Məhkəmə qərarları › İş №1(125)-110/2023

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-110/2023

06.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-110/2023 06.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxx 1992-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş, Gəncə şəhəri Heydər Əliyev prospekti, ev 85, mənzil 12-də qeydiyyatda olmaqla, Gəncə şəhəri Natəvan qəsəbəsi təzə məhlələrdə ünvansız fərdi yaşayış evində yaşayan və barəsində “polisin nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs (bundan sonra – Təqsirləndirilən şəxs) istintaqa dəqiq məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi 0,520 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 22 sentyabr 2022-ci il tarixdə, saat 23 radələrində Gəncə şəhəri, Natəvan qəsəbəsində yerləşən qaz qovşağının yaxınlığında özünü şübhəli apardığına görə həmin ərazidə xidmətdə olan Gəncə şəhər 2-ci PŞ-nin PPXT-nin əməkdaşları ona yaxınlaşan zaman üzərində olan bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,520 qram psixotrop maddə olan metamfetamini yerə atmış, polis əməkdaşları onun yerə atdığı metamfetamini götürüb özünü isə saxlayaraq Gəncə şəhəri, H.Əliyev prospekti 89 ünvanında yerləşən Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinə gətirmiş və həmin şöbədə onun yerə atdığı sellofan bükümə baxış zamanı içərisindən təmiz çəkisi 0,520 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 22 sentyabr 2022-ci il tarixdə saat 23 radələrində o, Gəncə şəhəri, Natəvan qəsəbəsində yerləşən qaz qovşağının yaxınlığında piyada gedərkən polis əməkdaşlarının ona yaxınlaşmasını görmüşdür.. Həmin vaxt o, əynində olan açıq göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükülünü çıxarıb yerə atıb qaçmaq istəyən zaman onu saxlamış və yerə atdığı bükülünü yerdən götürüb həmin bükülü ilə birlikdə onu Gəncə şəhər 2-ci Polis Şöbəsinə gətirmişlər. 23 sentyabr 2022-ci il tarixdə saat 00-20-də o, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuş və müdafiə hüquqları təmin edilməklə həmin gün saat 00-40-da Gəncə şəhər 2-ci Polis Şöbəsinin inzibati binasında xidməti otaqda, təqdim edilən əşyaya baxış və barəsində şəxsi axtarış aparılmışdır. Sonra 2-ci PŞ-nin PPXT-nin polis nəfəri, polis serjantı Şahid2 bir ədəd bükülü təqdim edərək bildirmişdir ki, 2-ci PŞ-nin PPXT-nin polis nəfəri, polis serjantı Şahid1 ilə birlikdə 22 sentyabr 2022-ci il tarixdə saat 23 radələrində Gəncə şəhəri, Natəvan qəsəbəsində xidmətdə olarkən həmin ərazidə yerləşən qaz qovşağının yaxınlığında onun özünü şübhəli apardığını və narkotik vasitənin təsiri altında olduğunu görüb yaxınlaşan zaman əynində olan açıq göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükülünü çıxarıb yerə atıb qaçmaq istəyən zaman saxlanılmış və yerə atdığı bükülünü yerdən götürüb həmin bükülü ilə birlikdə Gəncə şəhər 2-ci Polis Şöbəsinə gətirmişlər. Polis əməkdaşı həmin bükülünü təqdim etmiş, həmin bükülü şəffaf sellofon kəsiyi olmaqla içərisində psixotrop maddə olan metamfetaminə oxşar kütlə olması müəyyən edilmişdir. Bundan sonra şəxsi axtarış aparılmış və onun üzərindən qanunsuz hesab edilən əşya və ya predmetlər, həmçinin narkotik vasitə aşkar edilməmişdir. Əynində olan göy rəngi cins şalvarın arxa sağ cibindən bir ədəd “Samsunq” markalı mobil telefon aşkar edilmişdir. Həmin mobil telefonun evə məxsus olmasını bildirmiş və özünə məxsus mobil telefon təmirdə olduğu üçün istifadə etmədiyini qeyd etmişdir. Həmin bükülüdə olan kütlənin “şüşə”, “patı” adlanan psixotrop maddə olan metamfetamin olduğunu göstərmişdir. Həmin kütlə bükülü ilə birgə çəkilmiş və çəkisi 0,57 (sıfır tam yüzdə əlli yeddi) qram olması müəyyən edilmişdir. O həmin psixotrop maddəni xx.xx.2022-ci il tarixdə saat 14 radələrində Gəncə şəhəri Bayraq Meydanı parkı ərazisində yerdən tapıb cibinə qoyaraq üzərində daşıyaraq saxlamışdır. Üzərində olmasını və polis əməkdaşları ona yaxınlaşarkən əynində olan şalvarın sağ cibindən götürüb yerə atmağını və polis əməkdaşları onu yaxalayıb həmin bükülü ilə birlikdə 2-ci Polis şöbəsinə gətirmələrini təsdiq etmişdir. O üzərində daha başqa, həmçinin yaşadığı ünvanda narkotik vasitə saxlamadığını və yaşadığı ünvana baxış keçirilməsini istəmədiyini bildirmişdir. Ona izah edilmişdir ki, aşkar edilmiş kütlə müvafiq ekspertizaya təqdim ediləcək və dəqiq çəkisi müəyyən ediləcəkdir. Bir ədəd bükülüdə olan kütlə çəkildikdən sonra və mobil telefon ayrı ayrılıqda qablaşdırılıb ayrı ayrı zərflərə qoyularaq AR. DİN-nin 120 nömrəli möhürü ilə möhürlənib qablaşmanın üzəri iştirakçılar tərəfindən imzalanmış və götürülməsi izah edilmişdir. Polis əməkdaşlarının onu yaxalayarkən və barəsində rəsmiləşdirmə aparılarkən hər hansı bir qanunsuz hərəkətlər edilməmişdir. O, üzərindən aşkar edilmiş psixotrop maddəni hər hansı bir şəxsə satmaq niyyətində olmamışdır. Sonda o, əməlindən peşman olduğunu, himayəsində 1 azyaşlı uşağı olduğunu, ailəyə qazanc gətirən yeganə şəxs olduğunu nəzərə alıb ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə iclasında dindirilmiş Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin PPX tağımının polis nəfəri-sürücü vəzifəsində işləyən Şahid2 ifadəsində bildirmişdir ki, 22 sentyabr 2022-ci il tarixdə, saat 23 radələrində 21 və 22 nömrəli marşurut üzrə ekipaj yoldaşı polis serjantı Şahid1 ilə birlikdə xidmətdə olan zaman Gəncə şəhəri, Natəvan qəsəbəsində yerləşən qaz qovşağının yaxınlığında adı hər ikisinə sonradan məlum olan Təqsirləndirilən şəxs özünü şübhəli apardığına görə ona yaxınlaşan zaman üzərində olan bir ədəd şəffaf sellofan bükümü yerə ataraq qaçmağa cəhd edəndə Təqsirləndirilən şəxs yaxalamış və həmin bükümü yerdən götürərək Gəncə şəhəri, H.Əliyev prospekti 89 ünvanında yerləşən Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinə gətirmişlər. Gəncə şəhər BPİ-nin 2-ci X9 Məmmdova şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilərək X1 müdafiəçisi kimi iştirakı təmin edilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmişdir. Daha sonra X3 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs yerə atdığı bir ədəd şəffaf sellofan bükümə baxış zamanı içərisindən təmiz çəkisi 0,57 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərində qanunsuz saxlanılan başqa hər hansı bir əşya olub-olmaması soruşulanda o, olmadığını bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümün içərisindəkinin psixotrop maddə olan metamfetamin olduğunu, özünə məxsus olduğunu, həmin psixotrop maddəni xx.xx.2022-ci il tarixdə saat 14 radələrində Gəncə şəhəri Bayraq Meydanı parkı ərazisində yerdən tapıb cibinə qoyaraq üzərində daşıyaraq saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə bükümlə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisinin 0,57 qram olması müəyyən edilmişdir. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində psixotrop maddə olan bir ədəd büküm müvafiq qaydada zərfdə qablaşdırılıb möhürlənmiş, doğruluğunu imzaları ilə təsdiq etmişlər. Təqsirləndirilən şəxs ilə heç bir münasibəti, hər hansı bir düşmənçilik və ədavəti olmamışdır. Təqsirləndirilən şəxs qarşı heç bir zor və fiziki güc tətbiq edilməmiş, həmçinin Təqsirləndirilən şəxs da onlara qarşı hər hansı bir müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxs psixotrop maddə və ya narkotik vasitələrin satışı ilə məşğul olması barədə onların hər hansı bir məlumatı yoxdur. O və ekipaj yoldaşı Şahid2 Nicat Məmədova narkotik vasitənin təsiri altında olması şübhəsi ilə yaxınlaşsalarda həqiqətdə sonuncu narkotik vasitənin təsirində olmamışdır. Belə ki, Təqsirləndirilən şəxs polis şöbəsinə aparanda yolda hər ikisinə şifahi formada həmin an narkotik vasitənin təsirində olmadığını və bir müddətdir ki, narkotik vasitədən istifadə etmədiyini bildirmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid1, məhkəmə iclasında dindirilmiş Şahid2 ifadəsindəki xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 23 sentyabr 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan və 24 sentyabr 2022-ci il tarixli “təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 23 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş və 24 sentyabr 2022-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə X5 azad edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 23 sentyabr 2022-ci tarixli “baxış və götürmə haqqında” protokoldan və məhkəmədə baxış keçirilmiş DVD diskdən görünür ki, həmin tarixdə Gəncə şəhəri BPİ-nin 2-ci PŞ-nin TB-nin təhqiqatçısı polis mayoru X4, Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin PPXT-nin polis nəfəri, polis serjantı Şahid2, Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin PPXT-nin polis nəfəri, polis serjantı Şahid1, müdafiəçi X3 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, onun üzərindən qanunla qadağan edilmiş hər hansı əşya aşkar edilməmiş, daha sonra Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin PPXT-nin polis nəfəri, polis serjantı Şahid2 bir ədəd bükülü təqdim edərək bildirmişdir ki, Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin PPXT-nin polis nəfəri, polis serjantı Şahid1 ilə birlikdə 22 sentyabr 2022-ci il tarixdə saat 23-50-də Gəncə şəhəri Natəvan qəsəbəsində xidmətdə olarkən həmin ərazidə yerləşən qaz qovşağının yaxınlığında adı ona sonradan məlum olan Təqsirləndirilən şəxs özünün şübhəli apardığını və narkotik vasitənin təsiri altında olduğunu görüb ona yaxınlaşan zaman Təqsirləndirilən şəxs əynində olan açıq göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükülünü çıxarıb yerə atıb qaçmaq istəyən zaman onu saxlayıb və yerə atdığı bükülünü yerdən götürüb həmin bükülü ilə birlikdə Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nə təhvil vermişlər. Şübhəli şəxs bildirmişdir ki, bükülüdə olan kütlə şüşə, patı adlanan psixotrop maddə olan metamfetamindir. O, həmin kütləni xx.xx.2022-ci il tarixdə saat 14 radələrində Gəncə şəhəri Bayraq Meydanı parkı ərazisində yerdən tapdığını və cibinə qoyub özü istifadə etmək üçün saxladığını, heçkimə satmadığını bildirmişdir. Həmin kütlə bükülü birgə çəkilmiş və çəkisi 0.57 qram olmuşdur. Daha sonra həmin kütlə qabılaşdırılıb zərflərə qoyularaq AR. DİN-nin 120 nömrəli möhürü ilə möhürlənmiş qablaşmanın üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı video kamera ilə video çəkiliş aparılmış və protokol tərtib olunmuş, protokolun doğruluğu iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 16/1135 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs atmış və polis əməkdaşı tərəfindən təqdim olunan kütlə” yazı və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 0,520 qram maddə kustar üsulla hazırlanmış psixotrop maddə–metamfetamindir. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin 1-ci siyahısının İİ bəndinə daxildir. (Metamfetamin təmiz çəkisi 0.52 qram, tədqiqata sərf edilmiş 0.04 qr., qalıq 0.480 qr.) Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 14 oktyabr 2022-ci il tarixli, 1535 nömrəli rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2022-ci il tarixli 4374 nömrəli Gəncə şəhər Narkoloji Dispanserin arayışından görünür ki, Təqsirləndirilən şəxs opioidlərdən aslılıq diaqnozu ilə qeydiyyatdadır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2022-ci il tarixli 6072 nömrəli Gəncə şəhər Psixoloji Dispanserin arayışından görünür ki, Məmmədov X7 Dispanser qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə ARnın CM-nin 244.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il müddətinə islah işləri cəzasına məhkum edilmiş, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci 69.3-cü maddəsi ilə təqsirli bilinib 01 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə onun azadlığın məhdudlaşdırılması cəzası artırılaraq 02 il 05 ay 26 gün müddətində saxlanılmış, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 5-ci bəndinə əsasən qərarla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi 01 il müddətinə azaldılmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(044)-111/2020 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 1 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(043)-39/2022 saylı hökmdən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Gəncə Apellyasiya Məhkəməsinin 22 aprel 2021-ci il tarixli qərarı ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 07 ay 26 gün hissəsi hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilmiş və Təqsirləndirilən şəxs hökmlərin məcmusu üzrə qəti olaraq 01 il 03 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 7(125)-19/2023 saylı qərarının surətindən görünür ki, məhkum Təqsirləndirilən şəxs Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 1(043)-39/2022 saylı, 07 aprel 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 67.1-ci maddəsinə əsasən təyin edilmiş 01 il 3 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 05 ay 20 gün hissəsi 02 ay 25 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, cəzaçəkmə müddətinin əvvəli 161.2023-cü il tarixdən hesablanmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhər Probasiya Şöbəsinin məktubundan görünür ki, məhkəmə sorğusuna cavab olaraq bildirilmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin 1(104)-60/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarına əsasən məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkum Təqsirləndirilən şəxs barəsində çıxarılmış hökm və hökmün icrasına dair göstəriş xx.xx.2021-ci il tarixdə şöbənin icraatına daxil olmuş və qanunvericiliyin tələbinə uyğun olaraq müvafiq tədbirlər görülmüşdür. Məhkum Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə “Attenti” markalı elektron nəzarət vasitəsi tətbiq edilmiş və məhkuma cəzanın çəkilməsi şərtləri və üzərinə qoyulmuş vəzifələr izah edilmişdir. “8 noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5ci bəndinə əsasən Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 7(043)-11/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarı ilə cəzanın çəkilməmiş qalan hissəsi 01 (bir) il azaldılmışdır. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 1(043)-39/2022 nömrəli xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1 -ci maddəsinə əsasən Gəncə Apellyasiya Məhkəməsinin 1(104)-60/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə təyin edilmiş 02 il 05 ay 26 gün müddətdə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi qismən birləşdirilməklə üzərinə qəti olaraq 01 il 03 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Gəncə Şəhər Məkəməsinin 7(125)-19/2023 nömrəli, 16.01,2023-cü il tarixdə cəzanın çəkilməmiş qalan 05 ay 20 gün hissəsi 02 ay 25 gün azadlıqda məhrum etmə cəzası ilə əvəz edilişdir. Gəncə Şəhər Məkəməsinin 7(125)-19/2023 nömrəli, xx.xx.2023-cü il tarixdə qərarı qüvvəyə minməsi ilə əlaqədar olaraq 07 fevral 2023-cü il tarixdə Gəncə Şəhər Probasiya Şöbəsinin icraatında olan Təqsirləndirilən şəxs şəxsi işinə xitam verilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə mübarizə haqqında haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun 19-cu maddəsinin 1-ci hissəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların şəxsi istehlak miqdarından artıq olan miqdarda hazırlanması, kultivasiyası, əldə edilməsi, saxlanması, daşınması və ya göndərilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada cinayət məsuliyyətinə səbəbdir. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İİ Siyahısında metamfetaminin şəxsi istehlak miqdarının yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, himayəsində 1 azyaşlı uşağının olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmçinin Təqsirləndirilən şəxs əvvəlki məhkumluğu azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş cinayətə görə olduğundan məhkəmə onun hazırkı əməlini residiv kimi nəzərə almır. Çünki Azərbaycan Respublikası CM-in 18.4.4-ci maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Belə ki, məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hallara diqqət yetirərək nəzərə alır ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətdə yənidən cinayət əməli törətmiş və çəzaçəkmədən boyun qaçırdığı üçün həmin cəza azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmişdir. Onun yenidən cinayət əməlini törətməsi və cəzaçəkmədən boyun qaçırması törətdiyi əməllərə tənqidi yanaşmadığını və islah olunmağa meylli olmadığını deməyə əsas verir. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə ittiham olunduğu cinayət əməlini barəsində çıxarılmış Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 1(043)-39/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmü qanuni qüvvəyə mindikdən sonra törətdiyinə görə, həmin hökmlə təyin edilmiş 01 il 03 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının, Gəncə Şəhər Məhkəməsinin 7(125)-19/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarına əsasən 02 ay 25 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına əvəz edildikdən sonra bu günə çəkilməmiş qalan 04 gün müddətinə azadlıqdan məhrum etmə cəzası, hazırki iş üzrə təyin ediləcək cəzaya tam birləşdirilməklə təqsirləndirilən şəxsə hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. Çünki Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmamalıdır. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 2 gün müddət azadlıqdan məhrum etmə cəzasının bir gününə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbirinə dəyişdirilməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyatda olması nəzərə alınmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan 0.480 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, həmçinin iş üzrə sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197.1.4-cü maddəsinə əsasən hesab edir ki, iş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 30.40 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmədə 14 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 nömrəli Vəkil Bürosunun vəkili Müdafiəçi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına (xx.xx.2018-ci il tarixli, 202 nömrəli qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, işlədiyi vəkil bürosunun hesabına 84 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 1(043)-39/2022 nömrəli, 07 aprel 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 01 il 03 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının, Gəncə Şəhər Məhkəməsinin 7(125)-19/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarına əsasən 02 ay 25 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına əvəz edildikdən sonra çəkilməmiş qalan 04 gün müddətinə azadlıqdan məhrum etmə cəzası, hazırkı hökmlə təyin olunmuş 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə tam birləşdirilməklə, ona hökmlərin məcmusu üzrə 06 (altı) ay 04 (dörd) gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 gün müddət azadlıqdan məhrum etmə cəzasının bir gününə bir gün hesablanmaqla, təyin edilmiş cəzadan çıxılaraq onun üzərində qəti olaraq 06 (altı) ay 02 (iki) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin və cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbirinə dəyişdirilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan 0.480 qram psixotrop maddə - metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin və iş üzrə sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 30.40 (otuz manat qırx qəpik) məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 nömrəli Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 84 (səksən dörd) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə verildiyi) andan 20 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar