Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-110/2022 24.10.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Həsənov Ayxan Rasim oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs Həsənova (Calalova) Xəyalə Baloğlan qızının, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxx 1985-ci ildə Kəlbəcər rayonu Zivel kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Kəlbəcər rayonu Məmmədsəfi kəndində qeydiyyatda olan və Gəncə şəhəri Gülüstan qəsəbəsi Azərbaycan Dövlət Aqrar Universitetinin 6 saylı yataqxanasında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 30 yanvar 2017-ci il tarixdən başlayaraq hər ay bir uşağa 100 manat olmaqla, iki uşağa görə cəmi 200 manat sabit pul məbləğində alimenti övladları 05 iyul 2011-ci il təvəllüdlü X1 və 20 avqust 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması məqsədilə Həsənova (Calalova) Xəyalə Baloğlan qızının xeyrinə ödəməsinə dair Kəlbəcər Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 28 avqust 2017-ci il tarixli 2(040)-669/2017 saylı qətnaməsinin icrasının təmin edilməsi ilə əlaqədar icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirmədiyindən Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 06 dekabr 2018-ci il tarixli 3(044)-708/18 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 15 gün və 27 iyul 2020-ci il tarixli 3(044)-323/2020 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 10 gün müddətlərində inzibati həbs edilməsinə, məhkəmə aktının icra edilməsi ilə əlaqədar ona 10 avqust 2020ci il, 24 avqust 2020-ci il, 12 sentyabr 2020-ci il tarixlərində məsuliyyəti elan olunmaqla rəsmi xəbərdarlıqlar təqdim edilməsinə baxmayaraq cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilən 10 dekabr 2021-ci il tarixədək şəxsi maraq niyyəti ilə cəmi 3060 manat aliment borcunu zərər çəkmiş şəxs Həsənova (Calalova) Xəyalə Baloğlan qızına ödəməməklə, habelə sonuncuya maddi ziyan vurmaqla məhkəmənin qanuni qüvvədə olan məlum qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, fərdi əmək fəaliyyəti ilə məşğul olur, aylıq gəliri 400 manat təşkil edir. Həsənova (Calalova) Xəyalə Baloğlan qızı ilə 2009-cu ildə evlənmiş, birgə nikahlarından X4 və X5 doğulmuş, evli olduqları müddətdə bir yerdə yaşamaqları mümkün olmadığından nikahlarına xitam verilmiş, həmin vaxtdan da X.Həsənova (Calalova) övladları ilə birlikdə valideyinlərinin yanına köçərək orada yaşamış, 2017-ci ildə ona qarşı aliment tələbinə dair Kəlbəcər rayon Məhkəməsində iddia qaldırmış, məhkəmənin 28 avqust 2017-ci il tarixli 2(040)-669/2017 saylı qətnaməsi ilə iddia təmin edilərək əvvəli 30 yanvar 2017-ci il tarixdən hesablanmaqla, hər ay bir uşaq üçün 100 manat olmaqla, iki uşağa cəmi 200 manat sabit pul məbləğində aliment ondan tutularaq övladları 05 iyul 2011-ci il təvəllüdlü Mahirə Calallının və 20 avqust 2012-ci il təvəllüdlü Zəhra Calalovanın yetkinlik yaşına çatana kimi saxlanması üçün Xəyalə Həsənovanın (Calalovanın) xeyrinə ödənilməsi qət edilmiş, bununla əlaqədar Gəncə şəhəri üzrə icra idarəsinin icra məmurları ona bildiriş təqdim etməklə qətnamənin icrasını tələb etmişlər. O isə maddi imkanı yüksək olmadığından məhkəmə aktını icra etməmiş, icra məmuru aliment borcunun ödənilməsi ilə əlaqədar ondan izahatlar almış, hətta Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 06 dekabr 2018-ci il tarixli 3(044)-708/18 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 15 gün və 27 iyul 2020-ci il tarixli 3(044)-323/2020 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 10 gün müddətlərində inzibati həbs edilmişdir. Bundan sonra icra məmuru məhkəmə aktının icrasını təmin etməsinə dair ona müddət təyin etməklə bildiriş təqdim etsə də o, alimenti ödəməmişdir. Barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Həsənova (Calalova) Xəyalə Baloğlan qızı fadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2009-cu ildə evlənmiş, birgə nikahlarından X4 və X6 doğulmuş, evli olduqları müddətdə bir yerdə yaşamaqları mümkün olmadığından nikahlarına xitam verilmiş, həmin vaxtdan da uşaqları ilə birlikdə valideyinlərinin yanına köçərək orada yaşamış, o, isə övladlarının saxlanması ilə əlaqədar ona maddi köməklik göstərmədiyindən aliment tələbinə dair Kəlbəcər rayon Məhkəməsində iddia qaldırmış, Məhkəmənin 28 avqust 2017-ci il tarixli 2(040)-669/2017 saylı qətnaməsinə əsasən iddia təmin edilərək əvvəli 30 yanvar 2017-ci il tarixdən hesablanmaqla, hər ay bir uşağa 100 manat olmaqla, iki uşağa görə cəmi 200 manat sabit pul məbləğində aliment Təqsirləndirilən şəxs tutularaq 05 iyul 2011-ci il təvəllüdlü M.Calallının və 20 avqust 2012-ci il təvəllüdlü Z.Calallının yetkinlik yaşına çatana kimi saxlanması məqsədilə ona ödənilməsi qət edilmiş, qətnamənin icrası ilə Gəncə şəhəri üzrə icra idarəsinin icra məmurları məşğul olmuş, bununla əlaqədar borcluya bildiriş təqdim edilmiş, o isə alimenti ödəməkdən imtina edərək icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 06 dekabr 2018-ci il tarixli 3(044)-708/18 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 15 gün və 27 iyul 2020-ci il tarixli,3(044)-323/2020 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 10 gün müddətlərində inzibati həbs edilmişdir. Bundan sonra qeyd etmişdir ki, icra məmuru alimentin ödənilməsi ilə əlaqədar ona bildiriş təqdim etməsinə baxmayaraq o, alimenti ödəməmiş, uzun müddətdir ki, fərdi əməklə məşğul olmaqla xeyli miqdarda pul qazanmasına baxmayaraq məhkəmə aktını qərəzli olaraq icra etməmişdir. Məhkəmədən təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhəri üzrə icra idarəsinin böyük icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəli 30 yanvar 2017-ci il tarixdən hesablanmaqla hər ay bir uşağa 100 manat olmaqla, iki uşağa görə cəmi 200,00 manat sabit pul məbləğində aliment tutularaq 05 iyul 2011-ci il təvəllüdlü X1 və 20 avqust 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün X.B.Həsənovanın (Calalovanın) xeyrinə ödənilməsinə dair Kəlbəcər Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 28 avqust 2017-ci il tarixli 4(040)-669/2017 saylı qətnaməsi icra edilməsi ilə bağlı Gəncə şəhəri üzrə icra idarəsinə daxil olmuş, icra sənədi icraata qəbul edilərək 06 noyabr 2017-ci il tarixdə icraata başlanma haqqında qərar qəbul edilmiş, aliment tələbinin təmin edilməsi ilə əlaqədar borcluya bildiriş təqdim edilmiş, məhkəmə qətnaməsi üzrə aliment borcu ödənilmədiyindən aidiyyəti orqanlara verilmiş sorğulara alınmış cavablardan onun adına olan əmlakları aşkar etmək mümkün olmamış, müxtəlif tarixlərdə İcra idarəsinə dəvət olunaraq borcludan izahatlar almış, qanunun tələbləri və məsuliyyəti ona izah edilmiş, o, isə izahatlarında fərdi əməklə məşğul olduğunu bildirsə də alimenti ödəməmiş, üzərindən uzun müddət keçməsinə baxmayaraq məhkəmə aktını qərzəli icra etməməklə icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən üzrsüz səbəbdən yayındığından Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 06 dekabr 2018-ci il tarixli 3(044)-708/18 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 15 gün və 27 iyul 2020-ci il tarixli 3(044)-323/2020 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 10 gün müddətlərində inzibati həbs edilmiş, qətnaməni icra etməsindən ötrü ona yeni müddət təyin edilsə də hərəkətlərini davam etdirməklə məhkəmə aktını qərəzli olaraq icra etməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Şahid2 Şahid1 ifadəsində göstərilən xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 06 noyabr 2017-ci il, 24 dekabr 2018-ci il, 07 yanvar 2019-cu il, 11 fevral 2019-cu il, 05 mart 2020-ci il, 10 avqust 2020-ci il, 24 avqust 2020-ci il, 12 sentyabr 2020-ci il tarixli bildiriş və xəbərdarlıq məktublarından, eyni zamanda Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 06 dekabr 2018-ci il tarixli 3(044)-708/18 saylı və 27 iyul 2020-ci il tarixli 3(044)-323/2020 saylı qərarlarından, həmçinin digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Kəlbəcər Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 28 avqust 2017-ci il tarixli 2(040)-669/2017 saylı qətnaməsini qərəzli olaraq icra etməmişdir. 09 mart 2022-ci il tarixli Təqdimatdan görünür ki, Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli icra sənədlərinə əsasən borclu Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılması məqsədəmüvafiq hesab olunmuşdur. Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(040)-669/2017 saylı icra vərəqəsindən görünür ki, 05 iyul 2011-ci il təvəllüdlü X1 və 20 avqust 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər bir uşağa 100 (yüz) manat olmaqla, iki uşağa görə cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq, zərərçəkmiş Zərərçəkmiş şəxs verilməlidir. Gəncə şəhəri üzrə İcra İdarəsinin icraata başlamaq haqqında 06 noyabr 2017-ci il tarixli Qərarından görünür ki, Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(040)- 669/2017 saylı icra sənədi üzrə icraata başlanılmış və borclu Təqsirləndirilən şəxs 10 (on) gün müddətinə icranı könüllü təmin etməsi təklif olunmuş, əks təqdirdə, onun barəsində məcburi icra tədbirlərinin görülməsi barədə xəbərdar olunmuşdur. Gəncə şəhəri üzrə İcra İdarəsi tərəfindən Təqsirləndirilən şəxs ünvanlanmış bildirişdən görünür ki, həmin bildirişlə ona Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(040)-669/2017 saylı icra sənədində göstərilən tələbin yerinə yetirilməsi üçün 10 gün müddət verilmiş, əks halda məcburi icra tədbirlərinin görüləcəyi və həmçinin onu gözləyən məsuliyyət barədə xəbərdar olunmuşdur. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 06 dekabr 2018-ci il tarixli 3(044)- 708/18 saylı və 27 iyul 2020-ci il tarixli 3(044)-323/2020 saylı inzibati xəta haqqında iş üzrə qərarlarından görünür ki, Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini üzrsüz səbəbdən icra etməkdən qərəzli olaraq boyun qaçırdığına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək ona müvafiq olaraq 15 (on beş) və 10 (on) gün müddətində inzibati həbs edilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 23 avqust 2021-ci il tarixli 8(044)- 196/2021 saylı Qərardadından görünür ki, Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(040)-669/2017 saylı icra sənədi üzrə borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ icra sənədi tam icra olunana qədər müvəqqəti məhdudlaşdırılmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş 19 aprel 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. “Axtarışda olan şəxsin tutulması və üstünə baxış keçirilməsi haqqında” 17 iyun 2022-ci il tarixli Protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə tutularaq Kəlbəcər RPŞ-nə gətirilmiş, üzərinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs üzərindən heç bir qiymətli əşya və sənəd müəyyən olunmamışdır. “Başqa yerə getməmək barədə iltizam qətimkan tədbirinin seçilməsi haqqında” 17 iyun 2022-ci il tarixli Qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. Gəncə şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(125)-110/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin dəyişdirilməsi və barəsində axtarış elan olunmaqla həbs qətimkan tədbiri seçilməsi qərara alınmışdır. “Axtarışda olan şəxsin tutulması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 sentyabr 2022-ci il tarixdə Gəncə şəhəri ərazisində tutularaq, Gəncə şəhər 1-ci Polis Şöbəsinə gətirilmiş və Gəncə şəhər BPİ-nin MSY-yə təhvil verilmişdir. Məhkəmə istintaqında təqdim edilmiş və iş materiallarına əlavə edilmiş xx.xx.2022 və xx.xx.2022-ci il tarixli ödəniş qəbzlərindən görünür ki, Təqsirləndirilən şəxs göstərilən tarixlərdə aliment borcundan 200 və 100 AZN olmaqda cəmi 300 AZN ödəniş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə toplanmış sənədlər, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı cinayət işində Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli birbaşa qəsdlə törədilən cinayətdir. Yəni, təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə aktını qərəzli olaraq icra etmədiyini dərk etmiş, bununla ədalət mühakiməsinin nüfuzuna xələl gətirməsini və zərər çəkmiş şəxsin hüquqlarının pozulmasını görmüş və bunları arzu etmişdir. Digər tərəfdən, təqsirləndirilən şəxs bu əməli davamlı olaraq uzun vaxt müddətində, qərəzli olaraq həyata keçirmişdir. Təqsirləndirilən şəxs icra məmurunun qanuni tələblərini icra etməməklə, Azərbaycan Respublikası adından qəbul edilmiş, qanuni qüvvədə olan qətnaməini bilərəkdən və qərəzli şəkildə icra etməmişdir. Məhkəmə xüsusilə qeyd edir ki, məhkəmənin qərarının və digər aktının icra edilməməsinin təhlükəliliyi ondan ibarətdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarını icra etməmə məhkəmə orqanlarını nüfuzdan salır, pozulmuş hüquqların bərpası, dəymiş ziyanın ödənilməsi qeyri-mümkün olur və ədalət mühakiməsinin həyata keçirilməsi zamanı dövlət adından çıxarılmış qərarlar kağız üzərində qalır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” işdə (7 may 2002-ci il) eyni xarakterli məsələlərə bir daha münasibət bildirərək qeyd etmişdir ki, məhkəmə qərarlarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma 6-cı maddənin 1-ci bəndində ifadəsini tapmış müddəanı faydalılıq qüvvəsindən məhrum etmiş olur. “Tarverdiyev Azərbaycana qarşı” işdə Avropa Məhkəməsi xatırlatmışdır ki, ərizəçi məhkəmə çəkişməsini udduqdan sonra bu uduşdan yararlanmağa maneələrin yaradılması Konvensiyanın 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun pozuntusudur. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etmək üçün zəruri tədbirlərin görülməməsi ilə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin səmərəsi heçə endirilir. Beləliklə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf etməsini, aliment borcunda cüzi ödəniş etməsini, əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyasında 5 növ cəza, yəni cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 01 (bir) gün müddətində axtarışla tutulmasını nəzərə alaraq həmin müddətin ona təyin olunacaq azadlıqdan məhrumetmə cəzasından çıxılmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Belə ki, məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hallara diqqət yetirərək nəzərə alır ki, o, zərərçəkmiş şəxslə razılığa gəlmək adı ilə məhkəmədən yayınmış, məhkəmə çağırışına gəlmədiyinə görə barəsində məhkəmənin qərarına əsasən məcburi gətirmə tətbiq edilmiş və barəsində axtarış elan edilmişdir. Axtarışda olduğu müddətdə yeni cinayət törətmişdir. Onun qəsdən məhkəmə çağırışlarına gəlməməsi, məhkəmədən qaçıb gizlənməsi, axtarışda olduğu müddətdə yeni cinayət törətməsi islah olunmağa meylli olmadığını göstərir. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun axtarışla həbsə alındığı xx.xx.2022-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən məhkum Təqsirləndirilən şəxs məhkəmədə 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, işlədiyi vəkil bürosunun hesabına 90 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17 iyun 2022-ci il tarixdə axtarışla tutulduğu 01 (bir) gün müddətin azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər hesablanmaqla 01 (bir) gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 08 (səkkiz) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli həbsə alındığı 20 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsindən ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə münasibətdə isə surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə (təqsirləndirilən şəxs tərəfindən isə həmçinin həbsdə saxlama yerinin müdiriyyəti vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Orxan Cəfərli
Məhkəmə qərarları › İş №1(125)-110/2022
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-110/2022
24.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver