Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-109/2022 21.09.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X8 Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum edilmiş və məhkumluğu ödənilməmiş, Gəncə şəhəri, N.Nərimanov prospekti 8-ci döngə, ev 6-da qeydiyyat olan, ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs, məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,259 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 23 aprel 2022-ci il tarixdə, saat 22:30 radələrində Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin CAB-ın əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri, Vəli Xuluflu küçəsində yerləşən 24 nömrəli tam orta məktəbin yaxınlığında saxlanılaraq Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin inzibati binasına aparılaraq üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli cins şalvarın sağ yan kiçik cibindən 1 ədəd gümüşü rəngli kağıza bükülmüş, təmiz çəkisi 0,259 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, narkotik vasitə aludəçisidir. xx.xx.2022-ci il tarixdə saat 22-30-da Gəncə şəhəri Vəli Xuluflu küçəsində yerləşən 24 nömrəli tam orta məktəbin yaxınlığında saxlanılıb 2-ci Polis Şöbəsinə gətirilmiş, üzərində şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı onun əynində olan cins şalvarının cibindən bir ədəd bükümdə narkotik vasitə heroin aşkar edilmişdir. Lakin, həmin narkotik vasitə ona məxsus olmamışdır. Belə ki, şəxsi axtarış keçirilməzdən əvvəl 2-ci Polis Şöbəsinin əməkdaşları ona qarşı fiziki zorakılıq tətbiq edərək onu döymüş və narkotik vasitəni onun cibinə qoymuşlar. O da zorakılıqdan və daha da döyülməkdən qorxaraq şəxsi axtarış zamanı narkotik vasitənin ona məxsus olduğunu deyib bunu qəbul etmişdir. Sonda təqsirləndirilən şəxs onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin CAŞ-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirdi ki, 23 aprel 2022-ci il tarixdə saat təxminən 22:30 radələrində Gəncə şəhər BPİ-nin 2-ci polis şöbəsində gündəlik xidmətində olan zaman məlumat daxil olmuşdur ki, Gəncə şəhər sakini Elcan adlı şəxs narkotik vasitələrin qanunsuz dövriyəsi ilə məşğuldur və hal-hazırda Gəncə şəhəri 4cü mik 24 nömrəli məktəbin yanındadır. Daxil olmuş məlumat əsasında əməliyyat qrupu yaradılmış və o, baş əməliyyat müvəkkili Şahid2 ilə birlikdə adı sonradan ona məlum olan Təqsirləndirilən şəxs Gəncə şəhəri, 4-cü mik 24 nömrəli məktəbin yaxınlığında saxlayaraq Gəncə şəhər BPİ-nin 2-ci polis şöbəsinə gətirmişlər. Müdafiəçisinin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilmiş və şəxs axtarış zamanı onun əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş formada narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə heroin olduğunu və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini, həmin narkotik vasitəni Bakı şəhərində tanımadığı ərazidə sosial şəbəkədə tanış olduğu şəxsdən aldığını, həmçinin həmin narkotik vasitədən heç kimə satmadığını bildirmişdir. Həmin kütlə tərəzidə çəkilmiş və qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin CAŞ-nin baş əməliyyat müvvəkkili Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərində müdafiəçisinin iştirakı ilə şəxs axtarış keçirilən zaman onun əynində olan qara rəngli şalvarın sağ yan iç cibindən gümüşü rəngli siqaret kağızına bükülmüş bir ədəd kütlə aşkar edilmişdir. Həmin büküm açıldıqda içərisində açıq qəhvəyi rəngli kristal halında narkotik vasitə olan heroinə oxşar kütlə müəyyən edilmişdir. Həmin kütlə şəxsi axtarış iştirakçılarının iştirakı ilə elektron tərəzidə çəkilmiş və büküldüyü sellofanla birlikdə ümumi çəkisi 0,46 qram olmuşdur. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs ona qarşı hər hansı formada zorakılıq tətbiq edilmədiyini, üzərindən aşkar edilən kütlənin kakos adlandırılan heroin olduğunu, həmin narkotik vasitəni 18 aprel 2022-ci il tarixdə günorta saatlarında Bakı şəhərində sosial şəbəkədə tanış olduğu adını bilmədiyi şəxsdən pulsuz aldığını, həmin narkotik vasitədən cəmi bir dəfə istifadə etdiyini, qalan hissəsini isə üstündə saxladığını bildirmişdir. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 16/473 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə...” sözləri və imzalar olan kağız paketdəki bir ədəd gümüşü rəngli kağız bükümündə təmiz çəkisi 0,259 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Ekspertiza tədqiqatına həmin maddənin 0,259 qramı sərf edildikdən sonra, 0,209 qram qalıq qalmışdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi” haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasinin Qanunun İ siyahısının 5-ci bəndində heroin adlı narkotik vasitənin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı hədinin 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi isə 2 qram olması göstərilmişdir. Əməliyyat tapşırığına verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni həqiqətən hansı mənbədən əldə etməsi istiqamətində keçirilmiş əməliyyat tədbirləri nəticəsində heç bir müsbət nəticə əldə edilməmiş, onun hər hansı şəxsə və ya şəxslərə narkotik vasitə satması, qanunsuz olaraq narkotik vasitə əldə etməsində ona kiminsə kömək etməsi, qanunsuz yolla əldə etdiyi narkotik vasitədən yaşadığı evdə, yaxud digər yerlərdə gizlədərək saxlaması, həmçinin onun rayon ərazisində baş vermiş digər cinayətlərdə iştirak etməsi müəyyən edilməmişdir. xx.xx.2022-ci il tarixli, 2822 nömrəli arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserdə xx.xx.2020-ci il tarixdən opioidlərdən aslılıq diqanozu ilə qeydiyyatdadır. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 858 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əziyyət çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş qalıq çəkisi 0,209 qram olan narkotik vasitə heroin, eləcə də Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsinin videogörüntülərinin qeydə alındığı 1 ədəd DVD disk maddi sübut kimi tanınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2022-ci il tarixli cavabından və məhkəmə hökmünün surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs bundan əvvəl Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək, ona qəti olaraq 2 il 3 ay 20 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Gəncə şəhər Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli 157/2021 saylı sorğuya cavab məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs təyin edilmiş 2 il 3 ay 20 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının xx.xx.2022-ci il tarixə çəkilməmiş qalan hissəsi 11 ay 6 gün təşkil edir. İş materiallarında görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2012-ci il təvəllüdlü və xx.xx.2015-ci il təvəllüdlü olmaqla iki azyaşlı uşaq vardır. “Şübhəli şəxsi tutma haqqında” xx.xx.2022-ci il tarixli protokoldan, təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittiham elan edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 22:30-da şübhəli şəxs qismində tutulmuş və xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə 2 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü təqsirli bilməyərək ifadəsində üzərindən aşkar edilmiş narkotik vasitənin ona məxsus olmadığını, polis əməkdaşları tərəfindən tutularkən zorakılığa məruz qaldığını, bu səbəbdən üzərində şəxsi axtarış keçirilərkən narkotik vasitənin ona məxsus olduğunu dediyini bildirmişdir. Təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadə ilə ibtidai istintaq zamanı həm şübhəli, həm də təqsirləndirilən şəxs qismində verdiyi ifadələr arasında ziddiyyətlər olduğundan, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilərək tədqiq edilmişdir. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs həm şübhəli şəxs kimi, həm də təqsirləndirilən şəxs qismində dindirilərkən ifadələrində bildirmişdir ki, özü narkotik vasitə aludəçisidir. xx.xx.2022-cı il tarixdə saat 22-30-da Gəncə şəhəri Vəli Xuluflu küçəsində yerləşən 24 nömrəli tam orta məktəbin yaxınlığında saxlanılıb 2-ci Polis Şöbəsinə gətirilmiş, müdafiəçinin iştirakı ilə Gəncə şəhər 2-ci Polis Şöbəsinin inzibati binasında xidməti otaqda barəsində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı o, əynində olan qara rəngli şalvarın sağ yan kiçik iç cibindən gümüşü rəngli siqaret kağızına bükülmüş kütlə, iki ədəd “Rotmans” markalı siqaret qutuları və bir ədəd alışqan təqdim etmiş, həmin bükülüyə baxdıqda içərisində açıq qəhvəyi rəngli kristal halında narkotik vasitə olan heroinə oxşar kütlə müəyyən edilmişdir. Bundan sonra şəxsi axtarış aparılmış və onun üzərindən başqa əşya və ya predmetlər aşkar olunmamışdır. Üzərindən aşkar edilən kütlə kokos adlandırılan narkotik vasitə olan heroindir. Həmin kütlə çəkilmiş və çəkisi 0,46 qram olması müəyyən edilmişdir. Həmin narkotik vasitəni 18 aprel 2022-cı il tarixdə günorta saatlarında Bakı şəhərində konkret olaraq dəqiq bilmədiyi ərazisində sosial şəbəkədə tanış olduğu, tanımadığı, haqqında və şəxsiyyəti barədə dəqiq məlumatı olmadığı şəxsdən pulsuz almışdır. Həmin narkotik vasitədən bir dəfə istifadə etmiş, qalan hissəsini üstündə saxlamış, həmin narkotik vasitəni üzərindən aşkar edilməsini təsdiq edir. Digər tərəfdən qeyd edilməlidir ki, təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsi və daha sonra həbsdə saxlanılma müddətinin uzadılması barədə məhkəmə qərarlarından da görünür ki, təqsirləndirilən şəxs həmin məhkəmə iclaslarında çıxış edərkən onun döyüldüyünü, fiziki zorakılığa məruz qaldığını məhkəməyə bildirməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman aparılmış videoçəkilişin əks olunduğu DVD disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən müəyyən edilmişdir ki, şəxsi axtarış zamanı ona verilən suala cavab olaraq Təqsirləndirilən şəxs ona qarşı hər hansı formada zorakılığın və ya fiziki təsirin olmadığını bildirmişdir. Bundan başqa, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ifadəsində polis əməkdaşları tərəfindən tutularkən fiziki zorakılığa məruz qaldığını, döyüldüyünü bildirdiyindən, məhkəmə həmin xüsusatların araşdırılması üçün müvafiq məlumatı Gəncə şəhər prokurorluğuna göndərmişdir. Gəncə şəhər prokurorunun köməkçisi, İİ dərəcəli hüquqşünas X4 tərəfindən qəbul edilmiş 05 sentyabr 2022-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs qarşı Gəncə şəhər 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən qeyri-insani rəftar, təsir və ya təzyiq göstərilməsi, fiziki zorakılığa yol verilməsi faktı öz təsdiqini tapmadığından cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçildikdən sonra 2 saylı İstintaq Təcridxanasına yerləşdirilərkən onun barəsində keçirilmiş tibbi müayinənin nəticələrinə dair sənədlər sorğu edilərək əldə edilmiş və müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə istintaq təcridxanasına yerləşdirilərkən onun bədəni üzərində hər hansı fiziki zorakılıq əlamətləri aşkar edilməmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən tutularkən fiziki zorakılığa məruz qalması məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarla öz təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsi tədqiq edilmiş digər mötəbər sübutlarla ziddiyyət təşkil etdiyindən, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş ifadə kimi qiymətləndirir. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs özünü təqsirli bilməsə də, məhkəmə iclasında tədqiq edilmiş özünün ibtidai istintaq zamanı verdiyi ifadələr, şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə etməsi və üzərində saxlamaqla daşıması tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs bu əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-in 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaqlarının olmasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, təqsirləndirilən şəxsin hazırki vəziyyətdə cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, əvvəllər qəsdən cinayət törətməyə görə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi və cəza çəkdiyi dövrdə yenidən qəsdən cinayət törətməsi, bununla da azadlığın məhdudlaşdırılması cəzasının onun islah olunması üçün yetərli olmadığı nəzərə alınmaqla, onun barəsində yalnız azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növü kimi azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 11 ay 06 gün hissəsi CM-in 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, müəyyən edilmiş 5 ay 18 gün azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin ediləcək cəza ilə qismən birləşdirilməklə, ona qəti cəza təyin edilməli, cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli tutulduğu xx.xx.2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət işi üzrə maddi sübutlar - Gəncə şəhəri Baş Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan qalıq çəkisi 0,209 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 32,40 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir (CPM 198.1). Bundan başqa məhkəmə qeyd edir ki, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən təqsirləndirilən şəxsin narkomaniya xəstəliyindən əziyyət çəkməsi və müalicəyə ehtiyacının olması müəyyən olunduğundan, Azərbaycan Respublikası CM-in 93.1.2 və 93- 1.2-ci maddələrinə əsasən onun barəsində tibbi xarakterli məcburi müalicə tətbiq olunmalıdır. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili X3 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 20 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X1 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 120 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 11 ay 6 gün hissəsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, müəyyən edilmiş 5 ay 18 gün müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə, Təqsirləndirilən şəxs qəti olaraq 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 23 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93- 1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübutlar - Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,209 qram narkotik vasitə heroin məhv edilsin, 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 32,40 manat (otuz iki manat qırx qəpik) pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X2, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X1 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 120 manat pul köçürülsün. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ**********0000067944, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Hökmdən elan edildiyi, təqsirləndirilən şəxsə münasibətdə isə ona təqdim olunduğu gündən 20 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №1(125)-109/2022
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-109/2022
21.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver