Məhkəmə qərarları › İş №1(125)-109/2023

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-109/2023

27.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-109/2023 27.07.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğuolan, ünvan 1 ünvanda yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs (bundan sonra – Təqsirləndirilən şəxs) istintaqa məlum olmayan vaxt və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda yəni, bir ədəd yarı bölünmüş vəziyyətdə narkotik vasitə olan 0.02 qram “M40” metadon dərman preparatını satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində daşımaqla saxlamış, 02 sentyabr 2022-ci il tarixdə, saat 00:15-də Gəncə şəhəri, İsrafil Məmmədov küçəsində saxlanılaraq Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinə gətirilmiş və onun üzərində şəxsi axtarış keçirilən zaman əynində olan mavi rəngli cins şalvarın ön sağ cibinin üstündəki kiçik ölçülü cibdən bir ədəd yarı bölünmüş vəziyyətdə həmin narkotik vasitə olan “M40” metadon dərman preparatı aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilırək ifadəsində göstərmişdir ki, o, arabir “m40” narkotik vasitə həbini və “tramal” dərman həbini qəbul edir. xx.xx.2022-ci il tarixində günortadan sonra Gəncə şəhəri Nizami küçəsində Gəncə çayının sahilində olan zaman yerdə kiçik ölçülü sellofan büküm görmüş, həmin büküm onun marağını çəkdiyi üçün onu götürüb açmışdır. O, bükümü açdıqda içindən bir ədəd çəhrayı rəngli həb və bir ədəd yarı bölünmüş vəziyyətdə olan açıq qəhvəyi rəngli həb görmüş, “M-40” və “Tramal” qəbul etdiyi üçün dərhal həmin həbləri tanımış, açıq qəhvəyi rəngli həb “M40” həbi, çəhrayı rəngli həb isə “Tramal” həbi olmuşdur. O, həmin həbləri sonra qəbul etmək üçün götürüb özündə saxlamışdır. xx.xx.2022-ci il tarixində saat 00:10 radələrində o, Gəncə şəhəri İsrafil Məmmədov küçəsində, “Tantuni” adlı kafenin yaxınlığında olan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını, narkotik vasitə və psixotrop maddə qəbul etməkdə, əldə edib üzərində gəzdirməkdə və saxlamaqda şübhəli olduğunu ona bildirərək onu Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci PŞ-nə dəvət etmişlər, o, da etiraz etməmişdir. Sonra polis əməkdaşları onu xidməti avtomobilləri ilə Gəncə şəhər BPİ-nin 1-cü PŞ-nin inzibati binasına gətirmişlər. İdarənin xidməti iş otağında onun hüquqlarının müdafiə olunması üçün müdafiəçi təqdim edilmiş, Bundan sonra protokol və digər sənədlər tərtib olunmuş, müdafiəçinin iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirmişlər. Şəxsi axtarış zamanı əynindəki mavi rəngli cins şalvarın ön sağ cibinin üstündəki kiçik ölçülü cibdə saxladığı içərisində “M40” və “Tramal” həbləri olan büküm aşkar olunmuşdur. Həmin büküm açılmış, içərisindəki həblər götürümüş və elektron tərəzidə çəkilmiş, “M40” həbin çəkisi 0.22 qram gəlmiş və zərfdə qablaşdırılmışdır. Sonra “Tramal” həbi elektron tərəzidə çəkilmiş və çəkisi 0.39 qram gəlmiş, o da ikinci zərfdə qablaşdırılmış, hər iki zərfin ağzı möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Onun üstündən çıxan 8 manat pul, 2 ədəd alışqan, “Xiaomi” markalı mobil telefonu, USB naqili, siqareti və 90 qəpik pulu özünə qaytarılmışdır. Onun üzərindən aşkar olunmuş həbləri heç kimə satmaq niyyəti olmamışdır. Onun ailə üzvlərinin heç birinin onun üzərində olan həblərdən xəbəri olmamış, yaşadığı evdə narkotik vasitə, psixotrop maddə və qanunla daşınması, saxlanması qadağan edilmiş hər hansı bir maddəsi olmamışdır. Sonda o, əməlindən peşman olduğunu, himayəsində xəstə anasının olduğunu, ailənin yeganə gəlir gətirəni olduğunu nəzərə alıb barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə iclasında dindirilmiş şahid Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsində Cinayət Axtarış Bölməsinin əməlliyat müvəkkili Şahid1 ifadəsində bildirmişdir ki, 01 sentyabr 2022-ci il tarixdə ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində daşıyaraq saxlaması barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumatı idarə rəhbərliyinə raportla məruzə etmiş, yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş və Gəncə şəhəri ərazisində əməliyyat-axtarış tədbirləri keçirtməyə başlanılmışdır. 2022-ci ilin sentybarın 1-dən 2-nə keçən gecə saat 00:15-də Təqsirləndirilən şəxs Gəncə şəhəri, İ.Məmmədov küçəsində tərəflərindən saxlanılaraq Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinə dəvət edilmiş və Təqsirləndirilən şəxs də onlarla razılaşaraq Şöbəyə gəlmişdir. Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsində ona şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilərək müdafiəçisi təyin edilmiş, sonra Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində qanunsuz saxlanılan hər hansı bir əşya olub-olmaması soruşulanda o, əynindəki mavi rəngli cins şalvarın ön sağ cibinin üstündə olan kiçik ölçülü cibdən bir ədəd şəffaf sellofana bükülmüş kütəni təqdim etmişdir. Həmin kütlə açıldıqda şəffaf rəngli sellofan kəsiyinə bükülmüş bükülü açılmış, həmin bükülünün içərisində 1 ədəd çəhrayı rəngli dərman preparatı və bir ədəd yarı bölünmüş vəziyyətdə açıq qəhvəyi rəngli dərman preparatı aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümün içərisindəkilərdən bir ədəd yarı bölünmüş vəziyyətdə olan “M40” narkotik vasitə olan metadon tərkibli dərman preparatı olduğunu, digərinin isə güclü təsiredici maddə “tramadol” hidroxlorid olduğunu, özünə məxsus olduğunu, həmin maddələri tutulduğu gündən bir neçə gün qabaq tapdığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlədəki dərman preparatları elektron tərəzidə çəkilmiş və bir ədəd yarı bölünmüş vəziyyətdə olan “M40” narkotik vasitə olan metadon tərkibli dərman preparatının çəkisinin 0,22 qram, güclü təsiredici maddə “tramadol” hidroxloridin çəkisinin isə 0.39 qram olması müəyyən edilmişdir. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “M40” dərman preparatı 1 nömrəli zərfdə, güclü təsiredici maddə “tramadol” hidroxlorid isə 2 nömrəli zərfdə qablaşdırılıb möhürlənmiş, doğruluğunu imzalarıyla təsdiq etmişlər. Təqsirləndirilən şəxs saxlanılarkən ona qarşı heç bir fiziki güc təsir edilməmişdir. Təqsirləndirilən şəxs psixotrop maddə və ya narkotik vasitələrin satışı ilə məşğul olması barədə hər hansı bir məlumatları olmamışdır. Məhkəmə iclasında dindirilmiş Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunda ifadə vermişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2022-ci il tarixli “şübhəli şəxsi tutma” protokolundan, xx.xx.2022-ci il tarixli “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi və MSY-dən azad olunması haqqında” qərardan məlum olur ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək tutulmuş, xx.xx.2022-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2022-ci tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan və məhkəmədə baxış keçirilmiş DVD diskdən görünür ki, Gəncə şəhər BPİ-nin 1-ci PŞ-nin TB-nin baş təhqiqatçısı polis mayoru X2 həmin gün saat 00:15 radələrində Gəncə şəhəri, İ.Məmmədov küçəsində saxlanılaraq Gəncə şəhər 1-ci PŞ-nə gətirilmiş Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri elan olunduqdan sonra ona dövlət hesabına vəkil Müdafiəçi təyin edilmiş və sonra video çəkiliş vasitəsi ilə onun üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı vətəndaş Təqsirləndirilən şəxs əynində olan mavi rəngli cins şalvarın ön sağ cibinin üstündə olan kiçik ölçülü cibdən bir ədəd şəffaf sellofana bükülmüş büküm aşkar edilmişdir. Həmin büküm açıldıqda içindən bir ədəd çəhrayı rəngli həb və bir ədəd yarı bölünmüş vəziyyətdə olan açıq qəhvəyi rəngli həb olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs həmin bükümün içərisində olan bir ədəd həbin “Tramal” həbi olduğunu və bir ədəd yarı bölünmüş vəziyyətdə olan həbin isə “M40” həbi olduğunu bildirmişdir. Şəxsi axtarış zamanı aşkar olunmuş həblər elektron tərəzidə çəkilmiş, açıq qəhvəyi rəngli yarı bölünmüş həbin çəkisi 0.22 qram, çəhrayı rəngli həbin çəkisi isə 0.39 qram gəlmişdir. açıq qəhvəyi rəngli yarı bölünmüş həb 1 nörəli zərfdə, çəhrayı rəngli həb isə 2 nömrəli zərfdə qablaşdırılaraq üzəri Azərbaycan Respublikası DİN 110 nömrəli möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 02.9.2022-ci il tarixli 16/4726 nömrəli ekspert rəyindən görünür ki,tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N 110” dairəvi möhür əksi olan, “şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar olunmuş “M40” metadona bənzər həb......” yazısı və imzalar olan zərfdəki üzərində “M40 yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həbin ½ hissəsində metadon tərkibli dərman preparatıdır və həbin ½ hissəsində metadon təsiredici maddəsinin miqdarı 0,02 qram təskil edir (bir həbdə 0,04 qram metadon olmaqla). Tədqiqata təqdim edilmiş üzərində Azərbaycan Respublikası DİN Zərflər üçün N 110 dairəvi möhür əksi olan, şübhəli “şəxs Təqsirləndirilən şəxs aşkar olunmuş 1 ədəd Tramadola bənzər həb” yazısı və imzalar olan zərfdəki üzərində 225 yazısı həkk olunmuş açıq qırmızı rəngli dairəvi formalı həb tramadol hidroxlorid tərkibli dərman preparatıdır və 1 ədəd həbdə tramadol hidroxlorid təsiredici maddəsinin miqdarı 0,225 qram təşkil edir. (tramadol tərkibi həbdən ½ hissə tədqiqata sərf edilmiş, qalıq həb ½ hissəsi, metadon tərkibli həbdən 1\2 hissə tədqiqata sərf edilmiş, qalıq həbin ¼ hissəsi). Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 126.1, 228.4, 66.3-cü maddəsinəəsasən 03 il 09 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 2545 saylı sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə Ağır Cinayətlər Məhkəməsinin 17 may 2018-ci il tarixli 1(088)-204/2018 nömrəli hökmündən görünür ki, Azərbaycan Respublikası CM-nin 126.1 və 228.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-in 126.1-ci maddəsi ilə 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 228.4-cü maddəsi ilə 6 ay müddətə azadlıqdan məhrum etmə, CM-in 66.3-cü maddəsinə əsasən qəti olaraq 3 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhər Psixonevroloji Dispanserinin xx.xx.2022-ci il tarixli 5735 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserində qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhər Narkoloji Dispanserin xx.xx.2022-ci il tarixli 5894 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 1698 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddədən istifadə edir. Narkotik vasitə olan metadondan və psixotrop maddə olan tramadoldan sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 16 iyun 2023-cü il tarixli 1042 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs oğlu narkotik vasitə və psixotrop maddədən istifadə edir. Narkotik vasitə olan metadondan və psixotrop maddə olan tramadoldan sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Hal hazırda narkotik abstinensiya (narkotik vasitələrin aclığı) əlamətləri olmadığı üçün məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata götürülməsi məsləhət görülür. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə mübarizə haqqında haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun 19-cu maddəsinin 1-ci hissəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların şəxsi istehlak miqdarından artıq olan miqdarda hazırlanması, kultivasiyası, əldə edilməsi, saxlanması, daşınması və ya göndərilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada cinayət məsuliyyətinə səbəbdir. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”n İ Siyahısında metadonun şəxsi istehlak miqdarının yuxarı həddi 0,02 qram müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan metadonu əldə etməsi və saxlaması tamamilə sübuta yetirilir. Ona görə də, onun əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlindən peşman olmasını və əməlini səmimi etiraf etməsini cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. N.İ.X3 Cinayətlər Məhkəməsinin 17 may 2018-ci il tarixli hökmü ilə yaranmış məhkumluğu ödənilmədiyindən onun əməlində cinayətlərin residivi mövcuddur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxin şəxsiyyəti, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, o cümlədən təqsirləndirilən şəxsin əməlində cinayətlərin residivinin olması, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, eləcə də cəzanın səmərəliliyi və məqsədəuyğunluğu nəzərə alınmaqla təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının son həddinin yarısından az olmayan müddətdə cəza təyin edilməlidir. N.İ.X5 Cinayətlər Məhkəməsinin 17 may 2018-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2021-ci il tarixli 2545 saylı sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir.Göründüyü kimi Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməyə görə cəzadan əfv olunaraq vaxtından əvvəl azad edildiyi gündən sonrakı məhkumluq dövründə - 06 il ərzində yenidən qəsdən az ağır cinayət törətmişdir. CM-in 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. CM-in 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. CM-in 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olduğundan o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə müvafiq olaraq cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs 02-03 sentyabr 2022-ci il tarixlərində şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tutulduğu 02 gün müddət azadlıqdan məhrum etmə cəzasının bir gününə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək “həbs” qətimkan tədbiri ilə əvəz edilməklə məhkəmə iclas zalında həbs edilməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan ½ hissə tramadol həbi və ¼ hissə narkotik vasitə metadon həbi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, həmçinin iş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197.1.4-cü maddəsinə əsasən hesab edir ki, iş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 114 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən məhkum Təqsirləndirilən şəxs məhkəmədə 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 nömrəli Vəkil Bürosunun vəkili Müdafiəçi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına (xx.xx.2018-ci il tarixli, 202 nömrəli qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, işlədiyi vəkil bürosunun hesabına 90 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 gün müddət təyin edilmiş cəzadan çıxılaraq onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında həbs edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübutlar: Gəncə Şəhər Baş Polis İdarəsində saxlanılan narkotik vasitənin ekspertizadan sonrakı qalığı ½ hissə tramadol həbi və ¼ hissə narkotik vasitə metadon həbi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, axtarış zamanı aparılmış videoçəkilişin qeyd edildiyi 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci, ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçi ödənilməsi üçün işlədiyi Gəncə şəhəri 1 nömrəli Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsindən ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə verildiyi) andan 20 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və apellyasiya şikayəti verilməzsə, müddətin başa çatdığı gündən sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar