Məhkəmə qərarları › İş №1(125)-107/2023

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-107/2023

15.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-107/2023 15.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, xx.xx.1988-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olan, işsiz, Gəncə şəhəri, Totanlı küçəsi 1-ci dalan ev 3-də qeydiyyatda olmaqla Gəncə şəhəri, Faiq Bayramov küçəsi ev 11-də kirayədə yaşamış, Gəncə Şəhər Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli 7(125)-174/2022 nömrəli Qərarı ilə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(125)- 111/2022 saylı hökmü əsasında barəsində təyin edilmiş “azadlığın məhdudlaşdırılması” cəzası müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edildiyindən hal-hazırda 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,171 qram təşkil edən narkotik vasitə olan heroini əldə edib üzərində saxlayaraq daşımış, 30 avqust 2022-ci il tarixdə saat 23 radələrində Gəncə şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsinə daxil olmuş məlumat əsasında həmin bölmənin əməkdaşları tərəfindən ünvan 1 ünvanında yerləşən Gəncə şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsinə gətirilərək üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli şalvarın sağ yan kiçik cibindən 1 ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 0.171 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, o, 6-7 aydır ki, narkotik vasitə istifadə etmişdir.xx.xx.2022-ci il tarixdə Gəncə şəhəri Bala Bağban deyilən ərazidə evə gedərkən təxminən saat 15-16 radələrində yerdən yolun kənarından narkotik vasitə heroin tapmış və həmin narkotik vasitədən az miqdarda istifadə etmişdir.xx.xx.2022-ci il tarixdə saat 23 radələrində Gəncə şəhəri Totanlı küçəsində piyada gəzərkən 2 nəfər mülki formada olan şəxs ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirdmiş və narkotik vasitə gəzdirməkdə və saxlanılmasında şübhəli olduğunu bildirib Gəncə şəhəri Baş Polis İdarəsinin 3-cü Polis Bölməsinə onu dəvət etmişlər. Oda etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Gəncə şəhəri Baş Polis İdarəsinin 3-cü PB-nə gəlmişdir. Bundan sonra Gəncə şəhər Baş Polis İdarəsinin 3-cü PB-də müdafiəçisinin iştirakı ilə video çəkiliş ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ondan üzərində hər hansı cinayət xarakterli əşya və ya predmet olub-olmadığı soruşulmuşdur. O, əynində olan qöy rəngli şalvarın sağ yan kiçik cibindən bir ədəd ağ şəffaf polietilen bükümü təqdim etmişdir. Bundan başqa üzərindən şəxsi axtarış zamanı 90 qəpik pul və sarı rəngli Cricket alışqanı və adaptor təqdim etmişdir. O, sağ yan kiçik cibindən çıxan bir ədəd şəffaf polietilen kəsiyində bükümünün içərisində olan heroinə bənzər kütlənin ona məxsus olduğunu olduğunu bildirmişdir. Üzərində şəxsi axtarış aparılmış və bundan başqa üzərində hər hansı cinayət xarakterli əşya və ya predmet aşkar edilməmişdir. Həmin bükülünün içərisində narkotik vasitə olan heroin müdafiəçinin və iştirakçıların iştirakı ilə aptek tərəzisində çəkilmiş, ümumi çəkisi 0,28 qram olmuşdur. Əməlində səmimi peşmandır. Barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs təqsiri onun etirafedici ifadəsindən başqa, şahidlərin ifadələri, həmçinin baxış, götürmə protokollarına və digər istintaq materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Belə ki: Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 23 radələrində Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə daşıması və satması barədə əməliyyat məlumatı əməliyyat məlumatı daxil olduqdan sonra həmin məlumat əsasında o Gəncə şəhər BPİ-nin 3-cü Polis Bölməsinin CAB-in əməliyyat müvəkkili polis leytenantı Şahid2 ilə birlikdə keçiritdikləri əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Gəncə şəhəri, Totanlı küçəsində olduğu müəyyən edilərək həmin əraziyə getmiş və Təqsirləndirilən şəxsGəncə şəhəri, Totanlı küçəsində olduğunu görüb ona yaxınlaşmış özlərini təqdim etmiş xidməti vəsiqələrini göstərdikdən ona qanunsuz olaraq narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu bildirilmiş Gəncə BPİ-nin 3-cü Polis Bölməsinə dəvət etmişdirlər. Gəncə BPİ-nin 3-cü PBdə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra müdafiəçi dəvət etmək hüququ da izah edilmiş və vəkil Müdafiəçi onun müdafiəçisi kimi iştirakı təmin edilmiş və Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş və ona bu barədə bildiriş təqdim olunmuşdur. Bundan sonra Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla qadağan olunmuş psixtrop maddənin olub-olmaması əgər varsa təqdim etməsi təklif edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş narkotik vasitə təqdim edə biləcəyini demişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd ağ rəngli şəffaf polietilen bükümündə içərisində narkotik vasitə olan heroini çıxardaraq təqdim etmişdir. Həmin bükümün içərisində olan kütlənin nə olması soruşulmuş, şübhəli şəxs Təqsirləndirilən şəxs olduğunu,həmin bükülünü xx.xx.2022-ci il tarixdə Gəncə şəhəri, Bala Bağban deyilən ərazidə edə gedərkən təxminən saat 15-16 radələrində yerdən tapdığını, həmin narkotik vasitəni heç kimə satmadığını, başqa yerdə saxlamadığını, istifadə etmədiyini bildirmişdir. Məhkəmə istintaqında Gəncə Şəhər BPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2,əməliyyat müvəkkili polis leytenantı Şahid1 ifadəsində göstərilənləri bir daha təsdiq etməklə eyni məzmunlu ifadə vermişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilmiş, Məhkəmə-kimyəvi ekspertizasının 31 avqust 2022-ci il tarixli 16/1040 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı üzərindən 0.28 qram çəkidə narkotik vasitə heroinə bənzər kütlə....” sözləri və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümdə, təmiz çəkisi 0, 171 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Məhkəmə-narkoloji ekspertizasının 16 sentyabr 2022-ci il tarixli 1385 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, xx.xx.2022-ci il tarixli Gəncə şəhər Nizami rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.1-ci maddəsi ilə 1 (bir) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, lakin Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli Qərarına əsasən xx.xx.2022-ci il tarixli hökm dəyişdirilərək CM-nin 177.2.1, 69.3-cü maddəsinə əsasən qəti olaraq 02 (iki) il 02 (iki) ay 20 (iyirmi) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixonevroloji dispanserindən alınmış xx.xx.2022-il tarixli, 4837 saylı arayışdan və Gəncə şəhər Narkoloji Dispanserdən alınmış xx.xx.2022-ci il tarixli 5280 saylı arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs həmin dispanserlərdə qeydiyyatda olmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” Qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,151 qram olan narkotik vasitə heroin və “şəxsi axtarış və götürmə” istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 1 ədəd “DVD” disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmışdır. Narkotik vasitə Gəncə şəhər Baş Polis İdarəsinə məsul saxlanca verilmiş, DVD disk isə iş materiallarına əlavə edilərək saxlanmışdır. Məhkəmə istintaqında “şəxsi axtarış və götürmə” istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 1 ədəd “DVD” diskə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, Gəncə BPİ-nin 3-cü PB-nin təhqiqatçısı, polis baş leytenantı X5, Gəncə şəhər 3-cü PB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid1 və həmin bölmənin əməliyyat müvəkkili polis leytennatı Şahid2, Gəncə şəhər BPİ-nin 3-cü PB-nin təhqiqatçısı, polis baş leytenantı X1 və Müdafiəçi və şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilir. İlkin olaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilir və şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla qadağan olunmuş hər hansısa əşya yaxud predment varsa təqdim etməsi təklif edilir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sağ yan kiçik cibindən ağ rəngli sellofana bükülü vəiçərisində heroinə bənzər kütləni təqdim etdi. Sorğu zamanı sübhəli şəxs Təqsirləndirilən şəxs həmin kütlənin heroin olmasını bildirdi. Şübhəli şəxs Təqsirləndirilən şəxs həmin gün bükümü Gəncə şəhəri Totanlı küçəsində yerləşən çayın yaxınlığında yerdən tapdığını, özü istifadə etməsi üçün saxladığını bildirdi. Şübhəli şəxs həmin kütlələrdən heç kimə satmadığını, həmin kütlələrdən istifadə etmədiyini, heç kimə vermədiyini bildirdi. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd ağ rəngli sellofana bükülü ilk görünüşdən narkotik vasitə “heroin”ə oxşar kütlə elektron tərəzidə çəkildi və ümumi çəkisi 0,28 qrarm müəyyən olundu. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən üzərindən dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşya və predmet aşkar edilmədi. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib sübut növü kimi qəbul edir. Beləliklə, məhkəmə, məhkəmə istintaqında tədqiq edilən sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs şərh olunan cinayət əməlini törətməkdə təqsirli olması, özünün etiraf ifadəsi ilə yanaşı şahid ifadələri və digər məhkəmə-istintaq materialları ilə təsdiq edilir. Təqsirləndirilən şəxsƏli oğlunun əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinməli və bu maddənin sanksiyasında nəzərdə tutulmuş həddə ona cəza təyin edilməlidir. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmur. Təyin ediləcək cəzanın həddi ilə bağlı isə məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən heroin narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdarının daxil olmaqla aşağı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 4-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, əməlin Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarı). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına görə deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlüləlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosialiqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Cəzasını yüngülləşdirən hallar Cinayət Məcəlləsinin 58 və 59-cu maddələrinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs cəza təyin edilən zaman nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.10-cu maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayəti səmimi etiraf etməsinicəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxsna cəzanın təyin edilməsi məsələsinə baxaraq onun cəzasını yüngülləşdirən hallarla yanaşı, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət törətməsini), təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olunması mümkündür. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(125)-111/2022 saylı Hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən həmin cəza Gəncə Apellyasiya Məhkəməsinin 27 aprel 2022-ci il tarixli1(104)-260/2022 saylı qərarı ilə təyin edilmiş 02 (iki) il 02 (iki) ay 20 (iyirmi) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanılmaqla, Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə Şəhər Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli 7(125)-174/2022 nömrəli Qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(125)-111/2022 saylı Hökmü əsasında təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmişhissəsi 01 (bir) il 06 (altı) gün müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş və həmin cəzasının əvvəli 02 noyabr 2022-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(125)- 111/2022 saylı Hökmünə əsasən çəkilməmiş qalan 1 (bir) il 06 (altı) gün müddətə azadlıqdan məhrumetmə cəzasıTəqsirləndirilən şəxs təyin olunmuş cəza hazırki hökmlə ona təyin olunacaq cəza ilə qismən toplanmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2022-ci il tarixlişübhəli şəxsi tutma protoklundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və saxlanması üçün Gəncə şəhər Baş Polis İdarəsinin X7 təhvil verilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 01sentyabr 2022-ci il tarixli “təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” Qərardan görünür ki,təqsirləndirilən şəxs həmin tarixdə Gəncə şəhər BPİ-nin MSY-dən azad olunaraq, barəsində “polis nəzarəti altına vermə” qətimkantədbiri seçilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ümumi olaraq 2 (iki) gün müddətində şübhəli şəxs qismində tutularaq saxlanılmışdır. Bundan əlavə, Təqsirləndirilən şəxs Gəncə Şəhər Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli 7(125)-174/2022 nömrəli Qərarına əsasən 02 noyabr 2022-ci il tarixdən hazırki Hökmün çıxarıldığı 15 may 2023-cü il tarixədək 6 (altı) ay 13 (on üç) günazadlıqdan məhrumetmə cəzası çəkmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə isə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikasının CM-in 69.3-cü maddəsinə əsasən məhkəmə baxışınadək həbsdə saxlanılan məhkuma hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Məhkəmə, Azərbaycan Respublikasının CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 2 (iki) gün müddətində şübhəli şəxs qismində tutulmasını və 6 (altı)ay 13 (on üç) gün azadlıqdan məhrumetmə cəzası çəkdiyini nəzərə alaraq, cəmi 06 (altı) ay 15 (on beş) günmüddətin ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasından çıxılmasını məqsədəmüvafiq hesab edir. Cəzasının əvvəli Hökmün çıxarıldığı gündən - 15 may 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin az ağır cinayətlər kateqoriyasına aid olmasını qeyd edir və onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Məhkəmə hesab edir ki, məhkəmə-narkoloji ekspertizasının 30 noyabr 2022-ci il tarixli 1385 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxscəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb edilməlidir və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Bundan başqa məhkəmə Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,151 qram olan psixotrop maddə heroin məhv edilməli, həmçinin iş üzrə maddi sübut olan və özündə istintaq hərəkətlərinin görüntülərini əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilib saxlanılmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən məhkəmə istintaqı zamanı 10 iş saatı məsrəf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamının 1.3-cü bəndinə əsasən vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına göstərilən hüquqi yardıma görə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin İ hissəsinə müvafiq olaraq müəyyən edilmiş məbləğin 3 dəfə artırılması qərara alınmışdır. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabındanX3 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 60 manat məbləğində pul köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respubikasının Cinayət-Prosessual Məcəlləsinin 197.1.4. maddəsinə əsasən iş üzrə ekspertizanın keçirilməsinə xərclənmiş 32,40 (otuz iki manat qırx qəpik) məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(125)-111/2022 saylı Hökmü ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsinin, Gəncə Şəhər Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli 7(125)-174/2022 nömrəli Qərarı ilə əvəz edilmiş 1 (bir) il 6 (altı) gün müddətinə azadlıqdan məhrumetmə cəzasını hazırki hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirilməklə ona qəti olaraq 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 30 avqust 2022-ci il tarixdən 01 sentyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddətin bir günü azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər hesablanmaqla 02 (iki) gün müddət və 02 noyabr 2022-ci il tarixdən 15 may 2023-cü il tarixədək cəza çəkdiyi 06 (altı) ay 13 (on üç) gün müddət – cəmi 06 (altı) ay 15 (on beş) gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 08 (səkkiz) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli 15 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbiri ləğv edilsin və onun Gəncə Şəhər Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli 7(125)-174/2022 nömrəli Qərarı ilə cəzanın çəkilməmiş hissəsinin digər cəza növü ilə əvəz edilməsi qaydasında təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını hazırda çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,151 qram olan narkotik vasitə heroin məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən istifadə edilmiş video çəkilişin əks olunduğu 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 32.40 (otuz iki manat, qırx qəpik) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi olaraq Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. (AZ.MEM, VÖEN **********, AZ34 CTRE********************, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** S.W.İ.F.T. Bik: CTREAZ22). Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 60 (altmış) manat məbləğində pul keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar