Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-108/2022 13.10.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1984-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, işsiz, Gəncə şəhəri Ş.İ.Xətai prospekti, ev 97, mənzil 15-də qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ayrı-ayrılıqda 10 ədəd gümüşü rəngli falqaya bükülü halda təmiz çəkiləri 1,63 qram, 1.30 qram, 1.27 qram, 1.34 qram, 0.90 qram, 0.88 qram, 0.35 qram, 0.45 qram, 0.54 qram, 1.09 qram, ümumi təmiz çəkisi 9.75 qram olan narkotik vasitə, qurudulmuş marixuananı əldə edib üzərində daşıyaraq saxlamış, Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin X10 Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində xx.xx.2022-ci il tarixdə saat 13:30 radələrində Gəncə şəhəri, Atatürk prospektində yolun kənarında saxlanılaraq Gəncə şəhəri, Atatürk prospekti 41 ünvanında yerləşən X10 Şöbəyə gətirilmiş, inzibati binada şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sağ iç yan cibindən bir ədəd “Rothmans” markalı siqaret qutusunun içərisinə yığılmış 10 ədəd gümüşü rəngli falqaya bükülü halda, ayrı-ayrılıqda təmiz çəkiləri 1,63 qram, 1.30 qram, 1.27 qram, 1.34 qram, 0.90 qram, 0.88 qram, 0.35 qram, 0.45 qram, 0.54 qram, 1.09 qram, ümumi təmiz çəkisi 9.75 qram, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Cinayət işinin məhkəmə baxışı zamanı iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə özünü təqsirli bilərək göstərmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləmir. Təxminən 10 ildir narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. xx.xx.2022-ci il tarixdə o, Rusiya Federasiyası Sankt Peterburq şəhərində yaşayan Samir adlı dostu ilə danışarkən Samir ona Yevlax şəhərində tanışı olan bir nəfər şəxsin yanına gedib istifadə etməyi üçün narkotik vasitə olan qurudulmuş marixuana ala biləcəyini bildirmişdir. O, da Yevlax şəhərinə gedib Samirin dediyi, tanımadığı şəxsdən 80 manata siqaret qutusunda on iki bükümdə narkotik vasitə olan qurudulmuş marixuana almışdır. O, bir dəfəyə on iki bükümü ona görə almışdır ki, tək-tək aldıqda bir bükümü 10 manata alır, lakin həmin şəxs on iki bükümü bir yerdə ucuz satmışdır. Daha sonra o, həmin bükümlərdən ikisini özü istifadə etmişdir. 14 aprel 2022-ci il tarixdə təxminən saat 13:30 radələrində Gəncə şəhəri Atatürk prospektində yolun kənarında olarkən mülkü geyimdə iki nəfər yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim etmişlər. Sonra həmin şəxslər ona üzərində narkotik vasitə gəzdirməkdə şübhələndiklərini deyib onu Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X10 şöbəsinə dəvət etmişlər. O, da etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X10 şöbəsinə gəlmiş və orada inzibati otaqların birində hüquqularını müdafiə etmək üçün müdafiəçi ilə təmin olunmuşdur. Bundan sonra üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş hər-hansı bir əşya, predmet, dövriyyəsi qadağan edilmiş narkotik vasitə varsa təqdim etməsini təklif etmişlər. O, da “Rothmans” markalı siqaret qutusunda aldığı 12 bükümdən qalan 10 ədəd bükümdə narkotik vasitə olan qurudulmuş marixuananı cibindən çıxarıb təqdim etmişdir. Həmin qutudakı 10 ədəd bükümlərə onun iştirakı ilə baxış keçirib sonra elektron tərəzidə çəkilmiş, 10 ədəd bükümün qablaşdırma ilə birlikdə çəkisi 14,24 qram müəyyən olmuş, bükümlər siqaret qutusunda ağ rəngli kağız zərfə qablaşdırılmış, iştırakçılar zərfin üzərini imzalamışlar. O, polis əməkdaşlarına izahat verərkən əvvəllər tanışları ilə birlikdə narkotik vasitə qəbul etmək üçün bir yerdə pul qoyaraq narkotik vasitə aldığını bildirmiş, polis əməkdaşları isə onun bu əməlini ona narkotik vasitələrin satışı kimi izah etdikləri üçün o, şəxsi axtarış zamanı və ibtidai istintaq zamanı ifadələrində narkotik vasitəni birlikdə almasını satış kimi qələmə vermişdir. Lakin əslində o, narkotik vasitə satmamış, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış, 12 büküm narkotik vasitəni bükümlərə ayılmış halda siqaret qutusunda bir yerdə ucuz satıldığına görə öz şəxsi istifadəsi üçün almış, 2 bükümünü istifadə etmiş, qalan bükümlərini isə şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Sonda o, himayəsində ağır xəstə valideynlərinin olmasını, narkotik vasitəni yalnız özü istifadə etdiyini, heç kimə satmadığını və satmaq fikrinin olmadığını, narkotik vasitə istifadə etdiyi üçün əməlindən peşman olduğunu nəzərə alıb barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, BNMİ-nin QBRŞ-də sürücü vəzifəsində xidmət edir. Gəncə şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz olaraq əldə etməsi, üzərində gəzdirməsi və satması barədə əməliyyat məlumatı daxil olmuş, daxil olmuş məlumat əsasında o və Narkotiklərlə Mübarizə Baş İdarəsinin QBRŞ-də əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra 14 aprel 2022-ci il tarixdə saat 13:30 radələrində keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində xx.xx.1984-cü il təvəllüdlü, Gəncə şəhəri Ş.İ.Xətai prospekti, ev 97, mənzil 15-də qeydiyyatda olmaqla yaşamış Təqsirləndirilən şəxs Gəncə şəhəri, Atatürk prospektində, yolun kənarında saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinin QBRŞ-yə gətirilmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan Baş Narkotiklərlə Mübarizə İdarəsinin QBRŞ-nin inzibati binasında xidməti iş otağında ona Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi qismində təyin edilmiş, bundan sonra Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək sonuncuya paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində “nəyşə” olduğunu bildirmiş və əynində olan gödəkçənin sağ yan iç cibindən bir ədəd “Rothmans” markalı siqaret qutusunun içərisinə yığılmış 10 ədəd siqaret falqasına bükülmüş qurudulmuş marixuanaya bənzər kütlələri təqdim etmişdir. Daha sonra narkotik vasitə olan marixuana içərisində olduğu siqaret falqası ilə birlikdə elektron tərəzidə çəkilmiş və 10 ədəd bükümün ümumi çəkisi 14,24 qram olmuşdur. 10 ədəd bükümdə olan kütlələr qablaşdırılmış və üzəri möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmış, qablaşdırılmış kütlələrin narkotik vasitə olub-olmaması və dəqiq çəkisi barədə rəy alınması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X7 bölməsinə göndərilmişdir. Daha sonra şifahi sorğu zamanı narkotik vasitə olan qurudulmuş marixuananı Yevlax rayonu ərazisində əvvəllər tanımadığı və adını bilmədiyi şəxsdən aldığını bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə olan marixuananı satması barədə əməliyyat məlumatı daxil olmuş, lakin narkotik vasitəni konkret olaraq hər hansı şəxsə satmasını müəyyən etmək mümkün olmamışdır. İbtidai istitnaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid1 Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş 14 aprel 2022-ci il tarixli “şübhəli şəxsi tutma” protokolundan məlum olur ki, Təqsirləndirilən şəxs 14 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək tutulmuşdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş 14 aprel 2022-ci il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan və DVD diskdə olan görüntülərdən məlum olur ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin QBRŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyataxtarış tədbirləri nəticəsində xx.xx.2022-ci il tarixdə saat 13:30 radələrində Təqsirləndirilən şəxs Gəncə şəhəri Atatürk prospektində, yolun kənarında saxlanılaraq BNMİ QBRŞ-ya gətirilmiş, həmin ünvanda onun üzərinə şəxsi axtarış keçirilən zaman qanunsuz olaraq əldə edib saxladığı 14,24 qram təşkil edən maruxuana əynində olan qara rəngli gödəkçinin sağ döş cibindən bir ədəd Rothmans markalı siqaret qutusunun içərisində 10 ədəd gümüşü rəngli falqa kağızından ibarət bükümlərdə yaşıl rəngli, kəskin iyli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilib götürülmüşdür. Həmin kütlələr birlikdə elektron tərəzidə qablaşdırma ilə birlikdə çəkilmiş, çəkisi ümumi 14,24 qram olmuşdur. Bundan sonra həmin bükümlər qablaşdırılaraq zərfə qoyulmuş, möhürlənmiş və iştirakçılar tərəfindən zərfin üzəri imzalanmışdır. Təqsirləndirilən şəxs təhqiqatçının sualına cavab olaraq tanışları ilə birlikdə bükümü 10 manata pul qoyaraq narkotik vasitə alıb istifadə etdiklərini, bunun satış sayıldığı halda narkotik vasitə satdığını bildirmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-kimyəvi ekspertizasının 14 aprel 2022-ci il tarixli 16/437 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd siqaret qutusunda olan 10 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə...” sözləri yazılmış kağız paketdəki, 1 ədəd “Rothmans” adlı siqaret qutusunun içərisində 10 ədəd “gümüşü” rəngli falqa bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 1.63 qram, 1.30 qram, 1.27 qram, 1.34 qram, 0.90 qram, 0.88 qram, 0.35 qram, 0.45 qram, 0.54 qram, 1.09 qram, ümumi təmiz çəkisi 9.75 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Qeyd: Marixuananın ümumi təmiz çəkisi – 9.75 qr, tədqiqata cəmi sərf edilmiş - 0,2 qram (hər ob 0,02 qr), qalıq – 9.55 qr (1-10 №-li ob). Məhkəmə istintaqı zamanı tədqiq edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının 21 iyun 2022-ci il tarixli 893 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(043)-93/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə, yəni xx.xx.2022-ci il tarixdən həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Honor 20S” markalı mobil telefonun sms mətnlərinə və “Whatsapp” sosial şəbəkəsində olan yazışmalarına və zənglər siyahısına baxış keçirilmiş, baxış zamanı istintaq əhəmiyyəti kəsb edən hər hansı hal aşkar edilməmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan və CD diskdən görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinin Bakcell MMC-dən daxil olmuş çıxarışlarına baxış keçirilmiş, baxış zamanı istintaq əhəmiyyəti kəsb edən hər hansı hal aşkar edilməmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 11 iyun 2008-ci il təvəllüdlü X3 və 26 dekabr 2009-cü il təvəllüdlü X6 adlı yetkinlik yaşına çatmayan uşaqları vardır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statikstik İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş Gəncə şəhər Narkoloji Dispanserin və Gəncə şəhər Psixonevroloji Dispanserin xx.xx.2022-ci il tarixli arayışlardan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserlərdə qeydiyyatda durmur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş “Oksigen” klinik xəstəxanasının epikrizindən görünür ki, Təqsirləndirilən şəxs atası 1955-ci il təvəllüdlü X1 bud boynunun subkapital sınığı və sol bud boynunun qapalı osteosintezi diaqnozu qoyulmuşdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş X14 Xəstəxananın xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs anası 1950-ci il təvəllüdlü X5 xx.xx.2015-ci il tarixindən “Şəkərli diabed ağır forma tip 2” diaqnozu ilə dispanser qeydiyyatda durur və mütamadi olaraq poliklinika tərəfindən dərman preparatı ilə təmin olunur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş Gəncə şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsat birliyi 12 nömrəli xidmət sahəsinin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanında yaşadığı müddət ərzində Gəncə şəhər 12 nömrəli Xidmət sahəsinin rəhbərinə sakinlər tərəfindən heç bir şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011- ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Bundan əlavə Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, Konvensiyanın 6-cı maddəsini tətbiq edərkən məhkəmələr hüquq pozuntularının müvafiq orqanlar tərəfindən düzgün tövsif olunub-olunmadığını, pozuntunun xarakterini və təqsirli bilinən şəxsə tətbiq edilən cəzanın ağırlığını araşdırmalıdırlar. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMin 234.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, şəxsi istehlak miqdarından artıq miqdarda, narkotik vasitə olan marixuananı, satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində daşımışdır. Lakin, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan marixuananı məhz “satış məqsədi ilə” əldə etməsini təsdiq edən heç bir mötəbər sübut cinayət işinin materiallarında mövcud deyildir. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs həm üzərində şəxsi axtarış keçirilən zaman, həm də şübhəli və ya təqsirləndirilən şəxs kimi ifadələr verərkən onun üzərindən aşkar edilmiş narkotik vasitəni birbaşa olaraq kiməsə satdığını bildirməmiş, sadəcə o, tanışları ilə birlikdə pul qoyub narkotik vasitə almaları və birlikdə istifadə etmələri satış sayılırsa satdığını bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında da eyni məzmunlu ifadə vermiş, heç kimə narkotik vasitə satmadığını və satmaq niyyətinin olmadığını bildirmişdir. Bundan başqa, cinayət işi üzrə şahid qismində dindirilmiş polis əməkdaşları Şahid1 ibtidai istintaqda, Şahid2 həm ibtidai istintaqda, həm də məhkəmə istintaqı zamanı verdikləri ifadələrində Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin satışı ilə məşğul olması barədə əməliyyat məlumatının daxil olmaduğunu, lakin həmin narkotik vasitəni kimə satmış olduğunu müəyyən etməyin mümkün olmadığını qeyd etmişlər. Müstəntiq tərəfindən tərtib edilmiş ittiham aktında təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsini, yəni narkotik vasitəni satış niyyəti ilə əldə etməsini aşkar edilmiş narkotik vasitənin ayrı-ayrı bükümlərdə olması ilə əsaslandırmışdır. Halbuki, təqsirləndirilən şəxsin məhkəmə iclasındakı ifadəsindən məlum olur ki, o, həmin bükümləri özü hissələrə ayırmamış, on iki ayrı büküm şəklində almışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli, 2 nömrəli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla Təqsirləndirilən şəxs istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara özü tərəfindən bükülməsi, onların hazırlanması üçün avadanlığın olması müəyyən edilməmişdir. Məhkəmə, iş üzrə mövcud sübutları qiymətləndirib, iş materiallarını təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, yəni onun narkotik vasitə olan heroinləri satış məqsədi ilə əldə edib saxlaması məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarının 37-ci bəndində göstərilmişdir ki, CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə etməsi və saxlaması tamamilə sübuta yetirilir. Ona görə də, onun əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilməlidir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Çünki “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə mübarizə haqqında haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun 19-cu maddəsinin 1-ci hissəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların şəxsi istehlak miqdarından artıq olan miqdarda hazırlanması, kultivasiyası, əldə edilməsi, saxlanması, daşınması və ya göndərilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada cinayət məsuliyyətinə səbəbdir. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”n İ Siyahısında qurudulmuş marixuananın şəxsi istehlak miqdarının yuxarı həddi 5 qram müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan marixuananı əldə etməsi və saxlaması tamamilə sübuta yetirilir. Ona görə də, onun əməli Azərbaycan Respublikası CM-in 234.1ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə hesab edir ki, əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini, yəni narkotik vasitəni istifadə etməsini və üzərində saxlamasını səmimi etiraf edərək əməlindən peşman olmasını, atasının və anasının xəstə olmalarını, himayəsində 2 yetkinlik yaşına çatmayan uşağının olmasını təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə onu da qeyd edir ki, təqsirləndirilən şəxslərin əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar Cinayət Məcəlləsinin 58-ci maddələrinin tələblərinə uyğun olaraq cəza təyin edilən zaman nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəzanın təyin edilməsi məsələsinə baxaraq, Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (böyük ictimai təhlükə törətməyən və az ağır cinayət olmasını), təqsirkarların şəxsiyyətini (onların əvvəllər məhkum olunmamalarını, yaşını), təyin olunan cəzanın onların ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdən həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə baxışınadək həbsdə saxlanılan məhkuma hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Buna görə də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla həmin müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin üzərinə üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək, yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, cəzanın icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə olunmalı və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablanmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan 9,55 qram qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli və iş üzrə sübut kimi tanınmış bir ədəd DVD və bir ədəd CD disklər cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci, ekspertiza tədqiqatının dəyəri olan 32,40 (otuz iki manat qırx qəpik) manat pul Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353-cü və 356-cı maddələrini rəhbər tutub, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı 05 ay 29 gün müddət, azadlığın məhdudlaşdırılması cəzasının bir gününə iki gün hesablanmaqla, təyin edilmiş cəzadan 11 ay 28 gün çıxılaraq onun üzərində qəti olaraq 02 (iki) il 02 (iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək, yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz olunsun və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan 9,55 qram qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin və iş üzrə sübut kimi tanınmış 01 ədəd DVD və 01 ədəd CD disklər cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertiza tədqiqatlarının cəmi dəyəri olan 32.40 (otuz iki manat qırx qəpik) manat pul Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №1(125)-108/2022
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-108/2022
13.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver