrəli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. xx.xx.2022-ci il tarixli axtarışda olan şəxsin yaxalanması barədə protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında yeri müəyyən olunaraq saxlanılmış və Gədəbəy RPŞ-nə gətirilmiş, Gədəbəy RPŞ-nin MSY-nə yerləşdirilmişdir. 03 mart 2022-ci il tarixli təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, X2 RPŞ-nin MSY-dən azad edilməklə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. 25 aprel 2022-ci il tarixli təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi və tutulması haqqında qərardad görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, onun yeri müəyyən edildikdə tutulub Gəncə şəhər BPİ-nin MSY-nə təqdim olunması qərara alınmışdır. xx.xx.2022-ci il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Gəncə şəhəri ərazisində tutularaq Gəncə şəhər 1-ci PŞ-nə gətirilmiş və Gəncə şəhər BPİ-nin MSY-nə təhvil verilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(044)-87/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdən hesablanmaqla 01 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2013-cü il təvəllüdlü X16, xx.xx.2015-ci il təvəllüdlü X17 və xx.xx.2017-ci il təvəllüdlü X11 adlı 3 azyaşlı uşaqları vardır. Gəncə şəhər Probasiya şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, X3 Rayon Məhkəməsinin 1(064)-18/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsiri bilinib 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şöbədə qeydiyyata alınmış və cəzası həmin tarixdən hesablanmağa başlamışdır. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 4(044)-87/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlama müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Təqsirləndirilən şəxs barəsində olan 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzasının 13 gün hissəsini çəkmiş, 11 ay 17 gün hissəsi çəkilməmiş qalmışdır. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarının 1-ci bəndində göstərilir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 2-ci və 3-cü bəndlərində isə qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. İşin məhkəmə tərəfindən müəyyən olunmuş faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar verib aldatma yolu ilə zərər çəkmiş şəxslərin pullarını ələ keçirərək onlara qarşı dələduzluq etmişdir. Beləliklə, məhkəmə, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 qarşı ittihamda qeyd olunan dələduzluq cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsiilə tövsif edilmişdir. Təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməllərdən peşmançılıq hissi keçirməsini, himayəsində üç azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslərə dəymiş zərəri tam ödəməsini və zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsinin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayətin törədilməsi halları nəzərə alındıqda, təqsirləndirilən şəxsə ən yüngül cəza növü olan cərimə cəzasının təyin edilməsi cəzanın CM-in 41.2-ci maddəsində göstərilən məqsədlərini təmin etmək üçün kifayət deyil. Bununla yanaşı məhkəmənin qənaətinə görə, hazırki vəziyyətdə cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını da əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Təqsirləndirilən şəxsə isnad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəzalar nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini, ədalətlilik və qanunçuluq prinsiplərini və CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah oluna bilər və azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Gəncə şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarəti edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Füzuli Rayon Məhkəməsinin 1(064)-18/2022 saylı, xx.xx.2022-ci nömrəli hökmünə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası ilə hazırki hökmlə təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzası qismən toplanılmaqla cəza təyin edilməli, cəza çəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalıdır. Bundan başqa Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 gün və həbsdə saxlanıldığı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 03 ay 27 gün hazırkı hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bir gün, həmçinin Füzuli Rayon Məhkəməsinin 1(064)-18/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmiş 13 günü hazırkı hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının bir gününə bir gün hesablanmaqla, təyin edilmiş cəzadan cəmi 08 ay 11 gün çıxılaraq ona qəti cəza təyin edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə məhkəmə məsrəfi, müsadirə edilməli əmlak, mülki iddia və maddi sübut yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Füzuli Rayon Məhkəməsinin 1(064)-18/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası hazırkı hökmlə təyin olunmuş 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanılsın və ona 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 gün və həbsdə saxlanıldığı 03 ay 27 gün müddət hazırkı hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bir gün, həmçinin Füzuli Rayon Məhkəməsinin 1(064)-18/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmiş 13 günü hazırkı hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının bir gününə bir gün hesablanmaqla, təyin edilmiş cəzadan 08 ay 11 gün çıxılaraq, onun üzərində qəti olaraq 01 (bir) il 19 (on doqquz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanını iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə dəyişdirilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar