Məhkəmə qərarları › İş №1(125)-111/2025

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-111/2025

01.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-111/2025 01.04.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, dövlət ittihamçısı – Dövlət ittihamçısı, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və müdafiəçisi X6 iştirakları ilə, xx.xx.1975-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, subay, əvvəllər məhkum olunmuş, Xanlar şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 63 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgə əmlakını tamah məqsədilə ələ keçirmək üçün 18 iyul 2024-cü il tarixdə saat 17 radələrində Gəncə şəhəri, Şİ.Xətai prospekti 93 ünvanında yerləşən anbarın qapısının kilidini sındıraraq açmaqla qanunsuz daxil olub, oradan ümumi dəyəri 3400 manat nağd pul vəsaitini tamah məqsədilə, hüquqazidd, qanunsuz və əvəzsiz olaraq götürməklə, ümumilikdə 3400 (üç min dörd yüz) manat məbləğində özgənin əmlakını gizli olaraq talamaqla Zərərçəkmiş şəxs ümumilikdə 3400 (üç min dörd yüz) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. İbtidai istintaq zamanı o, ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs 2020-ci ildən tanıyır. Ayxan rayonlara ərzaq məhsullarının çatdırılması işi ilə məşğul olmuşdur. O da Ayxanı tanıdığı müddətdə sonuncunun yanında fəhlə kimi işləmişdir. Ayxan ilə birlikdə işlədiyi müddətidə heç bir problemləri olmamışdır. 2024-cü ilin əvvəllərində isə Ayxanla işləyə-işləyə ona 1700 manat borcu yaranmışdır. Daha sonra onlar Ayxanla qeyd olunan pul vəsaitini onun aylıq maaşından çıxmasına razılaşmış, 2024-cü ilin may-iyun aylarında onun aylıq maaşından hər ay 200 manat tutulmuş, o, həmin 1700 manat pulun 400 manatını ödəmiş olmuşdur. Onun həmin vaxtdan sonra Ayxana 1300 manat borcu qalmışdır. Bundan sonra o, Ayxanla birlikdə normal şəkildə işlərini davam etdirmiş, Gəncə şəhəri, Ş.İ.Xətai prospekti 93 ünvanında anbar kirayələnmişdir. Onlar Ayxanın almış olduğu ərzaq məhsullarını əvvəlcə həmin anbara yığıb aradan Ayxanın "Ford Tranzit" markalı avtomobilinə yükləyib oradan mağazalara paylamışdır. Ayxan hər gün al-verdən sonra əldə olunmuş pulu anbardakı rəfə qoymuş, o da bunu bilmişdir. O, hər gün spirtli içki qəbul edir. 18 iyul 2024-cü il tarixdə günorta saatlarında onların işləri yekunlaşmış, yemək zamanı spirtli içki qəbul etmişdir. Pulu qurtardığından Ayxandan pul götürmək üçün anbara geri qayıtmış, lakin anbarın bağlı olduğunu görmüşdür. Həmin vaxtı çox içkili olduğu üçün anbarda olan pulları götürmək qərarına gəlmiş və həmin anbarın qapısının kilidini sındıraraq içəri daxil olmuşdur. Anbarın içərisində olan taxta əşya rəfinin içərisindən Zərərçəkmiş şəxs məxsus olan 3400 manat pulu oradan götürmüşdür. Daha sonra Bakı şəhərinə gedib həmin pulu öz şəxsi ehtiyacları üçün xərcləmişdir. İşlədikləri müddətdə onun Ayxana ümumilikdə 1700 manat pul borcu yaranmışdır. Daha sonra Ayxanla əldə etdikləri razılığa əsasən o, həmin puldan 400 manatım 2024-cü ilin may-iyun aylarında öz maaşı ilə ödəmişdir. Hazırda Ayxanla aralarında 1300 manat pul qalmışdır. O, həmin vaxtı tək olmuş, ona heç kim köməklik etməmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadə verərək bildirmişdir ki, özünə məxsus "Ford Tranzit" markalı, 20-BP- 461 dövlət qeydiyyat nişanlı avtomobili ilə 2018-ci ildən etibarən Gəncə şəhərinin ətrafında olan rayonlara ərzaq məhsullarının satışı ilə məşğul olur. 2020-ci ildən etibarən tanışı Təqsirləndirilən şəxs onun ilə birlikdə fəhlə kimi işləyir. O, Rövşənə gündəlik 15-25 manat arası pul vəsaiti vermişdir. Həmçinin, Rövşənin onunla işlədiyi müddətdə ona ümumilikdə 1700 manat borcu yaranmışdır. Onlar Rövşənlə hər ay sonuncunun maaşından 200 manat tutulması və həmin borcun da qeyd etdiyi şəkildə ödənməsi barədə razılığa gəlmişlər. 2024-cü ilin may və iyun aylarında o, Rövşənin maaşından 200 manat tutmuş və həmin borcdan 400 manatı ödənmişdir. 18 iyul 2024-cü il tarixdə saat 17 radələrində o, ərzaq məhsulları almaq üçün yığdığı 3400 manat pulu Gəncə şəhəri Ş.İ.Xətai prospekti 93 ünvanında kirayə tutduğu sexin içərisində stolun çəkməcəsinə qoyaraq toy məclisində iştirak etmək üçün getmiş, həmin günün səhəri isə saat 09 radələrində sexə getdikdə sexin qapısının kilidinin qırıldığını görmüş və dərhal polis orqanlarına müraciət etmişdir. Sexin kameralarına baxış keçirərkən 18 iyul 2024-cü il tarixdə saat 18 radələrində tanışı Təqsirləndirilən şəxs həmin sexə daxil olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs əvvəlcədən ona 1700 manat borcu olmuş, Rövşən həmin borcdan 400 manatını qaytarmış, daha sonra isə 3400 manat pulunu Gəncə şəhəri Ş.İ.Xətai prospekti 93-də yerləşən kirayə götürdüyü sexə həmin sexin qıfılını sındırma yolu ilə açaraq daxil olub oğurlamış və ona ümumilikdə 4700 manat maddi ziyan vurmuşdur. Sonda təqsirləndirilən şəxslə barışmadığını, ona dəymiş maddi və mənəvi ziyanın ödənilmədiyini bildirərək ona ağır cəza verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 16 oktyabr 2024-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CM 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işinin başlanılaraq icraata qəbul edilmişdir (i. v.1) - 20 sentyabr 2024-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hal şahidləri X5 və X2 iştirakı ilə Gəncə şəhər BPİ-nin 2-ci PÇ-nin TB təhqiqatçısı, polis baş leytenantı X14 tərəfindən hadisə yerinə baxış keçirilmişdir. Baxış zamanı Zərərçəkmiş şəxs Gəncə şəhəri, Ş.İ.Xətai prospekti 93 ünvanında olan avtomobil təmir yerində yerləşən saxlama anbarının qapısının kilidinin sındırılaraq içərisində olan masanın siyirməsində saxladığı 3400 manat pulun oğurlandlığı yeri göstərir (i.v.8-11); - 01 noyabr 224-cü il tarixli “video görüntüyə baxış keçirilməsi haqqında” protokoldan görünür ki,1 ədəd DVD diskdə olan baş vermiş hadisənin qeydə alınmış video görüntüsünə baxış keçirilmiş, içərisində 3 ədəd video görüntü olması müəyyən edilmiş, 1ci görüntüyə baxış zamanı Təqsirləndirilən şəxs yol ilə getdiyi görülür. 2-ci görüntüyə baxış zamanı Təqsirləndirilən şəxs Gəncə şəhəri Ş.İ.Xətai prospektində “Dəyirman Dairəsi” deyilən ərazidə yerləşən saxlama anbarından qucağında ağ rəngli kisə ilə içəridən çıxdığı və orada uzaqlaşdığı görülür. 3-cü görüntüyə baxış zamanı Mehdiyev X1 Ayxan İlqar oğluna 1700 (min yeddi yüz ) manat pul borclu olduğunu və işləyə işləyə mütəmadi olaraq ödəyəcəyini bildirməsi görülür (i.v.30); - 01 noyabr 2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddə ilə ona ittiham elan edilmişdir. (i.v. 31); - 01 noyabr 2024-cü il tarixli “təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat dayandırılmışdır (i.v. 34); - 12 noyabr 2024-cü il tarixli “axtarışda olan şəxsin tutulması” barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 00:10 radələrində Gəncə şəhəri ərazisində saxlanılaraq Gəncə şəhər BPİ-nin MSY-nə təhvil verilmişdir (40); - 12 noyabr 2024-cü il tarixli “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan əməli törətməkdə özünü təqsirli bilərək əməlindən peşman olduğunu bildirmişdir. (i. v. 57); - 12 noyabr 2024-cü il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, ifadəsi yerində yoxlanılan Təqsirləndirilən şəxs Gəncə şəhəri, Ş.İ.Xətai prospekti, “Fordların qarajı” adlanan yerdə Zərərçəkmiş şəxs məxsus 3400 pulu götürdüyü anbarın yerlədiyi binanı göstərərək binanın giriş dəhlizində sol tərəfdən ikinci otaqda yerləşən əşya rəfinin içərisində olduğunu və həmin pulu oradan götürdüyünü bildirmişdir. - 07 iyul 2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona həmin maddə ilə ittiham elan edilmişdir.(i. v. 45); - Gəncə Şəhər Məhkəməsinin 13 noyabr 2024-cü il tarixli, 4(125)-362/2024 saylı qərarı ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 02 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (69-71); - Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş 12 avqust 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Qarnizon Hərbi Tribunalının xx.xx.1997-ci il tarixli hökmü ilə AR-nın CM-nin 243-cü maddəsi ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, AR Ali Məhkəməsinin Hərbi Kollegiyasının 30 iyul 1997-ci il tarixli qərarı ilə həmin hökm dəyişdirilərək 02 il şərti sınaq müddəti təyin edilmiş, Ağdam Hərbi Məhkəməsinin xx.xx.2001-ci il tarixli hökmü ilə AR CM-nin 334.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2003-cü ildə AR Milli Məclisinin xx.xx.2003-cü il tarixli amnistiya qərarının 2.3 bəndinə əsas olmuş, Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 02 aprel 2004-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3cü maddəsinə əsasən təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, təyin edilmiş, xx.xx.2007-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2016cı il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. (i.v.74-76); - 04 dekabr 2024-cü il tarixli, 5846 saylı Gəncə şəhər Narkoloji Dispanserindən alınmış arayışda gösrətilmişdir ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. (i. v. 82); - 04 dekabr 2024-cü il tarixli, 5812 saylı şəhər Psixonevroloji Dispanserindən alınmış arayışda göstərilmişdir ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserində qeydiyyatda durmur. (i. v. 83); - 07 avqust 2024-cü il tarixli, 3491 saylı Gəncə şəhər Narkoloji Dispanserindən alınmış arayışda göstərilmişdir ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. (i. v. 97); - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-171/2012 nömrəli, 25 iyul 2012ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir (i.v. 84-89); - 06 dekabr 2024-cü il tarixli Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına Gəncə şəhəri, Göygöl, Samux, Daşkəsən rayonları üzrə qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. (i. v. 150); - Azərbayvan Respublikası Daxili İşlər Nazirliyinin Baş X17 İdarəsinin 15 dekabr 2024-cü il tarixli 3-13-16-3/2-5223/2024 nömrəli məktubdan görünür ki, X3 adına nəqliyyat vasitəsi yoxdur (i.v. 95) - 7 saylı Mənzil İstismar Sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində MİS-nə heç bir şikayət daxil olmamışdır (i.v.98); - Gəncə Şəhər Məhkəməsinin 10 yanvar 2025-ci il tarixli 4(125)-12/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti istintaq müddətinin sonunadək, yəni xx.xx.2025-ci il tarixədək uzadılmışdır (i.v.106-111); - 12 yanvar 2025-ci il tarixli “sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, 01 ədəd DVD diskdə olan video görüntü, işi üzrə təqsirləndirilən şəxsin ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, həmçinin digər istintaq sənədləri maddi sübut kimi qəbul edilmişdir.(i.v. 112-119) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokol və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr CM-in 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3cü maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; - 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; - 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. - 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf etməsini və peşmançılığını, anası X4 İİ qrup əlil olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Gəncə Şəhər Məhkəməsinin 13 noyabr 2024-cü il tarixli, 4(125)-362/2024 saylı qərarı ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 02 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Gəncə Şəhər Məhkəməsinin 10 yanvar 2025-ci il tarixli 4(125)-12/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti istintaq müddətinin sonunadək, yəni xx.xx.2025-ci il tarixədək uzadılmışdır. Beləliklə, məhkəmə törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəza çəkmə müddətinin əvvəli həbsə alındığı andan – 12 noyabr 2024-cü il tarixdən hesablanmalı, maddi sübut olan 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X7 dövlət büdcəsi vəsaiti hesabına 96 (doxsan altı) manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxsə göstərilmiş 16 saat hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X6 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 96 (doxsan altı) manat pul köçürülsün. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və apellyasiya şikayəti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar